Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ
Yaxud DOST ZARAFATLARI
Yusif Səmədoğlu bir neçə məsul və çətin vəzifələrdə işləmişdi. Kinostudiyanın baş redaktoru, “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru. Bu vəzifələrin çətinliyi ondaydı ki, istedadlı müəlliflərlə bərabər növ-növ cızmaqaraçılarla da rastlaşmalı olursan və onlara yazılarının dəyərsizliyini heç cür isbat etmək mümkün deyil. İllah da Yusif kimi mülayim insan, heç kəsin ürəyini qırmaq istəməyən, son dərəcə həssas bir şəxs. Odur ki, Yusif çox vaxt “yox” cavabını məsələni uzatmaqla əvəz edirdi, elə düşünürdü ki, çızmaqaraçı axır təngə gəlib əl çəkər. Amma çifayda… Belə birisi kinostudiyada hər gün Yusifin zəhləsini tökürmüş. Yusif də “Darıxma, bu yaxınlarda məsələ həll olunacaq” deyirmiş. Yaxud “bir neçə gündən sonra məsələyə baxılacaq”. Axır bir gün Yusifi divara dirəyən adama “sabah gəl” deyib. Səhərisi, təbii ki, bu vədini unudan Yusif kinostudiyaya gələndə görür ki, laboratoriyada yanğın olub. Laboratoriya kinostudiyanın həyətində Yusifin iş otağından uzaqda başqa bir binada yerləşirdi. Elə qapıda Yusifi haqlayan qrafoman “Demişdiniz bu gün həll olunacaq” deyə xatırladanda qoçağım Yusif də özünü itirmir: “Görmürsən bəs, yanğın oldu, sənin ssenarin də yandı”, – cavabını verir.
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


