Super User

Super User

Bazar ertəsi, 12 Avqust 2024 08:00

Bakıda Abay Günü qeyd olunub

Görkəmli qazax şairi və maarifçisi Abay Kunanbayulının 179 illiyinin qeyd olunması ilə əlaqədar Bakıda Qazaxıstanın Azərbaycandakı Səfirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycanın yaradıcı ziyalıların, abayşünasların və yazıçıların, habelə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin iştirakı ilə xatirə tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalının Qazaxıstanın ölkəmizdəki səfirliyindən aldığı məlumata görə, tədbirin əvvəlində iştirakçılar şairin adını daşıyan küçədə yerləşən xatirə lövhəsi önünə gül qoyaraq, onun xatirəsini yad ediblər.

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin müşaviri Yedil Mırzaxanov öz salamlama nitqində qonaqları Abay Günü münasibətilə təbrik edərək, onun dəyərli yaradıcılığın gələcək nəsillər üçün əvəzsiz əhəmiyyət daşıdığını və qazax xalqının mənəvi zənginliyini təşkil etdiyini qeyd edib. Diplomat, Abayın əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı uzunmüddətli fəaliyyətlərinə, bütün Türk dünyası və dünya ədəbiyyatı üçün sərvət sayılan onun irsinə nümayiş etdirdikləri hörmətə və sevgiyə görə abayşünaslara təşəkkürünü bildirib.

Öz növbəsində, Azərbaycanın yaradıcı ziyalılar və abayşünaslar Abayın həyatı və yaradıcılıq yolu haqqında söz açdılar və onun şəxsiyyətinin və əsərlərinin bütün dünyada hörmətlə qarşılandığını vurğulayıblar.

Tədbir qazaxıstanlı və azərbaycanlı gəncləri tərəfindən Abayın "Közimnin karası" və "May tüni" kimi məşhur əsərlərinin ifası ilə tamamlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

 

Ədib ilk olaraq auditoriyanı düşünüb yazmalıdır.

“Report” xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, yazıçı Varis Yolçiyev Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

O bildirib ki, auditoriyanı ələ almaq üçün xüsusi nöqtələr var:

“Kitab yazarkən yazıçının üç abzaslıq şansı olur ki, oxucunu ələ alsın. Bundan sonra ona istədiyini təqdim edə bilərsən. Bu günün yazıçısının ən böyük problemi kimin üçün yazdığını bilməməsidir”.

Ədib yaradıcılıqla bağlı fikirlərini də bölüşüb:

“Özünün ən güclü zərbələrini zəmanənin ən zəif anına saxla. Bu fikir mənim aforizmimdir. Mən yaradıcılığa gələndə cəmiyyətdə kitaba aclıq var idi. Baxmayaraq ki, ilk əsərimi 90-cı illərin sonunda yazmışdım, onu çap etməyim 2008-ci ildə baş tutdu. Anladım ki, zamanım yetişib. Sorğu aparmışdım, auditoriyanı tanıyırdım və bilirdim nə etmək lazımdır. “Sonuncu ölən ümidlərdir” kitabımı dərc elədim. Əsər su kimi içildi”.

V.Yolçiyev “Bir ovuc torpaq” romanına görə “Qızıl kəlmə” mükafatına layiq görüldüyünü vurğulayıb:

“Bir ovuc torpaq” mənim ikinci əsərimdir. “Sonuncu ölən ümidlərdir”dən sonra hiss etdim ki, cəmiyyətə Qarabağla bağlı bir əsər vermək lazımdır. “Bir ovuc torpaq” Milli Qəhrəman Mübariz İbrahimovun ən sevdiyi əsər olub. Bu əsər indi də məni qürurlandırır”.

Xatırladaq ki, V.Yolçiyev 1966-cı il iyunun 7-də Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “7 gün” qəzetində redaktor, “168 saat” qəzeti və Prezidentin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatında baş redaktor kimi fəaliyyət göstərib.

Beynəlxalq Yazıçılar Gildiyası, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın "Əməkdar jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT - 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatıdır. Hazırda “Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar üzrə katibidir.

“Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Bir ovuc torpaq”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Üçbucaq”, “Qızıl cib saatı”, “Qızıl ləçəklər” kimi əsərləri işıq üzü görüb.

“Sonuncu ölən ümidlərdir” kitabı yeddi dəfə nəşr olunmaqla Azərbaycanda ən çox satılan əsərlərdən biri kimi tanınır.

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi - “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, prezident təqaüdçüsü, gözəl tarzən Möhlət Müslümovun 70 yaşı tamam olur.

 

Azərbaycan milli mədəni sərvətimiz olan gözəl milli alətimiz tar musiqi alətinin əsrarəngiz ifaçıları ilə həmişə zəngin olub . Möhlət Müslümov da bu silsilədən olan gözəl sənətkarlarımızın davamçısıdir, dövrümüzün ən gözəl musiqicilərindən biridir. Onun ifasını dinləyən hər kəs musiqinin ecazkar dərinliyində özünü itirir və uzun müddət xoş təəsuratdan oyana bilmir.

Tar ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümov Azərbaycan  Milli Konservatoriyasının professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmaqla yanaşı Azərbaycanın istedadlı, vətənsevər, musiqi sənətinin inkişafında çox xidmətləri olan bir sənətkardır.

Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq Artisti Siyavuş Kəriminin Milli Musiqinin  təhsilinin inkişafı naminə gördüyü bir çox müqəddəs missiyalarından ən başlıcası bu cür gözəl sənətkarlarımızı bu təhsil ocağına dəvət etməsidir.

Bəli, Möhlət Müslüov kimi sənətkarların timsalında Azərbaycan Milli Konservatoriyası Musiqi məbədinə çevrildi . Hamının can atdığı öz musiqi savadını püxtələşdirmək üçün seçim etdiyi universitetlərdən biri oldu. Xalq artisti Möhlət Müslümov da bu ocağın bir hissəsi, gərəkli sənətkarlarımızdan biridir.

Möhlət Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edib. Azərbaycan Musiqisini  və mənfur düşmənlərimizin mənimsəmək xülyaları olan tar Milli alətimizi bütün dünyaya Azərbaycan musiqi əsərləri ilə tanıdan və sevdirən bir sənətkardır. Onun beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları və yetirmələrinin çıxışları da hər birimizə məlumdur. Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika şəhərlərində Azərbaycan musiqisinin təbliği ilə yanaşı olaraq  xarici ölkələrdə iyirmidən çox kompakt diski buraxılmışdır. 

Möhlət Müslümov 2000-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür.

Uzun və gözəl sənət yolu keçmiş sənətkar Möhlət Müslümovun həyat yoluna nəzər salsaq onun sənət üçün  son dərəcə fədakar olduğunun şahidi oluruq.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirdikdən sonra 

1975-ci ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının Professorudur . Bütün fəaliyyəti dövründə Azərbaycan  Milli Musiqisinin inkişafına həsr etmiş sənətkarımız bu gün 70-nə qədəm qoyur. Gözəl tarzən Möhlət Müslümovun ifalarının sədaları altında bu yazını bitirirəm. Onun Fikrət Əmirovun "Lay -Lay" musiqi əsərinin ifasının sehrində yazıram. Möhlət Müslümovu ifasında "Bayatı Şirazı", "Zabul Segahı" dinlərkən musiqimizin ruhu və bu ruhu bizə məharətlə çatdıran Möhlət Müslümovla yalnız fəxr etmək olur, qürur duymaq olur. Azərbaycan Milli Konservatoriyasının rektoru və sənət qaynayan kollektivi adından sənətkarı təbrik edirik. Ona bundan sonra da Azərbaycan musiqisini dünyada təbliğində, tədrisində davam etməyi, gözəl ruh, gümrahlıq diləyirik.

Bundan əminəm ki, Azərbaycan Milli musiqisinin dəyərli daşıyıcısı olan, sənətkar oğlu olan Möhlət Müslümovun 70 illik yubileyi hər bir zaman sənətkarlara dəyər verən dövlətimiz tərəfindən təntənəli qeyd olunacaq. Möhlət Müslümov həm gözəl ailə başçısı, gözəl dost və həmkardır. Möhlət müəllim xatirələrinin birində dünyaya dil açdıqda belə musiqi ilə olduğunu vurğulayıb. Onun dediklərindən sevimli tar alətinə necə sonsuz bir məhəbbəti olduğunu görürürk .

İlk öncə Azərbaycan Milli Konservatoriyasının  professoru olan ailə üzvümüz, xalq artisti Möhlət Müslümovu təbrik etməyi özümüzə borc bildik.

Xalq Artisti Möhlət Müslümov Xalqına,torpağına,dövlətinə,mədəniyyətinə, bağlı bir sənətkardır.Öz üzərində çalışaraq,hər gün gözəl zərgər məharətiylə bu sənəti ucaldan bir sənətkar musiqiçidir.

Onun müsahibəsində dediyi kimi 70 yaş bu mübarək və xoşbəxt günlərimizə təsadüf edən Möhlət müəllim Şuşada görüşüb gözəl yubleyinizi birgə qeyd edək.

Azərbaycan Musiqi tarixində sizin təkcə Çahangir Çahangirovun “Ana” əsərinin ifası ilə tarixin yaddaşına həkk olunmağınız var, gözəl sənətkarımız. Təbriklərimizi qəbul edin.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Hörmətli “Ədəbiyyat və incəsənət”. 

Mən Kazımzadə Nərmin Yaşar qızı 1999-cü ildə Lənkəran rayon Liman şəhərində anadan olmuşam. 

2016-cı ildə Teymur Zamanov adına Lənkəran şəhər Ürgə kənd məktəbini, 2021-ci ildə Lənkəran Dövlət Universitetini bitirmişəm. 

Bədii Yaradıcılığa on üç yaşında başlamışam. " O,sənmisən ?" şeiri ilk poetik qələm məhsulumdur.

Şeirlərim və hekayələrim müntəzəm olaraq dövri mətubada və ədəbiyyat portallarında yayımlanıb. 

2021-ci ildə Xəzan Jurnalında "Tənha göyərçin" hekayəm, 2022- ci ildə Yeni Uğur Antologiyasında şeirlərim, 2024-cü ildə isə “Şəfəq” jurnalında" Hisslərimlə mübarizə" adlı hekayəm dərc edilib. Eyni zamanda kulis.az, cənublu.az və s. saytlarda şeir və hekayələrim yerləşdirilib. 2021-ci ildə ilk uğurum  "İkinci şans" adlı hekayələr və esselər kitabının müəllifi olmağımdır.

İstərdim ki, “32 həftəlik möcüzə...” adlı 

 

 

 

Yay fəsilinin iyun ayına qədəm qoymuşduq. İstilərə rəğmən həyat eşqi, yaşamaq sevdası davam edirdi. Hələ bətnində canından, qanından bir parça daşıyırsansa. Dünyaya göz açmasa belə varlığını hiss etmən "Analıq hissini" yaşamağa heç bir maneə törətmir. Bəlkə də çoxları körpəni qucağına almadan o ülvi hissin nə olduğunu dərk etmiyib. Yaşamadan anlamaq olmur axı.. 

Biz onunla bətnimdə olarkən dostlaşmışdıq. Xəzanı yola salaraq, yaz fəslinə yelkən açmışdıq. Çiçəklənən ruhuma ümid dolu bir çıraq idi. Gəlişini düşündükcə üzdə gülüş, qəlbdə kəpənəklər dövrə vururdu. O mənim səbrimin ən məsum meyvəsi idi.. Çünki səbirli olmağı onunla birlikdə dadmışdım. Hər səbrin sonu gözəl olmalı deyilmi ? 

Bilmirəm... 

Bəlkə də illərlə beyin hüceyrələrimizə o deyimi həkk etmişdik. Neçə ki, uşaq olanda “hər nağılın sonu gözəl bitəcək” düşüncəsi ilə böyümüşdük. Nağıllar balaca qəhrəmanların inanmaq istədiyi bir yuxu idi. Görəsən o yuxudan oyanmaq zamanı hələ gəlməmişdi? Nə vaxtacan nənə-babalarımız xəyali dünyalarına bizləri şərik edəcəkdi? 

Ömür yolunu yaşadıqca, büdrədikcə dərk etməyi öyrənirsən. Gəzdiyin səkillər səni aldatmağa çalışsa da yaralarınla birlikdə savaşmağı özünə borc bilirsən. Çünki sən buna məcbursan. Məğrur duruşunla həyatda qalib gəlməyi bacarmalısan.

Mən sevgi tumurcuqları ilə cücərən bir möcüzəyə inanmışdım. Həftələr keçə-keçə böyüməyə başladı. Keçən vaxt ərzində ruhum uşaqlaşdı. Birlikdə böyüməyi arzulamışdım. Ona aldığım ilk hədiyyə mavi rəngli, üzərində naxışlı ağ rəngdən ibarət ayaqqabı idi. Sən demə ayaqqabının da düşər-düşməzi olarmış. Ax bizim hər şeyi düzgün bilən böyüklərimiz.

Onların inandığı inanclara inanmağı seçmədim. Öz doğru bildiyim yol mənim inancım idi. 

Beləcə geyimlər almağa qərar verdim,

ilk geyimini Əli dayısı almışdı. Hər bir detayına o qədər fikir verdim ki, hər şeyin yaxşısını seçmək istəyirdim. İlk həyəcan, ilk yaşanan duyğular fərqli olur axı...  

Gündüzləri hey danışar, Yaşar babana bənzə deyə əzizləyər, gecələri isə sonu gözəl bitən nağıllar oxuyaraq yuxuya dalardıq.  

Xoşbəxtlik nədir deyə soruşsalar, kiçik bir səfərdən ibarətdir deyərdim. Çünki hər birimiz qəlbimizə məlhəm olan möcüzənin gəlməsini gözləyirdik. Amma o gələn möcüzə hər şeyi yarımcıq qoydu. Ömür yolumun ən çətin dönəmi idi. Yaşamayacağını bilə-bilə dünyaya gəlməsinə izin verirsən. Bircə ağlaması ilə köz olur ümidlər. Qucaqlamaq, bağrına basmaq istəyirsən. Çəkdiyin ağrı, əzab bir anlıq, göz qrpımında yox olur. Üzünü belə görməyə qoymadan, uzaq düşür səndən. İkicə saat ana qoxusundan uzaq qalaraq əbədi yumur gözlərini. Səsi hələ də qulaqlarımda laylay çalırmış kimi ağlayır. 

Ağ bənizli, qara saçlı, boylu buxunlu körpə quzum. Sən qaysağ bağlamayan yaramsan mənim. 

207-ci palata rəqəmləri gördüyüm zaman, yaşadığım stress, ürəyimin yanğısını hiss edirəm. Hər kəs övladının gəlişinə  sevinərkən, bağrına basarkən, əsil tənhalığı, itirmək qorxusunu dadan bir qadın vardı o otaqda. Dörd divar o qədər yadlaşmışdı ki, susqunluğu ilə ahımı almışdı. Bəzən göz yaşları dodaqlardan süzülüb, ovuclarımda qonaq olurdu. 

Ən ağrıma gedən, ən nifrət etdiyim sual "Sənin uşağın necədir" və cavabında “öldü” 

kəlməsini işlətmək o qədər əzabvericidir ki.

Taleyin oyunumu,

Allahın qismətimi bilmədim. Ürəyimin yanğısı, közərmiş yaram, torpaq payım, körpə quzum, böyüməyən balam, canımın canı, sənin varlığını hər zaman hiss edəcəyik. Tez getdin torpaqda böyüyənim, səbirli ol, səbirli ol ki ata, anana qovuşasan. Bir gün ikimiz də sənin qonağın olacayıq. Gülüşün ilə bağrına bas bizi, Uğurum. 

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair İsmayıl Mərcanlı İmanzadənin şeirləri təqdim edilir. 

 

 

Zəfərin mübarək, Vətən!

 

Allah cəmi şəhidlərimizə 

rəhmət eləsin!

 

Xoş günlərdən soraq verir

Axşamın-səhərin, Vətən!

Düşmənlərə göz dağıdır

Hər təzə Zəfərin, Vətən!

İgid-ərən oğulların

Tapdayıb bəndi-bərəni,

Bir həmləylə sevindirdi

Xocalını, Əsgəranı,

Xocavəndi, Ağdərəni...

"Dəmir Yumruq"dan güc aldı

Qatlanmaz qanadın-qolun!

Qırdın paslı qıfılını

Xankəndiyə gedən yolun!

Qarşında tab gətirmədi

Zülmə sipər olan "barı".

Diz çöküb, aman dilədi

Səndən harsın dığaları...

Başın sağ olsun... yenə də

Haqq yolunda cəngə çıxıb,

Candan keçənlərin də var!

Qanlı şəhid köynəyiylə

Ulu Tanrı Dərgahına

Vaxtsız köçənlərin də var...

Qalibiyyət simvoludur

Üçrəngli bayrağın sənin!

Bütövləşən sərhədlərin

Sabahkı növrağın sənin!..

Türkün-türkə can borcu var,

Nə yalqızsan, nə tək, Vətən!

Hünərindən soraq verən

Zəfərin mübarək, Vətən!

 

 

Deyəsən, zalımın 

axırı varmış...

 

Zəmanə elə hey öz gərdişində,

Bəxtimiz kiminsə qanlı dişində.

Sonu görünməyən müşkül işin də,

Hardasa bir gizli "cığırı" varmış!

 

Dünya toy-bayrammış ağıldan kəmə,

Sızlaya-sızlaya öyrəşdik qəmə...

Üzünü görəndə bildik ... heç demə,

Dərdin də yüngülü, ağırı varmış!

 

Yalana züy tutar məddah gədələr,

Məzlumu susdurar qorxunc hədələr...

Deyəsən, yanılıb müdrik dədələr,

"Xəmir yeyən"in də fağırı varmış!

 

Haqq öz yerin tapır, ya tez, ya da gec,

Səmtini dəyişən deyil ağır köç...

Yəqin ki, bu qədər üzülməzdik heç

Bilsəydik zalımın axırı varmış!..

Yaşda nə günah var axı

 

Böhtanın tez çıxır boyu,

Nə çoxmuş iblisin tayı...

Kəsək bulandırır suyu,

Daşda nə günah var axı?!

 

Yamanlıq duranda üzə

Dərd qənim kəsilir bizə.

Dildi kül üfürən gözə,

Başda nə günah var axı?!

 

Qəlb ömrün acısın dadan,

Yamanca fəndgirmiş nadan...

Gözdür adamı aldadan,

Qaşda nə günah var axı?!

 

Haqsızlıq səbri daşdıran,

Yalan söz göz qamaşdıran...

Ağılmış başı çaşdıran,

Yaşda nə günah var axı?!

 

 

Hələ görüləsi 

xeyli işim var

 

Hər günüm, hər anım səsli-soraqlı,

Ömür "gündəliyim" min bir varaqlı.

Doğma elim-obam Arazqıraqlı,

Nə iti xəncərəm, nə paslı sancaq,       

Öz xəttim, öz imzam, öz yerişim var.

Yolumu kəsənlər olsa da, ancaq -

Hələ görüləsi xeyli işim var!

 

Hərdən yanıb-sönən işıq deyiləm,

Sazı qırıq telli aşıq deyiləm,

Yanılıb aldanan uşaq deyiləm,

Niyə daldalanım hardasa axı?!

Nə gizli sifətim, nə keçmişim var...

Gəzib-dolaşsam da, aranı-dağı -

Hələ görüləsi xeyli işim var!

 

Əzəldən halına heç yanmasam da,

Sözdü dilimdəki ən şirin tam da...  

Ürəyim çırpınır yazı masamda,

Heç zaman "ütülü" olmayıb yolum,

Həm sərt bir yoxuşum, həm enişim var.

Niyə ömrün-günün cəngində qalım?! - 

Hələ görüləsi xeyli işim var!

 

Paxılım, bədxahım, yamanım olub,

Səbrimə, "dur!" deyən amanım olub,

Bir tikə sonuncu gümanım olub.

Üstümdən qarayel keçsə də belə,

Yaxşı ki dözümüm, ağlım-huşum var.

Hələ dönməliyəm doğma bir elə -

Hələ görüləsi xeyli işim var!

 

 

Qalmışam

 

Əlimi uzatdım, çatmadı göyə,

Niyə hər düz kəlmə acıdır, niyə?

Düzlərin yanında durmuşam deyə,

Özüm də həmişə düzdə qalmışam.

 

Mən elə əzəldən bir az utancaq,

Dilim nə tikandı, nə paslı sancaq.

Arabir işartım sönsə də, ancaq

Yaxşı ki bir qalam közdə qalmışam.

 

Bəxtimi səsləyib, tutmadım dilə,

Saflıqdan süzüldüm hey gilə-gilə...

Səsim uzaqlara çatmasa belə,

Özüm-öz gücümlə üzdə qalmışam.

 

Nadan yaxınıma gələ bilməyib,

Bir kimsə dərdimdən ölə bilməyib.

Yamanlıq rəddimi silə bilməyib,

Üstünü toz basmış izdə qalmışam.

 

İstəyə möhtacdır çay da, dəniz də,

Həyat eşqi varsa, bükülməz diz də.

Adımı çəksəniz, çəkməsəniz də,

Onsuz da kəlmədə, sözdə qalmışam.

 

 

Səni niyə sevim ki?!

 

Aramızda dikələn sədləri sən qırmadın,

Həsrətinlə sızladım, gəlib ovundurmadın.

Heç verdiyin sözə də sonda yaxın durmadın -

Səni niyə arayım, səni necə sevim ki?!

 

Ayrılıq aramızdan yel kimi keçdi-getdi,

Bir uğursuz sevgi də səmtini seçdi, getdi.

Yanıb-yaxılıb dedim, bu da bir köçdü, getdi -

Ərşə qalxdı harayım, səni necə sevim ki?!

 

İllər keçdi... anladım ilk eşqim lal-utancaq,

Tapdanmış gümanlarım paslanmış iynə, sancaq...

Unuda bilməsəm də ülvi eşqimi, ancaq -

Uçub könül sarayım... səni necə sevim ki?!

Çəkil pəncərədən, qız...

 

Köksün torpaq, eşqin dən,

Hələ yolun duman-çən.

Bəs, könlünü hər yetən

Vərəqləyir nədən, qız?

 

Qismətini ara-gəz,

Sevgi deyil ki həvəs...

Qəlbdə iz sala bilməz

Qəfil gəlib-gedən, qız!

 

Aldansan şirin dilə

Yanıb dönərsən külə.

Qoy, eşqin bir az hələ

Boylansın zirvədən, qız!

 

Gözlə, ağlın çaşmasın,

Könlün yersiz daşmasın.

Gözlərin qamaşmasın,

Çəkil pəncərədən, qız!..

 

 

Adam olmaq çətinmiş...

 

Hər yetən indi özün

Hamıdan üstün sanır.

Nə vicdan dilə gəlir,

Nə üz-üzdən utanır...

 

Dil yanılıb, çaşanda

Doğru sözdən qan çıxır.

Yamanlıq başa keçir,

Qəlb sızlayır, can çıxır!

 

Yaxşılıq düşmür yada,

Qaçır hər şeyin dadı.

Qulaqlara çatmayır

Yerin, göyün fəryadı!

 

Maraqlar toqquşanda

Tapdalanır duz-çörək.

Kasıb, anan ölməsin,

Di, dərdə tablaş, görək?!

 

Qohum-qardaş, dost-tanış

Yadlaşır asta-asta.

Adam olmaq çətinmiş

Vallah, bu basabasda!..

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Kəpənək qanadlarımla,

Çəkdim dünyanın yükünü.

Payıza qatdım ömrümü,

İndi də yarpaq tökümü. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, ömrünün yazı qışa dönən, yaz ömründə saralan, qönçə solan ümidini itirib qışa təslim olan "obrazlara" nə söyləyərdiniz?  O cümlələr "Günəşə ümid və sevgi" yaradardı.

 

CAVAB

Mən bir tək mütləq tanıyıram - Allah. Qalan nə varsa, müvəqqətidir, keçicidir. Kədər, qəm, ümidsizlik, dərd... bunlar hamısı keçicidir, əbədi deyil. İnsanın ümidləri daim solmağa davam edə bilməz. Qış da daimi deyil axı. Ümid itmir, ölmür. Ümid itəndə insan son nəfəsini vermiş olur. Gələn dərdin belə başını sığallamağı öyrənmək lazımdı, çünki ömrümüzdə o da qonaqdı. Həmin obrazlara "Bütün gücünüzlə inanın, sabaha möhkəm inanın" deyərdim.

 

Ədəbiyyat və incəsənət”

(09.08.2024)

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Ağamirzə fikrə getdi.

- Bəs, əgər yalan deyirsənsə?

Üzümü ona tutub dedim:

- Sənin azca da ağlın varsa, başa düşməlisən ki, mən buraya gələrkən artıq Cahandarın kimliyini öyrənə bilmişəm. Adamım da hazırda orada müşahidə aparır.

Saata baxdım. Dördə iyirmi beş dəqiqə qalırdı. Tələsmək lazım idi. Cahandarın evinin qapı-pəncərəsinin möhkəm olması oraya asanlıqla daxil olmaq imkanlarımı sıfıra endirirdi. Üstəlik, ev sahibi qazdan ayıq biri idi. Onun da Ağamirzə kimi araq içib yatdığına heç inamım yox idi. Cahandar kimi bu işlərdə bişmiş biri evində oğurlanmış adam saxladığı halda sayıqlığı heç vaxt əldən verməz. Ağlıma bir fikir gəlmişdi. O qapını elə Ağamirzəyə açdıracaqdım. İndi söhbəti uzaqdan başlayıb ona gətirirdim. Artıq iradəsini tam sındırdığım «əsirimə» dedim:

- Onun bağı buradan çox uzaqdadı?

- Yox, piyada da getmək olar.

- Sənin pulu alana qədər oraya hansısa səbəbdən getməyin planlaşdırılıb aranızda?

- Yox. Mən pul verilənə qədər burada qalmalıyam.

- Bəs oraya getməyin üçün plandankənar hansı səbəb ola bilər?

- Elə bir şey ağlıma gəlmir.

- Onda mənə qulaq as deyim.

* * *

 Layiqə qaranlıq küçədə, kirayəyə götürdüyü «Toyota Korolla» markalı maşında oturub ətrafı dinləyə bilməsi üçün öz tərəfindəki şüşəni azca aşağı endirmişdi. Sənubər arxa oturacaqda oturmuşdu. Heç biri danışmırdı. Ətrafda da sakitlik idi. Bu sakitliyi bir az əvvəl başlayan və yavaş - yavaş güclənən küləyin vıyıltısı, bir də haradasa hərdən ulayan bayquşun səsi pozurdu. Gecənin bu saatında yalnız bağ evləri olan küçədə bir adam da gözə dəymirdi.

Buradakı lazım olan ünvanı tapandan sonra maşını təxminən on beş metr kənarda saxlayıb əvvəlcə küçədə müşahidə aparmışdı. Ətrafdakı evlərin heç birində işıq yanmadığına əmin olub sonra qonşu bağın hasarından içəri aşmışdı. Həmin bağın Cahandarın həyətinə bitişik divarından baxıb lazım olanları öyrənmişdi. Tam qaranlıq olan bağda diqqətlə qulaq asanda evin arxa tərəfindən səs gəldiyini eşitmiş, bir qədər yerini dəyişib səsin nə səs olduğunu müəyyən etmişdi. Kimsə evin arxasındakı geniş sahənin tən ortasında yeri qazırdı. Zəif ay işığında adamın sinəsinə qədər çalanın içində olduğu görünürdü. Amma o yenə də qazımağa davam edirdi. Təxminən qırx dəqiqə də qazdıqdan sonra oradan çıxan adamı görəndə Layiqə qeyri - ixtiyari diksinmişdi. Əlində bel tutub dayanmış yekəpər adamın ay işığında görünən silueti həqiqətən çox qorxunc idi. Yadına Bəxtiyarın sözləri düşdü: Ehtiyatlı ol, adam çox təhlükəlidir, boyu da iki metrə çatır. Şübhə yox idi, bu müşahidə apardığı bağın sahibi, onlara lazım olan adam idi. Amma gecənin bu vaxtı, qaranlıq bağda dayanmadan işləyib belə dərin çala qazması onun nəyinə lazım idi? Məlum məsələ idi ki, niyyəti yaxşı deyildi. Adamın beli kənara atıb evə keçdiyini görəndə gəldiyi yolla hasardan aşıb maşına qayıtmış,  gördüklərini zəng edib şefinə demişdi. Bundan sonra telefonuna gəlmiş mesajla şefinin maşınının olduğu yeri tapmış, Sənubəri götürüb buraya qayıtmışdı. İndi o, Bəxtiyardan gələcək növbəti tapşırığı gözləyirdi. Hələ ki, səssiz rejimə qoyub ekran işığını minimuma qədər azaltdığı telefonu susurdu. Haradasa yenə də bayquş uladı. Layiqə əli ilə belindəki qaz tapançasını yoxlayıb yerində qurdalandı. İndi əsas məsələ yuxuya getməmək idi.

* * *

 Əllərini arxadan qandalladığım Ağamirzənin boynunu büküb mənə baxdığını görəndə davam etdim:

- İndi səninlə Cahandarın bağına gedirik. Ora çatanda nə edəcəyini deyəcəm.

- Bunu etmək olmaz, o hər şeyi başa düşəcək.

- Bilirəm, ancaq başqa yolumuz yoxdur.

- O məni öldürər.

Ağamirzənin səsində açıq-aşkar qorxu hiss olundu.

- O səni onsuz da sağ qoymayacaqdı. Mən isə sənə sağ qalmaq şansı verirəm. İndi əsas məsələ balaca Ağanı xilas etməkdir. Sənin barəndə sonra qərar verərik.

Uşağın adını çəkəndə onun bir anlıq diksindiyi gözümdən qaçmadı. Ancaq yenə də Cahandarın qarşısındakı qorxusu ona güc gəlirdi. Mənə inamsız baxdığını görüb əlavə etdim:

- Narahat olma. Mən yaxında olacam. Buna imkan vermərəm. Mənə təkcə onu evdən çıxarmağın lazımdır. Qalanı ilə sənin işin olmasın.

- Elə isə gedək. Təki uşağa bir şey olmasın.

Bunları deyib Ağamirzənin əllərini arxadan açıb ön tərəfdən qandalladım. Masanın üstünə qoyduğu köhnə mobil telefon aparatını götürüb cibimə qoyduqdan sonra birlikdə həyətə, oradan da küçəyə çıxıb maşını saxladığım yerə gəldik. Sənubəri aparan Layiqə açarları əvvəlki yerinə qoymuşdu. Əvvəlcə sağ tərəfdəki qapını açıb onun oturmasını gözlədim. Sonra sükan arxasına keçib mühərriki işə saldım. Onun göstərdiyi torpaq yollarla bağların arasından keçib bir azdan lazım olan ünvana çatdıq. Layiqənin maşını bir qədər irəlidə saxladığını bilirdim. Ağamirzə bağın qapısını nişan verəndən sonra irəli sürüb onun dayandığı yerdə saxladım. Ona maşında qalmasını tapşırıb düşdüm. «Toyota Korolla» markalı maşının sağ qabaq qapısını açıb salona baxdım. Layiqə sükan arxasında, Sənubər isə arxa oturacaqda oturmuşdular. Onlara qısa təlimat verdim:

- Sənubər xanım, siz burada qalırsız. Nə olur olsun, maşından düşməyəsiz. Layiqə, sən mənimlə gəlirsən.

Layiqə cəld maşından düşüb yanıma gəldi. Ona qısaca, Sənubər eşitmədən nə edəcəyini başa saldım. Sonra öz maşınıma yaxınlaşıb qapısını açdım və Ağamirzəni yerə düşürtdüm. Qandalları onun qollarından çıxarıb Layiqəyə verdim. Ağamirzə bir anlıq çaşqın-çaşqın «Toyota»nın yanında dayanmış Layiqəyə baxıb başını aşağı saldı. Görünür gecənin bu vaxtı buraya qədər gəlib onu yatdığı yerdə yaxalamış, hələ də kim olduğundan baş açmadığı adamın yanında bir qadının da olduğu ona çox təəccüblü gəlmişdi. İrəlidə biz, arxamızca Layiqə səs salmadan, ehtiyatla Cahandarın bağına tərəf getdik. Qapıya çatanda cibimdən Ağamirzənin telefonunu çıxarıb ona verdim. Cahandara nə deyəcəyini ona yolda başa salmışdım. Bütün bu müddətdə Layiqə qaça bilməməsi üçün Ağamirzəni tapançasının nişangahında saxlayacaqdı. Onun «Molla»dan necə qorxduğunu görəndə bu ehtimalı istisna etməmişdim. Adamın ona tuşlanmış tapançanın qaz tapançası olduğunu bilməsi vacib deyildi. Hər halda bu tapança da onun qaçmasının qarşısını almağa kifayət edirdi. İndi əvvəlcə mən əgər Cahandar həyətə çıxarsa, onu bir an da gözdən qoymamaq üçün lazımi mövqe seçib yaxşıca gizlənməli, sonra işarəmlə o, zəng etməli idi. Bağın divarının lap yanında bitmiş iri iydə ağacı kamuflyaj üçün əla yer idi. Yarpağını töksə də, sıx budaqları qaranlıqda məni tam gizlədə bilərdi. Bir anda ağaca dırmaşdım. Bir qədər əvvəl zəif əsən külək əməlli - başlı güclənmiş, iydə ağacının budaqlarını tərpədib hərdən üzümə çırpırdı. Buna əhəmiyyət verməyib həyəti mümkün qədər gözdən keçirdim. Sonra Ağamirzədən götürdüyüm naqanı cibimdən çıxarıb çaxmağını dabana çəkdim və əlimlə işarə verdim. Bunu görən Ağamirzə əlində hazır tutduğu telefonun düyməsini basdı. Köhnə aparatın ekranı işıqlandı. Bir qədər aralıda dayanmış Layiqə silahını qaldırıb Ağamirzəyə tuşladı. Başlandı! Yaxın bir neçə dəqiqədə hər şey məlum olacaqdı. Məni narahat edən, tülküdən də bic olan «Molla»nın evə qapanıb çıxmaması idi. Məcburiyyətdən qısa müddətdə qurduğum planın yeganə zəif bəndi bu idi. Əgər belə olarsa, onu danışıqlara çəkməkdən başqa çarəm qalmırdı. Cahandar ağıllı adam idi və evə qapanmasının yalnız ilk bir saatda ona nəsə verə biləcəyini təxmin edəcəkdi. Bu ona hansısa şərtlərini irəli sürmək, yaxud çıxış koridoru istəmək üçün lazım olardı. Sonrakı saatlarda barrikada qurub evdə qalmağının ona heç nə verməyəcəyi məlum məsələ idi. Ona görə də, hər şey istədiyim kimi getməzsə və əgər o, evdən çıxmazsa, bu varianta onu inandıracağıma əmin idim. Təki uşağı sağ - salamat qaytarmağa razı olaydı. Özü hara cəhənnəm olur olsun. Onunla sonra da məşğul olmaq olar.

Yaranmış ani sükutu Ağamirzənin xırıltılı səsi pozdu: Mənim yerimi öyrəniblər. Birtəhər qaçıb canımı qurtarmışam. Burdayam, tez gəl qapını aç.

Telefonun o başında uzun sükut yarandı. Ağamirzənin mənə tərəf baxıb başını yelləməsindən Cahandarın susduğu aydın olurdu. Gözlərimi evin mən olduğum tərəfə baxan pəncərələrindən ayırmırdım. Sükut xeyli uzandı. Görünür ev sahibi yaranmış bu fors - major vəziyyətdə necə hərəkət edəcəyini götür - qoy edirdi. Birdən pəncərənin birində hərəkət edən zəif parıltı göründü. Bu telefon aparatından düşən işıq idi. Deyəsən, telefonu əlində tutmuş adam qapıya tərəf gəlirdi. Yəni o qapını açmağa gəlir? Əzələlərimin necə gərildiyini hiss etdim. Saniyələri sayırdım: Bir saniyə, iki saniyə, üç, dörd. Şaqqıldayan qıfılın get - gedə şiddətlənən küləyin yaratdığı vıyıltıya qarışan səsi qulağıma dəyəndə rahat nəfəs aldım. Deyəsən planımın ehtiyat variantına ehtiyac olmayacaqdı. Bunun ardınca qapı yavaş-yavaş açılmağa başladı. Ehtiyatla evdən çıxıb ətrafa boylanan adam tez - tez sağa - sola baxa - baxa asta addımlarla küçə qapısına tərəf gəlməyə başladı. Gizləndiyim ağac qapıdan cəmi üçcə metr sağ tərəfdə idi. Ona görə də demək olar ki, «Molla» birbaşa mənimlə üzbəüz gəlirdi. Elə bu səbəbdən yeriyərkən sağ əlini yellətmədiyi diqqətimi çəkdi. Hərif əlində silah tutmuşdu. Bu əlbəttə gözlənilən idi. İndi maksimum diqqətli olub onun artıq bir hərəkət etməsinə imkan verməməliydim. Qapının çöl tərəfində dayanmış, qorxusundan və soyuqdan tir - tir əsən Ağamirzə ilə bu əsən küləyin vıyıltısının mənim üçün heç bir fərqi yox idi. Ancaq mən ona heç nə olmayacağına söz vermişdim. Sözümü isə həmişə tutmuşam. Cahandar qapıya yaxınlaşırdı. Bir addım qalmış dayanıb yenə ətrafı gözdən keçirdi. Sonra əlini uzadıb qapının cəftəsini açdı və üç addım geri çəkildi. Bu üç addım mənim üçün həyəcan təbili idi. Əlimdə tutduğum silahın dəstəyini möhkəm sıxdım. Cahandar çəkilib yerini bərkitdikdən sonra yoğun səslə dedi:

- Gəl içəri.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir. 

 

 

Aynar Təbrizli

Təbrizli

 

 

IV

Nə olar doktor

Bunlara inandır ki,

Xəstə deyiləm!

İnandır ki, skripka səsi yaranır

Tavanda cızdığım dırnaqdan!

İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır

İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar

Doğru həyatda deyil...

İnandır ki, pəncərədən dışarı qovduğum

Canavar doğal kölgəmdir

Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...

Doktor, hər gün birini öldürürəm beynimdə

Əl-ayağını sapa düzürəm

Boynumdan asıram bənd-bənd...

İnandır ki, bacarıqlıyam

Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...

İnandır ki, öz ovcumda ölə də bilərəm...

 

Bilirsən

Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...

Bədənimi qaşındıran allergiya deyil

Bu bir adsız dəri xəstəliyidir

Onu soymaq, şəritə sərmək gərəkdir...

De bilsinlər ki, yatağım qorxuncdur

Saqın girməsinlər otağıma!

İnandır ki, üşüyəndir

Yatağımda yatan boşluq

Yorğansız qaldığında

Dişi dişinə dəyir..

 

Nə olar doktor bunlara anlat

Yatağımdakı canavar mənəm...

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Sabah - 10 avqustda Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən, Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınan, fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülmüş filosof Əlisa Nicatın doğum günüdür. Ağsaqqalımızın 87 yaşı tamam olur!

 

Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində dünyaya gəlib.

Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa orta məktəb dövründən başlayan Əlisa Nicatıın “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub.

1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” işıq üzü görüb.

1990-cı ildə Bakıya köçən filosof mətbuat sahəsində çalışmağa başlayıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb. 

1983-cü ildə ən tanınmış ərəslərindən sayılan  "Qızılbaşlar" romanı, 1993-cü ildə “Nağıllara dönən tarix”, 1994-cü ildə “Ruhların söhbəti”, 1995-ci ildə  “Dünya sərkərdələri”  və “Dünya filosofları”,  1997-ci ildə “Kədər şərabı”, 1998-ci ildə  “Dünya tarixçiləri”, 1999-cu ildə “Yüz böyük azərbaycanlı”, 2000-ci ildə “Karvan” , 2009-cu ildə  “Tarixin qürubu”  kitablarını nəşr etdirib.

Bundan başqa o tərcüməçiliklə də məşğul olub. Mətbuat orqanlarında redaktor kimi çalışıb.

Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən Əlisa Nicat daha çox Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır. 

O, 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.

Allah ömür versin, yüzü görsün!

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil? 

 

Ah Corc  Oruel... necə mükəmməl bir əsər, necə mükəmməl təsvirdir bu “Heyvanıstan”.

Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər). 

Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr. 

Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı?"

 

Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır. 

 

“Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi…”

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.