Super User

Super User

 

Özbəkistanda növbəti XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan  500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi  "İpək Yolunun mirvarisi"  Daşkənd Beynəlxalq Film Festivalında ”5 günə film ” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.

Müsabiqədə ölkəmizi  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi- tələbələrə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb.

Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb. 

Görüşdə Fond tərəfindən Qırğızıstanla bağlı həyata keçirilən layihələrdən söz açılıb. Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qırğız Respublikası arasında əlaqələrin gücləndirilməsindən, nəzərdə tutulan birgə planlardan bəhs olunub.

Tərəflər Fond ilə ölkənin qarşılıqlı iş birliyinin yeni sahələrinin araşdırılması istiqamətində müzakirələr aparıblar. Türk xalqlarının çoxəsrlik irsinin təbliğinə, mədəni mübadilələrinin artırılmasına, eləcə də təhsil və tədqiqat yönümlü əməkdaşlığın inkişafına dair layihə və təşəbbüsləri dəyərləndiriblər.

Görüş Fond ilə Qırğızıstan arasında mövcud tərəfdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günü”nün açılışı olub.

Mətkəzdən aldığımız məlumata görə, Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına gül və çiçəklər qoyublar.

Sonra onlar Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan kinosu – 125 və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib. Diplomat Azərbaycan kino sənətinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevdən sitat gətirib: “Azərbaycan xalqının bir çox nəsli kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib, mədəniyyətə qovuşubdur. Xalqımızın inkişafında, inkişafında kinonun rolu misilsizdir”.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Özbəkistan Kinematoqrafiya Agentliyi təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar. “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır” kimi klassik filmlərimizin Özbəkistanda çox sevildiyini və hər il dəfələrlə nümayiş etdirildiyini bildirən çıxışçılar, Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşlərinin ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verdiyini, mədəniyyət sahəsində də yeni imkanlar açdığını qeyd ediblər.

Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunub və tədbir iştirakçıları Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

“Azərbaycan kinosu günü”nün açılışı mərasimində rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra ruhi-əsəb xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub.

“Məryəm” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda çıxış edən filmin rejissoru Elçin Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur israilli yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.

 

AzərTAC xəbər verir ki, Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.

İsrailli yazıçı, tarixçi Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makro tarixi suallar ətrafındadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar beynəlxalq "Xəzər şeir axşamları"nda iştirak edəcək. Türkiyənin ünlü ədəbiyyat tədbirlərindən hesab olunan "Xəzər şeir axşamları" bu il 26-cı dəfə Elazığ şəhərində təşkil olunacaq. 

“Ədəbiyyat və incəsənət” portalı İntiqam Yaşara istinadən xəbər verir ki, 6-7-8 oktyabr tarixlərində gerçəkləşdirələcək tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Baş Nazirlik Tanıtma Fondunun, Türk İş Birliyinin, Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin, Elazığ Valiliyinin və s. qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Müxtəlif ölkələrdən ədəbiyyat nümayəndələrinin qatılacağı tədbir böyük şair Sezai Karakoçun xatirəsinə həsr olunacaq.

“Ədəbiyyat və incəsənət”
(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 09:00

ŞƏHİDLƏRİMİZİ UNUTMAYAQ - Elməddin Mustafayev

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Tərcümeyi -hal:

Şəhid Elməddin Məhəmməd oğlu Mustafayev 01.05.2001-ci ildə Qəbələdə anadan olmuşdur. 2007-ci ildə 4 saylı Nicat Apayev adına məktəbdə 1-ci sinfə getmişdir. 9-cu sinfi bitirdikdən sonra 2016-cı ildə Peşə məktəbində aşpazlıq üzrə təhsil almağa başlamışdır. 2019-cu il iyul ayının 5-də Beyləqan rayonumda hərbi xidmətə yollanmışdır. Daha sonra hərbi xidmətini Ağcabədi rayonunda davam etdirmiş, daha sonra isə Füzuli rayonuna gətirilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsində iştirak etmiş, 10 oktyabr 2020-ci ildə hərbi xidmətini bitirməsinə 2 ay 25 gün qalmış-10.10.2020-də Şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Cəsur döyüşçü" ,"Şuşa uğrunda"medalları ilə təltif edilmişdir.

 

Bu gün siz oxuculara təqdim edəcəyim məqaləmin qəhrəmanı Qəbələ rayonu şəhidi Elməddin Mustafayevdir. Onun haqqında məlumatları nə internetdən araşdırdım, nə də haradansa oxudum, məhz anası və bacısı sayəsində məlumatlandım. Və mənə görə Elməddin də digər şəhidlərmiz kimi seçilmişlərdəndir.

O evin tək oğlu idi, anasının aldığı nəfəs, bacısının güvən yeri idi. Anası oğluna çox bağlı olduğunu deyir və bildirir ki, hər bir ana kimi oğlundan uzaq qalmaq istəmirdi. Elməddin hərbi xidmətə çağırıldığını  eşidəndə çox sevinirdi. Onun hər şeyə can atmaq kimi və heç bir şeydən qorxmamaq kimi xüsusiyyətləri var idi. Anasını da qorxudan elə bu idi. Əsgərlikdə də bu xüsusiyyətini biruzə verəcək, özünü təhlükəyə atacaq qədər cəsarətli olacağı anasını narahat edirdi. Bədənində çapıqlar var idi, bəlkə bunun əsgərliyə getməməyinə təsiri olar deyə düşünürdü anası. Amma Elməddin anasına belə şey düşünməməyi tapşırır, əksinə inadla gedəcəm deyirdi.  Hətta iyulun 3-u onu əsgər aparmalı idilər, bir-iki gün yubandı deyə komissarlığa gedib “məni aparın” deyərək təkid edirmiş. Adı çəkilən kimi qaçıb avtobusa minib. Anası deyir: -Mən oğlumu məktəb zirzəmisində böyütmüşdüm, atası fəhlə işləyirdi, çox ağır güzəranımız olub. Elməddin atasına: “mən əsgərlikdən gəlim, sən daha işləməyəcəksən, mən sənə baxacam"- deyirdi. 

27 sentyabrda döyüşlər başlayan kimi  doyüşlərə qoşulub, lakin evdəkilərdən gizlədirdi. Amma anasının ürəyinə dammışdı. Anasının müharibə başlayan gündən ürəyində başqa hiss vardı. 

Deyir:

-Biz oğluma oktyabrın 1-i pasılka göndərdik və bir müddət sonra yuxuda gördüm ki, oğlum göl kimi bir yerdən gəlir, ətrafda ağaclar, güllər var, ordan mənim yanıma gəlir, gülə-gülə məni qucaqlayıb öpmək istəyəndə -"öpmə oğlum, ayrılıq işarəsidir”, deyirəm. Oğlum da deyir ki: “yox, ana” və öpüb qucaqlayanda ürəyinin üstünə əlini qoyub deyir: “ana, sən mənə pasılka göndərdin, məni buradan vurdular”. Həmin yuxumdan üç gün keçdi və oğluma həmin pasılka çatan gün şəhid olduğunu bildik ,ürəyindən göstərdiyi yerdən vurulmuşdu. Düzdür, onsuz çox  çətindir. Amma mən oğlumla fəxr edirəm. Oğlum mənə deyirdi ki, “mən bu rayonda ad qoyacağam, mənimlə fəxr edəcəksən”.  Mən  elə bilirdim ki, idmana gedir deyə belə deyir. Nə biləydim şəhid olacaq. Bir ağsaqqal var, oğlum əsgərliyə getməmişdən qabaq ona “mən şəhid olacam” deyibmiş, mən də sonradan bildim. Mən hər gün oğlumdan üzr istəyirəm, onsuz nəfəs aldığım üçün. Onun arzuları çox idi ,son danışığında mən ona özünü qoru, oğlum, dedim o da: “narahat olma, ana, görmürsən nə qədər şəhidimiz var, hər şey Allahın qismətidir ,mən sənə yenə zəng edəcəm dedi”, səhərisi gün şəhid oldu, balam. 3 il  olur ki, nə zəngi var, nə də gəlir. Mən hələ də oğlumu əsgərlikdə bilirəm, hər gün oğlumu gözləyirəm. 

Ananın bu sözləri məni həm qəhərləndirdi,  həm də bir daha düşündüm ki, istəyir Maştağadan olsun, istəyir Qəbələdən, olsun, istəyir Şəkidən, yaxud başqa rayondan, bütün şəhidlərimizi birləşdirən xüsusiyyət birdir: Onlar igid, cəsur, mərd, qorxmazdırlar. 

 

Bu məlumatları verdiklərinə görə ŞƏHİDİMİN anasına və bacısına təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ART - ORDO 2023” IX Teatr Festivalında Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda hazırlanan “İnanıram” adlı monotamaşa ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qırğızıstanın Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunmuş festivalda tamaşanın yaradıcı heyəti festivalın xüsusi mükafatına, teatrın aktrisası Zemfira Əbdülsəmədova isə “İnanıram” monotamaşasındakı ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür.

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

 

Dramaturq Ülviyyə Heydərova portalımıza verdiyi açıqlamasında deyib: 

-Bu, müəllifi olduğum "İnanıram" monopyesinə hazırlanmış monotamaşanın sayca dördüncü mükafatıdır. İlk dəfə bu əsərə Akademik Milli Dram Teatrında rejissor Cəmil Əsgərov tərəfindən aktrisa Şəhla Əliqızının ifasında tamaşaya qoyulub və "Qalib olan Azərbaycan" Tamaşalar Festivalında İkinci yerə layiq görülüb. Əsər daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin yozumunda səhnələşdirilib və 4.4 Qısa Tamaşalar Festivalında iki mükafata - ll Yerə və "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub. Bu dəfə isə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan “ART - ORDO 2023” IX Teatr Festivalında Elşad Rəhimzadənin quruluşunda hazırlanan "İnanıram" monotamaşası festivalın xüsusi mükafatına,  aktrisa Zemfira Əbdülsəmədova isə "İnanıram" monotamaşasındakı ana roluna görə "Ən yaxşı qadın" nominasiyası üzrə mükafata layiq görülüb. Bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təsis etdiyi “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı”na bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

 

Bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb.

Makvala Qonaşvili 1958-ci ildə Gürcüstanda anadan olub. 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

“Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir.

Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib.

O, İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 17:00

Sahilin pıçıltısı - ESSE

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

“Mənə dənizdən yaz dedilər, sənə dənizdən yazıram...”

 

 Bu gün sənə bu məktubu dənizin sahilindən yazıram. Əslində, nə yazacağımı özüm də bilmirəm. Bir yandan günəşin yandırıcı şüaları, bir yandan qarşımdakı mavi boşluğun valehedici gözəlliyi, bir yandan da sənin içimə əkdiyin həsrətin acı pıçıltısı. Əzabın izahının necə ağır olduğunu bilirəm, amma mənim üçün bunun tək izahı sənsən.

 

Dalğalar sanki sahilin qumları ilə oynayır. Öncəliklə, qum dənələrini ağuşlarına alıb aparırlar, lakin sonra nə isə olur və dalğalar yenidən onları sahilə qaytarır. Onlar da bizim kimi anlaşa bilmir. Birisi əl çəkmir, digəri isə içinə atıldığı həyatın ona görə olmadığını anlayır və yenidən öz yurduna geri dönür. 

Səhv başa düşmə, çünki səni günahlandırmıram. Bəzən mən də özümü sevə bilmirəm. Elə də gözəl biri deyiləm, bunu artıq özüm də qəbul etmişəm. Məsələn, çox yemək yeyirəm, hərdən deyinirəm, yersiz əsəbiləşirəm. Qarşımdakı hər kim olursa olsun, heç özüm də mənə dayanmasına icazə vermərəm. Lakin onu da deməliyəm ki, arada çox darıxıram. Gün istədiyi qədər aydın olsun, yeridiyim yollar mənə hər zaman qaranlıqdır və artıq səni o yollarda fənərlə belə tapa bilməyəcəyimi özüm də bilirəm. Bütün bu olanları zənnimcə artıq qəbul etmişəm. Ola bilsin ki, o qaranlıqda məni görsən çox qorxarsan. Artıq aynadakı özümü görəndə mən də vahimələnirəm.

Sənə aid tək xatırladığım odur ki, mənə ən son dəniz dərinlikdir demişdin. Bunlara baxmayaraq onun uca olduğunu da vurğulamışdın, hətta dənizin mavi səmaya aşiq olduğunu da ilk sən söyləmişdin. Bəzən səma o qədər darıxırmış ki, yerə axmaq istəyirmiş, amma onları bir-birindən ayıran boşluq buna icazə vermirmiş. Göyün əlindən şiddətli yağmur yağdıraraq bir parçasını dənizə qovuşdurmaq, yağmurla doymayan dənizin isə əlindən fırtına qoparmaq gəlirmiş. 

Bəs niyə dənizi uca adlandırırdın?- bax bu sualın cavabını heç vermədin. Mənim fikrimcə toxunulmaz olan bütün bütövlüklər ucadır. Sən də həmişə belə idin, dərin..., mənalı..., toxunulmaz olan bütöv... bəzən də qəddar.... Mən... mən isə bir səfeh və boşboğazdan savayı biri deyildim...

İndilərdə özümə aynada baxdıqdan sonra bir də dalğalarda baxmağı sınayıram. Dalğaların təsirilə hər hissəsi bir tərəfə istiqamətlənən vücudum da elə bil qum dənələri kimi onlara aid olmayan yad yerdə məskən sala bilməyəcəyini anlayıb yenidən kökünə dönürlər. Bir gün bu dalğalar məni də apararmı? -deyə düşünürəm. Lakin uca olan zəifə qazanmaz, zəif olan ucaya hər zaman məğlub olar!

Deyəsən, hava qaralır. Bu sətirlərin isə öz ünvanı var, amma bir poçtalyonu yoxdur. Həsrətim sətirlərimi dalğalara pıçıldadı. Əlbət onlar bir gün sənə qum dənələrini günəş qovurarkən, dalğalardan hələ də ümidini üzmədiyini çatdırar. Əgər qovrulan qum dənələrini bir gün yağmur yuyub apararsa, o zaman anlayacağam:

 Məni sevməyi də ummuram səndən,

Allah deyilsən ki, bəndə sevəsən.

Sevə bilmirsənsə, utanma məndən

Məni kim sevib ki, sən də sevəsən.

                                       (Mirbədəl Həsənli)

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Qonaq otağımızda bu dəfəki müsahibimiz tanınmış jurnalist, Baku TV-nin xəbər aparıcısı İslam Qədirlidir. 

Onunla həmsöhbət olduğumuz müddət ərzində jurnalistika və televiziya ilə bağlı bir çox maraqlı nüanslara toxunduq. 

 

- İslam bəy, sizcə, jurnalist kimdir, bir jurnalistdə başlıca olaraq hansı keyfiyyətlər olmalıdır? 

 

- Məncə, jurnalistika iş deyil, həyat tərzidir. Mən bunu həmişə demişəm, adi insan həyata subyektiv, hətta qərəzli, emosional yanaşa bilər. Amma jurnalistdə bunlar olmamalıdır. Jurnalist hər bir hadisəyə obyektiv baxmağı bacarmalıdır. Çünki bizdə qərəz olsa, tamaşaçıya real informasiyanı yox, mövqe sərgiləmiş olarıq, bu da yolverilməzdir. Deyim ki, jurnalistikaya gələndən sonra mənim şəxsi həyatımda da müəyyən dəyişikliklər olub, mən hadisələrə tamamilə başqa gözlə baxmağa başlamışam. 

İndi mən diksiya dərsləri keçirəm və çalışıram, bu dərslərdə tələbələrimə təkcə diksiyanı, nitqi, səhnə danışığını yox, həm də həyata obyektiv baxmağı öyrədim. Əks təqdirdə sənin təqdim etdiyin şey nitq olmur, “diqtə” olur. Nitq insanlarla empati qurmağı və düzgün müşahidə aparmağı bacarmaqdır. Məncə, bu həm də jurnalist olmağın şərtidir. Yəni, düzgün müşahidə, analiz qabiliyyəti və obyektiv yanaşa bilmək bacarığı.

 

- Xəbər aparıcıları xoş və bəd olmaqla insanlara bir çox müxtəlif xəbərlər çatdırır, necə bir hissdir bu, nə kimi çətinlikləri var xəbər aparıcılığının? 

 

- Xəbər aparıcısı olmağın çətinliyi ondadır ki, sənin o anki əhval-ruhiyyənin necə olması tamaşaçıya maraqlı deyil. Sən efirdə həmişə pozitiv və enerjili görünməlisən. Bu da, yenə, tələbələrimə öyrətdiyim yanaşmadır: Ola bilər, siz bu gün sevgilinizlə dalaşmısınız, ailənizdə problemlər var, maddi çətinlikləriniz artıb, tutalım, kirayəpulunu ödəyə bilmirsiniz amma bunları efirdə, yaxud səhnədə yansıda bilməzsiniz. Bu, tamaşaçıya maraqlı deyil. Siz hər bir halda tamaşaçı üçün gülümsəməlisiniz. Fərqi yoxdur, efirdə, yoxsa səhnədəsən.

Mən aparıcı olmazdan öncə jurnalistəm. Mən xəbəri yalnız təqdim eləmirəm, həm də yazıram, həmçinin, xəbərin şərhini yazıram. Bəzən siyasi hadisələri sadə hekayələrlə şərh edirəm və o hekayələr sosial şəbəkələrdə izləyicilər tərəfindən paylaşılır, sevilir. Bu zaman isə soyuqqanlılıq da tələb olunur. Buradan yola çıxaraq, mən bir daha qayıdıram öncə dediyim söhbətə ki, jurnalistika iş deyil, həyat tərzidir. Həyat tərzi olaraq, xarakter olaraq sən əgər emosiyalarını, hisslərini idarə edə bilən insansansa, jurnalistika sənin üçün bir o qədər də çətin sahə olmur. 

 

- Bildiyimiz kimi jurnalistikadan əlavə bədii qiraət və natiqlik dərsləri ilə də məşğul olursunuz, istərdik bir qədər bu fəaliyyətləriniz haqqında da danışasınız. 

 

- Mən bədii qiraətlə məşğul deyiləm. Mən həm də səs sənətçisiyəm, reklamlar, video çarxlar səsləndirirəm. Fəaliyyətimin ilkin dönəmlərində - tələbəliyimdə intellektual məzmun da səsləndirmişəm, özüm sənədli film də çəkmişəm, onu dilimizdə, yaxud ingiliscə səsləndirmişəm də. Amma  “səsimi daha böyük kütləyə necə çatdıra bilərəm?” sualına cavab kimi bilmişəm ki, kütləyə bu yolla çatmaq qeyri-mümkündür, ona görə də daha sadə yol kimi şeir səsləndirməyi seçmişəm və həqiqətən yanılmamışam. Yüzminlərlə insan o şeirləri dinləyib və müəyyən qədər səsim tanınıb. Sonra təbii ki, bu səsləndirmələrin bəzilərini yutubdan silmişəm, bəziləri isə qalır, xatirə kimi saxlamışam. 

Davamında AzTV, Azərbaycan mətbuat agentliyi, report informasiya agentliyi, yenə AzTV, sonra Baku TV olmaqla fəaliyyətim davam etdi. Aparıcı kimi tanınmağa başlayandan sonra bir-iki dəfə olub ki, dostlarımla oturmuşuq, onların ayrılıq hekayəsi, yaxud nəsə problemləri olub, dərdləşiblər, mən də şeir oxumuşam, çəkiblər məni. Yəni, mikrofon arxasında peşəkar bir səsləndirmə etməmişəm. Dostlarım çəkiblər və elə onların təkidi ilə də paylaşmışam.

“Səni alana baxıb səni verənə şükür necə deyim, əzizim?” -deyə bir şeir var idi və o şeir instagramda elə 3 milyona yaxın izləndi. Elə onu da dostlarımın təkidi ilə paylaşmışdım. Düşündüm ki, yüz min, iki yüz min insan izləyər, sonra silərəm, amma elə oldu ki, milyonlarla insan izlədi. Növbəti bir şeirimi yenə də dostlarımın təkidi və xahişi ilə səsləndirmişəm və öz instagram səhifəmə belə qoymamışam, başqa səhifələr paylaşmışdı. Qısası, ona görə mən özümü qiraətçi hesab etmirəm və qiraətçi kimi tanınmaq da istəmirəm. 

Diksiya məsələsinə gəldikdə, insan özünü inkişaf etdirdikcə, öyrəndikcə və bildiyi, öyrəndiyi müxtəlif bilikləri sintez edib ortaq məxrəcə gətirdikcə, kimlərdəsə bunları öyrənmək tələbatı yaranır. Hazırda təlim prossesi çox yaxşı davam edir. Hər ay orta hesabla 50-60 tələbəm və şirkətlərdə keçdiyim korporativ təlimlər olur. Şükür, hər birinin nəticəsi məni qürurlandırır. 

 

- Öz işində uğurlu olmağın sirrini nədə görürsüz? 

 

- Düşünürəm ki, bu hər kəsdə individualdır, hər kəsdə fərqlidir. İnsan var ki, sırf işə fokuslananda daha çox uğur qazanır. İnsan var ki, iş, şəxsi həyat və əyləncəni ortaq nöqtədə birləşdirəndə uğur qazana bilir. Zənnimcə, bu hər kəs üçün fərqlidir, amma ümumilikdə möcüzəvi bir kokteyli yoxdur ki, onu içəsən və sabah uğurlu olasan. Hər bir uğurun arxasında müəyyən əziyyət dayanır. Düzdür, şans vacibdir, amma əziyyət də mütləqdir. Əziyyət deməyək, zəhmət deyək, zəhmət mütləqdir. Çünki adətən, zəhmət çəkirsən və qarsılığını görürsən. Adam var, bir zəhmət çəkib bir qarşılıq görür, adam var bir zəhmət çəkir beş qarşılıq görür. Amma mütləq ki, qarsılıq görülür. Heç zəhmət çəkmədən qarşılıq almaq imkansız kimidir. Hansısa bir dayaqla, dəstəklə də irəliləyiş olacaq, amma o cür yüksələn adam əgər layiq deyilsə, o yüksəklikdən  nə vaxtsa yıxılacaq. 

 

- Televiziya sadəcə xəbər və insanların istirahət vaxtını xoş keçirməsi üçün əyləncə xarakterli deyil, nümunə, örnək, öyrədici, təbliğat, təşviqat xarakterləri də daşıyır. Mədəniyyətin və milli mənəvi dəyərlərin də ən geniş auditoriya qarşısında təbliğ olunduğu yer televiziyadır deyə düşünürəm. Bəs sizcə, bizim televiziyamız bu misiyalarını nə dərəcədə yerinə yetirir? 

 

- Ümumiyyətlə, jurnalistikanın üç əsas prinsipi var: Maarifləndirmək, məlumatlandırmaq və əyləndirmək. Hər üç prinsipi biz yeni media, yaxud ənənəvi media alətlərində tətbiq edirik. Əgər sualınız televiziya üzərindəndirsə, artıq televiziya kanalları ümumi kanal anlayışından, ixtisaslaşmış kanal anlayışına keçiblər. Daha dəqiq desək, keçmək prosesindədirlər. Məsələn, mənim hazırda  işlədiyim Baku TV xəbər üzərində ixtisaslaşmış kanaldır. Yaxud, Azərbaycanda “Real” televiziyası həmçinin, yenə xəbər üzərində ixtisaslaşmış kanaldır, dünyada da bunun nümunələri çoxdur. Sırf əyləncə üzərinə ixtisaslaşmış kanallar da var, bizim özəl televiziyalar arasında belələri çoxdur, biz bunu yaxşı bilirik. Həmçinin, radiolarda da bu proses gedir. Buna baxmayaraq, hazırda yenə də hibrid yayım siyasətini davam etdirən televiziyalarımız da var və bu televiziyalar, məncə, bu missiyanın öhtəsindən layiqincə gəlirlər. Yəni, bəli, yetərincə maarifləndirici verilişlər var, intellektual verlişlər var. Təkcə İTV-nin özündə 3,4, bəlkə də daha çox intellektual veriliş var. Təkcə bir kanalı dedim. Mədəniyyət televiziyasında, AzTV-də də intellektual verlişlər gedir. 

Ardınca məlumatlandırmaqdır, o da xəbərlərin və analitik verilişlərin missiyasıdır ki, bu da teleməkanımızda kifayət qədər peşəkarcasına mövcuddur. Və əyləndirmək məsələsi də təbii ki, vardır, müzakirə eləmirəm ki, bu nə dərəcə bayağı yumordu, yoxsa keyfiyyətli zarafatlardı və s. amma bu və ya digər şəkildə əyləncə formatı da mövcuddur. 

Təbliğat, təşviqat məsələlərinə gəldikdə, bəli, təəssüf ki, bütün dünyada ənənəvi medianın gəldiyi yer təbliğat və təşviqatdır. Bu da yeni medianın və vətəndaş jurnalistikasının tamaşaçı üçün aktuallığını artırır, dolayısıyla fakenews (saxta xəbərlərin) daha çox yayılmasına gətirib çıxarır. Sualınızda bu söz var deyə mən bunu xüsusi olaraq vurğulayıram, məncə, media təbliğat maşını olmamalıdır. Bəzən incəsənətin də üzərinə bu missiya  qoyulur amma nə incəsənətin, nə də medianın elə bir borcu var.

Amma bu təbliğat və təşviqat ifadəsini bir qədər dəyişib kütləyə təsiretmə, yaxud kütlədə fikir formalaşdırma şəklinə salsaq, bəli, medianın bu gücü danılmazdır. Yəni, media kütlədə fikir formalaşdıra bilir və ona görə də biz, xüsusən də mediada olan insanlar bir qədər ehtiyatlı davranmalıyıq, çünki bizim izləyiciyə təqdim etdiyimiz bir çox şey - istər yumor, istər fikirlər və s. olsun, onlar üçün meyar ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.