Super User

Super User

Günün Fotosu:
Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-də video çıxışının boykotu gündəmdən düşmür. Bu tarixi bir ittihamdır: Hamı zaldan çıxıb, qalanlarsa ona arxa çeviriblər. 

 

Foto: Euronews

 

Cek London socialist idi, həm də tarixdə ilk olaraq milyon dollar qazanmış yazıçı idi. 

Nikolay Qoqol əl tikişi üçün özündə  hədsiz ehtiras hiss edirdi. Şarf və kəmərlər toxuyur, bacılarına libaslar tikir, yay boyunca nazik boyun örpəkləri tikirdi.

Mirzə Ələkbər Sabir sabun bişirib baqqal dükanında satırdı.

Aqata Kristi disqrafiyadan  əziyyət çəkir, praktiki olaraq əl ilə yaza bilmirdi. Onun bütün məşhur romanları diktə etməklə yazılmışdı.

Fyodor Dostoyevski azartlı oyunlara meyl edirdi, dövrünün məşhur qumarbazı idi.

Edqar Allan Po bütün ömrü boyu qaranlıqdan qorxurdu.

Onore de Balzak isə həmişə qaranlıqda - cüzi şam işığının müşayiəti ilə yazırdı.

Mark Tven yaxşı ixtiraçı idi. Onun ixtiraları arasında jurnalistlər üçün vərəqləri qoparılan bloknot, sürüşmə rəfləri olan şkaf, həmçinin onun ixtiralarının ən dahiyanəsi - qalstukların bağlanması üçün maşın var idi.

Dikkensin qəribə xüsusiyyəti vardı, kabinetindəki stol və stulların hər hansının bir qarış yeri dəyişiləndə işləyə bilmirdi.

Lord Bayronun isə dörd sevimli ev qazı var idi ki, hər yerdə, hətta ictimai toplantılarda da onu izləyirdilər.

Bu gün Ümumdünya Yazıçılar Günüdür, belə bir günün təqvimə düşməsi 12-18 yanvar 1986-cı il tarixində keçirilən Beynəlxalq PEN-klubun 48-ci Konqresinin qərarı ilə rəsmiləşib, PEN-klub özü isə 1921-ci ildə yaradılıb və hazırda dünya yazarlarının ən nüfuzlu təşkilatıdır. Təşkilatın abreviaturasının açması bu cürdür:  poets - şair, essayists – esse (oçerk) yazan, novelists – romançı. İngilis sözlərinin ilk hərflərindən yaradılan bu PEN qısaltması, qeyd etmək lazımdır ki, ingilis dilindən qələm kimi tərcümə edilən “pen” sözü ilə də üst-üstə düşür.

PEN-klubun yaradılması ideyası ingilis yazıçısı Ketrin Emi Douson-Skotta məxsusdur. PEN-klubun ilk prezidenti yazıçı Con Qolsuorsi olub. 1923-cü ildə Londonda PEN-klubun Birinci Beynəlxalq Konqresi keçirilib, o vaxt pen-mərkəzlər dünyanın 11 ölkəsində yaradılıb. Bu gün bu cür mərkəzlər 130 ölkədə fəaliyyət göstərir.

PEN-klubun Xartiyasında deyildiyi kimi, "PEN-klub hər bir ölkənin daxilində və bütün ölkələr arasında informasiya azadlığı prinsiplərini müdafiə edən Beynəlxalq yazıçılar birliyidir. Onun üzvləri öz mənsub olduqları ölkələrdə və cəmiyyətlərdə, eləcə də bütün dünyada, mümkün olduğu halda, söz azadlığının hər hansı şəkildə yatırılmasına qarşı çıxmağı öhdələrinə götürürlər. PEN klub söz və mətbuat azadlığının qorunması üçün çalışır və sülh dövründə senzuranın özbaşına tətbiqinə qarşı çıxış edir. PEN-klub hesab edir ki, bəşəriyyətin siyasi və iqtisadi təşkilatların daha yüksək formalarına doğru lazımi şəkildə irəliləməsi hökumətin, idarəetmə orqanlarının və siyasi institutların azad tənqidini tələb edir. Azadlıq könüllü təmkinlik nümayişini nəzərdə tutduğuna görə, PEN-klubun üzvləri saxta nəşrlər, qəsdən saxtalaşdırma, faktların təhrif edilməsi və ya siyasi, qrup və şəxsi məqsədlər naminə onların qərəzli, namuslu interpretasiyası kimi mənfi cəhətlərə qarşı çıxmağı öhdələrinə götürürlər”.

Bəli, bu gün yazarların günüdür. Qələmini hansısa hakimiyyətlərə və şəxslərə xidmət mənbəyinə çevirməyən, düzü düz, əyrini əyri yazan, xalqına və ədəbiyyata xidmət edən bütün vicdanlı yazarlara təbrik düşür!

 

Ankaradakı Ukrayna səfirliyi Türkiyənin məşhur rok ifaçısı Haluk Leventə öz sosial media hesabı vasitəsi ilə müraciət edib.

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, müraciətdə deyilir: 

“Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, populyar Ukrayna müğənnisi Camala Rusiyanın davam edən hərbi təcavüzü səbəbindən iki uşağı ilə birgə Türkiyədə sığınacaq tapıb. Camala ilə birlikdə Ukrayna xalqı üçün xeyriyyə kampaniyamıza dəstək verən konsertdə sülh və azadlıq mahnılarını oxumaq istəmirsinizmi?"

Tvitterində səfirliyin müraciətinə cavab verən Haluk Levent isə yazıb: "Tamamilə! Məmnuniyyətlə! Bunu həm Ukrayna xalqı, həm də Yaxın Şərq xalqları üçün edək özü də. Konsertin yeri isə Fələstin olmalıdır. Mahnılar insanlar arasında fərq qoymaz. Mahnılar sərhəd dirəklərini  görməz. Düşünürəm ki, bu konserti dinləmək hər kəs üçün xoş olacaq".

Xatırladaq ki, Ukrayna vətəndaşı Camalanın - Susanna Alimovna Cəmaləddinovanın atası tatar, anası ermənidir.

 

Həmyerlimiz, karikaturaçı-rəssam Soltan Soltanlı Quzey Kıbrısda keçirilən 9-cu Uluslararası Karikatura Yarışmasının finalına çıxıb, finalçısı kimi onun bir əsəri yarışmanın kataloquna daxil edilib.

 

Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzdən AzərTAC-a bildirilib ki, gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatay yaradıcılığından, şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Bildirilib ki, müəllifin ürəkləri riqqətə gətirən şeirləri, qəlbləri ovsunlayan nəğmələri ötən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz yerini tutur. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Tərcüməçi kimi Əlişir Nəvainin, Puşkinin, N.Nekrasovun, T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməklə bədii tərcümənin qabil ustası kimi tanınıb.

Qeyd olunub ki, Ə.Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir.

Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək atası ilə bağlı xatirələrini bölüşüb.

Gecə bədii hissə ilə davam edib. Aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirilib. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülzar Fərəcova çıxış ediblər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “FantazEU” mədəni irs festivalı çərçivəsində Bakıda gənc xalçaçı-rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb.

AzərTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov və festivalın kuratoru Sona Quliyeva çıxış ediblər. Onlar qeyd ediblər ki, festivalın əsas məqsədi Avropa mədəni irsini təbliğ etmək, Azərbaycanın mədəni müxtəlifliyini populyarlaşdırmaqdır. Vurğulanıb ki, belə festivallar Avropa ilə Azərbaycan arasında möhkəm tərəfdaşlığın inkişafına kömək edəcək.

Sərgidə Fəridə Qarayevanın 14 əsəri nümayiş etdirilib. Rəssam öz əl işlərində xovsuz xalça (palaz, kilim, şəddə kimi növlər) texnikasından istifadə edib. Qeyd etmək yerinə düşər ki, Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xalçaçı-rəssam ixtisası üzrə bitirib. O, müxtəlif kollektiv sərgilərdə, plener və festivallarda fəal iştirak edib.

Qeyd edək ki, “FantazEU” festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 2018-ci ildən bəri keçirdiyi “Fantaziya” mədəni irs festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda Avropa və Şərq memarlığı üslubunda tikilmiş “Fantaziya” hamamının adından götürüb.

 

Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinin açılışı olub.

Mərkəzdən AzərTAC-a bildirilib ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə hazırlanıb.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin deputatları Qənirə Paşayeva, Razi Nurullayev, Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər və Xətai Sənət Mərkəzinin direktoru çıxış edərək rəssamların yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.

Bildirilib ki, sərgi ölkəmizdə suluboya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr edilib. Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub.

Sərgidə 20-yə yaxın əsər satılıb.

Əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub və sərginin elektron kataloqu hazırlanıb.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi Üzeyir Hacıbəylinin ev-muzeyində konsert proqramı təqdim edib.

Baş İdarədən bildirilib ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Daha sonra konsertdə məktəbin violonçel ixtisası üzrə müəllimi Nərminə Qədirovanın şagirdlərinin ifaları dinlənilib.

Kinoaktyorlar və kinoaktrisalar çox sevilirlər, həmişə dəbdə olurlar. İllər ötür, onlar çəkildikləri filmlərdə yenə də gənc, yenə də cəlbedici qalırlar. Hər kəs də həmin o retro filmlərdə öz xatirələrinin dinməsinə şahidlik edir.

“Ədəbiyyat və incəsənət” portalı Mediasol dərgisinə istinadən köhnə Hollivudun ən yaraşıqlı və cəlbedici aktyorlarının beşliyini təqdim edir. Təbii ki, sıralanma ilə razılaşmayan xanım oxucularımız öz seçimlərini edə bilərlər. 
Bu beş gözəllikdən birini seçmək lazımdır. Budur, siz filmin qadın rejissorusunuz və sizin qarşınızda beş cəlbedici kişi dayanıb, amma filminiz üçün birini seçmək lazımdır. Kimi?
Bu beşlikdən hansı birini köhnə Hollivudun simvolu adlandırarsınız? 
Gözəllik kanonları zamanla dəyişir, bəli. Moda tipajları var - bu, əlbəttə ki, yalnız simaca gözəl olmağı  nəzərdə tutmur. Amma köhnə Hollivudun beş ən simaca gözəl aktyorunu bu gün də ötüb keçmək mümkünsüzdür. 
Yəqin ki, yalnız Cary Grantı əksəriyyət bu siyahıdan təəssüflənmədən çıxararmaq istəyəcək - lakin o, uzun illər bir nömrəli ulduz olub və yeri gəlmişkən, daha yaraşıqlı Klark Geybl həmişə Kari Qranta həsəd aparıb, onun  barmaq izləri dəyən ssenarilər oxumalı olub… Yəni ki, Qrant bəyənməyən işlər Geybiyə ötürülüb. 
Amma əksəriyyətin fikrinə gəldikdə isə, onların Pol Nyumenlə Gregory Peck arasında seçim edib sonda Pecki seçəcəyi şübhəsizdir. Təsadüfi deyil ki, Peck-i “röya adamı” deyə adlandırırlar. Kim “Roma tətili"ni görməyibsə dərhal hər şeyi atıb ona baxsın.
Amma Azərbaycanımızda bu beşlikdən ən çox tanınanı və seviləni, şübhəsiz, Marlon Brando olub. 
Beləliklə, əziz xanımlar, beşdən birini seçirik.


5-ci yer:

Pol Nyuman

4-cü yer:

Carey Grant

3-cü yer:

Klark Qeybl

2-ci yer:

Marlon Brando

1-ci yer:

Gregory Peck

 

Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə hazırlanmış “Əbədiyyət yolçusu” albom-kitabının təqdimatı olub.

AzərTAC xəbər verir ki, albom-kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 31 yanvar 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq hazırlanıb.

Nəşrin tərtibçisi, “Ön söz” müəllifi və redaktoru Mustafa Çəmənli, ideya müəllifi isə "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığı ilə tanınmağa layiq bir ədib olduğunu söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra görkəmli ədibin vətəni, doğulduğu yerlər işğaldan azad olundu. Şübhəsiz, bu, onun ruhunu şad etdi.

Qeyd edib ki, “Təhsil” nəşriyyatında çap olunan albom-kitaba Əbdürrəhim bəy Haqverdiyev haqqında dövri mətbuatda çap olunmuş məqalələr, xatirələr, həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər toplanıb.

Yeni nəşrin ədibin xatirəsinə bir hədiyyə olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, dəyərli nəşrdə Haqverdiyevin gözəl hekayələrindən başqa, teatr ənənələrinə həsr etdiyi bir məqaləsi də yer alıb: “Haqverdiyev bir ədib kimi çoxşaxəli bir insan idi. O, diplomatik sahədə yazılarla da çıxış edib”.

Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev yeni nəşr üzərində zəhmət çəkib, arxiv materialları toplayıb, kitabı nəşr edənlərə təşəkkürünü bildirib.

Ədibin həyat və yaradıcılığından danışan V.Quliyev bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb. M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Sankt-Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da artıb. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Ə.Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda, bədii yaradıcılığını da davam etdirib. "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib: “Haqverdiyev bədii əsərlərlə kifayətlənməmiş, diplomatiya sahəsində də çalışmışdı. Prezidentin ədibin 150 illiyi ilə bağlı müvafiq Sərəncamından sonra onun “Uca dağ başında” hekayəsi macar dilinə tərcümə olunub. Bu yaxınlarda macar rejissoru Əbdürrəhim bəy Haqverdiyev haqqında film çəkmək istədiyi bildirib. Bu, onu göstərir ki, Haqverdiyevin yaradıcılığı dünya üçün maraqlıdır”.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva deyib: “Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı bizim üçün doğma və əzizdir. Görkəmli ədib Molla Nəsrəddinçilərdən biri olub. Haqverdiyev böyük Azərbaycan ziyalısıdır və hər şeydən əvvəl vətənpərvərdir. Onun milli vətənpərvərlik ruhunda yazdığı əsərlərdə Qarabağ ab-havası duyulur. O, səyahətnamə janrını “Molla Nəsrəddin” jurnalına gətirən ədibdir. Məhz bundan sonra dövrün bütün qüsurları “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları çıxış edərək bildiriblər ki, ədibin yazıları bu gün də aktualdır, günümüzlə səsləşir.

Natiqlər kitabın hazırlanmasında böyük zəhməti keçən Mustafa Çəmənliyə təşəkkürlərini bildiriblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən Mustafa Çəmənli deyib ki, görkəmli şəxsiyyətlər haqqında kitab tərtib etmək olduqca məsuliyyətli işdir. Çalışdım ki, bu yeni albom-kitab böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə töhfə olsun.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.