Super User
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Aprelin 8-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı iTicket.az saytına istinadən məlumat verir.
Bu səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.
Dəfələrlə teatrların yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.
Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var-dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Moskvada İnci Vəliyevanın rəsmlərinin sərgisi olub
Moskvada rəssam İnci Vəliyevanın rəsmlərindən ibarət “İnam. Ümid. Sevgi” adlı sərgi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən sərginin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi çıxış ediblər.
İnci Vəliyeva Bakıda dünyaya gəlib, Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. O, 2017-ci ildə, 45 yaşında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Təsviri İncəsənət və Rəsm Məktəbinə daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sərginin bağlanış mərasimində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, rəssamın istedadının pərəstişkarları iştirak ediblər.
Mərasimdə çıxış edən Tamillə Əhmədova qeyd edib ki, rəssam və həkim İnci Vəliyevanın əsərləri öz səmimiliyi və xeyirxah ruhu ilə seçilir. O deyib: “Rəssam heyrətamiz dərəcədə həssas, başqaları ilə müqayisədə daha dərin, dəqiq və uzaqgörən baxış qabiliyyətinə malik olan bir insandır. İngilis yazıçısı, 2007-ci ilin Nobel mükafatı laureatı Doris Mey Lessinq bir dəfə bunu dəqiq ifadə edib: “Rəssamlar öz əsərlərini sevgi dili ilə yaradırlar və ancaq məhəbbətin gözü ilə onların haqqında mühakimə yürütmək olar”. Əsl rəssam İnci Vəliyevanın əsərlərinə baxdıqda, məhz bu aforizm yada düşür. Çünki onun timsalında tale möcüzəvi şəkildə bir istedadlı insanda rəssamlıq qabiliyyəti və incə oftalmoloq ixtisasını birləşdirib. Həqiqətən istedadlı insan bütün sahələrdə fərqlənə bilir. O, gözün incəliklərini gözəl bilən və öz vəzifə borcuna uyğun şəkildə xəstələrinə görmə qabiliyyətini qaytaran həkim və dünyanın bütün rənglərini, eyni zamanda, öz tabloları ilə incəsənəti sevənlərin önündə parlaq və çoxşaxəli dünyanı təsvir edən rəssamdır”.
T.Əhmədova vurğulayıb ki, rəssamın portretlərində yaxşı adamların aydın və xoşbəxt simaları əks olunub. O əlavə edib: “Onlar rəssamın dostları, valideynləri, sadəcə gözəl insanlardır. İnci Vəliyevanın tabloları öz personajlarına olan sevginin etirafıdır. Təkcə bu adlar çox mətləblərdən xəbər verir: “Qəlb”, “Ata”, “Şıltaq”, “Təmənnasız sevgi”. İnci Vəliyeva bizim hamımızın gözlərini dünyanın gözəlliyinə açır, xeyirxahlığa inamı qaytarır və bu, fiziki görmə qabiliyyətinin bərpası qədər nəcibdir. Ürəkdən arzulayıram ki, İnci Vəliyevanın hər iki həyatverici istedadı onun qəlbində, rəssam əllərində, oftalmoloq və həkim ürəyində və gözlərində sönmədən yaşasın”.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin sərginin təşkilinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “İnci Vəliyevanın rəsmləri qış mövsümündə, hələ soyuqların davam etdiyi bir dövrdə baharın gələcəyi və problemlərin keçmişdə qalacağına dair ümidlər verir. Onun tabloları gözəllik, qəlb, günəş, aydınlıq deməkdir və bu əsərlərdən ancaq zövq almaq olar”.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva qeyd edib ki, bu sərgi Novruz bayramı - təbiətin oyanması ərəfəsində təşkil olunub. “Qadın hər şeyin başlanğıcıdır. Qadın sevgi, inam və ümid deməkdir və sərgi məhz bu sözlərlə adlanıb”.
Rəssam İnci Vəliyeva onun yaradıcılığına verilən yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq edib. O bildirib ki, öz tablolarında pasiyentlərinin emosiyalarını, həyat yolunda rastlaşdığı maraqlı insanları canlandırıb. Xarici Ədəbiyyat Kitabxanasındakı sərgisini isə öz valideynlərinə həsr edib. Rəssam deyib: “Mənim üçün əsas vəzifə portretlərdə emosiyaları, baxışları əks etdirməkdir və yalnız bundan sonra personajlarım canlanır. Emosiyaları təsvir etməyə nail olanda, kətandan sənə canlı baxışı hiss edəndə, sözlə ifadə edə bilmədiyin hissləri yaşayırsan, öz qəhrəmanının daxili aləmi ilə ünsiyyətdə olursan”. İnci Vəliyeva əlavə edib ki, onun “Məsumluq” adlı növbəti sərgisi ahıllara və uşaqlara həsr olunacaq.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Benjamin Franklinin aforizmləri
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi” rubrikasında bu dəfə sizlərə dahi Amerika siyasətçisi Benjamin Franklinin aforizmlərini təqdim edir:
***
Müdrikliyin qapısı heç bir zaman bağlı olmur.
***
Uşaqlarına susmağı öyrət, danışmağı özləri öyrənərlər.
***
Dərin yuxuya getmək istəyirsənsə, yatağa təmiz vicdanla gir.
***
Acgözlüklə xoşbəxtlik heç vaxt qarşılaşmayıb; necə tanış ola bilərdilər?
***
İntiqam hissiylə yaşayanların yaraları hər zaman təzədir.
Toplayanı, tərcümə və tərtib edəni: C.M.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
Bakıda Çin incəsənəti ilə bağlı sərgi layihəsinin açılışı olub
Azərbaycanın Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılacağı barədə məlumatlı idiniz. Dünən sərginin açılış mərasimi keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: “İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır”.
Daha sonra konsert proqramı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)
İntiqam Qasımzadə təltif olunub
Bu gün Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri, tanınmış şair Firuzə Məmmədli "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanını təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Qasımzadə mədəniyyət sahəsindəki xidmətinə və "Azərbaycan" jurnalının 100 illiyi münasibətilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavinini kim güllələyib?
Ötən gün axşam radələrində Millət vəkilimiz, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafanın Bakıda - yaşadığı evin qarşısında silahlı hücuma məruz qalması xəbəri paylaşıldı. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb, o, iki güllə yarası alıb.
Bununla bağlı, “Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Yolçuyevə müraciət edib, olaya şərh verməsini xahiş eləyib. Əkbər bəy söyləyib:
“Ağla ilk gələn nədir? Elə bilirəm, çoxumuzun nəzər-diqqəti cəhalət yuvasına, guya islamçı olsalar da faktiki anti-İslam zehniyyəti sahiblərinə yönəlir. Hüquq mühafizə orqanlarımız heç şübhəsiz gərəkli, təxirəsalınmaz tədbirlər görəcək, cahil cinayətkarları bir an öncə bularaq, onlara haqq etdikləri cəzanı verəcəkdir. Hörmətli Fazil bəyə böyük keçmiş olsun deyir, tezliklə sağlamlığına qovuşmasını diləyirəm!”
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
“Azərbaycanı tanıyaq” layihəsi Daşkənddə təqdim olunub
Tez-tez bu barədə xəbərlərimiz olur, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminin tanıdılması və təbliği istiqamətində layihələr və tədbirlər həyata keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd şəhərində fəaliyyət göstərən və verdiyi təhsil səviyyəsinə görə xüsusi fərqlənən, çoxsaylı xarici vətəndaşların təhsil aldığı “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün “Azərbaycanı tanıyaq” layihəsinin təqdim edilməsi növbəti belə addım olub.
Mədəniyyət Mərkəzindən “Ədəbiyyat və incəsət” portalına verilən məlumata görə, layihə üzrə Daşkənddəki Britaniya məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, Mərkəzdə yaradılmış Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Müəllim və şagirdlər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrimizi əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar.
Sonra Mədəniyyət Mərkəzinin konfrans zalında davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək qonaqları baharın gəlişi və xalqlarımızın milli bayramı - Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, poeziyası, incəsənəti, dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb.
Diplomat Azərbaycanın qədim yaşayış məskəni Qobustan və Azıx mağarası, xalqımızın zəngin mədəni irsə, tarixi abidələrə, milli mətbəxə malik olduğunu qeyd edərək, həm maraqlı tarix, mədəniyyət, həm də gözəl və füsunkar təbiətlə ölkəmizin hər bir xarici turist üçün cəlbedici olduğunu bildirib. O, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan işğalından azad edilən tarixi şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa haqqında məlumat verib, bu tarixi şəhərin, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini qeyd edib.
Tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film təqdim edilib. Sənədli filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olan ərazilərimizə mədəniyyətin qayıdışı, keçirilən möhtəşəm tədbirlər öz əksini tapıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram təqdim edilib.
Mədəniyyət Mərkəzinin Rəqs Ansamblı milli rəqslərimizi ifa edib, Özbəkistanın dünyaca məşhur “Özbəyim yoşları” musiqi qrupu, tanınmış saz ustası İlham Abdullayev Azərbaycan musiqilərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Milçək qovan memarın “Sarı gəlini” - Yunus Oğuzun felyetonu
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubunda bu gün yenidən ölkənin çox az felyetonçusundan biri olan Yunus Oğuzdur, bu gün onun “Milçək qovan memarın “Sarı gəlini” felyetonunu təqdim edirik
Bekarçılıqdan milçək qovurdu. Əsnəməsin deyə milçəköldürəni əlindən buraxmırdı. Gözləri həşərat axtarırdı. Belə baxanda işi-gücü vardı. Bekarçılıqdan maaş da alırdı. Sinəsinə "əməkdar" adı da yapışdırmışdı. Bir az ittifaqdan, bir az əməkdarlıqdan, bir qədər icarəyə verdiyi emalatxanadan, qeyri-hökumət təşkilatının həyata keçirdiyi ekspert layihəsindən, saat hesabı dediyi institutdan pulu-parası gəlirdi. Cavanlığında ikiotaqlı mənzili vardı. Şəhərli qızla evlənib onun evinə köçmüşdü. Özününkünü icarəyə vermişdi, ordan da bir miqdar pul gəlirdi. Hələ adını bir siyasi partiyaya da yazdırmışdı. Ordan da nəsə qoparırdı. Qayınatasının, qayınanasının "toçka"larını fırladır, imkan düşən kimi pul "qattalayır", heç kim də cınqırını çıxara bilmirdi. Ancaq yenə bekarçılıqdan milçək qovurdu. İşini düzüb-qoşmuşdu, bekarçılığa daha çox vaxtı qalırdı.
Sənəti üzrə heç kim ona iş vermək istəmirdi. Memar idi, özü də kreativ memar. Kreativ, yəni yaradıcı. Bizdə isə yaradıcı adamı sevmirlər, nöşün ki, birincisi, belələri ipə-sapa yatmır, öz bildiyini dədəsinə də vermir, hətta fikirlərində də sərbəstdir. İkincisi, bizdə mentalitet, yəni yaddaşdan gələn adət-ənənə çox güclüdür.
Yaradıcı məsələləri heç yaxına buraxmaq istəmirik. Dəyişmək, yenilənmək bizə yaddır. O dee.., elə yenilənmişik ki, Şəkidə-xəstəxanada bir dəstə arvad Nəsimini də yeniləmək istədi. Hamısını işdən qovdular. Di get, bu da sənə yenilənmək, bu da sənə kreativ. Hələ bilmirəm bu "kreativ" sözünü bizə nəyə dürtüşdürüblər. Gül kimi tərcüməsi var - yaradıcı, yenilənmə...
Növbəti milçəyi öldürmək istəyəndə ona zəng gəldi. İcra hakimiyyətində işləyən məmur- memar dostu idi. Telefonun titrəməsindən milçək uçub getdi. Heyifsləndi. Bir milçəyin sayı azalmadı.
Dəstəyin o başından səs gəldi:
* Müəllim, zaman dəyişib, - salamsız-kalamsız söhbətə başladı, - işimiz çoxdur, lap çoxdur. Özümüzü hökumətin gözünə soxmalıyıq. İşimizi hər kəsə göstərməliyik. İndi hamı bizdən kreativ olmağımızı istəyir. O dəqiqə yadıma sən düşdün. Kreativ olduğun üçün səndən qaçırdıq. Indi sənin qazanmaq vaxtın gəlib. Özü də elə şeylər fikirləş ki, Azərbaycanda yox, dünyada analoqu olmasın, həm də yuxarıların xoşuna gəlsin,- Milçək qovanı danışmağa qoymadı. - Sabah saat on ikidə gözləyirəm, özü də əliboş gəlmə. Sağ ol.
Telefonun o biri başında səs əvəzinə, düd...düd... gəldi. Söhbət bitmişdi.
Memarın sevincdən və yaradıcı eşqdən qarnı guruldadı. Düşünməyə, düşündüklərini kağıza köçürməyə başladı...
Səhəri gün saat on ikidə, əlində qovluq dostu məmur- memarın qarşısında şax-şax oturmuşdu.
Dostu yenə salamsız-kəlamsız mətləbə keçdi:
* Nooldu, müəllim, bir şey fikirləşə bildinmi? Umudumuz sənədir. Sənin haqqında başçıya danışmışam, xeyli tərifləmişəm. Demişəm nicatımız sənsən. Danış görək.
Milçək qovanın tərifdən hulqumu qalxıb qalstukunun üstünə keçdi. Boğazını arıtlayıb hulqumunu yerinə qaytararaq dedi:
* Kreativ ünvanı düz tapmısız, müəllim. Bilirsən ki, bizim qeyri-maddi sərvətlərimiz yavaş-yavaş YUNESKO-da mədəni irsimiz kimi qeydiyyatdan keçir. Ermənilərə gözdağı vururuq, analarını ağladırıq. - Məmur başını razılıqla yellədi. - Bizim hər şeyimizi öz adlarına çıxarmaq istəyirlər, köpəkuşaqları. Onlarda vicdan-zad qalmayıb. İndi bizim əsas mübarizəmiz onlarladır. Biz hər işimizdə onları qabaqlamalıyıq. Bunun üçün də qeyri-maddi dəyərlərimizi maddi dəyərlərə çevirməliyik.
Məmur memar heç nə başa düşmədiyindən soruşdu:
* Bunu necə edəcəksən?
* Çox asan, - qovluğu açıb içindəki eskizləri məmura göstərə-göstərə cavab verdi, - bax. Şəhərimizə gələn turistlərin sayı çoxalıb. Ağ şəhərdə "Sarı gəlin" kompleksi tikirik. Turistləri bu kompleksə apararıq. Onlar bura daxil olan kimi "Sarı gəlin" havası çalınmağa başlayır. O zaman bütün dünya biləcək ki, "Sarı gəlin" bizimdir, ermənilər bizdən oğurlayıblar. Yavaş-yavaş bunu bütün dünyaya sübut edəcəyik. Həm "Sarı gəlin" maddiləşəcək, həm də biz qazanc götürəcəyik, həm də yuxarıların kreativ ideyalar xoşuna gələcək. Əllərini sənin kürəyindən çəkməyəcəklər.
* Elə bu? - Məmur milçəkqovan məmura baxdı.
* Əlbəttə yox? - Memar şəstlə cavab verdi.- Gör nə qədər qeyri- maddi dəyərlərimiz var. Şəhərdə də gör nə qədər rayonumuz fəaliyyət göstərir. Çatdırsaq qonşu şəhərlərə də keçə bilərik, - O barmağını bir- bir qatlamağa başladı. - Bunun "sazı" var, "dolması", "lavaşı", canım sənə desin, "balabanı", nə bilim e... "Çırpınırdı Qara dənizi", "Covkan"ı, "Novruz bayram"ı var. Hansını deyim?
Məmur baxdı ki, dostu kreativ danışır. Onu təriflədi:
* Afərin sənə! Sənin bu kreativliyin ermənilərin anasını ağladacaq...
Bir neçə gündən sonra "Sarı gəlin" kompleksi təsdiqləndi. İndi qalıb o biri kreativ təkliflər. Onlar da yaxınlarda həyata keçər.
Amma, onlardan heç biri demədi ki, ermənilərin analarını harda ağlatmaq lazımdır ki, dilləri dilçəklərindən çıxmasın.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Səməd Vurğun, Abbas Zamanov və erməni məsələsi
“Ədəbiyyat və incəsənət” portalı ictimai fəal Elnur Eltürkün bir arxiv araşdırmasını təqdim edir.
1960-ci ildə Səməd Vurğunun anadan olmasına həsr edilmiş ədəbi-bədii gecədə Naxçıvanın “erməniləşməsinə” qarşı çıxan professor Abbas Zamanovun sərt çıxışını təqdim edirəm!
– Əziz həmvətənlilər.... Əziz Səmədsevərlər, Vurğun xalqımızın kisəsindən getdi. Vurğun ruhu haqqında danışmaq azdır, onun canından da çox sevdiyi Azərbaycan torpağının taleyi, müqəddəratı uğrunda mübarizə aparmaq lazımdı. İndi elə bir az bundan əvvəl buraya gələndə köhnə naxçıvanlı bir alim (Bakıda ezamiyyətdə olan Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi Əli Əliyev nəzərdə tutulur-red.) Vurğunun xatirə gecəsinə getdiyimi biləndə fikirli-fikirli dedi: “Abbas, Naxçıvanı ermənilərə verirlər.... Görəsən Səməd Vurğun sağ olsaydı, buna nə ad verərdi?” Dedim, sağ olsaydı, deyərdi: Qədim Naxçıvan torpağı Azərbaycanındır və biz onu heç kəsə verməyəcəyik!
Qeyd edim ki, Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Günün fotosu: Ukrayna Challenger-lərə sevinir
Günün fotosu: Ukrayna Challenger-lərə sevinir
Britaniya tankları - ən ultramüasir tanklar hesab olunan Challenger-lər Ukraynaya gətirilib. Tanklarla birlikdə Britaniyada hərbi xidmət keçib bu tanklarla davranmağı öyrənən ukraynalı hərbçilər də vətənlərinə dönüblər.
Şəkildə də həmin hərbçiləri və Challenger-ləri görürsünüz.
Fotonun müəllif hüququ: Ben Birchall/PA
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)