
Super User
Növbəti “Xarıbülbül” festivalının vaxtı açıqlanıb
“Şuşa İli”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.
Bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur".
Möhsün Sənanigilin Bilgəhdə uşaqlarla görüşə apardıqları “sehirli xalat” niyə oğurlanıb?
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə MÖHSÜN SƏNANİNİN (1900-1981) iki xatirəsini təqdim edəcəyik.
Milli kinomuzun tarixində rolu olub Mövsüm Sənaninin. Ruhu şad olsun!
*
Tiflisdə fəaliyyət göstərən Mustafa Mərdanov, Mirzəli Abbasov kimi aktyorlar ifalarıma tamaşa edir, istedadıma, gələcəyimə ümidlə baxırdılar. Bu ümid səhnəyə olan marağımı daha da artırdı. Sənətimə paxıllıq edən və içimdə baş qaldıran həvəsi söndürmək istəyənlər də tapılırdı və bunlar atam molla Sadığın dostları idi.
– Sən rəhmətlik molla Sadığın oğlu deyilsən, a bala?
– Bəli, Sadığın oğluyam, necə bəyəm?
– Sənin atan, savadlı ruhani idi, özü də sənin ruhani olmağını istəyirdi. Sənsə qoşulmusan bir ovuc kafirə, orda-burda oyunbazlıq eləyirsən. Nə qədər gec deyil, daşı ətəyindən tök, atanın yolunu tut. Atanın da ruhu şad olsun.
– Sərvaz əmi, məsləhətin üçün çox sağ ol, amma mən öz yolumu tutmuşam. Bir gün gələcək atamın ruhu da bu yolu tutduğum üçün şad olacaq…
*
Tez-tez məktəblərdə, pioner düşərgələrində görüşlərimiz olurdu. Belə görüşlərdən biri də Bilgəhdəki pioner düşərgəsində baş tutdu. Əlisəttar Atakişiyev, Əlağa Ağayev, mən, bir neçə gənc aktyorla birlikdə uşaqlarla görüşə getdik. Daha da maraqlı olsun deyə, gedərkən “sehrli xalat”ı da kinostudiyadan götürdük. Uşaqlar xalatı görəndə çox sevindilər. Onu əyninə geymək istəyən, sirli səyahətə uçmaq arzusunda olanların sayı-hesabı yox idi. Bir də ayıldıq ki, xalat yoxa çıxıb. Düşərgə bir-birinə dəydi. Bir qədər sonra arıq, çəlimsiz bir oğlan bizə yaxınlaşdı:
– Xalatı axtarmayın, – dedi, – Rizvan həmin xalatla keçmişə uçdu.
Sən demə bu Rizvan deyilən oğlanın nənəsi də düşərgədə aşpaz işləyirmiş. Arvad bunu eşidən kimi dizlərinə döyməyə başladı.
– Vay, evim yıxıldı. Tez olun nəvəmi mənə qaytarın, – deyib, üstümüzə gəldi.
Çox gərgin vəziyyət yaranmışdı. Uşaqlar da, nənə də Rizvanın doğrudan da keçmişə uçduğuna inanmışdılar.
Düşərgə rəhbərliyi hər yerdə “itkin səyyah”ı axtarırdı.
Birdən həmin o Rizvan deyilən oğlan haradansa peyda olub xalatı birbaşa mənim üstümə atdı:
– Bu, kinodakı xalat deyil. Əfsunu neçə dəfə təkrar eləsəm də xalat işləmədi.
Əlisətarr xalatı məndən alıb, oğlana yaxınlaşdı, başını sığallayb dedi:
– İo Kio baba əfsunun sözlərini dəyişib ki, xan bir də oğurlayıb eləsə, xalat onu heç yerə aparmasın.
Hamımız vəziyyətdən çıxdıq. Uşaq dünyasına xəyanət etmək olmazdı. Həmin görüş uzun illər xatirəmizdə yaşadı.
“Oğul” sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, yaradıcı heyət, filmin qəhrəmanı Natiq Qasımovun ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqdimatdan öncə jurnalistlərin suallarını cavablandıran ekran işinin rejissoru və ssenari müəllifi Karan Sinq bildirib ki, film italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb: “Mən Enriko ilə ilk dəfə görüşəndə onun Vyetnamla bağlı şəkilləri haqqında danışmaq istəyirdim. Amma daha sonra o, mənə Qarabağda baş verənlər haqqında danışdı. Ondan sonra başa düşdüm ki, bu hekayə bütün dünyaya tanıdılmalıdır. Bu bəşəri bir hekayədir. Bu filmi izləyən hər kəs ailədə itkinin nə demək olduğunu çox yaxşı anlayacaq”.
Rejissor qeyd edib ki, üç il ərzində ərsəyə gələn film ABŞ-da iki festivalda iştirak edib. Film martın 1-dən “Park Cinema”da Azərbaycan və ingilis dillərində nümayiş olunacaq.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev film haqqında məlumat verib. Bildirib ki, ekran əsəri Azərbaycan bayrağını düşmənə təslim etməyən, sonra aqibəti bəlli olmayan cəsur Vətən oğlundan bəhs edir: “Mənim yaxın bir qohumum da Şuşada itkin düşmüşdü. Ona görə də bu ağrı mənə çox yaxındır. Film, əslində, Azərbaycan tarixinin bir səhifəsinin ifadəsidir. Filmdə bir çox maraqlı məqamlar var. Xocalı faciəsi ilk növbədə düşmənimizi tanımaqda çox vacib bir mərhələ oldu. Düşmənin bu amansızlığını araşdıraraq niyə bizə belə böyük nifrət etdiklərini anlamaqla, əslində, öz tariximizi araşdırmağa başladıq”.
Bu il Xocalı faciəsinin 30-cu ildönümünün qeyd edildiyini söyləyən Elnur Əliyev Xocalı soyqırımına münasibətin həm də mədəniyyət məsələsi olduğunu bildirib: “Xocalı soyqırımı milliyyətindən, dinindən asılı olmayaraq hər bir insan üçün böyük bir faciədir. Ancaq biz görürük ki, düşmən hələ də bunu faciə olaraq qəbul edə bilmir, hətta əsaslandırmağa çalışır. Bu gün Xocalı soyqırımı haqqında danışmaqda bizim məqsədimiz bu faciənin bir daha baş verməsinin qarşısını almaqdır. Mən Britaniyadan gələn qonaqlarımıza təşəkkür edirəm. Onlar bu mövzuya diqqət yönəldib, belə bir film ərsəyə gətiriblər”.
Daha sonra “Oğul” sənədli filmi nümayiş olunub.
Sonda ekran əsərinin rejissoru və ssenari müəllifi Karan Sinq çıxış edərək filmin nümayişində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, film 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı alban kilsəsindən çıxır. Lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir. Natiq Qasımovun sonrakı aqibəti məlum deyil.
Rejissor K.Sinq üç il Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni hərbçiləri tərəfindən dindirilən zaman orada olan italiyalı hərbi fotoreportyor Enriko Sarsininin müsahibəsi də filmdə yer alıb.
Təsvir rejissoru Simon Stanford olan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin mart ayının 11-də saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik və Astara rayolarından olan vətəndaşların qəbulu keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Vətəndaşlar nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə 9 mart 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri tövsiyə olunur.
№
Şəhər (rayon)
Əlaqələndirici şəxs
Əlaqə telefonu
1
Lənkəran
Kəkəyev Anar Nəriman oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, məsləhətçi)
(050) 243 68 43
(025) 255 43 21
2
Lerik
Dənziyev Müqəddəs Nağdəli oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, baş məsləhətçi)
(050) 682 32 69
(070) 282 32 69
(025) 274 62 09
3
Astara
Bayramov Şadoğlan Xanoğlan oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, baş məsləhətçi)
(050) 324 24 10
(077) 324 24 10
(025) 225 31 40
“Teknofest” festivalının media tərafdaşlarından biri radio TMB olacaq
Mayın 26-dan 29-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçiriləcək “Teknofest” Festivalına “Türk Millətləri Birliyi” Radiosu (TMB 100.5 FM) media tərəfdaşlığı edəcək.
Qeyd edək ki, “Teknofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən biridir. Azərbaycanda bu festivalın keçirilməsinin məqsədi gəncləri qeyd olunan sahələr üzrə maarifləndirmək, onların marağını, diqqətini cəlb etmək və müvafiq istiqamətlər üzrə inkişafını təmin etməkdir.
“Radio TMB” 100.5 FM-in aparıcı media resurs və böyük dinləyici auditoriyasına sahib olduğunu nəzərə alaraq, gələcəkdə silsilə yayımlar təşkil olunacaq. Radio TMB-də yayımlanan İKT sahəsi üzrə “Smart Lab” proqramı “Teknofest”in hazırlıq prosesinin işıqlandırılması və tədbir çərçivəsində müxtəlif qonaqların efirə dəvət olunması kimi öhdəliyi öz üzərinə götürür.
Karan Sinq: “Biz filmin çəkilişlərini apararkən Qarabağ işğal altında idi”
“Filmin ideyası italyan hərbi fotoqrafı Enriko Sarsini tərəfindən irəli sürülmüşdü. Mən onunla ilk dəfə görüşəndə Vyetnamda çəkdiyi şəkillərlə bağlı danışmaq istəyirdim, ancaq o, Qarabağda baş verən hadisələrdən danışdı. Mən hərbi əsir Natiq Qasımov haqqında öyrənəndən sonra başa düşdüm ki, bu hekayə dünyaya çatdırılmalıdır.
AzərTAC xəbər verir ki, bu sözləri “Oğul” sənədli filmin rejissoru və ssenari müəllifi Karan Sinq filmin təqdimatı zamanı jurnalistlərə müsahibəsində deyib.
“Ermənistana gedəndə ailəsinə söz verdim ki, Natiq Qasımovun başına gələnləri mütləq öyrənəcəyəm. Onu tapa bilməsəm də, haqqında çox məlumatlar öyrənə bildim. Qasımovlar ailəsinə dərin minnətdarlığımı bildirirəm, çünki onlar olmasaydı film də ərsəyə gəlməzdi”, - deyə Karan Sinq bildirib.
Mövzunun tək Azərbaycana xas olmadığını, bəşəri bir məna daşıdığını deyən rejissor bildirib ki, ailədə kimsə itkin düşərsə bunun hansı effekt verəcəyini başa düşmək, dərindən anlamaq çox vacibdir.
Qeyd edib ki, çəkiliş qrupu filmi çəkərkən bir çox çətinliklərlə rastlaşıb: “Qarabağda çəkilişlər apararkən bu ərazilər o zaman Ermənistanın işğalı altında idi. Buna baxmayaraq biz Ermənistandan Qarabağa keçib, erməni zabitlərindən və bu hadisənin şahidi olmuş insanlardan müsahibə götürməyi bacardıq. Bizim üçün çox vacib idi ki, apardığımız araşdırmalar qərəzsiz, dəqiq olsun və heç bir tərəfkeşlik edilməsin”.
Filmin 3 il ərzində ərsəyə gəldiyini deyən rejissor bildirib ki, ekran əsərinin çəkilişləri 2016-cı ildə başlayıb və 2019-cu ildə başa çatıb. Bunun üçün yaradıcı heyət Azərbaycana gəlib, sonra Ermənistan tərəfdən Qarabağa keçib, Rusiyada olub və hətta münaqişənin baş verdiyi kilsənin yerini tapıb.
“Film beş dilə tərcümə olunub. Filmin ilk premyerası 2021-ci ilin iyul ayında ABŞ-ın “Whistleblower Film Festivalı”nda, daha sonra noyabrda “Şimali Dakota İnsan Hüquqları Film Festivalı”nda təqdim edilib. Filmi Xocalı soyqırımın 30-cu ildönümündə Bakıda nümayiş etdirməyi özümüzə borc bildik”, - deyə rejissor əlavə edib.
Musiqili əsər müəlliflərinin hüquqlarının qorunması məqsədilə yeni təşkilat fəaliyyətə başlayıb
“Ədəbiyyat və incəsənət” portalına “Müəllif Hüquqları Uğrunda” İçtimai Birliyinin oxuculara yönəli bir məlumatı daxil olub. Həmin məlumatı diqqətinizə çatdırırıq.
"Müəllif Hüquqları Uğrunda" İçtimai Birliyi könüllü üzvlük və hüquq bərabərliyi prinsiplərinə əsaslanan, musiqili əsər müəlliflərin hüquqlarının qorunması, onlara müxtəlif istifadəçilər tərəfindən ödənilməli olan qonorarların yığılması və müəlliflər arasında bölünməsi, musiqili əsər müəlliflərinin hüquqlarını pozan şəxslərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması məqsədilə yaradılmışdır. Bu funksiyalar Azərbaycan Respublikasının Konstitusiyasında və “Qeyri-hökumət təşkilatları (içtimai birlik və fondlar) haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında, Azərbaycan Respublikası qanunlarında və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə nəzərdə tutulur.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yeni dəyişiklərlə dövlət qeydiyyatına alınmış və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Resdpublikası qanununun 41.3-cü maddəsinin tələbinə uyğun olaraq, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikası Əqli Müqlkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmiş və təşkilata şəhadətnamə verilmişdir.
Hazırda 100-ə yaxın üzvü olan Birlik öz fəaliyyətinə - müsiqili əsər müəlliflərin əmlak hüquqlarının təmin edilməsi və bununla əlaqədar həmin hüquqların kollektiv əsasda idarə edilməsi ilə bağlı zəruri işlərə (bildiriş və məktubların göndərilməsi, müqavilələrin bağlanması və s.) başlamışdır.
“Müəllif Hüquqları Uğrunda” İçtimai Birliyi müsiqili əsər müəlliflərinin hüquqlarının təkcə Azərbaycanda deyil, ölkə xaricində də qorunması üçün müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq etməyi planlaşdırır. Bu məqsədlə təşkilatın yaxın vaxtlarda beynəlxalq əlaqəli qurumlarla layihələr həyata keçirməsi, müəllif hüquqlarının qorunması və inkişaf etməsi üçün digər xarici təşkilatlarla birgə monitorinqlər aparması və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
Kollektiv təşkilat olaraq, bildiririk ki, musiqili əsər müəlliflərinin hüquqlarının qorunması sahəsində bütün əlaqəli orqan və təşkilatlarla əməkdaşlıq etməyə hazırıq.
“Müəllif Hüquqları Uğrunda” İçtimai Birliyi
Günün fotosu: Qomel danışıqları nəyisə həll edəcəkmi?
Günün fotosu:
Qomel danışıqları nəyisə həll edəcəkmi?
Qomel yaxınlığına Belarusun toxunulmazlıq zəmanəti ilə Rusiya nümayəndə heyəti ilə helikopterlə danışıqlara gələn Ukrayna nümayəndə heyətinə müdafiə naziri Aleksey Reznikov başçılıq edirdi. Ruslara isə Daxili İşlər Nazirliyi rəsmisi, nazir müavini Andrey Rudenko.
Tərəflər atəşkəs razılığına gəlmək üçün öz tələblərini irəli sürmüşlər. Və görüş barədə ölkələrin prezidentləri ilə konsultasiyaya yollanmışlar.
Foto: BBC
Bu gün Bakıda “FantazEU” adlı mədəni irs festivalı başlayacaq
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirəcək. Festivalın açılışı bu gün olacaq, son gün isə martın 18-i olacaq.
“FantazEU” Mədəni İrs Festivalı Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.
“FantazEU” Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı, Almaniyanın, Belçikanın, Bolqarıstanın, Çexiyanın, Fransanın, İsveçin, Latviyanın, Litvanın, Macarıstanın, Polşanın, Slovakiyanın və Yunanıstanın iştirakı ilə təşkil olunacaq.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko fesivalla bağlı keçirilən tədbir zamanı mədəniyyətin inam və qarşılıqlı anlaşma yaratmağa kömək etdiyini bildirib.. O deyib: “Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilib. Təsadüfi deyil ki, Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. “FantazEU” Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm imkan yaradacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”.
Qeyd edək ki, “FantazEU” Festivalının tam proqramı ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin internet səhifəsindən (https://eeas.europa.eu/delegations/azerbaijan_en) tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada fotosərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.
Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, “Art Tower” Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.
“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında festivala təşkilati dəstək göstərir.
“FantazEU” Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Fantazia” Mədəni İrs Festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda tikilmiş, Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb.
Sənət ocağının mart repertuarını təqdim edirik:
6 mart – “Cəza” (monotamaşa)
12 mart – “Qızıl balıq”, “Balaca, yaramaz məxluq”
19 mart – “Dörd əkizin nağılı”, “Don Rafael trambonçu”
26 mart – “Sindibad”, “Xortdanın cəhənnəm məktubları”
27 mart – “Qağayı” (ilk tamaşa)
Tamaşalar müvafiq olaraq saat 12:00 və 19:00-da nümayiş ediləcək.