
Super User
Parlamentin komitə iclasında 36 məsələ müzakirə edilib
İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
AzərTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 36 məsələnin daxil edildiyini söyləyib.
Əvvəlcə, iclasda ikinci oxunuşda təqdim olunan 27 məsələ - Mülki Məcəllədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda, “Banklar haqqında” Qanunda, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda, “Kredit ittifaqları haqqında” Qanunda, “Poçt haqqında” Qanunda, “Əmanətlərin sığortalanması haqqında” Qanunda, “Kredit büroları haqqında” Qanunda, “Valyuta tənzimi haqqında” Qanunda, “İnvestisiya fondları haqqında” Qanunda, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda, “Sığorta fəaliyyəti haqqında” Qanunda, “İcbari sığortalar haqqında” Qanunda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda, “Tibbi sığorta haqqında” Qanunda, “Publik hüquqi şəxslər haqqında” Qanunda, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda, “Hesablama Palatası haqqında” Qanunda, “Mühasibat uçotu haqqında” Qanunda, “Dövlət satınalmaları haqqında” Qanunda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, “Auditor xidməti haqqında” Qanunda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda və “İcra haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.
Tahir Mirkişili bildirib ki, bu qanun layihələrində bank sahəsində tənzimləmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, Mərkəzi Bankın funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.
İclasda iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı verilən sualları ətraflı cavablandırıb. O, inflyasiya ilə bağlı proqnozlar, uçot dərəcəsinin effektivliyinin artırılması, kredit faizlərinə dair vəziyyət və bir sıra digər məqamlar barədə açıqlamalarını diqqətə çatdırıb.
Sonra bu sənədlər ətrafında müzakirələr ikinci oxunuşda davam etdirilib. Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Məzahir Əfəndiyev, Vüqar Bayramov, Vahid Əhmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Razi Nurullayev bank sektorunda vəziyyətlə bağlı öz fikirlərini, bəzi qeyd və təkliflərini bildiriblər. Mərkəzi Bankın sədri Taleh Kazımov qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda təqdim olunan 27 qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
Daha sonra tədbirdə gündəliyin digər 6 məsələsinə - birinci oxunuşda təqdim edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxılıb.
Komitə sədri Tahir Mirkişili son zamanlar ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, sərnişin və yükdaşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. O, bununla yanaşı, bu sahədə xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin görülməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atılmasının vacibliyindən bəhs edib.
Sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtomobil nəqliyyatı sahəsinin tənzimlənməsi üçün təklif olunan yeni mexanizmlər barədə məlumat verib. O, bu sektorun beş fəaliyyət istiqaməti, o cümlədən taksi sifarişi operatorları, taksi daşımaları, müntəzəm marşrut üzrə sərnişin daşınması, beynəlxalq daşımalar, ölkədaxili sifarişli daşımalar üzrə bölündüyü və hər fəaliyyət növünə görə icazələrin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, yeni mexanizmlərdə daşıyıcıya buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi nəzərdə tutulub. Həmçinin icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar, icazələrin qüvvədə olma müddəti, icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir, icazə olmadan fəaliyyət göstərmək qadağan olunur. Bununla yanaşı, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır, “Fərqlənmə nişanı” isə yalnız fiskal alət rolunu yerinə yetirəcək.
Təqdimatda taksi daşımalarında taksometrlə bərabər onu əvəz edən proqram təminatından istifadə edilməsi, yaşayış məntəqələrində avtovağzalların sayı ilə bağlı meyarlar, “İcazə” blanklarının bölgüsünün aparılması üçün meyarlar, sifarişli qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın, yük daşımalarında əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib olunması tələbi və digər dəqiqləşdirici normalardan da bəhs edilib.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı məlumat verib. Sənədə əsasən, Məcəllənin 322-ci maddəsinə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması ilə bağlı yeni istiqamətlər üzrə cərimələr müəyyən edilir. 324-cü maddə yeni redaksiyada verilir və icazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması ilə bağlı cərimələr müəyyən edilir. Eyni zamanda, Məcəlləyə beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından istifadə qaydalarının pozulması, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi, taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.
Müzakirələrdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Vüqar Bayramov, İqbal Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Ziyad Səmədzadə, Razi Nurullayev, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Elvin Hüseynzadə çıxış ediblər. Çıxışlarda ölkənin nəqliyyat sektorunda hazırki vəziyyət, bu sahənin işinin səmərəliliyinin artırılması ilə bağlı fikirlər bildirilib, qanunlarda nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilib, bəzi qeyd və təkliflər səsləndirilib.
Komitə iclasında iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazir müavini Rəhman Hümmətov verilən sualları ətraflı cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Sonda təqdim olunan bu 6 qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.
Sonra deputatlar “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alinması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adindan imzanmış “Yalançı əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun ləğv edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini nəzərdən keçirərək, bu sənədləri də Milli Məclisə tövsiyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Bu gün Bakıdakı Rus evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq
Bu axşam Bakıdakı Rus Evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq. Sərgidə istedadlı rəssam Kristina Sultanovanın rəsm əsərləri nümayiş olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kristina Sultanova Sankt-Peterburq şəhəri bədii rəssamlıq məktəbinin “Rəssamlıq magistraturası” kursunun məzunudur. O, “yağlı boya” texnikası üzrə holland natürmortlarının yaradılması, eləcə də “İtalyan rəssamlıq texnikası” və “Flamand rəssamlıq texnikası” kurslarını bitirib. Rəssamın əsərləri beynəlxalq sərgilərdə nümayiş olunub. O, həmçinin Böyük Britaniyada keçirilmiş “Golden Time Talant” müsabiqəsinin “Peyzaj” janrının qalibidir.
Bakıda keçiriləcək sərgidə Kristina Sultanovanın müxtəlif janrlarda çəkilən 26 rəsm əsəri təqdim olunacaq. Açılışda qonaqlara maraqlı musiqi proqramı təqdim ediləcək, Renata Əbubəkirova, Arif Aslanov, Nərgiz Manaflı və Azərbaycanın Əməkdar artisti Yuliya Motorinadan ibarət simli kvartetin ifasında populyar əsərlər ifa olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Fikrət Əmirovun əsəri beynəlxalq festivalda səslənib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi Məktəb-studiyasının məzunu, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov Sankt-Peterburqun Dövlət Tarix Muzeyində keçirilən “Dobrovidenye” VIII Beynəlxalq Xalq Mahnısı Festivalının açılışında iştirak edib.
AzərTAC xəbər verir ki, tədbirdə Teymur Kazımovun ifasında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Azərbaycan elləri" kompozisiyası səslənib.
Builki festival çərçivəsində, həmçinin üç gün ərzində şəhərin müxtəlif məkanlarında Azərbaycan Çin, Hindistan, Moldova, Rusiya və Belarusdan yüzdən çox yaradıcı kollektivin və ifaçıların iştirak etdiyi konsertlər keçirilib. Sevindirici haldır ki, bu il festivalda həmyerlimiz Teymur Kazımov da uğurla çıxış edib.
Qeyd edək ki, “Dobrovidenye” musiqi festivalı 2016-cı ildən Sankt-Peterburqda keçirilir. Burada Rusiyanın müxtəlif regionlarından, MDB və digər ölkələrdən yaradıcı kollektivlər toplanır. “Dobrovidenye” iştirakçıları mahnılar, rəqslər və rituallardan bəhs edir, xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələrini nümayiş etdirirlər. Xalq mədəniyyətinin inkişafı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi festivalın əsas məqsədidir.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
Dövlət Arxivinin Şirvan filialının təşkilatçılığı ilə Şirvan şəhərində tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
Sözügedən görüşdə şəhər ziyalıları, 18 nömrəli orta məktəbin müəllim və şagird kollektivi, Hacıqabul və Sabirabad rayonlarının arxiv işçiləri iştirak ediblər.
Şairin yaradıcılığı haqqında Dövlət Arxivinin Şirvan filialının direktoru, şair Nəsibə Məmmədova (Nəsibə Nəsibqızı) məlumat verib. “Bədii yaradıcılıq da gələcək üçün bir arxivdir”,- deyən Nəsibə xanım şairin bir neçə şeirini səsləndirib.
Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb, yeni şeirlərini oxuyub, kitablarını hədiyyə edib.
Sonra xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Göygöl rayonunda bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baxış keçirilib
Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda da olub, bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub.
Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib.
1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.
Adil Kərimli daha sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göygöl rayon Mədəniyyət Mərkəzi, katakombalar (tarixi yeraltı şəhər), Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balansındadır) baxış keçirib.
Abidə və müəssisələrə baxış zamanı fəaliyyətin canlandırılması, mövcud imkanlardan daha səmərəli istifadə olunması, tarixi tikililərin mühafizəsinin müasir tələblərə uyğun şəkildə təmin edilməsi ilə bağlı tapşırılar verilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Bu gün Musiqili Teatr Gəncədə çıxış edəcək
Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərindədir.
Bu gün kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esse ilə çıxış edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
“Çox iradəli, döyüşkən xanımdır…”
BU GÜN XALQ ARTİSTİ BƏSTİ CƏFƏROVANIN DOĞUM GÜNÜDÜR
“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun növbəti doğum günü təbriki mətnini təqdim edir.
Uzun illərdir ki, Akademik Milli Dram Teatrında çalışır. Eyni zamanda 2013-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 1998-ci ildə isə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb...
Sovet dövründə “Pionerlər evi” adlandırılan uşaq yaradıcılıq mərkəzləri var idi. Həmin mərkəzlərdən dərnək rəhbərləri məktəblərə gəlib istedadlı uşaqlar seçirdilər. O vaxt onu və 10-15 məktəblini rəhmətlik Əfsər Cavanşirovun "Bənövşə" Uşaq Xoruna seçirlər. Əvvəlcə xorda oxuyur, üç ay sonra rəqs dərnəyinə keçir. Həmin dərnəyə 6 il gedir. 1974-cü ildə "Nəsimi" filmi ekranlara çıxanda 8-ci sinifdə oxuyurdu. Bu filmə o dövrdə böyük maraq vardı, bir gün uşaqlarla yığışıb həmin filmə baxmağa gedir və o filmdə epizodik rolda çəkilən Telman Adıgözəlova vurulur. Sonradan ona görə, o filmə azı 7-8 dəfə baxır. Etiraf edir ki, onda aktyorluğa həvəsi məhz Telman Adıgözəlova vurulması yaradıb...
Deyir ki,- “İnsan taleyi, qisməti ilə birgə doğulur. Güzgüyə baxanda görməsək də, xırda detallarına qədər həyatımız alnımıza yazılıb. Hər bir insanın öz missiyası var. Qadın var, həyatda çoxuşaqlı ana olmaq üçün, qadın da var, dünyanı idarə etmək üçün doğulub. İstər şüurlu, istərsə də şüuraltı öz missiyalarımızı həyata keçirmək üçün addımlayırıq. Mənə gəlincəsə, uşaq yaşlarımda aktrisa olacağımı müəyyənləşdirməmişdim. O dövrdə bakılıların ailəsində qız uşaqlarının belə bir fikrə düşməsi yolverilməz idi. Bu arzunu qızların böyük əksəriyyəti uşaqkən öz içlərində öldürürdülər. Mən evin üçüncü övladıyam, 8 il sonbeşik olduğum üçün çox ərköyün olmuşam. Bu ərköyünlük mənə çılğınlıq, davakarlıq xüsusiyyətləri aşılayıb. Və mən öz arzuma çatdım...”
Cazibədar və gözəldir. Çox iradəli, döyüşkən xanımdır. Heç vaxt ruhdan düşmür. Həyatda bir əsas devizi var: olur yaxşısı olsun, olmursa da heç olmasın. Onun üçün orta hədd yoxdur. Özünü heç vaxt zəif qadın hesab etməyib. Bəlkə də bundan irəli gəlir ki, həyatda olduğu kimi, səhnədə də güclü qadın obrazlarını yaradıb...
“Həyatda çox şeylər olur. Gənclik illərində bir nəfərlə ailə qursam da bu icdivac, sevgi uzun çəkmədi. İndi yalnız qızımı sevirəm. Ondan əvvəl rəhmətlik anamı çox sevirdim. Mən çox yaxşı övlad olmuşam. Bunu tam əminliklə deyə bilərəm. Mən ideal anayam. Amma mən ideal sevgili olmamışam. Əslində mən çox mərd insanam, sevəndə varlığımla sevirəm. Lakin mən bu dünyada arzularımdakı obraza rast gəlmədim. Sevdiyim insan buna layiq olmadı. Seçimim düzgün idi, hər şey qarşılıqlı məhəbbət əsasında baş verib. Bu sevginin uzunmüddətli olmamasının səbəbkarı mən olmadım. Həmin adam illər keçəndən sonra öz səhvini etiraf etdi, dedi ki, anasının sözünə qulaq asıb. Lakin qatar artıq getmişdi. Bu məhəbbətim alınmayandan sonra mən şüurlu surətdə yenidən sevməkdən imtina etdim. Çünki dünyada ən böyük dərd sevgi iztirablarıdır. Ondan sonra mənə rast gələnlərdən, hətta övladımın atasını diqqətlə "görmək"dən qorxdum...”- söyləyir.
Haqqında söhbət açdığım Bəsti Əli qızı Cəfərova 1959-cu ildə Bakıda dünyaya gəlib. 1976-cı ildə 82 nömrəli orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1980-cı ildə həmin ali elm ocağını bitirdikdən sonra təyinatla Akademik Milli Dram Teatrına göndərilib. 2016-cı ildən Prezidentin Fərdi Təqaüdünü alır...
Deyir ki,- “Mən teatra gələndə kollektivə Əli İsmayılov rəhbərlik edirdi. Hərçənd ki, sonradan teatra rəhbərlik edən adamlar- Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadov, İsrafil İsrafilov və Azərpaşa Nemətovla da münasibətim çox yaxşı olub, amma etiraf edim ki, Əli İsmayılovun zamanı üçün çox darıxıram. Çünki o dövrdə çox gözəl yaradıcı atmosfer, nəhəng sənətkarlar vardı, mən onlardan öyrənirdim. Bunun üçün heç vaxt səhlənkarlıq etməmişəm, nizam-intizamlı olmuşam, işimə cidd yanaşmışam...”
Teatrın yeni rəhbərliyindən razılıqla danışır. “Mehriban Ələkbərzadə işgüzar xanımdır, gəlişi ilə teatra yeni nəfəs gətirib, gözəl ab-hava yaradıb. İnanıram ki, onunla işləmək bütün kollektivə xoş olacaq.”- deyə münasibət bildirir...
Ümumiyyətlə xalq artisti Bəsti Cəfərova səhnəmizin unikal aktrissalarından biridir. Bunu teatrda, eyni zamanda filmlərdə yaratdığı obrazlar da dil açıb söyləyirlər. Onu bu ölkədə tanımayan çətin tapılar. Sevənləri, o cümlədən heyranları çoxdur.
Bu gün 64 yaşı tamam olur. Ona möhkəm cansağlığı, uzun ömür, səhnə və pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Yeni yaşınız mübarək, Bəsti xanım!
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Azərbaycan Dövlət Simfonik Orkestri Filarmoniyada konsert verib
MİNİ REPORTAJ
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunub.
Konsertin əvvəlində musiqişünas Sara Timurova çıxış edərək əsərləri səslənən bəstəkarlar haqqında məlumat verib. Onların yaradıcılıqlarını müqayisəli təhlil edərək, hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.
Daha sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.
Proqramda İqor Stravinskinin “Simurq Quşu” baletindən süita, həmçinin Ayaz Qəmbərlinin Piano və orkestr üçün konserti səslənib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Hər şeyi Allahın üzərinə qoymaq məsuliyyətdən qaçmaq deyil yəni?
“Ədəbiyyat və incəsənət” portalı tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.İnsanın səsinin tonundan tutduğu vəzifəni müəyyənləşdirmək olar.
2.Başqalarının fərqli fikrinin ola biləcəyini rahat qəbul edə bilsək, yaşamaq asanlaşar.
3.İnsan öz yaddaşı qarşısında acizdir.
4.Sizə yalan danışanı siz də aldadın, özünüzü elə aparın ki, guya inanırsınız.
5.Özünü ağıllı saymaq özünü ağıllı göstərməkdən təhlükəsizdir.
6.“Problem” sözü dilimizdə olmadığı dövrlərdə babalarımız necə çətin problemlərlə üzləşdiklərindən belə xəbərsiz olublar.
7.Çox yaşamaqla bağlı 80 yaşlı insanın arqumentləri 70 yaşlı insanın arqumentlərindən üstün sayılmalıdır.
8.Xoşbəxt adam heç kimə maraqlı deyil, bədbəxt insan həmişə gündəmdə olacaq.
9.Hər şeyi Allahın üzərinə qoymaq öz həyat məsuliyyətindən qaçmaqdan savayı bir şey deyil.
10.Yalnız başqasının məsuliyyətini öz üzərinə götürən andan oğlan kişi sayılır.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Bu gün “Kukla teatrları həftəsi” başlayır
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir. Bunlardan birinə də bu gün start verilir.
Demək, bu gün - iyunun 13-də Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” formatında baş tutacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə iştirak edəcəklər.
İyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.
Tamaşalar iyunun 13-də dəvətnamə ilə, 14-17-də isə ödənişsiz nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)