Super User

Super User

Çərşənbə axşamı, 10 Sentyabr 2024 12:00

“İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin”

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”

 

 

 

Başlığa çıxardığım bu sözlər 1828-ci ilin sərin sentyabr ayında təkcə Rusiyanın deyil, bütün dünyanın dahi yazıçısı, ədəbi klassiki, şedevr yazar kimi adını ədəbiyyat tarixinə qızıl hərflərlə yazan Lev Nikolayeviç Tolstoyun ömrünün son günlərində dediyi son sözləri olub. 

 

1828-ci ildə varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada dünyaya göz açan Tolstoy yazdığı bütün əsərlərində insana yaxınlığı, düşündürücülüyü və fəlsəfəsi ilə bir çox yazarlardan fərqlənib. Çalışqan və savadlı olan bu gənc fransız dilini inkişaf etdirərək təhsili üçün Moskovaya yollanır. O, oxuduğu yazarlar arasında Volter və Jan Jak Russodan çox təsirlənib.

1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatılan Tolstoy əsgərliyi başa vurduqdan sonra Peterburqa döndü. Qərbi Avropa ölkələrinə Almaniya, Fransa, İsveçrəyə səyahət edib yenə Yasnaya-Polyanaya yerləşdi. Zadəganlıq titulundan imtina edərək kəndində maarifçilik və tədris təşkil etmək üçün bir məktəb açdırdı. 1862-ci ildə Sofiya Berslə ailə qurdu. Bütün sərvətini kəndlilərə paylayan Tolstoy “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsəvə Dövlət”, “Etiraflarım” əsərlərini bu illərdə yazdı. Dünyagörüşü və yaradıcılığında İslam dininin rolunun böyük olduğu yazar həmin dönəmlərdə “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərlərini yazdı. Onun əsərlərində tərəddüd yoxdur, hər şey göz qabağındadır. Bir dəfə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folknerdən xahiş edirlər ki, dünya ədəbiyyatının üçən yaxşı romanının adını sadalasın, o da düşünmədən cavab verir: “Anna Karenina”, “Anna Karenina” və yenə “Anna Karenina”. Tolstoy insan xarakterinin kəşfində bənzəri olmayan dahi yazardır. Onu oxumaq insana həzz verir, öyrədir, sevdirir. Onunla həm dəhşət, həm sevgi, həm də özünü dərk yolunu qaranlıqdan aydınlığa doğru keçirsən. Tolstoyun əsərləri dəfələrlə oxunsa da, təkrar və təkrar oxunma ehtiyacı yaradır özündə. O, dünyəvi, dinçi, humanist olduğu qədər, daxili aləmində bir o qədər ziddiyyətli daim mücadiləli və qarma-qarışıqdır. Proletar inqilabının lideri Vladimir İliç Lenin Tolstoyu rus inqilabının güzgüsünə bənzədib. 

Tolstoy üçün İsa bir ideoloq idi, mistik tərəfləri olmayan. O, həqiqəti dindən üstün tuturdu. Buna görə də Tolstoyun düşüncə tərzi bizə çox doğmadır.İ nsan onu oxuduqca, dərk etdikcə anlayır ki, o başqa bir mərhələdir. Ədəbiyyatı qaranlıqdan işığa, şərdən xeyirə çıxaranlardan biri də məhz Tolstoydur.

“Anna Karenina” yazarın qələmə alarkən ən yorulduğu əsər olub. O, bəzən masa arxasına tam rahatlıqla keçir, bəzən də çığır-bağır salaraq deyirdi: “Dözülməz dərəcədə zəhlətökəndi”, “Ay Allah, kaş kimsə mənim əvəzimə “Anna Karenina”nı tamamlayardı”, “Anna məni təngə gətirdi”. Anna ilə qəddarcasına davranıb onu “vaqonun altına atılıb ölməyə” məcbur etdiyi üçün Tolstoyu az məzəmmət də etməmişdilər. Yazıçı isə buna belə cavab verirdi: “Bir dəfə Puşkin tanışına belə deyir: “Gör mənim Tatyanam nə hoqqa çıxardı, ərə getdi. Ondan bunu gözləmirdim.” Eyni şeyi mən də Anna haqqında deyə bilərəm. Qəhrəmanlarım mənim ürəyimdən keçənləri yox, həyatda nəyi etməlidirlərsə onu da edirlər”.

Uğurlu karyerasına baxmayaraq, həyatında məna tapa bilməyən yazıçı, nəhayət, məna verən həqiqəti –xalqın həyatına yaxın olmaqda, onunla həmahəng yaşamaqda tapdı. Tolstoy rahat və aristokrat həyatından imtina edərək fiziki əməklə məşğul oldu, sadə geyindi, ədəbi əsərlərinə olan hüququndan imtina etdi, aclıq və ehtiyacı olanlar üçün sığınacaqlar, məktəblər tikdirdi. Onun yazdığı əsərlər və zorakılıqsız müqavimət ideyası Mahatma Qandiyə də təsirsiz ötüşmədi.

Tolstoy 1880-ci ildə Afanasi Fetə məktubunda Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuması və onların dəyərindən bəhs edirdi. Ədibin hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. 

XIX əsrin sonu XX əsrin əvvəllərində Tolstoyun əsərləri Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində yüksək tirajla işıq üzü gördü. 1894-cü ildə Sultanməcid Qənizadə yazarın “Birinci araqçəkən” komediyasını Azərbaycan dilinə tərcümə etdi, 1895-ci ildə isə Hacı Zeynalabdin Tağıyevin teatrında ədibin “Zülmətin hakimiyyəti” pyesinin premyerası keçirildi. Rəşid bəyƏfəndiyev və Abbas Səhhət Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri olaraq bu işdə Lev Tolstoyun “Əlifba” kitabının prinsipini əsas götürdülər. 1907-ci ildə Hacıağa Abbasov və Sultanməcid Qənizadə birlikdə Yasnaya Polyanaya gəlir və Tolstoyun Azərbaycan dilinə tərcümə etdiyi hekayəsini yazıçıya hədiyyə edir. Yazıçı isə əvəzində ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.

Tolstoy ömrünün son illərini azad ruh axtaşında keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb Astapovo dəmiryol stansiyasında 82 yaşında ölü olaraq tapıldı. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışan Tolstoy əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixinə ən zərif, ən həlim və ən duyğusal adam kimi düşdü. Ölüm ayağında Tolstoyun son sözü “İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin” oldu. 

Yasnaya Polyanada onun dəfninə bir neçə min adam gəlir. 1920-1930-cu illərdə SSRİ-də Tolstoyçuların kommunaları ləğv olundu, fəalları repressiya edildi. Bu gün Tolstoyçuluğun Qərbi Avropada, Yaponiyada, Hindistanda ardıcılları var.

“Bizim ən əsas vəzifəmiz çevrənin hüdudlarını aşmaqdır”, – deyən Tolstoyun öz zərafəti və nəcibliyilə yazdığı əsərlər yüz illər keçsə də, daima sevilərək oxunacaq. Onlar oxunduqca Tolstoy yaşayacaq…yaşayacaq və heç zaman ölməyəcək!

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

 

DƏRDİMİZ OLMAZ

 

Bir az uzaq olsaq  yer kürəsindən,

Səpsək göy üzünə göz yaşımızı,

Unutsaq həsrəti, ayrılıqları,

Pozub təzələsək yaddaşımızı, 

Dərdimiz olmaz.

 

Versək  könlümüzü Göyə bircə gün,

Ulduzla sevişsək, Ayla sevişsək.

Qovsaq başımızdan ölüm sevdasın,

Təzədən yaşamaq eşqinə düşsək,

Dərdimiz olmaz.

 

Dünyanın yadından çıxsaq bircə gün,

Unutsa dənizlər, dalğalar  bizi.

Ölkələr, şəhərlər, yollar, limanlar

Raketlər, güllələr, qovğalar bizi,

Dərdimiz  olmaz.

 

Düşsək göy üzünün aydınlığına,

Bircə gün günəşi borc ala bilsək,

Şeytan aldatmasa bizi bircə gün  , 

Bir gün özümüzlə bacara bilsək, 

Dərdimiz olmaz.

 

 

BƏXTƏVƏR BAŞLNA DARIXANLARIN

 

Yarpaqlar yenə də yol alıb gedir,

Ağaclar payıza dönür deyəsən.

Gah günəş boylanır, gah yağış yağır,

Payız öz atına minir deyəsən.

 

Günlər saat -saat azalır yenə,

Sıxsan canı çıxar burnunu yayın.

Xəzəllər payızla görüşə çıxıb, 

Çiçəklər kolunda vaxtını sayır. 

 

Əl ayaq yığışır bağdan, bostandan,

Quşlar vidalaşır çöp yuvasıyla.

Şəhərdən gələnlər geri dönürlər  

Qutu evlərinə kənd havasıyla.

 

Bahardan  payıza  düşən  ağaclar

Küləkdən  gizlədir  sonuncu  barın.

Həsrətə  bürünür dağlar, yamaclar ,

Bəxtəvər  başına  darıxanların.

 

 

BUNA DA ŞÜKÜR DEDİM

 

Bu da  sevgi olmadı,

Bu da dərdi-sər oldu.

Əvvəli bir  cümləydi,

Sonrası? -Əsər oldu,

Buna da şükür dedim.

 

Bircə göz qırpımıydı,

Bir udumluq nəfəsdi.

Biz günəş gözləyirdik,

Qəfildən külək əsdi,

Buna da şükür dedim.

 

Sözlər havada qaldı,

Heç yerinə düşmədi.

Mənim sevgimin rəngi

Gözlərinə düşmədi,

Buna  da şükür dedim.

 

Bir qərib təbəssümdə,

Bir ayrı notda bitdi.

Bir küçənin tinində,

Bir yağış altda bitdi,

Buna da şükür dedim.

 

Dəniz başına çəkdi,

Dalğalar uddu bizi.

Göz açıb yumanacan

Sahil unutdu bizi,

Buna da şükür dedim.

 

Bu da sevgi olmadı,

Bu da dərdi-sər oldu.

Əvvəli bir cümləydi,

Sonrası? -Əsər oldu,

Buna da şükür dedim.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mən 10-cu sinifdə oxuyanda hərbi müəllimimiz bizə "genosid nədir?" deyə sual vermişdi. Sinfə çökən səssizliyi müəllimimiz pozub evdə genosidin nə olduğunu araşdırmağı bizə tapşırmışdı.Elə həmin gün evə gəlib Google-da genosid sözünün qarşılığını tapdım. Genosidə qarşı iki kəlmə soy və qırım.

Mənə görə bu qədər bəsit deyil. Bəzən sözlər yaşananların yanında çox cılız qalır. Elə 32 illik ağrısı olan Xocalı soyqırımı kimi. Biz gənc nəsil yaxın keçmişimizi hələ bizim yaşımızda ikən faicəylə üzləşən bir nəsildən öyrənirik. Məsələn, Xocalıdan çıxanda 17 yaşı olan Hüseyn dayı bir müxbirlə olan söhbəti əsnasında "mən ən çox samavardan qorxuram" demişdi. Müxbirin niyə sualına qan dondurucu şəkildə "Çünki onlar mənim 4 yaşlı bacımın belinə qaynayan samavarı bağlayıb yandırmışdılar və o, bizim evdə içdiyimiz sonuncu çay idi" deyərək boğazımızı düyünləmişdi. 37 yaşlı Aysel xanım var, məsələn, o, soyqırımın ən körpə şahidlərindən biri kimi danışırdı:

-Xocalıdan çıxanda mənim cəmi 5 yaşım var idi, lakin o səhnələr gözümün önündən heç vaxt getmir. Evə girən ermənilər əvvəl atamı güllələmiş, sonra birtəhər qaçmağa çalışan anamı və məni üzümüz gözümüz qan içində olana qədər döyüb tanınmaz hala salmışdılar.Anam oradan sağ çıxa bilməsə də, məni döydükləri üçün öldü bilən ermənilər qarın üstündə buraxıb getmişdilər. Qonşumuz Firuzə xalanın yoldaşı tapmasa yəqin mən də, anamla birgə yatırdım.

Bu, hələ genosidin kadrlara alınan, yaşanmış həyat hekayələrinin kiçik bir parçasıdır. Hamilə qadının qarnını bıçaqla yarıb ərinin qabağında təcavüz edilməsi, meyidlərin ekspertizadan sonra ölü halda belə təcavüzə uğraması, körpələrin dərisinin soyulması, kişilərin gözləri önündə ailələrinə edilən işgəncələrə qarşı yaşadıqları iztirablar, qocaların tikə-tikə doğranması və daha saymağa gücümün yetmədiyi neçə-neçə vəhşətdən danışım sizə?

Hansı dərdimizə yanıb, hansı ağrımıza ağlayaq? Bir gecədə 7 yüzə yaxın insan ölümü sadəcə rəqəmdən ibarət can itkisi deyil axı.

Qan qoxan torpaqlarımızda neçə insanın taleyi məhv oldu. Neçə uşağı doğulmadan öldürdülər, neçə gənc qızın namusunu ləkələyib, neçə mərd kişinin qeyrətini məhv etdilər onlar. Biz öz keçmişini unudan insanlar olmamalıyıq, bizə və əcdadlarımıza yaşadılanlara qarşı susmamalı, bir daha belə vəhşətlərlə üzləşməmək üçün, bir daha torpağlarımızın namus qanı qoxmaması üçün səsimizi duyurmalıyıq dünyaya. Çünki, genosid sadəcə hərfi mənası soy və qırım olan hadisə deyil. Genosid qan qoxan torpaqların altında yatan şəhidlərin harayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Bazar ertəsi, 09 Sentyabr 2024 16:06

GÜLÜŞ KLUBUnda erməni qızları

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Həkim: - Siz həqiqətən qətiyyətsiz adamsız?

Xəstə: - Həm hə, həm yox, həkim. 

 

2.

Nə var e, süni intellektə tapşır, bir sayğac düzəltsin, hər vətəndaşın boğazına birini qoy, hər nəfəs alıb hava udduqca sayğac onun neçə kub hava udduğunu müəyyənləşdirsin. Ayın sonunda da vətəndaş vergisini versin. 

 

3.

Eımlər Akademiyasında isbat ediblər ki, insanın dərisinin quru ol asının əsas səbəbi can dəsmalıdır. 

 

4.

-Azik, hardaydın?

-Ma, futbol oynayırdım.

-Bəs maykan niyə qupqurudur?

-Mən yığmada oynayırdım, ma.

 

5.

İngilissayağı getmək üçqn ingilis dilini biımək əsla vacib deyil

 

6.

Erməni radiosuna sual:

-Niyə qızlar kabluk geyinir, üz-gözlərini rəngləyir, ətirdən istifadə edirlər? 

Cavab:

-Ona görə onlar gödək, qorxunc və iylidirlər. 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

XIX əsrdə yaşayıb-yaratmış Danimarka yazıçısı Hans Xristian Andersen öz həyatını, başqalarının həyatını nağıllara köçürə bilib, nağıllaşdırıb. 

 

Bütün hadisələr bir anda cərəyan edir, yüz illərin, bəlkə də, min illərin həqiqətləri bir cümləyə, bəzən isə bir ifadəyə sığır.

Hans Xristian Andersen, “Kibritsatan qız”! 

Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Respublika Gəncıər Kitabxanasına müraciət edə bilərsiz.

Kitablar 10 gün müddətinə oxuculara verilir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Bazar ertəsi, 09 Sentyabr 2024 13:16

Aşıq İlqar Qələmçəli dəvət edir!

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

Hörmətli sazsevərlər, hamımızın sevimlimiz, sazın-sözün keşiyində dayanan Aşıq İlqar Qələmçəlinin rəhbərliyi ilə Neftçilər metrosunun yaxınlığında (Nizami rayonu) Saz dərnəyi fəaliyyət göstərir. Yeni təhsil ili üçün dərnəyə sənəd qəbulu başlayıb. 

 

Övladlarının sazın-sözün sirlərini İlqar Qələmçəlidən öyrənməsini, saz havalarını mükəmməl ifa etməsini istəyənlər Aşıq İlqar Qələmçəliyə müraciət edə bilərlər.

Yaş həddi: 8-17 yaş arası uşaq və yeniyetmələr.

Əlaqə nömrəsi: 055 311 12 34; İlqar Qələmçəli.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Əgər musiqi və ədəbiyyat xəzinəmizə bir nəzər salsaq, orada da Beyləqan mövzusunu görmüş olacağıq. Beyləqana aid yazılan şeirlərin, mahnıların təkcə beyləqanlıların özünə məxsus deyil, həm də ədəbiyyatımızın parlaq nümayəndələri olan Mirvarid Dilbazi (1912–2001), Nəbi Xəzri (1924–2007), Hüseyn Arif (1924–1992), Yusif Nəğməkar və başqaları kimi görkəmli ədiblərimizə də aid olduğunu görəcəyik. Əməksevər beyəqanlılar bütün sahələrdə olduğu kimi, əmək sahəsində də daim irəlidə olmuş, uğur, nailiyyətlər əldə etmişlər. Əməyinə görə fərqlənən insanlar hər zaman qiymətləndirilmişdir. Eyni zamanda onların şəninə şeirlər yazılmış, mahnılar bəstələnmiş, filmlər çəkilmişdir. Araşdırmalarımız zamanı bir neçə mahnı nümunəsinə rast gəldik. Onlardan bir nümunəni diqqətinizə çatdırırıq. İslam Səfərlinin (1923–1974) “Sərdar” şeiri bu qəbildəndir. Qeyd edək ki, həmin şeirə mahnı da bəstələnmişdir. 

 

  Gün gülür göy üzündə,

  Büsat var Mil düzündə,

  “Ağ qızıl” dənizində 

  Mavi bir yelkən axır.

  Nəqərat:

  Halal zəhmətinə məhəbbətin var,

  Sən ey Mil düzünün Sərdarı Sərdar!

 

Araşdırmalarımız zamanı şəninə mahnı yazılmış şəxsin Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı, elə “Ağ qızıl”ın vətənindən olan Sərdar İmrəliyev olması məlum olmuşdur. Bu haqda ətaflı məlumatı qəhrəmanın qız övladından öyrəndik. Qeyd edək ki, Sərdar İmrəliyevə aid bioqrafik, qısametrajlı sənədli film də çəkilmişdir. Mahnı haqqında isə daha ətraflı məlumat vermək mümkündür. Musiqisi Nəriman Məmədova (1927–2015), sözləri İslam Səfərliyə aid olan bu mahnını Əhsən Dadaşovun (1924–1976) rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı müşayiət etmişdir. Mahnını müğənni, Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimova ifa etmişdir. Ailə üzvlərinin verdiyi məlumata əsasən deyə bilərik ki, mahnı Təranə Vəlizadənin də repertuarında yer almışdır. Musiqi nümunəsi şən, şaqrağ, xoş ab-hava yaradaraq dinləyicini ruhlandırır. 4 dəqiqə 50 saniyə təşkil edən mahnıda muğam parçası da ifa olunmuşdur. 

Daha bir musiqi nümunəsi isə “Beyləqanım yaşadı” və ya “Beyləqanım” adlanan mahnıdır. Sözləri əslən Beyləqandan olan Yusif Nəğməkara, musiqisi isə Bəxtiyar Kərimova məxsus olan bu mahnının tarixcəsi haqqında məlumat almaq üçün mətnin müəllifi ilə əlaqə saxladıq. Yusif müəllim mahnının 1985–1989-cu illərdə yazıldığını xüsusilə vurğuladı. Bildiyimiz kimi adı əvvəlcə Jdanov kimi bilinən şəhərin adını dəyişdirələrək əzəli adı ilə Beyləqan adlandırılması həmin illərə təsadüf etmişdir. Bu mövzuda yazılan ilk mahnıdır. “Beyləqanım” mahnısını müğənni, Azərbaycanın əməktar artisti Yaqut Abdullayeva ifa etmişdir. Dövlət simfonik orkestrinin müşayiətilə səsyazma studiyasında yazılan mahnı Azərbaycan radiosunun daimi fondunda saxlanılır. Mahnının notlarını əldə edə bilməsək də səs yazısını dinləyərək özümüz notlaşdırdıq.                                               

Tədqiqatlar zamanı başqa bir mahnı nümunəsinə də rast gəldik. Bu mahnı da “Beyləqan” adlanır. Diyarımız haqqında yazılan mahnının sözləri beyləqanlı Arif Mədətova, musiqisi isə bəstəkar Tahir Əkbərə (1946–2018) məxsusdur. Mahnını xanəndə Cabir Abdullayev ifa etmişdir. Mahnı ilə bağlı ətraflı bilgiləri əldə etmək üçün bəstəkarın ailə üzvləri ilə əlaqə saxladıq. Həyat yoldaşı Aybəniz xanım bəstəkarın bütün əlyazmalarının dövlət fonduna keçirdiyini bildirdiyi üçün istər musiqi nümunəsini, istərsə də notlarını əldə edə bilmədik. Musiqi nümunəsinin müğənnidə olması ehtimalını nəzərə alaraq Cabir Abdullayevə də müraciət etdik, ancaq musiqi nümunəsinin lent yazısının və ya notlarının xanəndədə olmadığını, mahnının az oxunduğunu öyrəndik. Aybəniz xanımın dediyinə əsasən mahnıya Beyləqanda klip də çəkilib. Qeyd edək ki, ekran işində Beyləqanın həm təbiətindən, həm də Beyləqan tərəkəmələrinin həyatından bəhs edilir. Təəssüflər olsun ki, lent yazısını əldə edə bilmədiyimiz üçün not nümunəsini təqdim edə bilmirik.

Beləliklə, bu araşdırmalarımız nəticəsində tarixi şəhərin adının mahnılarda yaşadığının şahidi olduq. Düşünürük ki, belə musiqi nümunələri yalnız adlarını qeyd etdiyimiz mahnılarla kifayətlənməyib, gələcək bəstəkarların yaradıcılığında təkrar yer alacaq mövzulardan olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.

 

 

Elnaz İslamvənd

Təbriz

 

 

 

QADIN

 

Harada quyulanarsa;

Oyaq gözlərlə baxar qadın!

Üfürər tanrı, gözlərindəki torpağı,

Gömülməz!

Yeddi can var köksündə

Çıxmaz,

Canı can doğurar, bitməz!

Mətbəxdəki duz qabında mumyaya dönər

Tablolarında gül pənbə rəngi görünər

 

Getməz!

Yaşarmış gözlərində,

Cavanlaşar şəhər.

Süpürər yanağını

Quyulanar, quyulanar.

Doldurar ancaq

Erkəklərin çanağını

Gözlərindən

Göyərçinlər uçar öföqə sarı.

Qartal qanadlarını gizlədərək “dikdabanlarında”

Sərçələri qonaqlamağa çırmalanar dik-dik

Atlanar… Atlanar…

Sığalsızkən saçları

Dördnala çapar əzik-əzik

Yol!

Özündə başlayıb, özündə bitər

İki ayaq yeriyər onda, görməzsən!

İki ayaq uzaqlaşar səndə, bilməzsən!

Sevgi,

Malikanəsidir qadının!

Səsi qapı səsi,

Gülüşü pəncərə

Hazır ol!

İşkilləməsin dodağını qadın!...

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə rubrikasının qonağı:

Yüklənmiş beyin-

Beyindən didərgin ağıl.

Gerçək həyat,

Gerisi nağıl- söyləyən Aysel xanım Nəsirzadədir.

 

-Xoş gördük, Aysel xanım. Ədəbiyyatın- poeziyanın Sizin ruhunuza təsirini şeirlərinizdən duyuruq. Poeziya odunda qızınan qəlbiniz qələminizə də öz təsirini göstərir. Aysel Nəsirzadəyə söyləsək ki, elə bu anın ruhu üçün: “Sevdiyin şeiri gəl mənə söylə”, o bizə hansı şeiri söyləyər?

 

-Dəvətə görə çox təşəkkür edirəm, əziz Ülviyyə xanım. Bir xanım olaraq bu rubirkaya məni dəvət etməklə əslində bir qadın yazarın digər qadın yazara dəstəyini nümayiş etdirmiş olursunuz. Çox təşəkkür edirəm sizə. Mən də istəyərdim fürsətdən istifadə edib söyləyəcəyim şeirlə həmişə xanım yazarlara dəstək olan, dünyasını dəyişmiş dəyərli şairəmiz Fərqanə xanımı Mehdiyevanı xatırlayaq, ruhu şad olsun.

 

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

 

Sevin, sevginizi kəsir qoymayın,

Ürəyi nanə tək əsir, qoymayın,

Ömrünü misradan asır, qoymayın,

Qızları qoymayın şeir yazmağa.

 

Yazırsa.. Tanrıdan söz alıb, nədi,

Soyuq bir baxışdan sozalıb, nədi,

Sevdi qismətləri azalıb  nədi,

Qızları qoymayın şeir yazmağa.

 

Qoymayın yüyürsün həsrətə tərəf,

Arazdan baş alıb qarışır Kürə,

Bir misra yazırsa ölür min kərə,

Qızları qoymayın şeir yazmağa.

 

Qızlar bu dünyanın gülü olublar,

Qızlar bir ocağın külü olublar,

Divanə olublar, dəli olublar,

Qızları qoymayın şeir yazmağa.

 

Bacarın dərdini, odunu alın,

Yaralı soyunu adını alın,

Dağılmış yerini, yurdunu alın,

Qızları qoymayın şeir yazmağa.

 

Taleyin qışından qoyun büstünü,

Başının daşından qoyun büstünü,

Üşüsə şeirlə örtün üstünü,

Qızları qoymayın şeir yazmağa.

 

Xəyalı göylərdə yerini yazır,

Qovrula-qovrula sirrini yazır,

Hələ beş dərdindən birini yazır,

Qızları qoymayın şeir yazmağa.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fotonun müəlliflik hüququ \\ AP, Jonny Walfisz

 

 

Venesiya Film Festivalı başa çatdı, amma kuluar çəkişmələri davam etməkdədir. 

Rejissor Anastasiya Trofimova Venesiya Film Festivalının müsabiqədənkənar filmər kateqoriyası üzrə nümayiş olunmuş “Ruslar müharibədə” filmini müharibə əleyhinə hesab edir, Ukraynada isə bunu  "rus təbliğatının parlaq nümunəsi" və "müharibəyə haqq qazandırmaq cəhdi"adlandırırlar. 

 

Əlbəttəki, Venesiyada olmadığımız üçün filmi görə bilməmişik, amma rəsmi saytda baxdığımız hissə bizlərdə ikili təəssürat yaradıb. Sanki bir gözünlə baxanda antimüharibə ovqatı görürsən, yad torpaqlarda döyüşüb yorulmuş rus əsgərləri ev üçün darıxır, evə istəyirlər, müharibə od-alovu içində lətifə söyləyir, xatirə danışırlar. 

Amma o biri gözünlə baxanda isə Rusiyanın Ukraynaya silahlı təcavüzünə haqq qazandırıldığını duyursan. Təcavüzkar ordunun əsgərlərinin qəhrəman kimi təqdim edilməsinə başqa nə ad vermək olar ki? 

 

Euronews Venesiya Film Festivalında Rusiya və Kanada vətəndaşlığına malik rus rejissoru Anastasiya Trofimovanın yeni filminin Ukraynadakı müharibədə rus əsgərlərinin simpatik təsvirinə görə mübahisələrə səbəb olduğunu iddia edir. 

Mənsə bunu onunla izah edərdim ki, Venesiya festivalında müsabiqədən kənar filmlər kateqoriyasında premyerası olan "Ruslar müharibədə" filmini yaratmaq üçün Trofimova nə az, nə çox, düz yeddi ay rus hərbçiləri ilə cəbhədə keçirib. Rejissor hesab edir ki, onun işi Qərbdə rus əsgərləri haqqında yaranmış stereotipləri dəyişdirəcək.

"Rusiyada onlar heç vaxt ölməyəcək qəhrəmanlardır. Qərbdə isə müharibə cinayətkarlarıdırlar" - Trofimova filminin premyerasından əvvəl jurnalistlərə məhz bu sözləri söyləyib.

"Mənim üçün ən böyük şok onların nə qədər adi olduqlarını görmək idi. Tamamilə adi uşaqlar, ailə tərbiyəsi ilə, yumor hissi ilə, bu müharibədə nələrin baş verdiyini öz anlayışları ilə" deyir Trofimova. 

"Ruslar müharibədə" filminin əvvəlində Trofimova Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə heç bir razılaşma olmadan filmin  yaradılması üzərində çalışdığını iddia edir. 

İlk kadrlarda pərdə arxasından rejissor deyir: "Mən öz riskimə filmi çəkməyə gedirəm. Müdafiə Nazirliyinin icazəsi olmadan. Onlardan bir az gizlin edirəm bu işi".

Filmdə Qırmızı Liman altındakı döyüşlərdən yorulmuş bir batalyondakı rus hərbçilərinin həyatı göstərilir, qəhrəmanlar müharibədə iştirak etmək motivlərindən danışırlar.

Bir çox əsgər pul uğrunda döyüşməyə gəldiklərini etiraf edir, digərləri yoldaşlıq hissi ilə, təəssübkeşlik hissi ilə idarə olunduqlarını iddia edirlər. Film, həmçinin əsgər və zabitləri xilas edən, ölənlərin cəsədlərini döyüş meydanından çıxaran bir qrup rus həkimindən bəhs edir.

 

Euronews və onun kimi digər aparıcı Qərb mediası festival təşkilatçılarını belə bir filmi müsabiqəyə buraxmaqda qınayaraq qeyd edirlər: 

“Film, həqiqi döyüş əməliyyatları haqqında az məlumat verdiyinə və rus qoşunlarının Ukraynaya vurduğu dağıntıları göstərmədiyinə görə qınanır, amma bu da hamısı deyil. Kameraya danışan rus hərbi qulluqçularından biri Rusiya ordusunun qonşu ölkənin ərazisində müharibə cinayətləri törətdiyinə dair ittihamları rədd edi. 

Təbii ki, rus əsgər ya vətənpərvərıiyinə, ya da satqınlıq ittihamından qorxduğuna görə belə də etməlidir. Bəs bunu milyonlara çatdıran rejissor? Bəs bunu məşhur festivalın proqramına salan festival təşkilatçıları? 

 

Bu arada onu da deyim ki, filmdə ən qıcıqlandırıcı səhnə milliyyətcə ukraynlı olan bir rus ordusu əsgərinin öz xalqı haqqında pis danışmasıdır. Bu cür hallar antiinsani hallardır, onlar əsla təbliğat vasitəsi ola bilməzlər. 

 

Mən məsələ ilə bağlı Ukrayna tərəfin mövqeyi ilə də tanış oldum. Məsələn, strana.ua saytında Ukrayna Prezidenti Ofisininin rəhbəri Andrey Ermakin aşağıdakı fikirləri yer alıb: 

“Maraqlıdır ki, "Ruslar müharibədə" adlı qatı təbliğat filmi Venesiya Film Festivalında niyə ümumiyyətlə nümayiş olundu? Və niyə rejissor Anastasiya Trofimova, eləcə də rus mədəniyyətinin bəzi digər xadimləri – ukraynalıları, uşaqlarımızı gündəlik öldürən bir ölkə, ümumiyyətlə, sivil dünyada fəaliyyət göstərə bilər? Bu ayıbdır”.

Onun müşaviri Daria Zarivnaya isə filmi belə şərh edir: "Venesiya Film Festivalında “Müharibədəki ruslar " filminin nümayişi Ukrayna xalqına qarşı cinayətlərin birbaşa icraçısı olan rus hərbçilərinə haqq qazandırmağa çalışan biabırçı təbliğat aktıdır. Rejissor, gündəlik etdikləri vəhşiliklər haqqında həqiqəti ortaya qoymaq əvəzinə, onları "yumor hissi olan adi uşaqlar" kimi təqdim etməyə çalışır. Bu, müharibə cinayətlərinin açıq şəkildə susması və qurban və təcavüzkar arasındakı sərhədi bulandırmaq cəhdidir”.

 

Bəli, film ciddi ajiotaj doğurub. 

Mənsə heç istəmərəm ki, Azərbaycanın bəzi ruspərəst TV-ləri bu filmi efirə daşısınlar. Daşısalar, sanki ermənilərin Azərbaycana 1993-94-cü illərdəki təcavüzünə haqq qazandırmış olacaqlar. 

 

Şəkillərdə: Filmdən kadr (qapaq fotosu), Venesiya Film Festivalının aurası, rejissor Anastasiya Trofimova

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.