Super User

Super User

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Немат Тахир, Карабахский представитель портала «Литература и искусство»

 

 

Sizə bir insan taleyi barədə söhbət açmaq istəyirəm.

Lyubov Məmmədova 1963-cü ildə Ukraynanın Xarkov şəhərində anadan olub. Onun atası gürcü, anası isə ukraynalıdır. 1983-cü ildə azərbaycanlı Hüseyn Məmmədov ilə ailə quraraq Azərbaycana - Ağdam rayonunun Qarazeynallı kəndinə köçüb. Bu, onun həyatında yeni bir dövrün başlanğıcı idi. Burada, ailəsinin əsas dayağı olan iki uşağı – oğlu Ruslan və qızı Esmira dünyaya gəlib. Oğlu 1984-cü ildə, qızı isə 1987-ci ildə anadan olub. 

Əvvəlki illərin xoşbəxt ailə həyatı təəssüf ki, uzun sürmədi. Qarabağda ermənilərin torpaq iddialarının başlaması ilə bütün Qarabağ camaatı vətənin müdafiəsinə qalxdı və 1992-ci ildə Lyubovun həyat yoldaşı Hüseyn də bu mübarizəyə qoşuldu. Müharibə dəhşətləri, təəssüf ki, Hüseynin həyatını aldı. O, müharibənin qorxunc sınaqları nəticəsində həlak oldu. Lakin Lyubov baş verən bu faciə ilə bacarıqlı və möhkəm bir ana olaraq başa çıxdı. Övladlarını özünün bütün sevgisi və diqqəti ilə böyüdərək, onlara həm analıq, həm də atalıq rolu ilə yanaşdı. O, bir ana olaraq, həyatını övladlarının xoşbəxtliyi üçün həsr etdi.

Bu ağır günlərdə, tək qalan Lyubov Məmmədova ailəsini bir arada saxlamaq üçün mübarizə aparmaq qərarına gəldi. Onlar Ukraynaya köçdülər və burada Lyubov azərbaycanlılara olan dərin sevgisi və hörməti ilə tanınan bir insan oldu. Həmişə öz kökünü unutmayaraq iş həyatında çalışdı və namusla övladlarını böyütdü. Onun həyatındakı ən böyük məqsəd, uşaqlarını ən yaxşı şəkildə yetişdirmək, onlara ailənin əsl dəyərlərini aşılamaq oldu. Lyubov, həyat yoldaşı Hüseynin xatirəsinə hörmət edərək, heç vaxt ailə qurmadı və övladlarına yalnız ana deyil, həm də atanın dəyərini göstərdi. 

Xarkovda yaşayan azərbaycanlılar deyirlər ki, Lyubov hər il Hüseynin anım günlərində məscidə gedər və orada yoldaşı üçün Quran oxudardı. O, həmişə övladlarına Azərbaycan dilini öyrədərək onlara həm milli kimliklərini, həm də Hüseynin ruhunu yaşatmağa çalışdı. Lyubov Məmmədova uşaqlarına daim deyərdi ki, "Atanız həmişə bizimlədir, onun ruhu şad olsun". O, Azərbaycanla əlaqələrini heç vaxt kəsmədi və 2000-ci illərdə övladları ilə birlikdə Bakıya gəldi. Burada, Hüseynin bütün qohumları ilə görüşərək, uşaqlarını onlarla tanış etdi. O, onlara: "Mən ölərəm, amma balalarım qohumlarını tanısın, kimsəsiz olmadıqlarını bilsinlər", - deyə xatırladırdı.

Lyubov Məmmədova, həmçinin övladlarına daim tövsiyə edirdi ki, "Əgər siz ailə qurarsınızsa, yalnız azərbaycanlı ilə ailə qurun, yoxsa atanızın ruhu bizdən inciyər". Bu, onun Azərbaycan sevgisinin və dəyərlərinin nə qədər dərin olduğunu göstərirdi. 

2006-cı ildə qızı Esmira Naxçıvandan olan bir Azərbaycan vətəndaşı ilə ailə quraraq, Lyubovun iki nəvəsini dünyaya gətirdi. Həyat davam edirdi, amma yeni ağır sınaqlar da gəlirdi. Oğlu Ruslan Ukrayna ordusunda minamiyot komandiri kimi xidmət edərək,  2022-ci  il oktyabrın 7-də  Ukrayna-Rusiya müharibəsində şəhid oldu. Bu, Lyubovun həyatında bir başqa böyük faciə idi. Lakin o, övladını itirməsinə baxmayaraq, belə bir qəhrəmanlıqdan qürur duyurdu. O, heç vaxt unutmadı ki, oğlu Ruslan atasının qəhrəmanlığını davam etdirərək, vətənini müdafiə edib.

Lyubov Məmmədova, əsl Azərbaycan xanımlarına xas olan xüsusiyyətləri ilə özünü göstərdi. O, həyatının hər bir anını Azərbaycan sevgisi və övladlarına olan dərin bağlılıqla yaşadı. Onun bu həyatıAzərbaycan xalqının hər bir üzvü üçün əsl bir nümunədir. Lyubovun həyatı, həm ailə dəyərlərinin, həm də vətən sevgisinin əsl təcəssümüdür. O, öz övladlarına, onların gələcək həyatlarına yalnız sevgi və bağlılıq ilə deyil, həm də Azərbaycan torpağına və onun müqəddəs dəyərlərinə olan sonsuz hörmətlə yanaşdı. Bu gözəl qadınAzərbaycan xalqının qəhrəman qadınlarından biridir və onun həyatı gələcək nəsillər üçün bir örnək olaraq qalacaq.

 

 

Я хочу начать с вами разговор о судьбе одной женшины.

Любовь Мамедова родилась в 1963 году в Харькове, Украина. Ее отец был грузином, а мать украинкой.  В 1984 году она вышла замуж за азербайджанца - Хусейна Мамедова. Вместе с мужем она переехала в Азербайджан, в село Каразейналлы Агдамского района. Здесь, в 1983 году, родился их сын Руслан, а в 1987 году - дочь Эсмира. 

 

Этот счастливый семейный период не длился долго. Когда армяне начали претендовать на Карабах, вся карабахская община встала на защиту Родины. В 1992 году Хусейн отправился на фронт. Но, к сожалению, в одном бою он погиб. Оставшись одна, Любовь забрала детей и уехала в Украину. Там она продолжала работать торговцем, а также проявила особую заботу и внимание, чтобы воспитать детей с честью и достоинством. После смерти Хусейна она не выходила замуж и продолжала быть и матерью, и отцом для своих детей. 

В Харькове, где живут немало азербайджанцов, азербайджанцы, говорят, что в годовщину смерти Хусейна Любовь всегда ходила в мечеть и читала Коран для него. Она говорила детям: «Мы всегда будем между собой говорить на азербайджанском языке, ваш отец всегда с нами, пусть его душа будет в покое».

Любовь никогда не разрывала связи с Азербайджаном. В начале 2000-х она приехала в Баку с детьми и встретилась со всеми родственниками Хусейна, чтобы познакомить детей с их семьей. Она говорила: «Когда я умру, пусть мои дети знают, кто их родственники. Пусть они понимают, что они не одни». Также она наставляла детей: «Когда вы будете создавать свою семью, обязательно выберите азербайджанцев, иначе душа вашего отца будет на нас сердиться». 

В 2006 году дочь Эсмира вышла замуж за гражданина Азербайджана из Нахичевани, и у Любови появилось два внука. 

Жаль что судьба нанесла еще один удар этой женщине. Ее сын, Руслан Мамедов, который служил в украинской армии, погиб в 2022 году в ходе войны Украины с Россией.

Любовь всегда говорила, что сын, как и его отец Хусейн, стал героем. Вопреки всем трудностям, она гордилась своим сыном.

Любовь Мамедова является настоящим примером для азербайджанских женщин. Она всю свою жизнь посвятила воспитанию детей и сохранению памяти о муже. Она воспитывала их в любви к своей родине, к Азербайджану, и они навсегда будут помнить её уроки.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, fevralın 7-də  Astanada Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

Toplantı geniş və rəngarəng mədəniyyət proqramı ilə də diqqət çəkib. 

 

Fevralın 6-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub. 

Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. 

“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Həmin gün E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında “Tamyr” adlı türk xalqlarının musiqisindən ibarət konsert keçirilib. Türk dünyasının zəngin musiqi irsini əks etdirən bu konsertdə səhnədə "TURAN" Folklor-Etnoqrafik Ansamblı, "GULDER" Ansamblı, "SALTANAT" Dövlət Rəqs Ansamblı, K. Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının kollektivi və E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.

Bu tədbir həm də türk dövlətləri arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə və onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verib.

Fevralın 7-də Türk Mədəniyyəti və İrsi Fondunun iki qurumla - TİKA və Türk Dünyası Fonduyla birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Divani Lüğat ət-Türk” beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. 

Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divani lüğat ət-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqəni simvollaşdırır”.

Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsəri “Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib. 

Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.

 

"Ədəbiyyat və incəsənət"

(08.02.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Fevralın 7-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Festivalı Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli  festivalın əhəmiyyətdən bəhs edərək açıq elan edib. 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq festivalın Qəbələdə keçirilməsindən məmnunluğunu qeyd edib və Azərbaycan musiqisinin keyfiyyətindən və beynəlxalq səviyyədə tanınmasından bəhs edib.

"Qış nağılı" Beynəlxalq Musiqi Festivalına Azərbaycan Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə start verilib.

Daha sonra solistlər: Vanessa Qaykoeçea Aqorriya, Sercio Vitale və Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazovun çıxışları ilə davam edib. 

Festival bu gün - fevralın 8-də saat 16:00-da Bakı Xareoqrafiya Akademiyasının şagird və tələbələrinin konserti, 20:00-da  Heydər Əliyev Konqres Mərkəzində, 9 fevral saat 16:00-da Bakı Kamera Orkestrının və 20:00- da Heydər Əliyev Konqres Mərkəzində Aydar Qaynullin və Eyforiya Ansamblının ifaları, 10 fevral saat 16:00-da "Glassduo" ansamblının Qafqaz Riverside Hoteldə çıxışı ilə davam edəcək.

Festivalın təntənəli bağlanış mərasimi 10 fevral saat 20:00-da "Qaytağı" instrumental ansamblının çıxışı ilə Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 


Deyirdi ki:- “Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma hakim oldu. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın doğma dilimizdə “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyub əzbərləmişdim. Özümdən asılı deyildi, həmin əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma mənə həmişə Qacar, Vəli obrazları maraqlı olub.”

 

Azərbaycan Respublikasının xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdü, dövlət mükafatı laureatıydı. Prezidentin fərdi təqaüdünü alırdı. Qırx yeddi filmə çəkilmişdi. Sonuncu dəfə “Yuxu” filmində Xuşud obrazını yaratsa da, xəstəliyi ilə əlaqədar sonradan heç bir fimə çəkilmədi. Şəkər xəstəliyi onu ruhdan salmışdı...

 

Haqqında söhbət açdığım Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünya gəlib. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Və ötən müddətdə övladları olmayıb. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb. 

 

“Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.”- söyləyirdi. 

Yaşasaydı noyabrın 6-da 80 yaşı tamam olacaqdı, təəssüf ki, bu gün onun vəfatından yeddi il ötür...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

 

Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür. Əgər Tehran Ermənistanla hərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçə məqsədinə nail olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə İsrailin tanınmış eksperti Mordexay Kedar “Jerusalem Post”da dərc olunmuş “İranın şiə ayparası laxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir” adlı məqaləsində yazıb.

Qeyd olunub ki, İran Ermənistan vasitəsilə Rusiya ilə qaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir. Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji və geosiyasi baxımdan üstünlükdür. Habelə, İran Ermənistanda hərbi mövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanları əldə edə bilər.

İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsilə regional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslam dünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlar qurduğunu bildirib.

Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İrana loyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO tədricən Ermənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbi personalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgə təlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərinin yerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ ordusunun Ermənistan hərbi bazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılan raket və PUA-ları izlədiyi qeyd olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Ermənistana gedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görə ölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran Ermənistandan Avropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habelə Qərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib. İran rəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbi saziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İran maneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyə yeridəcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-839499

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Şənbə, 08 Fevral 2025 09:00

Bu gün qar gözləntisi var

 

Havada bir qar qoxusu var, duyursunuzmu? 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 8-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

İstənilən şaxtalı hava şəraitində təki ürəklərimiz isti olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Əlisa Nicat adlı bir şəxs ötən əsrdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi 37458(!!!) işıqlı şəxslərimizi cəzalandıran əli qanlı cəllada - Mir Cəfər Bağırova yarınaraq çox güman ki, onun günümüzdə yaxşı imkana malik varislərindən xidmətpayı umur. 

Və bu yarınmada, o, Bağırovun 3 dəfə həbsinə və sürgününə qərar verdiyi, amma həfsiz nüfuzuna, ümumxalq sevgisinə görə böyük havadarlarının dəstəyi ilə salamat qaldığı, bununla belə, təqib, qarayaxma, ləkələnmə sayəsində xəstəlik taparaq çox erkən dünyadan köçən Səməd Vurğuna çamur atması cəmiyyəti silkələyən əsas olaya çevrilib. 

Əlisa Nicata hərə bir cür cavab verərək ürəyini boşaldır. Əslində, ona ən yaxşı cavab elə böyük Səməd Vurğunun şeirləridir. 

 

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

 

Bəli, böyük şair “Mən tələsmirəm” şeirində belə deyib. 

 

 

SƏMƏD VURĞUN, 

“Mən tələsmirəm”

 

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər 

Mənim söhbətimdən yorulmaq olmaz.

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

 

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Mən də bu gözəlin eşqinə düşdüm 

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər güllə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən-dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.

Min cürə pisliklər gördüm həyatda,

Amma saxlamadım onları yadda.

Haqsızlıq daima olub, olacaq,

Amma ki,bu saat və bu dəm ancaq,

Heç yerə heç yana mən tələsmirəm.

 

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən.

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm..

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər. 

İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.

Qeyd etmək lazımdır ki,  Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Cümə, 07 Fevral 2025 18:50

Oğuzda keçirilən iki tədbir barədə

​​​İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nın  fəal oxucuların iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı " Torpağı vətənləşdirən qəhrəman" və s. mövzularda kütləvi tədbirlər keçirilib.

 

Tədbirlərdə Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumatlar verilib.

Tədbir iştirakçıları Milli Qəhrəmanımız barədə məruzələri dinləmiş, ondan bəhs edən kitab və foto sərgilərə baxmış, Vətənə və qəhrəmanlığa aid şeirlər səsləndirmişlər.

 

​Oğuz rayon MKS və onun filiallarının əməkdaşları Oğuz rayon E.Abdullayev adına Texniki - Təbiət təmayüllü liseydə isə  "Müasir Oxucu: Kitab və İnkişaf " adlı fərdi inkişaf yönümlü layihə çərçivəsində Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə " Xoşbəxt taleli sənətkar- Nəbi Xəzri " başlıqlı şeir gecəsi təşkil edib. 

Tədbirdə fəal oxucular və liseyin şagirdləri iştirak edib. Tədbirdə Nəbi Xəzrinin yaradıcılığından danışılıb, şairin şeirləri səsləndirilib.

Məruzələrdə və çıxışlarda qeyd edilib ki, altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tədbirdə şairin " Külək”, " Mənim ürəyim" , " Ana dilim", " Günəş " və başqa şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Mədəniyyətdən danışırıqsa, hər sahənin öz mədəniyyət dəst-xətti var, daxili mədəniyyət   ehkamları var. Aqrar Sığorta Fondunun Naxçıvan Filialının rəhbəri Sərxan Məmmədovla müsahibəmi təqdim edirəm.

 

-Sərxan müəllim, Aqrar Sığorta Fondunun Naxçıvan filialının təsis edilməsinin zəruri səbəbləri nə idi?

 

-Aqrar sığorta sisteminin dayanıqlığı və inkişafına kömək, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını artırmaq, fermer və istehsalçıların maliyyə imkanlarına dəstək olmaq məqsədilə yaradıldı bu filial. 

 

-Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi hansı qaydalar əsasında olacaq?

 

-Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.

 

-Bu sığorta Naxçıvanda hansı məhsulları və riskləri əhatə edir?

 

-Aqrar sığorta bitkiçilik, heyvandarlıq və akvakultura məhsullarını və aqrar sığorta fondunun təyin etdiyi riskləri əhatə edir.

 

-Bu fondun əsas məqsədi və missiyası nədən ibarətdir və kimlər bu fonda müraciət edə bilər?

 

-Aqrar Sığorta Fondunun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və hər zaman öz öhdəliklərini yerinə yetirməkdir. Təsərrüfatla məşğul olan bütün fermerlər fonda müraciət edə bilərlər.

 

-Sığorta dövlət tərəfindən subsidiyalaşdırılırmı?

 

-Bəli

 

-Sığorta necə hesablanır və təsərrüfat sahəsinə görə dəyişirmi?

 

-Hər məhsul üzrə və təsərrüfat sahəsinə uyğun olaraq hesablanma qaydası sığorta tarifindən asılı olaraq dəyişir. Buna nəzərən bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsuldarlıq miqdarı və həmin məhsulun qiyməti nəzərə alınmaqla, Aqrar Sığorta Fondu tərəfindən müəyyən edilmiş minimum və maksimum hədlər çərçivəsində seçilir.

 

-Sığorta hansı təbii fəlakətlərə şamil olunur?

 

-Bitkiçilik məhsullarında dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri şamil olunur.

Heyvandarlıq üzrə isə aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarlarında təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.

 

-Sığorta hansı heyvan və bitki növlərinə şamil edilir?

 

-Heyvandarlıqda:

-11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);

-11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);

-11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bunlar buğda, arpa, qarğıdalı, kartof və başqa bitkilərdir.

 

Müqavilə hansı şərtlərə əsasən bağlanır?

 

-Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.

-EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.

*Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.

*İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını fondla razılaşdırmalıdır.

*Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilir.

*İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.

 

-Zərərin qiymətləndirilməsi hansı meyarlarla ölçülür?

 

-Zərərin araşdırılması və qiymətləndirilməsi müstəqil ekspertlər tərəfindən həyata keçirilir.

 

-Ödənişlər hansı müddətə və necə həyata keçirilir?

 

-Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

 

-Sığorta müqaviləsinin müddəti və yenilənməsi necə həyata keçirilir?

 

-Heyvandarlıq təsərrüfatında 1 ildən 3 ilə kimi, bitkiçilik məhsullarında isə bitkilərin fenoloji dövründən asılı olaraq sığorta müqaviləsinin müddəti dəyişir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.