Super User

Super User

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan "Qarabağın bərpa, yenidənqurma və inkişafı" beynəlxalq sərgisinin ("Rebuild Karabakh" - 2021) açılışı keçirilib.
20-22 oktyabr tarixini əhatə edən sərgi “Caspian Event Organisers”in (CEO) təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə gerçəkləşir.
Mədəniyyət Nazirliyi bildirir ki, açılış  mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Qeyd olunub ki, "Rebuild Karabakh" sərgisinin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında ünsiyyət platforması yaratmağa xidmət edir.
Sərgidə Mədəniyyət Nazirliyi ayrıca stendlə təmsil olunur. Stenddə Qarabağ xalçaları, Zəfər və Qarabağ mövzulu kitablar, keramika məhsulları və suvenirlər, bölgənin tarix-mədəniyyət abidələrinin fotoları sərgilənir. Monitorda Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl və Füzulidə tikiləcək Memorial komplekslər barədə tanıtım filmləri, habelə nazirliyin dəstəyi ilə Qarabağ haqqında hazırlanmış videoçarxlar, habelə sərgi zamanı xalça toxuma prosesi əyani olaraq iştirakçılara nümayiş olunur.
Sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin "Qarabağa kitabla gedək" layihəsinin təqdimatı da keçiriləcək. Oktyabrın 22-də saat 12:30-da nazirliyin dəstəyi ilə konsert proqramı təşkil olunacaq.
"Rebuild Karabakh” sərgisi çərçivəsində işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı ilə bağlı konfrans, ərazilərin bərpası haqqında beynəlxalq və yerli ekspertlərin təcrübə mübadiləsi, mədəni abidələrin bərpası, Qarabağ bölgəsinin turizm potensialı, regionun enerji potensialı, şəhid və qazi ailələri üçün mikro biznes proqramları üzrə müzakirələr, startaplar müsabiqəsi, iştirakçı şirkətlər tərəfindən Qarabağın bərpası ilə əlaqədar layihə təqdimatları və digər tədbirlər nəzərdə tutulur.
Sərginin açılışında muğam üçlüyünün ifasında təqdim olunan musiqi nömrələri alqışlarla qarşılanıb.

“Ədəbiyyat və incəsənət” portalı Əsəd Cahangirin “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş “Açılmaz Əslidən düymə” yazısını “Daycest” bölümündə oxucularına təqdim edir.

“Açılmaz Əslidən düymə”

Əsəd Cahangir

Zalım fələk, dad eylərəm əlindən,
Açılmır Əslidən düymə, mən öldüm.
"Əsli və Kərəm" dastanından
          
Artıq iyirmi beş ili idi ki, Opera Teatrında bir kabus dolaşmaqdaydı - Qara Keşiş kabusu! Neçə illər idi ki, Əslinin tilsimli donunun düymələrinə heç kəs toxunmurdu... Teatrın paltar sexinin paltarlara arabir əl gəzdirən, kimin hansı paltarda səhnəyə çıxdığını əzbər bilən, bildiklərini dil-dil ötən işçisi Xanım xaladan başqa... "Bax, bu, Nəzakətin Leyli rolundakı örpəyidir. Bu,  Zeynəbin Əslini oynayanda geyindiyi dondur...". Bütün bunların bir teatr, oyun olduğunu bilə-bilə Əslinin qırmızı donunun sehrli düymələrinə heyrətlə baxırdım! Bunlar ki, adi düymələrdir! Görəsən, bu düymələrdə dastan yaranandan Kərəmi və oxunandan dinləyiciləri, opera bəstələnəndən ta bugünəcən tamaşaçıları yaxıb-yandıran qeyri-adi nə var ki?!.
"Əsli və Kərəm"in ilk tamaşası 1912-ci ildə göstərilib. Kərəm rolunda milli opera sənətimizin ilk ulduzu Hüseynqulu Sarabski, Əsli rolunda qadın rollarının mahir ifaçısı, "qadın rolu oynamaq ən böyük kişilikdir" deyən Əhməd Ağdamski şöhrət qazanıb. Sonra nakam aşiq-məşuqları kimlər oynamayıb?! Bütöv bir əfsanələr qalereyası - Həqiqət Rzayeva, Rübabə Muradova, Sara Qədimova, Gülxar Həsənova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Əbülfət Əliyev, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov... Amma Kərəm roluna Qulu Əsgərov, Əsliyə isə Zeynəb Xanlarova möhür vurublar.

Ta ki, Qarabağ olayları başlayana qədər iki məhəbbət operası - "Leyli və Məcnun"la "Əsli və Kərəm" Opera Teatrı səhnəsində qoşa addımlayıb. 1988-ci ildə yüz ilə yaxın səhnədən düşməyən "Əsli və Kərəm"in Opera Teatrında son tamaşası olub və həmin gecə Əsli rolunun ifaçısı Rəsmiyyə Sadıqova ilə Kərəm rolunun ifaçısı Baba Mahmudoğlu opera müğənnilərimizdən heç birinin üzləşmədiyi gözlənilməz bir olaya rast gəliblər. Elə bir olay ki, tamaşanın finalı yox,  əvvəlindəcə yanıb-tökülüb, amma səslərini də çıxara bilməyiblər.  Mərhum şairimiz Xəlil Rza səhnəyə çıxaraq - "Ar olsun sizə, ar olsun! Heç utanırsız?! Erməni qızına sevgidən bəhs edən tamaşa göstərirsiz?!!", - deyə onları dünyanın ən ağır "cinayət"lərində ittiham edib və bu tribunal çıxış bəs edib ki, əsər repertuardan çıxarılsın...
Şairin bu çıxışı öz-özlüyündə bir tamaşaydı - dramaturqun da, rejissorun da, baş qəhrəmanın da Xəlil Rzadan ibarət olduğu bir tamaşa! Səhnə ilə zalın yeri dəyişik düşmüş, mat qalmış aktyorlar tamaşaçıya, ən yaxşı halda kütləvi səhnənin sözsüz iştirakçılarına, anturajlara çevrilmişdilər. Meydan hadisələri teatr səhnəsinə ayaq açmış, Tağıyevin bir ətək pul töküb dəbdəbəli üslubda tikdirdiyi Opera Teatrı meydan teatrına  çevrilmişdi...
*
Üzeyir bəy dahi idi və hər yeni əsəri ilə müsəlman Şərqi xalqları, o sıradan da, xalqımızın istər tarixi taleyi, istər bu günü, istərsə də, gələcəyi barədə yeni söz deyirdi. Avropa tipli professional musiqimizin özülünü qoyan dahi kimi onun hər hansı əsərinin repertuardan çıxarılmasını hörgüdən daşın götürülməsi ilə tutuşdurmaq olar. Daşın hörgüdən çıxarılması divarda boşluq yaratdığı kimi, "Əsli və Kərəm"in repertuardan çıxarılması da opera səhnəmizdə boşluq yaratmışdı.

Yaxın və Orta Şərq xalqları mədəniyyəti tarixində ilk opera kimi meydana çıxan "Leyli və Məcnun"da insan və Tanrı münasibətləri, "Əsli və Kərəm"də isə dini və milli fərqlərin doğurduğu faciə ön plana çəkilirdi. "Leyli və Məcnun"da insan və Tanrı var, "Əsli və Kərəm"də isə insan, millət, ümmət, din və Tanrı... "Leyli və Məcnun"da biz özümüzü bir Allah bəndəsi kimi, "Əsli və Kərəm"də həm də bir millətin (ümmətin!) üzvü kimi qavrayırıq. "Leyli və Məcnun" deyir ki, sevgilərin ən alisi Tanrı eşqidir, "Əsli və Kərəm" isə ən böyük din sevgidir deyir.
Dahi bəstəkarın mövzusunu ümumşərq ədəbiyyatından götürdüyü əsərlərindən fərqli olaraq, "Əsli və Kərəm"də mövzu Azərbaycan folklorunun özüdür. "Əsli və Kərəm"lə Azərbaycan opera musiqisi özünün tragediya mərhələsini başa vurur. Faciədən sonra həmişə komediya doğulduğu kimi, "Əsli və Kərəm"dən sonra ölməz "Arşın mal alan" operettası yaranıb.
Bəstəkarın "Əsli və Kərəm" də daxil ilk əsərlərində ümumşərq musiqi elementləri üstündürsə, "Koroğlu"da artıq aparıcı milli və Avropa musiqisi elementləridir. Şərqdən Avropaya gedən yol Azərbaycandan keçdiyi kimi, "Leyli və Məcnun"dan "Koroğlu"ya gedən yol da "Əsli və Kərəm"dən keçir.  Maraqlıdır ki, "Əsli və Kərəm"in bütün süjeti yol üstündə qurulub. Aşiqin öz məşuqunun ardınca düzü-dünyanı dolaşdığı bu əsər milli ədəbiyyat tariximizdə ən gözəl "səyahətnamə"lərdən biridir. Azərbaycanın sanki Tanrı tərəfindən boyuna biçilmiş, həm faciələrimiz, həm də uğurlarımızın geopolitik əsasında duran bir amil - Avropa üçün Şərqin qapısı, Şərq üçün isə Avropaya açılan pəncərə olması "Əsli və Kərəm"də öz ifadəsini tapır. Bu xalq faciəsində təkcə Kərəmlə Qara Keşiş, müsəlmanlıqla xristianlıq deyil, həm də sözün hərtərəfli anlamında Şərq və Qərb kəsişir və toqquşur. Ona görə də bəstəkarın yaradıcılığının iki qütbü arasında həm ayırıcı sərhəd, həm də birləşdirici körpu rolunu oynayan "Əsli və Kərəm"dən imtina musiqi mədəniyyəti tariximizi tam başa düşməyə mane olur. Üzeyir bəyin yaradıcılığı musiqimizin inkişaf yolunu həddindən artıq sıxılmış, preslənmiş şəkildə əks etdirdiyindən dahi bəstəkarın hər hansı əsərinin unudulması, italyanlar və ya fransızlar üçün bir neçə əsrlik musiqi tarixindən imtina etməyə bərabərdir.
"Leyli və Məcnun" opera-muğamdır, "Əsli və Kərəm" opera-dastan, "Koroğlu" isə bu terminin kristal mənasında opera. Görəsən, bəstəkarın axırı şadlıq səhnəsi, toy təntənəsi ilə bitən onlarca dastanı bir kənara qoyub, məhz "Əsli və Kərəm"i seçməsinə səbəb nə olmuşdu? Professional musiqimiz hələ özünün tragediya mərhələsini yaşayırdı - bu, aydındır. Amma məsələ, sadəcə, bununla bağlı deyildi. Üzeyir bəy Qarabağdan çıxmış və "erməni məsələsi"ni bir qarabağlı kimi uşaq yaşlarından dərk etmişdi. Operanın bəstələnməsindən bir neçə il əvvəl erməni-müsəlman davasının növbəti dalğası qalxmış, Qori Seminariyasını bitirib Hadrutda işləyən gənc Üzeyir ermənilərin ölüm təhdidləri qarşısında Bakıya gəlməli olmuşdu. Qarşıdan 1918-ci il mart qırğını gəlir, "qanlı sənələr" kəsilmək bilmirdi. XX əsrin ilk iyirmi ili ərzində bütün Qafqaz erməni-daşnak fitnəsi ilə alovlanan qaynar qazana dönmüşdü. Gənc bəstəkar bir dahilik intuisiyası ilə bu əsərin Azərbaycanın tarixi taleyi ilə bağlılığını dərindən duymuş, gözəl dərk etmişdi. "Əsli və Kərəm" dastanının düzülüb qoşulmasından bir neçə yüz il,  "Əsli və Kərəm" operasının bəstələnməsindən yüz il keçir. Bu gün nə dastanı düzüb-qoşan xalqın, nə də operanı bəstələyən dahinin yanılmadığını təsdiq etmək zorundayıq.

"Əsli və Kərəm" bizim ən illüziyasız dastanımızdır. Bu əsər az qala bütün dastanlar üçün səciyyəvi olan trafaret duvaqqapma səhnəsi ilə deyil, faciəvi sonluqla bitir. Başqa dastanlarımızdakı ilahi butaya burda şeytani sehr, cadu, tilsim əlavə olunur. Qarabağ sindromunda olduğu kimi, burda da tilsimi ortalığa atan Qara Keşiş olur. İstər dastanın, istərsə də operanın bütün ideya leytmotivi məhz rapa keşişlərin tilsimindən, şərindən ehtiyatlı olmağa çağırışdır. "Koroğlu"dan başqa, bütün operalarının, o cümlədən də "Əsli və Kərəm"in librettosunu bəstəkar özü yazıb.  Operanın librettosunda olayların Qafqazdan İsfahana köçürülməsi, Kərəmin İsfahan şahının oğlu kimi təqdimi, görünür, geniş yayılmış erməni terroruna qarşı konspiroloji məqsəd daşıyırdı. Əsər, nə qədər ağır da olsa, iki ümmət arasındakı antipatiyaya nə vaxtsa son qoyulacağına inamsızlıq ifadə edir. Özü də Əslinin tilsimli qırmızı donu qədər sirli, mübhəm, metaforik bir müstəvidə. Və əlbəttə, operada bu qədər ağır dərdin, müsibətin içində məryəmlər, anyalar, sonyalara bənd olan tacir, bəyzadə, xanzadələrimizin, o cümlədən də Kərəmin eşqinə çox incə ironiya da ifadə olunur.
Kərəm bu "günahının" qarşılığında neçə əsr aşıqlarımızın telli sazında, bir əsrə yaxın isə Opera Teatrı səhnəsində od tutub yandı. Dastan yaradıcılığının qürub dövründə Üzeyir bəy xalqın erməni məsələsi ilə bağlı bu müdrik xəbərdarlığını professional musiqiyə ötürə bildi. Ən önəmlisi odur ki, tarixi-bədii yaddaş pozulmadı, əksinə, daha parlaq ifadə forması tapdı. Bir dastan kimi artıq ifa edilməyən "Əsli və Kərəm"i bir opera kimi unutmaq isə tarixi-bədii yaddaşımızı pozmaq demək idi. Özü də Qarabağ düyününün Əslinin düymələri kimi od saçdığı, bu alovun Azərbaycanın sərhədlərini aşaraq, Türkiyəni də bürüdüyü  bir dövrdə!  Olaylar artıq Ərzurumun gədiyinə varıb!
"Əsli və Kərəm"in repertuardan çıxarılmasında israr edən və buna nail olan Xəlil Rza, şübhəsiz ki,  haqlı idi. Amma bu, bəlli zaman və onun doğurduğu ovqatdan doğan nisbi həqiqət idi. Bəli, onda məhz belə lazım idi. Zaman keçdi və onun nisbi həqiqəti də öz ömrünü başa vurdu. Üzeyir bəy Xəlil Rzadan daha haqlı idi. Çünki onun həqiqəti yüzilləri keçib gələn  həqiqət idi. Ən haqlı isə dastanı düzüb-qoşan və bizə miras qoyan xalqın özüdür. Çünki xalqın həqiqəti bu dastanı ona nazil edən Haqqın həqiqətidir. Gərək bilməsəydi, nazil edərdimi? İşin əsli budur!
2013-cü ildə "Əsli və Kərəm"in iyirmi beş illik  düyününü açan, onu səhnəyə qaytaran Opera Teatrının kollektivi bütün bunlar barədə məhz belə düşünürdümü? Bilmirəm. Əsas o idi ki, Opera Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşunda əsər səhnəyə yenidən ayaq açdı. Baş rolları gənc muğam ifaçılarından İlkin Əhmədov və Vüsalə Musayeva, Elnur Zeynalov və Arzu Əliyeva ifa etdilər. 
XX yüzilin böyük filosoflarından Haydegger yazırdı ki, Romeo və Cülyetta olayı onlar sərdabədə eşq yolunda qurban gedəndə yox, Kapulettilərin sarayında düzənlənən bal-maskaradda ilk dəfə tanış olanda baş verir. Çocuqların baxışları toqquşduğu anda! Yəni əsas fikirdir, niyyətdir, olay isə fikrin realizəsidir. Bir atalar sözündə deyildiyi kimi, niyyətin hara, mənzilin ora. Opera Teatrının kollektivi iyirmi beş illik "Əsli və Kərəm" düyməsini açmaqla Qarabağ sindromunun çözülməsi  üçün ümummilli niyyəti ifadə etdi. Və Tanrı kərəm etdi - Qarabağ düyünü çözüldü. Əslinin düymələri isə açılmasa da, olar...

Oktyabrın 20-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, qəzetin xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz" jurnalı ilə birlikdə hazırlanıb.
Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar AMEA-da çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib. AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-də məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib: “Akademiyanın müxbir üzvü Nüşabə Araslının hazırladığı kitab min səhifədən çoxdur və axırıncı redaktə prosesini keçirir. Həmçinin institutda iki cilddən ibarət “Nizami Gəncəvi ensiklopediyası” çapa hazırlanır. İnstitutumuzun əməkdaşı Siracəddin Hacının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, Nizami ilə bağlı kitabların meydana çıxması baxımından dünyada rekordsmendir. Heç kəsin Nizami Gəncəvi haqqında on cilddən ibarət şərhləri yoxdur. Nizami haqqında 10 dildə hazırlanan kitabda Azərbaycan, türk, ingilis, rus, çin, alman, polyak, Ukrayna və gürcü dillərində yazılar yer alıb”.
Diqqətə çatdırıb ki, Nizami Gəncəvinin haqqında mətbuat orqanlarımızda minlərlə məqalə çap olunub. "Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Azər Turanın rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr var. Eyni zamanda, bu gün Nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb. Bu qəzet vasitəsilə Nizami haqqında onun dövründən tutmuş bu günə qədər gedən inkişaf prosesini izləyə bilirik. 2021-ci ildə - "Nizami Gəncəvi İli"ndə Azərbaycan Nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyirsinizsə, bu qəzet onu əks etdirə bilir. Bu buraxılışı Azərbaycan Nizamişünaslığının tarixində yeni mühüm hadisə kimi dəyərləndirməyi özümə borc bilirəm. Bu iş, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli”nə sanballı töhfəsi, xidmətidir. Həmçinin “Ulduz” jurnalı da bu layihəyə qoşulacaq, bu iş davam edəcək", - deyə İ.Həbibbəyli qeyd edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Nizami Gəncəvi İli” xüsusi buraxılışının hazırlanma zərurəti və əhəmiyyəti” adlı məruzəsində prosesə tarixi aspektdən yanaşıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq üzrə katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspektlərdən toxunduğunu qeyd edərək deyib ki, “bu bizim ən ağrılı yerimizdir, çünki mübahisəli məsələlər çoxdur. Nizami ilə bağlı elə şeylər var ki, bəzən gedib siyasətə söykənir. Bəzən güzəştə gedəsi yerlərimiz var, elmi dairələrdə bu məsələlər yüksək səviyyədə araşdırılır. Bu sayın unikallığını mən onda görürəm ki, sanki mini formada Nizami ensiklopediyasıdır”.
AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.
Xüsusi buraxılışın Nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakursda baxılan bu yazılar “Nizami Gəncəvi İli”nə ən gözəl töhfədir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nəzakət Məmmədli, Siracəddin Hacı, Səadət Şıxıyeva çıxışlarda buraxılışı mütərəqqi addım kimi dəyərləndiriblər və Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

Belarus Dövlət Filarmoniyasında Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.
AzərTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Belarus Dövlət Filarmoniyasının solistləri, milli və beynəlxalq festivalların laureatlarının ifasında dahi bəstəkarın repertuarından mahnı, romans və ariyalar dinlənilib. Konsertin aparıcısı proqram boyu M.Maqomayevin həyat və yaradıcılığı, anadan olduğu və böyüdüyü Azərbaycanla bağlılığı, vətəninə məhəbbəti, eləcə də yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi barədə dinləyicilərə geniş məlumat verib.
Konsertdə ifalar böyük alqışlarla qarşılanıb.

Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.
AzərTAC xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Ermitaj muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir. Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub.
M.Piotrovski xatırladıb ki, 80 il bundan öncə, Böyük Vətən müharibəsi dövründə və Leninqradın tam blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə Ermitajda Nizami Gəncəvinin 880 illiyinin keçirilməsini əlamətdar hadisə adlandırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib və dünyanın bir çox ölkələrində böyük mütəfəkkir şairin xatirəsi anılır.
Tədbirdə Ermitaj muzeyinin və Rusiya Milli Kitabxanasının əməkdaşları Nizaminin poetik irsində danışıblar.
Daha sonra Nizaminin əsərlərindən parçalar səsləndirilib.
Tədbir konsert proqramı ilə sona çatıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Türkiyədə təşkil olunan  Beynəlxalq Sapanca Şeir axşamlarında Azərbaycanı təmsil edir.  
“Ədəbiyyat və incəsənət” portalına İntiqam Yaşarın verdiyi məlumata görə, adıçəkilən tədbir 20 illik tarixə malik olmaqla Türkiyənin ən önəmli ədəbiyyat tədbirlərindən hesab olunur.  Bu il təşkil olunan tədbirlər çərçivəsində şairlərin şeir gecələrində çıxışları və Türkiyənin müxtəlif təhsil ocaqlarında görüşləri baş tutacaq. Qeyd edək ki,  Beynəlxalq Sapanca Şeir axşamlarının açılış törəni bu gün 20 oktyabr Türkiyə vaxtı ilə saat 19:00-da Adapazarı Kültür Mərkəzində reallaşacaq. Tədbir Sakarya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlığını fəda edən, xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadan qazilərimiz hər bir azərbaycanlının qəlbində  taxt qurub. Qazilərimiz daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.
Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Onlardan on nəfər qazilik zirvəsinə ucalıb.
Mədəniyyət Nazirliyinin məlumatına görə, adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş bu igidlərin bütün ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinə start verir.
Qeyd edək ki, layihə çərçivəsində qazi mədəniyyət işçilərimiz haqda videoçarxlar hazırlanacaq. Onların 44 günlük müharibə müddətində göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət olacaq hər bir videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti, qəhrəmanlığı əks etdiriləcək.

Amerika Kino Sənəti və Elmləri Akademiyasının baş direktoru Don Hadson istefa verəcəyini açıqlayıb.
TASS agentliyi xəbər verir ki, bununla bağlı məlumat akademiyanın rəsmi səhifəsində qeyd olunub.
10 ildən çox akademiyaya rəhbərlik edən Don Hadson deyib: “Bu müddətdən sonra qərara gəldim ki, başqa işlərlə də məşğul ola bilərəm. Akademiyada bundan artıq heç bir iş görə bilmərəm”.
Qeyd edək ki, Don Hadson Akademiyaya 2011-ci ildən rəhbərlik edir. O, bu müddət ərzində kadr idarəçiliyi, təhsil, akademiyaya üzvlük, maliyyə və digər məsələlərlə məşğul olub. Don Hadson həmçinin Akademiyanın tabeliyində olan muzeyin və fondun işinə də nəzarət edib.

 

İntihar faktının yaradıcılıqda araşdırılması istər klassik, istərsə də müasir yapon yazıçıları üçün adi və tez-tez rast gəlinən haldır. Çünki intiharın özü yapon həyat tərzinin, mədəniyyətinin, tarixinin ayrılmaz faktorudur. İnsanın öz seçimi ilə həyatına son qoyması, hətta əksər hallarda bunu qəddarlıqla, qanlı şəkildə etməsi onlarda normal sayılır.

 

İntihar etmiş yazıçıları ilə “öyünən” yapon ədəbiyyatı haqqında ilkin olaraq söz açmağım da təsadüf deyil. Xüsusilə də bu gün artıq klassik hesab olunan, istedadı və yaradıcılıq sferasının çoxşaxəliliyi ilə hamını heyrətə salan biri barədə danışmaq istəyirəm.

 

Mən bu yazıçını çox sevdim. Təbii ki, intiharına görə yox. Nə qədər təəccüblü olsa da, ilk dəfə gördüm ki, başqa xüsusiyyətləri ilə birlikdə yazıçının qəddarlığı da onu sevdirə bilərmiş.

 

Yukio Misima (1926–1970) yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Cəmi 45 il yaşayıb, amma bu dövrdə gördüyü işləri və əldə etdiyi uğurları sadalasam (mən elə belə də edəcəyəm), istənilən bir yaradıcı insan ona qibtə edər. 40 roman, ekranlaşdırılmış 15 əsər, Yaponiya, Amerika və Avropa ölkələrində səhnələşdirilmiş 18 əsər, 10 esselər və hekayələr kitabı... Bu, hələ hamısı deyil. Yazıçılıqdan başqa teatr, kino rejissoru və aktyoru olan Misima, eyni zamanda simfonik orkestrə dirijorluq edib, kendo, karate və ağır atletika ilə məşğul olub, 7 dəfə Yer kürəsini səyahətə çıxıb, adı üç dəfə Nobel mükafatına namizədlər siyahısına salınıb.

 

Yaponlar üçün Misima, sadəcə, bir yazıçı deyil, həm də yapon mərdliyinin və ruhunun, yapon təfəkkürü və dünyagörüşünün təcəssümüdür. O, tarixə təkcə yazdığı əsərlərlə yox, 1968-ci ildə “Tate-no-kay” (“Qalxanlar cəmiyyəti”) yaratması ilə də düşüb. Hətta çox zaman onun ətrafına yığılan samuraylar “Misimanın oyuncaq əsgərləri“ adlandırılaraq ələ salınıblar da. Amma bu oyuncaq əsgərlərlə birlikdə Misima heç də oyun olmayan qanlı aksiyanın iştirakçısına çevrilib. Bu barədə bir qədər sonra biləcəksiniz.

 

Hələliksə onu bilin ki, bütün bu zəngin həyat yolunun, qazanılan uğurlann bir nəticəsi, bir sonu olub – Misima 1970-ci ildə, noyabrın 25-də xarakiri edib...

 

“Belə yazıçılar bizdə iki, hətta üç əsrdən bir dünyaya gəlir“ fikrini Misima haqqında digər intihar etmiş yazıçı – Yasunari Kavabata deyib. Təbii ki, istedadı, gücü, əldə etdiyi nailiyyətlər və uğurlar baxımından Misima dövrünün yazıçılarından fərqlənirdi. Lakin sonda, yekunda o, bir çox istedadlı yapon yazıçısı kimi eyni nəticəyə gəldi. Sizin bu kitabı oxuduğunuz vaxt üçün son rəqəmlərin necə olduğunu deyə bilmərəm, amma mənim onu işlədiyim vaxtda son göstərici insanda yalnız dəhşət hissi yaradır. Yapon ədəbiyyatının dünyada tanınmış iyirmidən artıq nümayəndəsi intihar edib. Etiraf edim ki, bu, balaca rəqəm deyil.

 

Seçimi müəyyən qədər fərqli olsa da, Misima ondan əvvəl və ondan sonra intihar edən yazıçılar arasında özünəməxsus yeri tutdu... Düzünü deyim ki, bu özünəməxsusluq müəyyən mənada elə seçimlə də – intihar forması ilə də bağlı idi...

 

Misima keçmiş sovet məkanında, xüsusilə də Azərbaycanda gec və az tanınıb. Bunun əhəmiyyətli səbəbləri var. Əvvəla, adıçəkilən məkanda oxunan ədəbiyyat dövlət siyasəti ilə müəyyənləşdirilirdi. Həmçinin onun “humanist“ ədəbiyyat olması vacib şərtlərdən biri di. Digər tərəfdən isə, öz yazıçılarının intiharını cidd-cəhdlə uzun illər gizlətməyə çalışan bir dövlət üçün dünyanın intihar etmiş başqa bir yazıçısını təbliğ etmək nəyə gərək idi ki?

 

Misimanın yaradıcılığında, həqiqətən də, humanistlikdən uzaq olan reallıqlar vardı və bu, bizdə yazıçının qəddarlığı kimi qiymətləndiriləcək bir açıqlıqla təsvir olunur. Onun qəhrəmanlarının, həmçinin özünün həyata, ölümə münasibəti bəzən ikrah doğuracaq qədər canlı və təbiidir. Deyə bilərsiniz ki, bu nə təzaddır belə – həm canlı, həm də ikrah doğuracaq qədər təbii?! Düzü, hisslərimi və təəssüratımı ifadə etmək üçün bundan daha uğurlu variant tapa bilmədim. Öz təəssüratınızı əldə etmək istəsəniz, siz də oxuyun. Mən isə onu deyə bilərəm ki, Misima başqalarının tərəddülə yanaşdığı reallıqları çəkinmədən, acgözlüklə, çılpaq təsvir edib. Bu onu fərqləndirən, oxucu marağına səbəb olan amillərdən biridir. Nəzərə alın ki, hadisələrə fərqli yanaşma həmişə insanlarda maraq yaradır. Axı başqaları kimi düşünməmək diqqətçəkici amildir...

 

Bu məqamda xırda bir qeydlə üzərindən keçmək istədiyim bir faktı da bildirim. Misimanın homoseksual meyilləri ona münasibətin ziddiyyətli olmasına rəvac verib. Bu meyil isə, məlum olduğu kimi, hətta ən demokratik cəmiyyətlərdə belə, normal qarşılanmırdı. О ki ola, “intim münasibət” ifadəsinin anormallıq kimi səsləndiyi, insanlar arasındakı ünsiyyətin “sevgi” sözündən о yana getmədiyi (hər halda, yaradılan təsəvvür belə idi) cəmiyyətdə... Keçmiş sovetlər birliyi üçün bu yazıçının həyatı nəinki “yazıçının nümunəvi həyatı” haqqında anlayışlara uyğun gəlmirdi, hətta həddindən artıq yabançı idi.

 

Misimanın fərqli görüşləri istər öz dövründə, istərsə də ondan sonra onun anormal insan, psixi xəstə kimi qəbul olunmasına səbəb olub. İnsanların anormallığa marağı tükənməz olsa da, qorxu hissi onu yaradan insanı təzadlı münasibətlərə məruz qoyur.

 

Mənə qalsa, deyərdim ki, dərk olunmayan və fərqli olanların xarakterinin anormallıqla bağlanaraq izah edilməsi ən asan yoldur. Məhz buna görə Misimaya anormal kimi yanaşılıb. Onun xarakteri, düşüncələri, hərəkətləri istedadı çərçivəsində və müstəvisində təhlil edilsəydi, nəzərə alınsaydı kı, hər bir istedadın özündə bir anormallıq var, bu yazıçını anlamaq daha asan ola bilərdi.

 

Əslinə qalsa, istedadlı insanların hər hansı bir normalarla ölçüyə qoyulması düzgün deyil. Çünki istedad artıq о normanın, о ölçünün keçilməsi deməkdir.

 

Tarixdən bir fakt gətirim... Misimanın yaradıcılığı ilə tanışlıqdan sonra onun psixi xəstə olması ilə bağlı yaranan təəssürat о öldükdə nazir Satonun dediyi bir ifadə ilə öz isbatını tapdı: “O, sadəcə, dəli olmuşdu”.

 

Bir sözlə, yazıçının dəliliyi dövlət adamının dili ilə təsdiqlənmişdi. Amma bu dəlilik üçün zəmin yaradan, ilk növbədə, onun yaradıcılığı və müəyyən zamanlarda dediyi fikirlər olub. Məsələn, Misima 1948-ci ildə yazırdı: “İçimdə oyanan və mənə rahatlıq verməyən bir istəyi – qatil olmaq istəyini boğa bilmirəm. Al qırmızı qan görmək üçün dəhşətli dərəcədə susamışam. Təəccüblü deyil. Qadınların sevmədiyi kişilər həmişə məhəbbətdən yazarlar. Mən isə kimisə öldürüb ölüm hökmü qazanmamaq naminə bu əsərləri yazmağa məcburam”.

 

Misima qatil olmaq istəyini reallaşdırmamaq üçün daxilindəki ehtirası, qan görmək təlabatını, qəddarlığı (bunu şərti olaraq belə adlandırıram, lakin çox mübahisəli məqamdır. Həqiqətənmi, bu təlabatı “qəddarlıq” kimi adi bir sözlə ifadə etmək olar?!) yazıya çevirirdi.

 

Bilirsinizmi, bu əminliyim hardandır? İlk növbədə, oxuduğum əsərlərindən. О əsərlərdə yazıçının qana və ölümə sevgisi о qədər canlıdır ki, təəccüblənməyə bilmirsən. Lakin о heç kəsin qatili olmadı. Daha doğrusu, oldu, amma başqasının deyil, özünün qatilinə çevrildi. Və... həmişə yaradıcılıqda təsvir etdiyi qanlı yolla.

 

“İçindəki qəddarlığı, ehtirası yaradıcılığa gətirməyin nəyi pisdir ki”, – deyə soruşa bilərsiniz. Təbii ki, heç nəyi. Elə o, özü də belə fikirləşirdi: “Nə üçün insanın içalatının çölə tökülməsini bu qədər ikrahla qarşılayırlar? Nə üçün bədənimizdəki adi bir yaranı görəndə gözlərimizi dəhşətlə qapayırıq? Axı nəyə görə daxilimizin quruluşu bizdə ikrah yaratmalıdır? Məgər o, bədənimizi örtən dəri ilə eyni təbiətdə deyilmi? Bizim bədənimiz qızılgülə bənzədilirsə, burada insanilikdən kənar nə var? Qızılgülün içi də çölü kimi gözəldır, elə deyilmi?” (“Qızıl məbəd”).

 

Mən bu yazıçı və sonrakı yazıçılar haqqında olan fikirlərimi onların bədii əsəriərindən gətirdiyim sitatlarla əsaslandırmağa, təsdiqləməyə və möhkəmləndirməyə çalışacağam. Əlbəttə, ola bilər, təsdiq üçün yazıçının bədii əsərindən sitat götürməyim nöqsan hesab edilsin. Amma nəzərdən qaçırmayın ki, söhbət yaradıcılıqda təsdiqini tapan həyat həqiqətlərindən gedir. Misima əsərlərində hər hansı bir qəhrəmanının dili ilə dediyi həqiqəti dəfələrlə – istər digər yaradıcılıq sahələrində, istərsə də nitqlərində təkrarlayıb. Bu isə həmin fikirlərin bədii nümunələrə təsadüfən düşmədiyinə dəlalət edir.

 

Misima samuray idi, elə buna görə də onun yaradıcılığında yapon və samuray təfəkkürünün aydın təsviri var. Amma bu təcəssümün insanlar tərəfindən qəbulu və dərki müxtəlifdir. Məsələn, Misimanın öz əsərlərində daha çox qabartdığı və yaponlarda olan qəhrəmanlıq anlayışını biz fərqli şəkildə dərk edirik. Çünki bizdə qəhrəmanlıq ölçüsü fərqlidir. O, çox zaman humanistlik və ədalətlə vəhdətdə götürülür. Humanistlik və qəhrəmanlıq bir araya sığışarmı? Hər halda, əvvəllər sığışdığını düşünürdüm. Yapon ədəbiyyatı ilə tanışlıqdan sonra (təbii ki, son vaxtlar ölkəmizdə  baş verən hadisələr və beynimizdə illərlə əvvəl yerləşdirilmiş, artıq silinməsi çətin olan düşmənə qarşı “humanist” münasibəti dəfələrlə müşahidə etməyim də bu məsələdə müəyyən rol oynadı) fikrimi dəyişməli oldum. Onlarda qəhrəmanlıq kimi dərk olunan anlayış bizdə qəddarlıq, mazoxizm və ya sadizm kimi qəbul edilir. Çünki təfəkkürlər və baxışlar müxtəlif, dünyanı dərk etmə tərzi fərqlidir.

 

Artıq qeyd etdiyim kimi, intihar yapon təfəkküründə qəhrəmanlıq kimi qiymətləndirilən, bizim kimi çoxlarının anormal qarşıladığı, о cəmiyyət üçün isə xarakterik haldır. Hətta о dərəcədə ki, bədii əsərlərdə cəmiyyətin hər bir qlobal və üzdə olan problemitək özünə yer tapmaq hüququ qazanıb. Amma yapon yazıçıları yaradıcılıqlarında bu məsələni diqqət mərkəzinə çəksələr də, hər birinin ona münasibəti subyektiv və şəxsi hisslərlə, komplekslərlə müşaiyət olunur. Deməli, müxtəlifdir.

 

Məsələn, Yasunari Kavabata intiharı yaradıcılığında daha çox qocalıq qorxusu ilə kompleks halında verirdi (“Dağların iniltisi” əsəri). Maraqlıdır ki, о özü də qocalıq dövründə, 73 yaşında intihar etmişdi. Onu da deyim ki, bu yazıçı Akutaqava və Misimanın intiharlarının əleyhinə dəfələrlə narahatlıqla çıxışlar edib. Və yaxud Akutaqava yaradıcılığında intihardan söz açarkən psixi xəstəliyi daha çox qabardırdı. Xüsusilə də “Axmağın həyatı”nda. Qəribədir ki, (bəlkə də, ”qanunauyğundur!” sözü daha çox yerinə düşür) о özü də ömrünün sonlarına yaxın psixi xəstəlikdən əziyyət çəkib və bir çox qəhrəmanları kimi veranol qəbul edərək həyatına son qoyub. Aparılan paralellər göstərir ki, onlar qəhrəmanları üçün seçdikləri və asan bildikləri üsulları sonradan öz həyatlarına tətbiq ediblər.

 

Yukio Misimanın yaradıcılığında isə intihara münasibət fərqlidir.O, intiharın daha qanlı, əzablı və qəhrəmanlıq kimi qiymətləndirilən növünü – yaradıcılığında dəfələrlə təsvir etdiyi xarakirini seçib. Deməli, göründüyü kimi, təkcə yaradıcılıqda yox.

 

Məni maraqlandıran ilk sual: Misima anormal idimi? Aşağıda onun fərqli təfəkkürünü göstərən bir sıra məsələlərə toxunacağıq. Amma bunu anormallıqla izah etmək nə dərəcədə düzgündür? Onun özünə müraciət edək: “Yazıçıların əksəriyyəti normal insanlardır, lakin özlərini dəli kimi qələmə verirlər. Mən də özümü tamamilə normal insan kimi aparıram, lakin mənim daxilimdə olanlar...”

 

Onun daxilində başqaları üçün dəhşətli dərəcədə qorxunc görünən obrazlar, hadisələr və fikirlər dolaşırdı. Misima onların varlığının normadankənar olduğunu bilirdi. Bu, yaradıcı insanın təxəyyülündən daha artıq bir şey idi. Bu hissetmənin bir səbəbi də var: hadisələrin və obrazların onun şəxsi həyatından qaynaqlanması. Təsvir etdiyi hər obrazda müəllifin müəyyən xüsusiyyətləri yaşayır. Misima da Cek London, Akutaqava və bir çox intihar etmiş yazıçılar kimi körpə yaşından ailədən məhrum olub. Qəddar bir qadınla – nənəsi ilə birlikdə yaşaması isə onda psixoloji narahatlıq, tənhalıq duyğusu və bunun nəticəsi olan fantaziyaların yaranmasına rəvac verib. Həmin hisslər yazıçının qəhrəmanlarında da. var. Misima adamlardan kənarda, quraşdırdığı fantazlyalarla dolu dünyada sinədolu nəfəs ala bilib. Bunu ilk qəhrəmanlarından əvvəl yazıçının özü etiraf edir: “Fantaziyalarımda öldüyümü təsəvvür etmək, yaxud hansısa qatilə tuş gəlməyi gözlərim önünə gətirimək mənə böyük zövq verirdi. Amma eyni zamanda mən ölümdən dəhşətli dərəcədə qorxurdum. Fantaziyalarımda qulluqçumuzun mənə gətirdiyi çaya zəhər qatdığını təsəvvür edir, dünya dağılsa da, onu içmirdim. Qanlı döyüşlərin təsvir edildiyi şəkillər məndə ehtiras yaradır, qarnını yırtan samuray və ya gülləyə tuş gələn əsgərin rəsmi məni ehtizaza gətirirdi”.

 

Onun bu etirafları əsərində – “Maskanın etirafları”nda bir qədər başqa formada davam etdirilir: “Hamı deyir ki, həyat səhnədir. Amma böyük çoxluq üçün bu, ideyaya çevrilmir. Hətta əgər çevrilirsə də, bu mənim kimi erkən yaş dövründə baş vermir. Uşaqlığım bitən zaman artıq bu həqiqətin dəyişməz olduğuna əmin idim və əsl məramını dərk etmədən mənim üçün nəzərdə tutulmuş rolu oynamağa çalışırdım”.

 

Bu əsərə əsaslanaraq, Kimitake Xiraokonun (bu, Misimanın əsl adıdır) özünün simasını görmək mümkündür. Тəк­сə simasını deyil, həm də uşaqlıqdakı yaşantılarına əsaslanan komplekslərini, ilk anormal meyillərini və... sevgisini...

 

Bir müşahidəmi sizinlə bölüşmək istəyirəm və bu təkcə Misimaya, yaxud təkcə yapon yazıçılarına aid deyil. Ümumiyyətlə, yazıçını anlamaq, əsərlərində onun özündən, xarakterindən gələn xüsusiyyətləri tutmaq və yaradıcılıqda nə dərəcədə özündən danışdığını bilmək istəyirsinizmi? Haqqında məhz bu faktı müəyyənləşdirmək istədiyiniz yazıçının əsərlərini ard-arda – tarixi ardıcıllıqla və araya başqa yazıçının əsərini salmadan oxuyun. İnandırıram ki, faktlar və xarakterik cizgilər özü sizin gözləriniz önündə canlanacaq. Çox nadir yazıçılar var ki, yalnız müəyyən əsərlərində özlərini gizlədə biliblər. Bəli, məhz müəyyən əsərlərində. Bu, onların öz xarakterləri və şəxsiyyətləri üzərində qələbəsi kimi qəbul edilə bilər.

 

Misimada da belədir. Ard-arda oxunan əsərləri onun xarakterik cizgilərini və obrazını, bəlkə də, başqa yazıçılardan daha artıq şəkildə ortaya çıxarır. Bu obrazın xüsusiyyətləri arasında çox şeylər var – uşaqlıq qorxuları da, mənəvi tənhalıq hissi də, istedadın və başqalarından fərqlənməyin insanda yaratdığı diskamfort hissinin təsviri də...

 

Hətta onun həyatını araşdıran bioqraflar həyatı ilə bağlı faktları yazmasaydılar belə, bir çox əsərlərində üst-üstə düşən bu xüsusiyyətləri meydana çıxartmaq о qədər də çətin olmayacaqdı...

 

Onun uşaqlıqdan yaşadığı təklik və tənhalıq duyğusu bir çox əsərlərinin qəhrəmanlarına da yaşadılıb. Ayrı-ayrılıqda onların hər birində normal yaşanmamış uşaqlıq, psixoloji natamamlıq, daxildən gələn qəddarlıq duyulur. Amma maraqlıdır ki, bu əsərlərdəki istənilən qəddarlığın izahı var. Misima öz qəhrəmanlarının qəddarlığını, az qala, özünün qəddarlığı qədər aydın dərk edir və bunu haqq qazandıraraq təsvir edirdi. О bütün əsərlərində öz qəhrəmanlarına (əksər hallarda həm də özünə) haqq qazandırmağa çalışıb. Məsələn, “Qəzet” hekayəsini xatırlayaq. Onun qəhrəmanı anasının dayəlik etdiyi bir evdə, ətrafı qanla, çirkabla bulaşdıraraq dunyaya gəlir. Sonra adi bir bezə belə layiq görülməyərək qəzet parçasına bükülür (hər dəfə olduğu kimi, bu əsərdə də qanla dolu səhnələrin çox aydın və detallı təsviri var). Misima xeyli irəli qedərək qəhrəmanının gələcək taleyini – onun səfil həyatını, dilənçi olacağını müəyyənləşdirir. Bu priyom yazıçının birbaşa olaraq ona – taleyinə, yaşantısına, sonuna haqq qazandırması demək idi. Küçədə, evdə doğularkən büküldüyü qəzetlərə bənzər qəzet parçaları üzərində yatacaq və gələcəkdə dilənçi olacaq о uşağın yalnız gələcəyinə deyil, etdiyi hərəkətlərə də haqq qazandırılır.

 

Sabahın dilənçisi dilənçi olduğuna görə məsuliyyət daşımır. Bu onun günahı deyil. Onun üçün bu bir taledir və əvvəlcədən, həm də özündən soruşulmadan müəyyənləşdirilib.

 

Bütün bu haqq qazandırmalar yazıçının öz komplekslərindən, şəxsiyyətindən irəli gəlir və sonrakı əsərlərində davam etdirilirdi. O nəinki səfil və dilənçini, eyni zamanda qatili də dərk etmək gücünə malikdir. Nəzər salaq. “Orta əsrlərdə yaşamış qatil manyakın fəlsəfi gündəliyi”ndən bir sitat: “Qatil yalnız öldürən zaman kamilliyə çatır. Qətlə yetirmək onun özünü kəşf etməsi deməkdir... Günəşin doğması qatil üçün əzablı mənzərədir. Günəşin parlaq batışı onun ruhuna daha çox uyğun gəlir”...

 

Bu, qatilin xarakterinin açılması üçün, sadəcə, bir girişdir. Daha sonra onun ruhunun, psixologiyasının, düşüncəsinin dərki üçün edilən cəhdlər gəlir. Bir qatilin “təfəkkür”ü necə çalışır – bunu anlamağa, daha doğrusu təsvir etməyə çalışır yazıçı: “Zibillə dolu bir yerdə kimisə qətlə yetirmək yeni bir gözəlliyə can atmaq deməkdir. Yaxud həmin yerdə artıq əsası qoyulmuş gözəlliyin şahidi olmaqdır”.

 

Bu da növbəti izahat... Beləliklə, qatilin xisləti açıldıqca, Misimanın özünün də qatilə, qana soyuqqanlı münasibəti aşkara çıxır. Əslində, burada da bir zəncirvari ardıcıllıq var. Qana soyuqqanlı münasibət qatili dərkə, qatili dərk isə onun törətdiyi əməlləri dərkə gətirib çıxarır. Və bu həlqə davam etdikcə həyatda haqq qazandırılması mümkün olmayan bir şey qalmır.

 

Ola bilər, kimsə yazıçının qatili, manyakı, qanı, qəddarlığı dərk etmək istəyini sadəcə, ədəbi priyom adlandırsın. Oxucunun diqqətini çəkmək üçün bundan maraqlı nə ola bilər ki? Bu fikirlə razılaşmaq olardı. Amma bir şərtlə: Misima həyatda başqa cür olsaydı. Yazı əsasında onun həyatından gətirəcəyim faktlar və həyatına vurduğu yekun da öz növbəsində, onun əsərlərdə təsdiqlənən xarakterik cizgilərini bəlli edir. Bir də həyatla yaradıcılığı arasındakı paralellərin mövcudluğu faktı var...

 

 

 

***

 

Bütün cəmiyyətlərdə insanların qatilə və cinayətkara marağı müşahidə olunur. Hətta cinayətin izlərini insanın üz quruluşunda, sifət cizgilərində axtarılmasından tutmuş, qatilliyin genetik kodlarla ötürüldüyü iddiasına qədər müxtəlif düşüncələr mövcuddur. Yazıçı yanaşmasına gəlincə, qatillərin iştirak etdiyi süjetlərdən yararlanma faktoru dünya ədəbiyyatında çox yayılıb. Amma qatilin “içinə girmək”, düşüncələrinin ardıcıllığını izləmək, onu “özün kimi” dərk etməyə çalışmaq və qatil olmaq?! Daha çox təxəyyülünə əsaslanan qələm adamı – yazıçı üçün bütün bunlar bir qədər çətin tələblərdir. Amma eyni zamanda da maraqlı yaradıcılıq prosesidir. Maraqlı nəticələrə aparan düşüncə yoludur.

 

Misimanın qatilə yanaşmasına fikir verin. Bəzən ona elə gəlir ki, qatil törətdiyi qətllərdə özünü – mənini xilas edir. Bəzən isə əksinə düşünür. Məsələn, belə bir izah verməklə: ”O, başqalarını qətlə yetirə-yetirə özünü də ölümə yaxınlaşdıraraq yaşayırdı”. Yəni qətl qurtuluş yox, ölümün cazibə dairəsinə daha çox yaxınlaşmaq deməkdir.

 

Misima sitat gətirdiyim bu əsərdə – “Qatil manyakın gündəliyi”ndə qətllərin səbəbini bildiyini, o səbəblərə haqq qazandırdığını göstərməyə çalışır: “Qatilə bulaqların, quşların, kəpənəklərin olduğu görüntü, güllər və quşların olduğu kədərli bir peyzaj pis təsir bağışlayır. O, öldürdüyü insanlar üçün ölümün nə demək olduğunu gözləri önünə gətirir, bu zamanın hər dəqiqəsində həmişəlik və əbədi olaraq ölürdü. Ölüm onun üçün rəqsdən başqa bir şey deyildi. Rəqs onun içində yuva salandan sonra bütün dünya gözlərində oyuna çevrilmişdi”.

 

Rəqs qədər maraqlı bir oyunla – ölümlə oynayan qatili anlayan (anlamağa çalışan yox, anlayan!!!) Misima üçün “öldürmək” və “öyrənmək” sözləri bir-birinə çox oxşardır. Qatil mütləq öz praktikasını zənginləşdirməlidir. Təbii ki, yeni ölümlərlə. Misima bunu deyir. Onu da deyir ki, “qatili başa düşən olmadıqda, o ölür”. Misima isə başa düşür. Çünki qatilin qan görmək tələbatı onun özündə də var idi. Sadəcə, bu tələbatını o, qanlı səhnələri acgözlüklə təsvir etməklə soyudurdu.

 

Onun qəddarlığı “Qızıl məbəd”in qəhrəmanı Midzoqutiyə də ötürülüb. Bu əsərin üzərində bir qədər dayanmaq istərdim.

 

Əsərdə Midzoqutinin hər şeydən artıq sevdiyi, “ən böyük gözəllik” saydığı məbədə od vurmasının səbəbi o qədər real göstərilir ki, bu təsirə qapılaraq uşaqlıqdan qüsurlu olan və ətrafının qəbul etmədiyi gəncin hərəkətinə sən də haqq qazandırdığının fərqinə varırsan (yəni hansısa anlamda bu, “cəmiyyət, ətrafın təsiri, münasibəti, laqeydliyi, qıcıqlandırması və s. insanı qatilə çevirə bilər” düşüncəsinin ifadəsi deməkdir).

 

Midzoquti pəltəkdir, yaşıdları onu bu qüsuruna görə həmişə incidirlər. Mənəvi əzab çəkən pəltəyin hərəkətinin və daxili işgəncəsinin təsvirinə fikir verin: “Pəltək ağzından çıxaracağı ilk sözün ilk səsi ilə mübarizə apardığı zaman bir quşa bənzəyir. Çırpınan, azadlığa can atan və özünün “mənəvi məhbəs”indən qurtulmağa çalışan quşa... Düzdür, sonda o quş azadlığa çıxır, lakin artıq gecdir. Nədənsə, hərdən mənə elə gəlirdi ki, qanadlarımı çırpa-çırpa mübarizə aparanda xarici mühit məni gözləməyə razıdır. Amma sonda qapılarım açılmağına müyəssər olurdumsa da, gözlədiyim həmin an özünün təkrarolunmaz gözəlliyini itirirdi”.

 

Midzoqutinin bu cür fikirlərini qələmə alan, onun mənəvi əzablarını, psixoloji sarsıntılarını göstərən yazıçı öz qəhrəmanının sonrakı əməllərinə haqq qazandırmaq üçün zəmin yaratmış olurdu. Yəni əsərin qəhrəmanının ətrafına olan qəddar münasibətinin səbəbi aydındır. O, öz pəltəkliyindən real həyatda xilas olmayacağını bildiyi üçün Misimanın özü kimi fantaziyalara güc verir: ”Təəccüblü deyil ki, məni qəribə xəyallar izləməyə başlamışdı. Hər gün hakimiyyət haqqında düşünürdüm. Gah oxuduğum tarixi romanların təsiri altında özümü həmişə susan və susqunluğu ilə də ətrafını qorxu altında saxlayan qəddar hökmdar, gah da bütün dünyanı təəccübdə qoyan rəssam kimi təsəvvür edirdim. Amma insan taleləri və ruhları üzərində hakimiyət əldə etmək istəyim elə istək olaraq da qaldı. Mən bu arzunu reallaşdırmaq üçün heç barmağımı da tərpətmədim”.

 

Bu əsərin qəhrəmanı özü qüsurlu olduğuna görə ətrafında da qüsurlu insanları görmək istəyir. Hətta ayaqları şikəst olan Kasivaqinin idbarlığı belə ona mənəvi rahatlıq gətirir. Midzoquti taleyin ona bağışladığı natamamlığa görə hamıdan intiqam almaq arzusundadır. O, ürəyində qəribə bir istək də yaşadır – çox sevdiyi Uikonun ölümünü... O ölümü ki, sonda reallaşır.

 

Bu qəhrımanla cəmiyyət arasında keçilməz bir sərhəd var: “Mənim daxili aləmim heç cür xarici aləmlə qovuşmaq, yaxınlaşmaq istəmirdi. Ətraf aləm özü üçün, özü-özlüyündə mövcud idi”.

 

Midzoqutinin daxili kompleksləri o qədər güclüdür ki, o, “üzümü günəşə doğru sakit və rahat şəkildə qaldıra bilməyimüçün dünya dağılmalıdır” etirafını edir və özünü “ölümlə həyat arasında bağlılıq yaradan həlqə” adlandırır.

 

İş orasındadır ki, Misima hər dəfə öz qəhrəmanını dərk etmək və başqalarına dərk etdirmək üçün əvvəlcə onun mənəvi komplekslərini, uşaqlıq illərində yaşadığı sarsıntıları diqqətə çatdırır. Oxucunun fikrini bu istiqamətə yönəldərək ona anlamaq və haqq qazandırmaq üçün zəmin yaradır. Daha doğrusu, onu əvvəlcə kövrəldir, yalnız bundan sonra gələcək səhifələrdə qarşılaşacağı qəddarlığa psixoloji hazırlıq mərhələsinə gətirir.

 

Misimanın qəddarlıqdan aldığı həzz də bu əsərdə qəhrəmanın timsalında öz aydın təsvirini tapıb: “Hamilə qadını döyən zaman çəkmələrimin onun qarnına hər toxunuşunu, eşitdiyim iniltiləri, incə, solğun bir çiçəyi tapdalayırmışam kimi, aldığım həzzi unuda bilmir, böyük zövqlə xatırlayıram” (“Qızıl məbəd”).

 

Misimanın qəhrəmanı təzadlıdır: o, gözəlliyi sevir, eyni zamanda da, ona nifrət edir. Həyatının gözəllik etalonu saydığı Qızıl məbədin təsirindən qurtulmaq üçün onu yandırmaq qərarına gəlir. Özünün gözəlliyə yetişmək imkanını yalnız od vurduğu məbədin yüksəkliyində alışıb- yanmaqda görür: “Mənim həyatım bütünlükdə güzgü ilə əhatələnmiş dəhlizə bənzəyir. Oraya düşən əkslərimi sayır və sonsuzluğa doğru addımlayıram... Bundan sonra yenə də həyat başlayacaqdı”.

 

Amma gözəllik bu əsərin qəhrəmanını yaxına buraxmır. O, gözəllikdən xilas olur və anlayır ki, bu qurtuluş onun həyatla üz-üzə dura bilməsi üçün yardımçı olacaq, yaşamanı təmin edəcək. Və elə buna görə də son qənaəitini söyləyir: “Artıq yaşaya bilərik”.

 

Misimanın özünün də gözəlliyə və ölümə münasibəti təzadlıdır: “Ölüm onun yeganə arzusu olub. Ölüm sifətini həmişə bir-birindən fərqli maskaların arxasında gizlədərək onun qarşısında dayanır və gülürdü. O, bir-birinin ardınca həmin maskaları qoparır, öz üzünə taxaraq ölçürdü. Sonuncu maskanı çıxardıqda ölüm bütün çılpaqlığıyla onun qarşısında idi. Amma biz heç vaxt bilməyəcəyik ki, bu gerçək sifət onda titrəmə və həyacan yarada bildimi? Ölüm istəyi və ölümə sevgi son məqama qədər onu yeni maskaları qoparmağa vadar edirdi. O, hiss edirdi ki, həmin maskaları əldə etdikcə özü də gözəlləşir. Kişilərin gözəl görünmək istəyi qadınlarınkından fərqlənir. Kişilərdə bu, ölmək arzusudur” (“Kiokonun evi”).

 

Bu, artıq başqa əsərdən gətirilən sitatdır.Əsər başqa olsa da, ölümlə gözəlliyin bir mərtəbəyə – eyni yüksəkliyə   qaldırılması, eyniləşdirilməsi faktı dəyişməz qalır. “Qızıl məbəd”də Gözəllik məbədinin – yəni həm də gözəlliyin yüksəkliyinə qaldırılan ölüm “Kiokonun evi”ndə gözəl görünmək arzusu ilə bir tutulur.

 

“Kişilərdə bu, ölmək arzusudur” – Aktyoe Osamu haqqında deyilən bu sözlər, əslində, Misimanın özünə aid idi. Ümumiyyətlə, Misima ölümün və həyatın birgə gözəlliyi konsepsiyasını cızmağa çalışmışdı. Bu konsepsiya onun bütün yaradıcılığını əhatə edir. Yəni... Misimanın həyatı kimi (bəlkə də, həyatından daha artıq) yaradıcılığı da ölümü dərkə yönəlmişdi.

 

 

 

***

 

Bütün yaradıcı insanlartək bu yazıcı da qəribəliklərdən, anlaşılmaz hərəkətlərdən xali deyil. Məsələn, diqqətimi çəkən və bir qədər də təəccübümə səbəb olan bir faktı qeyd edim.

 

Həyatının ilk vaxtlarında döyüş meydanlarındakı ölümü qiymətləndirən Misima sonralar, nədənsə, fikrini dəyişərək intihara haqq qazandırır. Hətta döyüşə getməmək üçün xəstəliyini bəhanə gətirir... Belə təzadlı mövqe intihar edənlərdən birində – Mayakovskidə də olub. O da ilk vaxtlar döyüşlərdə iştirak etmək arzusunu bildirib, məqamı gələndə müharibəyə getməkdən imtina edib.

 

Bu münasibət Misimanın yaradıcılığında da var.Ölümü sevərək könüllü şəkildə qəbul etmək istəyindən danışıram. O, Qvido Reninin “Müqəddəs Sebestyan” reproduksiyasının təsiri altında bu barədə bir əsər də yaradıb. Müqəddəsin qəbul etdiyi ölüm onun ürəyində güclü iz buraxır... “Görəsən, bu, gənc müqəddəsin əllərinin bağlandığı ağcaqayındırmı? Onun qanının iz saldığı ağac... O ağaca ölümqabağı işgəncələr çəkən, dünyəvi əzablarla zövqlə vidalaşan gənc müqəddəsin cavan bədəni sığınmışdı”.

 

 

 

“Dünyəvi əzablarla zövqlə vidalaşmaq”... Hər zaman mətnin özündə müəyyən kodlar gizləndiyinü düşünən biri kimi, bu ifadədə də Misimanın həyata və intihara yanaşma bucağını, inandığı “konsepsiya”nı görürəm. O dünyəvi əzabların ağırlığını elə bir həddə dərk edirdi ki (və ya bu əzablardan o qədər dadmışdı ki), onlara dərk edə-edə, əzab çəkə-çəkəarxa çevirməyi, bununla sanki həm də o əzablara açıq verə-verə getməyi böyük xoşbəxtlik sayır, bundan zövq alırdı.

 

Bu sözləri yazan Misimaya gözəllik və fiziki işgəncənin vəhdətini – ölümü qəbul edən Sebastyan elə təsir etmişdi ki, o, sonrakı yaradıcılığında da bu fakta qayıdır. Hələ ölümündən iki ay qabaq aktyor Misima Müqəddəs Sebastyan rolunda şəkil çəkdirir. 60-cı illərdə isə o, D.Annuntsionun ”Müqəddəs Sebastyanın işgəncələri” əsərini səhnələşdirir.

 

Özünün də qed etdiyi kimi, Misima üçün vacib olan cəhət Sebastyanın ölümü könüllü qəbul etməsi idi. Yazıçı məhz bu xüsusiyyəti yüksək dəyərləndirirdi. Elə buna görə də Misima səhnədə həmin iztirabları oynamağa (deməli, həm də yaşamağa) çalışmışdı. Amma göründüyü kimi, bu da ona bəs etmədi.

 

 

 

***

 

Mən bu yazıçının bir əsəri haqqında da danışmaq istəyirəm. Ən azı, bu əsər barədə, qısa da olsa, məlumat verməyə borcluyam. Çünki yapon yazıçısı özünün qələmə aldığı “Vətənpərvərlik” əsərinəki intihar prosesini olduğu kimi təkrar edib. Necə?!

 

Əsər intihar etməyə hazırlaşan ər-arvad haqqındadır. Onlar arasında əvvəlcədən müəyyən edilmiş susqun bir razılaşma var. Təbii ki, yapon həyat tərzindən və təfəkküründən tamamilə bixəbər olan oxucuda bu səssiz razılaşma təəccüb yarada bilər. Çünki... Ərinin xarakiri etməsinə şahid duran qadın, adətə uyğun olaraq, özü də onun ardınca bu addımı atmalıdır. Əsərdə isə o, qan gölməçəsi içərisindən keçərək çox soyuqqanlılıqla hazırlıq görür və...xəncəri öz boğazına saplayır.

 

Onu da deyim ki, Misimanın prosesi aydın təsvir etmək qabiliyyətinin nəticəsində həmin səhnəni ikrahsız oxumaq (və təsəvvür etmək) mümkün deyil. Əsərin və prosesin özü də, əsgərin xarakiri zamanı “Yaşasın imperator!” çığırması da Misimanın taleyini və sonluğunu xatırladır. Daha doğrusu, bu yazıçının da öz qəhrəmanı kimi son sözləri məhz “Yaşasın imperator!” olub. O da bu bağırtıdan sonra öz qarnını xəncərlə cırıb.

 

Qəhrəmanın keçirdiyi hissləri müəllifin keçirdiyinə, məncə, şübhə yeri qalmır... O, yazırdı: “Mən özümü necə desəniz, təsəvvür edə bilərəm. Dahi, yaxud ölümə məhkum olunmuş biri və yaxud da kamikadze kimi”...

 

Bu fikirlər, yəqin ki, sizədə nəsə deyir... Bu, özünü hər sahədə sınayan bir insanın kamikadzeliyi, yaxud da intiharı öz emalatxanasında sınamaq marağı deyildimi? Etiraz etməsəniz yaxşıdır. Çünki dediyim kimi, japon təfəkkürüdür və daha bir japon yazıçısının – Akutaqavanın da taleyində maraqlı təzahürü olub. O, intiharın necə baş verdiyini dəqiq təsvir etmək üçün dəfələrlə ilgəyi öz boğazına keçirib və ölümün addım-addım ona yaxınlaşmasını öz canında sınayıb. Amma bu barədə sonrakı yazıda daha ətraflı biləcəksiniz.

 

 

 

***

 

1945-ci ildə Misima yazırdı: “Mən bu dəfə daha böyük bacarıqla özümü ölümlə bağlı arzularıma gömmüşəm. Həyatımın əsl və həqiqi mənasını ölümdə görürəm”.

 

Yuxarıda da əsaslandırdığım kimi, bu cür fikirlər onun yaradıcılığında kifayət qədərdir. Amma bu o demək deyil ki, Misima öz həyatını yalnız bir suala – ölümə həsr edib. Yox! Onun fərqli əsərləri də var. Düzdür, həmin əsərlər bu yazıçının o qədər də gözəl olmayan xüsusiyyətini – qəddarlığa və sadizmə meylini sübut edir... Məsələn, “Mənim dostum – Hitler” kimi...

 

Bu əsər yazıçının Hitlerin şəxsiyyətinə olan marağından başqa, bəzi xüsusiyyətlərini də üzə çıxarır. Əsas haqqında onu deyə bilərəm ki, üç hissəli pyesin iştirakçıları Adolf Hitler, Ernst Rem, Qreqor Ştrasser və Qustav Kruppdur. 1934-cü il – hadisələrin baş verdiyi tarix, məkan isə Berlin, reyxkanslerin iqamətgahıdır.

 

Misimanın digər əsərləri kimi, bu pyesdə də hər hansı bir situasiyanın, prosesin təsvirindən daha çox yazıçının soyuqqanlı münasibəti diqqət çəkir.

 

Onun kimi yazıçı üçün Hitler şəxsiyyətinin maraqlı, həm də yaxın olması təəccüblü deyil. O, bu pyesdə əsgər xarakteri yaratmasa da, bir hərbçinin dili ilə müharibənin (ölüm qorxusunun və qaçılmazlığının) əsgərlərə gətirdiyi xoşbəxtlik haqqında fikirlər söyləyir, müharibə ab-havasını və hakimiyyətdə olan insanın soyuqqanlı qatilə çevrilməsini (burada sözün birbaşa mənasında özünün adam öldürməsindən söhbət getmir) və Hitlerin ona inanan, sədaqətli olan əsgərlik dostunun ölümünə qol qoymasını təsvir edib. Bu əsərdə də onun digər əsgərlərində olan xarakterik “kişi baxışı”nı görə bilərsiniz. Təbii ki, bu ifadə altında həm də şəxsiyyətin qorxmazlığı, ölüm və xəyanəti, qan və müharibəni normal hal kimi qəbul etməsi nəzərdə tutulur... Bu yazıçının təqdimatında dünyaya və reallığa əsl “kişi baxışı” məhz bu cürdür.

 

Pyesdə Hitler dostları Rem və Ştrasserin, həmçinin 380 nəfər almanın qətlinə soyuqqanlılıqla qol çəkir. O, əsl reyxkansler kimi gələcəkdə töküləcək qanlardan da danışır, veriləcək qurbanlardan da: “Gərək hər bir alman böyük faciənin dadını duysun – bu mənim taleyimdir”...

 

Amma Misimanın yaradıcılığını çox oxumuş biri kimi deyə bilərəm ki, faciənin dadını duymaq həm də yazıçının taleyi idi. Elə əsər də boş yerə “Hitler mənim dostumdur” adlandırılmamışdı. Onları yaxınlaşdıran insan faciəsinə adi yanaşmaq və öz istəklərinə, ehtiras və maraqlarına başqalarını qurban vermək bacarığı idi.... Bunu isə bütün əsər boyu çox aydın şəkildə hiss edə bilərsiniz.

 

Hər bir yazıçı kimi, Misima da fərqli ovqatlara köklənə bilib. Bu fərziyyəni sübut edən əsrlər, az da olsa, var. Fikrimi daha dəqiq ifadə etsəm, onun da yaradıcılığında ölümün, qanın anılmadığı əsərlərə rast gəlmək olar. Məsələn, artıq ruhi xəstə olduğu bir zamanda, 1950-ci illərdə qələmə aldığı “Dalğaların səsi” əsəri. Üzgüçü qızla balıqçı Sindzinin bir-birini sevərək dəniz qırağında keçirdikləri günlər, hisslər, yaşantılar... Özü də, qeyd etdiyi kimi, “qəhrəmanı ölüm haqqında bir dəfə də düşünmədən sevirdi”.

 

Əslində, adi insanlar üçün şüuraltı yaddaşda yaşayan və hələm-hələm üzə çıxmasına imkan verilməyən ölüm qorxusu ilə müqayisədə, sevgi hissi və sevmək arzusu daha normaldır. Hansımız nə zamansa öləcəyimizi bilirik ki? Təbii ki, heç birimiz. Bəs hansımız sağlam və normal həyatımızda hər gün ölümümüz haqqında düşünürük? Yenə də, təbii ki, heç birimiz.Amma bu yazıçı “ölüm haqqında düşüncədən qaçış” vəziyyətinə çox az nail olub. Onun gündəliyində həmin dövrlə bağlı maraqlı bir yazı var: ”Mənim ölüm haqqında fikirlərim kimsəsiz, içində adam yaşamayan və sarmaşıq basmış malikanəyə bənzəyir”. Yəni... həmin malikanənin bir müddət və məqsədli şəkildə olsa da, “unudulmuş, sarmaşıq basmış malikanəyə” çevrilməsi uzun çəkmir. Hətta sonrakı yazılarında o etiraf edir ki, oxucularla zarafat etmək naminə bu əsəri yazıb. Sadəcə, içindəki obrazdan fərqli birini yaratmaq bacarığını və istəyini nümayiş etdirmiş. Sübut etmək istəyirmiş ki, o başqa cür də düşünə bilər... Vəssalam.

 

Məncə, bu məqamda şəxsiyyət haçalanmasından danışmaq olar. Yazıçının bu haçalanmanı yaratmaq və yaşamaq bacarığı olmalıdır. Belə olmasa, o yarada bilməz. Amma həmin situasiyadan çıxmaq bacarığına gəlincə, vəziyyət fərqli alına bilər. Bu, təxminən, insanın özünün uydurduğu yalanlara inanmasına bənzəyir. Başqaları üçün uydurduğun yalanın yalan olduğunu özün unudursansa, yalan yalanlıqdan çıxıb “sənin həqiqətin”ə çevrilir. Və... reallıqla həqiqət arasında sərhəddin itdiyi məkan yazıçı (və ya insan!!!) üçün elə bir labirintə dönə bilər ki, geriyə qayıtmaq mümkün olmaz...

 

Öz daxilində bir neçə insanın olduğunu ayrı-ayrı məqamlarda etiraf edən yazıçının 1959-cu ildə yazdığı “Kiokonun evi” əsərində də buna işarə var. Əsərdə yaratdığı dörd personajın hər birində onun özündən nələrisə tapmaq olar. Yəni Misima dörd müxtəlif tərəfdən özünə yanaşmaq istəyini reallaşdırıb: ”Mən qərara gəldim ki, baş qəhrəmandan imtina edim. Nəticədə özümün ayrı-ayrı tərəflərimi göstərən dörd personaj yaratmalı oldum”.

 

Bu qəhrəmanların Misimaya bənzər tərəflərinə nəzər salaq: rəssam Natsuo incəsənətə qapılaraq, erkən ölümün romantikasından başqa heçnə ilə maraqlanmır. Yalnız sonda özündə yaşamaq eşqi tapır. Bəxti gətirmiş iş adamı – Seyitiro kənardan deyib-gülən, qayğısız,həyatı dərindən sevən insan təsiri bağışlasa da, götürdüyü maska yalnız həyatda uğur qazanmaq üçündür. Əslində isə, o, dünyanın sonu haqqında düşüncələri sevir və müharibədən sonrakı dövrünü yaşayan Yaponiyaya nifrət edir.Çünki orada artıq faciəyə, dağıntıya yer yoxdur.

 

Özünəvurğun aktyor Osamu isə yalnız öz bədəni haqqında düşünür, onunla fəxr edir. Tez-tez güzgünün qarşısında dayanaraq özünə baxır, güzgüdən kənarlaşdıqda isə hər şeyi unudur. Bu obrazda mozaxizm xüsusiyyətləri var. Çünki o, özünə inanmaq, özünü anlamaq üçün mütləq bədənindən qan çıxartmalı olur. Bədəni boyu sızan qan cığırını gördükdə Osamu həzz almaqla yanaşı, əsl həqiqətə çatdığını düşünür. Digər tərəfdən isə Osamunun qəddarlığının bir səbəbi də var – bədənini sevməsi... O özünə yönələn ehtirası yalnız qan çıxartmaqla söndürə bilər.

 

Boksçu Syünkiti isə ətrafında olan sakit həyata nifrət edir və müharibədə ölmüş qardaşına qibtə ilə yanaşır. Ona qətiyyən lazım olmasa da, siyasətə qoşulur. Lakin siyasətə qoşulmaq – Misimada olduğu kimi – onun özü üçün maraqlı deyil. Həmişə öz həyatı ilə oynadığı üçün onun da sonu faciəli olur – küçə davalarının birində öldürülür.

 

Misimanın əsərləri əksər hallarda öz gələcəyini və həyatının sonunda atacağı addımı əks etdirir. O, yazdığı bədii nümunələrdən başqa, oynadığı filmlərdə də gülləyə tuş gələn qanqster, yaxud özünü xarakiri edən samuray obrazını dəfələrlə yaradıb. Məsələn, “Vətənpərvərlik” əsəri əsasında çəkilmiş “Məhəbbət və ölüm mərasimi” filmində baş rolu Misimanın özü oynayıb. Bu əsərdə Misima beş il sonra edəcəyi intiharı nümayiş etdirib.

 

İndi isə yaradıcılığında psixologizmə üstünlük verən yazıçının xarakirisi haqqında.

 

Həmin gün o, evdən çıxmamışdan əvvəl stol arxasında əyləşərək “İnsan həyatı məhduddur, mən isə əbədi yaşamaq istəyirəm” sözlərini yazıb. Görünən bir yerə “Mələyin süqutu” adlı son əsərinin əlyazmasını qoyaraq, cəmiyyətin dörd üzvü – Masaesi Koqa, Xiroyasu Koqa, Masakatsu Morita və Masaxiro Oqava ilə birlikdə evdən çıxıb. Misima öz silahlı əsgərləri ilə qarnizona gəlsə də, bu, heç kimi şübhələndirməyib. Dövrünün sevilən yazıçısı içəri keçən zaman onun silahına fikir belə verməyiblər.

 

Beləliklə...

 

Həmin gün yazıçının əsgərləri general Misimanı tutub öldürməklə hədələdiklərini vəonun şərtlərini söyləyirlər. Şərt isə çox sadə olur: əsgərlər qarşısında çıxış etmək. Şərt qəbul edildikdən sonra Misima əsgərlərə deyir: ”Gəlin, Yaponiyaya onun əvvəlki şöhrətini qaytaraq və gəlinonun uğrunda ölək. Yəni siz ancaq həyatı qiymətləndirirsiniz? Yəni sizin ruhunuz ölüb? Biz sizə göstərəcəyik ki, həyatdan da qiymətli dəyərlər var. Bu, azadlıq və demokratiyadır. Bu,Yaponiyadır! Tarixlər və ənənələr məkanı Yaponiya! Bizim sevdiyimiz Yaponiya! Əlbəttə, sizinlə belə bir şəraitdə söhbət aparmaq kədərlidir. Çünki mən özünümüdafiə dəstələrini Yaponiyanın son ümidi hesab edirdim. Amma indi yaponlar daha çox pul haqqında düşünürlər. İstəyirəm siz ayağa qalxasınız, Konstitutsiyanı dəyişmək üçün bir daha belə şans olmayacaq. Yaponiyanı və imperatoru müdafiə edin! Kimsə mənimlə birlikdə döyüşəcəkmi?”(Qeyd edək ki, Konstitutsiyanın 9-cu maddəsində Yaponiyanın silahlı qüvvələr saxlması qadağan edilmişdi).

 

Onu dinləmək istəməyən əsgərlər isə yazıçını “dəli” adlandırirlar. O zaman Misima qışqırır: “Tenno xeyka bandzay!” Yəni “Yaşasın imperator!”.Və içəri girərək samuray adəti ilə xarakiri edir. Bunu seppuku da adlandırırlar – məhz imperator uğrunda olduğu üçün. Qılıncı qarnına soxan Misimanın başını sekundant Morita kəsməli idi. Lakin həyəcanlanan gənc bunu yalnız üçüncü zərbədə edə bilir. Müəlliminin intiharından sonra o da qılıncı öz qarnına saplayır. Misimanın intihar edən yeddi nəfər ardıcılı olub. Anası isə onun bu hərəkətini adi qarşılayıb: “O, ilk dəfə özünün istədiyi hərəkəti etdi”.

 

38 yaşında olarkən Misima özü haqqında yazırdı: “Mən başa düşməyə başlamışam ki, gəncliyin özü də, çiçəklənməsi də boş şeydir. Amma bu o demək deyil ki, mən sakit oturub məmnuniyyətlə qocalığımı gözləyəcəm. Yox! Mənə yalnız bir şey qalır: ani olan və hər zaman yanımda gəzən ölüm! Bu məni cəzb edən, ruhumu fəth eləyən yeganə konsepsiyadır”.

 

Göründüyü kimi, cazibə qüvvəsi həddindən artıq güclü oldu. Və bu gün – həmin xarakiri günündən uzun illər sonra Misima adlı yazıçı bizə nə qədər anormal və psixi xəstə təsiri bağışlasa da, onun qeyri-adi yaradıcılıq gücü və qəbul etmək zorunda qaldığımız istedadı bu anormallıqdan çox-çox yüksəkdir. Amma bu həqiqətin özü növbəti sualı hüzurumuza gətirir. Bəlkə, siz də düşünəsiniz?! Anormallıq dahiliyi, yoxsa dahilik anormallığı yaradır? Amma yox. Bu sualın heç vaxt tək cavabı olmayacaq...

 

 

 

 

 

 

 

“Azərkitab-Kitab Mərkəzi"nin mətbuat katibi Aysel Kərim Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə "Tarixi yaşadanlar" adlı layihə həyata keçirməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihədə Aysel Kərimin "Kəpənəyin göz yaşı" və "Bir ovuc yağış" adlı şeirlər kitabları ilə bərabər Leyla xanım Əliyevanın, Xalq yazıçısı Anarın, Çingiz Abdullayevin, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının,  Rəşad Məcidin, Varis Yolçuyevin və digər yazarların - bütünlükdə 18 müəllifin kitabları hərbçilərimizə hədiyyə edilərək təbliğ olunur. Layihəyə qatılan yazıçı və şairlər öz kitablarını məmnuniyyətlə layihə üçün bağışlayıblar.
Layihənin açılış mərasimi Cəmşid Naxçıvanski adına hərbi liseyin nəzdində Heydər Əliyev muzeyində keçirilib. Müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Elvin Əzizov və hərbi liseyin, muzeyin rəhbərlərinin işitakı ilə Aysel Kərimin kurstanlarla görüşü, onlara kitabların təqdimedilmə mərasimi keçirilib. Bu yaxın günlərdə layihənin növbəti tədbiri reallaşacaqdır. Layihə çərçivəsində görkəmli yazıçılarımızla hərbçilərimizin görüşləri keçiriləcəkdir. Hərbi təhsil müəsisələrinə, hərbi hissələrə, orduya, əsgərlərə kitab bağışlanması ilə kitabın təbliği bu layihənin əsas məzmunu olmaqla cəmiyyətdə kitaba marağın artırılmasının prioritetliyini də ortaya qoyur.
Layihə boyunca Qarabağda da çox möhtəşəm tədbirlərin baş tutması gözlənilir.
Qeyd edək ki, bu layihəyə "Nizami Gəncəvi ili"ndə start verilməsi layihənin Böyük Nizaminin 880 illiyinə həsr edilməsi anlamındadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.