
Super User
Ünlü Enver Ertaş Bakıya gəlir
Mayın 27-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Bakıda ilk dəfə dünyaca məşhur “The illusionist” şousunun yaradıcısı illüziyaçı Enver Ertaşın "Bir sehrim var" adlı möhtəşəm, interaktiv, yeni ailəvi şou proqramı təqdim ediləcək.
Sehirli, mistik, əyləncəli, ibrətamiz və təxəyyülün sərhədlərinin aşıldığı şou proqramda uşaqların interaktiv şounun bir hissəsi olmaqla yanaşı, həm də əylənmək imkanları olacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşa universiteti arasında əməkdaşlıq müzakirə edilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində bu ölkənin Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edib, universitetin inkişaf üzrə prorektoru Yaroslav Gorniaki ilə görüşüb.
Fondun məlumatına görə, görüşdə universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə işbirliyi məsələləri müzakirə edilib, anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.
Sonra fondun prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlardan olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
“Sağ əlim Caviddən pislik yazarsa, sol əlimlə onu baltalayaram…”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla Stalin dövrü repressiyasının ədəbiyyata vurduğu zərbələri Mikayıl Müşfiqin tale hekayətində qələmə almaq cəhdi edərək “İçimdəki “Müşfiq” şeirini yazıb. Düşünürük ki, oxucular üçün maraqlı olar.
İÇİMDƏKİ “MÜŞFİQ”
Dilbər, ev-eşiyi süpürüb, silib:
“Bir il də ömrünün üstünə gəldi,
Yeni yaş səninçün mübarək olsun!”
Deyib fərəhləndi, ürəkdən güldü.
Gecə göz vururdu göydə ulduzlar,
Şairlər zülmətdən ilham alırdı.
Deyirdim ölərəm, amma dönmərəm,
Köksümdə istiqlal marşın çalırdı.
Stalinə tərif yazan şairlər,
Bakının boyunu yerə soxurdu.
Rusiya onların sinələrinə,
Yaltaqlıq ordeni bir-bir taxırdı.
“Oxuma tar, oxuma tar,
Səni sevmir proletar.”
Dilim də, elim də, milliyyətim də,
Tarın çanağından çıxan səs idi.
Yaltaq şairlərin sözü şahların,
Mənə sevilməyən tarım bəs idi.
“Oxu tar, oxu tar,
Səni kimu unudar?”
“Oхu, sеvdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə.
Nəğməndə oynasın sеllərin səsi,
Dan yеrindən əsən yеllərin səsi.
Gülləri qoхlayan bir rüzgar kimi,
Qumları oхşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım,
Ürəyindən qopan səs mən olaydım,
Oхu! Qüvvət gəlsin şеirə, sənətə,
Кönlümün quşunu gətir hеyrətə!
Nə qədər bənzəyir, vardım fərqinə,
Ömrümün ahəngi sənin şərqinə.
Ürək kövrəkləşir sən oхuyanda,
Sən də dinləsəydin mən oхuyanda!
Oхu, sеvdiciyim, öz həvəsinlə!
İlham qanadlanır sənin səsinlə!”
Gecəydi, sevgilər tavan altında,
Otaqdan şəhərə aşıb-daşırdı.
Uzaqdan atların ayaq səsləri,
Küçədə sükuta yaxınlaşırdı.
Atlar kişnədilər, dayanan kimi,
Düşdü faytonundan rus əsgərləri.
Silahlı adamlar evə doldular,
Evdə axtardılar bütün hər yeri.
Dedim: “Dilbər, qorxma, qayıdacağam,
Dönməsəm, bil ki, mən ömrümü sürdüm.”
Qolumu əsgərlər bağlayan zaman,
Dilbərin gözünün yaşını gördüm.
Oldun rus əlində vətən tapdağı,
İşgəncə zamanı əzilən canım.
Mənim bədənimdən süzülən hər qan,
Sənə qurban olsun, Azərbaycanım.
Min bağça qürbətdə versələr mənə,
Vətənin bir sopmiş gülünə dəyməz.
Vətənin oğulu, vətən şairi,
Boynunu zalimin önündə əyməz.
Deyirlər tərif yaz rus şahlarına,
Hüseyin Cavidi öldürməsinlər.
Deyirəm onlara elə iş görün,
Sizi xalqınıza güldürməsinlər.
Cavidin ölümü bir inqilabdır,
Gözümün yaşıyla, nəşin yuyaram.
Sağ əlim Caviddən pislik yazarsa,
Sol əlimlə onu baltalayaram.
Cavidi öldürüb, öldürməsələr,
Xalqın yaddaşından silinməyəcək.
Xain şairlərin mədhiyyələri,
Rusa yazdıqları bilinməyəcək...
Yaz vətən adından, ana dilindən,
Qoy tarın zil səsi göyə ucalsın.
Ana laylasıyla böyüyən igid,
Şərəfli qocalsın, özgür qocalsın...
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Mehdi Hüseyn niyə kabinetində öldü?
“Ədəbiyyat və incəsənə” portalı ədəbiyyatşünas Etibar Əbilovun tanınmış Azərbaycan Sovet yazıçısı Mehdi Hüseyndən bəhs edən yazısını təqdim edir.
Mehdi Hüseynin gündəliyini oxuyuram.
Məncə, onun gündəliyi çap olunmayıb. Və bu gündəlikdən olsun ki, çox az adamın xəbəri var. Mənim fikrimcə, onun gündəliyinin çap olunmasının indiki halda heç zamanı da deyil.
Mehdi Hüseyn 1909-cu ildə anadan olub. Yazıçılar İttifaqının sədri vəzifəsində işləyib. Yazıçı kimi həm Azərbaycanda,həm də bütün sovetlər ittifaqında böyük nüfuz sahibi kimi tanınıb. SSRİ Ali Sovetinin deputatı seçilib, "Xalq Yazıçısı" adına layiq görülüb. Stalin mükafatı alıb. Sərt təbiətli adam kimi tanınıb... Bir misal çəkim. Yazıçılar İttifaqının rəhbəri olarkən, "Azərbaycan" jurnalında bir şairin zəif şeirləri çap olunur. Jurnal çap olunan günün səhərisi Mehdi Hüseyn jurnalın baş redakrorunu da, şeirlərin müəllifini də kabinetinə çağırır. Sərt səslə həmin zəif şeirlərin müəllifinə:
-Sənə kim ixtiyar verib ki, elə zəif şeirləri redaksiyaya təqdim edirsən?-deyir.
Sonra da redaktora (həmin şair də, redaktor da dünyalarını dəyişdikləri üçün adlarını yazmıram): -Bəs sənə kim ixtiyar verib ki, həmin zəif şeirləri çap edirsən?-deyir.
Daha sonra da elə həmin hikkə ilə:
-Siz elə bilirsiniz, ədəbiyyatın sahibi yoxdur? - deyə soruşur.
Məhz bu ədəbiyyat təəssübkeşliyi sonda onun faciəsinə cevrilir. 1965-ci ildə Yazıçılar İttifaqında iclas zamanı gərgin bir mübahisə zəminində Mehdi Hüseynin halı pisləşir, ürəyi dayanır. Elə kabinetındəcə vəfat edir.
Mehdi Hüseyn vəfat edərkən 55 yaşında idi.
...Mehdii Hüseyn təbii ki, yaşadıgı zamanın, daha dəqiqi sovet ideologiyaaının yazıcısı idi. Sosializmi tərənnum edən romanların müəllifi idi. İndi onun yazdığı, zamanında çox məşhur olan, oxunan əsərlərini -"Səhər", "Qara daşlar", "Abşeron" romanlarını çap etmirlər. Bu əsərlər zamanın sınağından çıxmayan əsərlərdir. Amma eyni zamanda Mehdi Hüsyn Sovet ideologiyasına yad olan əsərlər də yazmışdı. “Kin", "Fəryad", "Ürək" pevestləri, "Yeraltı çaylar dənizə axır" romanı, Türkiyə səfərindən bəhs edən "Bir ay, bir gün" əsəri elə zənn edirəm ki, ədəbiyyat tariximizin qiymətli örnəklərindəndir.
Mehdi Hüseyn həm də olduqca cəsarətli tənqidçi olub. Tənqidi əsərlərində demək olar ki, zərrə qədər də güzəştə getməyib. Necə deyərlər, düzü-düz, əyrini də əyri... Buna görə də coxlu düşmən qazanıb. Cəfər Cabbarlını, hətta Şekspiri tənqiq edib.
İndi də bu maraqlı yazıçı və İnsanın gündəliyini oxuyuram. Gündəliyindən məlum olur ki, o dövrün ədəbiyyatından narazıdır. Ədəbi tənqidin, bədii əsərlərin zəifliyindən, "hər kəsin qara-qurasını dahilik kimi saymasından" narazıdır. Adlar da çəkir. Akademik tənqidçilərin, məşhur şairlərin, yazıçıların.. Gündəliyinin 1943-cü il, 13 aprel qeydlərində məşhur rus tənqidçisi Belenskiyə xitabən “Ah,Belenski,sənin cəsarətindən kaş bircə faiz bizim yazıçılarda olaydı!..." yazır…
“Ədəbiyyat və incəsənət”
(16.03.2923)
Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində
Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verie ki, bu barədə AzərTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir. Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub”.
Bildirilib ki, filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Filmi Zöhrə Kərimi səsləndirib. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir. “ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Bu gün dahi cazmen Vaqif Mustafazadənin doğum günüdür
O, köhnə Bakının simvolu olub. O dövrdə musiqidə Vaqif Mustafazadə, Müslüm Maqomayev, Tofiq Quliyev, ədəbiyyatda Vaqif Səmədoğlu, Rüstəm və Maqsud İbrahimbəyovlar, Anar, rəssamlıqda Tahir Salahov, Toğrul Nərimanbəyov parlayırdılar, bütöv bir ulduzlar pleadası idi. Və bu gün onun - bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. İndi də bu janr dünyanı heyrətə salır, muğamlarımızı sevdirir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Bu isə uğur zirvəsi: Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. Ruhu şad olsun!
Gəlin bu gün ən azı onun bir əsərini dinləyək.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Günün fotosu: Paris zibil içindədir
Günün fotosu: Paris zibil içindədir
Parisin səkilərində 7 tondan artıq zibil yığılıb qalıb. Səbəb zibildaşıyanların pensiya islahatları əleyhinə tətil etmələridir.
Fotonun hüququ: Lewis Joly/Copyright 2023 The AP. All rights reserved
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”
Tofiq Quliyev anıldı
Onun mahnıları dillərdən düşməyib. Bu qədər populyar mahnısı olan ikinci bəstəkar çətin tapılar. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Mahnılarda yaşayan ömür” adlı tədbir təşkil edilib.
Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında video-slaydlar vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, musiqi məktəblərinin direktorları, eləcə də bəstəkarın qohumu Gülnarə Musabəyova tədbirdə qonaq qismində iştirak edərək, məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə, tədbirin təşkilatçılarına, həmçinin gözəl ifalara görə müəllim və şagirdlərə öz təşəkkürünü bildiriblər, bəstəkarın kitabı hədiyyə olaraq məktəbin direktoruna təqdim edilib.
Bədii hissədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər məktəbin müəllimi Nigar Cavadova) çıxış edib, eyni zamanda məktəbin müəllimi Bəturə Əhmədova bədii rəhbəri olduğu şagirdlərdən ibarət qanun ansamblı ilə birlikdə gözəl ifalarla tamaşaçıları sevindiriblər.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
“Söz bir dəfə deyilir, qalanı təkrardır” - Yusif Nəğməkar
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət bankomatından növbəti seçmələri təqdim edir
*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.
*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...
*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...
*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...
*Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür.
*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...
*İtirdiklərinin alovunda əriməyən itirmədiklərinin sevincini yaşaya bilməz...
*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...
*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...
*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...
*Ən əzablı, üzücü, uzun yol qəlbən yaxın olmadığınla yaxınlığındır.
*Söz bir dəfə deyilir, qalanı təkrardır.
*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.
*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...
*Qınaq gələn yerə qonaq gəlməz...
*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.
*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.
*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.
*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...
*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)