Super User

Super User

Günün fotosu:

Avropa nüvə partlayışı vahiməsi içindədir

 

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına bomba atması və orada yanğın törədilməsi artıq Avropanı təşvişə salıb. Belçikada apteklərdə vətəndaşlara ailəbaşına 10 qutu pulsuz yod paylayırlar. 

 

Foto: Euronews

 

Sumqayıtda fəaliyyət göstərən “Günəşim” kukla teatrı sabah balaca tamaşaçıları üçün gün ərzində 4 dəfə tamaşa təqdim edəcək. 

Saat 11-də “Balıqçı pişik” tamaşası Azərbaycan dilində, 13-də rus dilində oynanılacaq. 

Saat 15-də isə “Qırmızı papaq” Azərbaycan dilində, 17-də rus dilində oynanılacaq.

Balaca tamaşaçılar, “Günəşim” yolunuzu gözləyəcək!

 

Martın 5-də Heydər Əliyev Sarayında Azərbaycan muğam sənətinin, Qarabağ̆ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək.

“Şuşa İli” çərçivəsində baş tutacaq gecədə Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Mələkxanım Eyyubova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, Səbuhi İbayev, tanınmış̧ xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak edəcək. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.

Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ̆ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunacaq. Həmçinin Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Biletləri sarayın kassasında və ya onlayn əldə edə bilərsiniz.

 

Məşhur “Batman” filminin yeni bölümünün ilk fraqmenti ötən həftə paylaşılmışdı. Robert Pattinsonun baş rolda oynadığı film dünən - martın 4-ü tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, filmdə Zoe Kraviz, Paul Dano, Ceffri Uric, Endi Serkis, Kolin Farel və Con Turturro yer alıb.

 

Bu il Böyük Britaniya üçün çox xüsusi bir ildir. Biz Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. İkitərəfli əlaqələrimiz çox güclüdür və əminəm ki, gələcəkdə daha da sıx olacaq.

AzərTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley VII Britaniya Film Festivalının açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.

Festivalın ilk günü “Hersoq” retro-komediyasının nümayiş olunduğunu deyən Barkley bildirib ki, filmdə baş rolu Cim Brodbent oynayır: “Aktyor “Harry Potter and the Half-Blood Prince” filmində professor Horace Sluqhorn rolunu möhtəşəm oynayıb. Mənim qızlarım bu filmi çox sevir. Düşünürəm ki, tanınmış kino tənqidçilərinin rəğbətini qazanan “Hersoq” tamaşaçılara xoş anlar bəxş edəcək”, - deyə Barkley əlavə edib.

Bildirib ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanında olacaq.

 

Nüfuzlu “Billboard Women in Music Awards” mükafatının builki qalibi müğənni Oliviya Rodriqo olub.

Olivia Isabelle Rodrigo amerikalı aktrisa, müğənni və bəstəkardır.

Digər nominasiyalarda qalibləri də təqdim edirik: Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi mükafatlandırılıb. 

O ki qaldı əvvəlki illərə, 2021-ci ildə mükafatlar heç kimə verilməyib. 2020-ci ildə isə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.

 

İspan yazıçısı Maria Saragosa İdalqo “Alov kitabxanası” romanına görə İspaniyanın ən mühüm ədəbiyyat mükafatına - “Asorinin roman üçün mükafatı”na layiq görülüb. 

45 min avro məbləğində pul çeki və qızılı statuetkadan ibarət mükafat 1994-cü ildən təqdim olunur. 

Genoveva Vilar təxəllüsü ilə tanınan yazıçının romanında hadisələr müharibədən sonrakı dövrdə cərəyan edir. Süjetə görə kitabxananın gənc əməkdaşı vətəndaş müharibəsində qalib gələn tərəfin yandırmaq istədiyi kitabları qorumaq məsuliyyətini öz üzərinə götürür.

Yeri gəlmişkən, “Premio de Azorina romana” mükafatı ispan dilində yazılmış və çap olunmamış romanlara görə verilir.

 

Əlimdə bir qələm qırıldı, şair,

Bir şeir çatmadı mənzil başına...

Mən də dərd edirəm, soruşma nəyi,

Açıb-bükəmmirəm, bəzək vururam

Döydüyüm başımla səbir daşına...

 

Adını bilmirəm, bircə gülüm var,

Sulamaq yadımdan elə çıxır ha...

Son dəfə tökdüyüm bir ovuc sudan

Yarısı sıçradı şeirimin üstə...

Şeirim suya dönüb elə axır ha...

 

Adını söylədi son hekayəmin,

"Bacım da oxuyub..." - yaman sevindim...

Bulud gözlərimin, qar əllərimin

Sevinci çırpıldı ruhuma, şair,

Bacım: "Oxudum da... Unutdum..." - dedi... 

 

"Yazıçı günü"ymüş...

Yazıram, şair,

Bütöv xoşbəxtlikdi sonuncu abzas.

Di gəl, naşükürdü insan ürəyi...

Şeirlər yazılmır toy dəftərinə,

Hekayə oxumur bank işçiləri...

Bir esse boyuyla gülmür ofisiant,

Demir ki:" Cibimə iki misra bas."

 

...ah, şair, qələmim qırıldı, axı...

Daha şeirlərim yadımda qalar?

"Tanrı şəfa versin!" - təsəllisiylə

Canımda bir susmaz ağrı darıxır...

Bir gün bu ağrıya könül bağlayıb

Ölsəm, təsəllilər adımda qalar?

(2022)

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Milli musiqi alətlərimiz milli sərvətimizdir" adlı konsert keçirilib.

Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

Gənc istedadların ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", Süleyman Ələsgərovun "Şalaxo", Süleyman Ələsgərovun "Vətənimdir", Həsən Rzayevin "Çahargah rapsodiyası", Vittorio Montinin "Çardaş" kimi Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Gənclər Xalq Çalğı Alətləri Orkestrinin solistləri, həmçinin bölgələrdən gələn tələbə və şagirdlər çıxış ediblər.

 

İsveçin paytaxtı Stokholm şəhərində onlayn formatda keçirilən “AURORA” ifaçılıq və bədii sənət üzrə II Beynəlxalq müsabiqə-festivalda Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri 2 nominasiya üzrə: Xalq artisti Yusif Qasımovun yetirmələri olan akademiyanın orta ixtisas (kollec) tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı milli rəqs nominasiyasında, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın yetirmələri olan tam orta məktəbin şagirdləri Əmirsalamova Şirin, Bernadina Liana, Dəmirova Leyla klassik rəqs nominasiyasında iştirak ediblər. Klassik rəqs nominasiyasında D.Minkusun “Amurlar”, L.Delibin “Pyatsekato” əsərlərindən Pas-deux-trois ilə çıxış edən Bernadina, Əmiraslanova və Dəmirova I dərəcəli Laureat, “Cəngi” və “Cıdır düzü” rəqs nömrələri ilə müsabiqəyə qatılan akademiyanın “Bakının ulduzları” rəqs ansamblı isə müsabiqənin Qrand-Prix mükafatına layiq görülmüşdür.

Müsabiqədə Azərbaycan Respublikasından yalnız Bakı Xoreoqrafiya Akadmiyası iştirak edirdi, bununla yanaşı Rusiya Federasiyası, Norveç, Belorusiya, Niderland, Tatarstan, Özbəkistan, İsveç, Finlandiya, Fransa kimi ölkələrdən (ümumilikdə 18 ölkədən) iştirakçılar qatılmışdılar.

Müsabiqənin əsas məqsədi və amalı yaxın və uzaq xarici ölkələrlə mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi, mədəni mübadilənin aktivləşdirilməsi, festival iştirakçıları arasında onlayn formatda ünsiyyət üçün yaradıcı mühitin yaradılması, onlayn formatda qarşılıqlı əlaqə, təcrübə mübadiləsi üçün şəraitin yaradılmasıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.