Super User

Super User

 

Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Bu il Daşkənddə üçüncü dəfə beynəlxalq festival kimi keçirilən tədbirdə 3000-dən çox qonaq iştirak edib.

Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə iştirakçıları təbrik edib, bayramın yaranma tarixi haqqında məlumat verib. Səfir 1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizə ilə bağlı söhbət açıb, Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920-ci ildə qurulduğunu bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Festival çərçivəsində rəqs nömrələri nümayiş etdirilib, xalq mahnıları oxunub.

Konsertdə AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Festivalda iştirak edən uşaqlara üzərində “23 Aprel Uşaq Festivalı” yazılmış köynəklər və digər hədiyyələr verilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Günün fotosu: Yaponiya Kuril adalarının ruslar tərəfindən işğalını dilə gətirib

 

Yaponiya Xarici İşlər Nazirliyi Kuril adalarını Rusiya tərəfindən işğal edilmiş ərazi adlandırmışdır. Bu, nazirliyin “Diplomatiyanın göy kitabı” adlı illik hesabata daxil edilmişdir. 

Bundan sonra Cənubi Kuril sənədlərdə yapon ərazisi kimi göstəriləcək. 

 

Foto: Euronews

 

Moskvada, Dövlət Kreml Sarayında Azərbaycan müğənnisi və bəstəkarı, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.

 

Rusiyanın xəbər agentlikləri bəyan edirlər ki, “Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə “XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.

Tamaşaçılar Müslüm Maqomayevin repertuardan “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Şeytan çarxı”, “Mənə deyin, qızlar”, “Melodiya”, “Sənə minnətdaram”, “Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.

 

Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan “Dejavü” tamaşası uzun müddət fasilədən sonra yenidən nümayiş etdiriləcək.

 

Tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır. 

Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.

 

Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye Beynəlxalq Muğam Mərkəzini (BMM) direktoru, Xalq artisti Murad Hüseynovla görüşüb.

 

Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, direktor qonağa BMM-in fəaliyyəti və yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Xüsusi olaraq qeyd edilib ki, milli-mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.

Direktor, həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb.

Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan səfir əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ilə bağlı fikirlərini bölüşüb. Muğamın tarixi və şərq xalqları arasında mövqeyini xüsusi vurğulayan diplomat musiqi sahəsində qarşılıqlı əlaqələrin inkişafının vacibliyini qeyd edib.

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir. 

Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

 

Nigar Arif ( Ağalarova İlqar qızı)

1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub. 

2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb. 

2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili  müəllimliyi” üzrə təhsil alıb.

2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "GəncƏdiblər Məktəbi"nin  məzunudur.

2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.

2020- ci ildən Mərakeşdə  “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.

2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.

2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.

2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.

2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.

Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var...

 

 

Gecikmiş görüş

 

Bax belədir, əzizim,

Yol uzundur, zaman dar,

Hardan biləydik axı

Div boyda arzuların

cırtdan ayaqları var...

Xəyallar qura-qura

Ağlımız kəsmədi heç

arzular da gecikər,

birdən bizə çatammaz.

Bir gün şirin yuxular

daha yalan satammaz...

Böyüməyə tələsdik

uşaqlıq dura-dura

Nə gənclik yaşadıq ki,

özümüzü o dağdan

bu daşa vura-vura...

Bir vaxt fil qulağında,

oyandıq qəh-qəhəylə,

Elə bil dan söküldü

əlimizdə qədəhlə...

Boylandı arxamızca

yük dolu karusellər,

Gülümsədi uzaqdan,

Londonlar, Brüsellər...

Öyrəşdik uçaqlara,

Kim nə deyə bilər ki,

indi bu qoçaqlara?

Gəzdik bütün dünyanı,

Nə sən bezdin, nə də mən

O cırtdan ayaqların

ümidindən yapışdıq,

Gec olsa da neyləyək

əsas odur,ölmədik,

evvəl-axır tapışdıq...

 

 

Bəstəsi mən, sözü sən

 

Bir dənizə dönmüşəm, 

Ləpəsi sətir-sətir. 

Dalğaların altında, 

Balıqlar yallı gedir. 

 

Bir dənizə dönmüşəm, 

Şeirimin sahilində. 

Kövrəlib sərt qayalar, 

Günəş tutur əlindən. 

 

Bir dənizə dönmüşəm, 

Göyün üzünə qaçır. 

Gəmi boyda arzular, 

Sinəmdə yelkən açır. 

 

Bir dənizə dönmüşəm, 

Dəniz bəbəklərində.

Çaxılıram daş-qaşa, 

İncə biləklərində. 

 

Bir dənizə dönmüşəm, 

Saçları yosun-yosun. 

Zaman dodaqlarında, 

Dincəlir uzun-uzun.

 

Bir dənizə dönmüşəm, 

Bu dənizin özü sən.

Oxuduğu nəğmənin, 

Bəstəsi mən, sözü sən.

 

 

İçimdəki səs

 

Bir səs gəlsə uzaqdan,

çağırsa gedənləri...

Axtarıb tapsa bir-bir

gözümdən itənləri,

qəlbimdə susanları,

dilimdə bitənləri...

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa...

İllərin dostu kimi,

Könül yoldaşı kimi

Keçmiş qayğılarımdan

Təzə qayğılaradək

gəlib dadıma çatsa,

əl tutsa bacım kimi,

Əlim çatmayanlara,

uzansa ümidlərin

boyu qardaşım kimi,

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa,

Evimdə-eşiyimdə,

Xoş günlər keşiyində,

dayansa atam kimi.

Arzular beşiyimdə

həzin bir layla çalsa,

oxusa anam kimi...

Bir səs gəlsə uzaqdan,

gedənləri çağırsa,

Gedənlər eşitməsə,

gedənlər qayıtmasa,

Bu səs məni də alıb,

kaş özüylə aparsa...

 

 

Sən də mənim kimisən

 

Kaşlardan corab hördün,

günlərimin başına,

Bir ayağın ilişib

bəlkələrin daşına,

Gözlərimdən, əllərimdən sürüşüb,

vərəqlərin üstünə

söz-söz tökülən ömür..,

Ovcumun içində

qoca qırışlar kimi,

beli bükülən, ömür,

Sən də mənim kimisən...

sən də mənim kimisən,

Bir az cılız, balaca,

Əynimə geyindiyim,

bu köhnə pencəyimdə,

düymələrin yerindən

yersiz sökülən, ömür..,

Eh... Daha bir-birimizə

dar gəlirik dəyəsən,

Əl dayayıb ağaca,

dincəlmək istəyirsən,

Duz olub dizlərimə,

vaxtsız çəkilən ömür...

Ciblərimdə gizlənən,

beş qəpiklər kimisən,

Beş qəpik qalan, ömür,

Əlim sənlə doludu,

Saydım qəpiklərimi,

bir çörəyin puludu...

Indi sol yanımda

dərin bir nəfəs dərib,

az əvvəl yandırdığın siqaretin közünü

ayağınla əzirsən...

Dodağın yana qaçır,

Gülməkdən çox elə bil,

gülüşündən bezirsən,

başı dikələn ömür,

Bilirəm, düşünürsən:

"buna da şükür",

buna da şükür...

 

 

 

 

 

 

Şənbə, 23 Aprel 2022 12:00

Almaniyada “Bu gün payız kimi” olmaq

 

Aysel Xanlarqızı Səfərlinin Almaniyada "Bu gün payız kimiyəm" ("İch bin heute Wie der Herbst") adlı  kitabı çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın işıq üzü görməsi Almaniyada yaşayan həmyerlimiz Orhan Arasın sayəsində baş tutub. Orhan bəy azərbaycanlı ədiblərin Almaniyada çap olunmasına həmişə zəhmət sərf edir. 

Əminik ki, alman ədəbiyyatsevərlər “bu gün payız kimiyəm” deyən bahar qəlbli Aysel Xanlarqızı Səfərlinin yaradıcılığını bəyənəcəklər.

 

İki gündür ki, bu xəbər saytların, qəzetlərin və TV-lərin başında dayanır. 

 

Filmin prodüserləri maksimum - 137 min dollar cərimələnib, onun çəkilişində operator Qalina Xatçins həlak olub və rejissor yaralanıb.

Nyu-Meksiko ştatının əməyin mühafizəsi Bürosundan bildiriblər ki, şirkət çəkiliş meydançasında odlu silaha müraciət edərkən təhlükəsizlik texnikası qaydalarına əməl etməyib, prodüserlərin isə "əməkdaşların təhlükəsizliyinə biganəlik etdikləri" bildirilir.

Nə baş verib? Filmin prodüserlərindən biri olan aktyor Alek Bolduinin iştirakı ilə vesternin çəkilişlərində aktyor silahdan atəş açıb. Xəsarət alanlar operator Qalina Xatçins və rejissor Joel Sousa alıb. Rejissor bir neçə saatdan sonra xəstəxanadan çıxıb, operatoru isə həkimlər xilas edə bilməyiblər.

Şirkətdən agentliyə 15 gün ərzində 136.793 dollar ödəməsi tələb olunur. Sənəddə qeyd olunur ki, şirkət iş zamanı qanunun təhlükəsizliyi tələb edən vəzifələr haqqında bəndini pozub. 

Məsələ isə çox qarışıqdır. Martın ortalarında “Los-Angeles Times” qəzeti A.Bolduinin “Rust Movie” kino şirkətinin prodüserlərinə qarşı məhkəmə iddiası açdığını yazmışdı. Aktyor operator Q.Xatçinsin  ölümünə görə məsuliyyət daşımadığını israr edərək, zərərin şirkət tərəfindən ödənilməsini tələb edib.

Qeyd edək ki, bundan əvvəl Q.Hatçinsin həyat yoldaşı aktyor Alek Bolduini və filmin yaradılmasında iştirak edən şirkəti, eləcə də çəkiliş qrupunun üzvlərini məhkəməyə verib. 

2021-ci ilin oktyabrında "Rast" filmində rol alan aktyor A.Bolduin epizodun məşqi zamanı tapançadan atəş açdığı zaman silahın boş güllələrlə deyil, təbii döyüş güllələri ilə doldurulduğu ortaya çıxıb. Nəticədə Ukrayna əsilli operator Qalina Xatçins dünyasını dəyişib və rejissor Coel Souza isə ağır yaralanıb. 

Aktyor operatorun öldürüldüyü silahın tətiyini çəkmədiyini bildirib. Onun sözlərinə görə, atışma kortəbii şəkildə baş verib. 

“Ədəbiyyat və incəsənət” portalı məlumatı Euronews-a istinadən yayınladı. 

 

Şəkildə: Alek Bolduin.

 

Aprelin 22-də Azərbaycan Dillər Universitetində Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı 525.az-a istinadən xəbər verir ki, ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə görməkdən məmnun olduğunu bildirib, Ramiz Rövşən yaradıcılığından söhbət açıb. Kamal Abdulla bildirib ki, Ramiz Rövşən şair, tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış şəxsdir:

“Ramiz Rövşən mənim sevimli şairlərimdən biridir. Bu gün bu tədbirdə nə qədər oxucu varsa, hamının üzündə bir sevinc, bir xoşbəxtlik duyulur. Bu sevinc, bu xoşbəxlik Ramiz Rövşən sevgisinin bariz nümunəsidir. Ramiz Rövşənin şeirlərində “Dədə Qorqud” dastanındakı millilik var, onun şeirlərində saf və təmiz duyğuların gözəl təsvirlərlə ifadəsini görmək mümkündür. Bütün bu keyfiyyətlər onun bir şair kimi hər kəs tərəfindən sevilməsinə imkan yaradır. İnanıram ki, bu görüş tələbələrimizi Azərbaycançılıq, dövlətçilik ətrafında birləşdirən görüşlərdən biri olacaq”.

ADU-nun Filologiya fakültəsinin dekanı Şahin Xəlilli Ramiz Rövşənin bir şair kimi, bir insan kimi yüksək intellektindən, humanizmindən və istedadından danışıb. Qeyd olunub ki, Ramiz Rövşən dünyanın böyük şairləri ilə müqayisə olunur və bu, Azərbaycan üçün böyük uğurdur.

ADU-nun professoru Əsgər Zeynalov görüşün əhəmiyyətindən söhbət açıb və tələbələri bu görüşdən faydalanmağa səsləyib.

Pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov çıxışında Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb.

Təhsil-1 fakültəsinin tələbəsi Sərvər Qəhrəmanlı şairin sözlərinə yazılmış “Bağışla” mahnısı ifa edib, Filologiya fakültəsinin tələbəsi Aysel Əlibabalı  şairin “Nə çoxmuş dünyanın yükü” və Təhsil-1 fakültəsinin tələbəsi Fidan Mikayılova “Mən elə bilirdim ölərəm sənsiz” şeirlərini qiraət ediblər.

Sonda Xalq şairi Ramiz Rövşən Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdən məmnun olduğunu deyib. Şair görüşdə şeirlərini səsləndirib, poeziya və həyat haqqında fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

 

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. 

 

Nazirlikdən bildirilib ki, festival aprelin 23-dən 26-dək davam edəcək.

Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası təqdim olunacaq. 

Ölkəmizdə ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərin təfsirində dinləyəcəklər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.