Super User

Super User

Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Sərvaz Hüseynoğlunun uşaq şeirləri  təqdim edilir. 

 

 

Dolu

 

Tamaşadı,

Baxanların gözü doymayır,

Dəcəl dolu özü çalıb,

Özü oynayır.

 

 

Elə bil ki...

 

Düşüb ələ-ayağa

Arı elə qaynaşır -

Orxan deyir, ay ata,

Deyən axı bal daşır...

 

 

Nə gözəl olar

 

Qalxan günəşdən

Qalxmaq öyrənək.

Enən günəşdən

Enmək öyrənək.

 

Gün qalxır, yenə

Gülür dağ-dərə.

Gün enir, baxın,

Gözəldir yenə.

 

Nə gözəl olar

Gülə-gülə sən

Günəştək qalxıb,

Enə biləsən.

 

 

Tənha ağac

 

Yuyub bəndi-bərəni,

Su basıb arxı gecə.

O üzdə qalan ağac

Elə bil çırmanıb ki,

Atlanıb arxı keçə.

 

 

Şaftalı bağında

 

Alı baxdı Vəliyə,

Vəli baxdı Alıya.

Bir-birinə him edib,

Cumdular şaftalıya.

 

Bir də baxıb gördülər

Sənəm xala yetişib.

And içdilər, yemirdik,

Baxırdıq ki yetişib?

 

 

Bağda

 

Bir daş atdı, şaftalı,

Bir daş atdı, nar gəldi.

Heyif, çox yığacaqdı,

Doldu cibi, dar gəldi.

Analar bir günəşdi

 

Ana adı, ünvanı

Deyildir yaddan çıxan.

Analar bir günəşdi,

Övladlar günəbaxan.

 

 

Pinti qız

 

Verib kol-kosa,

Cırıb donunu.

Anası yenə

Danlayıb onu.

 

İşə qarışıb

Tikiş maşını.

İncik bulayır

O da başını.

 

 

Dağ çayı

 

Yenə dağ çayı

Dağlardan qaçır.

Qorxmur azmağa -

Çünki yolunu

O özü açır.

 

 

Qızbəsin güllü donu

 

Qızbəsin güllü donu

Gül-çiçəkli, qarmonu.

Küləklər yırğalayıb

Necə çalır gör onu...

 

 

Yelləncək

 

Mələk yelləncək asıb

Ağacdan, oynayırdı.

Ağac da yırğalanıb,

Onunla oynayırdı.

 

 

Dibçək

 

Aşdı-daşdı

gül-çiçək.

İçində itdi

dibçək.

 

 

Dava

 

Kağızdan quş düzəldib,

Adil atdı havaya.

Məstan pişik sıçradı

Əlbəyaxa davaya.

 

 

Qoruqçu çay

 

O üzünə

keçmək olmur.

Biçənəyi

biçmək olmur.

 

Bizim bu çay

dəli-dolu.

Daşıb yenə,

kəsib yolu.

 

Dolu gəlir

o tay-bu tay.

Təbrik edin, işə çıxıb

yaz gələndən qoruqçu çay...

 

 

Arıçı

 

Arıçı, balmış dilin,

Taladı varın məni.

Ürəyimi gül bilib,

Çalmadı arın məni...

Arzunun hədəsi

 

Yatıbsan, tənbəl saat,

qoy, yuxudan duracam.

Tənbeh edib o ki var,

qulağını buracam.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bizə məlum olan və ya olmayan aləmlərin heç birində yad kimsə, eləcə də heç nə yoxdur. Bütün aləmlər yalnız Allahın yaratdıqlarından ibarətdir. Allah isə heç kimi, heç nəyi nahaq yaratmayıb. 

 

Qeyri-səlist məntiqə əsasən, Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq insanlar arasında fərq qoyulmamalıdır və kiməsə yuxarıdan aşağı baxmaq haqqı heç kimə verilməyib. Qanun-qaydalar, qadağalar insanların düşüncəsinin məhsuludur. Əmin-amanlıq, sülh, nizam-intizam olsun deyə, sonradan düşünüb həyata keçiriblər...

Yadıma “xuliqan” kəlməsi düşdü. Yəqin ki təsdiq edərsiniz, bu ifadə ictimai nizam-intizamı pozan adamlara deyilir. Əslində, “Xuliqan” adam adıdır. Bir vaxtlar bu adı daşıyan nadinc bir ingilis uşağı həyətdə tay-tuşları ilə oynayarkən tez-tez dava saldığından, anası “Xuliqan, Xuliqan!”- deyə çığıraraq onu sakitləşdirməyə çalışırmış. Sonradan bu ad bütün dünyaya yayıldı. “Filankəs xuliqandır”, “xuliqanlıq eləmə” kəlmələri də bu addan yaranıb...

Kimki Azərbaycan Tibb Universitetinin professoru Vəli Əsmətovla hələ də tanış olmayıbsa, deməli həyatda çox şeyi itirib. Vəli müəllim bir başqa aləmdir. Yoldaşlığına, dostluğuna söhbət ola bilməz. Əsl kişilərə xas olan çox xüsusiyyətləri var, sadalamaqla bitməz. Gözütox, sadə, təvazökar, təmənnasız adamlardandır, o qədər adama yardımçı olub ki...

Heç vaxt mərdi namərdin ayağına vermir, heç zaman kiminsə dalıyca danışmır. Dürüstlüyün aşiqidir, düz danışan adamlara doğması kimi baxır. Necə deyərlər, sözü varsa gizlətmir, şapalaq kimi adamın sifətinə çırpır. Bəli, professor Vəli Əsmətov əyilməz, məğrur, ləyaqətli kişilərdəndir... 

O da uşaqlıqda nadinc, sözgötürməyən, təəssübkeş, bir sözlə, zirək uşaq olub. Onun bu zirəkliyi təhsildə də özünü biruzə verib. Dərslərinə ciddi yanaşıb və böyüyüb alim, professor olub. Ümumiləşdirib onu deyə bilərəm ki, əsl KİŞİ adamdır. Əgər hər hansı bir ssenarist onun obrazını yarada bilsəydi, bu rolu yalnız mərhum Fuad Poladov ifa edə bilərdi...

Vəli Yadulla oğlu Əsmətov 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-1980-ci illərdə Çayüzü kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 1984-1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə-profilaktika fakültəsində ali təhsilə yiyələnib, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə institutun Böyük Elmi Şurasının qərarı ilə Farmakologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunub. 1991 - 1994-cü illərdə farmakologiya ixtisası üzrə aspiranturada əyani təhsil alıb və tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 1995-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının V.V.Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunan Vəli Əsmətov elə həmin ildən institutun doktorantı olub. 1995 - 2005-ci illərdə üzərində işlədiyi "Uzunmüddətli neyrolepterapiya zamanı əmələ gələn əlavə effektlərin farmakoloji korreksiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə yiyələnib. 2010-cu ildən bütün dünyanın qəbul etdiyi BEYNƏLXALQ DƏRƏCƏLİ TİBB ELMLƏRİ DOKTORUdur. Bir neçə dərsliyin və elmi kitabların müəllifidir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professorudur...

 Bəli, professor Vəli Əsmətov köhnə kişilərə xas olan bütün keyfiyyətləri özü ilə gələcəyə daşıyan nadir kişilərdən biridir. Belə adamları sevə-sevə qorumaq lazımdır...

 

Biz tez-tez milli dəyərlərdən danışırıq. Amma bu dəyərlərin təcəssümü olan insanlara bəzən laqeyd yanaşırıq. Televiziyalar əksərən səhərdən axşamadək milli mənəviyyatımızla ziddlik təşkil edən verilişlər göstərir. Kaş belə bayağı verilişlərdənsə Vəli müəllim kimi insanları göstərəydilər. Axı belə insanların çıxışları gənc nəslin formalaşmasında böyük rol oynayardı...

Bazar günü professor Vəli Əsmətovun doğum günüydü, 61 yaşı tamam olurdu. Ona möhkəm can sağlığı, firəvan həyat, yeni-yeni elmi nailiyyətlər arzulayırıq. 

Çox yaşa, böyük kişi!..

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

İsveçdə yaşayıb ədəbi  fəaliyyət göstərən görkəmli uyğur yazıçısı, Dünya Uyğur Yazarlar Birliyinin başqanı Abduşükür Qumtur həyat yoldaşı, həkim-kardioloq Münəvvər Qumturla  birlikdə Azərbaycanda qonaqdırlar. 

1 iyun 2024-cü il tarixində onlar Abdulla Şaiqin Mənzil-Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi,  böyük ədəbiyyatşünas alim, akademik Kamal Talıbzadənin qızı, sənətşünasılıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Ülkər Talıbzadə və Filologiya elmləri doktoru, dosent,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Meksikada İspandilli Dünya Yazıçılar Birliyinin Azərbaycan üzrə başqanı, Dunya Şairlər Birliyinin Rumınya bölməsinin "Vocea Literara" saytının redaktoru Təranə Turan Rəhimli Abdulla Şaiq və Kamal Talıbzadənin həyatı, şəxsiyyəti, fəaliyyət istiqamətləri haqqında qonaqlara geniş məlumat veriblər. 

Abduşükür Qumtur və Münəvvər Qumtur muzeyi ziyarətdən sonra  Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı təsəvvürlərinin zənginləşdiyini bildirmiş, xatirə şəkilləri çəkdirərək xoş təəssüratlarla muzeydən ayrılımışlar. 

Ülkər Talıbzadə  Dünya Uyğur Yazarlar Birliyi başqanına Abdulla Şaiqin yeni nəşrləri ilə bağlı məlumatlar vermiş, 2023-2024-cü illərdə Türkiyə və Azərbaycanda çap olunmuş kitablarını təqdim etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan "Türk çələngi" kitabını Abduşükür Qumtura hədiyyə edən muzey direktoru Şaiq irsinin tədqiqi, nəşri və təbliği məsələlərinin həm AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, həm də ədibin Mənzil-Muzeyinin rəhbərliyi və elmi işçiləri tərəfindən uğurla yerinə yetirildiyini vurğulamışdır. 

Muzeyin xatirə-rəy kitabına öz təəssüratlarını yazan Abdulla Qumtur ölkəmizə gələcək səfərlərində də bu müzeyi, vaxtilə XX əsr klassiklərinin - Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mehdi Hüseyn və daha neçə-neçə görkəmli ədiblərin nəfəsi ilə qızınan bu isti ocağı ziyarət edəcəyini bildirib. O, ölkəsinə qayıtdıqdan sonra Abdulla Şaiq irsini daha dərindən öyrənəcəyini, böyük milli şəxsiyyət haqqında tədqiqat aparacağını, onunla bağlı tədbirlərə qatılacağını qeyd etdib. Qonaqlar Azərbaycan mədəniyyətini daha yaxından tanımaq baxımından muzey ziyarətinin çox önəmli olduğunu və dərin təəssüratlar yaratdığını vurğulayıblar.

Qonaqlar həmçinin Azərbaycana bu ilk səfərlərinin unudulmaz olduğunu və gələcək səfərlər üçün sonsuz arzular doğurduğunu da söyləyiblər. Abduşükür Qumtur ailəsi ilə birlikdə Azərbaycanın böyük zəfərindən sonra geri aldığı torpaqlarını, xüsusilə Şuşa, Laçın və Kəlbəcəri görmək istədiyini dilə gətirib. Abduşükür Qumtur və xanımının muzey ziyarətində muzeyin elmi işçisi,  Abdulla Şaiqin yağlı boya ilə çəkillən bütün şəkillərinin müəllifi, unudulmaz rəssam, Talıbzadələr ailəsinin ən yaxın dostu Tofiq Kərimovun oğlu Rauf Kərimov,  muzey əməkdaşı  Nurxanım və bu sətirlərin müəllifi -  "Ədəbiyyat və incəsənət" portalının əməkdaşı Ülviyyə Əbülfəzqızı da iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, Məmməd Məmmədlinin “27 yaşımda öləcəm...” hekayəsi ilə tanışlıqdır.

 

Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:

– Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən, mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var...

Coşqun mızıldandı, lakin heç nə demədi. Allahın günahkar bəndəsi başındakı qarma-qarışıqlığı sahmana salmağa çalışdı. Beynini ha çalışdırmaq istədi, heç nə alınmadı. Yazıq-yazıq onun üzünə baxdı, susdu.

Qarşıda yalnız beşmərtəbəli bir bina görünürdü. Aləm zülmətə dönsə də, bulanıq, sarımtıl rəngdə bərq vuran xəstəxananı seçə bildilər. Gördüyü mənzərənin sehrinə düşən Coşqun “biz ora getməliyik!” – deyib, dostunun qolundan dartdı.

Xəstəxananın qapıları bağlı idi, ancaq hansısa qüvvə onları maqnit kimi içəri dartırdı. İzaholunmaz bir gücün qarşısında sanki hipnoz olurdular. Coşqun öz-özünə danışırmış kimi divardan yapışdı:

– Yuxarı çıxmaq lazımdı! – deyib, kərtənkələ təki dırmaşmağa başladı.

Coşqunun inadkarlığına etiraz edə bilməyən Emin də kərtənkələ yerişini aldı. Sanki fövqəltəbii bir varlıq ona görünməmiş güc verdi.

Xəstəxananın damında ürəkləri bulanır, canlarında yüksək hərarət hiss edirdilər. Coşqunun spontan hərəkətləri Emini özündən çıxarırdı. Həyatı elə bura qədər imiş... nə etdiyini anlamır, beynində pozuntular baş qaldırırdı. Düşüncələr içində kənara çəkilib, çarəsiz-çarəsiz hadisələrin gedişatını gözlədi. Bir dost kimi əlindən gələni etmişdi, bundan sonra artıq özü bilər...

Başlarının üstünü yadplanetli obyekt alanda qorxu canlarına elə sarmaşdı ki, yerlərində donub qaldılar. Nə gizlənə, nə də qaça bilirdilər. Təslim oldular...

Arada yaranan çəkisizlik ayaqlarını binanın damından üzdü. Onlar burula-burula naməlum obyektin içinə sovruldular...

 

***

 

Cimi Hendriksə qulaq asırdı. Payız günəşinin isitdiyi yarıqaranlıq otaqda boynunu büküb oturmuşdu. “Woodstock” festivalındakı konsertlərini dəfələrlə izləmişdi. Ən çox da 1969-cu ilin videoyazılarını dinləməyi sevirdi. Ağ stratokasterdə “Foxey Lady” mahnısını qıvrıla-qıvrıla ifa edən Hendriksi özü dəfələrlə dostlarının arasında təkrarlamışdı. Həmişə də Cimi Hendriks kimi şan-şöhrətli ifaçı olmağı arzulamışdı. Amma Coşqunu Bakının “Deja vu” rok-klubundan o yana tanımırdılar. Pis ifa etmirdi, musiqiyə ürəyini qoymuşdu, səhnədə özünü unudur, Hendriks kimi tamaşaçıların gözlərini qamaşdırırdı. Daha o qaradərilinin taleyini yaşamaq istəmirdi! Bu vaxt qapı döyüldü. Qalxmağa halı olmadığından elə oturduğu yerdən səsləndi:

– Gəl!

Emin içəri keçəndə gözlərinə inanmadı. Dostu onunla zarafat etmirdi. Coşqunun oturduğu divanın bir tərəfi al-qana boyanmışdı.

– Sən... Niyə özünü bu günə qoymusan?

– Emin, məni xəstəxanaya çatdır...

– Məsləhət görərdim əvvəlcə başını yoxladasan. Heç utanırsan? Bir qaradərilinin üstündə özünü öldürmək ancaq sənin kimi axmağın ağlına gələrdi, – Deyinə-deyinə bu ağıldan zayın qolundan tutub, ehmalca onu dikəltdi.

Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.

– Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?

Coşqunun canından üşütmə keçdi.

– Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu səni məşhur etməyəcək... bunu birdəfəlik qulağında sırğa elə...

Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı. Susmağı ilə sanki Eminin fikirləri ilə razılaşırdı.

Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vicvicə düşdü...

 

***

 

Gitarasını səsgücləndiriciyə qoşub 70-ci illərin dəbdə olan rok mahnılarını çalırdı. Səsi o qədər qaldırmışdı ki, küçədəkilər səs gələn tərəfə baxır, narazı-narazı ötüb keçirdilər. Qonşularsa bu dəliqanlı gitaraçının musiqisinə çoxdan öyrəncəli idilər. Həftəsonu dostlarını başına yığan Coşqun 27 yaşını qeyd etmək üçün bu dəfə evində “parti” keçirirdi. Dostları da deyib-gülür, qızlı-oğlanlı oynayır, kresloda yayxanıb Xırdalan pivəsindən içə-içə Coşqunun ifasına qulaq asırdı. Kefləri saz idi... O qədər siqaret üfürmüşdülər ki, günəş işığı içəri düşməyə çətinlik çəkirdi. Coşqun da Hendriks kimi qıvrılır, gitaranı boynunun arxasında çalırdı, hərdən də simlərini dişi ilə tərpədirdi. Üç saatlıq “səs-küy”dən sonra qonaqlar dağılışdı.

Coşqun günü “yaxşı” başa vurmağı planlaşdırmışdı. Görəsən, həyatı bu gün bitsəydi, necə olardı? Odur ki, Cimi Hendriksin “Woodstock”dakı konsertlərini qoşub divanda özünə yer elədi. Damağında Marlboro, bir əlində də pivə şüşəsindən yapışan dəliqanlı gənc həyatını vərəqləməyə başladı. Öləndən sonra yaddaşlarda qalacağına inanırdı. “27-lər klubu”nun üzvü olmaq ümidi ilə cibindəki “lezva”nı çıxartdı. Kağızını cırıb qolun bükülən yerindən astaca sürtdü. Həmən dərisi açıldı... ağappaq damarı üzə çıxdı... İkinci cəhddən sonra içəridə axan tünd-qırmızı mayeni azadlığa buraxdı. Qan fəvvarə təki elə fışqırdı ki, divanı, yeri, hətta tavanı belə qırmızı rəngə boyadı. Damağındakı siqareti buraxmadan qanı ilə çəkdiyi mənzərəyə tamaşa edirdi...

Qanın təzyiqi düşdü, fəvvarənin gücü azaldı, ancaq o, huşunu itirmədi... “Qəribədir niyə ölmürəm bəs?” – deyə ağlından keçirdi. Bir anda ölmək fikrindən daşındı. Anladı ki, ömür insana verilən taledir və o, bu taleni yaşamalıdır. “Görünür, vaxtım hələ çatmayıb...” – öz-özünə dedi.

Mobil telefonla dostuna zəng vurdu.

– Emin, damarımı kəsmişəm, tez məni həkimə apar, – deyib telefonu bağladı.

Televizorda “Foxey Lady” mahnısını ifa edən Cimi Hendriks ağ gitarası ilə tamaşaçıları coşdururdu, ancaq Coşqun üçün indi bunun heç bir əhəmiyyəti yox idi...

 

***

 

Coşqun yuxudan ayılıb adəti üzrə səhərin siftəsinə siqaretini yandırdı. Tüstülədə-tüstülədə başını pəncərədən çıxarıb yoldan keçən maşınlara, işə tələsən adamlara baxdı. Günəş düz gözünə düşürdü. Kefi kökdür. Necə də olmasın, axı bu gün 27 yaşı tamam olurdu. Özəl günündə valideynlərini qohumlarıgilə yollayıb “parti” keçirmək üçün dostlarını evə çağırdı. Yeyib-içmək, siqaret, bir də gitara... necə deyərlər, budəfəki ad günü yaddaqalan olacaqdı. Emini də unutmadı. Telefonla zəng vurub dəvətinin məqsədini açıqladı:

– Şimal maralı, necəsən? – o, dostunu belə çağırırdı. – Sənə bir sualım var. Sən “27-lər klubu” haqqında nə bilirsən?

– Coşqun, sən elə bir vaxtda zəng vurdun ki... əlimdə işim var, sonra danışarıq.

– Yox e, sən bilirsən ki, Cimi Hendriks, Cennis Coplin, Emi Vaynhaus, Morrison, Kurt Kobeyn...

– Hansı Kurt Kobeyn, “Nirvana” qrupundakını deyirsən?

– Bəli, dostum, özüdür ki, var. Onların hamısı 27 yaşda ölüb. Mənim də bu gün 27 yaşım tamam olur. Odur ki, səni “parti”mə dəvət edirəm.

– Nəsə mənə tam aydın olmadı. Əvvəla, təbrik edirəm, 100 yaşa. Amma sənin “27-lər klubu” ilə nə əlaqən? Bəlkə, kluba üzv olmaq istəyirsən?

– Bəli dostum, düz başa düşdün. Mən bu gün dostlarımla vidalaşıram.

– Nəsə gözümə “yaxşı” dəyirsən. Amma mən bu gün məşğulam. Sabah bir yerdə oturarıq, – deyib telefonu bağladı.

Coşqunun kefi saz idi, Hendriksin gitarası kimi... Odur ki, küncə qoyduğu ağ stratokasterini götürüb divanda yerini rahatladı. Gitarasını kökləyib, “Mi” simini “Re”yə endirdi. Bu gün “ağır parti” olacaqdı, bütün dostları ilə yaxşı əylənəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

Bütün türk soylu xalqların qəlbində özünə məskən tapmış Yunus Əmrə bir eşq aşiqidir. Onun adı türk-islam dünyasında ən böyük haqq aşiqi kimi çəkilir. Yunusi yaşadan onun haqqa bütün varlığı ilə bağlı olması, şeirlərində insandakı mənəvi ruhi saflığı hər şeydən üstün tutması idi. 

Onun yaradıcılığında yer tutan əsas məsələlərdən biri də təlim-tərbiyə və əxlaq-mənəvi məsələlərdir.

“Mən gəlmədin dava üçün, mənim işim sevgi üçün”, - deyən Y.Əmrə irfanın insan həyatındakı müstəsna rolunu yüksək qiymətləndirir. “Böyük və əhatəli bilik” mənasını verən irfan həyatın və insanlığın mahiyyəti, dünyada baş verən hadisələrin hikməti, Allahın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusudur. Allah elmdən çox irfanla bilinir. İrfan hər gözə, hər könülə görünməyən Tanrını bilməkdir. Buna isə eşq yolu ilə nail olmaq mümkündür.

Haqq aşiqinin eşqi ilahi eşqdir, onun əsərlərində insan sevgisi Tanrı sevgisi ilə birləşir. Yunusun insan sevgisi əslində onun insanda Allahdan bir zərrə olduğunu bilməyindədir. Yunusun fikrincə, hər insanda Allahın bir zərrəsi var. O, zərrənin bütününə – Allaha aşiqdir. Bu üzdən də “Yaradılanı sevdim Yaradandan ötrü”, - söyləyir . Yaradana qovuşmaq mənəvi kamillik – kamilləşmək yolundan keçir.Onun şeirlərində insan sevgisi Tanrı sevgisiylə birləşir. Humanist prinsipləri qoruyub saxlamağı, insanların öz könül dünyasını daim zənginləşdirməsini tövsiyə edən böyük sufi sənətkar bunu Allaha qovuşmağın tək yolu kimi dəyərləndirir.

Mənəvi kamillik yolunun 4 qapısı var: şəriət, təriqət, mərifət və həqiqət. Bu həm də irfan elminin ana xəttini təşkil edir. Bu mərhələləri keçməyənlərin əli Allah dərgahına yetişməz. (Bəzən bu mərhələlərin sayının 3 olduğunu da söyləyirlər. Belə ki, mərifət ayrıca mərhələ kimi yox, haqqı tanıma elmi, həqiqətin dərki və ilahi bilik kəsbetmə, ariflik mənasında götürülür.)

Şəriət Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun-qaydaların, əməli fəaliyyətlə bağlı göstərişlərin, rəftar və davranış normaları ilə əlaqəli buyruqların məcmusudur. Təriqət şəriət qaydalarına əməl etməklə gedilən yoldur, bu qaydaların əməli şəkildə gerçəkləşdirilməsidir. Həqiqət isə son məqsəd, yəni Haqqın özüdür.

 

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri.

 

Alimlər şəriəti tibb kitabına, təriqəti dava-dərmana, həqiqəti isə xəstəlikdən tapılan şəfaya bənzədirlər. VII əsr sufi alimi Əzizəddin Nəhf “əl-insan əl-kamil” kitabında yazır: “Bil ki, şəriət peyğəmbərin sözü, təriqət onun əməli, həqiqət isə peyğəmbərin gördükləridir.”

Haqq nuru ilə yanan şair “mumsuz baldır şəriət, təmiz yağdır təriqət”,- söyləyərək insanları bu nemətlərdən dadmağa, yalançı, fani dünyaya aldanmamağa, üzü Həqqə doğru getməyə səsləyir. Haqq aşiqi göstərir ki, insanın təkcə öz səyi və ağlı ilə kamilliyə yüksəlməsi və Allahına qovuşması – insanlığın yüksək nöqtəsinə çatması çətindir. Təlim-tərbiyə, nəsihət almadan, daxilən təmizlənmədən, paklaşmadan və “əlifnən beyi bilmədən” haqq yoluna nəzər etmək mümkün deyil.

 

İşbu məclisə gəlməyən, anub nəsihət almayan,
Əlifdən beyi bilməyən oqır kişi olur hər gün.

 

Ona görə də o, bu zirvəyə çatmış kamil və yetkin şəxslərin - ərənlərin ətəyindən tutmalı, müdərris və mürəbbilərdən (müəllim və tərbiyəçi) öyrənməlidir:

 

Gəlmək gərək tərbiyətə, pis işlərdən əl çəkə,
Nə söylərsə, mürəbbisi, ancaq onu tuta gərək.


Şairinin fikrincə, insan özünü dərk etmək üçün “gərək çox bilə, gərək çox öyüd ala”. Təsadüfi deyildir ki, allah kəlamı olan Quranın 750 ayəsində öyrənmək tələbi irəli sürülür. Yunus Əmrənin “oxudum, bildim demə” sözləri Məhəmməd peyğəmbərin “Beşikdən qəbir evinə kimi öyrənin” buyruğuna haq verir, şair deyir:

 

Elm eli bilməkdir, özünü dərk etməkdir.
Sən özünü bilməsən, elm nəyə gərəkdir.

 

Elm, bilik bizim gələcəyimizi aydınlaşdırır. Ayağımızı inamla yerə basmağımıza kömək edir. Bilik öyrənməklə əvvəlcə özümüzü tanıyırıq. Özümüzə istinadən başqalarını, başqalarından və təbiətdən öyrəndiklərimizlə yenidən özümüzü tanıyırıq. Beləliklə, bu günümüzü yaşayır və gələcəyimizi qururuq.

Biliksiz insan savaş davuluna bənzəyir, səsi çox, içi boş olur (S.Şirazi). Aldığı bilik sayəsində insanın özünü tanıması böyük nemətdir. Bilik insanı küləyin səmtinə əsməkdən xilas etməli, onun nə istədiyini və nə üçün istədiyini aydınlatmalıdır. İnsan elmə sahib olmaqla bilməlidir ki, onun borcu həm özünün, həm də başqalarının haqlarını qorumaqdır. İnsan oxuduğuna, biliyinə uyğun hərəkət etməlidir. “Nə qədər oxuyursan oxu, biliyinə uyğun hərəkət etmirsənsə, cahilsən.”

 

Oxuduğunun nə manası, əgər haqqı bilməsən.

Haqqı ki bilmədin sən demək quru əməkdir.

 

Müdrik ozana görə, sevgi, maraq və həvəs bilik öyrənməyin hərəkətverici qüvvəsidir. Onun fikrincə, həvəssiz və sevgisiz bir könül qara daşdır. “Daş könüldə nə bitər?” Elm öyrənmək əyləncə deyil, səbir və zəhmət tələb edir. Şair özü demişkən, elm öyrənmək istəyən “şərbəti əlindən qoyub, ağunu nuş etməlidir ki, haq yolunu tapa, doğru yola vara bilə.”

Ulu ozanın gözündə insan qəlbini ələ almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Öz yaradanına üz tutan insan daxilən saf və təmiz olmalıdır. Onun ruhu dünya kirinə bulaşmalı deyil. O, maddiyyat bataqlığında çırpınmalı da deyil. Bu mənada şairin “İşin-taşun murdar ikən, eşq neyləsin sənin ilə” sözləri təsadüfi sayılmamalıdır.Həyatda pislikləri görərək onlardan dərs almaq, nəticə çıxarmaq, yaxşılıqlardan və yaxşılardan nümunə götürmək Yunusun gənclərə verdiyi həyat dərsi idi.

 

Bircə könül yapdın isə, əl-ətəyin tutdun isə,
Bir yol xeyir etdin isə, lap mində bircə, az deyil.

 

Şairə görə, “Bir könül yıqdın isə bu qıldığın namaz degil.”Şair şeirlərində könül qıranın

 qıldığı namazın Allahın dərgahında qəbul olunmadığını, bircə insanın könlünü almağın, ehtiyacı olana əl uzatmağın, kiməsə çörək verməyin, digər xeyir işlər görməyin savabını vurğulayır, bunu insan ömrünün zinəti hesab edir. Bu cəhətdən Yunus Əmrəyə görə «Yüz Kəbədən yeyrəkdir, bir könül ziyarəti.»

Haqq aşiqi insanların gözündəki cahillik pərdəsini qaldırmağa çalışır. Y.Əmrəyə görə, cahillərə bilik vermək təhlükəlidir. Çünki “cahil mömün olsa yenə, cahilliyindən qalan deyil, cahil sığal görən deyil.” Şairin fikrincə, cahilin könlü qara daşdan betərdir. “Cahilə söz anlatmaq kora rəng anlatmaq kimidir.” (İmam Evzai). “Cahil kimsənin yanında kitab kimi səssiz olmaq məsləhətdir” (Mövlana)

 

Dünyayə gələn köçər, bir-bir şərbətin içər,
Bu bir körpüdür keçər, cahillər anı bilməz.

 

Yunus Əmrə heç zaman xalqdan ayrılmamışdır. “Elim varsa, mən uluyam”, - deyən şair xalqa rəhbərlik edənlərin dinindən və millətindən asılı olmayaraq insanların hamısını bir gözlə görməyi tələb edir:

 

Yetmiş iki millətə bir göz ilə baqmayan,
Şərin övliyasıysa, həqiqətə asidir.


Və yaxud:

 

Bütün xəlq olanlara bir göz ilə baxmayan,
Xalqa müdərrisdirsə, həqiqətə asidir.


Şair insanları haqq yolu tutmağa, gözəl əxlaq eyləməyə, doğruçuluğa, daxilən saflaşmağa və kamilləşməyə, ərənlərin və mərifət sahiblərinin qulluğunda durmağa, yaxşılıq etməyə və yaxşı-yaxşı işlər görməyə səsləyir:

 

Əl üzməyin əhillərdən, uzaq gəzin cahillərdən.
Tanrı bezib bahillərdən, onları heç görən deyil.

 

Y.Əmrənin görüşləri, fikir və ideyaları hər zaman olduğu kimi indiki günümüzdə də öz müasirliyini və aktuallığını saxlamaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

 

 

                                                                                            

 

 

 

 

 

 

Bazar ertəsi, 03 İyun 2024 10:01

Ralf Ualdo Emersonun uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Ralf Ualdo Emersona aiddir. O, Amerika şairidir.

 

Ralf Ualdo Emerson

(1803-1882)

ABŞ

Dağ və dələ

 

Dağla dələ

Girib bəhsə

Söhbət açdı.

Dağ dələni

Görən kimi

Dedi: – Bu ki

Bapbalaca,

Xırdacadı.

Dələ dedi:

Sən nəhəngsən

Bu biçimdə!

Mən bilirəm,

Öz yeri var

Böyüyün də,

Kiçiyin də.

Havalar da

Cürbəcürdür –

İstisi var,

Sərini var.

Tamamlayır

Gələn ilin

Hər birini

Bu havalar.

Kim istəsə,

Peşkəş kimi

Mən verərəm

Öz yerimi.

Sənin təki

Nəhəng olmaq

Deyil asan.

Sən də dönüb

Mənim boyda

Olammazsan.

Gücüm çatmaz

Meşələri

Sənin təki

Saxlamağa.

Dələ dedi

Sonra dağa:

Bax, sənin də

Gücün çatmaz

Şam qozunu

Sındırmağa.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

 

Bazar ertəsi, 03 İyun 2024 14:04

Sahmat dueli GÜLÜŞ KLUBUNDA

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Şahmatçı kişi feminist qadınla şahmat oynayarkən.

-Xanımsınız, ağlarla oynayıb birinci siz gediş edin.

-Mənə sizin nəzir lazım deyil, bu nə adama girişmək variantdır belə, seksistsiniz siz? 

-Yaxşı, onda qaralarla oynayın. 

-Siz həm də rasist imişsiniz ki.

-Tutulub qaldım. Nə deyim axı? Yaxşı, atla gediş edin.

-Fu! Bu aşkar zoofilizimdir. 

-Yaxşı, heç nə demirəm. Gediş edin.

-Mən hərəkətliyəm, gedə bilirəm, bəs əngəllilər necə olsun? Niyə onların heysiyyatına toxunursunuz?

 

2.

“Noğul” adlı qənnadı fabriki şəkərli diabet olanları işə qəbul edir.

 

3.

Ölkə sürətlə inkişaf edir. Baxın, yazın əvəzinə sürətli inkişaf nəticəsində yay gəldi. Bu da son deyil. Daha əzmlə çalışıb bir qədər də irəli gedəcəyik.

 

4.

Əgər sənin içində emosiyalar qaynayırsa, qapağı əsla qaldırma. 

 

5.

-Ay qız, Güləndam, harda işləyirsən?

-Azərbaycan Milli Elmlər Akademiyasında.

-Boy. Nə gurultulu çıxdı. Ay qız, daha dəqiq!

-Genetika institutunda.

-Bir az da dəqiq.

-Eksperimentlər üçün material toplayan qrupda. 

-Bəs daha konkret desək!

-Analizlər üçün siçan tuturam. 

 

6.

Rus lətifəsi.

Uşaq bağçadan evə gələrkən atası soruşur:

-Bu gün nə iş gördüz?

-Ana şəkli çəkdik.

-Axı dünən də ana şəkli çəkmişdiz.

-Aha.

-Srağa gün də.

-Aha.

-Bu necə olur ki?

-Biz hər gün ana şəkli çəkirik. Tərbiyəçi üstümüzə qışqırır ki, “hamı sakit oturub şəkil çəksin. Sizin ananızı!”

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Göy lobya çığırtmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR:

§ Göy lobya – 100 qr

§ Soğan – 20 qr

§ Göy soğan – 8 qr

§ Keşniş – 8 qr

§ Kərə yağı – 27 qr

§ Pomidor – 25 qr

§ Yumurta – 40 qr

§ Sarımsaq – 3 qr

§ Sarıkök – 0,1 qr

§ Zəncəfil – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr

 

HAZIRLANMASI:

Lobya təmizlənir, yuyulur, samanvarı doğranır və qaynar duzlu suda pörtlədilir. Qızdırılmış yağda xırda doğranmış soğan qızardılır, sonra üzərinə pörtlədilmiş lobya əlavə olunur. Bunlar bir yerdə qızardıqdan sonra qabığı təmizlənmiş, xırda doğranmış pomidor, göyərtilər, duz, istiot, ədvalar vurulur, qarışdırılır, yağa düşənə yaxın çalınmış yumurta əlavə olunur və qarışdırılır. Süfrəyə qatıqla verili

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

AYRIC

                    

4.                 

 

 

Mədinə əli ilə ağzını tutub onu cavab verməyə qoymadı. Hotelin qeydiyyat şöbəsində sənədlərini yoxlasaydılar, məsələ əməlli-başlı şişəcəkdi. Əlac ancaq susub deyilənlərə tabe olmaq idi.

Polis otaqdan daha səs çıxmayacağına əmin olduqdan sonra qapını yenə arxadan açarla bağladı. Bir qədər sonra isə dəhlizdən onun uzaqlaşan ayaq səsləri eşidildi.

Yaman yerdə axşamladı. Hoteldən çıxmaq daha mümkün olmayacaqdı. Ən azı vəziyyət durulana qədər gözləmək lazım idi. Bəlkə kimi isə tapıb ovcuna pul bassın? Ağlına gələn ilk fikir bu oldu. Pul açan qapını qanun da açmır. Dünəndən söndürdüyü əl telefonunu şəbəkəyə qoşub oğluna zəng etdi. Həqiqəti ona olduğu kimi danışmalıydı. Başqa çarə qalmamışdı.

Oğlunun səsi küskün idi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Səsini eşidən kimi ağlamsınıb: – Ay ata, hardasan? Ürək-göbək qoymadın məndə! Dünəndən səndən nigaranam. Anam da bu gecə gözünü yummayıb. Bilmirik ölmüsən, qalmısan. Telefonunu da söndürmüsən. Qəzaya-zada düşməmisən ki? Şəhərin bütün xəstəxanalarını, morqlarını gəzmişəm. Yağlı əppək olub çəkilmisən göyə. Adam belə eləyər? Hardasan indi? Gəlirsən? – dedi.

– Ay bala, bir mafar ver də danışım. Yox, gələ bilmirəm. Məni karantinə salıblar!

– Necə yəni karantinə salıblar? Harda salıblar? Kim salıb? Xəstələnmisən bəyəm? Hardasan indi? Xəstəxanadasan? Bu dəqiqə yerini de, gəlim ora! – oğlu sualı suala calamışdı.

– “Sirat” otelinə gəl. Mərdəkan yolundan Şağana burulan döngənin üstündədir. Hündür, dördkünc binadır. Qabağında da cürbəcür bayraqlar asılıb. Qırx altıncı otaqdayam. Aşağıdan soruşsan, sənə deyəcəklər. Burda kimisə KOVİD tutub deyə hamımızı basıblar karantinə. Bir xeyli təzə yoluxan da var. İkisi gecəynən ölüb. Hələ anana bir söz demə ha. Bura gəl. Səninlə işim var. Özünlə pul da götür gələndə. Burda kimisə tap, onunla əməlli-başlı danış, ovcuna pul bas. Bir sözlə, neynirsən elə, məni burdan qurtar!

Yarım saatdan sonra oğlu hotelin foyesindən zəng etdi.

– Burdayam. Məni də içəri buraxmırlar. Çıx eyvana, heç olmasa üzünü görüm. Sənin oteldə nə işin vardı axı?

Eyvana çıxdı. Oğlu çarəsiz görünürdü. Onunla da sına-sına danışırdı: – Özün həmişə deyirdin ki, tülkünün bazarda nə ölümü var ki, dərisinə qiymət qoysunlar. Təzyiqin-zadın qalxmayıb ki? Təksən orda?

– Gic köpəyoğlu... o məsəlin yeridir indi mənimçün çəkirsən?! Kiminlə olacam? Əlbəttə təkəm. Təzyiqim də qalxacaq! İki yüzə qalxacaq. Keç içəri, otelin müdiriynən, həkimlərnən, nə bilim, kiminlə istəyirsən, dil tap, danış da. Mənə misal nöş çəkirsən? Polis deyilsən? Bunlar da polisdilər də. Curların deyil? Məni burda niyə saxlayıblar? Xəstə-zadam mən? – deyib hirslə içəri keçdi.

Mədinə yorğanı başına çəkib yatmışdı.

Bir azdan oğlu bir də zəng edib: – Otelin içindən heç nə etmək mümkün deyil. Burda ancaq icraçılardır. Sən bir az döz, görüm hardansa yuxarıdan oteldəki qərargaha təziyq elətdirə bilirəmmi? Anama deyim sənə yemək-zad hazırlasın? – soruşdu.

– Oğlum, hələ heç kəsə heç nə demə. Bir dəfə də kişi kimi hərəkət elə. Anana de ki, Filippinə-zada məzuniyyətə gedib. Denən, bilmirəm haçan qayıdacaq. Çox soruşsa, denən ölüb. Nə bilim, özün bir şey uydur de də. Amma məni bu gün burdan çıxart. Qoyma burda qalım. Biabır olmayaq da hər ikimiz. Bir dəfə oğulluq elə də mənə heç olmasa, – deyib əlini bərkdən eyvanın məhəccərinə vurdu.

Oğlunun sonda “Yaxşı” deyib söhbəti bitirməsi də heç xoşuna gəlmədi. Oğlu “Yaxşı” sözünü də heç yaxşı-yaxşı demədi. Axtardığı adamları da belə axtarsa, heç nə! İşləri yaxşı olmayacaqdı.

İçəri keçib sakitcə Mədinənin yanına uzandı. Əlini onun yumru döşlərinin üstünə qoyan kimi hər şeyi unutdu. Qadını arxadan qucaqlayıb bir hovurluq gözünü yumdu. Gözlərinin çimirini alıb çarpayıdan qalxmaq istədiyi zaman telefonuna TƏBİB-dən KOVİD-ə yoluxması ilə bağlı mesaj gəldi. Əvvəlcə mesajın ona göndərildiyinə inanmadı. Elektron mətni bir neçə dəfə oxudu. Ad da, soyad da onun idi. Ədəli-dədəli KOVİD-ə yoluxmuşdu. Bu səbəbdən də o və onunla bir otaqda olan Mədinə Verdiyeva daha ciddi karantinə alınırdılar. Onlar bu gündən hotel otağından on dörd gün ərzində çölə çıxa bilməzdilər və bu qadağa artıq Cinayət Məcəlləsinə düşən qanunlarla tənzimlənirdi. Bu isə o demək idi ki, əgər onlar özbaşına otaqdan çıxsalar, artıq həbs də oluna bilərdilər. Yenə də öz gözüylə oxuduqlarına inanmadı. Mesajı təkrar-təkrar bir neçə dəfə də bərkdən oxudu. Sonra Mədinəni yuxudan oyadıb ona da oxutdurdu. Ancaq bundan sonra əmin oldu ki, bəli, mesaj ona gəlib və vəziyyət çox ciddidir. İşin ağırlığını dərk edəndə isə əməlli-başlı qorxdu. Ayağa qalxıb otaqda var gəl edə edə: – Əgər doğurdan da xəstələnmişəmsə, mənə oteldə kim baxacaq? Öləcəm? – qışqırdı. Əslinə qalsa, ucadan olsa da, daha çox özünə verdiyi bu suala Mədinə gülə-gülə cavab verdi: – Kim baxacaq? On dörd günlük halal karantin arvadın xanım Mədinə!

Eyvana çıxıb dalbadal iki siqaret çəkdi.

İçəri keçəndə Mədinənin güzgü qarşısında dayanıb sakit-sakit bəzəndiyini gördü. Mədinə həyatın bir parçası kimiydi. Heç nəyə münasibəti yox idi. Olanları olmalı olan olacaq kimi qəbul edirdi. Bununla belə, o həm də qadın idi. Qadın kimi də bütün hallarda və vəziyyətlərdə sığallanırdı. Mədinənin sakit davranışı içində yaranmış qəfil həyəcanını bircə anda ovutsa da, hələ də axıra qədər sakitləşə bilmirdi. Uşaqlıqdan xəstəlikdən qorxurdu. Məsələ heç də xəstə kimi yataqda keçirəcək günlərdə, ona vurulacaq iynələrdə və ya içəcəyi dava-dərmanda deyildi. Dar otaqda qalmaq, özünü xəstə kimi hiss etmək də onun üçün daha böyük işgəncəydi. Adını biləndən, özünü tanıyandan qapalı yerlərdə ürəyi sıxılırdı. Hələ bu günə qədər liftə, metroya minməmişdi. Dar otaqda heç vaxt tək oturmamışdı. Otaq nədir? Əyninə dar köynək belə geyinməmişdi. Dar dəhlizlərdə də ürəyi ağzına gəlirdi. Hamamda çiməndə belə qapını açıq qoyurdu. Həbsxanadan da daha çox bağlı qapılarına görə qorxurdu. İndi onun üçün ən çətini bu havasız otaqda on dörd gün sərasər xəstə kimi qalması idi. Buna dözə biləcəkdimi? Adının bədnam olması bir yana qalsın, bu darıxmaq işi, sıxılmaq halı ona xəstəlikdən çox əziyyət verəcəkdi. Ən qəribəsi də bu idi ki, xəstələndiyini təsdiqləyən xəbər gələndən özünü daha yaxşı hiss etməyə başlamışdı. Nə qızdırması vardı, nə öskürürdü, nə tərləyirdi, nə də ki başqa bir xəstəlik əlaməti duyulurdu. Bəlkə həkimlər səhv edib ona başqa bir adamın yaxmasının cavabını göndərmişdilər?

Qapıya yaxınlaşıb içəridən astaca döydü.

Bir müddət sonra tanış polis qapının arxasından: – Yenə nə istəyirsən? – soruşdu.

– Tələb edirəm ki, test üçün məndən təzədən yaxma götürsünlər! Mənə göndərilən mesaj səhvdir. Mən xəstə deyiləm. Özümü çox yaxşı hiss edirəm! Heç zaman olmadığı kimi də gümraham! – dedi.

Polis qapının arxasından: – Qeydlərinizi qərargaha çatdıraram! – söylədi.

Mədinə yatıb yuxusunu almışdı. İndi də masanın arxasında oturub gözlərini geniş açaraq maraqla tavandan asılmış çilçırağın şüşə şamdanlarına baxırdı. Qəfildən qadın nə sənə, nə mənə, pişik kimi divandan mizin üstünə hoppandı. Əli çatsın deyə ayaq barmaqlarının ucunda dikəlib çilçırağın şüşə şamdanlarını bir-bir çıxarıb divanın üstünə atdı. Sonra yenə aşağı enib otağın qalın qış pərdələrinin üzünə çəkilmiş ağ tülü rəzələrindən çıxartdı. Və dinməzcə divana əyləşib səbirlə şüşə şamdanları tül pərdənin kənarlarına bərkitməyə başladı. Ayaq üstündə dayanıb Mədinənin cani-dildən nə etdiyini anlamaq istəyirdi. Ağlına hələ heç nə gəlməmişdi. Ona sual verməyə də həvəsi yox idi. Sadəcə, başının üstündə dayanıb təmkinlə qadının əllərinə tamaşa edirdi.

Mədinə karnizin bəzi plastik tutacaqlarının hələ də üstündə qaldığı tül pərdəni son dəfə əliylə hamarladıqdan sonra ayağa qalxıb dedi: – Bilirsən səninlə eyni damın altında yaşamaq üçün nə qədər dualar edib, şam yandırmışam? Bu gün dualarım müstəcəb olub. Qorxma. Arvadın duyuq düşsə, deyərsən ki, otaq təmizləyənəm. Onun artıq özünü aldadan vaxtıdır, inanacaq! Nə desən, özünü inandıracaq. Bundan sonra səni atıb gedəsi deyil ha. Sən artıq dövlətin qarantı ilə mənim on dörd günlük ərimsən. Bizi tale bir otağa salıb, özü də qoruyacaq ki, qaçmayasan. Gəl səninlə iki həftə ideal ailə həyatı yaşayaq. Bir azdan toy edəcəyik. Qoy gəlinliyimi hazırlayım. Dizayn özümündür ha. Eksklüziv Mədinə brendi, – Mədinə qəzəl deyirmiş kimi əruzda danışırdı.

– İdeal ailə necə olur ki? – beynini yoran suallardan yorulub Mədinənin oyununa sığındı.

– Gör kim məndən nə soruşur. Mən hardan bilim, adə, ailə necə olur? Mən ailə görmüşəm? Mən ancaq uzaqdan-uzağa səni sevmişəm. Və sən yanımda olmayanda darıxmamağı öyrənmişəm. Geyin pencəyini, gəl bəy kimi otur böyrümdə. Sonra görək başımıza nə gələcək! – deyib Mədinə üzündən öpdü.

Sonra divardakı şəkildə Dionisə baş əyən ağ qırçın donlu yunan qadını kimi qarşısında baş əyib: – Tanrım, mən bu gündən sənin qulunam, istəsən məni Allah yolunda qurban kimi kəsə də bilərsən, istəsən sevə də bilərsən! – pıçıldadı və tül pərdədən hazırladığı ətəyi şamdanlı toy paltarını gülə-gülə əyninə geyindi. Paltar, həqiqətən də, gözəl alınmışdı. Bahalı butiklərdə satılan gəlinlikləri xatırladırdı.

Hər ikisi qəribə bir sevinclə miz arxasında oturmuşdular.

Mədinə süfrəyə haradansa yemək də tapıb düzmüşdü. Bir kənarda mini barın içkiləri sıraya düzülmüş əsgər taqımı kimi farağat durmuşdular. Sanki bu dəqiqə çiyinlərindəki silahlardan öldürülmüş dostlarının şərəfinə göyə yaylım atəşləri açacaqdılar.

Oturub sevgiylə bir-birinin üzünə baxırdılar. Mədinənin ürəyi, onun da üzü gülürdü.

Nəhayət, Mədinə mizin arxasından ayağa qalxıb: – Sənə üç sualım olacaq. Amma əvvəlcədən söz ver ki, nə qədər burdayıq, cavab verəndən sonra keçmişə qayıtmayacaqsan! – pıçıldadı.

– Buyur, Dədə Qorqud! – dedi.

– Bütün günü pul dalınca qaçırsan. Pul səni xoşbəxt edib? – Mədinənin birinci sualı onun üçün gözlənilməz oldu.

– Canavarı ayaqları doyurur. Ora-bura qaçmasam, nə yiyərəm? Dünyanın açarı puldur! – dedi.

– Arzuladığım bu on döpd günü səninlə birgə yaşamağım üçün mənim karıma pul gəldi? – Mədinə demək istədiyini indi dedi.

– Əlbəttə yox! – deyib razılaşdı.

– Mən səni pulla heç zaman ala bilməzdim. Ancaq arzulaya bilərdim. İndi gördün arzu puldan necə üstündür! – Mədinənin üzü də sözü qədər gülürdü.

– Gördüm! – dedi.

– Sən hələ də gerçəyi anlamırsan. Pul heç nəyi həll etmir! Düzünü de, toy günündə məni xatırladın? – qadının səsi titrədi.

– Yox! – pıçıldadı.

– Yalan deyirsən! Sən məni unudasan deyə evlənirdin! –  Mədinənin gözləri doldu.

 

 “Ədəbiyyat və incəsənət”

(03.06.2024)

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının iyunun ilk yarısı üçün repertuarı açıqlanıb. “Ədəbiyyat və incəsənət” portalı olaraq repertuarı təqdim etməyi düşündük. 

 

Xatırladım ki, teatrın iyun repertuarına şənbə günü “Artistin taleyi” tamaşası ilə  başlanğıc verilib, dünən isə artıq premyera olub. “Kresloda əyləşən kişiyə sevgi etirafı” adlı tamaşa məşhur yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında səhnələşdirilib və Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. 

 

Əsl etiraf adlana biləcək əsər tamaşaçılara ailə münasibətlərinə daha fərqli bucaqdan baxmağa imkan yaradır və yəqin ki, onu izləyənlərin baxış bucağında müəyyən korrektələr oldu. 

“Kresloda əyləşən kişiyə sevgi etirafı” kişi-qadın münasibətlərinin tükənməz fəlsəfəsi üzərində qurulmuş pyesdir. Bu monoloq ötüb keçən gənclik, soyuyan hisslər, xəyanət, inciklik, deyilməmiş sözlər, etiraf edilməmiş fikirlərin etirafıdır. Əsər, həmçinin bir ailənin ömür boyu davam edən həyat hekayəsidir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Dekorasiya üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Musiqi tərtibatı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Olqa Arsentyevaya, işıq üzrə rəssamlıq Nikolay Rudıçevə məxsusdur.

 

Bundan başqa, teatrın iyunun birinci yarısı üçün repertuarında “Albalı bağı” (iyunun 7-də), “Kişi, qadın, pəncərə...sevgili” (iyunun 8-də), “Əli və Nino” (iyunun 9-da), mayın 20-də premyerası olmuş “Yekaterinanın yataq otağında” (iyunun 14-də), “Qürur və qərəz” (iyunun 16-də) tamaşaları yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.