
Super User
Rasionda çiy qida bişmişdən üç dəfə çox olmalıdır - Sağlam qidalanma şərtləri
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.
“Ədəbiyyat və incəsənət”in əməkdaşları müxtəlif mənbələrdən sağlam qidalanma ilə bağlı ən yaxşı məlumatları bir yerə toplayıblar. Onları diqqətinizə çatdırırıq.
Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin fəaliyyətini zəiflədir. Normal hərarətə çatana qədər mədə enzim ifraz etmədiyinə görə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir təəssürat bağışlayır.
Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur.
Səhər yeməyinə şirəli meyvələrdən başlamaq, ona 2-3 ədəd qoz ləpəsi, yaxud 5-6 fındıq əlavə etmək faydalıdır. Qışda çiy meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvə və tərəvəzin orqanizmə heç bir faydası yoxdur.
Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək, gündə üç dəfə qida qəbul etdikdə iki dəfə salat yemək, salatı 4-5 növ çiy tərəvəzdən hazırlamaq faydalıdır. Kök, kələm, pomidor, cəfəri, sarımsaq, çuğundur və yarpağından istifadə etmək daha yaxşıdır. Baş soğanın qidada çox olması, göy soğana üstünlük vermək daha faydalıdır.
Heyvan mənşəli yağlardan mümkün qədər az istifadə etmək; istər kərə, istərsə də bitki yağı və qaymaq həzmolunmanı ləngidir, mədə-bağırsaq sisteminin işini pozur. Evdar qadınlar xörək tam hazır olanda çiy şəkildə yağ əlavə etməli, xörək bişərkən qazana 1-2 növ məhsul tökərək mümkün qədər az qaynatmalıdırlar.
Bişmiş xörəkdən imtina edə bilmədikdə onunla bərabər salat yemək, təzə şirələr – itburnu, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Çiy qida bişmiş xörəkdən üç dəfə çox olmalıdır.
Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Qidanın həcm və çəkisini 1,5-2 dəfə azaltmaqla daha çox fayda görmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
“Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı daşa dönmüş qız...” – Aygün Yaşarın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Aygün Yaşarın “Yurdçu” hekayəsidir.
Aygün YAŞAR
YURDÇU
(Həyat ən usta yazıçıdır)
***
Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda kələ-
kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini
xalçanın altına salıb o nəsəni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan
qara quyruğu gördü – ilan quyruğu idi. Qorxudan geri atıldı.
– Ay Allah, evə ilan girib?! – titrək səsi böyük eyvanın pəncərələrinə dəyib
daş pilləkəndə çilikləndi.
Kimdən soruşurdu ki?! Bir də öz səsindən diksindi. Elə bil anasının öldüyü
həmin günü indi bir də yaşadı. Nənəm vay! – deyib ağlaya-ağlaya çarəsizcə
sağa-sola baxdı. Bilirdi ki, yaxınlıqda insan övladı adına bir ins-cins yoxdur. Ən
yaxın qonşu belə buradan səsini eşitməzdi: kənd evləri aralı tikilir axı. Amma yenə
də gözü axtardı. Atasını, qardaşlarını çağırmaq istədi, Heç olmasa Zəminə
yanımda olaydı – deyə bacısını arzuladı. Üşüdü. Bilmədi, qorxudan əsirdi, ya,
doğrudan da, soyuq idi. Nə soyuğu? Yayın ortasında soyuq nə gəzirdi buralarda?!
Gözünün yaşı üzündə qurudu. Ağlamağa vaxt olacaqdı. Gecələri kim əlindən alıb
ki?!
İndi isə ilanı öldürməli idi. Həyətdəki odun yığdığı kümədən bir odun parçası
götürdü. İlanın quyruğunun əks tərəfindən – başının ola biləcəyi yeri təxmini
bəlirləyib xalçanın üstündəncə bir neçə zərbə endirdi. Qorxu adamı cəsarətli
edirmiş. İlanın fısıltısı, çırpınışları tükürpədici olsa da, ev sahibəsinin fikri qəti idi:
çağrılmamış qonağı öldürmək. Başı əzilmiş ilan bütün zəhərini sağına-soluna
saçaraq, nəhayət ki, öldü.
Ev sahibəsi yalnız indi onun evə niyə girdiyini düşünməyə macal tapdı:
lənətə gəlmiş bayırdakı istidən qaçıb sərin yer axtara-axtara buraya – yenicə sildiyi
daş pilləkənlərin sement suvaqlı kandarının sərinliyinə soxulub.
– Amma bura mənim evimdir! Eşidirsən, qara talxa? Bura hələ də mənim
evimdir! – acıqla pıçıldadı. Taleyinə olan acığını öz yerini bilməyən uğursuz
ilandan çıxdı sanki.
Birtəhər əlləri əsə-əsə yabanın ucunda ölü ilanı götürüb həyətdən kənardakı
dərəyə tulladı. Qayıdıb pilləkənin qabağındakı zəhəri, qanı su ilə yudu. Bir neçə
dəfə silib təmizlədi. Balaca xalçanı da yuyub, salavatlayıb dəmir teldən asdı.
Pilləkənin qabağına ayrı kilim sərdi.
– Gərək küncə-bucağa dərman-filan qoyum. Keçən dəfə də evin içində əqrəb
sancmışdı ayağımı. Ağrısı öldürmüşdü az qala məni. İndi də bu adıbatmış. Heç
keçən qış həyətə doluşan canavarlardan belə ürpənməmişdim. Tüfəngin səsinə
qaçışmışdılar bir dəqiqədə. O itən itdilər... Ölümdən qorxmuram e. Ölüm haqqdı
– nənəm deyərdi. Can nənə... – yenə göz yaşlarının üzündəki qurumuş cığırı islandı.
– Ölüm nədir ki? El içində qardaşlarımı xəcalətli qoyaram deyə, qorxuram belə
ilan-çayan zəhəri ilə ölməkdən. Allah iraq eləsin... Yığış gəl şəhərə, bacı –
deyirlər. Gələ bilmirəm axı, qardaş. Siz oralarda qocalmısınız, mən də bu həyət-
bacada. Şəhərin dörd divarı içində bağrım çatlayar üç gündə. Ömrüm bu evimizdə
keçib. Dədə yurdumu necə xaraba qoyum gəlim? Son nəfəsimə qədər də olsa,
qoymaram Xızır kişinin evi viran qaldı deyilə. Kənddə neçə evə bayquşlar
yiyələnib indi. Ayağı yer tutan qaçır şəhərə. Sehrangilin, Afatgilin, Qafargilin,
Rəfiqəgilin evləri uçulub dağılıb. Kəndin mal-heyvanı da bir yandan dağıtdı çəpər-
çoluqlarını. Bizim evi də ot bassınmı biz ola-ola?! Bu evin o günləri vardı ha...
Hara getdi o günlər, İlahi?! Qağam at belində axşamçağı həyətə yovuqlaşanacan
nənəm inəkləri sağıb bitirirdi. Biz də əllərində-ayaqlarında qulluğa qaçırdıq. Şam
namazından sonra açılan süfrənin bu başından o başı görünmürdü. Bağ-
bostanımızın bar-bəhərindən düzərdik süfrəyə. Nəvə-nəticələrin hay-küyü,
gülüşləri, gəlinlərin yaşmaqlanıb süfrəni hazırlamaları, zarafatlarımız... Nadir
ailəsini götürüb Almaniyaya köçəndən sonra nəvələrin həsrətinə heç bircə ay dözə
bilmədilər nənəmgil. Yarızarafat da olsa, qağam haqq edirdi Nadirə deyəndə. Nəvələrin adını çağıra-çağıra gözü açıq getdilər ikisi də. Özləri ilə
apardılar evin olan-qalan həyat nişanələrini də rəhmətliklər... Həyətdəki
heyvanların, itin, pişiyin də hüzuru var idi onda elə bil. İndi yazıq Bozdar nə
gündədi? Elə it günündə dedikləri bu imiş. İt də o günlərin xiffətini çəkir. Mənim
kimi. Əldən düşüb yazıq. Çox çəkməz, o da bu gün-sabahlıqdı. O boyda bağ
sovulub, hər nubaranlıqda uşaq kimi sevinərdi, əlləri ilə peyvənd etdiyi ağaclar da
qağamsız bəhər vermək istəmədilər... – gözlərini bir nöqtəyə zilləyib sanki
kiminləsə danışırdı. Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı bu qızın özü
də daşa dönmüşdü sanki. Birdən ilanı öldürdüyü yerə - qapının kandarına baxaraq
səsi yetdiyi qədər ucadan bir bayatı çəkdi:
Əzizinəm, qardaş, gəl,
Uzaq ellərdən aş gəl,
Yolunu gözləməkdən
Oldum yurduma daş, gəl...
Hönkür-hönkür ağladı. Ürəyinin nisgilini gözlərindən boşaldandan sonra
özünü yenə danlamağa başladı:
– Allah keçsin günahımdan. Təki canları sağ olsun. Oxumağa gediblər, ruzi
dalınca gediblər. Allah işlərini avand eləsin. Qərib ağa imam Rza xatirinə Allah
qərib qardaşımı pənahında saxlasın...
Bu vaxt hiss elədi ki, həyətə bir maşın girdi. Ardınca maşının qapılarının
səsi gəldi. Özünü yetirib həyətə qaçana qədər doğma səslər onun qulağına
yetirdilər özlərini:
– Bozdar! Bozdar, gəl bura! Ay ata, Bozdar necə arıqlayıb?!
– Bacı! Ay bacı!
– Bibi!
– Can bibi! Bibi sizin qədəmlərinizə qurban olsun! – gələnlərə tərəf
ayaqyalın gedən ev sahibəsinin indi yeridiyini yox, qanadlanıb uçduğunu görürdü
Bozdar. İt özü də sevincdən elə zingildəyirdi ki, elə bil dil açıb bu yeddi ildə nələr
baş veribsə, hamısını bir-bir danışacaqdı tanış iylərin sahiblərinə...
“Ədəbiyyat və incəsənət”
(17.02. 2023)
Bu axşam “Bayatı Qacar” və “Şüştər” səslənəcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq. Musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov oxuyacaqlar.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Nikbin olmaq - Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət
MProfessor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
“Ədəbiyyat və incəsənət”
(17.02. 2023)
Xalq rəssamının yubiley sərgisi - “Azərbaycan nağılı”
Bu gün Azərbaycan Milli Xalça Muzeyində tanınmış dəzgah və kitab qrafikası ustası, Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi münasibətilə fərdi sərgisi açılacaq.
“Azərbaycan nağılı” adlı sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, Arif Hüseynovun əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
“Getdin, ruhuma əsdi yenə soyuq küləklər...” – Aypara Ayxanın şeirləri
SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Aypara Ayxan - Mehmanova Aypara Murtuza qızı Sumqayıt şəhərində doğulub, 37 yaşı var. Həm gözəl rəssamdır, həm də gözəl şeirlər müəllifidir. İndiyədək "Mutasiya" adlı şeirlər kitabının işıq üzü görməsinə sevinməyə macal tapıb.
AYRILIĞIN TƏRİFİ
Yenə asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin, yenə üzünə ağam.
Gecəylə, gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən, yenə qanlı bıçağam.
Görən nə qədər keçib ayrılığın üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.
Durub şəhərə çıxdım, fikrim dağılsın deyə,
Neçə yolu, cığırı bir-birinə caladım.
Saymadım neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.
Düyünlər boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar, avtobuslar, piyada keçidləri
Mağazalar, binalar, şəhər üstümə gəldi.
Bilmədim bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin başına.
Ayrılığı bu qədər amansız bilməzdim mən
Qəfil tutulmasaydım sənsizlik yağışına
Hər gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır veyil-veyil.
Bu darıxmaq başqadı, bu həsrət tamam başqa
Bu ağrının tərifi bildiyin kimi deyil...
NEYTRAL ZONA
Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni...
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni...
Sən demə
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə
qədərdə Vətəndə qürbətçi olmaq da varmış...
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha...
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir, bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hislərim durmadan qan itirir.
Saniyə-saniyə soyuyuram, biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə sənə "Vətən" deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı...
TAPMACA ADAM
Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq
Qürurdan hördüyün Çin səddi arxasında gizlənən tapmaca adam.
Nə sevdiyin bəlli, nə sevmədiyin
Yorulmuşam sənin gizlənqaç oyununda yuman tərəf olmaqdan.
Həyatımda bir varsan, bir yoxsan,
Bir çoxsan, bir azsan,
Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.
Get-gəllərindən yollar da əzbərləyib addımlarını,
Aristokratlığını itirib əlvidaların.
Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.
İndi savaş meydanını xatırladır
sualların hücumuna məruz qalmış beynim.
“Sevir sevmir”lərimlə bezdirdiyim çobanyastıqları
qürur dərsi keçir mənə
Çox dəfə ürəyini bəlkə oxuya bildim
ümidiylə gozlərimi gözlərinə dikirəm
Axı mən xəstəyəm
Həkim demişdi sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm.
Hər dəfə balıq səssizliyi ilə susursan,
Hər dəfə lal baxır gözlərin.
Barı qolların danışsın arada,
Barı onlar itirməsin danışmaq vərdişini,
Bərk-bərk sıxsınlar məni köksünə
Bəlkə heç sabah olmadım.
Düz demirəm, nə bilmək olar axı həyatın işini?
MUTASİYA
Deməliyəm ki, heç nə bir anda yaranmır
amma hər şey bir anda məhv ola bilir.
Dünya özü də yeddi gündə yarandı,
Qiyamət özü də bir anda qopacaq
Və o gün
bütun yaxşıları yaxşılar,
bütün pisləri pislər tapacaq.
Səninsə Qiyamətin mənim ürəyimdə qopdu
Dünyamın mərkəzi deyilsən daha.
Ətrafında dönmür artıq kainat.
İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan
Demişdim axı çox da özunə güvənmə
Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,
Sultanı oldugun taxtın da devrildi...
Sayəndə DNT-si də dəyişdi duyğularımın
Sevgim mutasiyaya ugrayaraq nifrətə çevrildi.
GETDİN
Getdin, ruhuma əsdi yenə soyuq küləklər,
Heç nəyə yaramayan quruca nəfəs oldum.
Getdin, intihar etdi qəmzəmdə kəpənəklər
Ve getdin, içimdəki quşlara qəfəs oldum.
Yenə qəlbim soyundu xoşbəxtlik libasını.
Saatlar yavaşıdı, zaman sanki süst oldu
Duyunca ayrılığın sarsıdan təmasını
Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu
Yenə gözlənilmədən yoxluğuna uğradım
Və alnımda qırışlar günbəgün cərgə saldı
Yenə barmaq ucumdan saçımacan ağrıdım
Ve yenə gözlərimdə kədər düşərgə saldı.
Indi ömrümdə yoxsan, bitsə də sənli anlar
Xatirələr hələ də təzədirlər, tərdirlər.
Nə xoşbəxtdirlər indi səni görən insanlar
Çiynindəki mələklər necə bəxtəvərdilər.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Diqqət! VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbuluna başlanılıb
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir.
Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin
50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.
“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Mədəniyyət Nazirliyi Mikayıl Useynov və Sadıq Dadaşovun birgə ucaldılacaq abidələri ilə bağlı müsabiqə elan edib
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
“Sağsansa, qalan hər şey ikinci dərəcəlidir”
Hümbət Həsənoğlu növbəti 10 aforizmini təqdim edir.
1. İsti havaya aldanıb qışda gül açmaq, isti münasibətə aldanıb qəlb açmaq hər canlıya xasdır.
2. Çay içmək üçün söhbət etmək qabiliyyəti olmalıdır.
3. Sevgi təcrübəli oğru kimi qəlbə girməmişdən əvvəl ağılı söndürür.
4. Sağsansa, qalan hər şey ikinci dərəcəlidir.
5. Hər kəs ona aidiyyatı olmayan işlərin bilicisidir.
6. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.
7. Od əldə etmək istəyən tüstü udmağa hazır olmalıdır.
8. Atdığın hər addımda qorxu hissini də adlamırsansa, istiqamətin uğura deyil.
9. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.
10. Karyera zirvəsi dağ zirvəsi kimidir, orada da insan müvəqqəti qalır, soyuq və təklik isə onun kirəkeşləri olur.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
GÜN İçərişəhərdə necə KEÇDİ…
Xəbər verdiyimiz kimi Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə Kinematoqrafçılar İttifaqı klassik Azərbaycan filmlərinin nümayişini planlaşdırıb və ilk nümayişdə fevralın 14-də “Azərbaycan” kinoteatrında tamaşaçılara “Gün keçdi” bədii filmi təqdim olunub. Sevgililər günündə sevgi filmi.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi Sevda Sultanova filmin indiyədək maraq doğurmasını uğurlu komanda işi ilə əlaqələndirib. 1971-ci ildə Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan filmin rejissoru Arif Babayev, operatoru Rasim İsmayılov, musiqi müəllifi Emin Sabitoğlu, rəssamı Elbəy Rzaquliyevdir. Mahnıların mətni isə Vaqif Səmədoğluna məxsusdur. Bu il həm də kinorejissor Arif Babayevin anadan olmasının 95-ci ildönümü tatam olur.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünas Nadir Bədəlov qeyd edib ki, o, ilk dəfə “Gün keçdi”yə 14 yaşında, film böyük ekrana çıxanda “Nərimanov” kinoteatrında baxıb: “Onda zalda iki nəfər vardı. Amma filmin tamaşaçılarının sayının ildən-ilə artması onun keyfiyyətini, uğurunu təsdiq edir. Filmdə Oktayla Əsmərdən başqa daha bir qəhrəman var ki, bu, İçərişəhərdir. Burada hər detal işləkdir. Əslində film kədərli bir sevgi hekayəsidir. Qəhrəmanlar başa düşürlər ki, onlar artıq öz gənclikləri ilə vidalaşırlar”.
Daha sonra səhnəyə Arif Babayevin qardaşı, rejissor Vasif Babayev dəvət olundu. O, Arif Babayevin rejissor peşəsini necə seçməsi haqqında əhvalatı bölüşüb və bildirib ki, həmin dövrdə İçərişəhərin sökülməsi məsələsi aktual idi: “Biz Şirvanşahlar sarayının yaxınlığında yaşayırdıq. Arif Bakını, İçərişəhəri gözəl tanıyırdı və çox sevirdi. Filmdə İçərişəhərin gələcək taleyi məsələsinə geniş toxunub.
“Gün keçdi” filminin nümayişindən sonra müzakirələr aparılıb.
Bəlkə də film köhnə Bakını sökülməkdən xilas edib.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)