
Super User
Kukla Teatrının mart repertuarı
Azərbaycan Dövlət Kukla Teatrı mart repürtuarını təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay da teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
1 mart - “Pinokkionun sərgüzəştləri”
2 mart - “Karlson”
3 mart - “Qar kraliçası”, “Qoğal”
8 mart - “Düyməcik”
9 mart - “Maşa və ayı”
10 mart - “Melisa”
15 mart - “Qırmızı papaq”, “Üç cəsur”
16 mart - “Qoğal”, “Çipollino”
17 mart - “Ağca və yeddi cırtdan”, “Düyməcik”
20 mart - “Tıq-tıq və Taq-taqın nağılı”, “Durna balığı”
21 mart - “Yeddi nar çubuğu”, “Çipollino”
22 mart - “Cırtdan”, “Üç cəsur”
23 mart - “Maşa və ayı”, “Ələddinin sehrli çırağı”
24 mart - “Qırmızı balıq”, “Durna balığı”
25 mart - “Məlikməmməd”, “Pişiyin evi”
26 mart - “Düyməcik”, “Gözəl və bədheybət”
29 mart - “Qoğal”
30 mart - “Melisa”, “Çipollino”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatr martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
1 mart - “35 ildən sonra”
2 mart - “Çipollino”, “Don Rafaello-trombonçu”
3 mart - “Sindbad”, “Qağayı”
9 mart - “Buratinonun macəraları”, “Sərgüzəşti-Vəziri-Xani Lənkəran”
10 mart - “Möcüzəli pillələr”, “Gerçəkləşməyən arzular”
16 mart - “Qırmızı papaq”, “Antiqona”
17 mart - “Uzuncorab Pippi”, “Müsyo Jordan və Dərviş Məstəli şah”
22 mart - “Tıq-tıq xanım”
23 mart - “Göyçək Fatma”
24 mart - “Hekayəti-Xırs quldurbasan”
30 mart - “Koda adı: V.X.A”
31 mart - “İnanıram”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Musiqili Teatrın mart repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənət ocağının repertuarında maraqlı tamaşalar yer alıb:
1 mart - “Qafqazlı qardaşqızı”
2 mart - “Qırmızı papaq”, “Molla Nəsrəddinin beş arvadı”
3 mart - “Buratino”, “Mən dəyərəm min cavana”
7 mart - “Aysedora”
8 mart - “Qadınım”
9 mart - “Qoğalın macərası”, “Amerikalı kürəkən”
10 mart - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
16 və 17 mart - “Lazgi: Ruh və sevginin rəqsi”
22 mart - “Sevənlərindir dünya”
23 mart - “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun”
24 mart - “Yağış göbələyinin macərası”, “Paris Notr-Dama ithaf”
28 mart - “Utancaq qız”
29 mart - “Bəxtiyar”
30 mart - “Düyməcik”, “Beş manatlıq gəlin”
31 mart - “İki küpəgirən qarı”, “Bir nəfəs qədər”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Opera və Balet Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mart repertuarını təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının mart repertuarını təqdim edirik:
3 mart - “Orfey və Evridika”
6 mart - “O olmasın, bu olsun”
10 mart - “Trubadur”
12 mart - “Qu gölü”, “Qıpçaq rəqsləri”
19 mart - “Jizel”
24 mart - “Baharın səsi”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Milli Dram Teatrının mart repertuarı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mart repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ay teatr maraqlı səhnə əsərləri ilə tamaşaların görüşünə gələcək.
Belə ki, martın 9-da və 10-da “Əsrə bərabər gün”, 15-də “Şükriyyə”, 16-da “Dantenin yubileyi”, 17-də “Ah, bu uzun sevda yolu”, 29-da “Ölülər”, 30-da “Sənsiz” və ayın son günü, 31-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.
Xüsusən, “Əsrə bərabər gün”ü hamımız səbirsizliklə gözləyirik!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Sabah Hacı Şahinin vəfatının ildönümüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bəli, ÖLÜMün də bədbəxti, xoşbəxti olur. Bədbəxti səssiz gəlib səsiz gedirsə, xoşbəxti hay-küylə gəlir, hamını ayağa qaldırır. Onun da ölümü ölkədə böyük əks-səda yaratdı. Minlərlə adam dəfninə tələsərək, mərhumu dərin hüznlə son mənzilə yola saldılar. Xeyirxah əməlləri, islami dəyərlərə düzgün yanaşması, təqvalı olması ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı...
Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, mən görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitab təqdimatını da keçirmişdik. Hazırda başqa yazalarını, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da...”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda anadan olub. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü. Bakı şəhəri, Səbail rayonu 189 saylı məktəbin rus bölməsində orta təhsilini başa vurub. Ali təhsilə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində yiyələnib. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi...
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyilir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünya görüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi...
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban adam idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanlarn rəğbətini qazanmışdı. Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi- vur-tut 48. Neçə-neçə arzu və istəklərilə yanaşı, görəsi işləri də yarımçıq qaldı.
Sabah Hacı Şahinin vəfatının ildönümüdür. Onu hörmətlə xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
EKSPRESS-SORĞU - Mənim üç arzum
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” in növbəti ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır?
Mənim cavabım belədir:
Arzudan doğulmuş arzular, ayağı gerçəkdən üzülmüş arzulardı deyirdi şair.
Xəyalən Düşünülmüş və bir o qədər də gerçəkdən uzaq olan arzular.
Kənardan baxan biri üçün necə də asandır bəlkə də bir insanın qurduğu arzularının arxasınca durmadan getmək istəyi və bu istəklərinin üzündən çox şeydən imtina etməsi.
Əslində biz hər birimiz xəyallar, arzular quraraq yaşayırıq həyatımızın hər anını.
Bəzən mümkünlərdən və bəzən də mümkünsüzlərdən yol alırıq ixtiyarsız.
Axı xəyal edib nələrinsə arzusunda olmaq hər bir insanın haqqıdır, elə deyilmi, gözəl insan?...
Bilmirəm, bəlkə də yanlış bir düşüncədi bir saniyədən sonrasını bilmədən, hələ yaşanmamış illərin ən gözəl dəqiqələrinin arzusunu qurmaq.
Bir gün Salehlərdən birinə "nəyi arzu edirsən?" deyə soruşulub, cavabında isə "arzu etməməyi arzu edirəm" demişdi.
Kim bilir, bəlkə o da neçə arzularını çoxlarımız kimi "qızlıq balığa" həvalə etmişdi.
Bəzən insanın gücü heç nəyə yetməyəndə yalan olduğunu bildiyi gerçəklərə inanır, təəsüf ki. Birimiz o balıqdan gələcəyimizi, birimiz keçmişimizi, birimiz də sadəcə xoşbəxtliyimizi arzu edib səbrlə gözləyirik, əziz dost.
Düşünürəm, hər kəsin bir qızıl balığı var əslində. Bilirsənmi nədir, gözəl insan?
qəlbimizdə gələcəyə olan ümidimiz. Çalışaq bizə verilmiş bu müddətli yaşamımızda üç arzumuzu qızıl balığa deyil də, içimizdə olan ümid və əzmimizə etibar edək.
Yaşanılması mümkün arzularımızın gerçəkləşməsi ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
Sədaqət Qəhrəmanova: “Kimsəsizlərə, imkansızlara kömək etməkdən zövq alırdım..."
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Elm, təhsil, mədəniyyət və eləcə də həyatın müxtəlif sahələrində uğurla çalışan qadınlarımız az olmayıb. Sevindirici haldır ki, aralarında mötəbər vəzifələrdə işləyənləri də var. Onlar cəmiyyətdə həm ana və həm də bir işgüzar qadın kimi öz öhdəliklərini ləyaqətlə yerinə yetirirlər. Bu gün sizə həmin qadınlardan biri- Sədaqət Qəhrəmanova haqqında söhbət açmaq istəyirəm.
Sədaqət xanım 1949-cu ildə Şəmkir rayonunda dünyaya gəlib. Orta təhsilini Əli-Bayramlı şəhər(indiki Şirvan şəhəri) 2 saylı məktəbdə başa vurub. Sonra Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialında iqtisadçı peşəsinə yiyələnib. Daha sonra dörd il Bakı Ali Partiya məktəbində təhsil alıb. Bir müddət Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri işləyib. Və Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə, şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri, şəhər Partiya Komitəsində təlimatçı, şəhər Qarışıqmallar ticarət idarəsində rəis, yenidən Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi, sonra şəhər Xalq Nəzarət Komitəsinin sədri, Xalq Deputatları Sovetinin sədri və Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı, sonradan şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2005-ci ildən indiki Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində işləyir. Xidmətləri "Şöhrət" və 2-ci dərəcəli "Əmək" ordenlərinə, eləcə də "Əməkdar dövlət qulluqçusu" fəxri adına layiq görülüb...
Pakistanın sabiq baş naziri Benazir Buhuttonun gözəl bir deyimi var: “Qadın lap ölkəsinin baş naziri olsa belə, evinə daxil oldusa övladlarının anası, ərinin xanımıdır.”
Deyir ki;- “Mən ailə həyatı quranda 34 yaşım var idi. İndiki Şirvan şəhər Partiya Komitəsinin ideoloji işlər üzrə katibi vəzifəsində çalışırdım. Təbii ki, həyat yoldaşım da bunu bilirdi. Evlənməzdən öncə işləyib-işləməmək mövzusu ortaya gələndə, ona söylədim ki;- “İşimdən kənarlaşmaq fikrim yoxdur. Mənə evlənmək təklifi etməklə bunları da gözə alırsanmı? Çünki sabah desən ki, işindən ayrıl. Bu mümkün olmayacaq”. O zaman o, qərarının qəti olduğunu və hər bir şeyi gözə aldığını dedi. Eləcə də- “düşünərək bu addımı atıram”- söylədi.”
Və bu minval ilə xeyli müddətdir ki, bir ocaqda qoşa yaşayırlar. Dörd övladları var.- üç qız, bir oğlan. Ömür-gün yoldaşı Daməd kişi təqaüddə olan polis zabitidir…
Sədaqət xanım yuxarıda sadaladığım vəzifələrə işgüzarlığı və bacarığı ilə nail olub...
“O vaxt vəzifədə işləmək qadınlar üçün çox çətin idi. Cəmiyyət bunu birmənalı qarşılamırdı. İnsanlar arsında belə düşüncə var idi ki, guya vəzifəli qadın nə mətbəx işlərini bacarır, nə də ki, ailəsinə vaxt ayıra bilir. Əksinə, bir çox evdar xanımlar ailə öhdəliklərini daha aşağı səviyyədə yerinə yetirir, nəinki işləyən qadınlar. Vəzifəli xanım məsələsinə gəldikdə isə, öz təcrübəmdən deyə bilərəm ki, vəzifədə çalışan qadın hər bir məsələyə daha məsuliyyətli, həssas və diqqətli yanaşır. Onu da deyim ki, mən heç vaxt vəzifə başında olduğum üçün fərəhlənməmişəm. Bunu özümə Allahın verdiyi fürsət kimi dəyərləndirmişəm. İcra başçısı işlədiyim dövrdə çətin vəziyyətdə olan ailələrə, xüsusilə də qadınlara, kimsəsizlərə, imkansızlara kömək edə bildiyimdən zövq almışam...”- söyləyir.
Şirvan şəhəri Sədaqət xanım üçün yad şəhər olmayıb. Həmin şəhərdə böyüyüb boya-başa çatdığına görə, oranın hər bir qarışı ona doğma və əzizdir. Birinci katib, sonradan icra başçısı işləyəndə də mötəbər vəzifə tutmasına baxmayaraq, çox vaxt işə piyada gedib gəlib. Yolda insanlarla ünsiyyətdə olub, hal-əhval tutub, problemləri ilə maraqlanıb. Bütün bunlar ona hörmət və rəğbət qazandırıb...
Deyir ki,- “Ölkəmizdə gender siyasəti olduqca uğurla davam edir. Sevindirici haldır ki, bu gün qadınlarda ictimai fəaliyyətə maraq artmaqdadır. Digər tərəfdən, bu həm də, bizim komitənin yerlərdə qadınlar arasında apardığı maarifləndirmə işinin müsbət nəticəsi sayıla bilər. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər. Bizim bələdiyyələrə seçilən qadınlarımızla bu gün də çox yaxşı əlaqələrimiz var, bu əlaqələri davam etdiririk, onların problemləri ilə yaxından tanış oluruq, müəyyən mənada dəstək olmağa çalışırıq. Qadınların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nigahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qalxmasında həmin qadınların böyük rolu ola bilər. Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrinə əsasən də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu heç də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir...”
Müdrik və məğrur xanımdır. Adi qadınlardan çox fərqlənir. Uzun illər rəhbər vəzifələrdə çalışdığı üçün, əsl kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə ehtiva edə bilib. Heç vaxt artıq-əskik danışmır. Zabitəlidir. Sözü üzə deməyi bacarır. Mərdanə davranışı var. Onunla həmsöhbət olmaq adamdan ciddilik tələb edir. Şit zarafatlara, etikadan kənar sözlərə çox həssasdır. Necə deyərlər, düşüklüyə, müştəbehliyə qarşı amansızdır. Amma bütün bu xüsusiyyətlərlə yanaşı, həm də çox qayğıkeş və mehriban xanımdır...
Hər dəfə adı gələndə “Firəngiz” bədii filmi yadıma düşür. Həmin filimdə rəhmətlik Vəfa Fətullayeva rayon partiya komitəsinin birinci katibi Firəngiz Talıbovanın obrazını çox gözəl yaradıb. Firəngiz qayğıkeş olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. Çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa olunmasına nail olur və səmimi münasibəti, mehribanlığı, dürüstlüyü ilə hamının rəğbətini qazanır...
Bəli, haqqında söhbət açdığım Sədaqət xanım da tələbkarlığı, işgüzarlığı ilə ölkədə tanınan rəhbər qadınlardan biridir. Bu gün onun 75 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Çox yaşayın, Sədaqət xanım!
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
“Eşq ilə yanmayan dərməsin səni” - Namiq Hacıheydərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Namiq Hacıheydərlinin şeirlərini təqdim edir. Bu dəfəki şeirlərin leytmotivi sevgidir, insanın təbiət və ilahi qüvvələr barədə düşüncələridir. Namiq Hacıheydərli bacarıqla qəzəl də yazır, onun bir qəzəli də sizlərin diqqətinizə çatdırılacaq.
SƏN...
Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının
Ətrini ruhunda daşıyanımsan.
DEDİ
Əllərimdən tutmasan,
Bu yollarda azaram.
Dedim: qoyma darıxım,
Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni,
əfv edərmisən məni?!
Dedi: acı kəlməni
mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam,
Kədər gölündə batam...
Dedi: sənə üz tutan
Dərdə quyu qazaram...
Ah çəkdim yana-yana;
“Mən atayam, sən ana...”
Dedi: hər şey bir yana,
Taleyimi pozaram.
Dedim: dərd oldum sənə...
Dedi: eşqsiz yaşam nə?
Ya yurd ollam eşqinə,
Ya da sənə məzaram.
OLAR
Ömrü yellərə vermək
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz,
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs
Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən
Kor olar, həm kar olar.
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana
Geniş yer də dar olar.
Yox! – deyib batma yasa,
Var! – söylə – var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.
BƏYAN
Külli aləm zülmət idi, biz o zaman gündüz idik,
Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə,
Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən,
4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
"Var ol!" dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
Əzəldən öncə var olan, sondan sonra ölməz idik.
Söyləyən biz, söylədən biz, endirən, həm enən bizdik,
Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq,
Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə, biz endirdik o dinləri,
Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, misirlilər Amon dedi,
Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə ŞƏMS TƏBRİZİ
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Şəms Təbrizinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan? Allah səni insanlara sevdirmək istəyir, sənin dağılmış parçalarını toplayır. Eşqə nankorluq etmə!
***
Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanarsa, Allah da onu başqasına möhtac eləməz.
***
Bil ki, günəşə baxmağa cəsarəti olmayan kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
***
Düzənim pozulur, həyatım alt-üst olur deyə, narahatlıq keçirmə. Haradan bilə bilərsən həyatın altının üstündən daha yaxşı olmayacağını?
***
Əgər Kəbəni birdən-birə aradan götürsəydilər, adamlar görərdi ki, bir-birinin könlünə sitayiş edirlər.
***
Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil!..
Yolgöstərənin daim ürəyin olsun...
“Ədəbiyyat və incəsənət”
(01.03.2024)