Super User
Gülüşü yaddaşlarımıza hopan aktyor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gülüş onun simasına yazılmışdı, onun səsinə yazılmışdı. O, həqiqətən də güldürməyi bacarırdı. İndikilər kimi hoqqa çıxarıb güldürməzdi, onun gülüşü ürəkdən və şüurdan gələn gülüş idi...
Mən Xalq artisti Hacıbaba Bağırovdan danışıram. Çoxunuz onu yaratdığı obraza uyğun Sonqulu kimi tanıyırdınız...
Azərbaycan SSR xalq artisti Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959–1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.
Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
Filmoqrafiya
1. Kişilər
2. Sehrli çıraq
3. Salam, Zeynəb
4. General
5. Müşavirə
6. Aktrisanın təbəssümü
7. Bir az da Bahar bayramı
8. Məhəllə 2 Moskvada
Mükafatları
- Respublikanın Əməkdar Artisti
- Azərbaycan Xalq Artisti
- "Şöhrət" ordeni
- Qızıl Dərviş
Hacıbaba Bağırov 4 oktyabr 2006-ci il, 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
4 oktyabr Cəbrayıl şəhər günüdür
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Cəbrayıl! Neçə-neçə igidin ömür payını ömrünə qatan, neçə-neçə anaların gözyaşı axıtdığı, oğul deyə bağrına basdığı diyar! Nə çox dağ çəkildi bağrına, nə çox gözyaşı qurutdun torpağında... Sayı yox, hesabı yox.
Araz çayı üzərində köksündən yaralanan Xudafərin 30 il diz çökmədən, qürurla hər gün yolunu gözlədi. Tağlarını hər gün Araz yudu, gün qurutdu, bağrı yansa da, bağrı çatlasa da, dözdü, dayandı. Sən daha da yara almayasan, sən daha da sınmayasan deyə, Fəridlər, Elçinlər, Şahinlər, Nicatlar, Anarlar bir-birinə sipər olub sənə tuşlanan gülləyə hədəf olub, öz qanları ilə sənin xəmirini yenidən yoğurdu. 33 Cəbrayıl igidi sənin son azadlıq çırpınışlarına qalxan olub taleyini sənin taleyinə bağlayaraq ölümsüzlüyə yol aldı.
Bu gün sənin günündür. Aşıqların ulu babası Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın Vətəninin günü. Yoxluğunun ağrısında ürəyi qubar eləyən mərd oğulların bu hicrana dözməyib başını almış qara buludları şimşək olub doğradı, öz canlarından can qoparıb torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. Başdan-ayağa fəxarət, qürur, şərəf simvolu ilə dolub-daşan bu diyar hər səhər Günəşin al şəfəqlərində öz gücünü qalxan edib Azərbaycanın qanayan yaralarını sağaldır, hər gecə səssizliyə bürünüb, qoynunda yatan yüzlərlə şəhidin qanı sayəsində nəfəs alır.
Xudafərin! Ey aşılmaz körpü! Afərin sənə. İllərlə düşmən tapdağında əzilmədən, qırılmadan güclü qaldın! Qəhrəman ayaqların keçdiyi körpü oldun. Oğulların mərdcə sığındığı, can verdiyi liman oldun! Cənub-Şimal bütövlüyündə mayak oldun! Səndən güc alaraq yazdı igidlərin tarix adlı türkün zəfər dastanlarını, igidlik salnamələrini...
***
Cəbrayıl Kür-Araz və Qədim Şərq mədəniyyətinin qovuşduğu tarixi məkandır. Buradakı mağaralar, siklop tikililəri, daş üzərində müxtəlif naxışlar, qədim yaşayış yerləri, istehkam və qəbiristanlıq qalıqları bunu təsdiq edir. Ərazidə çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusi əhəmiyyət kəsb edir.
Rayon Azərbaycanla İran sərhədində – Araz çayının sol sahilində yerləşir. A.Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Adıgözəlbəy, Məhəmmədhəsən bəy Baharlı və başqaları əsərlərində bu torpaq haqqında zəngin məlumat verir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Cəlil Məmmədquluzadə də Cəbrayılın adət-ənənələri, mədəniyyəti ilə bağlı yazılı ədəbiyyatda fikir bildiriblər.
Deyilənlərə görə, Cəbrayıl tarixi şəxsiyyət olub, Ziyarət dağından Araz çayına qədər torpaqlar da onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs “Cəbrayıl ata” deyilən yerdə dəfn edilib. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adlı məqbərə, Kordubaba dağında məzar və qədim yaşayış yerlərinin izləri günümüzədək qalmaqdadır. Qumlaq, Veysəlli, Alıkeyxalı və Şahvəlli kəndlərinin camaatı da özlərini Cəbrayılın nəslindən hesab edir.
Cəbrayıl igidləri hər zaman vətənpərvərlikləri ilə düşmənə qan uddurublar. Hələ II Dünya müharibəsində 4242 nəfər səfərbərliyə cəlb olunaraq 1672 nəfər döyüşlərdə şəhid olub. Bu döyüşlərdə Cəmil Əhmədov, Mahmud İsmayılov, Balay Səfərov, Fərhad Fətəliyev, Bilal Əliyev, Şahı Hüseynov, Gürşad Şərifov, Dünyamalı Rüstəmov və bir çoxları böyük fədakarlıq göstərərək canlarını Vətən yolunda sipər ediblər.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaranıb. İşğaldan əvvəl ərazisi 1050 kvadrat kilometr, 23 inzibati ərazi nümayəndəliyi olmaqla, 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub. Əhali işğaldan əvvəl üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. İşğaldan əvvəl üzüm bağlarından 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. İşğaldan əvvəl rayonda 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və sair fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat qorunurdu. Tibb müəssisələrində 92 həkim, gənc nəslin təlim-tərbiyəsi və təhsili ilə 1600-dən çox müəllim məşğul olurdu.
Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil, 90 nəfərə yaxın vətəndaşımız isə əsir və itkin düşdü. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan 6 nəfər Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Böyük Qayıdış Cocuq Mərcanlıdan başladı…
2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi düşməndən təmizlənib, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Prezident İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ev, 96 şagird yerlik məktəb və məscid tikilərək istifadəyə verildi və 30 may 2018-ci il tarixdən sakinlər bu kəndə köçürüldü.
Ulu Öndərin də dediyi kimi: “Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.
Zəfər müharibəsindən keçən 44 gün ərzində Cəbrayıl şəhəri, rayonun 90 kəndi Ermənistan işğalından azad olundu. Həmin il noyabrın 16-da Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində səfərdə oldu. Xudafərin körpüsü üzərində, Cəbrayıl şəhərində qalibiyyət rəmzi olan şanlı Azərbaycan Bayrağını qaldıraraq bizə qürur dolu anlar yaşatdı. Bu səfər ermənilərin talan etdiyi Cəbrayılı bütün dünyaya erməni vandalizminin sübutu kimi xatırlatdı.
2021-ci il fevralın 14-də Prezidentin Cəbrayıla növbəti səfəri zamanı 7 min hektarda əkin işləri aparılmasını tapşırdı. Həmin il aprelin 26-da Cəbrayıl rayonuna yenidən səfər edən Prezident rayonun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsinə baxış keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi. 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə dövlət başçımızın növbəti səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası, məktəb binası, çoxmənzilli yaşayış məhəlləsi, Cəbrayıl Memorial Kompleksi və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Ölkə başçısı 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi.
2022-ci il mayın 26-da ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək Soltanlı stansiyasının, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. 1000 meqavat yükötürmə qabiliyyətinə malik olan bu yarımstansiyasının tikilməsi beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində bir prioritetdir.
2023-cü il sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu. 718 mənzildən ibarət Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri, 1833 mənzildən ibarət Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçasının tikilməsi üçün görülən işlərlə tanış oldu. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. 2024-cü il may ayının 19-da Böyük Mərcanlı kəndinin təməli qoyuldu. Və cəmi bir il sonra 2024-cü il Oktyabrın 3-də ölkə başçısı və birinci xanımın iştirakı ilə Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb binasının açılışı, bir çox zavod və fabriklərin təməlinin qoyulmasıAzərbaycanın əzəli torpaqlarına sahib çıxmaq qüdrəti və siyasi iradəsi olmaqla yanaşı, həm də doğma Qarabağımız uğrunda canından keçərək şəhidlik məqamına yüksəlmiş qəhrəman Vətən oğullarımızın xatirəsinə ən böyük ehtiram idi.
Cəbrayıl! Sən Aşıq Qurbaninin, Humayın, Kərimin keçmiş sazısan! Dilləndirsən susmayan, ürəklərə söz doldurub, köz vuran Dədəm Qorqudun ayaq izi, irs qaynağı, saz yolusan! Azərbaycanın tarix adlı kitabında qayıdışın simvolusan! Qayıdışına qurban olan minlərlə cansan! Hər şeyin başlanğıcı, unudulmazı, əbədi iz yolusan!
Bu gün sənin günündür. Günün mübarək!
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
"Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" mövzusunda elmi-praktiki konfrans
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanasının dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev, Şəki Regional Elmi Mərkəzin alimləri və gənc tədqiqatçıları, Oğuz rayonunun ziyalıları, şagirdlər iştirak ediblər.
Oncə Ümummilli lider Heydər Əliyevin, Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canınlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Elmi-praktiki konfransı Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova açaraq qonaqları və iştirakçıları salamlayıb, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbirin məqsədinin şairin ədəbi irsində ana dilinə münasibəti, dilin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı ideyalarının təbliğ edilməsi olduğunu vurğulayıb və çıxış üçün sözü Oğuz Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi müdirinin müavini A.Ağayevə verib.
A.Ağayev qonaqları salamlayıb, nəzərə çatdırıb ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb və bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi Oğuz rayonunda da silsilə yubiley tədbirləri keçirilir. Qeyd edib ki, "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" adlı elmi-praktiki konfransın keçirilməsi üçün Oğuz rayonu MKS-nin Mərkəzi Kitabxanasının tərəfdaş seçilməsi olduqca qürurvericidir. O bu birgə əməkdaşlığa görə Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə dokroru, dosent Yusif Şükürlüyə minnətdarlığını bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Sonra söz tədqiqatçı-filoliq Səhər Rzayevaya verilib. Məruzəçi "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilinə münasibət" adlı çıxışında əsrarəngiz ana dilimizin Bəxtiyar Vahabzadə poeziyasında insanların mənəvi aləminin zənginləşməsinə, milli-mənəvi dəyərlərin, varlığımızın, milli kimliyimizin göstəricisi olduğunun aşılanmasına xidmət etdiyini bildirib, ana dilinin qorunması, gələcək nəsillərə ötürülməsi kimi mühüm məsələlərin şairin yaradıcılığının özəyini təşkil etdiyini vurğulayıb.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin hər zaman elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərdiklərini nəzərə çatdırıb, dahi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubiley tədbirlərinin keçirilməsinin, onların şərəfinə abidələrin ucaldılmasının, əsərlərinin böyük tirajla nəşr edilməsinin və başqa bu kimi məsələlərin, incə məqamların diqqətdə saxlanmasını bu qayğının bariz nümunəsi olduğunu deyib. O, bugünkü tədbirin Şəki REM-in təşkil etdiyi tədbirlər silsiləsinin bir parçası olduğunu nəzərə çatdıraraq, elmi-praktiki konfransın təşkilində birgə əməkdaşlığa və göstərdikləri dəstəyə görə Oğuz rayon rəhbərliyinə, Oğuz MKS-nin Mərkəzi Kitabxanasına dərin təşəkkürünü bildirib.
Sonra çıxışını "XX əsr Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu" mövzusu üzrə davam etdirib. Məruzəçi dahi Nizami və Füzulidən sonra "Düşüncədən misraya, misradan əbədiyyətə" missiyasını özündə ləyaqətlə daşıyan, dərin fəlsəfi-estetik düşüncəyə sahib Bəxtiyar Vahabzadənin təkcə dünyəvi deyil, dini dünyagörüşünün məhz klassik irsimizdən qaynaqlandığını və XX əsrin 60-cı illərindən başlayaraq dünya ədəbiyyatına meydan oxuduğunu bildirib. Şairin bədii irsinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsinin deyilənləri təsdiqləyən fakt olduğunu ifadə edib.
Daha sonra Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva "Klassik irs və Bəxtiyar Vahabzadə yaradıcılığı: paralellər və kəsişmələr" mövzusunda məruzə edib. Məruzəçi Bəxtiyar Vahabzadənin əsərlərində dahi Füzulinin eşq fəlsəfəsinin, Nizaminin insanpərvərlik ideyasının, Nəsiminin haqq-ədalət mübarizəsinin yeni rakursdan müasir ifadəsini tapdığını deyib. O, tədqiqat apararkən klassiklərin və Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələrin seçilərək paralellərin və kəsişmələrin müəyyənləşdirildiyini söyləyib, bütün bunların Bəxtiyar Vahabzadə yaradıcılığı üçün motiv rolu oynadığını məzmunlu və geniş məruzəsində şərh edib.
Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova "Sovet ideologiyasının kölgəsində milli təəssübkeşlik" adlı məruzəsində Sovet dövrü yazıçı və şairlərimizin bədii priyom kimi istifadə etdikləri kodlaşdırma, mətnaltı eyhamlar, fikrin dolayı yolla çatdırılması kimi dərin zəka və fəlsəfi düşüncəyə əsaslanan metodların Bəxtiyar Vahabzadə yaradıcılığından da yan keçmədiyini, əksinə şairin bu cür məna yükünə malik əsərlərinin bəşəriyyət və insanlıq üçün humanist mövqe nümayiş etdirdiyini təsdiqləyən önəmli faktor olduğunu qeyd edib.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov Bəxtiyar Vahabzadəni böyük filosof adlandırıb, şairin əsərlərində dərin fəlsəfi məna kəsb edən zaman, insan, həyat, cəmiyyət amillərinin qeyri-adi baxış bucağından təqdim edildiyini dilə gətirib.
Tədbirdə, həmçinin şair tədqiqatçı Yusif Rza, Oğuz rayon Gənclər və İdman Sektorunun əməkdaşı Vüsal Məmmədov Bəxtiyar Vahabzadə haqqında xatirələrini, maraqlı fikirlərini bölüşüblər.
Oğuz şairə Şükufə Ruhlu şairin ruhuna dualar oxuyub, ana dilinə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirib.
Tədbirin sonunda Oğuz MKS-nin direktoru Nəzakət Qasımova çıxış edərək tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə, Şəki REM-in direktoru Yusif Şükürlüyə dərin təşəkkürünü bildirib, belə mötəbər tədbirlərin təşkil olunmasında birgə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.
Tədbirin əsas hissəsi başa çatdıqdan sonra müzakirələr çay süfrəsi ətrafında davam etdirilib. Sonda xatirə fotoşəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
Elçin Şıxlı – daim axtarışda olan uzun yolun yolçusu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Biz onu böyük İsmayıl Şıxlının oğlu kimi tanıyırıq. Amma həyat yolu, fəaliyyət spektri, ərsəyə gətirdiyi işlər bunu deməyə əsas verir ki, o, heç vaxt atasının kölgəsinə sığınmayıbdır, həmişə hər yerdə məhz özü – Elçin Şıxlı olaraq qalıbdır.
Bu gün bu gözəl ziyalımızın doğum günüdür.
Azərbaycan Jurnalistlər İttifaqının sədri, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin məşhur Şıxlinskilər (ən azından general Əliağa Şıxlınskinin adını çəkməyə dəyər) soyundandır.
1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirib.
1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləyib. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olub və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib.
1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V. İ. Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olub.
1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" — "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışıb.
Sonra isə həyatının "Ayna"-"Zerkalo" dönəmi başlayıb. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək qəzetlər qrupunun redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.
Və mütləq bir xatırlatma da edək ki, “Ayna"-"Zerkalo"qəzetləri müstəqil Azərbaycan mətbuatının tarixinə düşən qəzetlərdir, peşəkar jurnalistika, qərəzsiz, obyektiv informasiya, mətbuat kübarlığı – bunlar bu qəzetlərin təlqin etdikləri əsas meyarlar olubdur.
Filmoqrafiya
- Dəli Kür
- Mənə inanın!
- Cavabsız sual
Sonda bizə də dəyərli ziyalımız Elçin Şıxlını hamılıqla təbrik etmək, ona peşə fəaliyyətində uğurlar, cansağlığı və əlbəttə ki, Azərbaycanımız naminə daha çox qurub-yaratmağı arzulamaq qalır.
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
Türk Dövlətləri Əməkdaşlıq Günü böyük coşğu ilə qeyd edildi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Hər il olduğu kimi bu il də dünənki tarix – Türk Dövlətləri Əməkdaşlıq Günü türk dövlətlərində müxtəlif tədbirlərlə, rəsmi qəbullarla yadda qaldı.
Həqiqətən də 3 oktyabr tarixi Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz bu gün, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda imzalanan tarixi sazişlə Türk Dövlətləri Təşkilatının əsası qoyuldu. Bu mühüm hadisə türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsində yeni bir mərhələ açdı.
Son 16 ildə təşkilat həm regional, həm də qlobal miqyasda böyük nüfuz qazanaraq siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da gücləndirib. Türk dövlətləri arasında qarşılıqlı həmrəylik və birliyin möhkəmlənməsi üçün atılan addımlar Türk dünyasının gələcəyinə inamı artırır.
Türk Dövlətləri Təşkilatı bu illər ərzində xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da sıxlaşmasına, mədəniyyət, elm, təhsil və iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verib. Bu əməkdaşlıq yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də güclü inteqrasiya nümunəsi kimi əhəmiyyət daşıyır.
Azərbaycan daima Türk dünyasının birliyi və həmrəyliyi naminə çalışır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türk dövlətlərinin qardaşlığı əbədidir və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyacaq.
Türk dünyası bizim ailəmizdir!
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqisinin mahnı janrında bir nömrəli bəstəkar Tofiq Quliyevdir, mən bunu mübaliğısiz deyirəm, zaman ötür, musiqi trendləri dəyişir, amma onun mahnıları yenə də sevilir, yenə də dillərdə dolaşır.
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyasının yanındaki peşə məktəbinə, 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həm İ. S. Aysberqin sinfində fortepiano, həm də S. Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə Mirzə Ələkbər Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi çalışmağa başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif vətənpərvər mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), Səməd Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.
1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A. Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Onun bu mahnıları musiqi xəzinəmizin ən qiymətli insiləridir:
"Pəncərə". Sözləri: Rəsul Rzanındır. İfaçı: Rəşid Behbudov. Romantik və lirik üslubda yazılmış bu mahnı Tofiq Quliyevin klassik estrada musiqisinə verdiyi töhfələrdən biridir.
"Sənə də qalmaz". Sözləri: Bəxtiyar Vahabzadənindir. Sosial və fəlsəfi məzmunlu, xalq arasında çox məşhur olan bir əsərdir.
"Qal, sənə qurban". Sözləri: Mikayıl Müşfiqindir. Xalq musiqisinə yaxın, romantik tonda yazılmış bu mahnı sevilən ifaçılar tərəfindən dəfələrlə səsləndirilib.
"Ay işığında". Lirik və emosional melodiyası ilə yadda qalan bir əsərdir.
"Cücələrim". Uşaq mahnısı kimi tanınsa da, bütün yaş qrupları arasında məşhurdur. Musiqi baxımından çox incə və yaddaqalan bir quruluşa malikdir.
"Sənsiz". Tofiq Quliyevin lirik musiqilərindən biridir və həsrət mövzusunu əks etdirir.
"Gəl, ey səhər". Gözəl melodiyası ilə seçilən, ruhlandırıcı və nikbin bir əsərdir.
Xalq artisti Şövkət Ələkbərovanın repetruarındakı populyar mahnıları
— Axşam mahnısı — sözlər: Zeynal Cabbarzadə
— Laylay — sözlər: Zeynal Cabbarzadə
— İlk bahar — sözlər: Zeynal Cabbarzadə
— Sən mənimsən, mən sənin — sözlər: Zeynal Cabbarzadə
— Qəmgin mahnı — sözlər: Zeynal Cabbarzadə
— Ağacda alma — sözlər: Ənvər Əlibəyli
Filmoqrafiya
1. İyirminci bahar
2. Səbuhi - bəstəkar
3. Qayğı
4. Bakı döyüşür
5. Qardaşlıq köməyi
6. Şəfa nəğməsi
7. Əbədi odlar ölkəsi
8. İran Azərbaycanının paytaxtında
Fəxri ad və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 fevral 1959
3. Azərbaycan SSR Dövlət mükafatı — 1980
4. "İstiqlal" ordeni — 7 noyabr 1997
5. "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 4 noyabr 1977
6. "Xalqlar dostluğu" ordeni — 6 noyabr 1987
7. "Şərəf nişanı" ordeni — 2 iyul 1971
8. "Əmək igidliyinə görə" medalı — 6 mart 1950
9. Xəzər Universitetinin fəxri doktoru
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.10.2025)
Türk dünyasının mədəniyyəti və irsini layiqincə təmsil edən stendlə tanışlıq
BU GÜN XI BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ VƏ QƏTƏRİN MƏDƏNİYYƏT NAZİRİ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PAVİLYONUNU ZİYARƏT EDİBLƏR
3 Oktyabr 2025-ci il tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Qətərin Mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Türk Mədəniyyəti və İrsi Fondunun pavilyonunu ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Nazirləri stend ilə tanış edib, Fondun fəaliyyəti və yeni buraxdığı kitablar haqqında ətraflı məlumat verib.
Stend ilə tanış olan cənab Adil Kərimli və cənab Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Fondun fəaliyyətini yüksək qiymətləndirib, Türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Onlar Fondun təşkil etdiyi nəşrlərin, sərgilərin və beynəlxalq tədbirlərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini qeyd edərək, bu istiqamətdə gələcək əməkdaşlığa dəstək verəcəklərini ifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Elm və bilik yolunun bələdçisi
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Hər bir insanın həyat yolunda bir istiqamət, bir mayak var. Bu istiqaməti göstərən isə müəllimdir. Müəllimlik - sənət deyil, həyat missiyasıdır. Məhz belə bir missiyanı sevgi və məsuliyyətlə üzərinə götürən yüzlərlə müəllimimizdən biri də Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi Gülşən Hüseynzadədir.
Ziyalı ailəsində dünyaya göz açan Gülşən Hüseynzadə 1996-cı ilin iyul ayının 3-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Təbiət Elmləri Təmayüllü gimnaziyada alıb. 2013-cü ildə 511 balla Sumqayıt Dövlət Universitetinin "Mühasibat uçotu və audit" ixtisasına qəbul olunub. Təhsil pillələrinin hər birini fərqlənmə diplomu ilə başa vurması, onun elmə olan həvəsinin və zəhmətinin bariz nümunəsidir.
2019-cu ildə ali təhsildəki uğurlarına görə SDU-da böyük laborant kimi fəaliyyətə başlayan Gülşən xanım 2022-ci ildə müəllim, 2024-cü ildən isə baş müəllim vəzifəsinə yüksəlib. Hazırda universitetin “Mühasibat və iqtisadiyyat” kafedrasında çalışmaqla yanaşı, eyni zamanda “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Dissertasiya işinin mövzusu isə bu günümüz üçün olduqca aktualdır: “Sənaye müəssisələrində dayanıqlı inkişafın təmin edilməsi istiqamətləri”.
Gülşən Hüseynzadə ixtisasına uyğun bir sıra beynəlxalq sertifikatlara da malikdir. O cümlədən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə beynəlxalq diplom və Peşəkar Mühasib Sertifikatı onun peşəkar bilik bazasını zənginləşdirən uğurlu addımlardandır.
Lakin Gülşən xanımın uğurlarının kökündə təkcə təhsil və zəhmət deyil, həm də ailə dəyərləri dayanır. Atası Qalib Sirac oğlu Hüseynov iqtisad üzrə fəlsəfə doktoru, dosent və SDU-nun Biznesin idarə edilməsi kafedrasının müdiridir. Anası Mehriban Tofiq qızı Hüseynova isə universitetin kitabxanasında çalışır. Onların hər biri övladlarına elmə, təhsilə və sadəliklə zəngin bir həyat tərzinə bağlılıq aşılayıb. Mənim üçün ailəmin təsiri misilsizdir, deyir Gülşən xanım. Və həmçinin söyləyir ki, atamın elmə olan sevgisi, anamın kitabla nəfəs alan həyatı mənim yolumu işıqlandırdı.
Müəllimlik onun üçün sadəcə bir ixtisas deyil, həyat fəlsəfəsidir. Hər dərsində yalnız bilik deyil, ruh, dəyər və ümid verir. “Müəllim şam kimidir - özü əriyir, amma ətrafını işıqlandırır” fikri onun fəaliyyətinə ən uyğun təsvirlərdən biridir.
Öz müəllimlərini minnətdarlıqla xatırlayan Gülşən Hüseynzadə bu gün onlarla eyni sırada çalışdığı üçün həm qürurludur, həm də məsuliyyətli. Vurğulayır ki, mən onlardan öyrəndiyim hər bir keyfiyyəti bu gün öz tələbələrimə ötürməyə çalışıram. Onların uğuru mənim uğurumdur.
Onun ən böyük arzusu daim öyrənmək, yenilənmək və tələbələri üçün ilham mənbəyi olmaqdır. Tədris etdiyi hər bir dərsin yalnız nəzəriyyə ilə deyil, həm də mənəvi dəyərlərlə zəngin olması üçün çalışır. Yetirmələrinin isə yalnız savadlı mütəxəssis deyil, həm də yüksək mənəviyyata sahib və cəmiyyətə faydalı fərdlər olmalarını arzulayır.
Söhbət əsnasında Gülşən müəllimə əlavə edir ki, mən tələbələrimə həmişə bilgi ilə yanaşı, insanın mənəviyyatı onun əsl sərvətidir, deyirəm.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə minlərlə müəllim kimi, Gülşən Hüseynzadə də təkcə auditoriyada deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Fədakarlıqla çalışan, sevgi ilə öyrədən və ruhla ilhamlandıran bu kimi müəllimlərə dərin təşəkkür və ehtiram düşür.
Çünki onlar gələcəyin qurucularını formalaşdıran ziyalılardı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)
Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, Kamal Abdullanın qranulaları:
1.
Yağışlar yağar Allaha sarı,
Yağışlar yağar dərgaha sarı,
Yağışlar yağar üzüyuxarı
Üzüaşağı yağmaz yağışlar.
2.
Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər tinində yaddan az qala çıxmaq istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır.
3.
Dədə Qorqud: “Ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı.” Qanturalı Sarı donlu Selcan xatuna yetişmək üçün üç vəhşi heyvana qalib gəlməli idi. Vüsala bundan sonra yetişmək, qaftanları bir-bir çıxarmaq mümkün olardı. Azərbaycan ədəbiyyatının ən parlaq metaforası!
4.
“Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,
Bütün yaralarımız yenidən bitişəcək.
Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə
- Soldu nar çiçəkləri, indi nar yetişəcək.”
5.
“Kitabi-Dədə Qorqud”da Bəkil oğlu İmranın həlak etmək istədiyi kafir ondan soruşur: - Yigit, aman. Sizin dinə nə derlər? Dininə girdim. Yaxud başqa bir boyda Uruz yaxınlaşmaqda olan yağı barədə atasına sual edir: - Yağı nəyə derlər, baba? Yenə də bir başqa boyda Dəli Domrul Əzrayıla sorur: - Ya bəs can verən, can alan Allah taalamıdır? Bütün bu “sadəlövh suallar” bu gün ən azından təbəssüm doğursa da, əslində, hadisələrin cərəyan etdiyi vaxtın çox uzaq qədimliyə aid olduğunu göstərir. Belə ki, bu suallar yarandıqları vaxt müstəqim şəkildə verilir və anlaşılırdı.
6.
Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır. Onların gözlənilməz keçmişləri ola bilər.
7.
Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni, arzu etdiyini tapmışdır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2025)
Böyük türklər: Əhməd Yəsəvi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Böyük türklərin təqdimatı Əhməd Yəsəvi ilə davam edir.
Əhməd Yəsəvi (1093–1166) orta əsr Türk dünyasının böyük sufi, şair və dini xadimi olaraq tanınır. O, həm dini, həm də ədəbi fəaliyyətləri ilə Türk-Islam mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Əsasən Türk dillərində yazdığı təsəvvüfi şeirlər və əxlaqi-ədəbi tövsiyələr onun xalq arasında böyük nüfuz qazanmasına səbəb olmuşdur.
Əhməd Yəsəvi Xorasan və Orta Asiya ərazisində fəaliyyət göstərmiş, təlim və təbliğ yolu ilə geniş kütlələrə İslam əxlaqı və tasavvuf prinsiplərini yaymışdır. Onun məktəbi və təsiri, xüsusilə Türk xalqlarında dini və mədəni identikliyinin formalaşmasına xidmət etmişdir. Yəsəvi əxlaq və dini prinsipləri gündəlik həyatın bir parçası olaraq insanlara çatdırmışdır.
Əhməd Yəsəvinin ən məşhur əsəri “Divan-i Hikmət”dir. Bu əsər xalq üçün yazılmış təsəvvüfi şeirlərdən ibarət olub, həm dini, həm əxlaqi, həm də sosial mesajları ehtiva edir. Onun dili sadə, anlaşıqlı və xalqın anlayacağı üslubda qurulmuşdur ki, bu da onun geniş təbliğ imkanları yaratmasına kömək etmişdir. Eyni zamanda, Yəsəvi türk dilinin ədəbi inkişafında, xüsusən də təsəvvüfi ədəbiyyatın formalaşmasında mühüm rol oynamışdır.
Əhməd Yəsəvi həmçinin sosial və mədəni təsirlər sahəsində önəmli rol oynamışdır. Onun dərsləri və məktəbi gənc nəslin dini tərbiyəsi və əxlaqi yetişməsi üçün geniş imkanlar yaratmış, həmçinin Orta Asiya və Anadolu bölgələrində sufizmin yayılmasına təkan vermişdir. Əsərlərindəki əxlaqi və mənəvi prinsiplər, xalqa doğru davranış və Allah yolunda əzmkarlıq kimi mövzuları ön plana çıxarır.
Nəticə olaraq, Əhməd Yəsəvi yalnız böyük sufi və şair deyil, həm də Türk-Islam mədəniyyətinin və ədəbi ənənələrinin möhkəmləndirilməsində önəmli şəxsiyyət olmuşdur. Onun təsiri həm dini, həm ədəbi, həm də sosial sahələrdə hələ də hiss olunur və Türk tarixində onun irsi unudulmazdır.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)


