
Super User
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
ASAN könüllüləri tərəfindən 7 saylı Bakı "ASAN xidmət" mərkəzində “Qarabağ” mədəniyyət sərgisi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
Sərgi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
Tədbirdə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik guşələrinin nümayişi baş tutub. O cümlədən ASAN könüllülərinin Qarabağ, böyük qayıdış, zəfər mövzularındakı rəsmləri və əl işləri təqdim olunub.
Müxtəlif musiqi nömrələrinin və kompozisiyaların yer aldığı sərgi rəsm əsərlərinin müəlliflərinin və guşələrdə təqdim olunan əl işlərinin mükafatlandırılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Ziyarətə çevrilmiş ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib.
Virtual sərgidə Mir Cəlalın müəllifi olduğu və görkəmli ədib haqqında qələmə alınan “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın poetikası” kimi kitabların qısa annotasiyası, əsərlərinin motivləri əsasında çəkilən “Bir ailə”, “Nazik mətləb” filmləri haqqında məlumat verilir, ekran əsərlərindən fraqmentlər təqdim edilir.
Materialda Mir Cəlal Paşayev haqqında dövri mətbuatda işıqlandırılan “Bədii sadəlik və mənəvi alilik”, “Ədəbiyyat tarixçiliyimizi yaradanlar – Mir Cəlal”, “Mir Cəlal Paşayev-yazıçı, alim, pedaqoq” kimi məqalələr də sərgilənməkdədir.
Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mir-celal-pasayev-116 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Rəsmiyyə Sabirlə görüş keçirilib
Aprelin 25-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin təşkilatçılığı ilə Universitetin Heydər Əliyev mərkəzində Azərbaycan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, i.e.d. Rəsmiyyə Sabirlə görüş keçirilib.
Bu barədə Dünya Gənc Türk Yazarlar Birliyindən
“Ədəbiyyat və incəsənət” portalına məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra ADMİU “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin sədri Ülkər Rzayeva qonağı və tədbir iştirakçılarını salamlayaraq görüşün keçirilməsinin məqsədindən danışıb. O deyib ki, müəlliflik hüququ təkcə ölkəmizdə deyil, bütün dünyada vacib məsələlərdən biridir. O, kitabın, mütaliənin təbliğində, eləcə də müəlliflik hüququnun qorunmasında şair və yazarların rolunu vurğulayaraq, Rəsmiyyə Sabirin bu mənada fikirlərinin gənc nəsil üçün xüsusi önəm kəsb etdiyini bildirib.
Tədbirdə Universitetin prorektoru Nizami Əsədov, Kitabxana-informasiya mərkəzinin əməkdaşı Natiq Mürsəlov, yazıçı-publisist Zakir Abbas Rəsmiyyə Sabirin yaradıcılığı haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, R.Sabir təkcə Azərbaycanda deyil, Türk dünyasında tanınan şairlərdənir. O, Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. Onun 130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb. 2003-cü ildə “Həbs olunmuş sükut”, 2006-cı ildə “Rəngsiz göz yaşları” və “Kölgəsiz dar ağacları” (İraq), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyə), 2018-ci ildə “Sonun başlanğıcı”, 2021-ci ildə “Zindan sevinci”, 2023-cü ildə “Sən birsən, Tanrım” (Özbəkistan) və “Yerlə göy arasında” (Türkiyə) adlı şeir kitabları nəşr olunub.
Tədbirdə Universitetin tələbələri R.Sabirin şeirlərini səsləndiriblər, sözlərinə yazılan mahnıları ifa ediblər. Tədbirdə, həmçinin R.Sabir yaradıcılığı ilə bağlı tələbə və müəllimlərin ona ünvanladığı sualları cavablandırıb. Sonda R.Sabir iştirakçılar üçün öz ifasında şeirlərini səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 6-sı saat 10:00-da Quba şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
“Ədəbiyayt və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar mayın 2-dək Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (023) 325-22-73 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
“İki körpəmi itirdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etdim” - Emel Topal
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim yazıçı Emel Topal xanımdır.
-Salam Emel Topal xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
-Mən Emel Topal. Bartında anadan olmuşam. Uşaqlığımı və gəncliyimi Zonquldakda keçirmişəm. Ankara Qazi Universiteti Sənaye Sənətləri Təhsili Fakültəsi Kompüter Təhsili Bölümünü bitirmişəm. Əvvəlcə İstanbulda informasiya texnologiyaları müəllimi işləmişəm. Sonra İzmirə təyin olundum və hələ də İzmirdə müəllimə işləyirəm. Bir qızım, bir oğlum var.
-Ədəbiyyata gəlişiniz necə başladı?
-Ədəbiyyata uşaqlıqdan marağım olub. Orta məktəbdə oxuyanda ibtidai sinif müəllimimə yazdığım bir şeir yerli qəzetdə dərc olundu. Liseydə Zonquldakın bəstəkarlıq yarışmasında ikinci oldum. İki körpəmi itirdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etdim. Xüsusilə şeir yazmaqla sağ qalmağı bacardım. Bir roman yazdım. İlk romanım 2021-ci ilin fevralında nəşr olundu. Ədəbi həyata belə daxil oldum.
-Əsərləriniz haqqında məlumat verməyinizi istərdik.
-İlk əsərim “Ekrandan Gelen Sır” adlı romandır. Yalanın kiçiyinin olmadığını söyləyən bir roman. 2021-ci ildə nəşr olundu. İkinci nəşri 2023-cü ilə təsadüf etdi. İkinci əsərim şeir kitabımdır. Sevgi haqqında şeirlərdən ibarətdir. 2024-cü ilin mart ayında nəşr olundu. Son əsərim birinci sinif şagirdləri üçün uşaq hekayəsidir. Həqiqi bir hekayə əsasında yazılmış uşaq hekayəsidir.
-Mövzularınız daha çox nədən ibarətdir?
-Romanlar, şeirlər, uşaqlar haqqında yazmağa çalışıram. Xüsusilə uşaq hekayələri sahəsində maarifləndirici mövzularda yazmağı hədəfləyirəm. Şeir yazmağı çox sevirəm və şeirdə irəliləmək istəyirəm.
-Türkiyədə oxuma sizi qane edirmi? Ənənəvi ya elektron kitablara üstünlük verirsiniz?
-Türkiyədə yazıçı olmaq çox çətindir. Yazıçılığa bir peşə kimi baxılmır. Ona görə də dolanışığını təmin edəcək bir peşəyə sahib olmaq lazımdır. Bütün günü işləyəndə yazmağa çox vaxtınız olmur. Dövlət yazıçılara heç bir dəstək vermir. Kitab satmaqla pul qazanmırsınız. Müəllif kitablar yazır, amma pulu nəşriyyatlar və onlayn yayım şirkətləri qazanır. Elektron kitabları sevmirəm. Məncə, kitab çapda olmalıdır.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatından bir neçə şeir oxudum və onlar diqqətimi çox çəkdi. Əslində, xüsusən də sizinlə tanış olandan sonra Azərbaycan ədəbiyyatına marağım başladı. Qızımın evlilik prosesi və evin köçməsi səbəbindən indi kitab oxumağa ara vermişəm. Beynim çox dolu olduğu üçün fikrimi cəmləyə bilmirəm. İşimi bitirdikdən sonra xüsusilə Azərbaycan şeir kitablarını oxumaq istəyirəm. Dilimiz eyni olsa da, bəzi sözlərinizi başa düşə bilmirəm. Ona görə də şeir kitabından başlayaraq müxtəlif sözlər öyrənmək istəyirəm.
-Gələcək planlarınız haqqında bilmək istərdik, əgər mümkünsə.
-Uşaq kitabı yazmışdım, amma maddi imkanlara görə nəşrini gecikdirdim. Bu, maarifləndirici uşaq kitabıdır və ilk olaraq onu nəşr etmək istəyirəm. Uşaq kitablarımı silsilə etmək fikrindəyəm. İşim çox olduğu üçün real həyat hekayəsindən ilhamlanaraq yazdığım kitabı yarımçıq qoymuşdum. Onu tamamlamaq istəyirəm.
-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Digər yazarlara məsləhətim odur ki, daim yazın və yazmağı heç vaxt dayandırmayın. Amma çox oxumaq lazımdır. Nə qədər çox kitab oxusaq, fantaziyamız bir o qədər genişlənir. Təsəvvür artdıqca daha gözəl əsərlər yaranır.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Gözəlliyin təsnifatı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Evli kişinin ən müdafiəsiz əşyası pulqabıdır.
2.
Uşaq - valideyinlərinin daxili yanma mühərrikidir.
3.
-Mən sənə özünü apara bilməyən sərxoş müştəriləri qapını açaraq bayıra atmağı qadağan edirəm!
Qatarın rəisi uzun illər paytaxtın bərkgedən kafelərindən birində çalışan və təzəlikcə qatara işə götürdüyü vaqon-restoran bufetçisini çağırıb bu sözlərlə danlayır.
4.
Azərbaycan reallığı: yaxşı yol üçün ayrılan pulları mənimsəyib özünə bahalı avtomobil almaq və həmin avtomobilli pis yolda dağıtmaq.
5.
Keçmişdə dənizçilər naməlum ada tapanda ora dişi və erkək keçi, yaxud donuz buraxırdılar. İllər sonra bir də ora güzar edəndə orada onları artıq keçi, yaxud donuz sürüsü qarşılayırdı. Buna “ət əkmək” deyilirdi.
Adəm və Həvva barədə oxudum və yadıma bəhs etdiyim bu keçmiş əhvalat düşdü.
6.
Əgər hər dəfə sənə “sən necə də gözəlləşmisən” deyirlərsə, onda istər-istəməz düşünməli olursan: mən əvvəl nə gündə imişəm ki?
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Heydər Əliyevin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
Mayın 1-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.
AzərTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Çingiz Abdullayevin o dünyanı görüb qayıtması
Xalq yazıçısı Çingiz Abdullayevin səhhətinin qəfil pozulması, onun Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyada yerləşdirilməsi hamını narahat etdi. Hazırda yazıçı ev şəraitində bərpa prosesi keçir. Çingiz Abdullayev həmin o dəhşətli günü necə xatırlayır?
“Ədəbiyyat və incəsənət” yazıçının xatırlamasını sizlərə çatdırır:
-Mən dünyamı dəyişmişdim. Bu, mənim adi, cansıxıcı hekayəmin xülasəsi deyil. Aprelin 6-na keçən gecə və mənim yubileyim günü – aprelin 7-də mənim başıma gələn hadisədir. Mən dünyaya yenidən gəldim. Ölümü necə ifadə etmək olar? Əgər insanın bütün daxili orqanları eyni vaxtda öz fəaliyyətini itirirsə, tənəffüs dayanırsa, ürək döyünmürsə, demək insanın həyatı sona yetir. Belə bir komanın və ya kliniki ölümün bir neçə dəqiqəsi insanı “tərəvəzə” çevirir. Həkimlər məni o biri dünyadan geri qaytardılar. Allahın mənə rəhmi gəldi, bəlkə də qərara gəldi ki, mənim üçün hələ tezdir, məni geri qaytardı.
Bu iki gündə öz doğmalarıma, yaxınlarıma necə acılar yaşatdığımı sözlə ifadə etmək çox çətindir. Bu günlər ərzində mənə görə narahat olan çox hörmətli Prezident cənab İlham Əliyevə, bütün dostlarıma, oxucularıma, məni sevənlərə öz dərin təşəkkürümü bildirirəm. Hamıya cansağlığı arzulayıram. Sizin mənə qarşı olan sevginizi hər zaman doğrultmağa çalışacağam. Mən o biri dünyanı görüb qayıtmışam, artıq heç nədən qorxmuram. Bir dəfə “dünyasını dəyişən” insan ikinci dəfə həyatını itirməkdən qorxmur. Bizim hər birimizin öz alın yazımız var. Şəkildə gördüyünüz ağxalatlı xilaskarlarım məni həyata qaytardılar. Hər şeyə görə onlara təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib
Azərbaycanlı yazıçı Solmaz Amanovaya Çingiz Aytmatov medalı təqdim edilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Professor Amanovaya təltifi Çingiz Aytmatov Beynəlxalq Fondunun prezidenti Eldar Aytmatov çatdırıb. Yazıçıya təşəkkürnamə, vəsiqə və Aytmatov xatirə medalı təqdim olunub.
Qeyd edək ki, çox sayda kitabın müəllifi olan Solmaz Amanova Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Höte", "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)
Azərbaycan Naşirlərinin I Forumu öz işinə başlayıb
AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumu giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq forumun işinə uğur arzulayıb, ənənəvi kağız kitabın rolundan, onun İKT-nın hazırkı inkişafına rəğmən, elektron kitabların cəmiyyətə nüfuzuna baxmayaraq, daim yaşayacağına inamını ifadə edib.
Daha sonra ANAİB sədri, forumun ideya müəllifi Şəmil Sadiq çıxış edərək təşkilatın 4 il ərzində gördüyü nəhəng layihələrdən, nəşriyyatların qarşısında duran problemlərdən danışıb, onların həll yolları barədə təkliflər bildirib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Fazil Mustafa kitabçılıq işinə qlobal yanaşmanın zəruriliyinə önəm verməyi lazım görüb, uşaqlarda kitab sevgisini formalaşdırmağı vacib sayıb.
Kitab bazarının inkişafına təkan verəcək kitab reklamının sosial reklam statusunun vacibliyini bildirib.
Daha sonra Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və digərləri çıxış ediblər.
Daha sonra forumun ikinci hissəsi - nəşriyyat məhsulları və strategiyalarının sərgisi, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər başlayacaq.
5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
İlk panel “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda olacaq. Panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğludur.
İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğludur.
Üçüncü panelin mövzusu “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”dır. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməddir.
Dördüncü panelin mövzusu “Tərtibat, dizayn və qrafika”dır. Panelin moderatoru MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Parlaq İmzalar” nəşriyyatının art-direktoru Ramin Həsənəlizadədir.
Sonuncu – beşinci panelin mövzusu “Uşaq nəşrləri və yeni yanaşmalar”dır. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədovdur.
Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək Azərbaycan Naşirlərinin I Forumundan gözləntilər böyükdür.
Qeyd edək ki, forum saat 18:00-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)