Super User
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilir. Və onu da xəbər vermişdik ki, konfransda Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb.
“Ədəbiyyat və incəsənət portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri “2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.
Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhəri növbəti il üçün İslam Dünyasının mədəniyyət paytaxtı elan edilib. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır.
Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)
Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib
Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı davam edir. Konfransda Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb.
AzərTAC xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.
Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır.
Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak etmək məqsədilə sentyabrın 25-də Qətər Dövlətinin Doha şəhərinə səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.
Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxtı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Konfransda, həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Qənirə Paşayevanın son durumu AÇIQLANDI
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Baş həkim APA-ya açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır:
“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Qazax Dövlət Dram Teatrı bu gün Bakıda çıxış edəcək
Bu gün Qazax Dövlət Dram Teatrının yaradıcı heyəti Teatr Xadimləri İttifaqının səhnəsində - Aktyor evində Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Ağalar İdrisoglunun "İnan mənə" pyesinin tamaşası ilə çıxış edəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına teatrdan məlumat verilib.
Tamaşa saat 18.00-da başlanır. Giriş sərbəstdir.
Şəkildə: Teatrın yaradıcı heyəti.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Dünya Poliqlotlar Cəmiyyətinin azərbaycanlı mudir müavini vəfat edib
Poliqlot, 24 dildə danışa bilən, əslən Cəlilabad rayonunun Göytəpə qəsəbəsindən olan, Dünya Poliqlotlar Cəmiyyətinin mudir müavini, jurnalist, tədqiqatçı-yazar, 20 dən çox Azərbaycan və bir çox əcnəbi dillərdə nəşr edilmiş milli dini tarixi tədqiqat əsərlərinin müəllifi Yaqub Bəhrəm oğlu Abbasov dünyasını dəyişmişdir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Yaqub Abbasovun yaxınlarına istinadən məlumat verir.
Allah rəhmət eləsin, Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Bir ətrafa baxın!
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
İnsan öz taleyini, hansı mühitdə, hansı şərait və şərtlər altında doğulacağını özü seçmir. Sən sonradan düşdüyün vəziyyətdən asılı olaraq öz xəyallarını gerçəkləşdirmək üçün hansısa sərtliklərdən, hansısa sənə qoyulan qadağalı çərçivələrdən, sənə atılan daşlardan pilləkən düzəldərək addımlaya bilərsən.
"Kasıb doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır."
Bu fikrə istinad etsək, bu gün bizim qarşımızda duran əsas maneə ilk növbədə elə özümüzük...
Doğulduq və ata, anamızın təfəkkürlərinin yetişdirməsi nəticəsində çərçivəli bir fərdə çevrildik. Təbii ki, sosioloqların qeyd etdiyi kimi cəmiyyət ailədən başlayırsa və ailənin özü də sosial varlıqlardan təşkil olunubsa, bu artıq sənin atacağın addımların müəyyən sayını, limitini göstərir.
Burada bizə təsir edən əsas amillərdən biri yaşadığımız coğrafi ərazinin formalaşdırdığı "mentalitet" məfhumdur. Və ondan qaynaqlanan "Camaat nə deyər ?", "Ayıbdı", "Filankəs nə deyər ", "Filankəs necə düşünər?" və s. tipli məsələlərdir. Bu gün bizim yaşadığımız coğrafi ərazi əsrlərin biri-birinə ötürərək yaşatdığı bir təfəkkür toplusuna sahiblik edir.
Bu gün ətrafınıza baxın, baş verənlərə baxın, sizcə, bir Avropalının, Yaponiyalının, Çinlinin maraq dairəsi, inkişaf məsələsi daha qabarıqdır, ya ətrafımızda olan neandertalların ?!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Mənə həyatından bir parça ver” - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hər şey, əslində, bir balaca hüceyrədən başlayır. İnsan olmaq uğrunda atılan ilk addım məhz ilk hüceyrədən başlayır. Sonra ana bətnində 9 aylıq qət edilən yolda hissə-hissə orqanlar formalaşır. Nəfəs alacaq ağ ciyər, süzülmə aparatı böyrəklər, təmizləyici funksiyalı bağırsaq, dalaq, öd kisəsi, mədə və ən əsas iki orqan. Ürək və beyin: həyata atılandan bəri bir-biri ilə ahəngdar olan mehriban düşmənlər.
Nəhayət dünyaya gələn bəşər övladı yeməyi, gəzməyi, danışmağı öyrənir. Zaman keçir, özünü idarə etməyə, həyata təkbaşına tutunmağa, canını qorumağa çalışır. Aydındır ki, hər kəsin özünəməxsus öncəlikləri var. Amma hər kəs üçün ilk sıralarda onun sağlamlığı gəlir. Bəzilərimiz üçün isə sağlam yaşam bir az möcüzə olur. Kimiləri yaşlılıq çağına çatarkən, kimiləri xəstəhal orqanlarının ağrısından günbəgün qocalır. Neyləyək, Allah hərəni bir cür yaradıb. Burada bizim edəcəyimiz nə var ki?
Çox şey var əslində. Sənin ürəyin, ciyərin, gözlərin, qan hüceyrələrin var. Və sən başqa birinə həyat ola bilərsən. Ona bəxş etdiyin donor sayəsində artıq onun da həyata tutunacaq ümidləri, xəyalları, gələcəyi ola biləcək. Hər il milyonlarla insan donor olaraq milyonlarla insan üçün həyat eşqi olur. Unutma, canından bir parça vermək səni həyatda bomboş qoymazkən, başqalarının canına can qata, gələcəyinə ümid ola bilərsən.
Mənə həyatından bir parça ver!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Daş qoyduq başlarına…”
Bu gün “Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında Emin Pirinin şeiridir. Çox düşündürücü və ağrılı bir şeir!
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
başdaşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Son baharda aramızı kəsdi duman…”
MUSİQİ BƏLƏDÇİSİNDƏ “NƏ BƏXTİYARDIQ” MAHNISI
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı cismə ağır gələr!
Jalə İslam
-Əgər xatirələrimiz yaddaşımızdan kaş adlı bir daş olub asılarsa, keçmiş, əslində, keçməmişdir. Keçən zaman qalıcı izlər qoymağı çox yaxşı bacarır. Həmin izlər sayəsində nəzərlərimiz daima keçmişimizə boylanır. Bütün xatirələr ürəyimizdən hökm etməyi bacarır, düşüncələrimiz hislərimizə təslim olduğu təqdirdə xəyal dünyamızda itmək belə əsassız olur. Bir zamanlar xoşbəxt, bəxtiyar idim deməklə qarın doyurmaq hər zaman doğru seçim olmur. Artıq yağmur belə kefsiz olduğun zaman yağır. Artıq sənin üçün parlayan ulduzu tapmaq yerinə milyonlarla ulduz arasında baxışlarını itirirsən. Zamanın ən qüvvətli dərman olmadığını bizə aşılayan, qəlbimizin illər əvvəl tərk etdiyimiz yurd yerimizə bənzədiyini bizə öyrədən elə zamanın özü deyilmi?!
Bəs belə olan halda bizə xatirələri xatırladan İlahi qüvvə hansıdır?!
+Sualın cavabını elə sənin öz dilindən eşitmək istəyirəm.
-Taqətsizlik.
+Xeyr!
-Sevgi.
+Xeyr!
-Xəyanətlər.
+Xeyr!
-Bəs nədir?
+......
Saat 22.00, onun tarix qoxan radiosu yeni intizar dolu eyni mahnını zümzümə edirdi. Həmin vaxt bizim ailənin bizdən bəxtiyar, başıboş, içi dolu min cür kədərlə lərzəyə gələn radiosu səhərin oğlan çağında çalan zəngli saat təsiri bağışlayırdı. Lakin zəngli saatla aralarındakı tək fərq bu idi ki, biz indi gecənin ağır zülmətini salamlayırdıq.
Mahnı sözləri bir-biri ardınca asimana qarışdığı bu dəmdə onu zamanla mübarizədə məğlub olarkən və eyni sözləri kədərli bir pıçıltı ilə təkrar edərkən tapırdım:
Gül baxçalar arasında qoşa gəzdik,
Axşamacan yorulmazdıq, inciməzdik,
Bulud ötər, ulduz axar, biz baxardıq,
Nə bəxtiyardıq!..
Qapının ardından onun tərəddüd dolu ayaq səslərini eşidirəm. Hər zaman olduğu kimi pəncərəyə doğru yaxınlaşır. Bir az sonra yanılmadığımı mənə aşılayan pəncərənin ciyiltili səsi qulaqlarımda cingildəyir. Payızın şiddətli axşam küləyi pəncərənin sağ qolunu səs-küylü bir təlaşla geriyə qaytarır. Bu zaman nazlı Flora xanım mahnının tam olaraq aşağıdakı hissəsindədir:
Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..
Bir daha eyni ağrı-acı dolu cümlə öz məqamında qəlbimizə iz salır və onun arxasınca nidanın şiddətli naləsini eşidirəm. Elə məhz bu an anlayıram ki, o, nəqarəti dinləyərkən gücünü itirməsin deyə açıq pəncərə kənarından hər iki əli ilə bərk-bərk yapışır.
Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...
Nəqarət bitir, o, tərləmiş ovuclarını pəncərə kənarından ayıraraq baxışlarını boşluqdan aləmə doğru çevirir. Biz isə eyni hisləri fərqli sözlərlə yenidən yaşayırıq.
Hərdən, hərdən o günlərim düşür yada,
Şana tellər zaman-zaman ağarsa da,
İllər ötür, o günləri xatırlaram,
Nə bəxtiyardıq!..
Onun içindəki kədər burulğanının fərqindəyəm. Birazdan bu otaq yenə həmin nəqarətin əzazil tonları ilə boğulacaq. Son bir bənd...
Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..
Bu səfər onu pəncərə kənarının belə qoruya bilməyəcəyini sezirəm. Tələsik addımlarla radio qarşısındakı kresloya yaxınlaşır. İndi onu qorumaq üçün ayaqları belə aciz qalıb.
Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...
Siz onun titrək və boş qalan ovucları üçün təlaşlanmayın. Onlar öz xilaskarları ilə qovuşacaq qədər güclüdür. Heç nəyə əmin olmasam belə, bir məqama çoxdan əminəm ki, kreslonun toz tutmuş hər iki qolu onun nəm ovucları arasında öz paklığına qovuşdu...
+Hələ də fikirləşirsən?
-Nəyi?
+Son sualın cavabını deyirəm.
-Mənə bir az zaman ver.
-Doğru deyirsən, zaman xatirələri oyadar.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)


