
Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Çıxdın cüt şəklimizdən...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəlikabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Çıxdın cüt şəklimizdən...” deyəcək.
“Oyatmaq olmur daha,
Yatıb qalan bu baxtı”-deyir şair. Dünyəvi kədər ruhu çilikləməz, ağrıları şiddətləndirməz, əksinə, onlara sığal çəkər.
Xoş mütaliələr!
Çıxdın cüt şəklimizdən...
Təkcə ruhuma dəymə,
Al apar bu əzanı.
Niyə ayrı günahlar
Çəkir eyni cəzanı?
Söz göy üzündən gəlir,
Nə ilham gəz, nə təb tap.
Yaşamağa səbəb yox
Ölməyə bir səbəb tap.
Yer qaçır ayağımdan,
Mən yerimdə qalıram.
Gecikdiyim sevginin
Qəzasını qılıram...
Yoldu taqətdən düşən
Ya yorulub dizlərim?
Sənin də gözün aydın-
Daha görmür gözlərim...
Oyatmaq olmur daha,
Yatıb qalan bu baxtı.
Çıxdın cüt şəklimizdən-
Yanımı boş buraxdın...
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki qənimdi.
Kərəmin dilində Kərəmə «can-can»,
«Qurbanam» – söyləyən əsli mənimdi.
Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə yenməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.
(Rüstəm Behrudi)
Əziz Şairimiz, öz dilini unudub yad dilində danışmağı ilə fəxr edənlərə münasibətiniz necədir, onlar öz dilinin əzəmətini hansı səbəbdən görmürlər? Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir, dilimiz mənəviyyatımızdır.
CAVAB:
Dil insanın ikinci Vətənidir! Öz ana dilini bilməyən adamın Vətənin sərhədləri nə qədər böyük olsa da, o adam qürbətdə yaşayır. Bir vaxtlar yazmışdım ki:
Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə enməlidir məni sevən kəs,
Enirsə, deməli, ürəkdən sevir.
Bu dildə söz desəm, yetər Tanrıya,
Çoxları bu sirri anlamır, dədə.
Biz "bizi" yaşadan dilə enmişik,
Bu Vətən torpağı kiçiləndə də!
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
İNİŞİL BU GÜN: Kirkorovun Avrovijnda peyda olması necə qalmaqal yaradıb
Rubikanı Könül təqdim edir
2022-ci ilin 13 mayında mədəniyyət sahəsində ən diqqətimi şəkən hadisə Rusiya müğənnisi Filipp Kirkorovun Turin şəhərində keçirilən Avrovijn musiqi yarışmasının 1-ci yarımfinalında peyda olması və bununla da necə qalmaqal yaratması oldu.
Xəbəri “Ədəbiyyat və incəsənət” portalından sizlərə ötürürürəm.
Ukraynaya təcavüzünə görə Rusiya iştirakçısını yarışa buraxmayan təşkilatçılar Kirkorovun üzünə xoş baxıblar, 1995-ci ildən hər dəfə yarışmada fəxri qonaq kimi iştirak edən Rusiya müğənnisi Filip Kirkorova gözün üstündə qaşın var deyən olmayıb. Ona qızıl sky-box, VİP loja təqdim edilib.
Rusiyalı müğənni (onun bolqar və erməni əsilli olması faktdır) Turinə son aylar yaşadığı Monakodan vertolyotla uçub gəldiyini, Yunanıstan təmsilçisinə azarkeşlik etdiyini söyləyib. (Şükür ki, ermənini deməyib).
Amma Rusiyada həm media, həm də mədəniyyət başbilənləri Kirkorovu satqın adlandırıblar. Məsələn, məşhur musiqi tənqidçisi Sergey Sosedov onu “tərbiyəsiz və əxlaqsız” adlandırıb, qeyri-vətənpərvərlikdə ittiham edib. Sual edib ki, bu necə olur, Rusiyaya yarışmaya qatılmaq yazaq olunur, amma Rusiya təmsilçisi bu təhqiri vecinə almayıb gedib orda poz verir?
Müğənni özü isə bu hücumları heç vecinə almır. O, “Mən pop ulduzam, nə istəyirəm, edirəm” söyləyib. Görünür, Filipp də Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrinin necə olacağını hiss edə bilir.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
“Sevdalar tor qurdu hörümçək kimi…” - ZAHİD SARITORPAĞIN DOĞUM GÜNÜNƏ
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Mənim üçün sevdiyim beş-altı şairdən biri, atam Fikrət Sadığın çox sevdiyi şair, həmyerlim, həmkəndlim, doğmam, gözəl insan Zahid Sarıtorpağın doğum günüdür. Dünyaya gəlişin mübarək, şair. Çəkilmisən öz evinə, Şamaxıya, Dədəmin məhəlləsinə. Elə sanıram, orda bir doğmam var. Səndən bir ricam var ki, yaz, yarat və çox yaşa!
Hamı razılaşar ki, bu cür şeiriyyət hər şairdə olmur.
Endim pillə-pillə... dedim: bu da mən...
baxdım göy üzünə - orda yox idim.
Arxayın enmişdim yanar oda mən,
çünki od sarıdan gözüm tox idi...
Gözlərdən yox oldum bir böcək kimi
qığılcım şəklində itib də batdım.
Sevdalar tor qurdu hörümçək kimi
mənsə yalnızlığı qucub da yatdım.
Hərdən açılırdı gözüm göylərə
baxıb yoxluğuma mürgüləyirdim.
Dodağım qaçırdı onda boş yerə
guya burdan ora nur çiləyirdim.
Olsun lap iç üzü, olsun çöl üzü,
əslində, mizansız nizam qurulmur.
Ya haqqın gül üzü, ya eşq ölüsü
adamı vururlar - adam vurulmur...
Bezirsən bir yolluq ucalığından
enirsən... deyirsən, bəlan sovuşar.
...Küsmərəm yolların haçalığından
O Məni azdırar, Səndə qovuşar...
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
“Seviləcək kim qaldı ki?” - Günel Ağazadənin şeirləri
“Seviləcək kim qaldı ki?” - Günel Ağazadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Günel Ağazadənin şeirləri təqdim edilir.
Didərgin
Mən didərgin insanam...
Didərgintək
Elindən-obasından olmayır.
Ən didərgin insanlar
Yaşadığı ünvandan
Özünə yer tapmayır...
Qürbətdə yaşamıram,
Qürbət məndə yaşayır.
Bəlkə də istəmədən
Kiməsə yük olmuşam,
Ruhumun çiyinləri
Ən ağır yük daşıyır...
Nə acam, nə açıqda,
Nə soyuqda qalmışam.
İsti yer axtarmıram,
Qəlbim od tutub yanır.
Sinəmi buz bağlayır...
Mən didərgin insanam,
Didərginin
Buynuzu, qulaqları olmayır,
Uzaqdan xoş görünür.
Bir az yaxın gedirsən,
Gözlərinin içindən
Rahatlıq boylanmayır...
Kim qaldı ki?
Göz yaşımı özüm silsəm,
Ürəyimdə nakam sevgi...
Yenidən sevmək istəsəm,
Seviləcək kim qaldı ki?
Eşq bulağından su içdim,
Dadı mənə acı gəldi...
Dərə-təpə çox yol keçdim,
Qədirbilən kim qaldı ki?
Bu dünyaya bir də gəlsəm,
Sirr olaram qəlblərdəki...
Cahan sirrini mən bilsəm,
İnanacaq kim qaldı ki?
Dilim dərdlərimi saysa,
Söz tükənər nitqimdəki...
Yollar uzun, ömür qısa,
Yaşadacaq kim qaldı ki?
İnsan
İnsan,
Kimə vəfalısan, kimə sadiqsən?
De: - Nəyə güvənib qəlbə girirsən?
De: - Nəyə güvənib eşqə düşürsən?
Sən kimsən, insanı seçib insandan
Özündən acizə zülm edirsən?
Bir can yaratmağa qadirsənmi, heç?
Öz doğma canına sadiqsənmi, heç?
İstərsən nökər ol, istərsən sultan,
Dünyanı gəz dolan, gücünə güvən.
İstərsən, ən çətin sınaqlardan keç,
İmtahan edərsə səni Yaradan...
Aciz varlığını səmaya tutub
İmdad diləyirsən təkcə Tanrıdan.
Ayağın altında bir ovuc torpaq,
Başının üstündə bir tutum bulud.
Nəyə xəyanətdən dustaqsan, insan?
Başında doğma əl, əlin yad saçda,
Sən yada doğmasan, doğmaya yadsan?
Var oldun nidayla, itdin sualla,
Sən elə adicə insansan, insan...
Gözün aydın
Sən getmişdin, yolun açıq,
Gözüm hələ də yol çəkir.
Bəlkə öldüm gözüaçıq,
Bəlkə mənə elə gəlir.
Dönmüsənmi?
Gözün aydın!
Gəlişindən bixəbərəm.
Bəs kölgədə niyə qaldın?
Mən aydınlıq içindəyəm...
İndi danış acı-acı,
Dara çəksin baxışların.
Neynəyəcək dar ağacı?
Boğub məni duyğularım.
Bir yalandın, ayaq tutdun,
Yerimədin mənə sarı.
Sən şeytandan güc umurdun,
Mən sevirəm Allahını.
Xəyalımın rəngləri
Mən heç böyümədim ki,
Bəlkə soldu arzular,
Bəlkə ümidsiz qaldım,
Heç nağılsız qalmadım...
Xəyalımın rəngləri
Qaraları ağartdı,
Bəxtimə kölgə saldı.
Kimi yalan danışdı,
Gözlərimi boyadı.
Kiminin nağılları
Ömrümün yollarında
Toz pəmbə rəngdə qaldı...
Mən heç böyümədim ki,
Dünyam hələ rəngarəng.
Dayan, tələsmə, dostum,
Sən hara tələsirsən?
Hələ rüzgar əsəcək.
Sevgilərə ip taxıb
Uçurarıq çərpələng...
Hələ qalıb oyunlar,
Oyunda uduzanlar
Gözlərini yumurlar.
Ən yaramaz adamlar
Axtaranda tapılar...
Artıq bəsdi,
Yoruldum.
Bu dəfə siz uduzun,
Bir dəfə də mən udum.
Yumsun hər kəs gözünü:
Birdəfəlik gizlənim,
Tapmasınlar izimi...
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – MƏMMƏD RAHİM, “Ana və budaq”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Məmməd Rahimin “Ana və budaq” şeiri təqdim ediləcək.
Ananın qucağında ağlayırdı uşağı,
O, sakit olsun deyə, qırdı güllü budağı.
Gözünün qabağında oynatdı, körpə güldü.
Ananın ürəyinə sevinc, fərəh süzüldü...
O duymadı, körpədir, canı var budağın da,
Sındıranda budağı ağaclar qan-yaş tökər.
Ananın fikri-zikri qaldı öz uşağında,
Balasından çəkmədi bircə an olsun nəzər.
Fəqət hiss etmədi ki, ağac həzin ağlayır,
Məhv olan körpəsinə gizli matəm saxlayır.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
Yenə də alınmadı - AKTUAL
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Şəhərdə idim. Özüm üçün gəzintiyə çıxmışdım. Yaxınlıqdakı parkların birində əyləşmək istədim. Biraz keçmiş bir jurnalist və operator ailəsi ilə dincələn sıravi, orta yaşlı bir vətəndaşa yaxınlaşdı. Danışıqlardan belə başa düşdüm ki, reportaj insanların asudə vaxtlarını necə keçirməsindən bəhs edirdi:
-Jurnalist: Asudə vaxtlarınızı necə qiymətləndirirsiniz ?
-Müsahib: İşdən təzə gəlmişdim elə vallah, arvad dedi, çoxdandı çölə çıxmırıq, eləmirik. Mən də dedim ki, durun hazırlaşın gedək gəzək. Heyif deyil, subaylıq ?!
-Jurnalist: Akif, kameranı dayandır. Müəllim deyin ki, ailəyə dəyər vermək lazımdır, onun qeydinə qalmaq, sağlam inkişafına nail olmaq lazımdır. Akif, davam edirik qaldığımız yerdən.
- Müsahib: yaxşı yaxşı.
Beləliklə, müsahibə yekunlaşır. İndisə növbəti müsahibə üçün uyğun birinə yaxınlaşmağa cəhd edilir. Lakin yaxınlaşılan şəxs "məni çəkməyin" deyir, əli ilə üzünü bağlamağa çalışır. Nəhayət, bir nəfərə yaxınlaşılır:
-Jurnalist: Asudə vaxtınızı necə dəyərləndirirsiniz ?
-Gənc müsahib: Belə, şəhərdə gəzirik özümüz üçün.
-Jurnalist: Bəs kitab ?
Jurnalist mövzunun məcrasını özü bilərəkdən, şaxələndirmək məqsədilə başqa yerə dəyişməyə çalışır. Axı o, cəmiyyətin intellektual bazasını göstərmək istəyir. Eyni zamanda mədəni, mənəviyyatlı kütləni.
-Gənc müsahib: ııı...uuu...bilirsiniz...vaxt yoxdu ee, - deyib müsahib dayanır, bir neçə dəqiqə fikirləşir, operator kameranı saxlamaqdan yorulur, jurnalist daxili gərginlik keçirir, əsəbiləşir, müsahib daxili utancdan qızarır, "ııı... uuu... məəən... belə..." edir və budur, nəhayət ki, operator dilə gəlir və jurnalistin qulağına asta səslə pıçıldayır:
- Daha bəsdir yekunlaşdıraq, adam danışmır, dinmir.
Jurnalist təmkinini pozmadan öz müsahibinə xoş günlər arzulayır və sağollaşır. Operator isə çəkdiyi videoreportajı silmək məcburiyyətində qalır. Jurnalist ofuldayır, bu gün də alınmadı deyir.
Demək istədiyim nədir ?! Biz niyə axı nələrisə nümayiş etdirərkən, ancaq onun müsbət tərəflərini göstərməyə çalışırıq ?! Niyə video reportajlar aparılarkən, tərəvəz kimi kəsib doğranılır, televiziyada müsahibəyə baxırsan, çoxu kəsintilidir? Əl-qərəz, avaranı avara kimi, cahili cahil kimi, bir sözlə hər şeyi olduğu kimi, öz çılpaqlığı ilə göstərmək lazımdır. Mənfi tərəfləri gördükdən sonra onun üzərində müsbətyönümlü işlər getsin. Cəmiyyətdə təbəqələşmə indeksi belədir:
- İnkişaf xəlbirdəki un kimidir. İnkişaf edənlər isə ələkdən keçənlərdir.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
Getdi kazinoya
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Google-da axtarışların qəmli statistika:
Necə gözəlləşmək olar? - 60500
Necə arıqlamaq olar? - 82300
Necə müdrikləşmək olar? - 281
2.
Manatın üzən məzənnəsinə niyə keçilmir?
Çünki o üzə bilmir, dərhal batacaq.
3.
Texnogen qəzaların xarakteti:
Günahkarlar heç vaxt müəyyənləşdirilmir.
Onlarca insan isə qəhrəmanlıq göstərdiyi səbəbindən mükafatlandırılır.
4.
-Bugünkü planların?
-Gedib həkimdən eynəyimi götürəcəm.
-Bəs sonra?
-Sonra da görəcəm də, neyniyəcəyəm.
5.
-Mən özüm öz hesabıma qazanmaq istəyirəm!, -söyləyib azərbaycanlı məmur balası atasından 1 milyon dollar götürüb Batumiyə - kazinoya yollandı.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ev ördəyi bozbaşı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ev ördəyi bozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR (nüsxə):
§ Ördək – 190 qr
§ Kərə yağı – 35 qr
§ Noxud – 30 qr
§ Soğan – 30 qr
§ Xırda soğan – 30 qr
§ Kartof – 70 qr
§ Pomidor – 60 qr
§ Təzə alça – 20 qr
(və ya quru alça – 10 qr)
§ Mərzə və ya reyhan qurusu – 3 qr
§ Sarıkök – 1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ göyərti – 20 qr, sumaq – 10 qr, meyvə turşuları – 50 qr
HAZIRLANMASI:
Təmizlənmiş ördək ütülür, doğranır, yuyulur. Ördək bir gün ərzində duzlu suda saxlansa, daha yaxşı olar. Qazana qoyulur, üzərinə su əlavə olunur və bişirilir. Qaynadıqda kəfi alınır. Qazana bir ədəd qabıqlı baş soğan əlavə olunur. Ət bişənə yaxın soğan çıxarılır, ət sudan ayrılır və işgənəsi süzülür. Eyni qazanda yağ qızdırılır, ördək əti tərəvəzlərlə birlikdə tovlanır. Sonra qabığı təmizlənmiş pomidor, alça, duz, sarıkök, quru mərzə əlavə olunur, qarışdırılır, sonra isə ayrıca bişmiş noxud, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda kasaya və ya dərin boşqaba çəkilir, üzərinə reyhan qurusu səpilir və süfrəyə verilir. Yanında tər göyərtilər, əzilmiş qırmızı baş soğan, sumaq, meyvə turşuları (məti) verilir.
Mövsümündə heyva da əlavə oluna bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
Şairləri tənqid etmək nəyə lazımdır? - BİR TƏDBİRİN TƏƏSSÜRATLARI
“Ədəbiyyat və incəsənət” portalı Esmira Günəşin yazısını təqdim edir.
Həftəsonu Sumqayıtın Tarixi Muzeyində şəhid Yusif Allahverdiyevin xatirəsinə həsr olunmuş tədbirdə qonaq idim. İlk öncə onu qeyd edim ki, tədbir gözəl hazırlanmışdı. Tarix muzeyinin direktoru başda olmaqla oranın bütün əməkdaşları şəhidlərimizin xatirəsini hər zaman yad edir, tez-tez tədbirlər təşkil edirlər.
İlk Qarabağ savaşlarının qəhrəmanı üçün hazırlanan tədbirdə qonaqlar da az deyildi. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, çıxış üçün dəvət olunan şəxslərdən bəziləri boş danışaraq vaxt itkisinə səbəb oldular. Məsələn, özünü “Cəmaləddin Hocanın Azərbaycandakı səlahiyyətli nümayyəndəsi” kimi təqdim etdirən biri çıxıb dedi ki, “şəhidlərə kitabları pulla çap edirlər. Şairlər şəhid ailələri üçün niyə təmənnasız kitab çap etmir? Biz təmənnasız xidmət edirik, şəhid ailələri təmənnasız ehsanlar veririk” və s.
Kimdir bu Cəmalləddin Hoca? Mən biləni türklərdə hoca məsciddə mollaya, müəllimə, bir sözlə hörmətli şəxsə deyilir. Və ən əsası Azərbaycanda şəhid ailələri üçün bu Cəmaləddin Hoca nə edib ki, hələ səlahiyyətli nümayəndəsi də olsun? Və bir balaca araşdırdım ki, Cəmaləddin Hoca deyə təqdim olunan şəxsin Azərbaycanda özünü onun səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxslə əslində heç bir əlaqəsi də yoxdur. Hətta bu məsələdə Cəmaləddin Hoca dəfələrlə xəbərdarlıq edib ki, mənim adımdan heç kəs istifadə etməsin.
Demək, “Hoca” deyə təqdim olunan Cəmaləddin bəy oturub öz ölkəsində, arada internet vasitəsi ilə canlı bağlantı yaradıb şəhid anaları ilə söhbət edir. Bu qədər. Onun guya şəhidlərimizi bütün dünyada tanıtmağına isə əsaslı dəlil və sübut yoxdur. Elə isə burada sual yaranır. Necə tanıdır şəhidlərimizi dünyada o şəxs? Hansı kitabı çap etdirib dünya səviyyəsində? Hansı qəzetdə, hansı jurnalda tanıtdırlb şəhidlərimizi ki, bizim bunlardan xəbərimiz yoxdur? Ya da hansı qalıcı bir işi görüb ki, biz bilmirik? Hansı şəhidimizin qapısını açıb ziyarət ediblər? Hansı şəhid guşəsində aldıqları kiçik hədiyyə yer alıb? Bildiyim qədəri ilə Azərbaycana bir dəfə gəlib, şəhid ailələri ilə görüşmək istəyib və məkan tapa bilməyib. Yəni gördüyü iş rəsmi olsaydı dövlətimizin rəsmi qurumları qarşılayardı də Cəmaləddin bəyi. Deməli sıradan bir insandır və dövlət üçün əhəmiyyətli biri deyil.
Gələk tədbirdə onun dırnaqarası səlahiyyətli nümayəndəsi Əziz adlı şəxsin şairləri gözdən salmaq üçün etdiyi çıxışa. Əvvəla şairləri dövlət maaşla təmin etmir. Sonra, nəşriyyatlar kitabları təmənnasız çap etmirlər. Çünki nəşriyyatın da materialları təmənnasız təmin olunmur. Hətta şəhidlər haqqında kitablar olsa da belə, o kitabların kağızı puldu, boyası puldu. Kitab göydən zənbillə düşmür ki.
Şair gecəsini gündüzünə qatıb qəlbinin ağrısını, qələminin yanğısını hədiyyə edə bilər şəhid ailəsinə, ancaq şəhidlərimizin hamısına kitab çap etdirməyə şairlərin gücü çatmaz. Mən şəhidlərimiz üçün 20 kitab çap etdirmişəm. Ölkəmizdə şəhidlər üçün ən çox kitab yazan şairə mənəm. O kitabları ərsəyə gətirə bilmək üçün maddi problemlər də yaşayıram. Çapdan sonra şəhid ailələrinə kitabları təhvil verə bilmək üçün bir-bir evlərini ziyarət edirəm. Yaşadıqları bölgələrdə tədbirlər keçirirəm. Heç bir maşın da şəhid qapısına pulsuz aparmır. Şairlər övladının boğazından kəsib kitablar ərsəyə gətirir ki, gələcək nəsillər şəhidlərimizi unutmasınlar. Nə Cəmalləddin bəylər, nə də onun nümayəndələri şairlərin kitablarının xərclərini qarşılamır. Və ya bir şəhid üçün kitab çap etdirib, gedib qapısına ailəsini ziyarət etməyiblər. Bəs onda bu ittihamlar nədəndir?
Tədbirdə şairlər də iştirak edirdi. Habil Yaşar şəhidə həsr etdiyi şeiri səsləndirmişdi və kitabını şəhidin övladına hədiyyə etmişdi. Sağ olsun, əziyyət çəkib, şeir yazıb, hələ vaxt ayırıb tədbirə gəlib, şeiri özü səsləndirib.
Mən tədbirdə çıxış etmədim. Sağ olsunlar dəfələrlə çıxış etməyimi istəsələr də, başqa tədbirim də olduğu üçün çıxış etmək istəmədim ki, tədbirin vaxtı uzanmasın. Ancaq şair həmkarımız Habil Yaşar gözəl çıxış etdi. Və onun çıxışından sonra Əziz adlı həmin şəxsin şairlər haqqında dilə gətirdiyi qınaqları xoşuma gəlmədi. Tədbirin qonaqlarına da bu xoş olmadı. Həm şəhid tədbirində yersiz bir çıxış idi, həm də boş yerə tədbirin vaxtı uzandı.
Şairləri qınamaqdansa onlara dəstək olunmalıdır ki, şəhidlər haqqında yazanların sayı daha da çox olsun.
Hə, bir də şəhidlərimizi dünyada tanıtmaq məsələsinə gəlincə mənim şəhidlərimiz haqıqında yazılarım Türkiyədə qəzetlərdə, dərgilərdə dəfələrlə çap olunub. Saytlarda paylaşılıb. Təbrizdə şəhidlərimizin xatirəsinə iki dildə kitab çap etdirmişəm. Bir kitablıq şeirimə bəstəkar Yaqut Almaz tərəfindən musiqi bəstələnib və şəhid ailələrinə tam təmənnasız təqdim olunub. Kitablarımın xarici ölkələrin diasporluğuna təqdim olunub. Tədbirlərdə istifadə olunur. Sağ olsun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyimiz də şəhidlərimiz haqqında az kitab çap etdirməyib. Hətta 3-4 dildə çap olunub xarici ölkələrə göndərilən kitablarımız da var.
Nəzərə alın ki, şəhidlərimiz çoxdur və hələ də haqqında məlumatımız olmayan şəhidlərimiz var. Odur ki, kimlərisə qınayaraq vaxt itirməkdənsə qızıl vaxtınızı daha səmərəli işlərə sərf edin. Və ya kiminsə işini bəyənmirsinizsə, özünüz ondan da yaxşısını edin, biz də baxıb əhsən deyək.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)