
Super User
20 Yanvar qızılgülün qanla boyandığı, qərənfilə çevrildiyi bir gündür - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Mənim dünyaya gəlməyimdən çox əvvəl, Bakımın küçələrində bir tarix yazılırdı. Mənim nə vaxtsa anladığım, ancaq heç vaxt hiss etmədiyim bir ağrı vardı. 20 Yanvar...
O gecə tankların səsi hələ də Bakının içində səslənir. Bu, mənim doğulmamış anlarımdan birinin izləri idi, amma həyatımın hər anında bu tarixi xatırladım, öz tarixim kimi hiss etdim. Mən o gecə orada deyildim, amma mənim əlimdəki qızılgül, çoxdan o gecənin qanlı anlarında yerə düşən qərənfillərə çevrilmişdi.
Həmin gecə, millət öz azadlığı uğrunda canını fəda etməyə hazır idi. Tankların qarşısına çıxan insanlar, əliyalın, silahsız – qızılgüllərin arasından çıxıb, öz həyatlarını o qanlı gecəyə qurban verdilər. Mənim əmim də orada idi. O gecə o qədər çox şey dəyişdi ki, zamanın tək bir anında o, bir tarixə çevrildi. Tankların qarşısında silah yox idi, amma iradə vardı. Qan tökənlər yox idi, amma qızılgüllərdən yaranan qərənfillər vardı.
Hər qərənfil bir qızılgülün qanla boyandığı, sevgi ilə başlayan, amma qurbanlıqla sonlanan bir tarixdir. Mənim xalqım da birləşərək, bir fərd kimi o gecə bir qızılgül kimi orada durdu. Heç kəsin görmədiyi, amma hiss edilən bir ruhla, o qanlı gecənin hər dəqiqəsində azadlığın nə qədər qiymətli olduğunu dərk edərək. Onlar, mənim üçün bir qızılgül idi, amma o gecə qərənfildən başqa bir şeyə çevrildi.
20 Yanvarı yalnız tarixdəki bir qeyd olaraq deyil, mənim öz dünyama, qəlbimə yerləşdirdim. Mən heç vaxt o gecəni yaşamamışam, amma içimdə hiss edirəm – o gecə həyatımın təqvimində silinməz bir iz buraxıb. Azadlıq uğrunda verilən qurbanlar, yalnız tarixdə deyil, həm də hər birimizin ruhunda öz izini tapdı. Mənim əmim kimi insanlar, o gün sadəcə tanklara qarşı durmadılar; onlar bir millətin vicdanına sahib çıxaraq, heç kəsin unuda bilməyəcəyi bir azadlıq hekayəsi yazdılar.
Qızılgüllər soldu, qərənfillər isə əbədi olaraq çiçəkləndi. Mənim ruhumda, keçmişin acısı və bu günün qəhrəmanlıq hissi birləşdi. Hər qərənfil, o gecənin qanlı əzablarının bir xatirəsidir, amma eyni zamanda azadlığın, sevgini qurban etməklə tapılan qüdrətinin təzahürüdür. Həmin gecə, mənim əmim və onun kimi bir çox insan, özlərindən çox, bütün bir xalqın gələcəyi üçün dayanmışdılar. Onlar, nə silah, nə də müharibə ilə, sadəcə iradə ilə döyüşdülər.
Bu tarix mənim üçün artıq keçmişin dərdi və gələcəyin ümididir.
20 Yanvar, qızılgülün qanla boyandığı, qərənfilə çevrildiyi bir gündür. O, mənim üçün hər zaman xatırlanacaq, ruhumda əbədi qalacaq bir tarix olacaq. Həm də bilirəm ki, hər bir qızılgül yaşayan aramızda olan eşqi, hər bir qərənfil, mənim həyatımda olan hüznü göstərəcək, çünki onlar bir xalqın iradəsini və mənəvi gücünü simvolizə edir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Ermənistan 1-ci prezidenti Levon Ter-Petrosyanın tarixi etirafı
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” poprtalının Qarabağ təmsilçisi
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışı azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmənin etirafıdır. O, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının yaşadığını (əslində 250 min) və onların qovulmasının erməni milli hərəkatının planlaşdırılmış siyasəti olduğunu bildirib.
Azərbaycanlılar Zəngəzur, Göyçə (Vardenis), Zəngibasar (Masis) və Amasya kimi bölgələrdə əksəriyyət təşkil edirdi. Ter-Petrosyan açıq şəkildə etiraf edir ki, onların köçürülməsi ermənilərin ərazi iddialarını həyata keçirmək və strateji üstünlük əldə etmək üçün zəruri hesab edilib. Bu, zorla deportasiya, qətliam və mədəni irsin məhv edilməsi ilə müşayiət olunmuş bir soyqırım siyasəti idi.
Bu açıqlama, Ermənistanın tarixində azərbaycanlılara qarşı törədilən cinayətlərin sübutudur.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətinin və xalqının işğalçı mahiyyətinin bir daha təsdiqidir.
Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi. O, açıq şəkildə etiraf etdi ki, azərbaycanlıları zorla öz torpaqlarından deportasiya ediblər.
Keçmiş Ermənistan prezidentinin qeyd etdiyi bir neçə məqam xüsusi olaraq diqqət çəkir: Üç rayonda - Vardanes (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyada (Ağbaba) azərbaycanlıların çoxluq təşkil etməsi, 1988-ci ilə qədər Ermənistanda 170 min soydaşımızın yaşaması (hərçənd bu rəqəm 200 mindən çox idi) və bir də dövlət qurmaq naminə azərbaycanlıların qovulması faktları. Bütün bunlar - onların öz dillərində səsləndirdiyi fikirlər Qərbi Azərbaycan həqiqətlərinin tarixi əsaslara söykəndiyinin göstəricisidir.
Levon Ter-Petrosyan və ondan sonrakı Ermənistanın iki prezidenti Koçəryan və Sarkisyan faşist ideologiyasına xidmət edən, əlləri minlərlə azərbaycanlının qanına batmış cinəytkarlardır. Onlar törətdiyi əməllərə görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidirlər.
Lakin, beynəlxalq təşkilatların öz təsir gücünü itirməsi və böyük güclərin əlində alətə çevrilməsi səbəbindən bu kimi canilər hələ də öz cəzasını almayıb.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Mənim yollarımı kəsə bilmədi…” - ZƏLİMXAN YAQUBUN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Bu gün çağdaş Azərbaycan poeziyasının seçilən simalarından biri, yazılı və şifahi ədəbiyyatın bənzərsiz vəhdətindən təşkil olunmuş, geniş bir yaradıcılığa malik olan xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür. Özü də yibileyidir, 75 illiyidir.
Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra şair Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.
1973-1978-ci illərdə "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-1985-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-1994-cü illlərdə "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub, 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Zəlimxan Yaqub ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” adlı Bolinisi rayon qəzetində dərc olunan “Şota Rustaveli” adlı şeiri ilə başlayıb.
Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda - Birinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Ləğv edilən hər iki qurum humanitar sahəyə aiddir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Dövlət Tərcümə Mərkəzinin ləğvinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı “Bakuinfo”nun məlumatına əsaslanaraq xəbər verir ki, dövlət qurumları ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.
Kreditorlar iki ay ərzində tələblərini aşağıdakı ünvana verə bilərlər: 1033 Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabr ayında iki qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb.
Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Hökumət, həmçinin sözügedən publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” kəlmələri Xətaidə səsləndirilib
Yanvarın 16- da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgi açılıb, sazlı, sözlü tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB sədri Güllü Eldar Tomarlı layihə haqqında ətraflı məlumat verib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. O, qeyd edib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir.
Layihə çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayının geniş şəkildə təbliği planlaşdırılır.
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov çıxışında bildirib ki, Xətai rayonunda aprel ayında “Papaq və kəlağayı festivalı'' keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər. 2024- cü ildə İlk "Kəlağayı Festivalı" da Xətai rayonunda keçirilmişdi.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müşaviri Vüsal Sehranoğlu, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, aşıqlardan Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Nargilə Mehdiyeva, yazıçı Vaqif Osmanlı, şairlərdən Brilyant Atəş, Səringül Sadə, Bayram Aşıqlı, Sönməz Məşəl Mədəni Əlaqələr İB - nin sədri, Xarici Dillər Universitetinin professoru Şəhla Nağıyeva, Xəzər Universitetindən Aynur Qəzənfərqızı, Xətai rayonunda yerləşən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin İncənəts evərlər dərnəyinin rəhbəri, metodist- yazar Sevinc Müslümzadə, həmin dərnəyin 132- 134 saylı Təhsil Kompleksinin şagirdi Tofiq Quliyev, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Kəlağayı Ev Muzeyinin yaşı əsrlərə söykənən kəlağayıları, müxtəlif eksponatları, papaqçı Orxan Şükürovun 100 dən artıq istehsal etdiyi qədimi papaq nümunələri sərgilənib.
Sonda Layihə rəhbəri Güllü Eldar Tomarlı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Cənablarına, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və mərkəzin əməkdaşlarına, şəhid ailələrinə təşəkkürünü bildirib.
layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
"İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" –BU GÜN ŞAİRİN 75 YAŞI TAMAM OLUR
Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
(Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabının işığında)
Elə bil dünən olumuşdu... 2002-ci il idi. May ayının 4-ü. O vaxtlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhəbbət Qarabağlının təşəbbüsü və yerıl rəssam Elman Lələyevin layihəsi əsasında Mİngəçevirdə “Ana dili” abidəsinin açılışı tədbirinə yaxından, uzaqdan xeyli qonaqlar gəlmişdi. Qonaqların arasında dilimizin böyük təəssübkeşi akademik Nizami Cəfərovla bir yerdə Zəlimxan Yaqub da var idi.
Çox təntənəli keçən mərasimdə Zəlimxan Yaqub möhtəşəm bir çıxış etdi. Ana dilimizə həsr olunmuş həmin çıxış, aradan 23 il keçməsinə baxmayaraq, öz qeyri-adiliyi, təkrarsızlığı və poetikliyi ilə hələ də qulaqlarımda səslənir... Həmin gün axşam şəhər əhalisinin nümayəndələrinin təklifi ilə Zəlimxan Yaqubla görüş keçirildi. Görüş Mərziyə Davudova adına Mingəçevir Dram Teatrının böyük salonunda təşkil olunmuşdu. Tədbirin aparıcısı bu yazının müəllifi idi. Salonda iynə atsan, yerə düşməzdi. Zəlimxan Yaquba el məhəbbətinin, sevgisinin böyük olduğunu bilirdim, lakin bu qədər yox.
İştirakçılar tədbiri bitirməyə qoymurdu...
Onda Zəlimxan Yqubun 52 yaşı vardı.... Bu gün isə 75 illik yubileyini qeyd edirik.
Tədbirdən bir neçə gün sonra, o vaxtlar indiki Mingəçevir Dövlət Universitetində kafedra müdiri işləyən ədəbiyyatşünas alim, dostum Rüstəm Kamallın təklifi ilə Zəlimxan Yaqubun Mingəçevirdəki görüşləri fonunda bir kitab yazmaq ideyası yarandı. Beləcə, Zəlimxan Yaqubun yaradıcılığı haqqında, dastan janrında on iki söyləmədən ibarət ilk kitab- “Sazla havalıyam, sözlə diriyəm” kitabı yarandı. Kitabın yazılması və nəşri haqqında Zəlimxan Yaqubun heç bir məlumatı yox idi. Şairin ad günü həmin kitabı Rüstəm müəllimlə birlikdə ona təqdim edəndə çox sevinmişdi...
Zəlimxan Yaqub haqqında çox yazılıb. Ulu öndər Heydər Əliyevdən tutmuş, görkəmli elm və mədəniyyət xadimləri, məşhur ədəbiyyat adamları Zəlimxan Yaqubun söz sənəti haqqında dəyərli fikirlər söyləmişlər.
Bu il Xalq şairinin 75 yaşı ərəfəsində Azər Turanın “Əzəl axır dünya türkün dünyası” kitabını xatırladım və yenidən oxudum. Çağdaş ədəbi-bədii fikrinin dəyərli nümayəndəsi Azər Turan bir tədqiqatçı, tənqidçi, yazıçı və filoloq kimi çox geniş yaradıcılıq diapazonuna malikdir. Ədəbi cameədə əsasən Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Cavidlər irsinin görkəmlin tədqiqatçısı kimi tanınan Azər Turan, dövrümüzün çox gərəkli mövzusu olan türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Onun Mahmud Kaşqarlı, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Mehmet Akif Ərsoy, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Alp Ər Tonqan, Nihal Atsız, Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Çingiz Aytmatov və diqər görkəmli simaları barədə, silsilə araşdırmaları Azərbaycanda və xarici ölkələrdə dərc olunub və bu tədqiqatlar geniş oxucu kütləsinin diqqətini özünə cəlb etməklə, həm də müəllifinə böyük hörmət və nüfuz gətirir, onun kifayət qədər ciddi bir yolda olduğunu sübut edir.
Azər Turan Azərbaycanda və onun hüdudlarından kənarda kifayət qədər yaxşı tanınan, böyük nüfuz sahibi olan görkəmli bir ziyalının - İmamverdi Əbilovun ailəsində, Azərbaycan ədəbiyyatına və ictimai fikir tarixinə çox görkəmli şəxsiyyətlər bəxş etmiş Səlyan torpağında dünyaya göz açıb, böyüyüb, pərvazlanıb və bu gün, atasının məfkurəsini davam etdirən, lakin öz müstəqil yolu, öz dəst-xətti, öz mövqeyi və imzası olan bir ziyalı kimi tanınır.Təbii ki, soyadı ölkədə kifayət qədər tanınan Azər Əbilov elə öz soyadı ilə yazıb-yaratsaydı bu soyadla bəlkə də indikindən daha çox imtiyaz əldə edə, məşhurlaşa bilərdi. lakin Azər müəllim “Turan” ifadəsini özünə təxəllüs seçdi və bu gün ölkə ictimaiyyəti onu məhz Azər Turan kimi tanıyır.
Daha bir maraqlı məqam da ondan ibarətdir ki, Azər və Turan ifadəsinin qoşa işlənməsi özü özlüyündə hər şeyi deyir. Mən deyə bilmərəm ki, “Turan” adını özünə təxəllüs götürməsi hansı məqamda baş verib. Lakin əminəm ki, bu təxəllüsü götürməsi onun Turan sevdalısı, böyük Turan təəssübkeşi olmasından, türklüyə, türkçülüyə böyük önəm verməsindən, bu məqsədi həyat amalına çevirməsindən irəli gəlir və bu sevgi onun bütün yaradıcılığında, fəaliyyətində qabarıq şəkildə görünür. Bu fikirləri deməkdə məqsədim Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabından söhbət açmaqdır. Niyə müəllif bu kitabı yazmaq qərarına gəldi? Düşünürəm ki, bu ilk növbədə onun Xalq şairi Zəlimxan Yaquba, onun şəxsiyyət və yaradıcılığına olan məhəbbətindən irəli gəlirdi. Zəlimxan Yaquba olan münasibətini müəllif şair haqqında məqalələrindən birində belə nəql edir: ”Zəlimxan Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda ya onun evində, ya bizim evdə, Borçalıda - Kəpənəkçidə onun ata yurdunda, Neftçalada, Səlyanda - mənim ata yurdumda, Şəkidə, Gəncədə, Basqalda, Qusarda, Tiflisdə, İstanbulda, Afyon Karahisarda... Ya Məmməd Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın son nəfəsinə qədər əməl etdim”.
Bəs kitab necə yaranıb? Kitabın yazılmasının“səbəbi” həm də onun əsas ideyasıdır. Bu haqda Azər müəllimin öz açıqlamaları da var: ”Zəlimxan Yaqub barədə ”Əzəl-axır dünya türkün dünysı” kitabımı yazdım. Onu yazmaya bilmədim. Məni Zəlimxanla bağlayan tək səbəb onun öz ruhuna Qurandan və Turandan qanad taxmasıdır”.
Kitabı oxuduqüca müəllifin və Zəlimxan Yaqubun türkçülüyə, turançilğa bağlılığına və sevgisinə heyran qalmaya bilmirsən. Müəllifin fikirləri o qədər aydın, o qədər səlis, şairdən gətirdiyi nümunələr o qədər heyrətamizdir ki, bu ifadələr adamın içində bu məfkurəyə qarşı bir sevgi aşılamaqla, qürur hissi yaradır və sən türk olmağənla fəxarət hissi keçirirsən. Düşünürəm ki, bu kitab Zəlimxan Yaqub və Azər Turanın Azərbaycançılıq və Türkologiya elminə verdiyi böyük bir töhvə kimi dəyərləndirilməli və təbliğ edilməlidir.
Kitaba ön söz yazmış görkəmli ictimi-siyasi və dövlət xadimi Həsən Həsənov haqlı olaraq qeyd edir ki: “Zəlimxan haqqında çox söz deyilib, lakin Azər Turanın təqdim olunan əsərindəki yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Z.Yaqubun yaradıcılığı belə geniş diapozonla təhlil olunur. Zəlimxanın zamanını və sözünü türklük, islam və müasirlik işığında təhlil edən Azər Turanın qənaəti dəqiqdir.”
Bu gün, müstəqil Azərbaycanın əsas məfkurəsi olan türklük, islam və müasirliyə, əgər bu üç məfhuma müasir anlamda bütövlükdə Azərbaycançılıq desək, bunlar Azər Turanın əslində havası, suyu və çörəyidir. Azər Turanın məfkurəsi ailəsindən, ailə tərbiyəsindən və böyük Əli bəy Hüseynzadədən gəlir. Sonradan oxuduqca öyrəndikcə, eşitdikcə bu üçlüyün, məna və mahiyyətini getdukcə daha dərindən dərk etməyə başalyır, özünün əsas fəaliyyətini bu amal üstündə qurmağa çalışır, ömrünün ən qiymətli vaxtını bu idealların gerçəkləşməsinə sərf etməkdən doymur. Böyük istiqlal şairi Xəlil Rza onu Zəlimxanla tanış etdiyi ilk məqamdan anladı ki, o özünə bir məslək , amal dostu tapıb, böyük bir türkçünü, turan sevdalısını tapıb. Və onunla münasibətlərinin sonrakı illərində qənaətində yanılmadığına əmin oldu. Bildi ki, Zəlimxanla “... nə yozulsa xeyirə yozum olacaq” ...Və belə qənaətə gəldi ki: ”Zəlimxan Yaqubun milli əhvalı diri saxlayan təlqinləri cəmiyyətimizə çox-çox gərəkdir. Dadaloğluna ünvanladığı şeirindəki təlqinlər kimi:
Yaranı vurdular yaranın üstə,
Yeriş elədilər Turanın üstə.
Başım nələr çəkdi Quranın üstə,
Qənimim xaç oldu ay Dadaloğlu!
...İnanaıram ki, üslublar, iqlimlər və dəyərlər... dəyişsə də, əvvəl-axır dünya bizim olacaq, Turanın və Quranın olacaq dünya...” deyir Zəlimxan Yaqub da, Azər Turan da.
Azər Turan Zəlimxan Yaquba, onun yaradıcılığına, onun müasirlərindən fərqli bucaqdan baxır Bu, Xalq şairinin söykəndiyi və vəsf etdiyi milli dəyərlər, türkçülük düşüncə sisteminə söykənməsi ilə bağlıdır. Azər Turanın qənaətincə Onun (Zəlimxan Yaqubun-R.G.) mənəvi, fiziki və ideoloji gücü “Saza və İrfana, Məkkəyə və Təkyəyə, Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad etməsidir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qaynaqlarından biri Zəlimxanın düşüncə sitemində iştirak etməsəydi...indi biz bildiyimiz, tanıdığımız Zəlimxan Yaqub hadisəsinə yəqin ki, şahid olmazdıq “. Azər müəllimin qənaətinin təsdiqi üçün Zəlimxan Yaqubun “Ruhum” şeirindən nümunə gətirmək istədim:
Turi Sinada Musadır,
Çarmıxda Həzrət İsadır.
Həra dağda Məhəmməddir,
Dolaşır Quranda ruhum.
Ləhni Davud avazıdır,
Vaqif, Ələsgər sazıdır.
Ölümə meydan oxuyar,
Yaşar Zəlimxanda ruhum.
Kitabın hər başlığı Azərbaycan, ümumən türk poeziyasında Zəlimxan Yaqub fenomeninin xüsusuiyyətlərini müəllif ustalıqla açmağa çalışıb və buna bacarıqla nail olub. Azər Turanın təhlil məharətinin biri də ondan ibarətdir ki, O, Zəimxan Yaqub fenomenini oxucuya və ümumilikdə gələcək nəsillərə çatdırmaq üçün öz qənaətini görkəmli elm və ədəbiyyat adamlarının Zəlimxan haqqında hikmətləri ilə tamamlayaraq təsbit və təqdim edir və elə bu priyomdan istifadə etməklə həm də Zəlimxan Yaqub fenomeninin möhtəşəmliyini açmağa müvəffəq olur, bütün təhlil istiqaməti türkçülük, turançılıq və islamçılıq kontekstində aparılır. Məşhur dilçi, türkoloq alim akademik Tofiq Hacıyev deyirdi: ”Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən”. Bu fikri kitabdakı “ Səddi parçalayan şairin yaddaşıdır” bölümünə epiqraf seçən müəllif yazır: ” ...Tariximizin və mənəviyyatımızın bütün köşələrində Zəlimxan Yaqub ilhamını dindirən vəsilələr çoxdur. Türkün cahan hakimiyyətinə bağlı və heç vaxt utopik olmayan düşüncəsi bu gün həm də Zəlimxan yaradıcılığında cərəyan etməkdədir”. Fikirlərini davam edərək müəllif, şairin “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri haqqında yazır: Zəlimxan Yaqubun “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri Azərbaycan poeziyasında türkçülük idelogiyasını diri saxlayan, türkçülük əxlaqını, türk tarixinin həssas məqamlarını, türkün savaş arealını, Qızıl Alma bağlarımızın hədəflərini parlaq şəkildə ifadə edən klassik şeir nümunəsidir”. Şairin ideya, ruh dünyasını bu şeirinin nümunəsində bir cümlə ilə ifadə etmək məharəti budur.
Təbii ki, Zəlimxan Yaqub yaradıcılığının hər bir bəndinə, hər sətrinə, hər kəlməsinə son dərəcə həssas olan müəllif, kitaba daxil etdiyi nümunələrin hər biri möhtəşəmdir. Lakin bu şeir müəlifin təqdimatında sanki türk amalının himni, manifesti kimi səsələnir. Bu təkcə himn deyil bütün türk dünyasına , türk gənclərinə bir çağırış kimi ünvanlanır və mən bu yazıda həmin şeirdən nümunə gətirməyə bilmərəm:
Əriməsin əriyən tək qar suda,
Romanı da, Bizansı da, Farsı da.
Qala kimi təzədən qur Qarsı da,
Dəniz kimi dalğalan türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk.
... Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan türk.
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin türk, arxan türk!
Döyüşən türk, oyanan türk, qalxan türk.
Azər Turanın bir uğurlu priyomunu da qeyd etmək istərdim. Şeirin məna və mahiyyətini daha da qabartmaq üçün Türk dünyasının, türkçülüyün daha bir möhtəşəm simalarından olan Nihal Atsızın elə Zəlimaxn Yaqubun yuxarıda nümunə gətirdiyim şeiri qədər əhəmiyyət kəsb edən “Adalar dənizindən Altayların ötəsinə qədər bütün türk gəncliyinə” şeirini də kitaba daxil etmək və Zəlimxan Yaqubun şeiri ilə qoşalaşdırmaqla hər iki şeiri həmahəng, həmnəfəs səsləndirir:
...Əzilməkdən çəkinmə ...Geriləməkdən sakın!
İradənlə olmalı bütün uzaqlar yaxın.
Dolu dizgin yaparkən ülkünə doğru axın,
Atəşə atılmalı, dənizə dalmalısan.
Ölümlərdən sakınma, məyus olmaqdan utan,
Bir kərə düşün nədir səni dünyada tutan?
Məfkurəsindən başqa hər varlığı unudan,
Qəhrəmanlar kimi sən, əbədi qalmalısan.
Ktabda hər bir yazı, bir dastanın boyu kimi təqdim olunur. Mətnin təhkiyəsi o qədər maraqlı və oxunaqlıdır ki, sanki dastan oxuyursan. Yazılar epik və lirik formada təqdim olunur. Azər Turanın təhkiyəsi ilə Zəlimxan Yaqubun şeiri bir birini əvəz edir. Boylar o qədər bir-birindən maraqlıdır ki, bilimirsən, hansını nümunə gətirəsən. Hər bir başlıq altında verilmiş yazı barədə bir fikir yürütmüş olsan elə həmin kitab həcmində bir kitab alınardı. Lakin bu yazıda mən Zəlimxan Yaqubun Xəlil Rza Ulutürklə dostluğundan, onların münasibətindən, məfkurə birliyindən və bununla bağlı Azər Turanın qənaətlərindən yazmaya bilməzdim. Kitabda bu münasibətləri, müəllif “Onun Mürşidi-Kamili Xəlil Bəydi...” başlığı altında verilmişdir. Müəllif yazıya Xəlil Bəyin Zəlimxan haqqında fikirlərini epiqraf kimi təqdim edir: ”Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür...Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik”.
Özünə Ulutürk adını təxəllüs götürən, az qala bütün yaradıcılığını istiqlalımıza, müstəqilliyimizə, imperiyanın istibdadına, zülmünə qarşı üsyana, türkçülüyə, Turana həsr edən böyük istiqlal şairi Xəlil Rza Ulutürkün bu fikirlərinin hər kəlməsində bir hikmət var, bir məna var.Və bu hikməti, bu mənanı açmağa çalışır Azər Turan: “Ulutürkün Azərbaycanın guşədaşı adlandırdığı türklük təkcə Xəlil bəyin deyil bu uğurda şəhid olmuş bütün milliyyətçi aydınlarımızın ədəbi-məfkurəvi qayəsi olub...Türklük düşüncəsinin elliklə, bütün şairlərimiz tərəfindən sabaha daşındığını desək, tapındıqları məfkurəyə görə əzablar çəkmiş, böyük salonlara, kürsülərə yaxın buraxılmayan insanlarımızın ruhunu incitmiş olarıq. 37-ci ildən sonra bunu hayqıranların ən dəli-dolusu Xəlil Rza Ukutürk oldu. Ulutürkün ətrafında olanlar isə barmaqla sayılacaq dərəcədə azdı və həmin adamların sırasında Zəlimxan Yaqub da vardı... Çox gənc bir Zəlimxan Yaqub. Hələ 1982-ci ildə Xəlil bəy bu sətirlərin müəllifinə (Azər Turana -R. G.)” Sənə əmr edirəm ki, Zəlimxan Yaqubu oxuyasan və onu sevəsən”- demişdi.
Yazının çox maraqlı və təsirli olmasının bir səbəbi də, həm də kövrək notlarla köklənməsidir. Xüsusilə Xəlil Rza Ulutürkün İstanbulda xəstəxanada yatdığı günlər: “Xəlil bəy İstanbulda Cərrahpaşada xəstə yartdığı günlərdə Zəlimxan “Açın ürəyimi həkimlər, açın” adlı poema yazdı... Zəlimxan Xəlil bəyin səhhəti ilə bağlı böyük şairin İstanbul hekayətini yenə də türklük düşüncəsinin çevrəsində və təhkiyəsində söylədi... Xəlil bəyin dərdi də, dərmanı da Turandı və Turan Xəlil bəyə görə yerdən çıxan od, göydən nazil olan “Qurandı”.
Sarğını, məlhəmi bir kənara qoy,
Dərdimin dərmanı Turandı, qardaş!
Turan mənim üçün yerdən çıxan od,
Göydən nazil olan Qurandı, qardaş!
Tibetdən Altaya, Anadoluya,
Təbrizə, Bakıya, Qarsa, Boluya,
Mənim ürəyimin nurunu saçın.
Doğuyla Batının arası boyda
Açın ürəyimi, həkimlər, açın.
Azər Turan Zəlimxan Yaqub - Xəlil Rza Ulutürk ruh birliyindən elə incə məqamlara, xatirələrə toxunur ki, həmin xatirələr son dərəcə maraqlı olmaqla bərabər həm də çox təsirlidir və mən bu xatirədən bəzi məqamları yazıya daxil etmək istədim. Zəlimxan Yaqub deyirdi: “...Xəlil Rzanın şeirlərini yadddaşımda gəzdirirdim. Zəlimxanın yaddaşında Xəlil uçurdu. Od kimi , qığılcım kimi yanırdı. Xəlil Rzanın qarşısında heç kəs dayana bilmirdi. Xəlil Rza ilə mən məclislərə fateh kimi girirdik”... Və xatirənin sonu: “ Caviddən gələn ənənə ancaq Xəlil Rzada davam elədi. Heç bir şairimizdə Caviddən sonra türkçülük Xəlil Rzada olduğu qədər olmadı”. Mən də Zəlimxan Yaqubun fikrini davam edərək cəsarət edib deyirəm: “Xəlil Rza Ulutürkdən sonra türkçülük, turançılıq Zəlimxan Yaqubda olduğu qədər heç bir şairimizdə olmadı”.
Və mən kitabı təkrara-təkrar oxuduqca onun kökündə, məğzində Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və Azər Turan ruhunun vəhdətinin parlaq təzahürünü duydum.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat-seçki qurultayı keçirilib
Türkiyənin İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.
İki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib. “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 24 dərnəkdən 5-i İstanbul, 3-ü Qars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir, Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa va İzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin azadlığı və müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi anılıb.
Daha sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. Qurumun yeni İdarə Heyəti və digər seçkili qurumları formalaşdırılıb. İş adamı Ədalət Turan yekdiliklə yenidən növbəti müddətə TADEF rəhbəri seçilib. Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətlərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin diqqət və qayğısını hiss etdikləri vurğulanıb, Türk Dünyasının birliyi naminə iki qardaş ölkənin başçılarının siyasətinə dəstək ifadə olunub.
Qurultaydan sonra TADEF-in yeni İdarə Heyətinin toplantısı keçirilib. İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyasının sədr müavini İlyas Topsakal da iştirak ediblər. Komitə sədri çıxışında qurultayın uğurla baş tutması münasibətilə TADEF-ə üzv olan dərnəklərin üzvlərini təbrik edib, yeni seçilmiş İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb, növbəti mərhələdə qarşıda duran problemlərdən və onların həlli yollarından söz açıb. Qeyd edib ki, Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk Dövlətləri Təşkilatıdır” fikrini əsas tutmalı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor təşkilatları ilə əlaqələri dərinləşdirməli və vahid platformadan çıxış etməlidirlər.
Sonda bir qrup diaspor fəalına təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Fuad Muradov Qarsda bir sıra görüş keçirilib
Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qarsda bir sıra görüşlər keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına komitədən məlumat veriblər.
Komitə sədrini səmimi salamlayan Qars valisi Ziya Polat Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, əlaqələrin intensivliyinin iki qardaş ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən sədr komitənin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Türkiyə və Azərbaycanın sarsılmaz dostluğuna və burada məskunlaşan azərbaycanlıların özlərini ana vətəndə hiss etdiklərinə diqqət çəkib.
Qarsda yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əlaqələrin perspektivləri müzakirə olunub.
Komitə sədrinin növbəti görüşü Qars Bələdiyyəsinin sədri, Prof.Dr.Ötükən Sengerlə olub. Bələdiyyə sədri Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salıb, ortaq keçmiş, ortaq dil, ortaq mədəniyyət və bizi birləşdirən digər məqamlarla bağlı fikirlər səsləndirib. Soydaşlarımızın öz bilik və bacarıqları ilə yaşadıqları ölkəyə töhfələr verdikləri nəzərə çatdırılıb, qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıq imkanları barədə danışılıb.
Qars səfəri çərçivəsində DİDK sədri Azərbaycanın Qarsdakı Baş Konsulluğunu ziyarət edib, Baş konsul Zamin Əliyevlə və Qarsda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri və üzvləri ilə görüş keçirib. Görüşdə Komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, Qarsdakı diaspor təşkilatlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr çatdırılıb. Görüş üçün təşəkkür edən dərnək rəhbərləri göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkür edib, perspektiv fəaliyyət planları barədə fikirlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
20 Yanvarın susmayan harayı - ESSE
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
20 Yanvar... Azərbaycan xalqının yaddaşında qara hərflərlə yazılmış, amma eyni zamanda bir xalqın iradəsinin, qürurunun və müstəqillik eşqinin ən uca zirvəyə qalxdığı müqəddəs bir tarix.
Bu gün qanın torpağa qarışdığı, amma torpağın azadlıq toxumu ilə qidalandığı, bir millətin boyun əyməkdən imtina etdiyi bir gündür.
O soyuq qış gecəsi Sovet tanklarının alov saçan lülələri ilə isindi. Bakının küçələri o gecə əbədi olaraq susmayacaq bir harayın şahidi oldu. Azadlıq deyə qışqıran xalqın səsi mərmi səsindən, zirehli texnikanın uğultusundan daha gur, daha sarsıdıcı idi.
O gecə ölüm, qaranlıq bir kölgə kimi şəhərin üzərinə çökdü, lakin xalqın ürəyində yanan azadlıq atəşi bu qaranlığı məhv edib keçdi.
Günahsız insanlar yurd sevgisi ilə meydanlara axışdı. Bir tərəfdə silah, tank və güc, digər tərəfdə isə ürək, inam və Vətən sevgisi vardı.
Şəhidləri qanlar içində yerdə görən insanlar bilirdilər ki, bu, bir xalqın ayağa qalxma anıdır. Hər bir şəhidin düşdüyü yer, azadlıq ağacının budaqlarını ucaldan kökə çevrildi. O ağacın kölgəsi bir daha əsarət zülmətinə yol verməyəcəkdi.
20 Yanvar yalnız qurban verilən canların deyil, həm də doğulan qəhrəmanlıq dastanının adıdır. O gecə şəhid olanlar qaranlıq bir gecəyə şəfəq gətirdi. Onların qanı ilə sulanan torpaq azadlıq üçün müqəddəs bir səcdəgah oldu. Şəhidlər özləri ilə bir xalqın təslim olmayan ruhunu ucaltdı, adlarını əbədi olaraq Vətən tarixinin qızıl səhifələrinə yazdılar.
Bu gün hər bir azərbaycanlının ürəyində o susmayan haray yaşayır. Şəhidlər Xiyabanında boylanan məzar daşları təkcə daş deyil – onlar xalqın iradəsinin simvoludur, azadlıq yolunda döyünən ürəklərin şahididir.
20 Yanvar – xalqın qanı ilə yazılmış bir dastan, millətin əyilməzliyinin fəryadı və azadlıq eşqinin alovudur.
Hər il yanvar ayının şaxtalı günlərində, minlərlə insan Şəhidlər Xiyabanına axışır. Sükut içində yanıb qalan məşəllərin işığında bir xalqın keçmişi ilə gələcəyi, qanı ilə canı arasında körpü qurulur. O məşəllərdən süzülən işıq yalnız şəhidlərin deyil, həm də azadlıq eşqinin sönməyən işığıdır. Onlar öldü ki, Vətən yaşasın. Onlar şəhid oldu ki, xalq ayağa qalxsın.
20 Yanvarın harayı əsrlər boyu dinməyəcək bir qışqırıqdır. O haray bizə azadlığın asan qazanılmadığını, lakin onu qazanmağın hər şeydən dəyərli olduğunu xatırladır. Həmin gün azadlıq yolunda qan axıdanların adı sonsuzluğa həkk olundu. Vətən torpağı onların müqəddəs qanı ilə islanıb, ruhları xalqın ürəyində əbədi olaraq yaşayır.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Qərənfil sevgi gülüdür, yoxsa hüzn gülü?
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Qərənfil çox estetik gözəlliyə malikdir. Mən əvvəllər elə bilirdim ki, qərənfil yalnız qırmızı rəngdə olur. Sən demə, ölkəmizdə onun 26 növü var. Son illərə qədər düşünürdüm ki, niyə məzarlara qərənfil qoyulur? Qızılgül də gözəl güldür, bəs onu niyə qoymurlar?
Qərənfil sovet dövründə qızılgüldən daha populyar idi. Kişilər sevdiklərinə elə qərənfil bağışlayırdılar. Qırmızı qərənfil gülünün mənası sevgi və hörmət, eyni zamanda güclü və əbədi sevgini ifadə edirdi.
Qərənfil sadə, amma möhkəm bir çiçəkdir. Lakin bu gün qərənfil Azərbaycan üçün sadə bir gül deyil. O, xalqın hüznünün və eyni zamanda azadlıq çırpıntılarının simvoludur.
Hazırda, dəfn mərasimlərində isə məzar üstünə qərənfil təbiətin və insanın faniliyini ifadə etmək üçün qoyulur. Dəfn mərasimlərində bu qaydadır, çünki bu, həm hörmət, həm də kədərin rəmzidir.
Onun yaranma tarixi isə heç də çox uzaqda deyil. 1990-cı illərin əvvəllərində - ötən gün növbəti ildönümünü qeyd etdiyimiz 20 yanvar faciəsi ilə bağlı mərasimlərdə Azərbaycanın müstəqillik mübarizəsi şəhidlərinə hörmət əlaməti olaraq qərənfildən geniş istifadə edilib. Binə qəsəbəsində olan qərənfil plantasiyalarından çiçəklər hadisə baş verən yerlərə, yollara, məzarlara tökülüb.
O vaxtdan da qırmızı qərənfil sanki şəhid qanına boyanaraq qırmızı rəng alıbmış kimi matəm rəmzini ifadə etməkdədir.
Bəs görəsən, əvvəllər sevgi mənasında bağışlanan qərənfili bu gün kiməsə bağışlasalar, necə anlayarlar? Sevgi etirafı kimi, yoxsa pis arzu kimi?
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)