Super User

Super User

Mayın 15-də “Azərbaycan Bəstəkarlar İttifaqı - 90” silsiləsindən Bəstəkarlar İttifaqının Ü.Haclbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumun açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bəstəkarlar İttifaqı plenumun ilk gününün gənc bəstəkarların kamera musiqisindən ibarət əsərlərinə həsr olunduğunu bildirib. 

 

Açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən etibarən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini qeyd edib. Bununla yanaşı, Bəstəkarlar İttifaqında gənc bəstəkarların yaradıcılığına dair tədbirlərin, onların əsərlərindən ibarət konsertlərin təşkili, İttifaqın digər tədbirlərində fəal iştirakı, görkəmli sənətkarların yubileylərinin keçirilməsi və bu kimi məsələlərdən söhbət açıb. Firəngiz Əlizadə onu da vurğulayıb ki, gənc bəstəkarların təqaüdlərlə təmin olunması, Gənclər Günü ilə əlaqədar olaraq mükafatların verilməsi və bu işdə Bəstəkarlar İttifaqının gənclərə göstərdiyi qayğı və diqqət onların yaradıcılığının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri plenumun iştirakçılarının fəal olmasını tövsiyə edib. Sonra plenumun proqramına uyğun olaraq gənc bəstəkarların əsərləri ifa olunub.

 

Proqrama İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən pyeslər, Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr” romansı, 3 hissəli Sonata, Vəfa Bağırzadənin “Mərhəba” romansı, “Bir ümid işığı” violin və piano üçün pyesi, Fərid Fətullayevin “Ay üzlü nigarım” romansı, Tural Məmmədlinin “Ay işığında” piano üçün pyesi, Elvin Quliyevin Skertso-vals (tar, kamança və piano üçün) kimi kamera-instrumental əsərləri daxildir.

 

Gənc bəstəkarların musiqisini tamaşaçılar da rəğbətlə qarşılayıblar.

 

Üç gün davam edəcək plenumun növbəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqişünasların çıxışlarından ibarət elmi konfrans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) olacaq.

 

Mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında dəyirmi masada müzakirələr keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Ölkəmizdə Bakı 2024 - Beynəlxalq incəsənət simpoziumu keçirilir.

AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil olunub.

 

Simpoziumda müxtəlif ölkələrdən olan rəssamlar iştirak edir. Tədbir rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal məkan olacaq, eləcə də ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edəcək. İştirakçılar tədbir boyu onları müşayiət edəcək yaradıcılıq və ilham atmosferinə qərq ola biləcəklər.

Mayın 24-dək davam edəcək simpoziumun başa çatması münasibətilə sərgi açılacaq. Sərgidə simpozium zamanı rəssamların yaratdığı əsərlər təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Almaniyada turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir.

 

AzərTAC xəbər verir ki, Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir.

 

“IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu il Bakıda keçiriləcək COP29 barədə məlumatlar həmsöhbət tərəfdaşlara çatdırılıb.

 

“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2500-dən çox turizm şirkəti və digər təşkilatlar stend və pavilyonla iştirak edir. Mayın 16-dək davam edəcək sərgini 15 mindən çox beynəlxalq peşəkar turizmçinin ziyarət edəcəyi gözlənilir.

 

Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.

 

Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi görüşlər, təşviqlər, konfranslar və sərgilərin təşkilidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Könlümdə tufan olar,

Könlüm boşalar,dolar,

Könlüm yollarda qalar

Təbrizi görməyincə. 

 

Sazdan,neydən betərəm,

Nə susar,nə yataram.

Dərdli-dərdli ötərəm

Təbrizi görməyincə. 

 

Bilin ey əzizlərim.

Yuxu görməz gözlərim.

Alov saçar sözlərim

Təbrizi görməyincə. 

 

Sınasınlar kaş məni.

Bu torpaq doğmuş məni.

Yormaz yol,yoxuş məni,

Təbrizi görməyincə.

 

El dərdinə qalanam,

Hər gün oda qalannam.

Vüsal deyib dolannam.

Təbrizi görməyincə. 

 

Sözlə doludur sinəm.

Şam deyiləm mən sönəm.

Bir dərdli quşa dönəm.

Təbrizi görməyincə. 

 

Qırılmazdır qanadım.

Məni yaşadar andım.

Belə keçər həyatım

Təbrizi görməyincə. 

 

Hələlik gəlmirəm mən,

Kamımca gülmürəm mən.

Ölmərəm,ölmərəm mən

Təbrizi görməyincə.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

Abbas Əliyev Vətən müharibəsinə könüllü olaraq qatılıb. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənddə döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. 

 

“YAŞAT” Fondunun əməkdaşları şəhidimizin ailəsini ziyarət edib, övladının təhsil aldığı məktəbə baş çəkiblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” fondundan məlumat verilib. 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

 

Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

14 may 2024-cü il tarixində Belarus Respublikasının Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

 

Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanın Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 102 il ötür.

Onu ilk öncə klassik musiqimizin, operettamızın inkişafında mühüm xidmətləri olmuş bir şəxs kimi səciyyələndirə bilərik. 

 

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Keşməkeşli bir həyatı olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olub.

Bundan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edib. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanıb. 

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan xüsusən “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri” kimi məşhur filmləri göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Rauf Hacıyevin istedadı da daha çox məhz operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub, məşhurlaşan operetta 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. 

Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulub. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanıb. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırmışdı. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayıb. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. 

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedib. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edib. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışıbkar.

R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Teymur Elçinin “Can nənəm” şeiri təqdim ediləcək.

 

Teymur ELÇİN

CAN NƏNƏM

 

Qucağında, nənə, sən

 Layla dedin mənə sən.

Mənim mehriban nənəm,

Əziz nənəm, can nənəm.

 

Böyümüşəm, nənə, mən,

Qoy tutum əllərindən.

Mənim mehriban nənəm,

Əziz nənəm, can nənəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası may ayında da çox gərgin iş qrafikindədir. Kitabxanada rəngarəng tədbirlər keçirilir. Oxucuları məlumatlandırmaq üçün kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovaya müraciət etdik.

 

OXU SAATI   

Ondan başlayaq ki, mayın 3-də Bakı Kitab Mərkəzində Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində görüş keçirdik. Görüşün qonağı ictimai xadim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti və “Ümidlə gəl”  xeyriyyə layihəsinin rəhəri Hacı Quliyev idi.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli  xüsusi internat məktəbinin və  177 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri və digər oxucular  iştirak edirdi.

Hacı Quliyev mərkəzə gələn şagirdlər üçün “Bizim böyük qələbəmiz” və Humayun Sevincin “Qarabağ şahzadəsi” kitabını oxudu.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilində “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə təqdim etdi.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək idi.

 

 “ULU ÖNDƏRİN İŞIĞINDA”  

 

Mayın 7-də kitabxanamızda Ümummilli lider Heydər Əliyevə  həsr olunmuş “Ulu Öndərin İşığında” adlı kitabın təqdimat mərasimi keçirildi.

İstedadlı şagird, şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin İşığında” adlı kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli liderin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur.

Tədbirdə filologiya elmləri doktoru pr. Asif Rüstəmli, şair, publisist Əli Rza Xələfli,  “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Sevindik Nəsiboğlunun təhsil aldığı məktəbin  müəllim kollektivi, 1 nömrəli UGİM-nin dərnək üzvləri və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açaraq çıxışımda qeyd etdim ki, Ulu Öndər Heydər Əliyev öz olkəsini gerçək müstəqilliyə qovuşdurmaqla nəhəng tarixi şəxsiyyət, qüdrətli və müdrik dövlət xadimidir. Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Müstəqil Azərbaycanımızı qoruyub saxlamaq hər bir gəncin və hər bir azərbaycanlının vətəndaş vəzifəsidir. Bu baxımdan Heydər Əliyev irsinin təbliğ olunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir.

Pr.Asif  Rüstəmli çıxışında təqdimatı keçirilən “Ulu Öndərin İşığında” adlı kitabın gənc müəllifinin Ulu Öndərə olan sonsuz sevgisini qeyd etdi. Həmçinin, Sevindiyin zəngin dünyagörüşü,  vətənpərvərlik ruhu, zehni, qabiliyyəti ilə seçilən bir gənc olduğunu qeyd etdi. O, gənc müəllifin kitab təqdimatının məhz Respublika Uşaq Kitabxanasında  keçirilməsi əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin istedadlı yeniyetmələrə dəstək olduğunu bildirdi. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə dair əminliyini dilə gətirdi.

Təqdimatda çıxış edən digər qonaqlar tərəfindən istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıldı, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dövlət siyasətinin əsas vəzifələrindən olduğu bir daha vurğulandı.

Məktəblilər gənc yazara suallar ünvanladılar. 15 yaşlı gənc müəllif bütün sualları böyük həvəslə cavabladıqdan sonra ən maraqlı sualı təqdim edən şagirdə öz kitabını hədiyyə olaraq bağışladı.

 

“BÖYÜK AZƏRBAYCANLI”

Mayın 13-də kitabxanasında yazıçı Zahirə Cabirin Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Böyük Azərbaycanlı” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə 7 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri iştirak edirdi. 

İlk öncə keçirilən təqdimatda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərə “Ana laylası” adlı slayd nümayiş etdirildi.

Kitabdakı hekayələr real tarixi hadisələr əsasında işıqlandırılmaqla ömrünü  sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə həsr edən, xalqın sevgisi və məhəbbəti ilə ucalan şəxsiyyət – Heydər Əliyevə həsr olunub. “Böyük Azərbaycanlı” adlı kitabın  ərsəyə gəlməsinin əsas məqsədi ulu öndərin uşaqlığını bir nümunə olaraq kiçik yaşlı oxuculara  təqdim etməklə, onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini göstərməkdir. Ulu Öndərin keçdiyi həyat yolunu, yüksək mənəvi keyfiyyətlərini boyüməkdə olan gənc nəslə təqdim etməkdir. Bu, uşaqların ölkənin  layiqli vətəndaşları kimi yetişməsinə zəmin yaradacaqdır.   

Ümummilli lider Heydər Əliyevin  şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında şagirdlərin dünyagörüşü zənginləşir, vətənpərvərlik, insansevərlik  hissləri artır. Onlar yaxşı nümunələrin, nəcib ideyaların əbədiyaşarlığı uğrunda mübarizəyə ruhlanırlar.

 

TƏLƏBƏ TƏQDİMATLARI  

13 may tarixində kitabxanamızda BDU–nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə istehsalat təcrübəsində olan IV kurs tələbələrinin təqdimat tədbiri keçirildi. 

Tədbirdə BDU-nin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan, ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, filologiya üzrə fəlsəfə doktoru Mehman Tarverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnistitunun baş eksperti Mustafa Əliyev, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva ekspert qismində, tələbələr və kitabxana əməkdaşları iştirak edirdilər.

Çıxışımda qeyd etdim ki, istehsalat təcrübəsində iştirak edən tələbələr  kitabxananın xarici ədəbiyyat böməsinə aid  300 adda ərəb və fars dillərində yazılmış Misir, Suriya, Livan, Tunis, İraq, İordaniya və İran uşaq ədəbiyyatından nümunələri tərcümə edərək geniş məzmunlu, məlumat xarakterli, annotasiyalı araşdırmalarını təqdim edirlər.

Fakültənin tələbələri Muhammədəli Axundov “Ərəb və Fars dilli uşaq ədəbiyyatından mülahizələr”, Kamran Rəhmanlı isə “Ərəb və ərəb uşaq ədəbiyyatı” adlı mövzuda təqdimatı diqqətə çatdırdılar. Təqdim olunan videoçarxlarda qeyd olunmuş ölkələrin tarixi, coğrafiyası və ədəbiyyatı, xüsusilə uşaq ədəbiyyatının təşəkkül tapması və inkişafı haqqında məlumat verdikdən sonra ərəb ölkələrində müasir uşaq ədəbiyyatının inkişaf prossesi və tanınmış yazarlar haqqında ətraflı çıxış etdilər. Həmçinin, təqdimat Azərbaycan və ərəb dilllərində ədəbi nümunələrlə diqqətə çatdırılıb, tərcümə olunmiş nağıl, hekayə və  şeirlərdən nümunələr səsləndirildi. 

Təqdimatdan sonra ekspertlər öz fikirlərini və tövsiyələrini bildirməklə tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Həmçinin, kitabxana tərəfindən irəli sürülən ideyanın gənclər üçün faydalı olduğunu qeyd etməklə bu layihənin və əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun saydılar.

İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparıldı, onların fəaliyyəti qiymətləndirildi. 

Tədbirin sonunda qonaqlar ərəb və fars dillərindən tərcümə olunmuş  kitab sərgisi ilə tanış oldular.

May ayı boyunca yenə də tədbirlərimiz davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.