
Super User
“Super Bowl-2023”də Rihanna rüzgarı
Ən çox oxunan xəbər: dünya pop səhnəsinin ulduzu Rihanna "Super Bowl-2023" mərasimində performansı ilə adından söz etdirib.
“Ədəbiyyat və incəsənət” XXL sənətçi geyimi ilə yanaşı sərvət dəyərində aksesuarları ilə diqqətləri üzərinə cəmləyib.
Belə ki, Barbados gözəli geyiminə uyğun olaraq, "Jacob & Co" markası tərəfindən hazırlanmış siferblatı isə yaqut qaşlarla bəzədilmiş qırmızı saat seçib. Siferblat 10 karatlıq 360 daşla haşiyələnib, qayışı timsah dərisindən hazırlanıb. Bu aksesuarın qıyməti 72 min dollardır.
Müğənni qulağına monosırğalar və "Messika" klipsalar taxıb. Mütəxəssislər onları təxminən 12 min dollar qiymətləndirirlər.
Bundan əlavə, müğənni kombinezonunu bəzəyən "Joseph Saidian & Sons"dan üç vintaj brilliant broşun qiyməti təxminən 130 min dollar dəyərindədir.
Rihannanın görünüşünün ən bahalı hissəsi "Bayco" üzüyü idi. Brendin saytında deyilir ki, 19,5 karat ağırlığında ən nadir "Birma" yaqutu 5,7 karatlıq brilyantlarla kəsilib. Sözügedən üzüyün qiyməti bir milyon dollara qədərdir.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Sabah ənənəvi şeir müsabiqəsi başlayır
Dünya Gənc Türk Yazarlar Birliyi 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil olunacaq. 15 fevral 2023-cü il tarixinədək 40 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə) müsabiqəyə qoşulublar.
15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda baş tutacaq.
Ünvan: Rəşid Behbudov 142, (Azərbaycan Dövlət Dillər Universitetinin yanı)
Qeyd: keçən il yarışmada qalib gəlmiş şəxslər yarışmaya qatıla bilməz...
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Növbəti ustad dərsi Tekstura və kollaj mövzusunda olub
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
Ötən gün dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçirilib. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunub. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradıblar və əsərlərinə müxtəlif fakturalar veriblər.
Fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verib. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradıblar.
Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi.
Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.
Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
“Onsuz da sənin adam olmağından keçib”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Ceyhun Mirzəyevdir.
CEYHUN MİRZƏYEV
(1946-1993)
***
Bağ qonşumuz vardı, içkiyə meylli adam idi. Qonum-qonşudan borc almadığı adam qalmamışdı.
Bir gün həyətdə oturmuşduq, bir də gördüm həyət darvazası döyülür. Gedib açdım, heç kəs yox. Elə bildim səs eşitmişəm. Elə keçib təzəcə oturmuşdum ki, darvaza bir də döyüldü. Baxdım, yenə heç kəs yox.
Qapını örtüb elə bir-iki addım atan kimi, darvaza yenə döyüldü. Əsəbiləşdim. Qalxıb hasardan güdməyə başladım. Gördüm qonşudur, aşa-aşa gəlib qapını döyür, bir yerdə qala bilmədiyi üçün aşa-aşa hasarın tinində itir. Sonra yenə qapını döyməyə gəlir.
Hasardan atılıb onu tutdum.
– Nə var, niyə qapını döyüb, itirsən?
Məni görəndə bir az özünü yığışdırdı:
– Qonşu, qadan alım, mənə 10 manat borc pul ver, bir həftəyə qaytararam, – yalvardı.
– Əəə, – dedim, – sən hələ borc almağa gəlmisən, mən səni hasardan atılıb tuturam, qaytaranda necə tutacağam? – xəbər aldım. Başımı bulayıb, ona 10 manat verdim.
– Götür, onsuz da sənin adam olmağından keçib, – deyərək, həyətə girdim.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Leyla Əliyeva: “Hər kəs heç olmasa ömründə bir dəfə Bakını ziyarət etməyə şad olacaq”.
Baku” jurnalının yeni sayı işıq üzü görüb
“Baku” jurnalının yeni sayı populyar nəşrin baş redaktoru Leyla Əliyevanın bu sözləri ilə başlanır: “On beş il bundan əvvəl Moskvada “Baku” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib. Ötən illər ərzində bu nəşrin çoxsaylı pərəstişkarları və xeyirxah dostları yaranıb. Azərbaycanın və ölkə paytaxtının necə dəyişməsini birlikdə müşahidə etmişik, dəyişikliklər isə çox olub.
Bu 15 il ərzində biz Bakını əziz sayan hər kəs üçün ünsiyyəti məkanı yaratdıq, heç vaxt bu şəhərdə olmayanları da Bakı ilə tanış etdik. Sonuncuların sayı azalmaqdadır: dəqiq bilirik ki, hər kəs heç olmasa ömründə bir dəfə Bakını ziyarət etməyə şad olacaq”.
Ənənəyə görə, jurnalın bu nömrəsində də həm son hadisələr barədə məlumat, həm də Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş məqalələr, ölkəmizi məşhurlaşdırmış şəxsiyyətlərlə müsahibələr dərc edilib.
Dirçəldilməkdə olan Qarabağa həsr edilmiş “Ərazi” («Территория») rubrikasında Ağdam (Qarabağ) Atçılıq zavodunun tarixindən bəhs edilir. Vurğulanır ki, ötən il oktyabrın 4-də həmin zavodun yerləşdiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cins Atçılıq Mərkəzinin təməli qoyulub. Qeyd edilir ki, həmin zavodda 1949-cu ildən Qarabağ atları yetişdirilirdi. 35,5 hektar (50 futbol meydançası boyda) ərazidə dözümlü, sədaqətli, gözəl kürən atların ən yaxşı cinsi bərpa edilir. 2022-ci ildə Prezident İlham Əliyevin adından kraliça II Elizabetə hədiyyə edilmiş “Şöhrət” ləqəbli ayqır məhz burada doğulub və böyüyüb.
“Baku” jurnalının yeni nömrəsində baş redaktor tərəfindən Türkiyənin Konya (məşhur sufi şairi, mütəfəkkir Cəlaləddin Ruminin vətəni), Milas şəhərləri, habelə tarixi Pamukkala və Kappadokiya bölgələri barədə hazırlanmış reportaj “Müdriklə görüşə” («На встречу с мудрецом») başlığı altında dərc edilib.
Oxucular “Moda”, “Bakılılar”, “Bakılılıq”, “Yer. Daxildə”, “Səyahətlər. Dünya” («Мода», «Бакинцы», «Бакинство», «Место. Внутри», «Путешествия. Мир») rubrikalarında yerləşdirilmiş məqalələrdən çox maraqlı faktlar öyrənəcəklər. “Yemək. Sirrlər” («Еда.Секреты») rubrikasında isə xurma, qaysı və qara gavalı dolmalarının reseptləri təqdim edilib.
Xoş mütaliələr.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Şalyapin Beynəlxalq Opera Festivalında
Müharibə aparan Rusiyanın mədəniyyət həyatı öz axarını saxlamaqdadır.
Azərbaycanın incəsənət ustaları Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən 41-ci Şalyapin Beynəlxalq Opera Festivalında iştirak ediblər.
Biilki festivalın xüsusi özəlliyi onun dahi rus opera müğənnisi Şalyapinin 150 ilik yubileyinə həsr olunmasıdır.
Bununla əlaqədar Kazana İtaliya, Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın aparıcı opera teatrlarından müğənni və dirijorlar dəvət olunmuşlar. Festival Coakkino Rossininin “Sevilya bərbəri” operasının premyerası ilə açılıb. Doqquz operadan ibarət böyük festival proqramında Azərbaycandan olan musiqiçilərə xüsusi yer ayrılmışdır. Festivalda Azərbaycanın Əməkdar artisti Azər Zadə italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operasında Pinkerton partiyasını canlandırıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev festivalda C.Verdinin “Nabukko” operasının tamaşasını idarə edib.
Fevralın 27-28-də festivalın qala-konsertində isə Rusiya Böyük Teatrının solistləri, Azərbaycanın Xalq artistləri Elçin Əzizov və Dinara Əliyevanın, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əli Əsgərovun çıxışı gözlənilir.
Qeyd edək ki, festival məşhur rus opera müğənnisi Fyodor Şalyapinin xatirəsinə 1982-ci ildə təsis olunub. Əvvəlcə yerli, 1985-ci ildən Ümumrusiya miqyasında keçirilən festival 1991-ci ildə beynəlxalq status alıb.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Heydər Əliyev Sarayında “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq
Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq.
Tamaşa dünyaşöhrətli braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı dünya bestselleri əsasında hazırlanıb.
"Veronika ölməyə qərar verir " gözəl və ruhlandırıcı, gücləndirici, parlaq şəkildə işlənmiş və ironik metaforalarla doludur. Bu, hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir. İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar. Tamaşa nədən bəhs edir? Sadəcə həyat, ölüm, sevgi haqqında. Üstəlik dəlilik haqqında - hamımıza təsir edən “Dərd” və xilası hər bir halda mümkünsüz olan həmin o dəlilik haqqında...
Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur.
Tamaşa 2 saat 30 dəqiqə davam edir.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Suyu necə içməli - Sağlam qidalanma şərtləri
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.
“Ədəbiyyat və incəsənət”in əməkdaşları müxtəlif mənbələrdən sağlam qidalanma ilə bağlı ən yaxşı məlumatları bir yerə toplayıblar. Onları diqqətinizə çatdırırıq.
Qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur.
Hər gün 2-3 litr çiy su içməyə vərdiş etmək, ilk ayda hər yarım saatdan bir 30 qram çiy su içmək uğurlu müalicə üsulu sayılır.
Orqanizmdə qızdırma, ağrı, zehni və fiziki halsızlıq olanda, yorğunluq və əsəb zamanı qidadan imtina etmək, yalnız aclıq hiss edəndə yemək, yeməkdən 10-15 dəqiqə əvvəl 1 stəkan çiy suyu ilıq şəkildə qurtum-qurtum içməyi həyat normasına çevirmək lazımdır.
Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
“Arena di Verona” opera festivalında azərbaycanlı ifası
Bizim sərhədlərimizdən kənarda çox sayda tanınmış incəsənət xadimlərimiz fəaliyyət göstərir. Onlardan biri də Rusiyada yaşayan tanınmış vokalçı soydaşımız, Azərbaycanın Xalq artisti Yusif Eyvazovdur. Yusif İtaliyada “Arena di Verona” opera festivalında iştirak edəcək.
İyulun 16-dan avqustun 31-dək keçiriləcək festivalda Yusif Eyvazov italyan bəstəkarı C.Verdinin “Aida” operasının yeni quruluşda tamaşasında çıxış edəcək və “Riqoletta”nın yeni quruluşunda hersoq Mantuan partiyasını ifa edəcək.
Bu barədə sosial şəbəkə səhifəsində paylaşım edən müğənni deyib: “Əziz dostlar, fəxrlə əfsanəvi “Arena di Verona”nın 100 illik yubiley festivalında iştirak etdiyimi elan edirəm. Çoxlarınız bilirsiniz ki, opera ifaçısı kimi formalaşmağım və ilk addımlarım məhz İtaliyada olub. Ona görə də yubiley festivalında iştirak mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu həm də mənim kiçik yubileyimdir – düz 10 il əvvəl Veronada debüt etmişdim”.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)
Hazırda “mümkün zəlzələ" narahatlıqları çoxdur
Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş və "Əsrin fəlakəti" adlanan zəlzələdən sonra mütəxəssislər həmin bölgənin sakinlərinin yaşadıqları travmaları qiymətləndirərək, psixoloji bərpa proseslərini müşahidə etməyin vacibliyini vurğulayıblar.
Anadolu Agentliyi bildirir ki, İbn Haldun Universitetinin Rəhbərlik və psixoloji məsləhət departamentinin professoru Sefa Bulut zəlzələnin yaratdığı travmanın təsirinin hər kəs üçün çox fərqli olduğunu deyib.
Professorun sözlərinə görə, böyük xroniki travmaların fəsadlarının müalicəsi üçün vaxt və psixoloji dəstək lazımdır: “Zəlzələdən zərər çəkənlərin müsbət əhval-ruhiyyəyə ehtiyacı var. Müalicənin ilk addımı onların şokdan çıxmasına imkan yaratmaq, yaşadıqları hadisəni ifadə etmələrinə icazə verilməlidir”.
Mütəxəssis-psixoloq Tuba Karacan, zəlzələdən zərərçəkənlərin yaxınlarının onlara düzgün yanaşmasının vacibliyinə diqqət çəkib: "Bu prosesdə onlara yoldaşlıq etmək lazımdır. Xüsusilə də travma alan insanı mənfi əhval-ruhiyyəndən çıxarmaq, pozitiv mövzular haqda danışmaq məsləhətdir. Psixoloji ilk yardımın əsas elementlərindən biri travma keçirən insanı müşahidə etməkdir. Həmin şəxsi mənfi mövzular haqda danışdırmağa çalışmaq, hadisə ilə bağlı suallar vermək tövsiyə edilmir. Yalqız olmadığını hiss etdirməyə çalışın. Müşahidə etmək, söhbət etmək, dinləmək psixoloji yardımın üç əsas şərtidir. Zəlzələdən zərərçəkənlərin mənəvi yükü onların yaxınlarının üzərinə düşür”.
Zəlzələni bilavasitə yaşamamış insanların "mümkün zəlzələ" narahatlıqları barədə danışan psixoloq: "Özündə yuxusuzluq, qorxu, güclü narahatlıq hissi, depressiya, zəlzələ anını düşünmək kimi simptomları müşahidə edən şəxslər mütəxəssisə müraciət etməli və psixoloji dəstək almalıdır”,- deyə bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.02.2023)