Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

4-cü dərc

Elmi araşdırmalar əsasında belə qənaətə gəlinib ki, yuxu tipinə görə insanlar iki qrupa bölünür-«torağay»lar və «bayquş»lar. Birincilər tez yatıb tez duranlar, ikincilər isə gec yatıb gec duranlardırlar. Dağlı məhəlləsində bir çox şeylər kimi bu qruplar də bir qədər fərqli idi. Elə «torağaylar»ımızı götürək. Onlar özləri də hələ elmi araşdırmaların diqqət mərkəzinə düşməmiş iki qrupa bölünürlər - Kərbəlayi Meydan kişinin oyatdıqları və Məsmə arvadın oyatdıqları altqruplar. İndi deyəcəyəm niyə. Məhəlləmizin səhəri qonşumuz Kərbəlayi Meydan kişinin evinin damında quraşdırdığı, gah xışıldayan, gah da ikimetrlik özbək zurnasının səsinə oxşar səslər çıxaran köhnə səsgücləndiricidən yayılan azan səsi ilə açılır. Məhəllənin yarısı bu səsə oyanır. Bundan bir qədər sonra məktəbə gedən uşaqların haray-qışqırığı aləmi başına götürür. Onlarla eyni vaxtda, nəvələrini yola salmağa çıxan Məsmə arvad, mütləq qaydada onların on-on beş addım uzaqlaşmasını gözləyib var gücü ilə arxalarıyca «məktəb pulu»na yolda nə isə, çox vaxt da peçenye almağı, ac qalmamalarını qışqırır. Elə bil, rəhmətliyin qızı uşaqlar aralaşmamış bu sözləri deyə bilməz. Bu səhnə hər səhər təkrarlandığından Kərbəlayi Meydanın verdiyi azan səsinə oyanmayan «torağaylar» Məsmə arvadın qışqırığına şirin yuxudan oyanırlar. Çünki hamı bilir ki, Məsmə arvadın bu harayı zəngli saat kimi düz saat 07:45-ə «qurulub» və deməli, işə getmək üçün durmaq lazımdır. Məsmə arvadın peçenyeyə bakılıların təbirincə «piçenik» deməsi isə bu baş verənlərə xüsusi bir kolorit qatır.

Bir sözlə, «torağaylar» qrupuna aid olan və onsuz da obaşdan durmalı olan məhəllə adamlarımız öz adətləri üzrə tezdən oyanmağa imkan tapmamış onları oyanmağa vadar edən bu səbəblər bu iki altqrupun yaranmasına gətirib çıxarıb. 

Deyə bilərsiniz ki, bəs bazar günləri məktəb yoxdur axı. Düzdür, yoxdur. Əvəzində Məktəbalı kişi var. Həftənin altı gününü haradasa icarəyə götürdüyü dülgər emalatxanasında işləyən Məktəbalı bazar günləri həyətində quraşdırdığı dülgər dəzgahını səhər saat 8-də işə salıb bir vıyıltı qoparır ki, nəinki «torağayalar»ımız, «bayquşlar»ımız da yuxudan dik atılırlar.

Mən Kərbəlayi Meydan kişinin rəhbərlik etdiyi qrupa daxiləm. Çünki hətta Meydan kişi özü yatıb yuxuya qalsa, ya da azanı səsləndirən maqnitofonu hərdən xarab olsa da, on yeddi yaşımdan, Moskva Ali Milis Məktəbində təhsil aldığım illərdən dan yeri sökülərkən oyanmağa adət etmişəm.

Bir qədər də sonra işə gedənlərin hay-küyü, maşınlarının səs-küyü qalxır və bundan sonra Dağlı məhəlləsinə günortaya, uşaqlar məktəbdən gələnə qədər nisbi sakitlik çökür. Niyə nisbi, çünki bu sükutun özünü də qısa fasilələrlə pendir, qatıq, göyərti satan və köhnə dəmir yığanların heç də melodik olmayan səsləri pozur. Bu yaxınlarda onların sıralarına, mənşəyi məlum olmayan balıq satan biri də əlavə olunub. Peyda olduğu son iki ayda ondan heç bir məhəllə sakininin bir balıq belə almaması onu qətiyyən ruhdan salmır, o, hər iki gündən bir səhər saatlarında məhəlləmizə gəlib, «Balıq var, təzə balıq» qışqırmağı özünə borc bilir.

Evimlə ofisim arasındakı məsafə piyada iyirmi dəqiqəlik yol olduğundan, nə qədər tez oyansam da evdən çıxmağa tələsmir, bu səbəbdən də hər səhər məhəlləmizdə baş verənləri axıra kimi izləməli oluram. Adətən ofisi saat 9-da açıram.

Bu gün isə bir qədər tez gedib Layiqə gəlməmiş, hər ehtimala qarşı onun iş masasının üstünə qoyduğum, ünvan yazılmış kağız parçasını götürməliydim. Layiqə detektiv köməkçisi kimi özünü tam doğrultsa da, mənim məxfi agentlərimlə görüşdüyüm ünvanı onun bilməməsi lazım idi.

Ona görə də saat 08:00-da evdən çıxdım. İyirmi dəqiqə sonra ofisin qapısını açıb içəri keçdim. Kağız parçasını götürüb tikələrə böldüm və unitaza atıb suyu buraxdım. Elə bunu etmişdim ki, qapı açıldı və Layiqə ofisə girdi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Nə yaxşı belə tez gəlmisən?

Layiqə Buzovna qəsəbəsində yaşayırdı.

-Əmimoğlu qonaq gəlib, gecəni bizdə qaldı. Səhər tezdən şəhərdə işi vardı. Dedim, elə hazır maşın varikən, daha avtobusla niyə gəlim? Sağ olsun, düz ofisin qarşısında düşürdü məni.

-Hə, öz maşınının olması yaxşı olardı.

-Mən öyrəşmişəm şef, mənə çətin deyil. Bəs siz maşınınızı niyə satdınız, axı sizə maşınsız daha çətindir?

Bu sualı cavablandırmaq fikrim yox idi. Ona görə də Layiqəyə mücərrəd bir cavab verdim:

-Vaxtı gələndə yenə alaram.

-Hə, mütləq alın, ora-bura çox gedirsiniz, belə çətindir.

Bunu deyib, Layiqə son dəbdə olan əl çantasını iş masasının üstünə qoydu, sonra mətbəxə keçdi.

Mən də keçib kresloma oturdum. İndi polkovnik Arif Dadaşzadədən bir xəbər gözləməli, o vaxta qədər bəzi şeyləri özüm üçün dəqiqləşdirməliydim.Deməli, belə. Son gəldiyim qənaət hələlik budur ki, bu qətldə cinayət aləminin üsullarından birindən istifadə olunub. Başqa sözlə, qətl «torpeda» tərəfindən törədilib. Elə bu ehtimal üzərində davam edək. Bu halda qətli törədənin Day-dayın oğlu ilə şəxsən heç bir ədavətinin olmaması, onun yalnız verilən tapşırığı yerinə yetirməsi bəlli olur. Buradan da belə məlum olur ki, bu gəncin ölümü sifarişli qətl olub.

Əgər belədirsə, qatilin özünü müəyyən etmək boş yerə vaxt itirmək olacaq. Çünki, bu qətli törətmək üçün onun hər-hansı motivi olmayıb. O sadəcə «ölüm maşını»dır. Kimi və niyə öldürməyin onun üçün heç bir fərqi yoxdur. İşini gördü, borcunu verdi və yoxa çıxdı. Motivi bilmədən isə, hansısa cinayəti açmaq çox çətin olur. Bəlkə də, sifarişçi məlum olandan sonra qatilə çıxmaq olar. Ancaq fikrimcə, indiki halda birbaşa yox.

Sifarişçi kimdirsə, bax onun belə qərar verməsinə hansısa, özünə məlum olan bir səbəb olub. Motiv də burada gizlənir. Deməli, bir qədər keçmişə gedə bilsəm, o illərdə baş vermiş hansısa olayın izi ilə ola bilsin ki, motivi müəyyən edə bilərəm. Bu isə artıq işin yarısı demək olacaq.

 Əslində, bu heç də asan olmayacaq. Polkovnik Dadaşzadə bu işin qətl olduğunu deyirsə, deməli yüz faiz belədir. Müəllimimin hələ səhv etdiyini xatırlamıram. Həmin illərdə bu işi araşdıran kifayət qədər təcrübəli əməkdaşlardan təşkil olunmuş istintaq qrupu isə bir nəticə əldə etməyib, hətta hadisənin qətl olmaması, gəncin təsadüfən gecə saatlarında, qaranlıq küçədə maşınla vurulması qənaətinə gəlib. Ziddiyyətlər yaman çoxdur.

Belə çıxır ki, mən həmin istintaq qrupunun buraxdığı səhvləri də aşkar etməliyəm. Bu çox gurultulu səslənmir ki?

Tərəzinin bir gözünə məni, o biri gözünə isə kifayət qədər araşdırma mexanizmlərinə, kriminalistik ekspertiza imkanlarına malik, bir neçə peşəkarı birləşdirən qrupu qoysaq, mən çox yüngül gəlmərəmmi bu tərəzidə? Bütün bunları gözəl başa düşən polkovnik bu işi mənə tapşırırsa, görəsən hələlik gizlətdiyi daha nələr var və zamanı gəldikcə nələri mənə açıqlayacaq?

Ofisə girdikdən bir qədər sonra giriş qapısı ilə yan-yana yerləşən, birbaşa Cəfər Cabbarlı küçəsinə baxan pəncərələrin pərdələrini tam açmışdım. Mənə təbaşirlə işarə veriləcək ağac pəncərədən görünürdü. Hələ ki, bir xəbər yox idi.

Çayxanada müəllimimə dərhal işə başlayacağımı deyəndə, dünəndən indiyənədək etdiyim təhlilləri nəzərdə tuturdum. Bizim işimizin səksən faizi analitik işdir. Təbii ki, Arif müəllim də nə demək istədiyimi gözəl anlayırdı. Peşəkarların öz danışıq dilləri var. Deməli, əslində mən artıq araşdırmalara başlamış, lazım olan təhlilləri etmiş və hətta bəzi qənaətlərə də gəlmişdim. İndiki fazada bu qənaətlərimin doğruluğunu yoxlamaq üçün ad və ünvanları mənə veriləcək, yalnız özümə məlum üsullarımla ətraflarında bəzi tədbirlər həyata keçirəcəyim şəxslər barədə məlumatı gözləyirdim.

Məlumatın hazır olduğunu bildirəcək işarə isə hələ ki, verilməyib. Deməli, ya siyahı çox böyükdür, ya da siyahıdan başqa da nəsə hazırlanır.

Saata baxdım. Təhlillərim xeyli vaxt aparmışdı. Nahar vaxtına az qalırdı. Ofisdə Layiqə ilə məndən başqa heç kim olmadığı üçün nahar fasiləsi anlamı yox idi. Köməkçimə kifayət qədər sərbəstlik vermişdim və xüsusi tapşırıqları yerinə yetirdiyimiz günlər istisna olmaqla, istədiyi vaxt istədiyi yerə gedə bilərdi. Harada və saat neçədə nahar edəcəyinə də özü qərar verirdi.

Sərbəstlik yalnız və yalnız işçinin iş qabiliyyətini və işin səmərəsini artırır. İnsan işlədiyi yerdə özünü hansısa qadağalarla əhatə olunmuş, əli-qolu bağlanmış kimi hiss etməməlidır. Əksinə, sərbəst olması fikri onu ruhlandırmalıdır. Əgər mənim bir yox, on köməkçim də olarsa, bu idarəçilik prinsiplərimdən imtina etməyəcəyimi dəqiq bilirəm.

Bəzi cinayətləri araşdıranda köməkçimlə gecələri də yatmır, gündüzlər isə çay içməyə belə imkan tapmırıq. Bax bu sərbəstlik həmin gərgin günlərin kompensasiyasıdır.

 Üzümü Layiqəyə tutdum:

-Nahar edəcəksən?

-Nəsə həvəsim yoxdur.

-Mənsə, edəcəyəm. Yəqin ki, bir saata qayıdaram.

-Oldu şef, ofisdə olacağam. Elə bir işim yoxdur.

Məlumatı almamış növbəti iş barədə Layiqəyə heç nə deməməyi qərarlaşdırmışdım. Bu təhlükəli araşdırmaya onu cəlb edib-etməyəcəyim də hələ məlum deyildi. Ona görə də, hələ ki, susmağa üstünlük verirdim.

Kifayət qədər təhlükəli olan sonuncu əməliyyatımız zamanı Layiqə üçün risk faizini nə qədər minimuma endirsəm də, sonda qatı cinayətkarların olduğu məkana birinci elə o daxil olmuş və bizim üçün yol açmışdı. Layiqənin nə qədər qorxmaz bir qız olduğunu bilirdim. Yanımda olduğu bir ilə yaxın müddətdə topladığı təcrübə də öz yerində. Bununla belə, yenə də aldığım tapşırıq barədə hələ ona nəsə deməyə tələsmirdim. Siyahını görəndən sonra, bir də bəzi şeyləri aydınlaşdırandan sonra qərar verəcəkdim.

-Sənə nəsə alım, gələndə?

-Yox, əziyyət çəkməyin. Ürəyim bir şey istəsə, yaxındakı kafedən sifariş verərəm.

-Yaxşı, onda mən getdim.

Ofisdən çıxıb piyada üzüyuxarı, əvvəllər bütün Bakıda çox dadlı göyərti qutabı ilə tanınan «Pürrəngi» yeməkxanasına tərəf qalxmağa başladım. Adı dəyişsə də, obyekt yenə də kafe kimi fəaliyyət göstərirdi. Ofis ilə kafenin arası yüz əlli metr olardı. Fikrim yüngülvari bir nahar edib sonra ofisə qayıtmaq, hərəkətə keçmək üçün mənə veriləcək gizli işarəni gözləmək idi.

Əlbəttə, Arif müəllim hələlik Day-dayın iki yaxın dostundan, dünyasını dəyişmiş Səttarın yaxınlarından və sağ olan Səlimdən başlayacağımızı bildirmişdi. Ancaq nədənsə bunu etməyə tələsmir, siyahının mənə verilməsini gözləməyə üstünlük verirdim. Siyahının bu gün mənə çatacağına əmin idim və ona görə də hələ gözləməyi qərara almışdım. Bir neçə saat heç nəyi dəyişmirdi indiki məqamda.

Kafedəki müştərilərin sayı elə də çox deyildi. Boş masalardan birinin arxasına keçib əyləşdim. Mənə yaxınlaşan ofisiant qız salamlaşıb nə sifariş verəcəyimi soruşdu. Pomidor-yumurta sifariş verib gözləməyə başladım.

Yadınızda qalsın. Heç bir peşəkar daxil olduğu məkanda arxası qapıya tərəf əyləşməz. Üzü qapıya əyləmək olduğun məkanda vəziyyəti nəzarətdə saxlamaq üçün çox vacibdir.

Mən də əyləşərkən boş masalardan ən əlverişli olanını seçdim. Kafedəki on bir masadan dördündə müştərilər oturmuşdu. Mənim masamı saymasaq, altı masa boş idi.

Çox keçməmiş, başının ortası dazlaşmış, arxa və yanlarındakı saçlarını isə yəqin ki, çox qıvrım olduğundan darayıb formaya sala bilməyən, təxminən qırx yaşında, arıq bir kişi kafeyə girib boş masalardan birinə, arxası mənə tərəf oturdu. Bu kişinin başının arxadan görünüşü daha maraqlı idi. Sanki, bir çəngə daranmamış qara qoyun yununun düz ortasına bir Cərco yemişi qoymuşdular. Kişinin uzunsov başının yanlarında bitən qıvrım saçları ən çox bu oxşamaya uyğun gəlirdi. El arasında zarafatla yayılmış «keçəl-buruqsaç» deyimi yadıma düşdü, öz-özümə gülümsədim. Yaxınlaşan ofisianta çay sifariş verən kişi əlində bürmələdiyi qəzeti açıb oxumağa başladı.

Bir azdan mənə sifariş verdiyim yeməyi, bir qədər də sonra ona çay gətirdilər.

Pomidor-yumurta birbaşa kiçik tavada qarşıma qoyulduğundan çox qaynar idi. Soyumasını gözləyib məndən sonra gələn kişiyə baxmaqda davam edirdim. Ona baxmağım adi maraqdan irəli gələn bir baxmaq deyildi. Ofisdən çıxarkən, adətim üzrə, ətrafı nəzərdən keçirəndə bu kişini ofislə üzbəüzdə, yolun əks tərəfindəki avtobus dayanacağında dayanan görmüşdüm. Əgər nəzərə alsaq ki, həmin dayanacağa yaxınlaşan avtobuslar indi oturduğum kafe tərəfə yox, əks istiqamətə gedirlər, o zaman orada avtobus gözləyən birinin məndən bir qədər sonra məhz mənim girdiyim kafedə peyda olmasını tərəddüd etmədən maraqlı təsadüf saymaq olardı, razısınızmı?

Kişi qəzeti oxumağa başlamazdan əvvəl cibindən çıxardığı qalın şüşələri olan, qalın çərçivəli eynəyi gözünə taxmışdı. Eynəyin qara rəngli çərçivəsinin içəri sol və sağ yuxarı künclərində çox kiçik metal lövhəciklər var idi. Kişi başını tərpətdikcə, tavandakı işıq bu lövhəciklərə düşüb bərq vurduğundan arxadan, mən oturduğum yerdən lövhəciklər dərhal diqqəti cəlb edirdi. Görəsən, onsuz da belə qalın çərçivəsi olan eynəyə daha da möhkəm olması üçün bir də metal bərkitmə verməyə ehtiyac var idimi? Məncə, yox. Bəs onda bu nə ola bilərdi? Yalnız xüsusi cilalanmış dəmir lövhəciklər belə parıldaya bilərdi. Bundan, burunda eynəklərə azca fokus verməklə lövhəciklərin üzərində əks olunanları, yəni arxada baş verənləri görmək üçün istifadə edirlər. Təbii ki, bütün eynəklərdə yox, xüsusi məqsədlər üçün hazırlanmış eynəklərdə. Bunun üçün isə eynək, gözlərdən mümkün qədər aralıda, burunun üzərinə qoyulur. Çünki, eynək burunun lap yuxarısında, gözlərə ən yaxın məsafədə yerləşdirilərsə, lövhəciklərdə əks olunanları yox, heç onların özlərini də görmək mümkün olmaz. Arxadakı müşahidə obyektini izləmək üçün isə, gözün birini yummaq lazımdır. Soldakı lövhəciyə sağ, sağdakı lövhəciyə sol gözü yummaqla baxmaq olur.

Bu hərifin kafedə bu qədər boş masa olduğu halda, düz üzbəüzdəki masada arxası mənə tərəf oturaraq xüsusi lövhəcikləri arxaya baxan eynəyi taxması, taxarkən bir qədər aşağı-yuxarı sürüşdürüb sonra burnunun üstündə konkret nöqtədə saxlaması, özünü guya qəzet oxuyurmuş kimi göstərməsində məqsədi nədir?

Ayrıca, bir eynəkdən uzun müddət istifadə edən şəxslərdə eynək bir növ burunun üzərində özünə yer edir və taxan adam birbaşa eynəyi vərdiş etdiyi, həmişəki yerinə avtomatik olaraq qoyur. Gözlərdən ona ən rahat olan, öyrəşdiyi məsafədə. Bu isə bir xeyli aşağı-yuxarı sürüşdürdü eynəyi, niyə?

Üstəlik, başının hərəkətini izlədikcə onun qəzeti oxumadığını da müəyyən etmişdim. Kişinin başı növbəti sətiri izləmək üçün cüzi, zorla hiss olunacaq dərəcədə aşağı enməli olduğu halda, gah birdən-birə on-on iki sətir ölçüsündə aşağı enir, gah da sürətlə yuxarı qalxırdı.

Çəngəli götürüb bir qədər soyumuş yeməyimi yeməyə başladım. Bu yemişbaşın təkcə eynəyi mənə maraqlı gəlməmişdi. Eynəklə əlaqəli maraq doğuran başqa bir səbəb də var idi. Eynəyin belə qalın şüşələri yaxını olduqca pis görən adamlar üçün nəzərdə tutulub. Belə fiziki qüsuru olan insanlar isə adətən ayaqlarının altını yaxşı görmür, yeriyəndə, xüsusilə pilləkənlə qalxanda və ya enəndə çox ehtiyatla davranırlar ki, yıxılmasınlar.

Kafe yarımzirzəmidə yerləşirdi və bura enən pilləkənin altı pilləsi var idi. «Dostumuz» kafeyə girərkən bu pillələri çox sürətlə enmişdi, belə fiziki qüsurlu insanlara xas olmayan sürətlə. Düşənlər üçün pilləkənin sağ tərəfi divar, sol tərəfi sürahi idi. Qəzet kişinin sol əlində olduğu üçün heç əli ilə sürahidən də tutmamışdı, bu dəqiq yadımdadır.

Bu cür sərbəst pillələri enən birinin birdən-birə gözləri yaxını olduqca pis görməyə başladı? Bu da çox maraqlıdır.

Aramla yeməyimi yeyir, kişini gözdən qoymur, hiss etdirmədən hərəkətlərini izləyirdim.

Əgər bu adam məni izləyirsə, gör belə hallar üçün bağışlanmaz olan neçə səhvə yol verir? Hələ çayı qaynar içdiyindən, stəkanından qalxan buğdan eynəyinin şüşələrinin tərləməsinə baxmayaraq, onları silmədən özünü qəzet oxuyan kimi göstərməkdə davam etməsini demirəm…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

 

 

İyunun 13-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. 

 

ADU-dan verilən məlumata görə, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanla Özbəkistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf edir. “Ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də elm və təhsil sahəsində davam edən əməkdaşlığın müsbət nəticələrini görə bilərik. ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri öz işində elmi əməkdaşlığı ön plana çəkir. Bu da elmi əməkdaşlığımızın inkişafına və əlaqələrimizin daha da möhkəmlənməsinə şərait yaratmış olur”, - deyə rektor Kamal Abdulla qeyd edib.

Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edəcək. Bu əməkdaşlıq müəllim-tələbə mübadiləsinin aparılması, qarşılıqlı öyrənmə və təcrübə baxımından yeni imkanların əldə olunmasına şərait yaratmış olacaq.

ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, bu mərkəzlər müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görməkdədir.

Dilnoza Xocayeva akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib. 

Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Kasablanka şəhərində Mərakeşin Boks Federasiyasının prezidenti Abdelkarim El Hilali və Taekvondo Federasiyasının prezidenti Driss El-Hilali ilə görüşüb.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Milli Məclis sədrinin müavini Ümummilli Lider Heydər Əliyevin uğurlu idman siyasətindən, İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın uğurlu inkişaf mərhələsinə qədəm qoymasından bəhs edib. Bu gün Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşdiyini, idmançılarımızın beynəlxalq yarışlarda böyük uğurlar əldə etdiyini bildirən Adil Əliyev ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və beynəlxalq olimpiya yarışlarına və digər nüfuzlu idman tədbirlərinə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Söhbətdə idmanla bağlı müxtəlif mövzular müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

BMT-nin Baş katibi Antonio Quterreş rəqəmsal platformalarda informasiya bütövlüyünü gücləndirmək üçün hazırlanmış əsas hesabatı təqdim edib. O, təqdimat əsnasında bildirib ki, ölkələr onlayn formatda nifrət və yalanın yayılmasının yaratdığı “ağır qlobal zərərdən” qurtulmalıdır. 

 

AzərTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibinin sözlərinə görə, generativ süni intellektin (AI) sürətli inkişafının potensial təhlükəsi ilə bağlı qlobal həyəcan fonunda onlayn nifrət ritorikasının, eləcə də yanlış xəbərlərin yayılmasına imkan verən rəqəmsal texnologiyaların vurduğu ziyan açıq şəkildə bəyan olunmalıdır. "Ümid edirəm ki, bu sahədə fəaliyyət göstərən aktorlar məlumatların doğruluğu və dolğunluğunu təmin etmək istiqamətində qızıl standartları təmin edəcəklər", -deyə Antonio Quterreş vurğulayıb.

Təqdimat zamanı qeyd olunub ki, sosial media kanalları, axtarış motorları və mesajlaşma proqramları daxil olmaqla, rəqəmsal platformalar planetin hər yerindən milyardlarla insanı birləşdirir. Təkcə Facebook sosial şəbəkəsinin 3 milyard istifadəçisi var. Sosial media böhran və münaqişələr zamanı icmaları dəstəkləməkdən tutmuş irqi ədalət və gender bərabərliyi üçün qlobal hərəkatların səfərbər edilməsinə kömək edilməsinə qədər bir çox faydalar gətirib, həmçinin BMT tərəfindən bütün dünyadakı insanları planetdə sülh, ləyaqət və insan hüquqlarına nail olmaq üçün cəlb edib. Bununla belə, eyni rəqəmsal platformalardan elmi alt-üst etmək, dezinformasiya və nifrət yaymaq, münaqişələri qızışdırmaq, demokratiya və insan haqlarını təhdid etmək, ictimai sağlamlıq və iqlim fəaliyyətinə zərbə vurmaq üçün sui-istifadə də edilir.

Baş katib bununla bağlı deyib: “Sosial mediada BMT-nin bəzi sülhməramlı missiyaları və humanitar yardım əməliyyatları hədəfə alınıb və bu, onların işini daha da təhlükəli edib. Yanlış məlumat, dezinformasiya və nifrət ritorikası bir-biri ilə əlaqəli olsa da, onlar fərqli fenomenlərdir. Nifrət ritorikası bir qrupa və ya şəxsə qarşı sadəcə onun irqi, rəngi, dini, etnik mənsubiyyəti, milliyyəti və ya oxşar əsaslara görə təhqiredici və ya hədələyici dilə aiddir. Bundan başqa, səhv və dezinformasiya arasındakı fərqi də müəyyən etmək çətin ola bilər. Ümumiyyətlə, dezinformasiya qeyri-dəqiq məlumatların qəsdən yayılmasına aiddir, eyni zamanda, aldatmaq məqsədi də daşıyır. Mən dünya ictimaiyyətini bu problemlərlə bağlı səyləri birləşdirməyə çağırıram”. 

BMT-nin hesabatında deyilir: “Ənənəvi medianın münaqişə bölgələrində insanların əksəriyyəti üçün mühüm xəbər mənbəyi olaraq qalmasına baxmayaraq, rəqəmsal platformalarda yayılan xəbərlər nifrət və zorakılığa səbəb olub. Bəzi rəqəmsal platformalar Ukraynada davam edən müharibə də daxil olmaqla, münaqişələrdəki rollarına görə tənqidlə üzləşib. Bir sıra texnoloji şirkətlər öz platformalarının zorakılıq və nifrətin yayılmasına töhfə verməsinin qarşısını almaq üçün çox az iş görüblər, hökumətlər isə bəzən heç bir hüquqi əsası olmayan və insan hüquqlarını pozan sərt tədbirlərə, o cümlədən internetin bağlanması və qadağalara əl atıblar”.

Hesabatda ifadə və məlumat azadlığı hüquqlarını qoruyarkən potensial maneələri əks etdirən rəqəmsal platformalarda informasiya vəhdəti üçün qlobal fəaliyyəti Davranış Kodeksi çərçivəsində həyata keçirmək təklif edilir. Bu sənəd insan hüquqlarına hörmət, müstəqil mediaya dəstək, şəffaflığın artırılması, istifadəçilərin səlahiyyətlərinin artırılması, məlumatlara çıxış daxil olmaqla, ən aktual prinsiplər əsasında hazırlanacaq. 

BMT-nin Baş katibi Davranış Kodeksi ilə bağlı tövsiyələrini də verib. O, hökumətlər, texnoloji şirkətlər və digər maraqlı tərəfləri hər hansı məqsədlə dezinformasiya və nifrət ritorikasından istifadə etməkdən çəkinməyə çağırıb. Hökumətlər, həmçinin jurnalistlərin güclü müdafiəsi ilə azad, müstəqil media mühitinə zəmanət verməlidir. Eyni zamanda, rəqəmsal platformalar bütün məhsullardakı dizaynla təhlükəsizlik və məxfiliyi təmin etməli, siyasət və resursların ölkələr və dillər arasında ardıcıl tətbiqinə üstünlük verməlidir. 

Baş katib əlavə edib ki, bütün maraqlı tərəflər tətbiqlərinin təhlükəsiz, məsuliyyətli, etik olmasını və insan hüquqları öhdəliklərinə uyğunluğunu təmin etmək üçün təcili tədbirlər görməlidir. Reklamçılar və rəqəmsal platformalar reklamların zərərli informasiyalarla birlikdə yerləşdirilməsinə yol verməməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Çərşənbə, 14 İyun 2023 12:45

“Göydə tanrı gəzən quşam…”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:

 

Bir az sirr kimiyəm, adam

Bir az aşikar kimiyəm.

Əlindəki o ox nədi-

Yoxsa mən şikar kimiyəm?

 

Dilini bildiyim quşun,

Qəmi canımda qurğuşun.

Ərimədim… bir koğuşun

İçindəki qar kimiyəm.

 

Göydə tanrı gəzən quşam,

Yer üzündən qovulmuşam…

Mən də bir az qurumuşam-

Qışa qalan nar kimiyəm…

 

Kəsib götürdünüz ayı,

Bu yağış- göyün harayı…

Mənə nağıl danışmayın-

Eşitmirəm, kar kimiyəm.

 

Hansı dərdin adaşıyam?

Qopub düşən dam daşıyam…

Qürbətə adam daşıyan

Üşüyən qatar kimiyəm.

 

Hər gün neçə dağ aşıram,

Mən dünyayla dalaşıram…

Dərdə yaman yaraşıram-

Əynində paltar kimiyəm.

 

Mələk yoxmuş, bu şeytanmış,

Qaranlıqda ağ yalanmış…

… Taxtı- tacı yağmalanmış

Zavallı xotkar kimiyəm…

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

“Report” xəbər verir ki, bunu AYB-nin sədr müavini Rəşad Məcid Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

O, bu təşəbbüslə yaxın zamanlarda çıxış edəcəyini bildirib.

"Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”, - R.Məcid vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Gürcüstanın Birinci Kanalının efirində “Ay Laçın” Azərbaycan xalq mahnısı ifa olunub. Belə ki, “Ranina” televiziya uşaq mahnı müsabiqəsinin efirində solist Anastasiya Vasadze və vokal qrupu “Laçın” mahnısını xüsusi aranjimanda kompozisiya kimi ifa edib.

Mahnı Azərbaycan dilində səsləndirilib. 12 yaşlı ifaçı Anastasiya Vasadzenin performansı qısa müddətdə sosial şəbəkələrin həm gürcü, həm də azərbaycanlı seqmentində yayımlanaraq geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Gənc ifaçı İTV-nin Gürcüstan bürosuna müsahibəsində deyib: “Azərbaycan mahnısı seçdiyimə görə çox şadam. Mahnının sözlərini öyrənmək çox da çətin olmadı. Mahnını internetdən taparaq qısa müddətdə öyrəndim. Eyni zamanda tərcümə edərək mənasını başa düşdüm. Bu mahnı Əzizə Mustafazadənin ifasında çox gözəl səslənir. Mən də onu oxumaq istədim. Azərbaycanlılara bu diqqətə görə təşəkkür edirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə qardaş xalqlar ədəbiyyatına müraciət edəcəyik. İnanırıq ki, tatar ədəbiyyatından seçmələri bəyənəcəksiniz.

 

 

TATAR ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

 

Gözəl YAXİNA

 

Gözəl Şamil qızı Yaxina (1977) – nasir, ssenarist. “Yasnaya Polyana” (2015), “Böyük Kitab” (2019) və digər mükafatların laureatıdır.

Kazanda həkim və mühəndis ailəsində doğulub. Kazan Pedaqoji İnstitutunun xarici dillər, Moskva Kino Məktəbinin ssenari fakültələrini bitirib.

Ədəbi debütü 2014-cü ildə “Neva” jurnalında dərc edilmiş “Gecə kəpənəyi” hekayəsidir. Növbəti il isə tarixi mövzulu, tatar kəndlilərinin 1930-cu illərdə üzləşdikləri faciələrdən bəhs edən “Züleyxa gözlərini açır” adlı məşhur romanı işıq üzü görüb. Roman bestsellerə çevrilib, dəfələrlə nəşr olunub, ekranlaşdırılıb. Onun digər romanları – “Mənim balalarım” (Volqaboyu almanlarının taleyi haqqında), “Səmərqəndə gedən qatar” (Volqaboyundakı 1920-ci illər aclığı barədə) da geniş əks-səda doğurub.

Yaxina dövrümüzdə XX əsrin epos nümunəsini yaradan, arxivlərdə araşdırmalar aparıb, mürəkkəb tarixi materiallarla işləyən nadir müəlliflərdəndir. Onun nəsri, zahirən ehtirassız təsir bağışlayan dilinə rəğmən, son dərəcə dinamik və kinematoqrafikdir.

 

 

SOYAĞACI

 

“Soyağacı tərtib etməli. – Dərs gündəliyindəki tapşırıq belədir. – Bazar ertəsi üçün. A4 formatında”. Səkkiz yaşında qızım rəsm dəftərindən lazımi ölçüdə vərəq qoparıb ərimlə mənə sual dolu nəzərlə baxır. Mən kompüterə baş vururam: mərhum bibimin qeydləri olan faylı axtarmaq üçün. Ərim də öz arxiv qovluqlarına. Bu günə qədər ağlımıza gəlməyib o materialları bir yerə toplamaq. Tapırıq: sxemlər, Excel cədvəlləri, qeydlərin surəti, əllə cızılmış çertyojlar, şəkillər, arxivlərdən gəlmiş cavab məktubları.

– Yalnız soyağacı çəkmək və adları yazmaq lazımdır, – qızım dəqiqləşdirir. – Doğum-ölüm tarixləri olmasa da, olar. Hətta atalarının adları da.
– Atalarının adları niyə? – mətləbdən bixəbər ərim təəccüblənir.

– Vərəqə sığışsın deyə.

Qaralamasını çəkməyə başlayırıq. Vaxtilə bibim Amerika və Yeni Zelandiyadakı qohumlarla yazışmalara bir neçə il sərf edərək soy-kökümüzü 1804-cü ilə qədər izləyə bilmişdi – soyumuzun banisi sayılan adam məhz həmin tarixdə doğulubmuş: kazanlı tacir imiş, bəyaz çalmanın altındakı sərt qarayanız simasını kiçik, sürtülüb-soluxmuş şəkildə güclə seçmək olurdu. Ulu əcdadımızın həyatı barədə az şey bilirdik, o da bu idi ki, gerçək bir xoca olaraq, Məkkəni ziyarət edibmiş. Mənim dərin axtarışlar aparmağıma lüzum qalmamışdı: ailəmizin tarixçəsi barədə materiallar hədiyyə, daha doğrusu, miras kimi çatmışdı mənə. Ərim isə əksinə, bütün bilgiləri özü əldə etmişdi: arxivləri, köhnə qəzetləri eşələyib, xüsusi saytlarda axtarış vermiş, Rusiyanı dolaşaraq qohumları sorğu-suala tutmuşdu – həngamə illərlə uzanmışdı. Kimisinin ömürlüyünü tam bərpa etsə də, bəzilərinə dair yalnız xırda-para ailəiçi rəvayətlər aşkarlamışdı (misal üçün, hansısa ulu nənəsindən sonrakı nəsillərə – nə şəkil, nə də sənəd – bircə bu xatirə çatıb: qadın elə bədxasiyyət imiş ki, çəkməçi olan ərinə adamların gözü önündə ayaqqabı qəlibini tolazlayıbmış). Bu minvalla XIX əsrin əvvəlinəcən gedib çıxmışdı.

İndi isə biz bir əlcə kağıza bütün XIX və XX əsrlərdəki adamlarımızın siyahısını yerləşdirməyə çalışırıq. Onlar sığışmırlar.

– Böyük format lazımdır, – deyir ərim. – Ata adları da yerləşsin. Şəkillərlə lap yaxşı olar.

Qızım dalğın halda başını bulayır: doğmalarımızın bu ağlasığmaz çoxluğuna mat-məəttəl qalıb.

Dəftərxana dükanına gedib ən iri ölçüdə vatman kağızı alırıq. Onun üstündə ağac cızırıq karandaşla: çoxşaxəli, qollu-budaqlı alınır. Qızımın çöhrəsini, ərimlə mənim portretimizi yapışdırırıq ona. Bəs sonra? Valideynlərimizin sanballı fotoalbomları var; baba-nənələrimizdən qalan albomlar nisbətən nazik olsa da, kiçik də deyil. Hansı şəkilləri seçək? Dərhal qərar veririk: cavanlıq şəkillərini götürək – hələ saf, incə cizgili, qırış düşməyənlərdən.

Budur, nənələrimdən biri: Kazan universitetinin yuxarı kurs tələbəsi, azacıq sonranın ixtioloqu (balıqşünas – tərc.) – dəbə uyğun saç düzümü, muncuqlarla işlənmiş yığcam şlyapa; tatar və rus dillərindən əlavə, ərəbcəni də bilir; operaya və fiqurlu konkisürməyə dəlicəsinə vurğundur; valideynləri ilə nəhəng “kommunalka”nın (sovet dövrünə xas, məhdud şəraitli çoxmənzilli bina – tərc.) küncündəki mənzildə yaşayır: inqilaba qədər binanın bütöv bir mərtəbəsi onların olub, sonradan ailəni “mehribanlaşdırıblar”, yenə sağ olsunlar ki, yerli-dibli sürgün etməyiblər.

Bu da o birisi: qolçomaq sürgünündən yeni qayıtmış cavan müəllimə – çox arıqdır, geyindiyi kişi pencəyi əyninə xeyli böyükdür, bərk-bərk yumduğu dodaqlarının boyası səliqəsizdir; Sibirdə keçirdikləri 16 ildə doğma tatarcanı az qala unutduğu üçün ömrü boyu uşaqlara rus dilini öyrədəcək, öz nitqində isə axır gününəcən sərt sibirli şivəsi duyulacaq.

Babalarımdan biri: almacıqları dik, gözlərinə qorxu çökmüş cavan oğlan – lap yaxınlaracan kimsəsiz olub, Volqaboyunda ölümünə aclıq çəkib və bir qarın yemək üçün bütün Türküstanı dolaşıb.

Bu isə ikincisi: müharibədən iki həftə əvvəl qayıtmış leytenant. Tezliklə hərbi geyimini çıxaracaq, hələ 41-ci ildə aldığı “alman dili müəllimi” diplomu ilə, məktəbdə işə başlayacaq. Cəbhədəki dörd il ərzində başına gələnlər barədə ömrünün sonunacan bir kəlmə də danışmayacaq: bütün suallara cavabı sükut olacaq. Və uşaqlara almancanı – o müharibə illərində də rəğbəti əsla əskilməyən bu dili öyrədəcək.

– Axı onlar bu şəkillərdə bizim indiki vaxtımızdan cavandırlar, – ərim belə bir cəhəti vurğulayır.

Doğru deyir. Vatman kağızındakılar əvvəldən-axıra cavan, gənc, hətta uşaq simalarıdır: bizim valideynlərimizlə onların ata-anası yaşıd kimi görünürlər. Soyağacımız hələlik məzunların şəkillərindən ibarət məktəb albomunu xatırladır.

Yalnız dolayı əlamətlər – hərbçi kitelinin biçimi, yaxalıqdakı komsomol nişanı, saç düzümü – sayəsində müəyyən emək olur ki, fotolar fərqli zamanlarda, bəzən yarım əsr ara ilə çəkilib. Səkkiz yaşında qızım bu fərqləri sezmir: qoca saymağa adət etdiyi o simaları diqqətlə gözdən keçirir.

– Merilin Monroya oxşayır ki! – deyir şəkillərdən biri barədə. Bununla belə, get-gedə vəziyyət dəyişilir: daha əvvəlki nəsillərdən lap az şəkil qalıb və soyağacımız tədricən fərqli rəngdə, fərqli yaşda portretlərlə örtülür.

Budur – ulu nənələrimiz. Sərt görünüşlü, qaşlarınacan enən dümaq yaylığının altından qocalıqda az qala kor qalmış gözləri güclə görünən tatar qarı (nəsildən gələn xasiyyət üzrə, öz madar oğlunu o qədər çox istəyirmiş ki, doğma kənddən şəhərə köçməsini ona heç vaxt bağışlamayıb və bundan azca sonra ölüb). İri gözləri olan zabaykalye kəndlisi bir qadın – oyma naxışlı masaya dirsəklənərək əlində qızılgül tutub (bir dəfə xunxuzlardan – XIX əsrin sonları-XX əsrin əvvəllərində Mancuriyada və rus Uzaq Şərqinin o ətrafdakı ərazilərində quldurluq edən çinlilərdən qaçıb qurtulmaq üçün Tayqada yüz kilometrdən artıq yol qət edibmiş, özü də bələdçisiz və qucağında bir yaşında qızı). 

Bu isə ulu babamızdır. Lopabığ, zəhmli uryadnik: əlini uzun, əyri qılıncının qəbzəsinə apararaq məğrur dayanıb. Çerniqov quberniyasından olan yaşlı kazakın günün altında qaralmış, qırışlı sifətində işıldayan gözləri seçilir yalnız. İncə saqqalına yağ çəkilmiş, qunduz kürklü Kazan burjuyu...

Şəkillərin coğrafiyası diqqət çəkir – hərəsi Rusiyanın bir yerində lentə alınıb: Kazandan Xabarovska, Voronejdən Kola yarımadasındakı Severomorska qədər. Əcdadlarımız zaman-zaman ölkə ərazisində ora-bura köçüblər; on yeddinci ilə qədər öz istəklərincə, sonra isə dövlətin hökmüylə. Çaylarda gəmi-bərə dartmağa da gediblər, müharibəyə də; övladlarına gün ağlamaq üçün iri şəhərlərə də yollanıblar, Anqara sahillərinə – qolçomaq sürgününə də; əvvəlcə təhsil dalınca paytaxta üz tutublar, sonra da təyinat üzrə qütb dairəsinə.

Bu mütəmadi köçlərlə xəritədə cızılan dolanbac xətlər bir-birinə calanaraq bütün ölkəni eyni müstəvidə sıx birləşdirir: Peterburqda, Həştərxanda, Krasnoyarskda, Barnaulda, Novosibirskdə, Yaroslavlda, Çitada, Petropavlovsk-Kamçatskidə – hər yerdə bəlli bir müddət üçün bizimkilərin sayılan, doğmalaşmış küçələr, evlər var.

Bu yerdəyişmələrin marşrutlarını bərpa etməyimiz elə də çoxdanın işi deyil: keçmiş haqqında bilgilər heç də həmişə dəyərli olmayıb. Bunlar bir vaxt çoxlarından ötrü ağır yük, hətta təhlükə mənbəyi olub. O səbəbdən ərimin babası öz atası – ağqvardiyaçılarla birgə Çinə keçən və orada itib-batan kollec asessoru (Çar dövründə mayor rütbəsinə bərabər tutulan mülki məmur vəzifəsi – tərc.) ilə bağlı həqiqəti ömrü boyu gizlədərək rəncbərlik etmiş, çoban, könüllü-muzdlu matros, XTH (1917-25-ci illərdə Xüsusi Təyinatlı Hissə – partiya komitə və özəkləri nəzdində, əksinqilabla mübarizədə sovet hakimiyyətinə dəstək üçün yaradılmış, könüllülərdən ibarət silahlı dəstələr – tərc.) döyüşçüsü olmuşdu: təki “sosial mənşəyi” qrafasında zəruri qeydi doğrulda bilsin.

Bircə cəhəti ələ verə bilərdi onu – keçmiş gimnaziya əlaçısının nümunəvi əlyazma xətti. Xoşbəxtlikdən, buna fikir verməmişdilər: o dövr üçün bu – çobanın xəttat kimi yazması – çox da nadir hal deyildi.

– Yəni o, gerçəkdən, keçmişdə çoban imiş? – qızım barmaqlarını parlaq kağızdakı şəklin üstündə gəzdirərək soruşur. – Riçard Girin cavanlığına oxşayır...

– Dedim axı, çoban olub, – ərim qətiyyətlə bildirir. – Mən sonra sənə onun anketini göstərərəm: arxivdəkinin surətidir. Orada hər şeyi aydın, yerbəyer yazıb öz xəttilə.

– Nə bilirsən anketdəkilər gerçəkdir?

Ərim dinmir: etiraza yer də yoxdur, əslində. Keçmişi bərpa etmək arxeologiya ilə məşğul olmaq kimidir: qiymətli sümükləri, qırıntıları tapana qədər barmaqlarının arasından tonlarca toz-torpaq süzülüb keçsin gərək. Yaxud iri ağacı torpaqdan ayırmaq kimi: zədələnməsin deyə, kökləri bircə-bircə qazıb çıxarmalısan. Amma – əgər həmin köklər kiminsə amansız əlləri ilə çoxdan doğranıbsa – ən diqqətli, ardıcıl iş də bəzən heç bir nəticə vermir. Doğma adamın əlləri ilə törədiləndə bu, daha da ağrılı olur.

Anamın xalası qızı uzun müddət çarpayısının altında məktublar, açıqcalar, fotoşəkillər yığılmış bir yeşik saxlamışdı: oradakı – illərə görə seçilib möhkəm sapla sarınmış – yoğun bağlamalarda onun bütün keçmişi yatırdı. Ölümünə iki həftə qalmış, xəstəlikdən taqəti kəsilib yatağa düşdükdə isə tapşırıb ki, qutunun içindəkilər məhv edilsin, bircə vərəq də qalmasın.

Xəstənin sözündən çıxmağa kimsənin ürəyi gəlməyib: kağızlar elə orada, otaqdaca – yiyəsinin gözləri önündə, dəmir vannada yandırılıb. Həyatının tüstüyə çevrildiyini görərək rahatlaşan qadın bundan azca sonra ölüb. Amma övladları o dəyərli arxivi qoruyub-saxlamadıqları üçün indiyədək də özlərini bağışlaya bilmirlər.

– Fotoqrafiyanı nə vaxt icad ediblər? – soyağacımızın budaqlarına şövqlə çiçək-yarpaq çəkən qızım soruşur.

– XIX əsrin əvvəlində, haradasa üçüncü onilliyində. Amma foto həvəskarları üçün ilk emalatxanaları yalnız həmin əsrin sonlarında açmağa başlayıblar.

– Gec alınıb, – məyusluqla başını yellədir qızım.

Fotolar vatmanın üstünə sıx-sıx düzülüb, bəzən ucları bir-birinə dirənir və simaların fərqliliyi dərhal gözə çarpır. Almacıqlar – enlisi kalmıklara, incəsi polyaklara çəkib; gözlər – monqollardakı kimi qıyıq, üstü şişkin və geniş açılan, işıltılı; qıvrım saçlar – kimisində qara, kimisində buğdayı; burunlar – gah əməllicə yastı, gah da xalis gürcü profilincə donqar. Oğrun-oğrun qızımı süzürəm: bir belə fərqli olan bütün bu cizgilər hərlənib-fırlanaraq, görünməz spiral kimi burularaq gəlib onda özünə yer tapıb. Əgər bir neçə il sonra onun bir azca dik olan burnu düzləşər, açıq-sarışın saçları isə şabalıdıya çalarsa, təəccüblənməyək gərək. Qəbul edək ki, qan amili dünyada ən mürəkkəb məsələlərdən biridir.  

Bəs xarakter və şəxsi seçim məsələsi? İşdir, əgər qızım xarici dil müəllimi olmaq fikrinə düşsə, bunu onun müstəqil verdiyi qərarmı, yoxsa keçmişdən – pedaqoq əcdadlarından bir işarəmi sayaq? Yaxud acığından kiməsə çəkmə tolazlamaq istəsə, buna temperamentinin təzahürümü deyək, yoxsa, sadəcə, ulu qohumlarından olan bir qadının zərərli mirasımı?

Ümumiyyətlə, bizi – XXI əsrin fərdiyyətçi və özünədüşkün insanlarını, internet və kompüter texnologiyalarının qatı təəssübkeşlərini əvvəlki nəsillərdən ayıran sərhəd haradan keçir? Belə bir sərhəd varmı? O sərhədi çəkmək bu qədərmi vacibdir? Bəlkə, hər halda, ən başlıcası arxamızda bir boşluq hiss etməməkdir? Orada – arxada kimsə olduğunu anlamaqdır? Dönüb geriyə baxa, hətta oraya əl uzada bilməkdir?..

Axırıncı foto yapışdırılıb sonuncu ad-soyad yazılandan sonra vatmanı divardan asdıq ki, zəhmətimizin bəhrəsini qiymətləndirək. Yetkinli, ahıllı – ancaq yenə də çoxu cavan, hətta gənc olan – iyirmiyə qədər surət baxır bizə. Biz də onlara baxırıq. Və başa düşürük ki, əl işimiz bax burada – qızımızın çarpayısının yaxınında hələ uzun zaman qalacaq.

Bəs bizim özümüzdən nə qalacaq, tutalım, yüz il sonraya? Böyük ehtimalla, eyni şeylər: bir dənə fotoportret, tək bircə də ifadə (“bu həmin o babamızdır ki..., yaxud “bax bu nənəmizin...). Bu gün fotolarımızın sayı minlərlə ölçülsə də, sosial şəbəkələr hər addımımızı qeydə alsa da, soyağacımızın cızıldığı vatmana tək bircə fotoportretimiz yapışdırılacaq. Və nəticə-kötücəmiz onu göstərərək yalnız bircə – əsas məqamı xatırlayacaq.  

Qızım yerinə yetirilmiş tapşırığa görə “əla” aldı (əl işimizin formatı tapşırıqdakına uyğun gəlmədiyi üçün müəlliməsi bərk dilxor olsa da, qiymətini kəsməyə əli gəlməmişdi).

Ərim – ya bu işimizdən həvəslənmişdi, ya da başqa bir səbəb vardı – Zabaykalyenin məskunlaşdırılma tarixçəsi ilə ciddi maraqlanmağa başladı, sonra isə – çox keçməmiş – internet sayəsində uzaq qohumları tapışdılar onunla: ailənin soy-kökünü araşdırdığını öyrənmiş, bildiklərini bölüşmək istəmişdilər.

Mən tatar kəndinin həyatından bir neçə hekayə yazdım. O vaxtdan beş il keçib. Soyağacımız hələ də qızımın yatağının başucunda asılıb. Zaman-zaman qırışıb küncləri dikəldiyi üçün bəzi fotolar “ağac”dan düşürlər – biz də hər dəfə onları qaytarıb öz yerinə qoyuruq. Ola bilsin, şəkillərdən hansılarısa tezliklə yeniləmək lazım gələcək: işığın altında təsvirlər solur və aydınlığını itirir (hərçənd parlaq və təzə fotolardansa rəngi solmuşların həlim xətləri və sönük çalarları mənə daha xoş gəlir).

Bu yaxınlarda bir cüt də vatman aldıq, onları yapışqanla uzun zolaq kimi calayıb, ailəmizin zaman cədvəlini çəkib, tarixi hadisələrlə bərabər, oraya əcdadlarımızın doğum-ölüm tarixlərini, eləcə də öz təvəllüdlərimizi yazdıq. Otağın qarşı divarından asdıq onu.

İlk günlər, hər onun yanından ötəndə özümü saxlaya bilmir, iki dəqiqəliyə dayanıb bütün XX əsri və XXI yüzilin əvvəlini gözdən keçirirdim: cədvəlin bir nöqtəsində – elə eyni ildə – İkinci Dünya müharibəsi bitmiş və mənim atam doğulmuşdu; bir başqa nöqtəsində – Stalin ölmüş və anam dünyaya gəlmişdi; üçüncüsündə – Vyetnam müharibəsi başa çatmış və ərim anadan olmuşdu... Bütün bu hadisələr eyni flamastrla, eyni şriftlə, eyni ölçüdəki hərflərlə yazılmışdı. Amma bu artıq tamam başqa əhvalatdır. Ya elə həminkidir?! 

 

Tərcümə edən: Seyfəddin Hüseynli

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

Başa çatmış II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində yadda qalan tədbirlərdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş böyük türk mütəfəkkir və təsəvvüf şairi Süleyman Çələbinin “Mevlid” kitabının təqdimatı oldu.

 

Kitab ötən ilin Türkiyə Respublikasında “Süleyman Çələbi İli” elan olunması münasibətilə Fond tərəfindən türkcə və almanca çap etdirilərək Almaniya, Avstriya, İsveçrə və digər Avropa ölkələrində yayımlanıb. 

Fondun bu layihəsi Avropa auditoriyasını türk ədəbiyyatının önəmli simalardan biri olan Süleyman Çələbinin irsi, eləcə də Türkiyənin qədim və zəngin dəyərləri ilə daha yaxından tanış etmək məqsədini daşıyır. İkidilli nəşrin türkcədən almancaya tərcüməsini K.Herrman Kiehl və Orxan Aras hazırlayıblar.

Kitabın təqdimatında çıxış edən Fondun layihə meneceri Nuri Aksu, bu il 100 illiyi təntənə ilə qeyd olunan Türkiyənin şanlı tarixə, qədim dövlətçilik ənənələrinə, mədəniyyətə malik olduğunu vurğulayıb. O deyib: “Türk xalqının yetişdirdiyi böyük elm və incəsənət xadimləri, ədəbi şəxsiyyətlər Türk dünyası ilə yanaşı bütövlükdə bəşər sivilizasiyasına mühüm töhfələr verib. XV əsrin görkəmli Osmanlı şairlərindən olan Süleyman Çələbinin qələmə aldığı “Mevlid” əsəri Türk-İslam mədəniyyətinin yaşadılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsər, eyni zamanda, türk dilinin qorunub saxlanılmasında, zəngin üslubu ilə yeni nəsillərə çatdırılmasında önəmli rola sahibdir”.

Fondun əməkdaşı Vəfa Mürşüdlü müasir dövrdə ümumtürk mədəni irsinin qorunmasının və beynəlxalq miqyasda yayılmasının əhəmiyyətindən söz açaraq, təşkilatın bu yöndəki fəaliyyətlərindən danışıb: “Türk xalqları sahib olduqları zəngin maddi-mənəvi sərvətləri ilə minilliklərdən bəri dünyanın ən nüfuzlu xalqları sırasında olublar. Nizami, Füzuli, Abay, Yunus Emre, Əlişir Nəvai, Süleyman Çələbi kimi Türk dünyasının dahi şair və mütəfəkkirləri öz fikir, düşüncə və hikmət xəzinələri ilə ümumdünya ədəbi-mədəni irsində silinməz izlər buraxıblar. Fond böyük türk şair və yazarlarının əsərlərini fərqli dillərdə nəşr edərək, onların yaradıcılığının müxtəlif ölkələrdə təbliğinə və ortaq türk dəyərlərinin geniş auditoriyalara tanıdılmasına töhfə verməkdədir”.

Tədbirin bədii hissəsində Süleyman Çələbinin “Mevlid” əsərindən parçalar səsləndirilib.

Sonda Fondun Türk dövlətlərinin, eləcə də Türkiyənin mədəniyyətini müxtəlif yönlərdən əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

AKTYOR VƏ SSENARİSTİN 38 YAŞINA

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Aktyor və ssenarist Ənvər Abbasovu yəqin ki, tanımayan çox az adam tapılar. Onun son vaxtlar daha çox “Komedixana” səhnəsində oynadığı

onlarla rol hər birimizin üzündə təbəssüm oyadır. Bəs görəsən bizi güldürərək həm də düşündürən, çox vaxt şirin Qarabağ ləhcəsi ilə

danışan, rollarının öhdəsindən məharətlə gələn bu istedadlı aktyor kimdir. Elə bu sualla onun axtarışına çıxdıq. Öyrəndik ki, Ə.Abbasov

təsadüfi hallarda televiziya və mətbuata müsahibə verir. Görünür bu onun xarakterindən, həm də işinin çox olmasından irəli gəlir.

 

Ənvər Raquf oğlu Abbasov 1985-ci il iyunun 2-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Ailəlidir, bir oğlu və bir qızı var.

Müsahibələrinin birində söyləyir ki, çalışdığı sahəyə aid o, heç bir ali təhsil almayıb. Sadəcə bir kollecin məzunudur. Ə.Abbasov özünü daha

çox ssenarist hesab edir. Bir az da zarafatla deyir ki, əgər  rejissorluq etsə, onda rejissorlar çörəksiz qala bilərlər...

Aktyor beş il musiqi təhsili aldığını və Xalq artisti Zabit Nəbizadənin tələbəsi olduğunu bildirir. Xanəndə olmadığının səbəbini isə o, yenə

özünəməxsus şəkildə ifadə edir. Deyir ki, bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki

oxuyan çoxdur, ssenarist azdır…

Ə.Abbasov özünün dediyinə görə, işdən kənarda olduqca ciddi biridir. Bu vaxt onunla zarafat etmək belə olmaz. Amma bəziləri özünü

yuxarıdan apardığı üçün belə etdiyini düşünürlər…

Aktyor deyir ki, senari yazmaq olduqca yorucu işdir. Onun çox vaxtımı alır.

Gəlin onun bu günədək, özünün dediyi kimi, əziyyətlə gördüyü işlərə nəzər salaq. Ə.Abbasov 2009-cu ildən efirə gedən “Bacanaqlar” komediyasının

ssenari müəlliflərindən biridir. 2015-ci ildən həmin filmdən ayrılıb. O, senarisini yazdığı filmlərin, komediyaların əksəriyyətində həm də

aktyor kimi iştirak edib. “Xoxan”, “Stalinin başı”, “Nikolayın evi” və başqa filmlər buna misal ola bilər. Çoxumuzun həvəslə baxdığı “Qız

atası” teleserialının senaristi və redaktorudur. “Ay briliant”, “Axırıncı yol”, “Naxox” kimi filmlərin senaristi, məşhur “Qardaşlar”, “Kadrlar

şöbəsi”, “Komedixana”da isə sadəcə aktyor kimi çıxış edir.

Bu günlərdə sevimli aktyor və senarist Ənvər Abbasovun 38 yaşı tamam oldu. Bəzən çətin anlarımızda bizi gülməyə məcbur edən bu komediya

ustasını ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.