Super User

Super User

Çərşənbə axşamı, 05 Mart 2024 10:30

Qan xınası - HEKAYƏ

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Kəndimizdə bir qadın vardı, ona hamı Gəlin deyərdi. Çünki onun əynində həmişə köhnə bir gəlinlik paltarı olardı. Bu vaxta kimi kənddə onun nə vaxtsa başqa bir paltar geyindiyini gördüm deyən olmamışdı.  Eşitdiyimə görə, gəlinliyi çirklənəndə onu yuyar, gəlinlik quruyub onu geyinməyənədək əsla başqa bir paltarla evdən bayıra çıxmazdı. Bəyaz gəlinliyin rəngi zamanla saralmış, bir çox yerdən cırılıb-sökülmüş, yenidən tikilmiş, üstündəki bəzək niyyətinə tikilmiş olan muncuqların demək olar, hamısı bir-bir tökülmüş, bir neçəsi qalmışdı. Ətəyi yerə sürtülüb məhv olduqca kəsilmiş, getdikcə qısalıb gödəlmişdi.

Gəlinin əsl adının nə olduğunu kimsə bilməzdi, bilənlər də artıq xatırlamazdı. 

Kimi görsə gülümsəyərək ilk dediyi söz: "Sabah mənim toyumdu",– olardı. "Sabah Oqtay gələcək və bizim toyumuz olacaq. Mütləq toyuma gəlin, yaxşı?!" – deyər və sonra yadına nəsə düşmüş kimi siması nigaran, kədərli bir ifadə alar, sürətlə oradan uzaqlaşardı. Amma özü kənddə qurulan toyların heç birinə getməzdi. Kənddə hamı çox sevərdi onu. 

Çox zaman səssizcə darvazalarının ağzındakı böyük daşın üstündə oturub gəlib-gedənə tamaşa edərək yol gözləyər, heç kimlə işi olmazdı. 

Gəlinin yaşı əllidən çox olardı, hər il fevral ayının 25-i əlinə xına yaxar, dən düşmüş saçlarını səliqə ilə darayıb sevinclə kəndin küçələrini dolaşar, hamıya "sabah mənim toyumdur",– deyərdi. Onu tanımayan, onun hekayəsindən xəbərdar olmayan, ancaq özünü ağıllı hesab edən hər kəs bu hərəkətinə görə onu qınayıb təhqir edər, "Bu ağılsıza bax e, sabah Xocalı faciəsi günüdür, millət o günü yas tutur, bu dəli isə əlinə xına yaxıb sabah mənim toyumdur deyir, Allahın dəlisi..", – deyərdilər.

Fəqət, bu sözləri deyən insanların birinin belə onun hekayəsini dinlədikdən sonra peşmanlıqla utanıb, başını bulamadığını görə bilməzdin.

                            

 

*

Deyilənə görə, Gəlinin gerçək adı Çiçək imiş, elə özü də zamanında təzə-tər çiçək kimi gözəl göyçək bir qız imiş.  Ailəsi ilə birlikdə Xocalı kəndlərinin birində yaşayırmışlar. Bu kənddə bir-birini bəyənməyən, aralarında əzəli bir düşmənçilik, qan davası olan, iki nəsil, iki ailə varmış. Bunlardan biri Çiçəyin, digəri isə onun sevdiyi oğlanın, yəni Oqtayın ailəsi idi.

Demək olar, imkansız bir eşq idi onlarınki. Amma onlar nə bir-birinə qovuşa bilir, nə də bu sevdadan əl çəkə bilirdilər. Kənddə hamının dilində dastana dönmüşdü onların sevgisi və zaman keçdikcə bu isti məhəbbət iki düşmən ailə arasındakı soyuq buzları əritməyə də müvəffəq olur. Və 1992-ci ilin qışı, nəhayət, ailə böyükləri bir araya gəlib bu düşmənçiliyi bitirmək qərarına gəlir, bu izdivaca razılıq verirlər.

Fevral ayının 26-sı Çiçəklə Oqtay üçün kənddə toy mağarı qurulacaqdı. Ayın iyirmi beşi – toydan öncəki gecə Çiçəyin əlinə xına yaxırlar, sevincindən yerə-göyə sığmayan Çiçək gəlinlik paltarını geyinib güzgünün qarşısında duraraq özünə tamaşa etdiyi bir zamanda qəfil gələn atəş səsindən, sanki ildırım çaxmışcasına güzgü çartlayır. Çiçəyin gülər siması çat düşmüş güzgüdə iki yerə bölünür, xınalı əlindəki gəlin çiçəyi yerə düşür. Qardaşı Hafiz təlaşla evə daxil olub dərhal qaçaraq kəndi tərk etmək lazım olduğunu, erməni təcavüzkarlarının Xocalıya hücüm edib qarşılarına keçən hər kəsi gülləbaran elədiyini deyir. 

    – Yox, mən Oqtayı qoyub heç yerə gedə bilmərəm, həm də sabah bizim toyumuz olacaq axı.., – deyə zülmət gecənin qaranlığında gözlərində çıraq kimi bir damla yaş parlayan Çiçək dillənir.

    – Ana, tez olun, vaxt yoxdur, – deyərək qardaşı narahatlıqla onları tələsdirir. Anası Çiçəyin başını oxşayıb: "Narahat olma, onlar da qaçıb bizim getdiyimiz yerə gələcəklər, orada sizə toy edərik",– deyərək onu bir təhər dilə tutub elə gəlinlik paltarındaca çəkərək darta-darta evdən çıxarır, özləri ilə aparırlar.

Çiçək və onun ailəsi o vəhşət saçan gecə qaçıb canını sağ qurtara bilən ailələrdən olur, lakin Oqtay ürəyinin bir parası Çiçəyin yanında qalsa da, ailəsinin və digər insanların Xocalıdan sağ-salamat çıxa bilməsi üçün yalın əllə erməniləri yubatmağa çalışarkən aldığı güllə yarasından həlak olur. Çiçəyin ailəsi elə o zamandan bizim kəndə sığınır, burada məskunlaşır. Çiçək o gecə əyninə geyindiyi gəlinlik libasını bir də heç vaxt çıxarmayaraq, önünə çıxan hər kəsə "sabah bizim toyumuzdur",– deyə-deyə ağlını itirir.

 

*

Gəlin tam 30 il Oqtayın yolunu gözlədi, lakin Oktay gəlib çıxmadı..

2021-ci ilin fevral ayının iyirmi beşi idi. Düşünürdüm ki, yəqin Gəlin bu il də əlinə xına yaxıb kəndin küçələrini dolaşacaq. Lakin o gün kənddə Gəlini gördüm deyən olmadı. Fevral ayının 26-sı səhər məlum oldu ki, Gəlin dünən gecə biləklərinə öz qanından xına yaxıb və bu gün, düz 30 il sonra əbədiyyətə – Oqtayın yanına köçüb..

Çiçəyin mağarı tam 30 il sonra Xocalıda - öz kəndlərində deyil, gəlib məskunlaşdıqları bizim kənddə quruldu.

Ancaq bu, onun həsrətini çəkdiyi toy mağarı deyil, yas mağarı oldu.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Çərşənbə axşamı, 05 Mart 2024 10:00

EKSPRESS-SORĞU - Mənim üç arzum

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım belədir:

 

Həyatın xaosunda itib batdığm zamanlarda və ya tamlığın içindəki tək natamam olanda bacardığım ən yaxşı hərəkəti edirəm. Yəni, qaçıram.

Elə yenə qarmaqarışıqlığın içində özümü itirdiyim zaman ortadan itməyi qərara alıb telefonumu 3 günlük söndürdüm, üz tutdum Pirçaladakı balıq vətəgələrinə. Buranın qəribə bir aurası var idi. Sanki buradakı insanlar öz ayrı düşdükləri parçanın axtarışına düşmüş tamlığın içindəki natamam zərrəciklər kimi, öz köşələrinə çəkilib zehinlərindəki fikirlərlə boğuşurdular. Maşınımı kənarda çəkib tilovumu hazırladıqdan sonra hər zamankı yerimdə oturacağımı qurub çayımı əlimə aldım və gözləməyə başladım. Bu dəfə nə tor atmaq istəyir, nə də ki, tilovun qarmağına soxulcanları qurban edib qurudakı ilə sudakını aldatmaq içimdən gəlirdi. Günəş batana yaxın vaxtlarda səmanın od rəngli  alması, dənizin üstünə düşən şüaların suyu ilıqlaşdırması, sərin yay mehi insanı bihuş etsə də, qəlbinin dərinliklərindəki sıxıntılar məni boğduqca boğurdu. Elə dərin düşüncələr içində boğulmağa davam edərkən birdən gözlərim önündə  inanmayacağım bir hadisə baş verdi. İlk öncə yuxu gördüyümü və yuxuda nağıllar aləminə düşdüyümü düşünsəm də, o gerçək olmuşdu. Balaca vaxtı nənəmin nağıllarda arzuları gerçəkləşdirən məşhur qızıl balığı suyun ortasından boylanıb yanıma doğru üzdü və eşidilməyəcək qədər sakit bir tonda:

-"Salam", dedi.

Gördüklərimin qarşısında keyiyib qalsam da, onun əsl danışan qızıl balıq olması beynimdə nənəmin nağılını canlandırdı. Heç nə düşünmədən ilk öncə ondan mənim 3 diləyimi yerinə yetirməsini istədim. O isə aramla məndən tam olaraq nə istədiyimi soruşmuşdu ki, sözünü ağzında qoyub qışqıraraq “Pul,şöhrət,sevgi" dedim.

-Bilirsən dostum mən sənə bunların hamısını elə indicə verə bilmərəm. Mən artıq qocalmışam, mənim nə bütün dənizlərin şahı olacaq qədər gücüm qalıb, nə də ki, o köhnə qüdrətim.

-Yəni, sən mənə kömək edə bilməzsən?

-Mən sənə kömək etməyəcəyimi demədim, sadəcə, məndən istədiklərini sənə verə bilmərəm, lakin onların əvəzinə sənə hədiyyə edə biləcək tövsiyyələrim var.

-Mənə quru məsləhət lazım deyil

-Öncə dinlə, sonra qərar ver.

-Yaxşı.

-3 dilək haqqının ilk seçimini səhv yerdən başlasan da, gəl sənə kömək edim. Bax əziz dost, sən hələ çox gəncsən, cəmisi 21 yaşın var. Əgər həqiqətən çox pulunun olmasını istəyirsənsə, sən tənbəlsən, çünki əsl çalışqan və zəhmətkeş insanlar pulun çoxluğunun yox, onların həyatını yüngülləşdirmə əhəmiyyətinin önəminin fərqində olanlardır. Və əgər sən pulun olsun istəyirsənsə, qazanmağı və səbr etməyi öyrənməlisən. Öncəliklə seçdiyin həyatı, qurduğun xəyalları puldan ibarət görmə və xəyallarını hədəflərinə çevirib hədəflərini həyatının mərkəzinə qoy ki, qazandığın maddiyyatın səni xoşbəxt edən tərəfi mənəvi doymuşluğun olsun.

Azacıq susub davam etdi:

-Əgər, sən şöhrət istəyirsənsə, yenə axmaq adam olacaqsan. Çünki həqiqi zəngin olan insanlar cəmiyyətdə şöhrət yox, etibar qazanmağı daha üstün tuturlar. İnan mənə, şan-şöhrət gəlib keçsə də, sənin mənəviyyatın və şərəfinlə qazandığın etibarın əsla sarsılmayacaq, hətta ən qaranlıq gecələrdə, özünü ən kimsəsiz hiss etdiyin anda belə tanrı səni zamanında sənə həyatını, ailəsini, işini və sevgisini etibar etmiş insanlarla yenidən mükafatlandıracaqdır.

Üçüncü diləyin olan sevgi haqqında sənə çox uzun məsləhətlər verə bilərəm, lakin sənə deyəcək tək bir cümləm var. Əsla və əsla sevgini ehtirasına qurban edib saf duyğularını çirkləndirmə və əgər həqiqətən sevirsənsə, bunu onu qucaqlayan zaman ruhunu qucağladığını hiss edəndə dərk edəcəksən. Məni bağışla ki, yaşlı halımla sənə çox kömək edib arzularını gerçəkləşdirə bilmədim, ümid edirəm sözlərimin sənə bir faydası olar. Hər zaman xoşbəxt yaşamağa çalış, bol-bol su içməyi və şükr etməyi unutma. Su olmasa mən yaşaya bilməzdim. Şükr olmasa mənim hafizəm tanrını belə iki saniyəyə unutdurardı.

Sonuncu sözlərdən sonra gözlərdən itən qızıl balığı nə qədər axtarsam da, bir də tapa bilmədim. Bu gün bura beynimdə milyon fikirlə ümidsizlik içində gəlsəm də, onunla olan söhbətdən sonra ruhumun sızıları dinmiş, beynimdəki bütün suallar cavab tapmışdı və indi düşünürəm ki, sevilməyi istəyən insan 3 gün sevdiklərindən uzaqlarda tənhaya çəkilə bilməz.

Mən balıqlarımı tutdum və evə qayıdıram.

Ümid edirəm sizlər də, öz tilovunuzu layiq olan dəryalara atarsınız.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Çərşənbə axşamı, 05 Mart 2024 10:15

Şəhidlər barədə şeirlər – Orxan Qəhrəmanov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Qəhrəmanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

ORXAN SƏLVƏR OĞLU QƏHRƏMANOV

(28.03.1991.-23.10.2020.)

 

Bakı şəhərinin Qaraçuxur qəsəbəsində anadan olmuş Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

BU YURDUN BALASI

 

Baharda doğulmuşdu, necə xoş soraq idi,

Hamı onu sevirdi, zirəkdi, qoçaq idi.

Böyüdü halallıqla, eldə üzü ağ idi,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Qarabağsız yurd olmaz, insan  olar qara baxt,

Anlayırdı,  işğalda qala bilməz Qarabağ,

Ürəkdən inanırdı gələcəkdi həmin vaxt,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Əmisi şəhid idi, dözəmmirdi bu dərdə,

İntiqamı yağıdan almaq  bir borcdur mərdə,

Özünü ləyaqətlə aparırdı hər yerdə,

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

O, hərbi xidmətini çoxdan vursa da başa,

Zaman gəldi,  könüllü yola düşdü – savaşa,

Dedi, qurbanam sənə, dedi - vətənim, yaşa

Fəxr edirdi  bu yurdun, bu elin balasıdır.

 

Topçu oldu, düşmənə, necə də uddurdu qan,

Azad oldu Cəbrayıl, azad oldu Zəngilan.

Hər döyüşdə deyirdi; - Yaşa, can Azərbaycan!

Fəxr edirdi bu yurdun, bu elin balasıdır.

 

Qubadlı döyüşündə  göstərdi  o, rəşadət,

Soy-kökündən gəlirdi  bu hünər, bu mətanət.

Şəhadətə qovuşdu  göstərərək şücaət,

Fəxr edirdi bu yurdun, bu elin balasıdır.

 

Orxan Qəhrəmanovla fəxr edirik  hamımız,

Onu unutmayacaq  millətimiz, xalqımız,

Zəfər qazanmışıq biz, sönməz zəfər şamımız,

Orxanlardır bu elin  sevimli balaları,

Orxanlardır bu yurdun, yenilməz qalaları!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əli Kərim adına Poeziya klubuna yolum düşəndə, rastlaşıb söhbətləşərdik. Çox çılğın və emosional adam idi. Bir anda coşa, bir dəqiqə sonra sakitləşə bilirdi. Güclü yaddaşı vardı. Demək olar ki, əksər klassiklərin, eləcə də zəmanə şairlərinin poeziya nümunələrini əzbərdən söyləməyi bacarırdı. O vaxt yüksək postda çalışan qohumunun vasitəsi ilə AYB-nin Sumqayıt bölməsini yaratmışdı və bölməyə özü rəhbərlik edirdi. Münasibətinin kimlərlə necə olduğunu deyə bilmərəm, amma onun vəzifəsinə göz dikənlərin də olduğundan məlumatlıydım. Hətta AYB-nin sədri, xalq yazıçısı Anara, eləcə də müxtəlif distansiyalara yazılı, şifahi müraciətlər edirdilər ki, onu tutduğu vəzifədən uzaqlaşdıra bilsinlər. O isə bu xəyanətlərə tab gətirirdi. Elə bil, hansısa sehirli qüvvə onu qoruyub saxlayırdı...

 

Haqqında söhbət açdığım şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdu. Əsl anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanımın himayəsində böyüyüb, təlim-tərbiyə almışdı. 1971-ci ildə Sarvan  kəndində səkkizillik məktəbi, 1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsini bitirmişdi. Bir müddət N. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, sonra isə Bakı Tədris Teatrında aktyor işləmişdi. 1996-cı ilin dekabr ayından AYB-nin Sumqayıt bölməsinin sədri vəzifəsində çalışırdı. 

2017-ci ilin mart ayında xəstəlikdən vəfat etdi…

 

Uzun illər evli olsa da övladı yox idi. Amma uşaqları çox sevirdi... 

Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq, amma bir arzum var, keşkə Qarabağı azad görüb öləydim.” Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım?!”

 

Xarizmatik xüsusiyyətlərilə çoxlarından seçilirdi. Mərdanə davranışı, ağayanə xarakteri vardı. Sözü üzə deməyi bacarırdı. Yaxşı təşkilatçı, bacarıqlı inzibatçıydi. Şəhər rəhbərliyi ilə münasibəti çox yaxşıydı. Bütün bunlarla yanaşı, Sabir Sarvan necə deyərlər, təpədən dırnağa şair idi. Şəxsiyyətilə yaradıcılığı üst-üstə düşən şair...

 

Deyirdi ki,- “Ədəbiyyat, sənət ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı-ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də, bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin Sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir-birini oxumadan belə, bir-birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat-qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.”

 

Vəfatından az öncə, 2017-ci ildə AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd edilib. Vəsiyyətinə əsasən, doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində dəfn olunub. 

Sağlığında hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onların dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi...

Sabir Sarvanın Miri deyə müraciət etdiyimiz bir həmkəndlisi və sinif yoldaşı ilə mehriban münasibətim var. Hər dəfə Sabir Sarvandan söz düşəndə, söhbətə atası Soltan müəllimdən başlayıb deyir ki,- “Soltan müəllim çox ciddi və zabitəli kişi idi. Onun zabitəsindən hamımız çəkinirdik. Bu gün nail olduğumuz ali təhsilə, mədəni davranışa görə, məhz ona minnətdarıq. Elə bir kişinin oğlu pis adam ola bilməzdi. Şairin ölümü hamımızın sinəsinə dağ çəkib...”

 

Söhbətimin sonunda, bir daha vurğulamaq istəyirəm ki, bəli, Sabir Sarvan mərdanə kişilərdən idi. Bunu sağlığında ondan qalaq-qalaq şikayətlər yazıb yuxarılara göndərən qələm yoldaşları da, sonradan başa düşdülər və haqqında ürək dolusu danışmağa başladılar...

Bu gün onun yaratdığı bölmədən necə deyərlər, evinə əməkhaqqı aparan bir neçə adam var. Onlardan biri də Sabir Sarvanın vəzifəsini daşıyan Gülnarə Cəmaləddindir. Sağ olsun, Sabir bəyin açdığı cığırı daha da genişləndirərək, AYB-nin Sumqayıt bölməsinin köhnə nüfuzunu qoruyub saxlaya bilir...

Yaşasaydı, bu gün şairin 68 yaşı tamam olacaqdı. 

Ruhu şad olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

 

2-3 mart 2024-cü tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı ilə “Robotex Azərbaycan Avrasiya Çempionatı” təşkil olunub.

 

 Tədbirdə 6 universitetin, 41 məktəbin, 10 özəl müəssisənin 250-dən çox komandası, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda yarışıb.  

Çempionatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “Bilim Bakı” mərkəzinin 7 komandası müxtəlif kateqoriyalar üzrə qalib seçilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Belə ki, mərkəzin "O-Line" komandası “Lego Xəttinin Təqibi” kateqoriyası üzrə 1-ci yerin,   "MMR" komandası isə 2-ci yerin qalibi olub. "Karanlığın yıldızları", "Turan Tech" və  "DİS Robot” komandaları isə münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

 

“RoboLig” kateqoriyası üzrə “Kings” komandası, “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə isə  “CREATORS” komandası 3-cü yerin qalibi olub. 

Festivalda dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunub.

“Bilim Bakı” mərkəzinin  qalib komandaları ölkəmizi Antalyada keçiriləcək yarımfinal mərhələsində təmsil edəcək. 

 

 “Robotex Azərbaycan Avrasiya Çempionatı” regionun ən parlaq zəkalı gənclərini təhsil və texnologiya sahəsində bir araya gətirir, onlara bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı verir.

 

Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.  Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

 

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Qərbi Balkanlar Regionu üzrə Dövlət İdarəçilik Məktəbinin (ResPA) təşkilatçılığı ilə “Mükəmməllikdə tərəfdaşlıq təməlinin qurulması” mövzusunda seminar keçirilib.

Əsas məqsəd keyfiyyətli idarəetmə sistemləri qrupuna aid olan “Ümümi Qiymətləndirmə Çərçivəsi”nin dövlət qurumlarının təşkilati fəaliyyətinin təkmilləşdirilməsində rolu, habelə müvafiq modelin Şərq Tərəfdaşlığına (ŞT) üzv ölkələrdə mümkün tətbiqi barədə müzakirələrin aparılması olub.

Proqram çərçivəsində ölkəmizin “ASAN xidmət” təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Həmçinin səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyinin Dövlət idarəçiliyində strateji planlaşdırma idarəsinin baş direktoru arasında ikitərəfli görüş keçirilib.  Tərəflər arasında 2017-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində birgə həyata keçirilmiş tədbirlər, planlaşdırılan layihələr, o cümlədən Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində icra olunan mövcud innovativ həllərin Monteneqroda tətbiqinə dair müzakirələr aparılıb.

“Ədəbiyyat və incəsənət”
(04.03.2024)

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının təşkilatçılığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 91 uşağın arzusu reallaşdırılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət” dən məlumat verilib. 

 

Sumqayıt şəhərindən olan balacalara “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub. 

 

“ASAN Məktub” sosial proqramı çərçivəsində cari ilin yanvar və fevral ayları ərzində Bakı və bir sıra regionlar üzrə 374 uşağın arzusu reallaşdırılıb.

 

 

Siz də kiçik dostlarımızın sevgi dolu qəhrəmanına çevrilmək istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Sadıqov Samir Cəbrayıl oğlunun Bakı şəhərində doğulan övladı Amirin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.  Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

"Onlar bizə əmanət" layihəsi indiyədək 119 şəhid övladını əhatə edib.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında pianoçu Nigar Əsədullayevanın konserti keçirilib.

 

AzərTAC xəbər verir ki, konsert yüzlərlə şamın işıqlandırdığı sehirli ab-havada keçib. Proqramda tanınmış italyan bəstəkarı Lüdoviko Eynaudinin “Una matına”, “Divenire”, “Le Onde”, “Elements”, “Primavera”, “Life” və s. kimi məşhur əsərləri səsləndirilib.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Rəşid Behbudov adına 2 saylı 11 illik musiqi məktəbinin müəllimi Nigar Əsədullayeva “Baku Chamber Orchestra”da görkəmli dirijorların rəhbərliyi ilə konsertmeyster işləyib, Azərbaycanda və xaricdə konsertlər verib, müxtəlif festivallarda, musiqi layihələrində iştirak edib. Klassik pianoçu təhsili alan Nigar müxtəlif janrlarda musiqi ifa etməyə, eləcə də klassik musiqi ilə müasir musiqini sintez etməyə başlayıb.

 

Nigar Əsədullayeva AZƏRTAC-ın əməkdaşı ilə söhbətində Eynaudini müasir dövrün ən tələb olunan bəstəkarlarından biri adlandırıb.

 

“Onun musiqisini müxtəlif nəsillərin nümayəndələri sevir, onun əsərləri bütün dünyada dinləyicilər tərəfindən çox yaxşı qəbul olunur. Onun yaradıcılığı vasitəsilə mən öz qəlbimin incə təbiətini çatdıra bilirəm”, - deyə pianoçu bildirib.

 

Konsert böyük uğurla keçib, tamaşaçılar pianoçunu təkrar səhnəyə çağırıblar. Nigar Əsədullayevanın sözlərinə görə, bu, onun “RED EVENTS & Distribution ltd.” şirkəti ilə birgə təşkil olunan üçüncü konsertidir. Əvvəlki iki konsert kimi bu konsert də tədbirin qonaqlarında xoş təəssürat yaradıb. Hazırda pianoçu, özünün də qeyd etdiyi kimi, bu vaxta qədər Bakıda bənzəri olmayan yeni musiqi layihəsinə hazırlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə "TikTok" videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. Görüşdə görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.

Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün "TikTok" tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.

Xatırladaq ki, #TikTokdanÖyrən" layihəsinin məqsədi fevralın 21-dən aprelin 21-dək mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə “TikTok” platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Bu günədək müsabiqəyə 6 muzey, 1 kitabxana, 13 teatr qoşulub. Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi isə qısa virtual turlar keçirir. Eyni zamanda, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gəlməsi, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.