
Super User
Sitat: “Yaxşı sənətkar olmağın o demək deyil ki, yaxşı insansan”
“Ədəbiyyat və incəsənət” Daycest bölümündə əməkdat artist Mətanət İsgəndərlinin fikirlərini dərc edir. Bizcə, insanları yaxşı tanımaq üçün onları dinləmək vacibdir.
“İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm. Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib".
Bu açıqlamasından daha sonra Mətanət İsgəndərli deyib:
"Yaxşı sənətkar olmağın hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar" deyə müğənni bildirib.
Sənətçi qazancını sənətinə qoyduğunu deyir.
"Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm" deyə müğənni bildirib.
Müğənni son günlər daha da məşhurlaşan "Qərib payız" mahnısından danışıb.
"Müğənni o ab-havaya düşməsə ondan heç nə inandırıcı alınmaz. Bu mahnını oxuyanda çox dərdli idim, böyük haqsızlıqlar qarşısında imtahan verirdim. Kefimin kök vaxtında bu mahnını gedib oxuya bilməzdim. Mən o harayı, o dərdi bu mahnı vasitəsilə çatdırmaq istəyirdim. Səs rejissoruna dedim ki, qapını bağla, heç kimi otağa buraxma, mən istəyirəm ki, içimi bu mahnıya töküm. Hönkürtü ilə bu mahnını oxumuşam" deyə müğənni bildirib.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Rəsm qalereyası: Vinsent Van Qoq, “Çiçəkləyən şaftalı ağacları”
Bu gün Tbilisi Akademik Teatrı Bakıda çıxış edəcək
Bu gün və sabah Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi dünyaşöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa gürcü dilində oynanılacaq. Burda istinad npqtəsi bu deyimdir: incəsənətin dili olmaz.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa İli”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır.
Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.
İki il əvvəl hazırlanan maraqlı və qeyri-adi süjet xəttinə malik olan bu tamaşada Gürcüstanın tanınmış aktyorları Nika Kuçava, Ana Vasadze, Manana Kozakova-Tsuladze, Ketevan Tsxakaya, Besiki Barataşvili Georgi (Jaba) Kiladze, Maryam Tskipurişvili iştirak edirlər.
“Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Bu gün “Sarəng” sənədli filminin təqdimatı olacaq
Bu gün “Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyat və incəsənət” portalı xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq sənədli filmitTanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edir.
Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Ekran əsərinin ideya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Məsləhətçisi Nurəddin Ədiloğludur.
Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Məşhur professordan ŞOK XƏBƏRDARLIQ: Bütün xəstəlikləri marqarin yaradır
Türkiyənin məşhur kardioloqu və daxili xəstəliklər üzrə professoru Canan Karatay marqarin yağı kimi qarışıq yağların xərçəng riskini artırdırdığını bildirib.
ATV kanalının səhər proqramında qonaq olan Karatay həkimlərin standart açıqlamasına qarşı çıxaraq bütün xəstəliklərin genetik olmadığını isbatlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Karatay bir çox xəstəliklərin kökünün yanlış qidalanmadan qaynaqlandığını bildirib.
"Şəkərli, qazlı içkilər çox təhlükəlidir. Xüsusən də meyvəli şirələrin tərkibin də brom adlı kimyəvi maddə var. Bu maddə zəhərdir. Orqanizmdəki bütün xəstəlikləri də o, törədir”.
Professor həmçinin vurğulayıb ki, qarpız və qovun mövsümü başlayanda, xəstələrində böyrək problemləri artır. Sidik turşusunun miqdarı çoxalır. Odur ki, qovun və qarpızı miqdarından artıq qəbul etməyin.
Əvəzində qırmızı ət, yumurta, lobya, həmçinin qurdlu almaya üstünlük verin. Qurdunu qəbul etmədən almanı yeyin. Çünki bu almalar çox faydalıdır.
Karatay həmçinin iki cür yağın xərçəngə səbəb olduğunu bildirib.
O deyib ki, 1950-ci ildən başlayaraq marqarin yağının Türkiyəyə ixrac olunması ilə ölkədə xərçəng və ürək xəstəlikləri geniş yayılmağa başlayıb. Çünki marqarinin tərkibində trans yağlar var.
Karatay onu da bildirib ki, hətta təbii yağı da çox isidəndə qarışıq yağ maddələri meydana çıxır. Odur ki, qızartmadan qaçmaq lazımdır.
Təbii ki, ölkəmizdə kərə yağının, eləcə də keyfiyyətli bitki yağlarının qiymətlərinin ceyran belinə çıxması səbəbindən hamı ucuz marqarın yağlarına qaçır. Biz pulumuza qıymır, canımızasa qıyırıq.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)
Ən gözəl ermənini - Armine Arutyanı görsəniz çaşacaqsınız
Hazırda bizə dost olmayan ölkənin ən gözəl qızı adını Gucci-nin modeli Armine Arutyan daşıyır.
24 yaşlı bu qızı görəndə nəinki insan ona valeh olur, əksinə, ən azından, onun uzun burnundan və bol tüklü çatma qaşından diksinir.
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Vogue dərgisində Arminenin fotosunu görərkən, öncə həqiqətən elə sanıb ki, dərgi ən eybəcərləri təqdim edir. Deməzsənmiş, bu idbarsifət öz ölkəsinin ən gözəli imiş. Bəli, Armine etnik erməni gözəlliyinin etalonu sayılırmış.
Oxucularımızdan xahiş edirik ki, gəlin milli mənsubiyyəti kənara qoyub sadəcə, estetik baxımdan bu xanıma qiymət verək. Özü də 10 ballıq şkala ilə. Nə alınır sizdə? Vallah bəndəniz elə də millətçi deyil. Amma sıfır ki sıfır!
Armine Yerevanda doğulub. Onun babası məşhur rəssam Xaçatur Azizyandır. Armine özü modelliklə yanaşı həm də dizayner və illüstratordur. Model kimi məşhurlaşması, gedib Gucci-yə çıxması isə təsadüfən olub. Berlinin mərkəzi küçəsi ilə gedərkən brendin bir skautu onu görüb və dərhal əlaqə nömrəsini verərək sınaq podiumuna dəvət edib.
Gucci başbilənləri ilk təqdimatda izləyicilərin təəccübünə səbəb olacaqlarını gözardına alıblar və “Hər xalqın öz kanonları var” sığortasını ediblər.
Bizə isə belə gəlir ki, Avropa standart gözəlçələri təqdim etməkdən usanaraq ekzotika xatirinə gözəl əvəzinə bu idbarı trendə dürtüşdürüb.
Niyə?
Bu suala deyəsən artıq cavab verdik.
Foto: AP
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
“Yeni adlar” layihəsində növbəti konsert 20 dekabrda olacaq
“Yeni adlar” layihəsi barədə sizlərə məlumat vermişik, layihənin məqsədi milli musiqimizin və mədəni irsimizin qorunması, eləcə də ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verməkdir. Layihə eyni zamanda Azərbaycan ifaçılıq sənətində olan yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün belə imkanların yaradılması onların inkişafına böyük təkandır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində konsert proqramı təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev, solistlər qanun ifaçısı Aişə Əmrahova və tar ifaçısı Hüseyn Quliyev) çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi də təntənəli şəkildə qeyd olunacaq
Fikrət Əmirovun və Niyazinin yubileylərindən bəhs etdik. Amma sıra qapanmır. Sırada növbəti yibileyi qeyd edilən böyük musiqiçimiz Fərhad Bədəlbəylidir.
Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb. F.Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı - 1967) və Vianna da Motta adına (Portuqaliya, Lissabon, Pianoçuların Beynəlxalq Müsabiqəsi laureatı - 1968) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçu mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir. O, həmçinin 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb. Eyni zamanda 1991-ci ildən Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
SSRİ Xalq artisti, maestro Niyazinin 110 illiyi təntənəli şəkildə qeyd olunacaq
Musiqi dühalarımızdan Fikrət Əmirovun 100 illiyini yenicə qeyd etmişdik ki, indi də Niyazinin 110 illiyi qapımızın kəndarındadır. Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, dirijor, bəstəkar Niyazinin 110 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev, dirijorlar Fuad İbrahimov, Mustafa Mehmandarov) çıxış edəcək.
Qeyd edək ki, dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib və 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazıb və 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə seçilir. "Rast" müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənib, həmçinin Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olub. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlayıb. 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlayıb, həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq edib, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları verərək, böyük uğura imza atıb. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi sonradan Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, eyni zamanda "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi həmçinin Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, eləcə də "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Azərbaycanda musiqili teatrın banilərindən olan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı Zülfüqar Hacıbəyovun oğlu Niyazi uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyüyüb boya-başa çatıb.
Təbii ki, belə bir mühit Niyazini dahi musiqiçi kimi yetişdirib.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Parisdə “Natavan” məktəbinin açılışı olub
Təbii ki, indi Fransa ilə münasibətlərin düz məcraya yönəlməsi çox önəmlidir. Növbəti xəbərimiz Fransadandır.
Ulu öndər Heydər Əliyev çıxışlarında deyərdi ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. Ümummilli Liderin sayəsində hələ 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamıza daxil edilib.
Dahi lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Onun ideyalarını layiqincə yerinə yetirən dövlətimizin başçısı doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Xarici ölkələrdə Azərbaycan dili dərslərinin tədrisinin təşəbbüsçüsü Birinci vitse-prezidenti Mehriban Əliyeva olub və bu tendensiya dünya ölkələrində uğurla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Fransa müxbirinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində “Natavan” məktəbinin açılışında söyləyib.
Bildirib ki, dövlətimiz Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib və yetirir. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dili də xalqımızın milli sərvətidir.
Azərbaycan səfiri diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu gün dünyanın hansı ölkəsində olursa-olsun azərbaycanlılarla görüşəndə ana dilində ünsiyyət qururuq. Bu, bizim böyük və dəyərli sərvətimizdir. Vaxtilə müxtəlif təsirlərə, ciddi sınaqlara məruz qalmış dilimizin özəlliyini, zənginliyini qoruyub saxlaya bilmişik.
Səfir COVID-19 pandemiyasına görə dayandırılmış Azərbaycan dili dərslərinə yenidən start verilməsinə görə təşkilatçılara təşəkkür edib. “Uşaqlarımız burada ana dilimizi öyrənəcək, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı biliklərə yiyələnəcəklər. Həmçinin dərslər vasitəsilə ölkəmizin böyük şəxsiyyətlərini, ictimai xadimlərini tanımaq imkanları olacaq. Səfirliyin nümayəndələri də vaxtaşırı dərslərə qoşulacaq, layihələr həyata keçirəcək. Ana dili hər bir insan üçün çox önəmlidir. Azərbaycan dili bu gün xarici dövlətdə soydaşlarımızı birləşdirən ən ümdə vasitədir.
Əminəm ki, buradakı fidanlarımız ana dilimizi böyük həvəslə öyrənəcək. Onu qoruyub saxlayaraq, gələcək nəsillərə də ötürəcəklər. Bu hər bir azərbaycanlının vacib missiyasıdır, vəzifəsidir. Harada yaşamaqlarından asılı olmayaraq ana dilini, ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayacaq, dilimizi yaşadacaq, ona mükəmməl yiyələnəcək, bir-birimizlə bağlarımızı möhkəmləndirəcəyik”,-deyə Leyla Abdullayeva vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə yaşayan soydaşlarımıza ana dilimizin öyrədilməsi üçün ilk “Qarabağ” məktəbi məhz Fransanın Nant şəhərində açılıb. O, Azərbaycanın öz diaspora üzvlərinə qayğı ilə yanaşan, onları dəstəkləyən dünyada yeganə dövlət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Diaspora Komitəsi xaricdə yaşayan soydaşlarımıza qayğısını daima davam etdirəcək. O, uşaqlara ana dilini öyrənməkdə uğurlar arzulayıb.
“Natavan” məktəbinin açılışında çıxış edənlər məktəbin təşkilatçılarına, müəllimlərinə, şagirdlərə, onların valideynlərinə ana dilimizə göstərdikləri marağa görə təşəkkür ediblər.
Məktəbin təşkilatçısı Aytən Muradova müəllimləri təqdim edib. Məlumat verib ki, Kəmalə Gülməmmədova Azərbaycan dilini, Əsmər Nərimanbəyova rəsm dərsini, Səidə Zülfüqarova isə musiqi dərsini tədris edəcəklər.
Məktəbdə ilk tədris “Azərbaycan dili” dərsi ilə başlayıb.
Qeyd edək ki, Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərəcək “Natavan“ məktəbinin açılışında səfir Leyla Abdullayeva, Diaspora Komitəsinin əməkdaşları, şagirdlər və onların valideynləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)