İki qramlıq gələcək: Qızların üzük boşluğuna sığışdırılan həyatı - ESSE Featured

 

Arzu Əyyarqızı,

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB-nin üzvü, şair-yazıçı. "Ədəbiyyat və incəsənət" üçün

 

Bu gün Qızlar Günüdür. 

Gül verilir, şeir oxunur, "siz bizim gələcəyimizsiniz" deyilir. Amma gələcək haradadır? 

Gələcək -iki qramlıq bir üzüyün içində gizlədilib. 

Parlaq, kiçik, dairəvi.  Amma içi - sonsuz bir boşluq.Qızlar bu boşluqdan keçməlidir. 

17 yaşında - bəzən daha tez.  "Vaxtıdır" deyirlər. 

"Qismətindir" deyirlər.  "Ərə getməyən qız - yarımçıqdır" deyirlər.

Bu üzük -azadlığın əleyhinə yazılmış bir metafordur.  Dairədir, amma dövr etməz.Parlayır, amma işıq verməz.  Gözəldir, amma içindəki qızın səsini boğar.

Qızlar bu üzüyə baxanda gələcəklərini görməzlər. 

Gələcək - artıq seçilib. 

Gələcək-artıq planlaşdırılıb. 

Gələcək -artıq başqasının adına yazılıb.

Bu üzük- sosial müqavilənin möhürüdür sanki.

Qızın arzuları - imzalanmadan ləğv edilir. 

Qızın səsi - "ailənin namusu-na çevrilir. 

Qızın bədəni - "ailənin şərəfi" nə çevrilir.

Bu üzük - iki qramlıq olsa da, yükü bir ömürdür.

Qızın ayaqqabısına ilişir.  Dabanları bu boşluqda batır. Addımları bu dairədən kənara düşmür.

Qızın saatını dayandırır, qızın gözlüyünü buğlandırır.  Gələcəyi buğlanmış eynəkdən bulanıq görünür.

Bu üzük- sadəcə zinət deyil. 

Bu üzük - sistemdir.  Bu üzük -sükutun simvoludur.  Bu üzük-"qız"  olmanın cəzasıdır.

Qızlar bu üzüyü taxanda - azadlıqlarını çıxarırlar. 

Qızlar bu üzüyü çıxaranda - cəmiyyət onları bütün gözəlliklərdən çıxarır. 

Qızlar bu üzüyə yox deyəndə - "qismətinə qarşı çıxır" olurlar.

Diplomsuz diplomdur bu metal parçası. Hansı ki, nişan üzüyü  ilə təhsilin boğuşması son dövrün ən təhlükəli müharibəsinə çevrilib.

Qız universitetə qəbul olur.  Amma birinci semestrin ortasında barmağına üzük taxılır. 

İki qramlıq metal - dörd illik təhsilin alternativi kimi təqdim olunur.  "Onsuz da ərə gedəcəksən" deyirlər.  "Diplomun nə işə yarayacaq?", " Əsas ailə qurmaqdır" deyirlər.

Bu üzük - təhsilin rəqibidir. Hətta düşmənidir,deyərdim. Dairəvi, parlaq, amma içi boş. 

Diplomun küncündə yazılan "bakalavr" sözü - bu üzüyün qaşında əriyir. 

Çünki cəmiyyət üçün qızın uğuru - ailə qurmaqdır.  Oxumaq -vaxt itkisidir.  Yazmaq -boş məşğuliyyətdir.  Düşünmək - təhlükəlidir.

Qız dərsə gedir, amma barmağındakı üzük dərsi bölür. 

Müəllim sual verir, qız cavab vermək istəyir, 

amma "nişanlısan, sakit ol" baxışları onu susdurur. 

Qız layihə hazırlayır, amma "toy yaxınlaşır" deyə vaxtı olmur. 

Qız gələcək planı qurur, amma "qayın nə deyər?"  sualı onu dayandırır.

Bu üzük "  təhsilin sonu deyil.  Amma cəmiyyət onu son kimi təqdim edir. 

"Oxudu, amma axırda yenə ərə getdi"  deyirlər. 

Sanki təhsil -sadəcə vaxt doldurmaqdır. 

Sanki qızın ağlı -üzüyə qədər işləyir, sonra dayanır.

Qız diplom alır.  Amma üzük diplomdan əvvəl gəldiyi üçün - diplom artıq dekorasiyadır. 

CV-də "nişanlı" statusu yazılmasa da, müsahibədə hiss olunur. 

"Toydan sonra işləyəcəksən?"  sualı -təhsilin üzərindəki sual işarəsidir.

Hələ elə oğlanlar da var ki,oxumuş qıza "əxlaqsız" kimi baxır. Onu gələcəyində görmür. Onun hardasa isləməsini utanc bilir özünə. Dəhşət deyilmi? Ürək ağrısı ilə yazdığım bu esse bütün qızalrın iç səsidir.

Bu esse - üzüyə yox deyən qızlara həsr olunur.Diplomunu üzükdən üstün tutanlara. 

Təhsili "vaxt itkisi" yox, "özünü tapmaq"  kimi görənlərə. 

Barmağında üzük yox, əlində qələm tutanlara.

Qızlar gününüz mübarək olsun, qızlar! Azadlığınız üzükdə həbs olmasın! Bu günün qızı sabahın anasıdır. Amma savadsız ana heç vaxt vətənə gərəkli oğul böyüdə bilməz! Gələcəyimiz naminə qızları sevin. Onlara qayğı göstərin. 25 000 cehiz onlara gələcək vermir. Onlara təhsil verin. Özgüvən verin. Qoruyun qızları,  zülmət dolu gələcəkdən!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.