“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Məhsəti Musanın özüylə söhbəti və reportajı təqdim edilir.
Məhsəti MUSA
özüylə söhbəti...
Uşaq ikən atamı bəzən öz-özünə danışan görürdüm. Hətta birdən özünə necə qapılırdısa, əl-qol da işə düşürdü. Kənardan onu izləyir, mimikasına dinməzcə baxır, dodağının tərpənişindən nə isə “oxumağa” çalışırdım. Atamın davranışı mənə qəribə gəlirdi. Sonralar ürəklənib ondan soruşdum ki, ata, sən niyə öz-özünə danışırsan? O gülümsəyərək başımı sinəsinə sıxdı: “Qızım, buna daxili nitq deyirlər, özü ilə danışa bilməyən adamlar bədbəxtdir”, – dedi. Sonra bu haqda dəfələrlə söhbətimiz oldu.
Və zamanla mən də yavaş-yavaş atama oxşamağa başladım. Böyüdükcə gün ərzində atdığım addımların, danışdığım sözlərin, etdiyim hərəkətlərin hesabatını gecələr özümə verərkən, hansısa işdə özümün, yoxsa qarşı tərəfin haqlı olduğunu götür-qoy edərkən, qərar verərkən, planlaşdırdığım bir yazının, çıxışın mövzusunu xəyalımda qurarkən mənim də dodaqlarım öz-özünə tərpənməyə başladı. Pıçıltılar, gülümsəmələr, kövrəlmələr, öz dünyamda yaratdığım obrazların dili ilə danışmalar... Artıq özümlə söhbətimin olmadığı günlərdə nə isə itirdiyimi dərhal hiss edirəm. Daxili nitq mənə həm də istənilən halda qarşı tərəfin hisslərini anlamağa, nələr düşünə biləcəyini hiss etməyə, özümü bu adamların yerinə qoyaraq dünyaya onların gözü ilə baxmağa kömək edir.
Bir sözlə, özü ilə danışa bilməyən adamlar nəinki başqalarını, heç özlərini də tanıya bilməzlər. Özlərini tanımayanlar isə atam dediyi kimi, bədbəxtdirlər. Bədbəxt demişkən, bəs xoşbəxtlik nədir? Bu haqda düşünmüşəmmi? Əlbəttə. Xoşbəxtlik o qədər fərqli qavranılan anlayışdır ki... Kimisi ən xoşbəxt anını ali məktəbə qəbul olduğu gün kimi xatırlayır, kimisi ailə qurduğu gün kimi... Kimisi maşın alanda, kimisi şöhrətə ucalanda, kimisi yaxşılıq edəndə, kimisi isə sadəcə, süd qoxulu körpəsini sinəsinə sıxıb yatanda xoşbəxt hiss edir özünü. Amma bu saysız-hesabsız xoşbəxtliklər, sadəcə, anlardan ibarətdir. İnsan heç vaxt əsl xoşbəxtliyinin dadını vaxtında çıxara bilmir. Bəli, bəli! İlğım kimidir xoşbəxtlik. İnsan bir ömür boyu ona doğru qaçar. Lakin qaçdıqca yol da uzanar. Və o, bir gün çevrilib gəldiyi yola baxanda anlayar ki, xoşbəxtlik elə geridə qoyduqları imiş. Amma nə fayda? Özü üçün gec olduğunu anlasa da, heç olmasa gənclərin gözlərini açmaq istəyər. Öz təcrübəsinə əsaslanar, öz həyatını nümunə çəkər və o gənclərin hazırda yaşadıqlarının elə xoşbəxtlik olduğunu anlatmağa çalışar, hər anın dəyərini bilməyə çağırar. Lakin səsini özündən başqa kimsə eşitməz. Çünki onu köhnəfikirli, geridəqalmış, yeniliklərlə ayaqlaşa bilməyən biri kimi dəyərləndirərlər. Yeni insanlar, yeni ilğımlar, yeni aldanmalarla davam edər xoşbəxtlik axtarışı. Beləcə, atalar və oğulların hərəsi öz həqiqətini qoluna vurub yola düzələr. Dünya isə heç nəyə baxmadan öz-özünə fırlanar.
...və reportajı
Ona Həmidə Cavanşir de!
Əslində, bu muzey haqqında məhz “Ulduz” jurnalı üçün yazı hazırlamalı idim. Nəhayət, məzuniyyətdə olmağımdan istifadə edərək, necə deyərlər, şələ-şüləmi də yığıb yollandım doğma Ağcabədimizin Kəhrizli kəndinə. Amma getməzdən əvvəl rayon qəzetinin nəzdində fəaliyyət göstərən internet televiziyamız üçün də material hazırlamaq şansımı əldən vermədim. Operatorumuzu da mənimlə getməyə dəvət etdim. Ağcabədinin 40 dərəcə istisinə, sürücünün bizi aldatmasına, bəlkə də, daha gəlirli müştəri tapdığı üçün telefonumuza cavab verməməsinə baxmayaraq, nəhayət, maşın tapıb yola düzəldik.
Budur, artıq maarfçi, xeyriyyəçi, publisist Həmidə xanım Cavanşirin ev muzeyinin qarşısındayıq. Gördüyünüz kimi, mən onu Həmidə Məmmədquluzadə yox, Həmidə Cavanşir kimi təqdim edirəm. Əlbəttə, bu, səbəbsiz deyil. Yadımdadır, mədəniyyət sahəsində çalışdığım vaxtlar elə o sahədə çalışan bir ziyalımız mənə irad bildirərək demişdi:
– Ay qızım, Cəlil Məmmədquluzadə böyük yazıçı idi. Amma Həmidə xanım da balaca insan deyildi axı. Onun gördüyü işlər ayrıca bir mövzudur... Həm də gör o hansı nəslin nümayəndəsidir?! Xahiş edirəm, bu yerlərin qızını öz soyadı ilə təqdim et. Ona Həmidə Cavanşir de...
Əslində, söhbətimiz daha uzun çəkmişdi və mən bu söhbətdə həm də “ev sahibi” olan bir kişinin qısqanclığını hiss etmişdim. Hansı ki, hələ 1907-ci ildə Cəlil Məmmədqulzadə ilə Həmidə xanımın ailə qurmasını, yəni adlı-sanlı bəy qızının kasıb bir qələm adamına ərə getməsini qəbul edə bilməyən Qarabağ bəyləri öz etirazlarını açıq şəkildə büruzə verir, hətta Mirzə Cəlilə qarşı təzyiq göstərməkdən də çəkinmirdilər. Odur ki, həmsöhbətimin bu soyad qısqanclığının da kökünün haralara gedib çıxdığını xatırlayıb gülümsəmişdim. Bilmirəm, Həmidə xanım sağ olsa, bu məsələyə necə münasibət bildirərdi, amma elə o vaxtdan bu xanımdan danışanda mən də istər-istəməz bəzi qısqanc həmyerlilərimin etirazını nəzərə alıb Məmmədquluzadə soyadını, sadəcə, hərdən, karıxanda işlədirəm.
***
Muzeyə daxil olmazdan öncə həyətdə diqqətimi çəkən qoşa və qoca çinar ağaclarına yaxınlaşıram. Yanaşı ucalan, illərin küləyinə, yağışına, istisinə, soyuğuna sinə gərərək bu evin qarşısında qürurla dayanan ağaclar mənə Həmidə Cavanşirlə Cəlil Məmmədquluzadəni xatırladır. Əl-ələ verərək xalqın təhsil alması, savadlanması, maariflənməsi üçün çalışan, cəhalətə qarşı mübarizə aparan, illərin çox sınağından birgə çıxan bu iki böyük şəxsiyyəti görürmüş kimi hiss edirəm özümü. Qeyri-ixtiyari əllərimlə sığallayıram ağacları. Bu davranışım, əslində, bir salamlaşma kimi də qəbul edilə bilərdi... Eşitdiyimə görə, həyətdəki çinarların sayı əvvəl dörd olub. Onları Həmidə xanımın atası – tarixçi, şair, Qarabağ xanı Pənahəli xanın nəticəsi Əhməd bəy Cavanşir əkdiribmiş. Çinarların altında 2 ədəd uzunsov, böyük daş da diqqətimi çəkir. Muzeyin direktoru məlumat verir ki, bu daşları da Əhməd bəy gətizdiribmiş. O vaxtlar Əhməd bəydən, Həmidə xanımdan kömək istəmək məqsədilə müraciət edənlər çox olurmuş və onlar məhz bu daşların üstündə əyləşərək öz növbələrini gözləyirmişlər. Ev-muzeyinin qarşısında gördüyümüz qoç heykəli də sən demə, əvvəllər tək yox, qoşa imiş. Sonralar heykəllərdən biri harasa aparılıb. Və ehtimala görə, qoçların içində qızıl olduğuna ümid edirlərmiş. Amma aparanda görüblər ki, içi boşdur. Bundan sonra digər qoça dəyməyiblər. Hər halda, o biri heykəlin kimlər tərəfindən və hara aparıldığı haqda dəqiq bir məlumat yoxdur. Qaldı ki qoçun nəyi ifadə etməsinə, Ağcabədidə və bəzi digər bölgələrdə bir sıra qoyun-qoç fiqurlu məzar daşlarına da rast gəlinib və bildiyim qədər, qoç türk tayfalarında şücaətin, qəhrəmanlığın, mərdliyin, döyüşkənliyin simvolu sayılırmış. Bu heykəllər də adətən, əsgər, igid, qəhrəman kimi tanınanların məzarlarının başında qoyulurmuş. Həmçinin bolluq və bərəkətin rəmzi sayılan qoç heykəli mal-dövlət sahibi olan şəxslərin də məzarında yer alırmış. Və məhz evin qarşısındakı qoç heykəlinin nə məqsədlə qoyulduğunu bilməsəm də, çox güman ki, elə o da mal-mülkün, bolluğun rəmzi kimi burada yer alıb.
Həyətdə gördüklərimizi incələyə-incələyə, nəhayət, evin üç tərəfini əhatə edən eyvana doğru addımlayırıq. Muzeyin əməkdaşları elə buradaca samovar qaynadıb, pürrəng çay dəmləyib yolumuzu gözləyirmişlər. Vaxtımız az olsa da, zəhmətə dəyər verərək, həmçinin özümüzü bu ləzzədən məhrum etməyərək XIX əsrin qoxusunu ala-ala çaylarımızı içirik.
Eksponatlarla tanış olarkən direktor Zeynəb xanım bildirir ki, ümumiyyətlə, bu ev 2005-ci ildən etibarən muzey kimi fəaliyyətə başlayıb. Ona qədər bir müddət məktəb, sonralar isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərində – I Qarabağ müharibəsi zamanı isə öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər məhz burada məskunlaşıblarmış. Həmin vaxtlar binanın üstünə Cəlil Məmmədquluzadə ilə Həmidə Məmmədquluzadənin bu evdə yaşadığını bildirən lövhə də vurulubmuş və sözügedən yazı hazırda muzeydə eksponat kimi nümayiş olunur.
Hər otaq bir şahid, hər əşya bir xatirə
Ev-muzeyi beş otaqdan ibarətdir. Bunlardan qonaq otağı, yataq otağı və s. kimi istifadə olunub. Eksponatlara gəldikdə isə, onların içərisində məhz dövrün təəssüratını yaratmaq üçün muzeyə hədiyyə olunanları da var. Amma bunlarla yanaşı, Həmidə Cavanşirin öz əşyalarından dovğa qazanı, yağ qabı, çit parça üzərində onun özünün saplarla tikdiyi əl işi, yenə də özünün tikdiyi xonçaüstü, şamdan, divar saatı, xurcun, kəlağayı, çıraq, qıfıl, müxtəlif əlyazmalarının surəti və digər əşyalar nümayiş olunur. Həmidə xanımın ailə üzvləri, o cümlədən qohumları, hətta faytonçularının fotoları da burada sərgilənir. Beləliklə, operatorumuz çəkiliş aparır, muzeyin direktoru danışır, eksponatlar haqda məlumat verir. Onun üzünə baxıram, dinlədiyimi bildirmək üçün başımı təsdiq əlaməti olaraq yelləyirəm, amma hərdən bu səs qulaqlarımdan tamam çəkilir, bütövlükdə otaqların səssizliyinə qarışıram. Lakin bu səssizliyin özündə bir başqa səs var. Vitrindəki əlyazmalar, ailə şəkilləri, əşyalar özləri mənimlə danışır. Məsələn, əlyazmalardan birində Həmidə xanımın öz xətti ilə bayatılar yazılıb. Köhnə vərəqdəki bayatıların bir neçəsini çətinliklə oxumağı bacarıram:
Mən aşiq qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar adam oldu,
Laçınlar qarğalandı.
***
Gəl gedək Ərzuruma,
Sən də gəl Ərzuruma.
Biz hökumət quluyuq,
Dözərik hər zuluma.
***
Zamana bax, zamana,
Aləm düşüb yamana.
Yabılar arpa yeyir,
Erkək baxır samana.
Həmidə xanım bu bayatıları, sadəcə, folklor nümunəsi kimi toplayırmış, yoxsa eləcə öz qəlbinin səsini də vərəqə köçürürmüş, bilmirəm, amma ortada olan budur ki, məhz bu mövzulu bayatıları yazmaqda var idi bir narahatlıq, gərginlik. Elə o gərginliyin daha bir nümunəsi kimi Həmidə Cavanşirin xətti ilə yazılmış ərizə də “diqqətlə baxın, mən burdayam” deyir. Ərizənin başlığı belədir:
“Şuşa rayonu seçki komisyonuna Həmidə Məmmədquluzadə tərəfindən Ərizə”
Bu əlyazmadakı mətni də tam oxumaq çətindir, çünki bəzi hərflər silinib. Ancaq oxuya bildiyim qədər müəyyən etdim ki, bu, Həmidə xanımın seçki hüququndan məhrum edilməsinə qarşı yazılmış bir ərizədir. Burada o, Cəlil Məmmədquluzadənin də adını çəkir, özünün isə Azərbaycan vətəndaşı olaraq hüquqlarından istifadə etməyə layiq olduğunu qeyd edir. Əlyazma yarımçıqdır. Ola bilsin ki, sadəcə, qaralama olduğu üçün ardı yazılmamış qalıb, yaxud da əlyazmanın davamı başqa bir vərəqdə olub və o da hazırda muzeydə yoxdur... Bildiyimiz kimi, sovet rejimi varlılar, zadəganlar, tacirlər və din xadimlərini “etibarsız təbəqə” hesab edir, onları seçki və dövlət idarəçiliyi hüquqlarından kənarlaşdırırdı. Bəy qızı olan Həmidə xanım da bu sıraya aid edildiyindən, Kəhrizli kəndində şəxsi mülkləri, özəl torpağı olması səbəbindən həmin illərdə seçki hüququndan istifadə edə bilməmişdi. Əlbəttə, bu, bir maarifçi və ziyalı qadın üçün böyük haqsızlıq idi. Bu haqda araşdırma edərkən qarşıma maraqlı bir məlumat da çıxdı. Sən demə, Cəlil Məmmədquluzadə həmin məsələni “Molla Nəsrəddin” jurnalında (1929-cu il, №8, səhifə 8) karikatura vasitəsilə işıqlandırıbmış. Karikatura Həmidə xanımın bəy qızı olduğuna görə səsvermə hüququndan məhrum olunmasını əks etdirir. Sözügedən karikaturada nənə qızdan soruşur:
– Qızım! Sən ki iki texnikum qurtarmısan. Sənin səsini nə üçün aldılar?
Qız:
– Deyirlər, nənən ev sahibidir.
Bəli, muzeydəki ərizə də məhz Həmidə xanımın atasından qalmış mülkə görə səsvermə hüququndan məhrum edilməsinə qarşı bir etiraz idi. Həm də təkcə Həmidə xanımın yox, çoxlarının etirazı.
Maarifçi ruhun izi
Məlum olduğu kimi, Həmidə xanım Cavanşir 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb, Mirzə Cəlillə birgə ilk olaraq cəlb etdikləri 30-u oğlan, 10-u isə qız olan şagirdləri dərs ləvazimatı ilə təmin edib və özü də burada dərs deyib. Onun xatirələrində də qeyd olunur ki, kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi. Muzeydə Həmidə Cavanşirin müəllimlik fəaliyyətini əks etdirən rəsm əsəri eksponatlar arasında diqqətimi xüsusi çəkir. Təəssüf ki, kətan üzərində, yağlı boya ilə işlənmiş bu və digər bir rəsmin tarixi və müəllifi haqda heç kimdə məlumat yoxdur. Sonradan nə qədər araşdırsam da, müəlliflər haqda heç nə əldə edə bilmədim.
Xeyriyyəçi qadının qəlbi
Ev-muzeyində Həmidə xanıma məxsus digər əşyalarla yanaşı, yeni bir eksponat da var. Muzeyin direktoru həmin eksponatı – köhnə xurcunu bizə həvəslə təqdim edir. O deyir ki, bu xurcunu bizə Teymur Şərifzadə ad-soyadlı bir şəxs hədiyyə edib. Həmin şəxs hədiyyəni verərkən deyib ki, babam çox imkansız imiş, övladlarını saxlamaqda çətinlik çəkirmiş. O eşidib ki, Kəhrizlidə Həmidə xanım imkansız ailələrə çox yardımlar edir, onlara əl tutur. O da Həmidə xanıma köməklik üçün müraciət edir. Və elə bu xurcun həmin vaxt azuqə ilə doldurularaq babama verilir. Söz yox ki, Həmidə xanımın xeyriyyəçiliyi, yardımsevərliyi bu xurcunla məhdudlaşmırdı. Bu səxavətli qadın varını, sərvətini istər Kəhrizli, istər ətraf kəndlərin insanlarının yaşayışı, maariflənməsi, işləməsi üçün sərf edirdi. Amma bu gün həmin kiçik xurcun böyük əməllərin yadigarı, nişanəsi kimi muzeydə öz yerini tutur.
Bir neçə saatlıq Həmidə xanım olmaq...
Artıq bütün eksponatlarla tanış olduqdan sonra planlaşdırdığım çəkilişə başlayıram. Həmidə xanım haqqında hazırlayacağımız verilişdə həm jurnalist olaraq, həm də Həmidə xanım obrazında iştirak etməli idim. Bir gün əvvəldən bütün dost-tanışa, necə deyərlər, hay salıb ağ kəlağayı istəmişdim ki, bu obrazı yaradanda istifadə edim. Çünki fotolarda Həmidə xanımın ağ rəngli, kənarları isə bənövşəyi naxışlı kəlağayıda olduğunu görmüşdüm. Dostlar da sağ olsunlar, onların sayəsində tez bir zamanda istədiyimi tapdım. Çəkilişdə də elə bu baş örtüyündən istifadə olundu. Amma sən demə, muzeydə Həmidə xanımın öz kəlağayısı da nümayiş edilirmiş. Çox köhnəlib süzülsə də, kənarlarının naxışı solsa da, onu ehtiyatla başıma örtürəm. Veriliş üçün olmasa da, özüm üçün bəzi çəkilişləri məhz bu kəlağayı ilə edirəm. Yumşaq, zərif kəlağayı üzümə toxunduqca ürəyim titrəyir. Elə bilirəm, yanağımı həzincə sığallayan, boynuma toxunan kəlağayı deyil, Həmidə xanımın nəfəsidir, əlləridir. Dəhşətli dərəcədə isti havada qalın geyim və baş örtüyü gərək nəfəsimi kəsə idi. Amma bir neçə saatlıq bu nəcib xanımın obrazında olmaq o qədər xoş və məsuliyyətli idi ki, istini də, vaxtı da unutmuşdum. Mən həmin an Həmidə xanımı yaşayırdım. Onun evində idim, onun əşyalarına toxunurdum, onun kəlağayısını örtmüşdüm, onun nəfəsini hiss edirdim, onunla eyni ərazidə doğulub böyüdüyüm üçün qürur hiss keçirirdim...
Bunu da yaz, bunu da yaz!
Muzeydən çıxanda artıq hava qaralmışdı. Getmək istəməsəm də, bu vaxtadək iş-gücünü buraxıb bizimlə olan muzeyin direktorunu da anlamağa çalışıram. Amma sürücü gələnə kimi çinar ağaclarına bir də yaxınlaşıram. Əllərimlə ağaca toxunaraq gözlərimi yumuram. Bir anlıq keçmişi təsəvvür edirəm. Həmidə xanımın yaşadığı dövrdəki insanları, onların düşüncəsini, həyata baxışını xəyalımda canlandırıram. Bu bozluğun, bu qaranlığın içində Əhməd bəyin öz qızı Həmidə haqda dedikləri səslənir qulaqlarımda:“Aslanın erkəyi, dişisi olmaz. Yaxşı təlim-tərbiyə almış qız oğlandan geri qalmaz. Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz eləyə bilsin”... Sonra qəfil dahi Üzeyir Hacıbəylinin səsi gəlir: “Qoy ədəbiyyat tarixində yazsınlar ki, Sabir kimi şairi təqdir edən bir kişi olmadı, bir arvad oldu ki, şairin səhhəti üçün öz varından keçdi”... Getdikcə səslər daha da çoxalır: “Yaz, qızım, Həmidə xanımın öz xalqının rifahı üçün etdiklərini yaz. Yaz ki, o, doğma Kəhrizlidə təkcə məktəb yox, toxuculuq fabriki, xəstəxana da açmışdı”. Başqa bir səs: “1906-cı ildə Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətini qurduğunu da qeyd et”. Səslər dayanmır: “Kənddə su kəhrizləri çəkdirdiyini, bayramlarda əhaliyə sovqat paylamasını unutma ha... Bilirsən də, "Molla Nəsrəddin" jurnalının yaşaması üçün də Həmidə xanımın böyük rolu olub. O, bizlərin maariflənməsi üçün maddiyyatını əsirgəməyib”...
Səsləri dinləyə-dinləyə daha nəyi yazacağımı özüm də fikirləşirəm. Və onun Azərbaycan tarixində ilk məruzəçi qadınlardan olduğu, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Qarabağın təmsilçisi kimi çıxış etdiyini də mütləq vurğulamalı olduğumu düşünürəm. Hətta həmin vaxt Həmidə xanımın məruzəsini redaktə edərkən Cəlil Məmmədquluzadənin zarafatla xanımına dediyi “Arvad da doklad edər?” fikri yadıma düşüncə dodağım qaçır. Çünki həm də yadıma ötən il Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kəndində keçirdiyi səyyar qəbul düşür. Media olaraq iştirak etdiyimiz digər qəbullarda çıxışçıların daha çox kişilər olduğunu müşahidə edirik. Qadınlar çox vaxt utanır, problemini dilə gətirməkdən çəkinir. Lakin Kəhrizli kəndindəki qəbulda qadınlar kimsəyə danışmağa aman vermədilər. Kəndlə bağlı bütün problemləri məhz onlar söz alaraq diqqətə çatdırdılar. Axırda qəbuldakı bəylərdən biri dözməyib səsini qaldırdı: “Ay balam, səhərdən ancaq qadınlar danışır, imkan verin, biz də sözümüzü deyək də”... Bu narazılığa bəzilərinin dodağı qaçmışdı, bir nəfər isə yerdən pıçıldamışdı: “Bəs nə bilmişdiniz? Bura Kəhrizlidir e, Həmidə xanımın yerliləri necə olmalıdır ki?”
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


