
Super User
Xalq artisti Cahangir Novruzovun II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində ustad dərsi olub
Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - noyabrın 25-də işə başlamış və ayın 30-dək davam edəcək festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.
Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat Komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Festival çərçivəsində Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda ustad dərsi keçib.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Qısa tamaşalar festivalına start verildi
Bu gün ölkə teatrlarında Vətən Müharibəmizə həsr olunmuş 4.4 Qısa Tamaşalar Festivalı start götürüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, zəngin proqrama malik festivalda hal-hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən hazırlanmış və müsabiqəyə qatılmış "İnanıram" mono tamaşası təqdim olunmaqdadır. Tamaşanın müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadə, baş rolun ifaçısı aktrisa Zemfira Əbdülsəmədovadır.
Bu gün adıçəkilən istedadlı gənc dramaturqun daha bir mono tamaşam Sumqayıt Dövlət Dram Teatrında nümayiş olunacaq. "Pələng" növbəti dəfə Sumqayıt Teatrına gəlir. Rejissor Ümid Abbas, baş rolun ifaçısı Kamran Muradlıdır.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Xalq yazıçısı İmran Qasımovun bu gün 104-cü ildönümüdür
Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdır. Tək elə bir əsər - “Cəbhədən cəbhəyə” kifayətdir ki, onun böyüklüyünü sübut edək. Bu gün onun anadan olmasının 104-cü ildönümü tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İmran Qasımov çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir.
Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.
Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. O, açıqfikirli bir ailədə böyüyüb, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz edib. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynayıb. 1914-cü ildə vəfat etmiş əminin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna vermişlər. Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olub.
İ. Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İ.Qasımov uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.
Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdəndir. Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alıb. İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atıb. Yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrdə səfər edən yazıçı müxtəlif görüşlər keçirib, maraqlı adamlar haqqında xatirələr yazıb.
İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Azərbaycanda 16-cı əsrə aid heykəl aşkarlanıb
Cəlilabadın Buravar kəndində yerləşən köhnə qəbiristanlıqlarda daş buğa və daş qoç fiqurları aşkar edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu Baku TV-yə açıqlama verən tarixçi Elşad Əmənov bildirib. O, Cəlilabadın tarixin izləri üstündə tikildiyini qeyd edib:
“Yerin altında neolit, mezolit dövrünə qədər faktlarımız var. Kiçik ölçülü qoç fiqurunun uzunluğu təxminən 70 santimetr, hündürlüyü 30-35 santimetrdir. Sözügedən heykəl təxminən 16-cı əsrə aiddir”.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT-nin baş katibi ilə görüşüblər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də tərəfdaşlığı ilə Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 9-cu Qlobal Forumu zamanı keçirilən xüsusi görüşdə BMT-nin Baş katibi Antoniu Quterreş və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73 və 75-ci Baş Assambleyalarının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Çexiyanın sabiq baş naziri Yan Fişer, Ərəb Liqasının sabiq baş katibi Amre Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq baş nazirin müavini Eka Tkeşelaşvili, ICESCO-nun sabiq baş direktoru Abdulaziz Altvaijri, o cümlədən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və NGBM-nin baş katibi qatılıblar.
Görüş zamanı son hadisələrə və dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, baş katibə mərkəz tərəfindən reallaşdırılan Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.
Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı və Mərkəzin 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi baş katibə təqdim edilib.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Günün fotosu: Heç hənanın yeridir?
Günün fotosu: Heç hənanın yeridir?
Ukrayna ilə müharibəylə gündəmi zəbt edən Rusiya cəbhədən gələn ardıcıl məğlubiyyət xəbərlərinin fonunda gündəmi dəyişib. Rusiya Dövlət Duması ölkədə homoseksualizmin, lesbiyanlığın, pedofiliyanın təbliğini qadağan edib.
Foto Euronews-undur.
“Ədəbiyyat və incəsənət”
(25.11.2022)
YARAT-da performans üzrə ustad dərsi keçiriləcək
YARAT Müasir İncəsənət Mərkəzindən daha bir xoş sürpriz. Noyabrın 28-də bu məkanda türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı YARAT-dan mediaya verilən açıqlamaya istinadən xəbər verir ki, dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirəcək və iştirakçılarla birgə çıxış edəcək. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edəcək. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrənəcəklər. Performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrənəcəklər, çünki performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.
Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.
Bu gün Beynəlxalq Muğam Mərkəzində Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə ifaçıları Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu AMEA Folklor İnstitutu nəzdində “Qorqud” ansamblı müşayiət edəcək.
Ustad tarzən, bəstəkar-pedaqoq, Prezident təqaüdçüsü Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür. Naxçıvanda yaşayıb-yaradan sənətkar bütün ömrünü milli musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın, musiqi xəzinəsinin zənginləşməsinə, xalqımızın musiqi təhsili sahəsində ləyaqətli, intellektual musiqiçilər nəslinin yetişməsinə sərf etmişdir.
“Əsəbiyyat və incəsənət” (25.11.2022)
Bu gün qadın rejissorlar gündəmdə olacaqlar
Feminizm çiçəklənməkdədir deyəcəklər çoxları. Bu gün Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq. Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” sənədli filmi (rejissor Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” filmi (rejissor Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmi daxildir.
Qeyd olunan filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb. Artıq uzun müddətdir studiyada Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Əsgər bağı” filmində şəhid övladı və qazi baş rolda çəkilib
Yeni layihələr sıralayan Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına istinadən bildirir ki, növbəti film “Əsgər bağı” adlanır.
Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.
E.Əkbərov 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
E.Mirzəyev isə 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
Dedikcə maraqlı film alınıb, baxmağa dəyər.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)