İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Zoğalı beretli xüsusi təyinatlı adını döyüşlərdə ləyaqətlə doğrultdu...
Vüsal Allahyarov 22 aprel 1988-ci ildə Sumqayıt şəhərində doğulub. Burada 9 saylı tam orta məktəbdə oxuyub. Məktəbdə müəllimlərin və şagirdlərin hörmətini qazanıb. Təhsil ocağının ictimai həyatında fəal olub, təşkilatçılıq qabiliyyəti ilə seçilib. Yeniyetməlik çağından idmanın cüdo növünə maraq göstərib. O vaxt Sumqayıtdakı “Dinamo” İdman Cəmiyyətinə məşqlərə gedib. Məşqçisi İbrahim İbrahimov onun bacarıqlı idmançı kimi yetişməsində əməyini əsirgəməyib. Müxtəlif yarışlarda iştirak edən Vüsal tatami üzərində öz məharəti ilə fərqlənib. Azərbaycan cüdosunun 30 illiyinə həsr olunmuş açıq birincilikdə 3-cü yerə sahiblənərək fəxri fərmanla mükafatlandırılıb.
Orta məktəbdə oxuduğu illərdən hərbçilərə rəğbətlə yanaşıb. Özünün də hərbi forma geyinəcəyi günü səbirsizliklə gözləyib.
Öz müraciəti əsasında 2011-ci ilin 3 may tarixindən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Beləliklə, Vüsal hərbçi həyatı yaşamağa qərar verib. 2018-ci ilin yanvar ayının 6-dək Quba rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, snayper, yarımqrup komandiri, snayper qrupunda yarımqrup komandiri vəzifələrində xidmət edib.
2017-ci ilin avqust ayında Türkiyə Respublikasına göndərilərək, 2018-ci ilin yanvar ayınadək bu ölkənin Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Foçadakı Komando Məktəbində komando təməl kursu çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə təlim mərhələlərindən keçib.
O, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gürzə Xüsusi Təyinatlı Dəstəsinin Yarımqrup Komandiri olub. "Qarabağ" ordeni, Vətən uğrunda, Füzulinin və Şuşanın azad olunmasına görə medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medulla təltif olunub.
Ailəli idi, iki qız övladı yadigar qaldı.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)