
Super User
“ASAN xidmət”in "İnnovasiyalar Mərkəzi" inkubasiya proqramına başlayır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" "Bilişim Vadisi" ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Məqsəd ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır.
Proqrama “Gələcək üçün bacarıqlar” layihəsinin öncəki infosesiyalarla seçilmiş tələbələri, startap yaratmağa, innovativ yeniliklər etməyə meyilli, özünə güvənən, gələcəyini bu sahədə görən gənclər və komandalar qoşula bilərlər.
19 mart tarixinə qədər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçmək olar: https://forms.gle/gTH9jvSLbJDgBX3e7
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir.
Ümumilikdə layihə çərçivəsində 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Qalib filmlərin istehsalına “Kür - çaylar anası” ilə başlanılır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən kinematoqrafiya sahəsində istehsal olunacaq filmlərə dəstək verilməsi məqsədi ilə keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalına başlanılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
İlk olaraq Dövlət sifarişi ilə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə istehsal müqaviləsi bağlanılıb. Filmin 2024-cü ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulur. “OD Media Production” şirkəti tərəfindən istehsal olunacaq filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir. Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Bu şəhərdə onu sevməyən yoxdur…”
Gülnarə Cəmaləddin yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, Sumqayıt ədəbi mühitinin ağsaqqalı Əşrəf Veysəllinin doğum günü - 83 yaşı münasibətilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yazdığı təbrik yazısını diqqətinizə çatdırır.
Bu şəhərdə onu sevməyən yoxdu. Bunu əminliklə deyirəm. Böyükdən kiçiyə hamı onu sevir. O, xöşbəxt adamdı, bəxtiyar şairdi. Şairlik zülüm olsa da, o qədər sevgi qarşısında çəkdiyin zülmə-zillətə dəyər.
Hər misrasında ürək döyüntüsü, hər sətrində özündən nəsə var. Güclü poetik yaddaşı, ciddi yumor hissi və hazırcavablığı ilə yadda qalıb.
Sumqayıtlı şairlərin USTAD deyə ərklə müraciət etdiyi, qürur duyduğu şairdi Əşrəf müəllim.
Şeirləri nəğmə kimidi. Ruhunu tərpədir, adamı özündən alır. Əşrəf müəllim böyüklə böyük, kiçiklə kiçikdir. Ürəyi, ruhu, şeirlə, sözlə yoğrulub. Yorulanda da sözün çiyninə baş qoyub, təsəllini də sözdən alıb.
Ağsaqqal kimi də hər kəsin yerini və dilini bilir. Çətin anlarda insanlara dayaq olur, yol göstərir. Öz imzası və öz sözü ilə ruhumuza hopub...
Bu gün Əşrəf müəllimin də faniylə yolçuluğa başladığı gündür. Faninin işindən agah adamdı, bəzən ona sözardı nələrsə pıçıldayır...
Bəzən açıq-aşkar ona aldanmadığını da söyləyir.
Gününüz və günümüz mübarək,Əşrəf müəllim, əziz insan, mübarək adam! Sizə əbədiyyət ömrü arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Ən qorxulu şey ikiüzlülükdür” - GÖVHƏR HƏSƏNZADƏNİN 50 YAŞINA
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Məni ciddi bir insan kimi tanıyırlar. Hətta bəziləri- O, çox sərt danışır- söyləyirlər. Heç də sərt danışmıram, sadəcə düşündüyümü deyirəm. İkiüzlülük mənim əqidəmə ziddir. İkiüzlülər hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Amma ikiüzlü olmaq özü bir bacarıqdır. Fəqət, o cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itib batır, yəqin özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Lakin birdən ayılır ki, heç kim onu adam yerinə qoymur, heç kimdir. Həyatda elə ən qorxulu şey də budur. Hamının sevimlisi olmaq arzusu, hamının xoşuna gəlmək istəyi düşüklükdür.”
Bu fikirlər ona məxsusdur.
Allah ondan heç nəyi əsirgəməyib. Qadın gözəlliyi, istedad və cəsarət. Mərdanə xanımdır, sözünü deməyi bacarır. Özünə və başqalarına qarşı çox tələbkardır. Bəstəkardır, xeyli mahnılar bəstələyib, onlar əsasən estrada janrındadırlar...
Haqqında söhbət açdığım Gövhər Həsən-Zadə 1969-cu ildə Bakıda dünyaya gəlib. Atası, mərhum Sudef Həsənov bir vaxtlar Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. Sözsüz ki, bu vəhdətdən dünyaya gələn Gövhər xanım istedadsız ola bilməzdi. Gövhər xanım 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə,1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə də Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarixi fakültəsinə qəbul olunub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alaraq, 1993-cü ildə həmin təhsil ocağını bitirib.
“Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu və ATV-də yaratdıq. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioriteti oldu. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər də yayımlansın.”- söyləyir.
1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Gövhər Həsən-zadə inzibati işlə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni, "Olimpiada yolları" himni, "Biz varıq” adlı BMT Azərbaycan nümayəndəliyi üçün himn, "Sən qalib gələcəksən", "Sən azərbaycanlısan" kimi layihələrin müəllifidir...
Onu bu gün televiziyalarımızı başına götürən şou proqramlar çox narahat edir. Bu bayağı verilişlərdə aparılan söhbətlərə dözümsüz yanaşır.
Deyir ki,- “Niyə efirlərdə sadə adamların, eləcə də məşhurların şəxsi həyatları ortalığa çıxarılır? Guya kiminsə şəxsi həyatını açıb-ağardanda nə olur? Üstündən 3-5 ay keçəndən sonra dalaşanlar yenidən barışırlar. Camaatın hissiyatı ilə niyə oynayırlar bilmirəm. Doğrudur, populyar insanların həyatı hər zaman maraqlı olur. Onların böyük eyiblərini sosiallaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, onun eybini efirə çıxarıb müzakirə edəndə, onun tamaşaçısını incidirlər, pərt edirlər. Məgər hamının nəsli-kökü təmizdir? Ailə qurduğumuz şəxslərin ailələrində, dost-tanışımızların arasında nankor, nanəcib adam yoxdurmu? Təbii ki, var və bu, bizim eyibimizdir. Elə bir eyib ki, hamıda var. Bunu o zaman sosiallaşdıra bilərik ki, ona yardımımız, köməyimiz dəysin.”
2008-ci ildə Azərbaycanı ilk dəfə təmsil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi, 24 türkdilli ölkələr arasında birinciliyi ölkəmizə qazandırıb. Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "İn-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. Eyni zamanda "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır...
Göründüyü kimi, Gövhər Həsənzadə sıradan bir bəstəkar deyil, o, öz sahəsində mükəmməl təhsil alan bəstəkarlardandır. Necə deyərlər, sənətini akademik səviyyədə bilən insanlardandır. İstedadla təhsilin vəhdəti isə xarüqələr yaradır...
Din, fəlsəfə, mistika ilə dərindən maraqlanır. Bu mövularda xeyli kitablar da oxuyub. “Məsələn, din mənim üçün ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. Doğrudur, İslam elmini tam anlamağa ömür yetməz. Amma çalışıram ki, hökm və adətlərinə riayət edim.”- dilə gətirir.
Deyir ki,- “Səmimi olmağım, çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, hər kəsə etibar etmək olmaz və çalışmaq lazımdır ki, cəmiyyətə axıra qədər açıq olmayasan, özünü bədniyyət adamlardan gözləməlisən. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirib ki, çətin də olsa, bunu özüm seçmişəm. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Söykənə biləcəyim insanlar illərlə azaldılar və mən də özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son...”
Bəli, haqqında söhbət açdığım Gövhər Həsən-Zadə belə xanımlardandır. Bu gün onun 50 yaşı tamam olur. Bu yaş xanımlar üçün, ömrün bahar fəsli, arzularının tumurcuqlayan zamanıdır. Bu tumurcuqların barını dadacağı dövr hələ qabaqdadır…
Təbrik edirik, çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Tomris” sərgisinə Heydər Əliyev Mərkəzi qucaq açdı
Könül, “Ədəbiyyat və incəsənət”
Biri-birindən gözəl rəsmlər. Tarixi, tarixi olduğu qədər də əfsanəvi türk qəhrəmanı və gözəlinin, məşhur türk sərkərdəsi və hökmdarının fərqli-fərqli rəsmləri…
Dünən axşam saatlarında Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinın açılış mərasimi keçirildi.
Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin ideya müəllifi isə Xalq rəssamımız Sakit Məmmədovdur. Qeyd edim ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.
Rəssamları təqdim edim: Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir Bayğojanova, Bakıtbek Zerde, Aytkul Tasmaqambetova, Botagöz Toleş, Rahat Saparaliyeva (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev, Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan), Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamları. Tablolarda həm Tomris vəsf olunub, həm türk tarixi barədə mənzərələr yer alıb.
Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib”, - deyib nazir müavini.
Qeyd edib ki, bugünkü sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. “Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var”, - deyə S.Yusifova əlavə edib.
TÜRKSOY-un Baş katibi Sultan Rayev isə çıxışında bildirib ki, bu sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük diqqətini çəkib və mədəni irsimizə də zənginlik qazandırıb. Bu sərginin Azərbaycanda açılmasının xüsusi əhəmiyyəti var. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir rəssamların əsərlərinin ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.
Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Mükafatları TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarov təqdim edub. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Mükafatı Səadət Yusifovaya Sultan Raev təqdim edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi barədə qonaqların təəssüratlarını aldıq.
Araşdırmaçı Azər Turan bildirdi ki, Tomris kimi türk dünyasının ümumi qəhrəmanını diqqət mərkəzinə gətirmək böyük işdir, Tomrisin biz azərbaycanlılarla bağlı olan məqamları isə xüsusən qürurvericidir.
İstedadlı rəssam Mehriban Alışova isə bu sayaq sərgilərin ölkəmizdə keçirilməsinin, türk dünyasının tanınmış rəssamlarının bir araya gəlməsinin çox əhəmiyyətli olmasını qeyd etdi.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Sultan Raev: “Tomris sərgisi birliyimizin, dostluğumuzun simvoludur”
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Xalq rəssamı Sakit Məmmədovun təşəbbüsü ilə
“Tomris” adlı beynəlxalq sərginin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Rayev sonra jurnalistlərə verdiyi açıqlamada da söyləyib ki, “Tomris” adlı beynəlxalq sərgi Türk dünyasının, birliyimizin, dostluğumuzun simvoludur. O, sərginin önəmini vurğulayaraq Tomrisin Türk dünyası üçün özəl bir xarakter olduğunu diqqətə çatdırıb.
Təsadüfi deyil ki, sərgidə Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Əlibi Bayğojanov, Tolkın Tabısbek, Möldir Bayğojanova, Bakıtbek Zerde, Aytkul Tasmaqambetova, Botagöz Toleş, Rahat Saparaliyeva (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Rahat İtikeyev, Yuristanbek Şıqayev, Eldar Aytmatov, Suyutbek Torobekov (Qırğızıstan), Sardor Alaberqenov (Qırğızıstan) və Refik Aziz (Türkiyə) - türk dünyasının ən məşhur rəssamlarının böyük tarixi şıxsiyyət Tomris barədə, türk tarixi barədə möhtəşəm tabloları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihəyə start verilib
Ölkənin kino təsərrüfatında böyük canlanma hiss edilməkdədir.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar" adlı layihəyə başlanılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
Məlumata görə, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.
Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması əsas məsələlərdən sayılır.
Layihə çərçivəsində cari il ərzində Nizami Kino Mərkəzində kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin mütəmadi olaraq nümayişi təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
DİQQƏT, YENİ RUBRİKA - “Sevdiyin şeiri gəl mənə söylə”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
TƏRANƏ DƏMİR İLƏ
-Salam, dəyərli Təranə xanım " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının ilk qonağısınız.
İzləyicilərə sevdiyiniz hansı şeiri söyləyəcəksiniz?
- Salam, xoş gördük, sevdiyim şeirlər çoxdur, amma siz bir şeir istədiyiniz üçün Qulu Ağsəsin "Yığışıb qarama yüz söz deyərlər" şeirinin sehri ilə izləyiciləri baş- başa buraxıram.
Yığışıb qarama yüz söz deyərlər,
Bu boyda millətə nə cavab verim?!
Bilsələr, qanıma yerikləyərlər,
Səni sevdiyimi sevmədiklərim...
Bir qız bir oğlana çoxuymuş demə,
Sevdim təklənəsən... çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm.
Di gəl bacarmadım... düzünü desəm,
Özün tərpənmədin rahat yerindən.
Külli-ixtiyarsan, nə vaxt istəsən,
Oynat, ağlımı da oynat yerindən!
...Bunu bir mən bilim, bir də sən ancaq
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah
Sənə ayırdığım yer bəsimizdi...
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qovurmalı düyü şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qovurma düyü şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Qovurma – 107 qr
§ Düyü–25qr
§ Soğan – 17 qr
§ Kartof – 38 qr
§ Kök–50qr
§ Pomidor – 35 qr
§ Alça (və ya alça qurusu) – 10 qr
§ Sarıkök (və ya sarıçiçək) – 0,1 qr
§ İstiot – 0,5 qr
§ Duz–6qr
Xörək əlavəsi:
§ göyərti – 8 qr
QEYD: Qovurma ilə hazırlanan yeməklərdə yağ istifadə edilmir. Çünki qovurmanın yağı kifayətdir. Ət qovrulduğuna görə bişmə müddəti də tez olur. Yalnız xörəyin tərkibində olan digər ərzaqlar bişir.
HAZIRLANMASI:
Tərəvəzlər yuyulur, təmizlənir. Soğan və kartof xırda doğranır. Düyü və alça yuyulur, təmizlənir. Pomidor yuyulur, doğranır, kök sürtkəcdən keçirilir. Qovurma qazana yığılır, ocağa qoyulur. Qovurma tam qızdıq- da soğan qazana əlavə olunur. Soğan qızardıqda kartof, kök, pomidor əlavə edilir və tovlanır (qarışdırılır və qov- rulur). Daha sonra düyü və işgənə əlavə olunur. Sonda alça, duz, isti- ot, ədviyyat vurulur və qaynamağa qoyulur. Qaynadıqdan 20-25 dəqiqə sonra şorba artıq hazır olur. Süfrəyə veriləndə üzərinə xırda doğranmış göyərti səpilir.
Ədəbiyyat və incəsənət”
(06.03.2024)
Həm alim, həm şair Şahlar Göytürk
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda elmi dərəcəsi olan şairlər çoxdur, amma alimlərin arasında şair olanları az. Şair-alimlə alim-şairin fərqi isə bəllidir. Biri elmə şair kimi baxır, digəri isə şairliyə alim kimi yanaşır. Hansı daha yaxşı poeziya nümunələri yarada bilir, bu söhbət artıq geniş auditoriyada deyil, dəyirmi masa arxasında aparılmalıdır...
Bu gün sizə bir alim-şairin, filologiya üzrə fələsfə doktoru Şahlar Göytürkün yaradıcılığından danışmaq istəyirəm. İlk növbədə, onu qeyd edim ki, Şahlar Göytürk ölkədə ədəbiyyat nəzəriyyəsinin və Azərbaycan dilinin incəliklərini dərindən bilən iki-üç alimdən biridir. Gəlin, əvvəlcə onun “Şeir yazıram” nümunəsinə nəzər yetirək;
Harama yaraşır bu şeir mənim?
Sözün yiyəsi var, dəyəri yoxdur.
Şeir yazmağımdan, bərəkət haqqı,
Bəlkə də, Tanrının xəbəri yoxdur.
İçi təlatümlü, çölü mədəni,
Çoxu ev dağıdır, ev tikən deyil.
Bilirəm, axırda bu şeir məni
Azara salmasa, əl çəkən deyil.
Hər kəs öz hayında, öz iş-gücündə,
Vicdanın səsinə qulaq asıram.
Bu qədər şairin, şeirin içində
Utana-utana şeir yazıram...
Göründüyü kimi, şairi bol olan bir məmləkətdə özünü şair kimi təqdim etməyə utanır, amma şeirdən də əl çəkə bilmir. Çünki əsl şeir yazılmır, doğulur. Bu misraları ancaq şeirin nə olduğunu dərk edə bilən adam yaza bilər. Onun bu təvazökarlığı necə deyərlər, sarı simimə toxundu və mən sosial şəbəkədə onun yaradıcılığını izləməyə başladım...
Üçrəngli bayrağımız haqqında çox şeirlər yazılıb, hətta aralarında müsabiqələrdə qalib gələnləri də olub. Bir neçəsi ilə mən də tanışam. Səmimi deyirəm, Şahlar Göytürkün müəllifi olduğu “Azərbaycan bayrağı” şeiri həmin nümunələrdən daha mənalı, daha axıcıdır. Heç bir hissəsində dil dolaşmır. Necə deyərlər, nə söz dili kəsir, nə də dil sözü. Əslində, bu şeir orta məktəb dərsliklərinə salınsa, şagirdlərin vətənpərlik ruhunda böyüməsinə sanballı bir töhfə olar...
Kökün çox dərindədir, ucalarda dalğalan,
Güvən öz qüdrətinə, sən özünə arxalan.
Ulu Cümhuriyyətdən ən qiymətli ərmağan
Göy üzünün növrağı Azərbaycan bayrağı!
Göy üzündən don biçib uzaqgörən babalar,
Al boyadan, yaşıldan çələng hörən babalar,
Qoy rahat uyusunlar müdrik, ərən babalar
Kor olsun düşmən, yağı, Azərbaycan bayrağı!
Parlayan ulduzuna, hilalına vurğunam,
Saf, ləkəsiz, bəmbəyaz halalına vurğunam,
Bizə birlik bəxş edən kamalına vurğunam,
Sönməz bu türk ocağı, Azərbaycan bayrağı!
Yeni nəfəs gətirdin türklük hissiyyatına
Qatdın öz inancını islam etiqadına.
Sən azadlıq gətirdin qız-gəlinə, qadına,
Həya, ismət duvağı Azərbaycan bayrağı!
Sən Vətəndən uzaqda bu Vətənin simgəsi,
Ruha elə hopmusan, neyləyəcək özgəsi?!
Sən bizi birləşdirən millətimin haqq səsi
Sevgi, məhəbbət bağı Azərbaycan bayrağı!
Səni yasaq etdilər, könüllərdə ucaldın,
Şəhidlik məktəbindən, bir ilahi güc aldın.
Qiyamətə qoymadın, düşmənindən öc aldın,
Bitdi Tanrı sınağı, Azərbaycan bayrağı!
Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın eşqi, andı, vüqarı
Sən ey zəfər sancağı, Azərbaycan bayrağı!
Bəh-bəh necə də gözəl tərənnümdür. Bu şeirdə şairin fikirləri petik ifadə etmək bacarığı, fəlsəfi baxışları, sözə həssas yanaşması, dərin məntiqi açıq aşkar nəzərə çarpır...
Vətənpərvərlik ruhunda ərsəyə gətirdiyi “Azərbaycan Ordusu” şeiri isə müzəffər ordumuza həsr olunan ən yaxşı nümunələrdən biridir. Şeirdə yenilməz ordumuza sonsuz inam, hədsiz sevgi çağlayır:
Gözlərimin önündə min-min qəhrəman adlar,
Yanıb-yaxılacaqdır zəfərimdən o yadlar,
Nə qədər ki yaşayır Mübarizlər, Poladlar,
Gözlərində qalacaq düşmənimin arzusu,
Yaşa, eşq olsun sənə, Azərbaycan Ordusu!
O mənasız laflara -- "barış" adlı qeybətə,
Sən son qoydun möhnətə -- 30 illik həsrətə,
Qurban olum səndəki o üçrəngli qeyrətə,
Bu millətin gözündə möcüzəsən, doğrusu,
Ey yenilməz, müzəffər Azərbaycan Ordusu!
Nə çoxmuş içimizdə iblislərin nökəri,
Haqqa xəyanət olmuş soysuzların şakəri!
Səbr elədin, gözlədin uzun illərdən bəri,
Möhtəşəm qələbənə inanmırdı çoxusu,
Sındırdın tilsimləri, Azərbaycan Ordusu!
Gözləri var göyün də, qulağı var yerin də,
Ruhunu şad elədin göydə şəhidlərin də.
Vətən adlı bir eşq var ruhunda, cövhərində,
Zərrə qədər gözündə yoxdur ölüm qorxusu,
Düşmənlərə göz dağı -- Azərbaycan Ordusu!
44 günlük savaşda düşmən bağrını yardın,
Şəhid ətirli Vətən, qazi ətirli Ordum!
Yavaş-yavaş dirçəlir, çiçəklənir bu yurdum --
Yeni zəfərlərinlə qürurlandır ulusu,
Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!
Şairin doğma ata-baba yurduna bağlılığı, insanlarına olan məhəbbəti adamı heyran edir. Onun “Var idi” şeirini həyacansız oxumaq olmur. Başdan-başa kövrək hisslərə bəlnən bu şeirdə bir körpə məsumluğu, həsrət dolu baxışları sezməmək mümkün deyil. Yenidən uşaq olmaq arzusu, kəndin daş-kəsəyində oynamaq istəyi, süfrələrin təamlarınadn dadmaq tamarzısı şeirin əsas mövzusudur:
Güvənməzdik özgəsinə, yada biz,
Öz gücümüz, öz girimiz var idi.
Kəndimizin ortasında sehirli
Ocağımız, bir pirimiz var idi...
Nazik-nazik kəsilərdi əriştə,
İnanardıq bir xeyir var hər işdə,
Oynayardıq, yarışardıq örüşdə,
Kamanımız, öz tirimiz var idi...
Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri -- təndirimiz var idi...
Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi...
Sönməyincə su atmazdıq kül, közə,
Nə söz olsa, danışardıq üz-üzə,
Baş qoşmazdıq xırda-para hər sözə,
Təmkinimiz, səbirimiz var idi...
Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi...
Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi ?
Hara getdi? Öz yerimiz var idi!
“Söz azadlığı” şeirindəsə bəzən şairin necə dəniz kimi coşub çağladığı hiss olunur. Qəzəblə gileylənərək şahidi olduğu haqsızlıqlara etiraz səsini ucaldır. Söz azadlığı tələb edib hayqırır:
Çox da tərifləmə mənə bu eli,
Əridə bilmədik buz azadlığı.
Gizlində susdurduq danışan dili,
Üzdə şüar etdik biz azadlığı.
Haqqı istədikcə azaldıq ancaq,
Çox verdik, axırda az aldıq ancaq,
Quru sözdə qaldı azadlıq ancaq
Həyatda görmədik düz azadlığı.
Heç kimin haqqına girməsin bəşər,
Ömür boş-boşuna getməsin hədər.
Həyatda hər kəsə balası qədər
Əzizdir, şirindir öz azadlığı.
Şahlar, bu sevinci bölməyə dəyər.
Bir də bu dünyaya gəlməyə dəyər.
Azadlıq uğrunda ölməyə dəyər,
İlahi nemətdir söz azadlığı!
Onun xeyli şeirini toplaya bilmişəm. Onların arasında sevgi şeirləri də var, təbiət şeirləri də. Təcnis, gəraylı, qoşma da yaza bilir, özünü sərbəst vəzndə də ifadə etməyi bacarır. Amma qələmə aldığı şeirlərin əksəriyyəti vətəpərvərlik ruhundadır.
Sizi yormayım deyə, bu günkü söhbətimdə cəmi beş şeirini təqdim etdim. Ümidvaram ki, nə vaxtsa imkan düşəndə bu mövzuya yenidən qayıdıb, Şahlar Göytürkün yaradıcılığına işıq tutacağıq...
Bəli, onu bir alim kimi çoxdan tanıyırdım, amma bir şair kimi sosial şəbəkədən kəşf etdim. İnanıram ki, bu alim-şairin bədii yaradıcılığı da elmi yaradıcılığı kimi, ona nüfuz qazandıracaq, hörmət gətirəcəkdir...
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)