Super User

Super User

Polşa kinematoqrafının böyük rus yazıçısı Dostoyevski barədə film çəkməsi barədə oxucularımızı məlumatlandırmışdıq. 

TASS agentliyinə istinadən bildiririk ki, “Oskar” mükafatına namizəd olan polşalı rejissor Aqneşka Holland XX əsrin ən az tədqiq edilən və ən qəribə tale yaşayan yazıçılarından biri olan Frans Kafkanın bioqrafiyasını ekranlaşdıracaq.

Adı “Kafka” olacaq filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq. Təbii ki, filmin ən dramatik hissəsi Frans Kafka- Yelena münasibətləri, Kafkanın 40 yaşında dünyadan köçməsinə səbəb olan ağır xəstəliyinin gətirdiyi məhrumiyyətlərdir. 

Xatırladaq ki, Frans Kafka 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamış yəhudi əsilli çex yazıçısıdır. “Çevrilmə” povesti ilə dünya şöhrəti tapmış yazıçını Azərbaycanda da sevə-sevə oxuyurlar. 

 

Şəkillərdə: Frans Kafka (qapaq şəkli) və Aqneşka Holland (alt şəkil).

 

Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” poemalar toplusundan ibarət kitabın və bədii albomun təqdimat mərasimi keçirilib.

AzərTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Dnepr Texniki Milli Universitetinin rektoru Oleksandr Azyukovski, DVAK-ın sədri Nəcəf Əhmədov diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.

Dnepr Texniki Milli Universitetinin nəzdində yaradılan Ukrayna-Azərbaycan Mədəniyyət və İş Mərkəzində təşkil olunan tədbirdən əvvəl universitetin rektoru ilə görüş keçirilib. Görüşdə bu cür beynəlxalq mədəni tədbirlərin keçirilməsinin xalqlar arasında körpünün yaradılmasına xidmət etdiyi vurğulanıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir. Bu mədəni xəzinə dünyada daim təbliğ edilməlidir. Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən böyük dəstək verildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını xatırladan səfir Elmira Axundova vurğulayıb ki, TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Səfirliyin “Nizami Gəncəvi İli” çərçivəsində gördüyü işlərdən danışan Elmira Axundova deyib ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası ucaldılacaq.

“Nizami Gəncəvi bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, - deyə səfir əlavə edib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov isə diqqətə çatdırıb ki, belə tədbirlərin ölkənin iri şəhərlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. O, bu cür tədbirlərin davamlı olacağını bildirib. 

Tədbir zamanı TÜRKSOY tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltəraşı, bu ölkənin Xalq rəssamı Katib Məmmədova və Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı - Taras Şevçenko adına Milli Mükafata layiq görülmüş yeganə azərbaycanlı, yazıçı Qriqori Hüseynova “Nizami Gəncəvi” medalı təqdim olunub. 

Sonra universitetin rektoru Aleksandr Azyukovskiy səfir Elmira Axundova, Düsen Kaseinov və Nəcəf Əhmədovu təşəkkürnamə ilə təltif edib. 

Tədbirdə, eyni zamanda, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi tərəfindən mükafatlandırılıb. 

Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” epik şeirlər toplusundan ibarət kitab Azərbaycanın Ukraynadakı səfirliyi, bədii albom isə TÜRKSOY tərəfindən hazırlanıb.

Heykəl

 

Şirin heykəli qurddu,

Qurdun heykəli dovşan.

Dovşanın heykəli otdu,

Otun heykəli yovşan.

 

Tülkünün heykəli hiylədi,

Hiylənin heykəli oyun.

Oyunun heykəli töylədi

Töylənin heykəli qoyun.

 

Atın heykəli ulaqdı,

Ulağın heykəli palan.

Palanın heykəli dolaqdı

Dolağın heykəli yalan.

 

Harının heykəli tamahdı,

Tamahın heykəli nadan.

Nadanın heykəli günahdı

Günahın heykəli adam.

 

Göyün heykəli buluddu,

Buludun heykəli duman.

Dumanın heykəli sükutdu,

Sükutun heykəli tufan.

 

Dağın heykəli yaylaqdı,

Yaylağın heykəli oylaq.

Oylağın heykəli oymaqdı

Oymağın heykəli maymaq.

 

Dənizin heykəli sahildi,

Sahilin heykəli hasar.

Hasarın heykəli cahildi

Cahilin heykəli azar.

 

Dünyanın heykəli bəşərdi,

Bəşərin heykəli insan.

İnsanın heykəli şərdi,

Şərin heykəli şeytan.

 

Rusun heykəli tankdı,

Tankın heykəli qarət.

Qarətin heykəli bankdı

Bankın heykəli sərvət.

 

Sözün heykəli fikirdi,  

Fikrin heykəli nida.

Şeirin heykəli sehrdi,

Şairin heykəli edam.

 

Mənim heykəlim Şuşadı,

Şuşanın heykəli Bayraq.

Bayrağın heykəli Vətəndi

Vətənin heykəli torpaq!

İtaliya hökuməti cümə günü Venesiya şəhərinin küçələrində  maskaların məcburi daşınmasını ləğv edib və Laqun adaları digər şəhərlərə qoşulub adi həyat normalarına keçib. Belə ki, iki il ərzində Venesiyaya ilk dəfə bayram təşkil etmək və turistləri dəvət etmək icazəsi verilib. 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, İtaliyada hər il keçirilən Venesiya karnavalı öz işinə başlayıb.

Maskalı karnaval da adlanan Venesiya karnavalı martın 1-dək davam edəcək. Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.

Builki karnavalda iştirak etmək üçün 80 minədək insan Venesiya şəhərinə gəlib. Onlardan 30 mini əcnəbilərdir. 

Bu il karnaval bəzi ənənəvi tədbirlərsiz keçiriləcək. Məsələn, "uçuş mələyi" və “kostyum” müsabiqələri olmayacaq. Amma bu, ümumi ruha xələl gətirməyəcək. 

Xatırladaq ki, 1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalının təməli Pagan mədəniyyətinin baharına təsadüf edir. Müəyyən vaxtlarda qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd edilir. Əvvəllər sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.

Xatırladaq ki, 2020-ci ildə Venesiya karnavalı 23 fevralda - İtaliyada kovid-19-dan ölümün ilk hadisəsi  təsdiqləndikdən üç gün sonra kəsilmişdi. 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ümumiyyətlə keçirilməmişdi. 

Budur, karnaval Venesiyaya qayıdıb. 

Venesiyalılar üçün bu karnaval əvvəlki xoşbəxt dövrlərə qayıdışın simvoludur. Hamının üzündən bəxtəvərçilik yağır.

 

Günün fotosu: İran inqilabın 43-cü ildönümünü qeyd edir

 

İranın şəhərləri bayram libasına bürünüb. İranlılar islam inqilabının 43-cü ildönümünü qeyd edirlər.

Foto: Euronews

 

Müəlliflik hüququ Belçikanın Kral İncəsənət Muzeyinə məxsus olan Lovis Korintin “Çiçəklər” rəsmi öz qanuni sahiblərinə qaytarılmışdır. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

Əsərin qanuni sahibləri isə Qustav və Emma Mayerin varisləridir. 40-cı illərdə faşistlərin qorxusundan Almaniyadan qaçan ər-arvad evlərindəki bu bahalı əşyanı özləri ilə apara bilməmişdilər, faşistlər rəsm

əsərini müsadirə etmiş, sonradan rəsm  əsəri nə yollasa Belçika muzeyinə düşmüşdü.

Beləliklə, Mayerlər birdən-birə hədsiz varlanmışlar. Rəsmin qiyməti milyonlarla avroyla ölçülür.

 

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edirlər.

 

Melis Sezen, Eda Ese, Alican Yücesoy və Doğu Dəmirkolun çıxış etdiyi “Sən kimsən” yarışması yanvar ayında ekranlara çıxmışdı. FOX TV telekanalında yayımlanan müsabiqə radikal dindarların, guya kafir simvolların olması səbəbi ilə  tənqid obyektinə çevrilib. Müsabiqənin prodüseri Fatih Aksoy bu yaxınlarda məcburən finala çıxmağa hazırlaşdıqlarını elan edib.

“Ədəbiyyat və incəsənət” portalı SonDakika ajansına istinadən məlumat verir ki, Fatih Aksoy müsabiqənin taleyindən danışaraq deyib: "Biz etdiklərimiz dünyanın 50 ölkəsində nümayiş olunan formatı götürməkdir və burada nümayiş etməkdir. Yanvar ayında başladıq və tam mövsüm keçmək əzmi ilə bu işi gördük, amma 2,50 reytinqini aldığımız zaman bu haqsız təpkilərlə üzləşdik, kanalla danışdıq və yarışmanı dayandırmaq qərarına gəldik. Bu, pis proqram deyildi, lakin o, Türkiyədə sərt rəqabətə tab gətirmədi. Biz tezliklə final keçirəcəyik. Biz finalı bir qədər erkən keçirəcəyik”.

İcazə verin, “Türkiyə bu cür hara gedir” sualını verək.

 

Rusiyanın disident yazıçısı Aleksandr Soljenitsinin arxivi hərracda 4,4 milyon rubla satılıb.

Bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, müəllifin hərraca çıxarılan və imzası ilə yazılmış “Qulaq arxipelaqı” romanı 350 min rubl başlanğıc qiyməti ilə 1,3 milyon rubla satılıb.

Ümumilikdə, hərrac zamanı arxivin qiyməti 1,76 milyon rubldan 4,4 milyon rubla yüksəlib. Arxivə avtoqraflar, müəllif yazıları daxildir.

4,4 milyon Azərbaycan manatı ilə təqribən 194 min manatdır.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin icrasına start verilib. 3 ay müddətinə həyata keçiriləcək bu layihə xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən müharibəsində qazandığımız böyük Zəfərin tariximizin ölkəmizdə və türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.

“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AzərTAC-a bildirilib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Qələbə XX əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən, mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirmiş oldu. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir: “Uzun illər erməni işğalında qalıb çözülməz beynəlxalq münaqişə düyününə düşən doğma Qarabağı azad etmək ruhu hər bir Azərbaycan insanının varlığının məqsədi olub. Eyni zamanda xalqımızın Vətən müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmə təməlidir. Ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyini, əzmini, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən müharibəsinin elə ilk günlərindən mətbuatda görünməyə başladı. Qarabağ ədəbi-bədii salnaməsinin yeni səhifəsi də tariximizin bu həlledici anından ibarətdir. Vətən müharibəsinin ədəbi-bədii düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, keçmişə, bu günə və gələcəyə baxışlarımızın daha optimal koordinatlarının müəyyənləşməsində, mədəni düşüncəmizi yeni mərhələyə, yeni üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir”.

Bildirib ki, Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğuların, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində ədəbiyyatın müstəsna rolu var: “Vətən müharibəsində Zəfər tariximizdən bəhs edən, Azərbaycanda və türk dünyasında yaradılan ədəbi-bədii əsərləri toplamaq, ən yaxşılarını seçmək, mükafatlandırmaq və bu poetik nümunələrdən ibarət sanballı bir antologiya hazırlamaq İctimai Birliyin qarşısına qoyduğu məqsədlərdən biridir. Bununla da müharibə mövzusunda ədəbiyyatın inkişafına dəstək verməyi nəzərdə tutub”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.