
Super User
Sabah Abşeron yarımadasında 36 dərəcə isti olacaq
Azərbaycanda iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən səhər saatlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı bildirilir.
Bütün havalarda sizlərə xoş ovqat arzusu ilə!
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
“Sən də bildin yalandır, mən də bildim yalandır…” - İntiqam Yaşar
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında bu dəfə sizlərə gənc şair İntiqam Yaşarın “Əllərin üşüdükcə” adlı şeirini təqdim edir.
İndi sevgi şeirləri yenidən dəbə minib. Yenə sevənlər bir-birinə sevgi bəndləri yazıb göndərirlər. Nə fərqi var ki, kağız məktub olsun, ya elektron.
Və razılaşaq ki, bu gün “Əllərin üşüdükcə, Şəkillərimi yandır” zirvəsinə ucalmış sevgi varsa, nə xoş halımıza.
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü inandır,
həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
“Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb.
Sərginin keçirilməsində məqsəd rəssamlığa olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.
Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri, portretləri, dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmləri nümayiş olunub.
Dəvət olunan qonaqlar gənc rəssamların əl işlərini yüksək qiymətləndirərək, bu cür sərgilərin uşaqların istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılq uğurları arzulayıblar.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Macarıstanlı qonaq Respublika Gənclər Kitabxanasında olub
Azərbaycanda qonaq olan macar şairi, tərcüməçi Balaş Soloji yazıçı, şair Ramil Əhmədin müşayiəti ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olub.
Ramil Əhmədin “Ədəbiyyat və incəsənət”ə verdiyi məlumata görə, görüş zamanı qonaqlara Respublika Gənclər Kitabxanası haqqında məlumat verilib. Bildirilib ki, 152000-dən artıq fondu olan Gənclər Kitabxanası bu il 95 illiyini qeyd edir. Qonaqlara kitabxanada tətbiq edilən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, elektron və metodiki xidmətlər haqqında geniş məlumat verilib.
Sonra qonaqlar kitabxana fondu ilə yaxından tanış olub və şöbələrə, sərgilərə baxış keçiriblər.
Görüşün sonunda qonağa Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlər və 44 günlük Zəfər Tarixindən bəhs edən kitab hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
3-cü dərc
Məhəlləmizdə həyat öz axarında gedirdi. Hava qaralsa da, hələ küçədən yığışmayan uşaqların səsi, bağça adlanan hissədə tut ağacından asılmış yüzlük elektrik lampasının işığında samovar çayı içə-içə domino çırpan kişilərin, uşaqlarını evə çağırmaq üçün küçəyə çıxmış arvadların qışqırığı bir-birinə qarışmışdı.
Parkdakı bayaqkı səs-küydən fərqli olaraq, Dağlı məhəlləsi üçün adi bir şey olan bu haray-qışqırıq mənə qətiyyən təsir etmirdi. Çünki mən bu məhəllədə böyümüşdüm. Bu səslər də mənə olduqca doğma idi. Bu ora-bura qaçışan uşaqlar kimi, eynilə əyri-üyrü küçələrdə özümüzün fikirləşdiyi, «altı ağac», «yeddi şüşə», «naqquli» və bir çox başqa oyunlar oynaya-oynaya keçmişdi uşaqlığım. Dondurmasatan gələndə əvvəlcə hamı pul üçün evə qaçır, sonra eyni vaxtda qayıdıb dondurmaçıya hücum çəkirdik. Dondurma ilə birlikdə dil-ağız edib aldığımız tüstülənən dondurma buzunu azca su ilə şampan şüşəsinə töküb qapağını vurur, sonra yerə qoyub xeyli aralıda durub gözləyirdik. Su ilə qarışan buz çox sürətlə əriməyə başlayır və şüşə bir anda qatı ağ tüstü ilə dolurdu. Bir azdan şüşənin içində yaranmış təzyiqdən qapaq partıldı ilə yerindən çıxıb göyə millənirdi. Bizim üçün o şampan qapağı sanki bir raket idi və əldə etdiyimiz buzun miqdarından asılı olaraq şüşənin içində yaranan təzyiqdən şampan qapağı nə qədər yüksəyə millənərdisə, bir o qədər çox sevinərdik. Qapaq isə, doğrudan da çox yüksəyə millənirdi.
Bizim uşaqlığımızda nə indiki pirotexnika, nə fişənglər, nə də başqa oxşar əyləncələr yox idi. Hətta bəzi uşaqların böyüyənədək heç bir oyuncağı da olmurdu, çox şeyi özümüz fikirləşib tapırdıq. Elə buna görə də, həmin uşaqlıq indikindən qat-qat maraqlı idi.
Hələ Tarzan adlı bir qoca, kürən itimiz də var idi. Qonşu məhəllələrin uşaqları ilə vuruşmağa gedəndə Tarzanı da özümüzlə aparırdıq. Qarşı tərəf sayca bizdən nə qədər çox olsa da, Tarzanı görən kimi hamı qaçıb aradan çıxırdı və biz, bircə yumruq belə atmadığımız halda, döyüşdən qalib çıxan əsgərlər kimi sinəmizi qabağa verib geriyə, məhəlləmizə gönürdük.
Bir gün kiminsə mağazadan qayıdarkən yerə dağıtdığı qəndləri Tarzanın xartaxartla yediyini gördük. O gündən hərə oynamağa gələndə evdən Tarzana bir neçə qənd gətirməyə başladı. Cibimizdə gətirdiyimiz qəndləri növbə ilə Tarzana yedizdirir, ona böyük yaxşılıq etdiymizi düşünürdük. Nəticədə, bəlkə də hələ bir neçə il qonşu məhəllələrlə döyüşlərdə bizə kömək edəcək Tarzan iki aydan sonra öldü. Bu bizə çox pis təsir etsə də, həmin vaxt onun nədən öldüyünü başa düşmədik. Çox sonralar bildim ki, itlərə və atlara qənd vermək olar, amma hərdən, lap gec-gec və azcana.
Maşından düşən kimi domino oynayan məhəllə kişiləri məni səslədilər: -Bəxtiyar qədeş, gəl çay iç.
Çay içmək istəməsəm də məhəllənin adətləri yaxınlaşıb onlarla görüşməyi tələb edirdi.
-Salam, oyunçu aparsın. Çay içmişəm, siz nuş edin, - yaxınlaşıb hamı ilə görüşdüm.
-Sağ ol, qədeş, elə oyunçu aparır, - «Professor» ləqəbli Qələndər bir qədər qürurla dominoda udduğunu vurğuladı.
Qələndər dominonu həqiqətən yaxşı oynasa da, mən burada qürrələnməli bir şey görmürdüm. Ancaq bunu ona deməyi lazım bilmədim. Ən yorğun, yuxusu gözündən tökülən insana hobbisi barədə bir sual verin, o dəqiqə yuxunu da, yorğunluğu da unudub həvəslə danışmağa, gözləri parıldamağa başlayacaq. Bu da məhəllə uşağının hobbisidir, nə etmək olar. Qoy əsl dominoçu kimi hamının ona necə həsəd apardığını düşünüb nə qədər istəyir qürrələnsin. Qələndərdi də…
-Yaxşı, mən yorğunam, evə keçirəm. Bir şey lazımdırsa, deyin, təşkil edim.
-Sənin sağlığın, Bəxtiyar. İşində ol, biz də bir azdan keçirik evə.
Evin qapısını açıb içəri keçsəm də, dəhlizin işığını yandırmağa tələsmədim. Uzun illər tək yaşadığım bu evdə gözüyumulu da gəzə bilərdim. Ancaq işığı dərhal yandırmamağımın səbəbi bu deyildi. Həmişə evə girəndə bir müddət dayanır, sakitlikdə özümə məxsus, xüsusi bir hissiyyatla evin ab-havasını dinləyir, sonra içəri keçirdim. Söhbət hansısa təhlükədən getmirdi. Zaman-zaman bunu də, digər şeylər kimi özümə təlqin etdiyim üçün, bu məndə bir növ vərdiş halını almışdı. Hər vəziyyətə hazır olmaq üçün heç də real təhlükənin başının üstünü almasını gözləmək lazım deyil. Hadisə bir dəfə olur. Nə vaxt, hansı şəraitdə səni haqlayacaq, bax bunu heç vaxt bilmirsən.
Hər şey qaydasında idi. İşığı yandırıb otağa keçdim.
Televizoru işə salıb yuyunmaq üçün hamamxanaya keçdim. Qayıdıb televizorla üzbəüz qoyulmuş divana oturdum. Əl-üzümü quruladığım dəsmal hələ də əlimdə idi. Gözlərim televizora baxsa da, fikrimdə bu günkü görüşün detallarını saf-çürük edirdim. Beynimdə həmin görüşdə edilən söhbəti sanki maqnitofon lenti kimi geri fırlayır, təkrar-təkrar dinləyirdim.
Bayaq müəllimimin bildiyi, ancaq hələlik mənə demək istəmədiyi bir şeyin olduğunu düşünmüşdüm. Əgər məntiqlə yanaşsaq, bu nə ola bilərdi? Məntiq bu halda nə deyir?
Təcrübəli polkovnik uzun illər bu işin qətl olduğuna inanaraq ipucu axtarıbsa və ehtimalları təsdiqləndikdən sonra əvvəlkindən on qat çox ehtiyatla davranırsa, deməli elə hadisə baş verən vaxtdan onun şübhələndiyi, ancaq əlində konkret dəlillər olmadığı üçün adlarını çəkmədiyi şəxslər var. Bu şəxslər isə, hər kimdirlərsə, onlar üçün adam öldürməklə bir milçək öldürməyin heç bir fərqi yoxdur. Daha doğrusu, kimisə öldürməyin yox, ölümünə fərman verməyin. Adətən belə insanlar özləri əllərini qana batırmır, bununçün əllərinin altında saxladıqları, hər bir tapşırıqlarını yerinə yetirməyə hazır olan buyruqqulu insanlardan istifadə edirlər. Onları insan yox, insan materialı adlandırsaq daha düzgün olar.
Amma yox. Tam olaraq belə deyil. Hər bir əlaltıdan istənilən məqsədlə istifadə etmək olmaz. Belə əlaltıların hərəsinin öz təyinatı var. Qatil olmaq hər kəsin bacaracağı iş deyil. Cinayət aləmində qatillər xüsusi kateqoriyaya aiddirlər. Deməli, köməkçilərin də içində seçilmişləri var. Qətl törətməyə hazır olanları. Əgər polkovnikin şübhələndiyi adamların əlləri altında bircə beləsi var idisə, bu yetərli idi. Hamısının belə olması vacib deyildi.
Yaxşı bəs bu sənə nəyi xatırladır, Bəxtiyar?
Televizorun səsini bir qədər azaltdım.
Əgər bu dediklərimi həqiqətə yaxın ehtimallar kimi qəbul etsəm, bu ehtimallar birbaşa cinayətkar aləmin «elita»sını hədəfə götürür. Çünki bütün bu indi düşündüklərim həbsxana qanunları ilə eynilik təşkil edir.
Yaxşı, cinayət aləminin yazılmamış qanunları barədə məlumatlısan. Elə isə, yaddaşındakıları təzələ və gör araşdırmağa başladığın ölüm işində bu sənə nəsə verəcəkmi?
Nədən başlayaq? Müəyyən yaş dövründən sonra bütün mövcudluqları, hətta azadlığa çıxdıqdan sonra da həbsxana ilə birbaşa bağlı olan insanların təhlilinə elə həbsxanalardakı qaydalardan başlasam, məncə, düz olar. Bu aləmin ierarxiyasında insanlar təbəqələrə bölünürlər. Bu təbəqələr də, cinayət aləminin digər qanunları kimi vaxtilə on beş respublikanı özündə birləşdirən SSRİ-də formalaşıb və hazırda da elə ən çox həmin on dörd respublikanın «böyük qardaş»ı sayılan Rusiyanın azadlıqdan məhrumetmə yerlərində yaşamaqdadır.
Ən aşağı təbəqədə «üzdəniraq»lar dayanır. Bu təbəqəyə, əsasən, təbiətən bu işə meyli olanlar, uşaqbazlar, aktiv və passiv pedarastlar, zorlama maddəsi ilə məhkum olunanlar aid edilirlər və elə məhkumluqlarının ilk günündə onlara yerləri göstərilir. Ancaq onlarla yanaşı, cəza növü kimi, hansısa «səhv»ə yol verərək içərinin yazılmamış qanunlarını pozmuş məhbuslar da bu təbəqəyə atıla bilərlər.
Onlara yaxın olan bir kateqoriya məhbuslar da var ki, «üzdəniraq» olmasalar da, bunlar üst-başlarına fikir verməyən, olduqca pinti olan və elə bu məziyyətlərinə görə birincilər kimi hamının aralı gəzdiyi məhbuslardırlar. Birincilərlə də, ikincilərlə də əl tutub salamlaşmaq belə, dərhal onların sıralarına qoşulmağa səbəb olur. Ona görə də hamı onlardan uzaq gəzir. Əsasən, ayaqyolunu təmizləmək və sair kimi ən çirkin işləri onlara gördürürlər. Bu kateqoriyaya aid olan məhbuslara ikrah hissi o qədər güclüdür ki, hətta onların yemək yedikləri alüminium boşqabların yan tərəfində kiçik deşiklər açılır. Bu, ümumi yeməkxanada həmin boşqabların tanınması və kiminsə boşqabı ilə səhv düşməməsi üçün edilir. Çünki, kimsə bilmədən belə, onların boşqabında yemək yeyərsə, «bulaşmış»lardan hesab olunur və özünə hörmət edən məhbuslar dərhal onunla bütün münasibəti kəsirlər.
Bundan sonra gələn kateqoriya həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərdir ki, onları da digər məhbuslardan heç biri qəbul etmir, satqın, xəbərçi kimi tanıyırlar. Burada da hər şey aydındır.
Növbəti kateqoriya «mujik» kimi tanınan kişilərdir. Bu kateqoriyaya aid olanlar çoxluq təşkil etməklə, adətən hər-hansı təsadüf ucbatından həbsxanaya düşənlər, bir də ki, bilərəkdən törətdikləri cinayətə görə həbs olunsalar da, düzgün kişi kimi qalaraq həbsxana ierarxiyasında bundan o yana getmək fikri olmayanlardır. Məhz bu səbəbdən onlara, «kişi» kimi tərcümə olunan «mujik» adı veriblər. Onlar əsasən əməklə, fiziki işlə məşğul olur, günlərini saymaqla onlara kəsilmiş cəzanın müddətinin başa çatmasını və azadlıqda normal həyata qayıtmalarını gözləyirlər. Onların digər məhbusla yaranmış istənilən anlaşılmazlığa aydınlıq gətirmək üçün özlərini müdafiə etmək hüquqları olsa da, başqa heç bir məsələdə heç bir söhbətə qarışmağa ixtiyarları yoxdur. Hə, bir də, iki məhbus arasında yaranmış mübahisənin araşdırılmasında, əgər nəsə görüblərsə, şahidlik edə bilərlər…
Bunlardan sonra gələnlər «bərkgedən»lər, özlərini bir növ avtoritetli məhbus hesab edənlərdir. Rusiya həbsxanalarında bunlar «blatnoy»lar adlanırlar, yəni «hörmət sahibləri». Bax bu kateqoriyanın rolu həbsxana həyatında olduqca böyükdür. Əvvəla ona görə ki, onlardan yuxarıda yalnız və yalnız cinayət aləminin «elita»sı sayılan «lotu»lar dayanır və elə «lotu»ların elitaya gedən yolu da «bərkgedənlik»dən keçib. Deməli, bu kateqoriyadan olan hər bir məhbus, hər-hansı səhvə yol verməzsə və «oğru» qanunlarına riayət edərsə, gələcəyin potensial «lotu»su, başqa sözlə «qanuni oğru»sudur. Əgər «lotu»ların sayı yüzlərlə ölçülürsə, «bərkgedən»lər minlərlədir və kifayət qədər hüquqlara malikdirlər. Təbii ki, söhbət «həbsxana qanunları» adlanan, onların özləri özlərinə yaratdıqları hüquqlardan gedir. Bu kateqoriyadan olanlar, adətən, heç bir faydalı əməklə məşğul olmurlar, ancaq «bərkgedən» statusu almaq üçün də müəyyən tələblər var. Belə ki, azadlıqda olarkən hər hansı xidmət növü ilə bağlı əmək fəaliyyəti ilə məşğul olan, deyək ki, taksi sürücüsü, ofisiant, bərbər kimi başqalarına xidmət göstərənlər, o cümlədən hərbi xidmətdə olanlar həbsxanada bu statusu daşıya bilməzlər.
Onların «obşak» adlanan oğru kassasındakı pullardan müəyyən məqsədlər üçün istifadə etmək, həbsxanadaxili konfliktləri araşdırmaq, «lotu» olmayan yerdə «təqsirkar»lara cəza kəsmək səlahiyyətləri var.
Stop! Təqsirkar demişkən, bəlkə… Niyə də yox? «Cəllad»lar və «Torpeda»lar. «Cəllad»lardan başla. «Cəllad»lar oğru yığıncaqlarında «lotu»ların, başqa adda isə «qanuni oğru»ların kəsdikləri cəzanı yerinə yetirənlərdir və cinayət aləmində kifayət qədər yüksək statusa malikdirlər. Hələ sovet dövründən onlar əsasən çox böyük müddətə, bəzən hətta iyirmi beş ilədək azadlıqdan məhrum edilmiş soyuqqanlı məhbuslardan seçilirdi. Həmin dövrdə uzun müddət ölüm hökmü tətbiq olunmadı. Elə buna görə də, belə böyük cəza müddəti bitənədək həyatda qalmasına heç bir ümidi olmayan məhbus kimisə öldürməklə heç nə ilə risk etmir, olsa-olsa ifşa edilərsə, iyirmi beş illik cəza müddətinin üzərinə bir neçə il də əlavə olunurdu ki, bu da onunçün heç nəyi dəyişmirdi.
Sonrakı illərdə sovet qanunlarında ölüm hökmünün tətbiq edilməsinə səbəb olan bir amil də elə bu oldu.
«Cəllad»lar öz statuslarını gizli saxlamır, heç nədən çəkinmədən bunu simvolizə edən döymələr gəzdirirdilər. Hamının ehtiyat etdiyi belə məhbusların istifadə etdikləri əsas döymələr, kapyüşon adlanan baş geyimində olan, əlində balta tutmuş cəllad şəkli, bəzi hallarda isə dişlərini qıcamış pələng və ya canavar rəsmidir.
Hətta «cəllad» olmuş bəzi məhbusların sonradan «qanuni oğru» adı alması halları da məlumdur. Bir sözlə, bu tip məhbuslar olduqca təhlükəlidirlər. Hələlik bunları bir tərəfə qoyaq və «torpeda»lara keçək.
«Torpeda»lar «cəllad»lardan fərqli olaraq, heç də qatil rolunu öz iradələri ilə seçmirlər. Onlar ən çox qumar borcu olub, həmin borcu vaxtında ödəyə bilməyənlərdirlər. Cinayət aləmində qumar borcu, nə qədər paradoksal səslənsə də, «müqəddəs» sayılır və onu ödəyə bilməyən borclu olduğunun əsarətinə keçir, bir növ, onun quluna, başqa sözlə «torpeda»sına çevrilir. Bu zaman o «sahib»inin istənilən, hətta kimisə öldürməsi barədə tapşırığını da qeyd-şərtsiz yerinə yetirməlidir ki, borcu bağışlanılsın. Bir borca görə «torpeda»ya çevrilən, bir tapşırığı yerinə yetirməklə «torpeda»lıqdan çıxmış olur. Tapşırığı yerinə yetirməyənin özünü ən yaxşı halda fiziki ölümdən daha betər olan, «üzdəniraq»ların yanına atılmaq kimi mənəvi ölüm gözləyir. İstəmədiyi halda bu vəziyyətə düşsə belə, bunun nə olduğunu gözəl anlayan «torpeda», «üzdəniraq» olmaqdansa, verilən tapşırığı yerinə yetirməklə kiminsə qatili olmağa üstünlük verir.
«Torpeda»lar tərəfindən planlaşdırılmış qətllər adətən gecə saatlarında, hamı yatdıqdan sonra həyata keçirilir. «Torpeda»lar haqqında da bu qədər.
Yaxşı bəs buradan nə nəticə çıxarmaq olar? Yenə də stop! Day-dayın oğlu da gecə saatlarında qətlə yetirilib. Bunu dəqiq bilirəm. Burada «cəllad»dan çox «torpeda» dəst-xəttinə oxşarlıq müşahidə olunur.
Əgər belədirsə, deməli Day-dayın oğlunun qətli arxasında, böyük ehtimalla, elə ilk dəqiqələrdən düşündüyüm kimi, həyatlarının çoxunu dəmir barmaqlıqlar arxasında keçirmiş, azadlığa çıxsalar belə, yenə də həbsxana qanunları ilə yaşayan, başqa yaşam tərzini təsəvvür etməyən və ya xislətlərinə görə başqa cür yaşamaları mümkünsüz olanlar durur.
Bəli, çayxanada da, indi də apardığım təhlillər əsasında gəldiyim nəticələr heç də ürəkaçan deyil. Ən azından, əminəm ki, keçmişdə törədilmiş bu qətllə bağlı araşdırma olduqca «maraqlı» bir araşdırma olacaq…
Ömründə heç kimdən və heç nədən qorxmayan polkovnik Dadaşzadənin hələlik «yatmış əjdahanı» oyatmamaq üçün son dərəcə ehtiyatla davranmasını da bura əlavə etsək, ehtimallarım həqiqətə bir qədər də yaxınlaşır.
Təcrübəli əməliyyatçı heç vaxt yersiz addımlar atmır, hadisələri nə tələsdirir, nə də bir saniyə gecikməyə qoymur. Yalnız əgər qarşı tərəfi «tərpətmək» və səhv etməyə vadar etmək lazımdırsa, onda qəsdən özünü büruzə verir və səhvin nə vaxt buraxılacağını gözləməyə başlayır.
İndiki halda kim olduğunu belə tam müəyyən etmədiyimiz qarşı tərəfin hələ ki, yatması bizim xeyrimizə idi. Yatmış düşmənin başının üstünü qəfildən almaq daha asan olur…
Elə yatmış demişkən, məncə, bu günlük bəsdir. Yatmaq, səhərə gümrah olmaq lazımdır.
Qalxıb televizoru və işığı söndürüb yataq otağına keçdim. Yorğun olduğum üçün yəqin ki, tez yuxuya gedəcəkdim.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Nassim Taleb gözlənilməzliyin təntənəsi barədə
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk/
Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.
GÖZLƏNİLMƏZLİYİN TƏNTƏNƏSİ BARƏDƏ
Nassimin gətirdiyi başqa bir fakt – qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını – Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya «Rekursiyanın tarixi» adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: «Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar».
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Fərid Hüseyn Məhəmməd Füzulinin oğluna yazdığı “Fəzliyə nəsihət” qəsidəsi haqqında
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində növbə essenindir, gənc şair Fərid Hüseyn Məhəmməd Füzuli poeziyasına rakurs edəcək.
ESSE
Fərid HÜSEYN
TƏBİƏT AYNASI...
(Məhəmməd Füzulinin oğluna yazdığı “Fəzliyə nəsihət” qəsidəsi haqqında)
Qızıl çağ
Orta əsrlər, bəlkə də, bəşəriyyətin tarixində ən maraqlı dövrdür. Çünki həmin əsrlərdə insan şüuru nə lap qədimlərdəki kimi primitiv idi, nə də indiki qədər ultra-müasir. Sanki orta əsrlər həm də bəşəriyyətin qızıl ortası idi. O çağlarda insan nə təbiəti ram etmək barədə çox əlləşib-vuruşurdu, nə də günümüzdəki qədər təbiəti ram edib ona qarşı marağını itirmişdi. Ona görə də insanlar çox zaman özünü təbiətlə eyniləşdirməyə can atırdı – bir sözlə, Adəm oğlu özünü daha çox təbiətdən sayırdı. Bundan başqa orta əsrlər həm də dinlərin insan həyatında, dünyagörüşündə oturuşması baxımından olduqca əlverişli dövr idi. Dinlərin cəmiyyətdə mövqeyi gücləndikcə insanın təbiətə ehtiramı da artırdı. Əgər qədim insan bir sıra hallarda təbiəti önəmsəmirdisə, yaxud müasir insan təbiəti dağıdıb onun mini modellərini yaratmağa üstünlük verirsə, orta əsrlərdə bunların heç biri, demək olar ki, yox idi. Ona görə də təbiət “müqəddəsləşdirən” orta əsrlərdə ədəbiyyatın və incəsənətin başlıca qəhrəmanlarından sayılırdı.Həmin çağlarda, demək olar ki, insan öz mahiyyətini təbiət vasitəsi ilə anlayırdı.
Daniel Chamovitzin “Bitkilərin bildikləri” kitabında bitkilərin rəng tanıması, hərarəti hifz etməsi, bir-birləri ilə mübarizə aparması və sair kimi faktları oxuduqca dünya içində başqa bir dünya olduğunu düşünürsən. Müasir insanın cahilliyi ondadır ki, indi çox zaman adamlar təbiətin gözəlliklərini kənardan seyr edərək duya bilmir. Əfsus ki, bu gün bir sıra məqamlarda meşə ağaclarını həyətlərə, ov quşlarını qəfəslərə, çəmənləri asfaltların yanına gətirməklə gözəllik yaratdığımızı düşünürük. Halbuki təbiətin dekorasiyasından aldığımız həzzlərdən qat-qat daha artığı təbiətin özündə var. İnsanın ən böyük səhvlərindən biri yaradılışlar arasında ancaq özünün şüurlu olmasına inanmasıdır. Əgər bu qənaət əsrlər əvvəl aradan qalxsaydı, onda insan indikindən qat-qat daha qabil varlıq olardı, nəinki günümüzdəki qədər aciz və təkəbbürlü.
"Qurani-Kərim"in hikməti...
Əgər "Qurani-Kərim"ə – orta əsrlərin əsas dini kitabına fikir versəniz, günəşin göydəki hərəkəti, gecə ilə gündüzün əvəzlənməsi, habelə heyvanların və ağacların yaradılmasının hikməti barədə bu müqəddəs kitabda insanı heyrətlənməyə “dəvət edən” çoxsaylı ayələr var. İnsan orta əsrlərdə təbiəti Yaradan tərəfindən insanlara bağışlanmış bir hədiyyə kimi dərk edirdi. Ona görə də insan ona bağışlanmış təbiətin üstünlüklərini dərk etməyə, lazım gələndə özünü onunla eyniləşdirməyə –bir sözlə, təbiətin aynasında güzgülənməyə çalışırdı. Məsələn, “Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik”. "Ər hicr" surəsi, 19-cu ayə. Yaxud Ər-Rəhman" surəsində Allah buyurur: “O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki, tərəzidə həddi aşmayasınız”. "Qurani-Kərim"in bu cür ayələrində insanlardan tələb olunur ki, Allahın yaratdığı möcüzələrə sadə nəzərlərlə yox, minnətdarlıqla baxsınlar. Bu halda insan təbiəti daha dürüst anlayar və onda, həqiqətən də, bəşərin əşrəfi olar.
Onun zamanında
Füzuli də orta əsrlərin dini inanc sisteminə, islam dininə bağlı bir şair idi deyə, onun üçün təbiət Tanrının yaratdığı hikmət ünvanlarından, ibrət dalğaları ilə coşub çağlayan ümmanlarından idi. Təsadüfü deyil ki, “Fəzliyə nəsihət” əsərində şair,sadəcə, öz başına gələnlər əsasında, yaxud bildikləri xüsusunda oğluna nəsihət vermir. O, təbiətdən aldığı dərsi övladı ilə bölüşür: beləcə, həm Füzuli, həm də Fəzli təbiətin ibrət dərsindən pay götürmüş olurlar. Təbiətə ibrətli olmağı, insanlara lazım gələndə yol göstərməyi Allah məqbul görüb, təbiətdən isə Füzuli ibrət alıb və aldığı öyüdü, nəsihəti, nəticəni oğlu ilə bölüşür. Dolayısı ilə bu ibrət təkcə təbiətə deyil, dərin qatda Allahın yaradılış hikmətinin xəzinəsinə aiddir. Yəni məsələnin kökü Allahın doğru bildiyi məsələyə gedib çıxır.
Bağın ibrəti
Füzuli oğlu Fəzliyə nəsihətində yazır ki, bir gün bir bağa getdim, orada bir ağaca baxdım və onun meyvəsinin necə böyüməsini izlədim. Bu tamaşadan, müşahidədən sonra valideyn-övlad münasibətləri, mənim səninlə haçansa ayrılacağımızın labüdlüyü mənim üçün aydınlaşdı. Necə ki meyvə ağacdan ayrılır, elə gün gəlirki, o sayaq da övlad valideyndən ayrılmalı olur. Bu mənzərədən belə bir nəticə hasil olur ki, deməli, insan ən böyük təsəllini bizdən qat-qat daha çox bəhrə verən təbiətdən almalıdır.
Təbiətin aynası...
Ağac böyüyür, qol-budaq atır, çiçəkləyir, sonra isə yarpaqlayır. Ancaq ağacın məqsədi nə böyümək, nə qol-budaq atmaq, nə də çiçəklənməkdir. Heç yarpaqlamaq, kölgə salmaq da ağacın məqsədləri sırasına daxil deyil. Ağacın məqsədi meyvə yetişdirmək, bar verməkdir. Çünki Tanrı meyvəni ağacın missiyası – dəyəri təyin edib. Allahın müəyyənləşdirdiyi missiyasından kənarda isə təbiət öz mənasını itirir. Əgər meyvə ağacı meyvə gətirmirsə, onun varlığının ciddi mənada anlamı qalmır. Amma söyüd ağacı bar gətirməsə də, dəyərli sayılır, çünki Allah söyüd ağacına bar vermək kimi bir missiyahəvalə etməyib. Biz insanlar ya şüurlu, ya da təbiətən bu cür missiyaların mahiyyətyini duyduğumuza görə söyüd ağacından bar gözləmirik, onun qol-budaqlarının şaxələnib, kölgəliyinin böyük olması bizə bəs edir. Yəni Yaradanın varlıqlar üçün müəyyənləşdirdiyi öhdəliklər həm də insanların təlabatlına uyğun nizamlanıb.Eyni zamanda unutmayaq ki, insanlar ağaca həm də ona görə qulluq edirlər ki, onun meyvəsi, bəhrəsi yetişsin, yəni bu missiya təbiət-insan vəhdəti ilə tamamlanır. Su, gübrə, münbit torpaq ağacın ruziləridir. Necə ki, ağaca meyvəsi olsun deyə, Tanrı ruzi yetirir, eləcə də valideynlərin övladlarına görə Yaradan nemət paylarını artırır. Qayıdaq əvvəlki məsələyə, ağacın mahiyyətinin meyvədə olmasına və meyvə yetişəndən sonra ağacdan ayrılmasının labüdlüyü məsələsinə.
Ziddiyyət çələngləri
Ağac ətirsizdir, amma elə ki onun meyvəsi olur, bu məqamda ağacla onun meyvəsi arasında ziddiyyət yaranır. Ətirsiz varlıq olan ağac, ətirli varlıq olan meyvəni yetişdirir. Eyni zamanda hər ağacın meyvəsinin rəngi də o ağacın gövdəsinin, budaqlarının rənginə bənzəmir. Bu da bir başqa ziddiyyəti meydana çıxarır. Deməli, ağac həm rəng, həm də ətir baxımından fərqli bir varlıq yaradır.Füzuli bu ziddiyyəti belə təsvir edir:
Həddi-kəmalə çatmadan o, meyvə daima.[1]
Üstündə idi, ol ağacın, şad, kamiran.[2]
Dəydi, ağacla bir-birinə zidd oldular.
Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.
Meyvə tam yetişdikcə bu ziddiyyətlər daha daartır və sonda ayrılıqtamamilə qaçılmaz olur. Əgər meyvə ağacdan dərilməsə,bu halda insanlar ona ya daş atıb yerə salacaqlar, ya da hava onları çürüdüb heçə döndərəcək. Yəni meyvənin ağacdan ayrılmamaq kimi bir yolu yoxdur. Ayrılıq dünyanın mahiyyətində var: ona görə ayrılıq ya təbiətin əli ilə olmalıdır, ya da insanın.Bir sözlə, ziddiyyətli qütblərin haçansa ayrılması labüddür.
Yükün ağırlığı
Eyni zamanda meyvə ağacda qaldıqca ona yük olur, sanki ağacın təbiətə baxan gözlərinin qarşısını kəsir. Övlad da əgər gecə-gündüz valideynin yanında olsa, valideyn onun böyüdüyünün fərqində olmaz, beləcə, ata-ananın dünyaya, həqiqətə baxan gözləri baş verənləri bütün mahiyyəti ilə görməz. Övladın valideyndən müəyyən qədər uzaqlaşması valideynin dünyanı, təbiəti daha yaxşı görməsinə, anlamasına səbəb olur.Bu da bir hikmətdir ki, həsrət insanın gözlərini dünyaya daha geniş açır.
Həqiqət aləmi
Füzulitəbiət-insan eyniləşdirilməsi fonunda oğluna deyir ki, mən ağacam, sən meyvəsən, dünya bağdır, fələk isə qoca bağbandır. Yarpaq, budaq, ağacın çiçəkləri isə arvadımla mənim mal-mülkümdür. O mal-mülk isə meyvənin böyüməsinə, yəni sənin həddi-büluğa çatmağına sərf olunur. Necə ki ağacın çiçəkləri meyvənin yetişməsi üçün bir vəsilədir.
Salsan həqiqət aləminə yaxşı bir nəzər,
Sən meyvəsən, mən isə ağac, dəhr,[3] busitan.[4]
Dünya bağında hər ağacı bəsləmək üçün
Qəddibükük fələk özüdür piri-bağiban[5].
Yarpaq, şükufə, [6]şaxə[7] əgər bilməsən nədir,
Arvadla mal-mülküm idi, ey əzizi-can.
Meyvələrin sümükləri...
Meyvə töküləndən, ağacdan ayrılandan sonra ağacların budaqları sür-sümük kimi görünür. Sanki sümük ətdən ayrılır. Uşaqlardan – öz meyvələrini yetirəndən, onlar dəriləndən sonra valideynlərin də canları əriyir, ömürləri gedir.Övladları dəymiş meyvə həddinə gətirən, tam böyüdən valideynlər az qala bir ovuc sümüyə dönürlər. İnsanın sümükləri öləndən sonra, ağacın sümükləri, yəni budaqları meyvələr ondan qopandan sonra tam görünür. Füzuli bu misaldan sonra oğluna deyir ki, biz ayrı yaşamalıyıq, çünki həyatdaməqsədlərimiz başqadır. Hər insanın dili – təbiətlə danışması, həm də onun arzusudur. Şair oğluna deyir ki, biz “həmzəban,” yəni eyni dildə danışan insanlar deyilik. Hər insan dünya ilə öz arzusunun dili ilə dil tapmağa çalışır. Arzuları fərqli olan insanların dilləri də bir ola bilməz.
Ziddiyyətin ziddiyyəti
Meyvənin də məqsədi yetişməkdir, ağacına məqsədimeyvəni yetişdirməkdir. Bəs burada ziddiyyət nədədir? Ziddiyyət ondadır ki, ağacın məqsədi meyvəsini böyütməkdir, meyvənin məqsədi isə budaqlardan şirə, yarpaqlardan nəfəs çəkərək özünü böyütməkdir. Həyatın gedişatı budur ki, valideyn övlad üçün nələrsə edir, övlad isə özü üçün nələrsə edir, amma çox zaman övlad elə bilir ki, valideyn onun üçün etdiklərini, əslində, özü üçün edir.
Təbiətin təsəllisi
Füzuli təbiətdən misal gətirməklə, əslində, insanlığa bir təsəlli vermiş olur. Əgər ağaclar bu labüd ayrılığı həyat tərzinə çeviribsə, deməli, insan da bu aqibətdən pəjmürdə, narahat olmamalıdır. İnsan təbiətə baxaraq yaşayarsa, özünü daha yaxşı anlayar. Əgər biz özümüzə “bəşərin əşrəfi” deyərək digər canlılardan əlahiddə üstünlük sayırıqsa, bu halda biz təbiətin bir hissəsi olmaqdan çıxır, ən pisi isə özümüzü yaradılışdan ayırmış oluruq. FrensisBekon deyir ki, təbiəti ram etməyin ən yaxşı yolu ona tabe olmaqdır. İnsan təbiəti anlayaraq, ondan əks olunanları öz həyatına yansıdaraq dünyanın mahiyyətini daha yaxşı anlaya bilər.
Zəmanəyə susmaq
Hər meyvə ağacının qoxusunu daşımadığı, rəngini öz üzərində əks etdirmədiyi kimi hər valideynin özəlliklərinə də onun övladı sahiblənmir. Maraqlıdır ki, əsərlərində dünyanı tez-tez qınayan, yaşadığı dövrü günahlandıran dahi Füzuli bu ziddiyyətlərdən danışarkən zəmanənin adını çəkmir. Bu əsərdə zəmanə ümumi mənada sanki təbiəti simvolizə edir.
Yaradılışın dili
Əgər Füzulinin alleqorik əsərlərinə fikir versək, görərik ki, müəllif bu tipli əsərlərində həm cansızları – tiryək və şərabı (“Bəngü Badə” – “Tiryək və şərab”), həm canlıları, – bədən üzvlərini, (“Səhhət və Mərəz” – “Sağlamlıq və Xəstəlik”),meyvələri (“Söhbətül-əsmar” – “Meyvələrin söhbəti”)danışdırır, onların surətlərini canlandırırdı. Necə ki canlıları Allah öz nəfəsini verərək yaradıb, eləcə də cansızları insan öz nəfəsini verərək“yaradır”. Bu mənada, əslində, dünyadakı çox şey canlıdır. Sadəcə, insan ətrafındakı yaradılışlarla dil tapmağı öyrənməldir. İnsanın yaratdığı cansız təbiətin “dilini tapanda” onu diriltmiş olur, Allahın yaratdıqlarının dilini tapanda isə insan özündən başqa varlıqların da canlı olduğunu qəbul və idrak edir.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Oksfordla Kembric, yoxsa Harvard? - Seçimi ikinciyə edir
İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzinin elan etdiyi dünyanın ən nüfuzlu 500 MÜSƏLMANINDAN BİRİDİR O
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Kiminsə iqtidara meyilli, kiminsə müxalifətyönlü olması əsas deyil. Fikir ayrılığına görə insanları müxtəlif cinahlara bölmək yanlışdı. Bu bölgü xalqı parçalamağa bir cəhddir. Bəli, hansı cinahda təmsil olunduğundan asılı olmayaraq, hər bir insanın mahiyyəti onun əməllərində, düşüncələrində gizlənir...
Valideynlərinin hər ikisi də müəllim olduğundan ailədə təhsilə xüsusi diqqət olub. Necə deyərlər, atasının müəllim tələbkarlığı onun və qardaşlarının həyatında mühüm rol oynayıb. Doğrudur, atası dünyasını tez dəyişib, amma ailədəki təhsil mühiti həmişə hökm sürüb. Oxuduqca hiss edib ki, doğulduğu Aşağı Güzdək kəndindəki məktəbdən fərqli məktəbə getməlidir. Beləliklə, Füzulidəki Bünyad Sərdarov adına orta məktəbi seçib. 2 il sonra yenə də hiss etdib ki, texniki fənlərlə bağlı ixtisaslaşmış məktəbə getməlidir və bu dəfə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbə üz tutub, imtahan verərək həmin məktəbin şagirdi olub. Orta təhsilini başa vurduqdan sonra, qəbul imtahanlarında yüksək bal toplayaraq iqtisad universitetinə qəbul olunub. 1997-ci ildə isə həmin universitetin aspiranturasında təhsilini davam etdirmək qərarına gəlib və 2002-ci ildə iqtisadiyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
Deyir ki,- “Məncə, dünyada ən güclü təhsil məhz ABŞ-dadır. Mən qohumlara da orada oxumağı məsləhət görürəm. Bilirsiniz, Böyük Britaniyanın ən güclü univeristetləri Oksford və Kembricdir. Amerikada isə Yeni İngiltərə adlanan ərazidə, Massaçusest ştatına yaxın ştatlarda MİT, Harvard, Boston Kollec kimi təhsil müəssisələri əslində bir “Kembric school”dur. Həmin məktəblər arasında rəqabət olub. Ötən əsrin 80-ci illərində qədər İngiltərə öndə idisə, indi ABŞ təhsili önə keçib. Ona görə, beyin axını da ABŞ-a istiqamətlənir. Amerikada təhsil almaq həyatımda həlledici məqamlardan oldu. ABŞ-da təhsil aldığım müddətdə müşahidə edirdim ki, insanlar daim axtarışdadır.”
Bəli, ABŞ çox fərqli bir ölkədir. Hətta orada bir il yaşamaq insan təfəkküründə dərin izlər buraxır, dünyaya, həyata baxışlarını dəyişir...
“Mənim xaricdə qalmaq imkanlarım daim olub. Kanadada təhsil alanda getdiyim proqram vasitəsilə hər il yalnız bir nəfər Azərbaycandan qəbul olunurdu. Məndən öncəki il və məndən sonrakı il qəbul olunan azərbaycanlıların hər ikisi orada yaşamağa qərar verdi. Orada vətəndaşlıq alıb, qaldılar. Mən isə həmişə çalışmışam ki, Azərbaycana qayıdım. Torpağa bağlılığım öz yerində, həm də beyin mərkəzi istiqamətində, ya da hansısa dövlət qurumunda çalışaraq ölkəmə fayda verməyi üstün tuturdum. Azərbaycanda o zaman beyin mərkəzləri praktikası yox idi, ona görə bu sahəni ölkəyə gətirmək istəyim artırdı.”- söyləyir.
Haqqında söhbət açdığım Vüqar Bayramov Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub. Eyni zamanda Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilib. O, həmçinin "Avstriya Liderlik Proqramları"nın ilk azərbaycanlı məzunudur. 2010-cu ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) onu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib. ABŞ-da təhsil alan zaman yeni instutsional iqtisadiyyat üzrə tədqiqatlarda fərqləndiyinə görə Nobel mükafatı laureatı, iqtisadçı Ronald Kosun imzaladığı xüsusi diploma da layiq görülüb. Eyni zamanda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi və sədridir. Bu təşkilat, 2018-ci ildə ABŞ-nin Pennsilvaniya Universiteti tərəfindən yayımlanan "The 2018 Global Go To Think Tank Index (GGTTI)" məruzəsinə görə, qlobal miqyasda 177 təşkilat arasında 153-cü yerdə qərarlaşıb, Mərkəzi Asiyanın 10 ölkəsi üzrə isə ən güclü beyin mərkəzi elan edilib.
Deyir ki,- “Mən hər hansı bir siyasi partiyada heç vaxt təmsil olunmamışam. Düşünürəm ki, müstəqil olmaq problemlərə daha yaxından töhfə verməyə şərait yaradır. İngiliscə ifadə etsək, mən daha çox “policy” tərəfdarıyam...”
Göründüyü kimi Vüqar Bayramov öz sahəsində xeyli uğurlara imza atıb. 2020-ci il 9 fevral taixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən seçicilərin 71% səsini qazanaraq VI çağırış Milli Məclisin deputatı seçilib. Hazırda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.
Bu gün- iyunun 13-ü Vüqar bəyin ad günüdür, 48 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Regionlarda kredit qoyuluşları 22,7 faiz artıb
Növbəti Açıq portfel xəbəri: Cari ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb.
İqtisadiyyat Nazirliyi xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları 4,7 milyard manat təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Replika: Milli Parkda kaktusları hansı nanəciblər kəsiblər?
Sosial mediada bir neçə gündür ki, Milli Parkda kaktusların kəsildiyini göstərən fotogörüntülər yayımlanır. Sözlə ifadə edilə bilinməyəcək dərəcədə nanəciblikdir, vandalizmdir. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu hadisəni şiddətlə qınayırıq.
Dənizkənarı Bulvar İdarəsi bu xoşagəlməz hadisə barədə açıqlama verib. Açıqlamada deyilir ki, Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə idarə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq.
Dənizkənarı Bulvar İdarəsi bildirir ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımlar atılıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-sahmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür.
Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur.
Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır.
Və gəlin etiraf edək ki, tək qadağalarla, mühafizəçilərlə, polis qorxusu ilə iş aşmır, əgər insanın içində vicdan, məsuliyyət, vətəndaşlıq duyğusu yoxdursa, onda cəmiyyət daim ziyan görəcək.
Necə ki, digər ağacların, skamyaların üzərinə cızılaraq adlar yazılır, Milli Parkdakı kaktusların üzərinə də cızılaraq baş hərflər və ürək işarəsindən ibarət sevgi məlumatı yazılırdı, amma kaktusu kəsmək nədirsə yeni əyləncədir.
Və ən dəhşətlisi odur ki, bəlkə də həmin nanəcib bu alçaq hərəkəti digər insanların gözü önündə edib. Amma “nəyimə gərək” deyib yanından düz keçiblər kimlərsə.
Gəlin hamılıqla gözəllikləri qoruyaq.
Yoxsa çirkinlikliyə qərq olacağıq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)