Super User

Super User

Saz qədimlərdən bəri xalqımızln milli musiqi yaddaşı kodunu özündə saxlayan çalğı alətidir. Növbəti xəbər onunla bağlıdır. 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sazbəndlik və sazbəndlər” adlı layihə çərçivəsində işlər uğurla davam etdirilir. 

 

Bu barədə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu mediaya açıqlama verib. 

O qeyd edib ki, dörd ay ərzində başa çatdırılması nəzərdə tutulan layihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb: bir sənət sahəsi kimi sazbəndlik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı, simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmaların nəticəsi olan geniş məlumatla yanaşı, xronoloji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcılıqları haqqında lazımı bilgilər toplanılıb. Ümumilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da məlumatın verilməsi nəzərdə tutulur. 

Layihə çərçivəsində görülən işlərlə bağlı mütəxəssis rəyi alındıqdan sonra kitab yaxın günlərdə nəşr olunması üçün mətbəəyə təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı Dünya ədəbiyyatından seçmələr rubrikasında sizləri tatar yazıçısı Rabit Batullanın “Canından can ver” hekayəsi ilə tanış edəcək. Hekayəni Azərbaycan dilinə türkoloq Məleykə Mirzəli çevirmişdir.

 

 

Rabit BATULLA

(Роберт Мөхлис улы Батуллин) –

yazıçı, dramaturq, tərcüməçi, rejissor

 

1938-ci il martın 26-da Tatarıstanın Zəy rayonunun Tübən Lojı (Olıjı) kəndində müəllim ailəsində anadan olub. Uşaqlığı Şikmamaevo kəndində keçib. 1956-1961-ci illərdə Moskvada M.S.Şepkin adına Teatr məktəbinin aktyorluq şöbəsinə daxil olub. Məktəbi bitirdikdən sonra Əliəsgər Kamal adına Tatar Akademik Teatrında aktyor kimi çalışıb, eyni zamanda rejissorluğa böyük maraq göstərib.

1963-cü ildə ona Kazan Kukla Teatrının direktoru, həmçinin Kazan Televiziya Studiyasının Uşaq redaksiyasının direktoru vəzifəsi təklif olunub və burada onun ədəbi yaradıcılığa marağı güclənib. Uşaqlar üçün müxtəlif əsərlər yazmağa başlayıb. 1968-ci ildə Tatarıstan Yazıçılar Birliyinin üzvü olub.

1977-79-cu illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda Ali Ədəbiyyat Kurslarında oxuyub. Sonra Kazan Teatr Məktəbində müəllimlik etməyə başlayıb.

Tatarıstan Xalq yazıçısıdır. Abdulla Tukay adına Dövlət Mükafatına layiq görülmüş müəllifin indiyədək 88 kitabı nəşr olunub. Kazanda yaşayır.

Əsərlərinin bir qismi qardaş türkcələrə uyğunlaşdırılıb, habelə ruscaya, ingiliscəyə və Qafqaz dillərinə çevrilib.

 

 

CANINDAN CAN VER

 

         Onunla qonşu idik. Uşaqlığımız, gəncliyimiz Kazanın Nəsiri küçəsində keçmişdi. Qonşumun ləqəbi Dulat, yəni “dəli at” idi. At kimi çılğın, tez özündən çıxan, dəli-dolu təbiəti vardı. Dulat Rəssamlıq Akademiyasına, mənsə universitetin jurnalistika bölümünə daxil oldum. Sonradan onun ailəsi şəhər mərkəzinə köçdü. Amma bizim əlaqəmiz qopmadı. Boş vaxtlarımızda həmişə birlikdə olurduq; rəsm sərgilərində, tamaşa premyeralarında, onun emalatxanasında görüşürdük.

         Dulat mahir rəssam idi. Akvarel, yağlı boya, kömür və oyma texnikasını yaxşı öyrənmişdi. Ondakı istedad başqasında olsaydı, dövlətdən sifarişlər alıb yerinə yetirər, dolanışığını düzəldib kef edərdi. Amma Dulatın təbiəti elə deyildi. Çox hərəkətli, ipinin üstünə odun yığılmayacaq tipdən idi.

         Dulatdan da sifariş yan keçmədi, ona da verildi; ətli qolları, kök üzü ilə “Zirvəni fəth edən  donuzçular” adlı rəsm əsərini sıxıla-sıxıla yaratmışdı. O, bir dəfə yarızarafat, yarıəsəbi:

– Donuz şəkilləri çəkə-çəkə mən özüm də donuza döndüm, qardaş, – demişdi.

         “Zirvəni fəth edəndonuzçular” tablosu üçün dövlətdən yaxşıca pul da almışdı. Ondan sonra “Elmetin şölələri” adlı bir rəsm çəkdi. O rəsmi Yeni Pismən dağının zirvəsinə çıxıb çəkmişdi. Aşağıda adı dəyişdirilib Leninoqorski şəhərinə çevrilən Yeni Pismən kəndini, ondan o tərəfdə üfüqdə torpağın qanını soran “durnaları” görürsən. Bu “durnaların” sağında və solunda isə təbii qaz alovlanıb yanır...

         Dulatın bu iki rəsmini sərgi salonunun ən gözəl yerindən asdılar. İncəsənət qurumları həm sərginin açılışında, həm də bağlanışında Dulatın işini yüksək qiymətləndirdilər. Sərgidən sonra verilən fasilə zamanı əllərində şampan qədəhləri tutmuş insanlar onun yanına gələrək təbriklərini çatdırdılar. O vaxt Dulat mənə:

– Gəl dostum, yaxşısı budur, emalatxanaya gedək, öz arağımızı içək! – dedi. Biz oradan getdik.

         Dulata bu rəsmlərə görə sanballı məbləğdə pul verdilər. Onu bu cür rəsmləri çəkməyə yoxsulluq məcbur etmişdi. O, əməyinin haqqını almışdı və aldığı pulu sağa-sola xərcləyirdi. Amma Dulatın əhvalı günü-gündən pisləşirdi. Onu daxilən nəsə əzirdi. Nəsə onu dəhşətli dərəcədə narahat edirdi. Çox çəkmədi ki, Dulat içkiyə qurşandı.

         Mən bunun səbəbini təxmin edirdim. O, çəkdiyi rəsmlərdən çox narazı idi.

         Müsəlman tatar kəndlərindəki ilxı fermalarını ləğv edib, yerində donuz fermaları quraraq tatar qadınlarını donuz çoşkaları saxlamağa məhkum etmişdilər.

         Elmet ətrafında neft çıxarılması tatar xalqının fəlakətinin başlanğıcı olmuşdu. Bununla SSRİ-nin başqa yerlərindən Tatarıstana tatar olmayan millətlər axın etdilər. Tatar kəndlərinin cəmləşdiyi yerlərdə yeni şəhərlər salınmağa başladı. O şəhərlər tatar kəndlərini uddu. Bu gün minlərlə kubmetr təbii qaz yandırılıb göylərə sovrulur. Neft torpağı məhv eləyib. Bulaqlar quruyub. O köhnə dupduru çeşmələrin suyundan bu gün neft tamıgəlir. Kəndlər içməli suya həsrət qalıb. Dulat Daqaşevin rəsmlərində tərrənnüm olunan, öyülən bunlar deyildimi? O, “Elmetin şölələri” rəsmini çəkməklə öz vicdanını satmışdı.

         Emalatxanaya gəldik. Qədəhləri ağzınacan araqla doldurduq. İçkinin dəmi Dulatın başına vuranda öz-özünə donquldanmağa başladı:

         – Dost, bilirsənmi, özümdən zəhləm gedir! İyrənirəm özümdən! Güzgüyə baxıram və üzümə tüpürürəm! Tfu Dulat Daqaşın sifətinə! Beş qəpiklik adam deyil! Xaltura lənətə gəlmiş iblisdir, barmağını versən, əlini, əlini versən, başını udar sənin...

         Hökumət Muxtar Respublikanın yaranmasının hansısa ildönümü münasibətilə Moskvada Tatarıstan rəssamlarının sərgisini təşkil etməyi qərara almışdı. Rəsmlər Moskvadan gələn önəmli heyət nümayəndələri tərəfindən seçilmişdi. Sərgiyə aparılan əsərlər arasında “Elmetin şölələri” da var idi. Sevin, havaya uç! Bu, şöhrət qapılarının açılması, böyük pullar demək idi!

         Rəsmləri Moskvaya gedən qatara yükləmək üçün hazırlıq başlayanda Dulat Daqaşın “Elmetin şölələri”nin yoxa çıxdığı bəlli oldu. Kim götürmüşdü? Niyə oğurlayıblar? Bunu heç kim bilmədi. Şəkli axtarmaqdan milislərin ayaqlarında taqət qalmamışdı. Sonda sərgi üçün seçilən əsərlər “Elmetin şölələri” olmadan Moskvaya yola salındı.

         Moskvada bu sərgiyə gələn rəssamlıq sənətinin nüfuzlu tənqidçiləri, mütəxəssislər, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri sərgini kəskin tənqid elədilər:

         – Tatarıstanda zəngin neft yataqları var. İnsanlar orada qarışqa kimi işləyirlər. Rəssamlar öz rəsmlərində neftçilərin əməyini lazımi səviyyədə əks etdirməmişlər. Oradakı məşhur qazmaçıların portretləri haradadır? Qazma qurğuları haradadır? Asfalt yollar haradadır?

         Bu ağır tənqiddən sonra Tatarıstan rəssamları dəstə-dəstə Elmet və Bögölməyə yaradıcılıq ezamiyyətinə axışdılar. Ədəbiyyatı, jurnalistikanı neft basdı. Biz hələ də həmin neftdən təmizlənə bilməmişik.

         Prokurorluq “Elmetin şölələri” tablosunun oğurlanması ilə bağlı istintaqı genişləndirib şəhərin dörd yanında axtarışları davam etdirdi. Ancaq heç bir iz tapa bilmədi. Beləliklə, bu təhqiqat işi xətm olundu.

         Mən, təbii ki, bunun Dulatın əməli olduğunu təxmin etmişdim. Dulatın kefi, həqiqətən də, yerinə gəlmişdi. O, rəsm çəkə-çəkə əvvəlki kimi deyinməyə davam etsə də, üzündə təbəssüm peyda olmuşdu. Amma mən bu dəyişikliyin sirrini özündən soruşmadım. Xeyli keçəndən sonra Dulat özü açıldı:

         – Mən onu bıçaqla parçalayıb İdil çayına atdım. Buyurub çaydan çıxartsınlar, Həştərxan sərgisinə qoysunlar!

Mən dinmədim.

         – Niyə gülmürsən?

         – Heç gülməli deyil! Sən cinayət törətmisən!

         – Nə cinayət törətmişəm ki? Öz əsərimdir. Ataram da, kəsərəm də! Kimə nə dəxli var?

         – Amma o artıq sənin əmlakın olmaqdan çıxmışdı. Hökumətin, Mədəniyyət Nazirliyinin və nəhayət, xalqın əmlakı idi! Sən onun pulunu almışdın! Əgər bu işi sənin etdiyini bilsələr, səni tutub dama basacaqlar. Rəsmin pulunu sənə ödətdirəcəklər. Sənin bu əməlinin adı açıq-aşkar vicdansızlıqdır, dostum. Pulunu gözəlcə yedin, üstündən su içdin, sonra da rəsmi cırıb atdın.

         Dulat birdən ayıldı. Mənə baxdı. Baş verənlər onu təəccübləndirmişdi. Qapı ilə divar arasında var-gəl etməyə başladı. Onsuz da dağınıq olan saçını iki əli ilə lap darmadağın etdi:

         – Ödəyəcəm, – dedi qəfildən. – Ödəyəcəm!

         Amma pulun çoxunu artıq xərcləmişdi. Oturacağı qaldırdı, altından kiçik bir qutu çıxardı. Qutudan bir qədər pul götürüb: 

         – Bax budur, pul buradadır, – dedi və pulu saymağa başladı. Təlaşla saydıqdan sonra: – Yarısı gedib, – dedi. – Bir yerdən tapıb üstünü düzəldərəm. Amma borclu qalmaram.

         Atasına maşınını satdırdı. Ondan-bundan borc alıb rəsm əsərinin pulunu topladı və birbaşa Mədəniyyət Nazirliyinə getdi.

         Nazirlik bir-birinə dəydi! Ölkə bu xəbərlə sarsıldı! Milis, prokurorluq əl-ayağa düşdü. Rəssamlar qəzəbləndi! Jurnalistlərin bu qeyri-adi hadisə haqqında yazmaqdan barmaqları az qalırdı qabar bağlasın.

         Dulatın işi məhkəməyə çıxarıldı. Hökm oxundu. Oğurluq! Cinayət! Sosialist əmlakını dağıtmaq! Məkrli xuliqanlıq!

         Dulat üç il müddətinə azadlıqdan şərti məhrum edildi. Məhkəmənin də bütün xərcləri onun üstündə qaldı. Rəssamlar İttifaqından  qovuldu. Emalatxanasını  əlindən aldılar. Dulat beləcə lüt-üryan ortada qaldı.

         Emalatxanadakı bütün əşyalarını bizim anbara daşıdıq.

         Narahatlıq verməmək üçün valideynlərinin yanına qayıtmadı. Qalmağa yeri olmadığından həyətimizdəki sahibsiz anbarı ona verdik. Birlikdə təmizləyib təmir etdik. Elektrik çəkdik. Ucuzluq bazarından soba aldıq. Yandırmaq üçün odun hazırladıq. Tək pəncərəli dördkünc otaqda qalmaq üçün yaxşı-pis bir yer sahmanladıq.

         Həmkarlarının yanına gedəndə kimisinin ona yazığı gəlirdi, kimisi də satqıncasına gülürdü. Bəzi riyakarlar da:

– Sovetin düşməni, antisovetçik! – deyib ona söz atmağa başlayırdılar.

         Bundan sonra Dulat daha anbardan çölə çıxmadı.

         Aldığı bu dərin yaradan sonra özünü uzun müddət toparlaya bilmədi. Bu arada mən ona rəsm kağızı, müxtəlif boyalar, karandaşlar gətirirdim. Ümid edirdim ki, o, yenidən şəkil çəkməyə başlayacaq.

         Zaman keçdikcə Dulat qarşısındakı kağıza qara qələmlə nəsə çəkməyə başladı. Daha sonra boyalara üz tutdu. Rəssama can gəlmişdi. Çəkdiyi şəkilləri də çox bəyənirdim.

         Amma Dulat o gözəl tabloları qəzəblə cırıb atırdı. Gördüklərim mənim qəlbimi yandırırdı.

         – Niyə cırdın? Necə gözəl idi axı! – deyərək yerdəki kağız parçalarını toplayırdım.

         – Gözəl deyil, – deyirdi.

         Təkrar işə girişirdi, təkrar iztirablı gecələri başlayırdı.

         Bir gün mənə dedi:

         – Dostum, bilirsən nə deyəcəm, mənim ilham pərim yoxdur. Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?

         Həqiqətən də, Dulatın könlünü fəth edən bir qız olmamışdı.

         Həmin gündən sonra uzun müddət görüşmədik. Bir-iki dəfə “emalatxana”sına gəldim. Amma qapısı kilidli idi. Bəlkə də, qapını heç açmamışdı. Özünü rəsmlərinə vermişdi, var gücü ilə çalışırdı, hər halda.

         Bu hal iki-üç gün belə davam etdiyinə görə narahat oldum. Qulağımı qapıya tutub içərini dinşədim. Səs-səda yox idi. Qapıya gup-gup vurmağa başlamışdım ki, içəridən donqultusu gəldi.  Oh, Allaha şükür, sağdır! Dulatın  qapını açması ilə gedib yatağa sərilməsi bir oldu. "Səni, Xorasan tənbəli!" deyə qışqıracaqdım ki, heyrətdən ağzım açıq qaldı.

         Molbertdəki rəsmdən gözəl bir qız mənə baxırdı. Bu, atın boynuna sarılmış amazon idi. Onun paltarı, çiynindən aşırdığı qılınc kəməri, atın cilovu, yəhəri, yüyəni ən xırda təfərrüatına – kirpiklərinə qədər çəkilmişdi. Elə bil gerçək idi. At canlı kimi idi, deyərdin, şahə qalxacaq, qız isə sanki səninlə danışmağa başlayacaqdı. O qədər gözəl idi ki, bu gözəlliyə vurulmamaq mümkün deyildi. Şairin təbirincə desək, o qədər gözəldir ki, hətta sevgidən də qorxursan. Rəsmin alt küncündə “Çöl qızı Süyümbikə[1]” yazılmışdı.

         Gözümə buna oxşar başqa rəsmlər də sataşdı. Nitqim tutulmuşdu. Özümü Orta əsrlərdə, ondan sonrakı yüzilliklərdə yaşamış tarixi qəhrəmanların rəsmlərinin sərgiləndiyi qalereyada hiss edirdim.

         Nə qədər qalmışdım mən bu sərgidə, xatırlamıram. Dostumun yorğunluqdan dərin yuxuya getdiyini görəndə isə sakitcə qapını çəkib örtdüm və anbardan çıxdım.

         Dulat üç gün, üç gecə yatandan sonra çölə çıxdı. Gərnəşdi və:

         – Qardaş, gəl, – dedi. – Kaban gölünün kənarında gəzişib gələk. Hərəkətsizlikdən oynaqlarım pas tutdu...

         Mən bu təklifi sevinərək qəbul elədim. Dulat həyat dolu, coşqun dəniz kimi idi. Orada gəzərkən gələcək planlarını alovlu şəkildə danışmağa başladı. Mənsə ondakı bu gözəl dəyişikliyə daxilən çox sevinirdim.

         Anbara döndük.

         – Anbar demə, dostum! Bura emalatxanadır! Baxsana, mən burada necə gözəl rəsmlər çəkdim, – dedi.

         Dulat rəsmlərin üstünə örtük saldı. Təkgözlü elektrik sobasında çay dəmlədik. Anam peremeç[2] bişirmişdi. Tez evə qaçıb xeyli peremeç gətirdim. Qaynar peremeç  dostumun ağzını yandırsa da, ikisini iştahla gözünə təpdi. Üstündən də çay qurtumlayıb içdi. Tərləmiş üzünü dəsmalla sildi və xoş bir əhvalla mənə dönüb:

         – Can dostum, bilirsənmi, mən xoşbəxtəm! – dedi.

         Kaban gölünün sahilində gəzərkən onun nəsə demək istədiyini sezmişdim. Oradakı söhbətlər, əslində, bundan xəbər verirdi. Amma işin öz axarı ilə getməsini istədim. Onun özünün danışmasını gözlədim.

         Dulatın gözləri par-par parıldayırdı. Sonda özünü saxlaya bilmədi:

         – Qardaş, bir gün qapımı bağlamağı unutmuşdum. Yenicə yuxuya gedirdim ki, kimsə içəri girdi. Küçəmizdən birinin olduğunu düşünərək çarpayımdan qalxdım. Bu nədir? Qarşımda gözəllər gözəli biri dayanmırmı? Zöhrə ulduzu kimi cazibədar qız! Nə Andreyin ağlını başından alan Polşa gözəli, nə Miloslu Venera, nə də dəniz köpüyündən doğulan, uğrunda müharibə gedən gözəl Helen; and içirəm ki, heç biri onun kölgəsi ola bilməzdi. Bu otaqdakı yeganə oturacaqda, indi sənin oturduğun stulda əyləşdi. Mən hələ də çarpayımda otururdum. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Necə soruşum “Sən kimsən, haradan gəlmisən?” Dəli kimi yorğanıma sarılıb yerimdə oturmuşdum. Həmin vaxt gecənin qonağı olan qız özü danışmağa başladı. Ah, dostum! Onun səsi yoxdumu, nəyə bənzədim, bilmirəm?! O könül oxşayan, ürəkaçan sehrli səs mənə dedi:

         – Üzr istəyirəm, Dulat bəy! Çox gec narahat edirəm sizi. Gündüzlər çalışırsınız. İşinizə mane olmaq istəmədim. Ona görə gecə vaxtı gəlməyi seçdim.

O da elə sənin kimi mənə yaxın oturdu. Onun dadlı qoxusunu, bədəninin hərarətini hiss edirdim, o da mənim hərarətimi hiss edirdi.

– Bağışlayın, – dedim, – şalvarımı geyinim.

– Yox, yox! – Gözəl qadın dedi. – Geyinmək lazım deyil, axı mən sizin ilham pərinizəm. Alın məndən ilhamınızı. Bəs şair necə deyir: “Hardan alsın şeiri şair, olmazsa ilham pərisi?” Mənim adım İlhamiyədir.

         – Oo! Nə gözəl addır – İlhamiyə! Mənimki də Dulat!

         – Adınızı bilirəm. Rəssamlar İttifaqının üzvlüyündən çıxarıldığınızdan da, emalatxanadan qovulduğunuzdan da xəbərdaram.

         Sonra oturub çay içdik. Göz-gözə baxışdıq. Ah, o dəqiqələrin şirinliyi, ah, o anların doyulmazlığı... Başa sala bilmərəm səni, dostum!

         İlham pərim könlümü oxşayan səsiylə:

         – İndi gələk əsas məsələyə! İlk çəkdiyin rəsmlər nə üçün xoşuna gəlmirdi sənin, bilirsən? – soruşdu.

         – Nə bilim? Elə bil onları çəkən mən deyildim.

         – O rəsmlərdə can yox idi, ona görə. Cansız rəsm ölü doğulmuş körpə kimidir. O rəsmlərdə niyə can yox idi? Çünki sən onlara öz canını verib könül dolusu çəkmirdin. Sırf məcburiyyətdən, dolanışıq dərdindən robot kimi çəkirdin. Portret çəkərkən canından bir parçanı rəsmə verməlisən ki, sən öləndən sonra da o rəsm yaşasın!

         Ona heyranlığımın həddi-hüdudu yox idi! Gözəlliyi ilə yanaşı, zehni də aydın və tərtəmiz idi. Belə bir dilbəri necə sevməmək olar? Biz yenidən eşq gəmisinə minib xoşbəxtlik dənizində səyahətə başladıq.

         Sonra yenidən çay içmək üçün qalxdıq.

         – Əzizim! Sənin əsas mövzun yoxdur. Mövzu deyəndə, yəni üslub, stil, varlıq, istiqamət, məqsəd. Rus şairi Aleksandr Blok bütün şeirlərini platonik məhəbbətlə sevdiyi bir insana yazmışdı. Məşhur rəssam İvan Şişkin meşə rəsmlərini çəkməkdən doymadı...

         – Mənim ustadım İlhamiyədir.

Mən Dulatın sözünü kəsdim:

         – Bir dəfə gələndə mənə də göstərərsənmi məşuqəni? – dedim.

         – Bax budur, “Çöl qızı” tablosuna işarə etdi. – Aç, bax. Mən onu  çəkmişəm.

         Örtüyü qaldırıb tabloya baxdım. Gözəl! Həqiqətən də, çox gözəl idi o qız, buna söz ola bilməzdi. “Çöl qızı” ilk gördüyümdən daha gözəldi. Baxışları daha canlı olmuşdu. Bəlkə də, mənə elə gəlirdi. Bəlkə də, fikrimdəki dəyişikliyə görə idi. Rəsm dəyişməyib, amma mən dəyişmişəm, kim bilir, bəlkə də, onu belə sevmək istəyim şəkli dəyişmişdi. Sevmədiyin adamın yaxşı xüsusiyyətini görə bilməzsən. Çünki onun yaxşı tərəfini görmək istəmirsən. Sevdiyin insanın da eyiblərini görmürsən, çünki görmək istəmirsən. Amma mən bu “Çöl qızı”nda tək bir qüsur tapdım. Həddindən artıq gözəl idi!

         Dulat üzümə maraqla baxırdı. Tablonun məndə oyatdığı təəssüratı gözümdən oxumaq istəyirdi.

         – Deməyə söz tapa bilmirəm. Sənə həsəd aparıram, dostum. Mən də sənin kimi olmaq istərdim! Tatar rəssamlıq sənəti yeni ixtiraların, kəşflərin və möcüzələrin astanasındadır! – dedim.

         “Bahadır” adlı tablo da eynilə belə idi. İlk gördüyümdən bəri daha yaxşı idi.

         – Tanıdınmı bunu? – Dulat dedi.

         – Yapança Bahadır.[3]

         – Doğru! Düz tapdın. Bu odur!

         “Çöl qızı” rəsmində sərtlik ilə həlimlik iç-içədir, bu rəsmdə isə sərtlik və fədailik daha qabarıqdır.

         O günlərdə Rəssamlar İttifaqı yağlı boya rəsmlərinin müsabiqəsini elan etmişdi. İştirakçılar müsabiqəyə təxəllüsləri ilə qatılacaqdı. Biz müsabiqəyə Dulatın “Çöl qızı Süyümbikə”, “Bahadır” rəsmlərini göndərdik. Dulat müsabiqədə “Yetim” təxəllüsü ilə iştirak elədi. Müsabiqə uzun çəkdi. Bir ildən çox vaxt keçdi. Nəhayət, nəticələr açıqlandı: Yetimin hər iki tablosu birinci olmuşdu. Və rəssamın əsl adının yazılı olduğu çanta açıldı. Nəticə:

         – Yetim: Dulat Daqaş!

         Salonda böyük bir səssizlik yarandı.

         – Dulat Daqaş! – deyə aparıcı təkrar etdi.

         Dulat ağır-ağır səhnəyə doğru getdi. Bu zaman biri:

         – Təbriklər, Dulat! Maşallah! – deyə qışqırdı. Salon onu alqışlamağa başladı.

         Bu hadisə rəssamları, dövlət adamlarını təəccübləndirmişdi. Bəziləri Rəssamlar İttifaqından qovularaq məhkəmə tərəfindən cəzalandırılan Dulatın qəfil yüksəlməsinə qəzəbləndi, bəziləri sevindi, bəziləri də heç əhəmiyyət vermədi.

         Dulatın həyatında yeni bir sənət dövrü başlamışdı. İndi o, var gücü ilə rəsmlər çəkirdi. Artıq onun Rəssamlar İttifaqında hörməti var idi. Xarici ölkələrdə keçirilən sərgilərdə onun portretləri divardan düşmürdü, rəsm həvəskarlarının şəxsi kolleksiyalarında öz yerini tuturdu.

         Yaşadığımız şəhərdə dalbadal sərgilər keçirilirdi. Hər il sərgi təşkil olunsa belə, onun material qıtlığı olmazdı.

         Son sərgisində o, mükafat aldığı həmin iki rəsm əsərini də qoydu. Sərgi üçün sürpriz olacaq “Koşçak oğlan”[4] portretini də çatdırmalı idi. Lakin Dulat xəstələndi. Xəstə olsa da, portreti tamamlamaq üçün gecə-gündüz çalışdı. Getdikcə onun vəziyyəti pisləşirdi. Amma portreti bitirdi.

         Həmin axşam İlham Pərisi Dulatın yanına gəldi. Dulat buna sevindi. İlhamiyə əlini sevgilisinin alnına qoydu. Alnı soyuq idi. İlhamiyə:

         – Niyə xəstələndiyini başa düşürsənmi? – dedi.

         – Başa düşürəm, çiçəyim, – dedi Dulat.

         – Çəkdiyin bütün rəsmlərə canından can verərək gəldin bu günə. Bu, sənin qismətindir, Dulat!

         – Bəli, doğrudur, bu, mənim taleyimdir, – taqətsiz Dulat dedi.

         – Birdənəm, mən səni sağalda bilərəm.

         – Necə? – dedi Dulatın baxışları.

         – Rəsmlərinə canından pay etdiyin parçalar var ha, hamısını rəsmlərdən yığıb sənə qaytaracağam. Beləliklə, gəncliyində olduğun kimi güclü olacaqsan.

         Dulat gülümsədi. Sevgilisinin əlini ovuclarının arasına alıb bərk-bərk sıxdı.

         – Xeyr, bircəm, İlham Pərim. Mən Süyümbikəni, Koşçak oğlanı, Yapança Bahadırı cansız qoya bilmərəm. Yaşasın onlar.

         – Yaşasınlar, – dedi dilbər.

         Dulat üç gün sonra canını təslim etdi. Yaşasın deyə, ən son portreti də sərgiyə qoyduq!

         Rəssamımızın son səfərinə yola salınması möhtəşəm bir mərasimə çevrildi.

         Məşhur rəssam Dulat Daqaşın tabutu öz rəsmlərinin sərgiləndiyi böyük salonun ortasına qoyulmuşdu. Son görüşünə gələnlərin sayı-hesabı yox idi. Yas mərasiminə qatılanlar məşhur rəssamın “Elmetin şölələri”nı bu zaldan qaçıraraq bıçaqla tikə-tikə doğrayıb çaya atmağını dahilik əlaməti olaraq qəbul etdilər. Dahilər nə etsə, yaraşarmış...

         Cənazəni qaldırmağa gələn, qollarına qırmızı-qara zolaq sarınmış adamlar tabuta yaxınlaşanda zalda qeyri-adi bir hadisə baş verdi: öncə “Çöl qızı Süyümbikə” portretindəki qız canlandı. Portretdən çıxıb tabutun yanına gəldi. Hamı heyrətdən donmuşdu. Süyümbikə heç nə demədən Dulatın açıq alnından öpdü və bir göz qırpımında camaatın arasına qarışıb əvvəlki yerinə keçdi. Sonra on bahadır canlandı və tablodan çıxdı. Onlar cənazəni qaldırmalı olan məmurlardan əvvəl tabutu yerdən qaldırdılar. Cənazənin ayağını ön tərəfə tutub salondan çıxdılar...

         Camaat tabutun ardınca getməyə başladı. Heç kim “Tabutu cənazə maşınına qoyaq!” demədi. Heç kim demədi ki, cənazəni bir az da biz çiynimizdə aparaq. Beləcə bahadırlar yorulmadan rəssamın tabutunu qəbiristana qədər çiyinlərində apardılar.

         Molla cənazə namazından sonra:

– Mərhumun ən yaxın qohumlarından üç nəfər məzara ensin. Cənazə qəbrə endiriləcək! – dedi.

         Mən çəkinirdim. Koşçak oğlan, Yapança Bahadır və Batırşah tez hərəkətə gəlib məzara atıldılar. Cənazəni üsulca məzara yerləşdirdikdən sonra üç bahadır taxtaları düzüb məzardan çıxdı. Kürəklərlə məzarın üstünə torpaq atılmağa başladı. Məzarın üzəri torpaqla örtüləndən sonra canlanmış bahadırların yoxa çıxdıqlarını gördüm.

         Birbaşa sərgi salonuna qaçdım. Bahadırların hamısı yerində idi. Uzun müddət onların arasında gəzdim. Sanki canlı idilər. Hara getsəm, mənə baxır, məni izləyirdilər. Süyümbikə tablosunun qabağında Dulatı düşünüb dayandım. “İnnə lillahi və inna ilayhi raciun” deyəcəkdim ki, bir səs “Məkanı cənnət olsun!” dedi.

         Ətrafa baxdım, heç kim yox idi. Yenə eyni duanı etdim. Yenə bir qadın səsi “Məkanı cənnət olsun!” dedi. Sonra “Çöl qızı Süyümbikə”nin portretinə diqqətlə baxdım. Gözlərində kədərli bir təbəssüm vardı. Bayaq eşitdiyim sözlərin onun dodaqlarından çıxdığı bəlliydi.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

 

 

 



[1]Süyümbikə Xan (1516 - vəfatı: 1554, Moskva), Kazan xanlığını Süyümbikə və ya "Xanbikə" kimi idarə edən tatar sultanı. Kazan xanlığının idarəsini öz üzərinə götürmüş qadın hakim. O, Tatarıstanın milli qəhrəmanı sayılır. Kazandakı Süyümbikə qalası onun adını daşıyır.

[2] Peremeç – xəmirin içinə qiymə qoyulan, ağzı bir az açıq saxlanılaraq qızardılan, diametri dörd-beş sm olan yuvarlaq şəkilli tatar milli yeməyinin adıdır.

[3] Yapança Bahadır (? - 1552) Kazan şəhərini düşmənlərin hücumundan qorumuş sərkərdə. Sərhəddə gizlənən süvarilərin komandiri. 1552-ci ildə Kazanın müdafiəsində şəhid olub.

[4] Koşçak(Koçak) oğlan (?- 1552)- 1552-ci ildə Kazan şəhərinin müdafiəsində şəhid olan sərkərdə.

Cümə, 25 Avqust 2023 10:00

Mədəniyyət həm də xilaskardır

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Zamanla oxuduğumuz əsərlərin içində bizə ən doğma gələnlər ən çətin anlarda yazılanlardandır. Pandemiya dövrünə aid əsərlər, müharibə dövrünə aid əsərlər…

 

Əsasən də hal-hazırda İkinci Qarabağ müharibəsi dönəmində yazılan nəsr və nəzm tez sevilir, çünki insanlara mənəvi təsir edir. Eləcə də Birinci Qarabağ müharibəsindən bəhs edən əsərlər günümüzdə də yazılır və onlara da olan sevgi göz önündədir. Ümumiyyətlə, mədəniyyət, şeir və söz dili də bir silahdır və bu silah vasitəsilə mənəvi qidalanmanın qeydinə qalanlar da arxa cəbhədə vuruşur. İkinci Qarabağ müharibəsi dövrlərində media işçilərinin, ədəbiyyat nümayəndələrinin də qələbədə payı oldu. Amma tək onlarlnmı? Xeyr. Rəsm əsərləri çəkildi, tamaşalar qoyuldu, filmlər ərsəyə gəldi…

Hətta müharibə gedə-gedə yeni mahnılar yazılırdı ki, bu da xalqa həm ümid verirdi, həm də acımızı bildirirdi və gəlin qəbul edək ki, vətənpərvərlik ruhlu mahnılar, əsasən çətin zamanlarda yazılan bu musiqilər könülləri ələ almağı bacarırdı. 

Demək, dünyanı mədəniyyət xilas edəcək deyimi yerində söylənilib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Bu günün – avqustun 25-nin təqviminə nəzər salsaq görərik ki, günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var.

1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı , Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.

Bu gün Braziliyada əsgərlər günü,  Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.

1609-cu ilin bu günündə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker, 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy dünyaya gəliblər. Bu gün vəfat edənlərdən ikisinin adını çəkəcəyik. İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.

Və mütləq Nitşedən bir sitat gətirək. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

 

Cümə, 25 Avqust 2023 09:00

Sabah Muğam Günüdür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 26 Avqust – Beynəlxalq Azərbaycan Muğam Gününə həsr olunmuş “Muğam milli-mənəvi dəyərimizdir” mövzusunda tədbir keçirib.

 

Kitabxanadan verilən məlumata görə, tədbirdə çıxış edən MKS-nin direktoru Lətifə Məmmədova muğam sənətinin təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsindən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda beynəlxalq muğam festivallarının keçirilməsindən danışıb. O bildirib ki, muğamlarımız dərin fəlsəfi məzmuna malikdir, onun bir janrı da simfonik muğamdır, əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulub.

Abonement bölməsinin müdiri Lalə Səlimova Azərbaycan muğamının yaranma tarixi haqqında, Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova Azərbaycanda muğamın geniş yayılması barədə məlumat verib. 

Qonaqlardan Şəhla Vəliyeva, Raya Məmmədova, Mələk Nəcəfzadə, Tünzalə Nəsirova bütün Türk dünyasına xas olan muğamın vətəninin Azərbaycan olduğunu, bizi həyatımızın əvvəlindən sonuna qədər müşayiət etdiyini, insana ruhi saflıq və ucalıq bəxş etdiyini söyləyiblər.

Kitabxananın fəxri oxucusu, xanəndə Maya Cəbrayılova Azərbaycan muğamları haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib və müxtəlif növ muğamlar ifa edib.

Tədbirin sonunda muğamla bağlı diskussiya keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah - avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

 

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 27-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Cümə axşamı, 24 Avqust 2023 18:00

Gülməkmi yaxşıdır, ağlamaqmı?

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti aforizmlər onluğunu diqqətinizə çatdırır. 

 

1.Bədbin olma, nikbin ol, çünki gülmək ağlamaqdan yaxşıdır.

2.Ən ehtiyacsız insan səhərlər yuxudan zənglə oyadılmağa ehtiyacı olmayandır.

3.Eyni dildə danışan insanların ən böyük çətinliyi bir-birilə dil tapmasıdır.

4.Xalq ağacdırsa, ədəbiyyat onun dibinə tökülən sudur.

5.Susmaqla canını qurtaracağını düşünmə, istəsələr, susmağını da sənə irad tutacaqlar.

6.Kədər insanları daha çox yaxınlaşdırar, sevinc daha çox uzaqlaşdırar.

7.Ordunun müharibədə, insanın həyatda qələbələrinin rəhni intizamdır.

8.Yaşamaq, sənə acıqlı baxan həyata gülümsəyə bilməkdir.

9.Kişi hər qadında anasından bir parça görməyə borcludur.

10.Ən çox aldanan başqalarını aldatmaq istəyən olur.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

 

Bu barədə AzərTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk buraxılacaq. Artıq Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərləri ilə yanaşı, “Çeşmə” və “Misri” qruplarının ifasında qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları səsyazma studiyasında lentə alınıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alacaq. 

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Cümə axşamı, 24 Avqust 2023 17:15

İstanbulun ən baxımlı və nadir muzeyləri

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Yüz eşitməkdənsə bir görmək yaxşıdır” - bu məsəlin ən gözəl isbatı şəhərlər şəhəri İstanbuldadır, oranı gedib görməmək sadəcə qəbahətdir. 

Mən bu şəhərdə dəfələrlə olmuşam, onu doyunca gəzmişəm. Təbii ki, şəhərin gözəl

arxitektura abidələri, körfəz füsünkarlığı bir yana, onun muzeyləri də bir ayrı gözəllikdir. 

Milli sərvətin nadir qoruyucusu rolunda çıxış edən muzeylərin rolu əvəzedilməzdir. Muzeylər ümumbəşəri dəyərlərə qoşularaq öz xalqının tarixi irsinə marağı təmin edir. Qardaş Türkiyə də tarixiliyi və muzeylərinin zənginliyi ilə diqqət çəkir. 

 

Türkiyənin səs-küylü meqapolisi olan İstanbul yalnız sosial həyatı ilə deyil, həm də tarixi yerləri, muzeyləri ilə turistlərin marağını cəlb edir. Bu muzeylərdən “İstanbul Modern”, İstanbul Arxeologiya Muzeyləri, Pera Muzeyi, Sakıp Sabancı Muzeyi və İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyinin adlarını çəkmək mümkündür. 

Şəhərin “İstanbul Modern” adlı incəsənət muzeyi Boğaziçi sahilində yerləşir. Tanınmış memar Renzo Pianonun layihəsi əsasında inşa edilən muzeyin yeni binası da boğazın Qızıl Buynuzla qovuşduğu Karaköydə yerləşir. “İstanbul Modern” muzeyində beynəlxalq və yerli sənətçilərin əsərləri nümayiş etdirilir. Muzey, həmçinin dünya miqyasında müasir incəsənət sərgilərinə ev sahibliyi edir. 

Topqapı Sarayı ərazisində yerləşən İstanbul Arxeologiya Muzeyləri qoruduqları əsərlərlə dünyanın ən zəngin arxeologiya muzeylərindən hesab olunurlar. “Arxeologiya Muzeyi”, “Qədim Şərq Əsərləri Muzeyi” və “Çinili Köşk Muzeyi” olmaqla üç əsas bölmədən ibarət kompleksdə Osmanlı İmperiyası sərhədləri daxilində sivilizasiyalara aid bir milyondan çox əsər var. Kompleksin əsas binası olan Arxeologiya Muzeyi dünyada əsasən muzey kimi tikilmiş nadir tikililərdən biridir. Bu gözəl muzeydə Arxaik dövrdən Roma dövrünün sonuna qədər Didim-Milet müqəddəs yolunun Branxit heykəlləri, Kore və Kouros (gənc qız və oğlan) heykəlləri, Halikarnas məqbərəsinin Aslan heykəli, Afrodita Başçısı Məşhur Pergamon Zevs qurbangahından Böyük İskəndərin portreti, Roma dövrünün üç böyük mərmər şəhəri Afrodisias, Efes və Miletdə kəşf edilən heykəltaraşlıq əsərləri saxlanılır. 

Muzeydə 19-cu əsrdə muzeyin banisi və muzeyin ilk direktoru Osman Həmdi bəyin apardığı qazıntılar zamanı ortaya çıxan çoxlu əsərlər də var. Bunlardan biri də Osman Həmdi bəyin 1887-1888-ci illər arasında apardığı qazıntılar zamanı Sayda Kral Nekropolunda üzə çıxarılan dünyaca məşhur İsgəndər Lahitdir. Gülhane parkına baxan bu füsunkar muzeyin rahat kafesində dincələrək zəriflikdən həzz almaq mümkündür. Bina İstanbulun neoklassik memarlığının ən gözəl və möhtəşəm nümunələrindən biridir.

Suna və İnan Kraç Vəqfi tərəfindən qurulan Pera Muzeyi İstanbulun mərkəzində, Təpəbaşında, İstiqlal küçəsinin düz yanında yerləşir. Memar Achille Manoussos tərəfindən inşa edilən Bristol otelinin binasından sonralar muzey kimi istifadə olunub. Pera Muzeyinin “Şərqşünas Rəsm” kolleksiyasında 17-19-cu əsrlərdə Osmanlı idarəçiliyindən ilhamlanan rəsmlər olduğu halda, “Anadolu Çəki və Ölçüləri” kolleksiyasında Anadolunun müxtəlif sivilizasiyalarına aid 10 mindən çox əsər var. 

Boğazın ən qədim yaşayış məntəqələrindən biri olan Əmirqanda yerləşən Sakıp Sabancı Muzeyinin əsas binası 1925-ci ildə italyan memar Edoardo De Nari tərəfindən tikilib. “Atlı malikanəsi” kimi tanınan malikanə 2002-ci ildən muzey və mədəniyyət-incəsənət mərkəzi kimi fəaliyyət göstərir. 

Türkiyənin ilk plastik sənət muzeyi olan İstanbul Rəsm və Heykəltaraşlıq Muzeyi Osmanlı İmperiyasının tarixini özündə əks etdirir. Muzeyin kolleksiyasında 10 min 497 rəsm, 719 heykəl, 257 keramika, 182 xəttatlıq, 10 ikona saxlanılır. 

Hələ nə qədər də muzey-butiklər var, adları bura belə sığmaz. 

Sadəcə, gedin, görün!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Rəsm qalereyası: Aysel Hacızadə, “Rəqəmsal düşüncə”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.