İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sən ən mürəkkəb obrazlarıcanlandırasan, özü də bu qədər mükəmməl. "Hacı Qara"da Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Məstəli şah, "Nadir şah"da Nadir şah, "Ölülər"də Kefli İsgəndər… Siz bir obrazlar qalereyasına baxın…
İsa Musayev 27 noyabr (bəzi mənbələrə görə 25 dekabr) 1912-ci ildə Naxçıvan şəhərində anadan olub. Yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olub, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlib, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıdan və teatrda aktyorluq fəaliyyətinə başlayıb.
İsa Musayev teatrda ilk dəfə Səməd Mövləvinin rejissorluğu ilə hazırlanan "Sabirin məhkəməsi" pyesində Sabir obrazını yaradıb. 1930–1940 və 1943–1976-cı illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorlarından olub. O, 1940–1943-cü illərdə təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.
İsa Musayev 1942-ci ildən ÜİK(b)P üzvü olub, 1943-cü ildən Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi işləyib. Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib. Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan İsa Musayev 8 fevral 1976-cı ildə Naxçıvanda vəfat edib.
Təltif və mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Şərəf nişanı" ordeni
İfa etdiyi əsas rollar
1. "Hacı Qara", Mirzə Fətəli Axundov — Hacı Qara
2. "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah
3. "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Fəxrəddin
4. "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Qurban
5. "Nadir şah", Nəriman Nərimanov — Nadir şah
6. "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
7. "Eşq və intiqam", Süleyman Sani Axundov — Çingiz və Əlimərdan
8. "Fitnə", Abdulla Şaiq — Bəhram şah
9. "Vətən", Abdulla Şaiq — Bilici baba
10. "Sevil", Cəfər Cabbarlı — Balaş
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)


