İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Hər bir insanın həyat yolunda bir istiqamət, bir mayak var. Bu istiqaməti göstərən isə müəllimdir. Müəllimlik - sənət deyil, həyat missiyasıdır. Məhz belə bir missiyanı sevgi və məsuliyyətlə üzərinə götürən yüzlərlə müəllimimizdən biri də Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi Gülşən Hüseynzadədir.
Ziyalı ailəsində dünyaya göz açan Gülşən Hüseynzadə 1996-cı ilin iyul ayının 3-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Təbiət Elmləri Təmayüllü gimnaziyada alıb. 2013-cü ildə 511 balla Sumqayıt Dövlət Universitetinin "Mühasibat uçotu və audit" ixtisasına qəbul olunub. Təhsil pillələrinin hər birini fərqlənmə diplomu ilə başa vurması, onun elmə olan həvəsinin və zəhmətinin bariz nümunəsidir.
2019-cu ildə ali təhsildəki uğurlarına görə SDU-da böyük laborant kimi fəaliyyətə başlayan Gülşən xanım 2022-ci ildə müəllim, 2024-cü ildən isə baş müəllim vəzifəsinə yüksəlib. Hazırda universitetin “Mühasibat və iqtisadiyyat” kafedrasında çalışmaqla yanaşı, eyni zamanda “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Dissertasiya işinin mövzusu isə bu günümüz üçün olduqca aktualdır: “Sənaye müəssisələrində dayanıqlı inkişafın təmin edilməsi istiqamətləri”.
Gülşən Hüseynzadə ixtisasına uyğun bir sıra beynəlxalq sertifikatlara da malikdir. O cümlədən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə beynəlxalq diplom və Peşəkar Mühasib Sertifikatı onun peşəkar bilik bazasını zənginləşdirən uğurlu addımlardandır.
Lakin Gülşən xanımın uğurlarının kökündə təkcə təhsil və zəhmət deyil, həm də ailə dəyərləri dayanır. Atası Qalib Sirac oğlu Hüseynov iqtisad üzrə fəlsəfə doktoru, dosent və SDU-nun Biznesin idarə edilməsi kafedrasının müdiridir. Anası Mehriban Tofiq qızı Hüseynova isə universitetin kitabxanasında çalışır. Onların hər biri övladlarına elmə, təhsilə və sadəliklə zəngin bir həyat tərzinə bağlılıq aşılayıb. Mənim üçün ailəmin təsiri misilsizdir, deyir Gülşən xanım. Və həmçinin söyləyir ki, atamın elmə olan sevgisi, anamın kitabla nəfəs alan həyatı mənim yolumu işıqlandırdı.
Müəllimlik onun üçün sadəcə bir ixtisas deyil, həyat fəlsəfəsidir. Hər dərsində yalnız bilik deyil, ruh, dəyər və ümid verir. “Müəllim şam kimidir - özü əriyir, amma ətrafını işıqlandırır” fikri onun fəaliyyətinə ən uyğun təsvirlərdən biridir.
Öz müəllimlərini minnətdarlıqla xatırlayan Gülşən Hüseynzadə bu gün onlarla eyni sırada çalışdığı üçün həm qürurludur, həm də məsuliyyətli. Vurğulayır ki, mən onlardan öyrəndiyim hər bir keyfiyyəti bu gün öz tələbələrimə ötürməyə çalışıram. Onların uğuru mənim uğurumdur.
Onun ən böyük arzusu daim öyrənmək, yenilənmək və tələbələri üçün ilham mənbəyi olmaqdır. Tədris etdiyi hər bir dərsin yalnız nəzəriyyə ilə deyil, həm də mənəvi dəyərlərlə zəngin olması üçün çalışır. Yetirmələrinin isə yalnız savadlı mütəxəssis deyil, həm də yüksək mənəviyyata sahib və cəmiyyətə faydalı fərdlər olmalarını arzulayır.
Söhbət əsnasında Gülşən müəllimə əlavə edir ki, mən tələbələrimə həmişə bilgi ilə yanaşı, insanın mənəviyyatı onun əsl sərvətidir, deyirəm.
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə minlərlə müəllim kimi, Gülşən Hüseynzadə də təkcə auditoriyada deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Fədakarlıqla çalışan, sevgi ilə öyrədən və ruhla ilhamlandıran bu kimi müəllimlərə dərin təşəkkür və ehtiram düşür.
Çünki onlar gələcəyin qurucularını formalaşdıran ziyalılardı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)


