Super User

Super User

Cümə, 03 Mart 2023 15:30

Kukla Teatrının mart repertuarı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mart ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Bu gün - martın 3-də saat 12-də və 14-də “Məlikməmməd” tamaşası, saat 16-da isə “Karlsson” tamaşası (rus dilində) nümayiş olunacaq. Repertuarı afişa şəklində təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib. Repürtuarla tanış olun: 

 

Martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. 

Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq. 

Bundan başqa, martın 18-19-da “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək. 

Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq. 

Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında işçi qaydada görüş keçirilib.

 

Agentliyin məlumatına görə, görüş zamanı QS qlobal və regional reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin göstəriciləri müzakirə olunub.

Qeyd edək ki, əməkdaşlığın əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması, akademik dairələrdə və işəgötürənlər arasında ali təhsil müəssisələrinin nüfuzunun yüksəldilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Bu gün M Teatr “Məhşər günü” deyəcək

 

 

Az öncə bir yazıda Fəvvarələr Meydanında keçirdiyimiz bir sorğudan bəhs etdik. Orda da M Teatrın adı hallandı. İndi yenə də M Teatrdan bəhs edəcəyik. Bu gün M Teatr “Məhşər günü” tamaşasını nümayiş etdirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın çox maraqlı süjet xətti var: vaxtlar uğurlu karyera qurmuş, amma, ölümə məhkum edilmiş keçmiş dövlət müşaviri "rus ruletkası" oyunu ilə özünü öldürmək qərarına gəlir. Hər açılmayan güllədən sonra o, həyatının vacib bir məqamını xatırlayır...

 

Quruluşcu rejissor:
Gümrah Ömər

Müəllif:
Gela Dumbadze

İştirak edirlər:
Vidadi Həsənov
Şəhanə Yusifova
Tohid Əzim

Səhnələşdirmə: Vidadi Həsənov 
Rəssam: Umay Həsənova
Musiqi tərtibatı: Amid Qasımov
Xoreoqraf: Oksana Rəsulova

Foto: Pəri Arifqızı
Dizayn: Şəhriyar Malikli

Əlbəttə ki, M Teatr-la tanışlığı olmayan kəs sual edəcək ki, bu nə teatrdır. Deyək: müstəqil "M Teatr" ("Mənim Teatrım") “Qanun" nəşriyyatının binasında məskunlaşıb. Kitablara həyat verən cəfakeş

insan - Şahbaz Xuduoğlu qucağını açaraq teatra da həyat verib, yaşam imkanı yaradıb. Xalq artisti Vidadi Həsənov başda olmaqla gözəl bir kollektiv çalışır bu teatrda. 

Biletlər də münasib qiymətədir. Baxanlar əsla peşman olmayacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Xosrov Natilin şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

Xosrov NATİL

 

Ayaqüstü şeirlər

 

 

***

Ağ cuna hörmüşdü  at şabalıdı,

Üstünə yağmışdı qar dənə-dənə. 

Qızartı çökmüşdü yanaqlarına,

Qurdağız çiçəklər açmışdı süsən.

 

Allahın nəzəri üstümüzdəydi,

Göyüm ulduz-ulduz, Ayım tamaşam. 

Bəyaz  gecəsində pay bölgüsündə

Musiqi düşmüşdü bizə bu axşam.

 

Bəyaz günəş kimi doğdu bu gecə,

Ağ əllər, ayaqlar və bəyaz bədən.

İşıqlar soyundu tül paltarını,

Rəqqas pərvanələr çıxdı səhnədən.

 

Şərab şüşəsində qaldı soyuqluq,

Badələr istidən tər tökdü gecə.

Əlim kündə-kündə yandı qurtardı,

Amma ayaqlarım dondu bu gecə.   

 

Dolu tökülürdü hovuza dən-dən,

Sonra damla-damla çisək yağışı.

Yanımda kölgələr su pərisiydi,

Göylər ulduz-ulduz təbil çalırdı. 

 

Pərdələr yelləndi xəfif küləkdən,

Bizə arxasını çevirdi gecə.

Yenə pərvanələr, yenə işıqlar,

Yenə üzüüstə düşdü kölgələr.

 

Yenə də səhərin gözü açıldı,

Bir röya, bir nağıl bitdi bu gecə. 

Yalançı bir adnan, bir ağ yalannan

Bir sevgi yaşandı, bitdi beləcə...

 

***  

Burda Abşeronun Səttar tablosu,

Burda lalələrin ləçəyi xaldı.

Burda qərənfilin bircə adı var, 

Burda axşam, səhər 20 Yanvardı .

 

Nə yazı yaz olur, nə payız payız,

Eləcə qış gəlir əncir dəyməmiş.

Eləcə yay olur çimərliyində,

Adamlar eləcə qaralır gündə.

 

Adamlar oxşardı, damlar oxşardı,

İç-içə otaqlar qonşuda itir.

Ümid  adasında – ölü torpaqda,

Cənazə şəklində ağaclar bitir.

 

Burda duyğuların hissin məzarı,

Nə saçaq sünbülü, nə dəni vardı.

Stepan Razinin qaçaq papağı,

Zirənin, Gorganın mədəni vardı.

 

Uzanır borular sahilə qədər,

Yenə adam-adam sular çəkilir.

Qazını azaldır neft quyuları,

Dənizin dibindən qan iyi gəlir.

 

Küçələr, səkilər bezib əlindən,

Sahibsiz inəklər – naxırı itib.

Elə get deyirsən, gəlir üstünə,

Burda pişiklərin axırı itib.

 

Kimə yaxın düşsən, qara yaxacaq,

Kimə ölü desən, diriləcəkdi.

Kimə diri desən, ölüvay kimi

Gözləri gözünə dikiləcəkdi.

 

Torba tikəcəklər, söz qoşacaqlar,

Sözünü yüz kərə böyüdəcəklər.

Burda baş saxlamaq asan da deyil,

Səni  dirigözlü “öldürəcəklər”.

 

Sən sevə biməzsən Ayı, Günəşi,

Dənizdən gün çıxır, Ayın göy adı.

Gözəl xanımların, dul qadınların,   

Hamının  üstündə qızlıq soyadı.

 

Uşağı, böyüyü gözünü tökər.

Səhəri, axşamı mobilləşibdi.

Burda “sev” kəlməsi ceyran belində,

Cinsəl gecələri adiləşibdi.

 

***  

Kəpənək olaq,

Bir gün də olsa, uçaq “Emerald” otelinin  mərtəbələrində,

Gizlənək adamların pisliklərindən,

Liftdən başlasın sevgi nəğməmizin nəqəratı da.

“Səni sevirəm” – deyib qucaqlayım belini,

Unudum xatirələrin sənə qüssə gətirən keçmişini.

Qoy həmişə sabah olsun, Günəş olsun,

Kədərlənmə, yaşıl gözlüm.

Sən kədərli olanda Tanrım qüssəli olur.

Alnına tökülən sarı saçların,

Köynəyində çiçək rəsmi

Sinəmə çəkilən dağdı.

Al geyinən mələyim,

Qız ayaqlım,

Sərv boylum,

Birdənəm. 

 

***

Qoluma girmişdi mamont ağacı,

Başımda dumanlar at oynadırdı.

Günəşin altında ulduz papağım,

Bir də ay kölgəli yapıncım vardı.

                 

Ayağım altında dərələr, dağlar,

Ayağım altında dəvələr, fillər,

Bircə baxışımla, bir qımırımla

Yazığa dönmüşdü nəhəng tifillər.

                   

Yerdən boylanırdı papaqsız ordu,

Torpaqsız adamlar tor atırdılar.

Göydən bənövşəni, göydən laləni, 

Elə fişəng-fişəng qoparırdılar.

     

Uçaqlar uçurdu məndən aşağı,

Uçağan ilanlar çox aşağıydı.

Quşlar dənləyirdi göy muncuqları,

Əlimdən mələklər qan ağlayırdı.

                 

Yenə göy qurşağı yenə yeddi göz,

Yenə lələk, lələk,  yenə ağ vərəq.

Dünyaya cənnətin ətri gəlirdi,

Qanadı çıxmışdı ipəkqurdunun. 

 

 “Ədəbiyyat və incəsənət”

(03.03. 2023)

 

 

Musiqili Teatr “Premyeralar paradı” təqdim edəcək

 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları növbəti ekspress-sorğunu Fəvvarələr Bağında keçirdilər, “Axırıncı dəfə nə zaman teatra getmisiniz və getmisinizsə, baxdığımız tamaşa hansı olub” sualını verdilər. Nəticə acınacaqlı oldu. 25 nəfərdən cəmi 2-si teatrda olduğunu bildirdi. Onun da birini heç hesaba almaq da istəmirik. 42 yaşlı çilingər Abuzər Əliyev uşaq vaxtı məktəbdən Azdrama aparıldığını və orada hansısa qaldırıcı kran sürən oğlanla qızın sevgisindən bəhs edən tamaşaya baxdığını bildirdi. 

Milli Qeyri Hökümət Təşkilatları Forumunun  prezidenti Rauf Zeyni isə əsl teatrsevər imiş. O, M-teatrin bir tamaşasını belə buraxmadığını qeyd edərək dərhal bizi martın 3-də M-teatrın “Məhşər günü” tamaşasına baxmağa dəvət etdi. 

 

Əziz həmvətənlilərimiz. Bizim tetarlarımız min bir əziyyətlə ortaya gözəl tamaşalar qoyurlar. Niyə axı teatra getməyək? Gəlin Rauf bəyin dəvəti ilə bu gün M-teatra baş çəkək. Gələn həftə isə muzkomediya teatrına baş çəkək. Niyə? Çünki orada möhtəşəm teatr paradı gözlənilir. İndi də təfsilat:

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı milli teatrımızın yaranmasının 150 illiyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcək. 

Layihə çərçivəsində təqdim olunacaq bu tamaşalar mart ayının 8-də və 11-də "Nəğməmə inan" (rus dilində), 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Tamaşalar axşam saat 19:00-da başlayacaq. 

Xatırladaq ki, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. 

Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

Sizə nə qalır? Tamaşaya getmək. İnanın ki, peşiman olmayacaqsınız. 

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın konserti təşkil ediləcək.

 

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, “Solo” adlı konsert Aleksey Miltıxın istedadını qiymətləndirənlər üçün böyük hədiyyədir.

Dinləyicilər bu konsertin proqramına daxil edilmiş klassik və estrada əsərlərinin nəfisliyini, lirik nümunələrin zərifliyini duyacaq, rok improvizələrindən enerji alacaqlar.

Alekseyin yeni formatda birinci solo konsertinə getmək şansını qaçırtmayın.

Bakıdakı Rus Evinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutacaq konsertin təşkilatçısı StolitsA.rt saytıdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Fəxrəddin Manafovdur.

 

FƏXRƏDDİN MANAFOV

(1955)

 

***

Çəkiliş prosesi çox mürəkkəb və maraqlı olur. Çünki meydançada müxtəlif peşə sahibləri işləyir və bütün diqqət təbii ki, aktyor üzərinə yönəlir. Bir neçə-əhvalat danışım…

Demək, bir dəfə çəkilişdə operatoru kimsə çox əsəbiləşdirmişdi. Adam yerə-göyə sığımırdı. Səsini almışdı başına:

– Bu dəqiqə buraları alt-üst edərəm! – deyib çığırırdı.

Axırda Rasim Ocaqov dözmədi:

– Yaxşı da, başa düşdük, kamera əlindədir, bir dublda Fəxrəddini tərsinə çəkərsən, buralar alt-üst düşər, sən də arzuna çatarsan…

 

***

Kinoya təzə çəkilən vaxtlarım idi, yeni filmə çəkilirdim. Bizim məşhur aktyorlardan biri çəkiliş meydançasından kənarda, sərin bir yerdə ayağını ayağı üstə aşırıb, oturmuşdu. Mənim yerim bitəndən sonra su içmək üçün qan-tər içində qaçaraq, həmin məşhurun yanına gəldim. Adam məni görəndə:

– Hə, cavan oğlan, orda işlər necə gedir? – xəbər aldı.

Mən də su içə-içə:

– Nə bilim, – cavab verdim, – Rasim Ocaqov dedi ki, bu gün mənə qədər çəkilən yerlərin hamısı zibildir.

Adam qaşlarını çatıb mənə baxdı:

– Deyəsən axı, bu gün səhərdən məni çəkiblər!

İkimiz də güldük…

 

 “Ədəbiyyat və incəsənət”

(03.03.2022)

Çox pozitiv xəbərdir. Novruz bayramı ilə əlaqədar martın 21-i Gürcüstanın Azərbaycandilli məktəblərində istirahət günü olacaq. Gürcülər axır ki, haqq yoluna gəliblər. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, martın 21-nin Gürcüstandakı azərbaycanlı məktəblilər üçün istirahət günü elan edilməsi ilə bağlı gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru və ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə bir qrup müəllim və ictimaiyyət nümayəndələri ölkənin Təhsil və Elm Nazirliyinə müraciət edib. Nazirliyin cavab məktubunda deyilir: “Gürcüstan Prezidentinin 2010-cu il 23 mart tarixli 187 saylı Fərmanına əsasən, Novruz bayramının qeyd edilməsi ilə əlaqədar martın 21-i Gürcüstanda bayram günü elan edilib (qeyri-iş günü deyil). Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə martın 21-i dövlət və özəl məktəblərdə istirahət günü elan edilib və bu hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıb. Martın 21-nin bayram günü elan olunması ilə əlaqədar Azərbaycandilli məktəblərin müraciəti əsasında istirahət gününə razılıq veriləcək. İctimai məktəblərdə tətil müddəti normativ aktla təmin edilib. Yaz tətilinin müddəti martın 8-dən 15-dək müəyyən edilib”. 

“Fürsətdən istifadə edərək qardaş azərbaycanlılara dərin ehtiramımızı bir daha bəyan edir və milli varlığın qorunub saxlanması, daha da inkişaf etdirilməsi yolunda sizə bundan sonra da dəstək verməyə hazır olduğumuzu bildiririk”, – deyə nazirliyin məktubunda vurğulanır.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Bu gün Zığ qəsəbəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutda müəllim və kursant heyətinin yazıçı-alim Sadıq Qarayevlə görüşü keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadıq Qarayev məlumat verib. 

 

"HEYDƏR ƏLİYEV-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: Yazıçı- alim Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda olacaq görüşdə yazıçı-alimin Ümummilli lider barədəki fikirləri diqqətə çatdırılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.