Super User

Super User

Bazar ertəsi, 30 Sentyabr 2024 16:09

GÜLÜŞ KLUBUnda emo

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

AYNA üçzolaqlı yolun solunun otuz-qırx velosipedçiyə, sağının otuz-qırx avtobusa verilməsi və otuz-qırx min avtomobilə tək orta zolağın ayrılması səbəbindən şikayət edən avtomobil sürücülərinə xəbərdarlıq etdi:

-Elə eləməyin ki, orta zolağı da it və pişiklərə ayıraq!

 

2.

Dərdayıl bol yeyib içir. Sərxoş halda ofisiantı səsləyir:

-Mənə bir şey ver ki, ayılım.

Ofisiant ona 542 manatlıq hesabı uzadır:

-Buyurun. 

 

3.

Heç kim olanlar hər şeyə sahib olmaqdadırlar. 

 

4.

Bir emo barda, qarşısında da bir parç pivə oturub dərdli-dərdli pivəsinə baxır. Bu vaxt bir pank gəlib onun qarşısından pivəni götürüb başına çəkir. 

Emo hönkürtüylə ağlayanda pank deyir:

-Nə gözünün qorasını sıxırsan, bir pivənin söhbətidir?

Emo deyir:

-Yox e. Mən çox bəxtsiz adamam. Özümü qatarın aıtına atmaq istədim, reysi təxirə saldılar. Özümü asmaq istədim, kəndir qırıldı. İndi də pivəyə zəhər qatdım ki içib bu mənfur həyatdan qurtuıam, ona da sən sahibləndin. 

 

5.

Vaxtı gələcək, indiki balacalar böyüyüb estafeti daha böyüklərdən alacaqlar. Alacaqlar ki, indi də onlar əziyyət çəksinlər. 

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Sentyabrın 28-də Müasir İncəsənət Muzeyinin 15 illik yubileyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi açılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.

 

“15" adı Azərbaycanda müasir incəsənətin yaranması yoluna toxunan 15 modernist ustadın əsərlərini ifadə edib. Sərgidə həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yaradıcılıq ekspozisiyası yer alıb.

Sərginin açılışından əvvəl Xalq rəssamı Cəlil Hüseynov sərgidə onun beş əsərinin nümayiş edildiyini bildirərək deyib: "Burada nümayiş olunan əsərlərim Abşeron mənzərələri barədədir. Həmin əsərlərdə yarımadanın gözəl görüntüləri, Xəzər dənizi əks olunub. Sərginin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirir və uğurlar arzulayıram".

Xalq rəssamı Səlhab Məmmədov rəssamların emalatxanalarda qalmış əsərlərinin nümayiş olunması üçün Müasir İncəsənət Muzeyində çox gözəl şəraitin yaradıldığını qeyd edib. O, bildirib ki, bu muzey məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Xalq rəssamının sözlərinə görə, sərgidə nümayiş edilən əsərlər onu göstərir ki, ölkəmizdə müasir incəsənət sahəsində böyük nəticələr əldə olunub. Səlhab Məmmədov, həmçinin muzeydə üç əsərinin nümayiş olunduğunu da diqqətə çatdırıb.

Sərginin açılışında çıxış edən Xalq rəssamı Fuad Salayev bu il Müasir İncəsənət Muzeyinin 15 illiyinin tamam olduğunu bildirib. Qeyd edib ki, qısa zamanda muzey çox inkişaf edib. “Mən 15 il bundan qabaq bu binada olmuşdum. Amma o vaxt burada heç nə yox idi. Bu muzey gözümün qabağında formalaşdırılıb. Muzeydə Azərbaycan təsviri sənəti rəssamların yaşadıb yaratdıqları bu əsərlərlə ortaya çıxıb. Ölkəmizin tanınmış, həmçinin gənc rəssamları Müasir İncəsənət Muzeyində yer tapıblar. Hər bir rəssam əsərlər üzərində özü düşünüb, onları özü yetişdirib ki, elə bu əsərlərin dəyəri də ondadır", - deyə Fuad Salayev diqqətə çatdırıb.

Daha sonra qonaqlar Müasir İncəsənət Muzeyinin 15 illiyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi ilə tanış olublar.

İncəsənətsevərlərə hər biri özünəməxsus texnikası, müxtəlif rəng çalarları, kölgələri və cizgiləri ilə seçilən əsərlərdən ibarət sərgi təqdim olunub. Eyni zamanda, sərgidə modernizm cərəyanının yaranmasına yol açmış həm rəssamların, həm də heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.

Təqdim olunan əsərlər 15 incəsənət ustasının XX əsrin ikinci yarısından bu günə qədər olan dövr ərzində yaratmış olduqları sənət nümunələridir.

Muzeyin sərgi zalında toplanmış əsərlərin kolleksiyası, eyni zamanda, rəng sıçrayışının və forma incəliyinin cəlbedici məkanı olmaqla, xalqın mədəni irsinin məcmusunu özündə ehtiva edir.

Sərgiyə gələn qonaqlar sənətkarların 40-a yaxın sənət əsərlərindən ibarət ekspozisiyaya tamaşa ediblər.

 

Qapaq şəklində: Muzeydən görüntü; iç şəkildə Səlhab Məmmədov. 

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Sizə nehrə havaları (nəğmələri, sayaları) haqqında danışmaq istəyirəm. Yəqin yadınıza oyun havaları düşdü. Hə, bənzəyirlər oyun havalarına. Sadəcə olaraq “rəqqaslar” fərqlidir. Birində insanlar rəqs edır, o birində isə yellənə-yellənə özünü naza qoyan nehrələr. Amma nehrə havalarından bəhs etməmişdən  əvvəl “rəqqasların” –nehrələrin özləri haqqında bir neçə kəlmə.

 

Nehrə yağ çıxartmaq üçün içində qatıq çalxalanan qabdır. Matorlu nehrələrdən, paltaryuyan maşınlardan söhbət getmir ha. Bizim söhbət açdığımız nehrələr  saxsıdan, yaxud da taxtadan düzəldilirdi. Saxsı nehrələr küpəyə oxşasa da,  ondan fərqli, uzunsov olurdu. Əsasən təkqulplu olur, qulp tərəfdə (üstdə hissədə)  kiçik deşik qoyulurdu. Ağac nehrələr isə 1,5 və ya 2 metr uzunluğunda ağaç (palıd, tut və s.) gövdəsindən hazırlanırdı. Yan tərəflərinə qapaq düzəldilir, üstdən kəsilərək ağız qoyulurdu. Bəzən tuluqlardan da nehrə kimi istifadə edilirdi. Ağac və tuluq nehrələr çox vaxt asılarak yellənirdi. Arxeoloji qazıntılar nehrələrdən istifadənin tarixinin qədimlərə gedib çıxdığını göstərir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər onlardan çox geniş istifadə edilmiş, hazırda isə çox az, uzaq kənddə-kəsəkdə istifadə olunur.

Nehrə - bərəkət demək idi, dolanışacağın təminatı demək idi. Bəlkə, ona görə də ayağı ağır, tamahkar, gözündə olan adamların nehrə üstünə gəlməsi bəyənilməzdi. Bəlkə, ona görə qonşumuz Gülnisə qarı nehrəni hazırlayandan sonra həyətdən çıxar, yenidən nehrənin üstünə özü gələr və çalxalamağa başlayardı. Bununla da, güya, nehrəni bədnəzərdən, ayağı ağır adamlardan  qoruyardı. Hətta yuxuda nehrə görənlərin yuxusu işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarə kimi yozulurdu. Hələ sevə-sevə ona aid bir tapmaca da düzüb qoşublar: “Qaya içində ağ atlı oğlan atını çapar”. Bu azmış kimi, “Nehrəpartladan” adlı əfsanə də uydurmuşlar. Üstəlik nehrə çalxayan qadınlarımız “Nehrə nəğməsi”ində olduğu kimi, dərdlərini-sərlərini nehrəyə danışmış, onu nəinki həmsöhbət seçmiş, hətta dərdlərinin əlacını onda görürmüşlər.

Dədə-babadan qalma nehrədə düzəldilən nehrə yağı bal kimi sapsarı olurdu. Yağ hazır olandan sonra ayrandan ayırıb yığar, ayranı da atmazdılar. (O da çox ləzzətli olurdu.) Nehrə yağını əridib xörək bişirməyə, çörəklə yeməyə istifadə edərdilər. Mətbəxtimizdə xüsusilə xəmir, şirniyyat və plov istehsalında istifadə edilən nehre yağı, bir sözlə, bütün yeməklərin əvəzolunmazı idı. Söhbət matorlu nehrələrin “istehsal etdiyi,” tərkibi məlum olmayan, bazarlarda satılan 5-10 manatlıq “yağlardan” getmir, əsil nehrə yağından və onun ayranınından gedir. 

Nehrə yağının hazırlanması vaxt və xüsusi bacarıq tələb edir. Nehrənin gəlməyi xeyli çəkir. Nehrə çalxayan qadın açıq havada, evin kəlləsində – kölgədə – sərin yerdə əyləşir. Yekrəng, yorucu çalxama, eyni səs yuxu gətirir, az qala adamın “ürəyi üzülür”. Nehrə isə özünü naza qoyur, gəlmir ki gəlmir.

Nehrə havaları (nəğmələri) əmək nəğmələrinin mühüm hissəsini təşkil edir. Məlum olduğu kimi əmək nəğmələri əmək prosesini əks etdirən, əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik bədii mətnlərdir. Bu nəğmələr əməyə bağlılıq, iş prosesini yüngülləşdirmək, müəyyən mənada həvəs oyatmaq məqsədi ilə ifa edilib. İş prosesinin özəllikləri  dəqiq metr-ritmik ölçüyə malik olan nehrə nəğmələrinin də yaranmasına səbəb olmuşdur. Bu deyilənləri həmin nəğmələrdə aydın görmək və hiss etmək mümkündür.  

Xalq yazıcısı, filologiya elmləri doktoru, professor Ə.Cəfərzadə özünün “Folklor araşdırmaları” kitabında yazır: “Qadın yorğunmuş, yuxunu, eyni sədadan üzülməni özündən uzaqlaşdırmaq üçün nehrədəki qatığın «get-gəl»də çıxardığı səsə uyğun olaraq həzin-həzin, lap dodaqaltı oxuyur. Əməyindən nə gözlədiyi isə məlumdur. Külfətçün yavanlıq, həm də az qala bir həftə, növbəti nehrəyə qədər. Nənə quzuçunun, buzovçunun, külfətini dolandıran oğul balanın könlünü almaqçın deyir: «Ay sağolmuş, balama yaxmac verəcəm, nehrə qoyanda». Verir də: bir «qulaq» (dörddə bir parça) yuxanın üstündə bir çay qaşığı ayranı süzülən təzəcə, baldan şirin kərə yağı (indi o dada həsrətik). Nehrə çalxandıqca nənə həzin, arzulu səslə zümzümə edir:

 

Nehrəm ol, ol, ol.

Yağım bol ol, ol.

Ayranı göz yaşıycan,

Yağı dana başıycan.

 

İzaha ehtiyacı yoxdur. Kasıb tərəkəmə nehrədən ayrı nə istər? O, «Göz yaşıycan” ayranı da işlədəcək, ya dağdan gətirilmiş çələmirdən (dağkeşnişi) dovğa bişirəcək, ya qız-gəlin qalan ayranla şəvə kimi parıldayan qulac hörüklərini açıb başını yuyacaq. Sonra da növbəti nehrəyəcən bu qarçı hörükləri cütçü içində toz dəyməsin deyə gizləyəcək”.

Hehrə çalхama prosesində oxunan nəğmələrə nehrə sayaları da deyilir. Görünür, nehrə çalхamaqla bağlı nəğmələr maldar tayfalar arasında yarandığı üçün belə adlanır. Nehrə haqqında sayalar adlanan nəğmələrlə sayacı sözlər arasında həm məzmun, həm də musiqi yaхınlığı mövcuddur:

 

Çalxa-çalxa yağ olsun,

Düşmənlərin yox olsun.

Mənim maral inəyim,

Qarnı xaral inəyim.

 

Nehrə nəğmələrinin bir qisminin  semantik məzmununda oxşama, yalvarış

 və s. emosiyalar öz ifadəsini tapır, nəğmələrin metro-ritmik quruluşunda sanki nehrənin çalxalanma hərəkəti təsvir olunur. Təsadüfi deyil ki, A.Abduləliyev “Nehrə haqqında havalar” adlı məqaləsində qeyd edir ki, nehrə havalarının melodiyası sakit, nəvazişkartəbiətlidir. Havalar əzizləmə, ovundurma, xahiş, dilə tutma intonasiyaları ilə oxunur. Havalarınmelodiyası laylay vəoxşamalara yaxındır. Aşağıdakı nəğmədə bunu aydıngörmək mümkündür:

 

Ay nehrəm ol, nehrəm ol!

Nehrə çalxa yağ olsun,

Gəlinin üzü ağ olsun.

Nehrədə yağ çox olanda,

Qayınanası şad olsun.

Nehrəm ol, nehrəm ol!

 

Nəğmələrin bəzilərində nehrə çalxalayan qadınayranın az, yağın isə

mümkün olduğuqədər bol olmasını arzulayır:

 

Nehrəm ol, nehrəm ol,

At başıcan yağım ol.

Evimə qonaq gəlibdi,

Aşım yavan qalıbdı.

Nehrəm ol, nehrəm ol,

At başıcan yağım ol,

Göz yaşıcan ayranım.

 

Bəzi nehrə nəğmələrində isə övladına “yağ-əppək” vermək üçün, yağın tez

başa gəlməsiniarzulayan ananın narahatlığı ifadə olunur:

 

Nehrəm ol, nehrəm ol!

Tez ol, balama yağ-əppək verəcəm

Nehrəm ol, nehrəm ol!

Tez ol, balama yağ-əppək verəcəm.

 

         Və yaxud:

 

Çalxan-çalxan, ay nehrəm,

Yağın illah bol olsun.

Balalarımız yesin sağ olsun

 

Qeyd etdiyimiz kimi, nehrə nəğmələrinin də özünəməxsus temp-ritmi nehrə əmək alətinin hərəkətləri ilə sinxron şəkildə inkişaf edir. “Nehrəm ol, nehrəm ol”sözləri sanki, nehrədə yağın hazırlanmasını sürətləndirirA.Əhmədova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatında  yazır ki, “bu nəğmələrdə həm də Azərbaycan xalqının bəzi animistik təsəvvürləri özünü büruzə verir…Təhlil etdiyimiz bir çox nehrə nəğmələri emosional-ekspressiv və predmet-təsviri funksiyaları icra edir. Semiotik nöqteyi-nəzərdən həmin işarələri ikon və indeks kimi səciyyələndirmək olar… nehrə havalarının poetik…dilində etnosemiotik sistemin işarələrindən biri olan bolluq, artım simvolu öz təcəssümünü tapmışdır”.

Tədqqiqatçıların fikrinə görə, nehrə havalarının çox hissəsi segah məqamına əsaslanır (bəzi bölgələrdə rast, şur məqamında olan havalara da rast gəlinir).Xalq musiqimizin digər janrları kimi bujanr da sadə quruluşa malikdir. Demək olar ki, havaların hamısında melodiyanın yuxarıdan aşağıya doğru rəvan hərəkəti özünü göstərir.Bu, Azərbaycan xalq musiqisinə xasolan xüsusiyyətlərdən biridir. Bütün bunlar milli sərvətimiz olan nehrə havalarınınqədim köklərə bağlandığından irəli gəlir. (Mənbə: http://www.musigi-dunya. az/article/100/100_16.html).

Təəssüf ki, biz bu gün nənələrimizdən gördüyümüz, unutmaqda olduğumuz nehrələr və onların istehsal etdiyi min bir dərdin dərmanı olan nehrə yağları haqqında keçmiş zamanda danışırıq. Ta nənələrimiz bizə “çalxanmış nehrədən
ərinməmiş yağ” gətirmirlər. Çünki sıralara çox, lap şox seyrəlib. Elə çalxadıqları nehrələr kimi seyrəlib. Ona görə də dadı damağımızda qalan nehrə yağları və ayranları üçün burnumuzun ucu göynəyir. Təsəllümiz nehrə havalarına, nəğmələrinə, sayalarına qalıb. İnsanlardandır, ya zəmanədəndir, bilmirəm. Bir onu bilirəm ki, ulu Sabir demişkən, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024) 

 

                                                                 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və İncəsənət" portalı dəyərli izləyiciləri üçün bir- birindən maraqlı mövzularla yayımını davam etdirir.

Bu dəfə də çox maraqlı mövzu ilə qarşınızdayıq. Əlbəttə ki, təhsilimiz prioritetimizdir. Budəfəki qonağımızla valideynləri maraqlandırın bir neçə suala aydınlıq gətirəcəyik.

Beləliklə, qonağımız  Loqos PNİM- in metodisti, baş pedaqoq, İnklüziv təhsil şöbəsinin rəhbəri, təlimçi, yenilikçi seminarların müəllifi Aysel xanım Ərəstunqızıdır.

 

-Xoş gördük əziz, Aysel xanım. 

Təbiətin ən gözəl möcüzəsi analar həmişə övladları üçün narahat olurlar.  Övladları ilə analar daha çox vaxt keçirir və bu üzdən anaları həmişə övladının sağlamlığı, təhsili ilə bağlı müəyyən suallar narahat edir.

Bu gün də bu məqamlara toxunacağıq.

Məktəb, ya Lisey? 

 

-Usağın potensialı valideynin egosundan öncə düşünülməlidir. Bəzən valideynlər sırf uşağım burda oxuyacaq deyə, uşağa gərəksiz dərs yükü verirlər. Unudurlar ki, süursuz şəkildə öyrənilən bilik bacarığa keçmir. 

 

-Xoşbəxt, ya savadlı uşaq ? 

 

-Elbəttə ki, xosbəxt! Xoşbəxt insan xoşbəxt gələcək! Savad insan üçündür, öyrənilə bilən, əlçatandır! Xoşbəxt olmağa tələsmək lazımdır. Təəssüf ki, zamanında diqqət və qaygı görməyən övlad- şagirdlər gələcəkdə çox gözəl peşə sahibi olaraq işlərini mükəmməl icra edə bilirlər, amma uğurlu olmaq bundan ibarət deyil, daxili hüzur, özgüvən, xoşbəxtlik toxumları illər əvvəl səpilməlidir ki, zamanla böyüyüb ətrafını çiçəkləndirə bilsin…

 

- Valideynlər müəllimdən çox şey gözləyir?

 

-Gözlədikləri vacib nüansları özləri də evdə dəstəkləsələr, nəticədə hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmiş olarlar. Bəzən evdə dinlənilməyən bir uşaqdan dahi olmasını gözləyərək, əlbəttə, yükü müəllimin üstünə atmaq haqsızlıq olardı. Uşağı birgə tanımaq, inkişaf etdirmək, yeri gələrsə,  bir-birinə dəstəyi əsirgəməmək lazımdır. Ortaq yeriniz eyni uşaqdır, sizin əməkdaşlığınız sağlam olmalıdır! 

 

- Ev tapşırıqları verilməlidirmi? 

 

-16 ilin pedaqoqu olaraq əminliklə deye bilərəm ki, məktəblərdə bilik bacarığa keçsə, eve bu qədər tapşırıq qalmaz. Nəzarət üçün evə yollanılan mövzular təkrar məqsədli ola bilər, amma uşağın ən önəmli dövrü məktəbdə ola- ola valideyn evdə yenidən dərs keçməməlidir!

 

Suallarımıza ətraflı cavablar verdiyiniz üçün Sizə minnətdarıq Aysel xanım.

Növbəti müsahibələrdə görüşənədək. Ümid edirəm müsahibəmiz sizlər üçün faydalı oldu, əziz izləyicilərimiz.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal ətindən boz-portunun 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR (nüsxə):

§ Mal əti (sümüklü) – 300 qr

§ Soğan – 30 qr

§ Cəfəri – 8 qr

§ Reyhan qurusu – 3 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ meyvə turşuları – 20 qr, sarımsaqlı qatıq və ya qurut – 50 qr, sumaq – 3 qr, əzilmiş baş soğan – 12 qr

 

HAZIRLANMASI:

Mal ətinin qol, kürək, döş, boyun hissəsi 50-60 qramlıq tikələrə doğ- ranır. Yuyulur, xırda sümüklərdən təmizlənir. Ət qazana yığılır, üzərinə su əlavə olunur. Qaynayanda kəfi alı- nır. Ət 60-80 faiz bişdikdə duz, istiot, soğan, göyərti, sarıkök vurulur, tam bişirilir. Hazır olduqda kasa və ya boşqaba çəkilir, üzərinə reyhan quru- su səpilir və süfrəyə verilir. Yanında meyvə turşuları, sarımsaqlı qatıq və ya qurut, sumaq, əzilmiş baş soğan verilir.

  QEYD: İki üsulla hazırlanır: sulu və susuz. Susuz olduqda sarımsaqlı qatıq və

ya qurut xörəyin içərisinə əlavə olunur. Qarışdırılaraq bir buğum qaynadılır və süfrəyə verilir. Tərkibi, əsasən, ətdən və müxtəlif formada doğranmış soğandan ibarətdir.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Eminqueyin şeirləri 

təqdim edilir. 

 

1.

Babamgilin evi

 

Mən nənəmin örpəyindən

            tanımışam hicabı,

ilk dəfə qocalığı onun

            örpəyi düşəndə görmüşəm,

hər qadın gəncliyi ayrı rəngdə görür,

həmin rəngə boyayır saçlarını,

qırmızı idi nənəmin cavanlığı...

 

Mən babamgilin

            tut ağacından öyrənmişəm

insanın yer üzündə

            ən böyük qarışqa olduğunu,

qarışqaları sevindirmişdik

            ağaca dırmaşıb tutu çırpanda,

elə bilmişdilər ki,

tutu ağacdan çərşova

            özləri daşıyıblar bircə anda.

 

Mən atamın qollarından

            öyrənmişəm sevgini,

anam pəncərəyə çıxıb şüşəbəndi silər,

atam ayaqlarını qucaqlayardı.

 

Mən babamla nənəmin

            ölümündən öyrənmişəm

böyüksüz evlər necə yox olurmuş,

insan babasıgilin evi

            yox olanda böyüyürmüş...

 

Bir də,

Bir də öyrəndim ki,

atam anamın ayaqlarını qucaqlayanda

özü də ölmək istəmirdi...

 

2.

Sərxoşdan Allaha

 

Ya Rəbb,

Keç günahımdan,

Mən içəndəəəə

            nəəə kiminsə qəlbini qırırammm,

nə də dddaaalaşırammmm,

Məəən,

məəən,

məəən içəndə küsdüklərimlə barışıram.

 

Qucaqlamaq istəyirəm düşmənlərimi,

Öpmək istəyirəm o məscidin ddddivvvvar...

divarını...

 

Bir dəəə,

bir dəəə,

öpmək istəyirəm aaaa... atamın,

dossss... dostumun ot basmışşşş məzarını...

 

Ya Rəbb,

mən içəndəəə,

çox yox e,

bir azzzz ağğğlamaq üçün içirəm,

birazz da danışşşmaq üçün...

mənə bir az da möh... möhlət ver,

səninlə də barış... barışmmmmaq üçün...

 

3.

Göz yaşı

 

Göz yaşı hamıdan məsumdu, safdı,

Göz yaşı hamıdan kövrək, insaflı,

Yuyur sözlərimin hərflərini:

Mə...

Mə...

öz...

bbb..m...əm...

çə...t..di..

axı.

öl....m... kkk...

ist... əm...

olmur, alınmır,

bir də hıçqırıq tək yolumu kəsir,

gah anam qoymur,

gah Allah baxır...

 

4.

Köhnə video

 

Köhnə videolara baxırdıq axşam,

Dizinin üstəydi başım anamın.

Gördüm, silkələyir çiyinlərini,

Kirpik ucundadır yaşı anamın.

 

Qəfil danışmağa başladı atam,

- Uzağa gedirəm, məni çək belə.

Səsini eşidib "can" deyəcəkdim,

Elə boğuldum ki...

O gülə-gülə...

 

...qəfil əl yellədi ekrandan bizə,

Elə düyünləndi söz boğazımda,

Elə təzələndi xatirələrim,

Elə gileyləndim alın yazımdan!

 

Dizimə büküldüm lap körpə kimi,

Elə ağladım ki...

Anam unutsun,

Kəssin göz yaşını, hönkürtüsünü,

Başımı bağrına basıb ovutsun...

Bəs hanı telefon? Bəs hanı video?

Bayaq ağlayanda əlimdən itib.

Tapdım telefonu divanın üstdən,

Baxdım video bitib...

Atam da gedib...

 

5.

Pəncərə

 

Niyə axtarırsan? Axtarma! Yoxdur!

Bu evin səması, Günəşi, quşu.

Bütün pəncərələr baxır bayıra,

Amma ya divardı, ya da ki qonşu.

 

Bu evin Günəşi o qonşu evin

Tez-tez yanıb-sönən pəncərəsidir.

Belə Günəş olar? Belə Gün olar?

Nə işığı çatır, nə də isidir.

 

Pəncərə dil açıb danışır, hərdən,

Gah bərkdən qışqırır, gah söyüş söyür.

İşığı göz vurur, görəsən, kişi

Arvadı, yoxsa ki işığı döyür?

 

Saat üçü keçir, soyuyur kişi,

Kəsilir qadının kəlməsi, sözü.

Saat üçü keçir, çökür qaranlıq,

Pəncərə utanır, qaralır üzü.

 

6.

“Həmd"ə şeir

 

bismillahir-rəhmanir-rəhim,

sənə inanmaq yox,

            səninlə dost olmaq çətin...

 

əlhəmdü lillahi Rəbbil-aləmin,

ayaqlarım, alnım, əllərim.

 

ər-rəhmanir-rəhim

barmaqlarım, burnum, dizlərim.

 

maliki yəumiddin

endim, səcdəyə endim.

iyyakə nə'ubudu və iyyakə nəstəin,

barmaqlarımdan alnımadək Yerə uduzdum,

oldum ölümə təslim.

 

ihdinəs-siratəl müstəqim,

yanıma düşən qollarım məzar halımdı,

səcdəmdi bətin halımı təsdiqim.

 

siratəl-ləzinə ən'əmtə əleyhim,

səcdə bətn halımdı,

səcdə ölüb dirilməyim...

 

ğəyril-məğzubi əleyhim vələzzalin,

yaşasın ölümə baş əymək!

Amin! Amin! Amin!

 

7.

And 

 

Bütün bayraqlar yellənir

            göyərçin qanadları kimi pır-pır.

Uşaqların göz yaşları bir buluddur,

Qan-qadayla savaşar tarix boyu min kərə,

 

Necə ki buludlarla savaşan yerə

göyqurşağı sülh gətirir rəngbərəng,

Qalxıb iki düşmən arasında körpü olur,

Bir başında gözüyaşlı,

O biri başında üstü-başı

            toz-torpaq bir körpə olur.

 

Bayraqlar da hərəsi bir göyqurşağıdır,

Göz yaşları olmasa solur,

            ay Allah bəndəsi,

solur!

İlk dəfə insana qarğamı

            öyrətmişdi öldürüb-basdırmağı,

Yoxsa, göyərçin?

 

Məndən olsa,

Kitaba and içib öpməzdim bayrağı,

Bir körpənin göz yaşlarına and içib

ayaqlarından öpərdim...

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Sentyabrın 27-28-də Qırğızıstanın Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan da təmsil olunub.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda Azərbaycanın milli stendində mövcud turizm potensialımız təbliğ edilib.

 

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən "Böyük İpək yolunda turizm" adlı plenar sessiyada Azərbaycan turizmi haqqında təqdimat olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) strateji məqsədlərindən biridir. Bunun üçün yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. AKİ bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirir.

 

Kinematoqrafçılar İttifaqından AzərTAC-a bildirilib ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsi baş tutdu. Ənənənin davamı olaraq, AKİ cari ilin oktyabrında Muğanda müasir filmlərimizin nümayişlərini həyata keçirir. Nümayişlərdə bir qayda olaraq, müstəqil kinematoqrafçıların ərsəyə gətirdiyi filmlərlə yanaşı, dövlət sifarişi ilə çəkilmiş filmlər də tamaşaçılara təqdim olunacaq.

 

Beyləqan, İmişli, Sabirabad və Saatlıda nümayiş olunacaq filmlərin adları, tarixi və vaxtı barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Kamera və Orqan Musiqisi Zalında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov müsabiqə haqqında ətraflı məlumat verib.

 

O bildirib ki, bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndəsi iştirak edib.

 

“Müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqədə ABŞ-dan olan bəstəkar Kian Ravai qalib olub. İkinci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri isə Xuanxo Villaroya Qrau (İspaniya) tutub. Bu gün onların ifalarını dinləyəcəyik”, - deyə o əlavə edib.

 

Daha sonra konsert proqramı musiqi nömrələri ilə davam edib.

 

Konsertdə “Sevgilimin bağçası”, “Sarı gəlin və çöl ağacı çiçəyi”, “Şuşanın dağları”, “Sarı gəlin”, “Basma-basma tağları”, “Girdim yarın bağçasına”, “Bağa girdim üzümə” xalq mahnıları səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “75 yaşlı Sumqayıtın yazarları” layihəsindəyik. 

Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir. 

 

-Necəsiniz, Rafiq müəllim?

 

-Şükürlər olsun! Hər şey normaldı, işlər öz axarında gedir. Şeirlərimin birində belə bir misra var idi ki, bundan da gözəl ömür olurmu? Həyatımdan da, ailəmdən, övladlarımdan, nəvələrimdən də, yaradıcılıq uğurlarımdan da çox razıyam. Şükürlər olsun ki, doğulduğum Qubadlını Ali Baş Komandanımızla birlikdə ziyarət edə bildim, Şuşada Vaqif poeziya günlərində iştirak və çıxış elədim. Hər biri 512 səhifədən ibarət iyirmi cildlik “Seçilmiş əsərləri”nin  19 cildi nəşr edilən, adı ədəbiyyat tarixinə, Milli Ensiklopediyaya düşən, əsərləri dərsliklərə daxil edilən yaradıcı insan özünü necə hiss eləməlidi? Xoşbəxtəm ki, Şuşada 30 ildən sonra çalınan ilk zəng mərasimində birinci sinfə gedən bir uşaq mənim “Birinci zəng” şeirimi əzbər söylədi. Son bənd belə idi:

 

Vuruldu birinci zəng,

Ta bizim nə qəmimiz?

Biliklər ölkəsinə

Yola düşür gəmimiz...

 

-Qarşıdan şəhərimizin 75 illiyi gəlir. Keçmiş və bu günkü Sumqayıt, hansı sizə daha doğmadı?

 

-İkisi də doğmadı. Keçmişin adamlarını bu günkü Sumqayıta gətirə, bu günün Sumqayıtını keçmişə apara bilsək, onlar bir-birini tamamlayar, daha gözəl, daha möhtəşəm olardı. Sumqayıtın qurub - yaradılmasında böyük əməyi olan, dünyasını dəyişən ləyaqətli insanlar bu günün çiçəklənən, gündən-günə gözəlləşən, təmiz havalı Sumqayıtını görəndə çox sevinər, qürur duyardılar. Ancaq təbii ki, bu, mümkün olan iş deyil. Nə keçmişi bu günə gətirmək, nə bu günü keçmişə qaytarmaq olar... Sumqayıt az bir vaxtda tarixi inkişaf yolu keçərək ölkənin ən gözəl şəhərlərindən birinə çevrilib. Özü də bu şəhəri digərlərindən fərqləndirən ən əsas cəhət orada bütün regionlardan olan insanların yaşamasıdır.

 

Hər eldən, hər obadan

Gələnə dedin balam.

Taleyimin şəhəri,

Mənim alınmaz qalam!

 

Gözəlləşən Sumqayıt,

Bizə şərəfsən, şansan.

Sən adi bir şəhər yox,

Böyük Azərbaycansan!

 

Qəhrəmanlar yurdusan,

Zəfər sənə yaraşır.

Sən Xəzərə bəzəksən,

Xəzər sənə yaraşır!

 

Həmişə Bakımızla

Adın çəkilir qoşa.

Mənim doğma şəhərim –

Sumqayıtım, min yaşa!

 

Hər gün gözəlləşirsən

Sahilində Xəzərin.

Şəhərlər arasında

Yoxdu sənin bənzərin!

 

Tələsirəm qoynuna,

Hara olsa səfərim.

Mənim əziz şəhərim,

Mənim doğma şəhərim!

 

Doğrudan da, 75 yaşı tamam olan Sumqayıt bənzərsiz şəhərdi. Dünyanın harasına gedirəmsə gedim, mən öz şəhərimə, öz evimə tələsirəm. Çünki dünyanın heç bir şəhəri mənim üçün Sumqayıt qədər doğma deyil...

 

-Siz ömrünüzü ədəbiyyata, sözə həsr eləmisiniz. Ən əsası şeirin ibtidasını yazan və öyrədən inasansınz. Sizcə, söz orbitinə bu qədər yürüş niyə yarandı?

 

-Dedikləriniz o mənada doğrudur ki, mən bütün həyatımı ədəbiyyatın yaranmasına, tədqiqinə, təbliğinə, tədrisinə həsr eləmişəm. 2003-cü ildə tanınmış, istedadlı şair Qəşəm Nəcəfzadənin “Ədalət” qəzetində mənimlə bir müsahibəsi çap olunmuşdu. Onun çoxsaylı suallarından birinə belə cavab vermişdim ki, mənə elə gəlir ki, ədəbiyyat mənim Leylim, mən isə onun Məcnunuyam. O ki qaldı “sözün ibtidasını yazan və öyrədən” sözünə, bunu birmənalı qəbul edə bilmirəm. Sözün, şeirin ibtidai qaydalarını mən hələ ibtidai sinifdə oxuyanda bilirdim. Ona görə ki, mənim ana babam Nuşirəvan Kərimov mollanəsrəddinçi şair idi və “Molla Nəsrəddin” jurnalında onun “İstiot” təxəllüsü ilə şeirləri çap olunmuşdu. Şeirin ibtidai qaydalarını babam mənə hələ o vaxt öyrətmişdi. Sizin sualınız vaxtilə mənim tələbə yoldaşım olan görkəmli dilçi alim, əməkdar elm xadimi Nizami Xudyevin 2018-ci idə çap olunan “Ömürdən səhifələr” kitabının 78-ci səhifəsində yazılan bu sözləri saldı: “İndi respublikanın tanınmış şairlərindən, həm də ədəbiyyatşünaslarından biri olan, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu yaşca bizim hamımızdan kiçik idi, bizim kitablardan oxuyub öyrəndiklərimizi onun oxumadan, fitrətən bilməsi hamımızı heyrətləndirirdi.”

Təəssüf ki, indi yaradıcılıq təşkilatlarının üzvü, neçə-neçə qalın kitabların müəllifi olanların böyük əksəriyyətinin yazılarında sizin dediyiniz o ibtidai qaydalara belə riayət olunmur. Dil, ifadə qüsurları adamı lap əsəbiləşdirir. Ancaq məsələnin başqa bir tərəfi də var. Əslində qaydaları bilməklə də iş bitmir. Böyük ədəbi uğurlar qazanmaq üçün birinci növbədə istedad, sonra zəhmət, mütaliə və ədəbi mühit lazımdır.

 

-Sumqayıtda niyə bir nəfər də olsa Xalq şairi, Xalq yazıçısı yoxdu?

 

-Hər şeyin zamana ehtiyacı var. Arzu və ümid eləyirik ki, nə vaxtsa bu da olacaq. Ancaq əsas məsələ təkcə fəxri adda, mükafatda deyil. Əsas məsələ xalqın ürəyindən xəbər verən əsərlər yazmaqdadı...

 

-Axır zaman əlamətlərindən birində yazanların çoxalacağına işarət edir.  Nizami, Füzuli, Nəsimi planetinin sakini olmaq yazanlara bu qədərmi asan gəlir?

 

-Əslində bütün dövrlərdə belə olub. “Şeirdən ucalıq umma dünyada” deyən Nizami də, “Bir dövrdəyəm ki, nəzm olub xar” deyən Füzuli də, adi insanların başa düşmədiyi, dərisi dabanından soyulan Nəsimi də öz zəmanələrindən gileyli olublar həmişə...  “Məndən olsa şeir yazanlara ən ağır cəza verərdim” deyən böyük Mirzə Cəlili də həmin problem narahat edirdi. Yaradıcı insanların dəlilərlə ruh qohumluğu var bir az. Heç kəsə qadağa qoya bilməzsən ki, yazmasın. Hamı elə bilir ki, ondan yaxşı yazan yoxdu. Pis cəhət odur ki, bu cür cızmaqaralar yeni nəslin ədəbi zövqünü korlayır. Narahatçılığa isə o mənada əsas yoxdur ki, zaman hər şeyi yerbəyər eləyəcək onsuz da. 

Pandemiya dövründə yazılan “Gərək təmizləyək düşüncəmizi” adlı şeirimdə bu və ya buna bənzər digər problemlərlə bağlı düşüncələrimi əks etdirməyə çalışmışdım. Elə bilirəm ki, sualınızın cavabı həmin şeirdə bu və ya digər şəkildə öz əksini tapıb.

 

İnsan tək yaşamaq çıxıb yadından

Bu bəşər övladı lap ağ eləyir...

Biri yarasaya, biri siçana

Biri də ilana barmaq eləyir...

 

Hamı yadırğayıb əkib-biçməyi,

Hamı top düzəldir, bomba düzəldir...

Biri hara gəldi soxur burnunu,

Biri döş qabardır, omba düzəldir...

 

Deyirəm bəlkə də bu bir sınaqdı,

Bu virus məlhəmdi yaramız üçün?

Axı nə şeydi ki, iman dəyişmək,

Cinsini dəyişən yaramaz üçün?

 

Göydən daş yağmazmı dolu yerinə

Meydan oxuyanda bəndə göylərə?

Əgər belə getsə, robot gəlinlər

Ərə veriləcək robot bəylərə...

 

Calaq olunubdur yaxşı yamana,

Öküzü kəl edər gönü dəyişmək?!

Həsrətik meyvənin ləziz tamına,

İndi dəbə minib geni dəyişmək...

 

Qutab bişirən də kitab çıxardır,

Ucuz tamadalar məclisdə coşur.

Alim də, çoban da, qarpızsatan da

İndi şeir yazır, nəğmələr qoşur...

 

Hamı şan-şöhrətə salıbdır meyil,

Bu ana təbiət lap cana doyub...

Dünyanı bu günə viruslar deyil,

Dünyanı bu günə adamlar qoyub...

 

Qiyamət gözləyir bizi qabaqda,

Toya getməlidir bu virus hələ...

Allahın işinə qarışanları

Tanrı girinc edib bir virus ilə...

 

Gəl, koronavirus, dönüm gözünə,

Etdin lovğaların dilini gödək...

Bəlkə indi gələ ağlı başına,

Hərə öz işinin dalınca gedə...

 

Bizi bu günlərə salan nə olub? –

Edilən günahı düşünməliyik.

Evdə qalmaq ilə iş bitmir hələ,

Biz evdə sabahı düşünməliyik...

 

Qayıdıb bu yolu təzədən keçək?

Bizə dərs olmadı Nuhun gəmisi?

Təkcə bu çirklənmiş dünyamızı yox,

Gərək təmizləyək düşüncəmizi! –

Bəlkə xilas edə düşüncə bizi...

 

-Sumqayıt və siz?

 

-Mən Sumqayıta 1966-cı ildə gəlmişəm. Qohumlarım: əmim, bibim, bibim oğlanları bu şəhərdə yaşayıb işlədiklərinə görə tələbə olanda belə, 1966-cı ildən 1970-ci ilə qədər mən də Sumqayıtda yaşamışam, hər gün Bakıya dərsə gedib-gəlmişəm. Əsasən elektrik qatarı ilə. Şəhərə gəldiyim gündən Sumqayıt ədəbi mühitinin içində olmuşam. Ali məktəbi bitirən kimi əmək fəaliyyətinə Sumqayıtda başlamışam. Əvvəlcə 1 nömrəli tikinti trestinin 5 nömrəli yataqxanasında tərbiyəçi müəllim, sonra 10, 13, 23 nömrəli məktəbdə müəllim işləmişəm. Sumqayıtın filologiya üzrə ilk aspirantı, ilk filologiya elmləri namizədi, ilk filologiya elmləri doktoru, ilk professoru, ilk Əməkdar mədəniyyət işçisi olmuşam. Azərbaycan Yazıçılar Birliyi qəbul komissiyasının, AMEA-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, eləcə də Folklor İnstitunda fəaliyyət göstərən Dissertasiya Şuralarının ilk sumqayıtlı üzvü kimi də Sumqayıtın qələm adımlarına, müdafiə eləyən alimlərə yardımçı olmağım danılmaz faktlar sırasındadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə nəşr edilən “ADPU-nun 100 məşhur məzunu” kitabında  Sumqayıtı təmsil edən yeganə insan, yubiley medalına layiq görülən yeganə şəxs mənəm. Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün kurrikulum əsasında yazılan ilk “Ana dili”dərsliyinin də aparıcı müəllifiyəm. Yeri gəlmişkən, onu da xatırladım ki, ölkə mətbuatının ilk sumqayıtlı baş redaktoru kimi də adım tarixə düşüb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktoruyam. Bu ilklərin davamlı olacağına da ümidim var hələ...

Əslində elə mən də Sumqayıtla yaşıdam. Sumqayıtın 75 yaşının tamamından bir ay on bir gün sonra mənim də 75 yaşım tamam olacaq. Bu 75 illik ömrün nə az, nə azacıq, düz 58 ili Sumqayıtda keçib. 1985-ci ildən “Göyərçin” jurnalında əmək fəaliyyətimi davam etdirsəm də, orda şöbə müdiri, məsul katib, baş redaktor, Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetində professor işləyəndə belə pedaqoji fəaliyyətimi Sumqayıtda da davam etdirmişəm, Sumqayıt Dövlət Universitetinin formalaşmasında əlimdən gələni əsirgəməmişəm. İndi həmin universitetin filologiya fakültəsində çalışanların böyük əksəriyyətinin müəllimi, bir qisminin elmi rəhbəri, bir qisminin rəsmi opponenti olmuşam. Həmin universitetin tələbələri üçün yazdığım “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərsliklərindən, eləcə də “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” adlı dərs vəsaitlərindən xeyli vaxtdır ki, ölkənin bütün ali məktəblərində istifadə olunur. 

 

-Sizə elə gəlmir ki, dünyada çox şey əvvəlki mahiyyətini itirir? Allahın kölgəsi olmayan yerdə yaşamaq mümkündürmü?

 

-Xeyir, elə gəlmir. Mən xaraktercə nikbin adamam, gileylənməyi sevmirəm. Yaxşı bilirəm ki, hər dövrün öz qayğıları, öz problemləri, öz meyarları var. Hər şeyi əlahəzrət zaman diqtə edir, tənzimləyir. Əslində Allahın kölgəsi həmişə bizim üstümüzdədi... Bunu dərk eləyən də var, dərk eləməyən də. Allahın nəzarəti altında zaman bütün problemləri özü həll edir. Ancaq insanların da bu və ya digər şəkildə ona köməyi istisna deyil.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Bəli. Zakir müəllim bələdiyyə sədri olanda belə yaradıcı adamlar üçün əlindən gələn köməyi əsirgəmirdi. Sumqayıt yazıçılarının əsərlərindən ibarət bir  neçə almanaxın nəşrində onun maddi və mənəvi dəstəyini unutmaq olmaz. Məhz Zakir Fərəcovun qayğısı və diqqəti sayəsində şəhərimizin ən gözəl binalarından biri Poeziya evi kimi fəaliyyətə başladı. Burada o qədər sanballı tədbirlər keçirilib ki... 

 

-Sizə o illərə qayıtmaq imkanı verilsəydi, yenə də bu şəhəri seçərdinizmi?

 

-Əvvəla, o illərə qayıtmaq mümkün deyil. Digər tərəfdən, hər şey taleyin işidi... Bir şeirimdən belə bir misra yadıma düşdü: “Biz öz taleyimizin ağası deyilik ha!”

 

-AYB Sumqayıt bölməsinin işi Sizi qane edirmi? 

 

-Bəli, edir. Vaxtilə Sumqayıtda SSRİ Yazıçılar İttifaqının yeddi üzvü var idi: Kuzma Xromov, Vaqif İbrahim, Əşrəf Veysəlli, Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə, Məmməd Namaz və mən – Rafiq Yusifoğlu. İndi maşallah, üzvlərin sayı səksəni keçib. AYB Sumqayıt bölməsinin yaranması isə birbaşa rəhmətlik Sabir Sarvanın adı ilə bağlıdır. İstər onun vaxtında, istərsə də ondan sonrakı dövrlərdə bölmə xeyli iş görüb, kitablar, almanaxlar nəşr edilib, ədəbi gecələr, müzakirələr, kitab təqdimatları keçirilib, yubileylər qeyd olunub. 

 

-Hər şeyə Qərb düşüncəsi ilə yanaşan bəzi gənclər klassik irsə və keçmişimizə qarşı niyə bu qədər qərəzli və qəzəblidirlər?

 

-Yadıma dissertasiya müdafiələrindən birində elmi şura üzvü  kimi çıxışımda dediyim bir sözü saldınız. Tədqiqat işində müasir poeziyamıza dünya nəzəri terminləri, ədəbi meyarları ilə dəyər vermək istəyi o qədər güclü idi ki, ona görə söylədim ki, niyə biz müasir ədəbi prosesimizdə “yağın yağ, ayranın ayran olmasını” yoxlamaq üçün milli yaradıcılıq nehrəmizə mütləq Avropa qaşığı uzatmalıyıq?

Əlbəttə, dünya gör-götür dünyasıdır. Dünya ədəbiyyatından da, klassik ədəbiyyatımızdan da öyrənmək ədəbi uğurların rəhninə çevrilə bilər. Hətta keçmişdən də ibrət dərsi götürməliyik. Həyatın da, ədəbiyyatın da tarixi təkcə uğurlardan ibarət deyil axı! Keçmişi dəyərləndirərkən həmin mühiti mütləq nəzərə almaq lazımdır. O yerdə ki, qərəz, qəzəb at oynadır, orda real, ədalətli fikir söyləmək sadəcə mümkünsüzdür.

 

-Ədəbiyyatımızda ümumi mənzərə?

 

-Əslində bütün dövrlərdə ədəbi mənzərəni yaradan ictimai həyatdı. O mənada ki, ədəbiyyat həyatın bədii əksidi. Ədəbi prosesin bir tərəfində ictimai mühit, digər tərəfində yaradıcı insan, o biri tərəfində isə oxucu dayanır. Böyük əsərlər, böyük ixtiralar insanların nəyəsə ehtiyacı olanda yaranır... Oxucu biganəliyi baxımından ümumi mənzərə məni qane etməsə belə, ədəbiyyatımızın bu günü ilə bağlı bədgüman da deyiləm...

 

-Güzgüdəki adama sözünüz?

 

-Güzgünün həm görünən, həm də görünməyən tərəfi var... Görünən tərəfdə zahiri görünüşümüz, portretimiz, görünməyən tərəfdə isə daxili dünyamız var. Bu daxili dünya həm üzün cizgiləri, mimika, təbəssüm, dodaqların səyriməsi, gözlərin yol çəkməsi, həm də düşüncələrimiz vasitəsilə təzhür edir. Mahiyyət və təzahürün qarşılıqlı dialektikası... Güzgünün bizi göstərən üzü o biri dünyanın qapısıdı elə bil. Güzgünün o biri üzündə isə axirət dünyamız var. Alllahdan başqa kimsənin görə bilmədiyi sirli, sehrli bir dünya...

 

Güzgüdən bir adam baxıb,

Elə bil bizi izləyir.

O güzgünün arxasında

Görən bizi nə gözləyir?

 

Güzgüdə gördüyüm adam,

Dikilib gözün gözümə.

Sənin üzünə baxanda

Yazığım gəlir özümə.

 

Dodağın niyə səyriyir?

Baxışların nə qəmlidi!

Niyə üzünə qəm çöküb,

Niyə gözlərin nəmlidi?!

 

Bu qədər yaxın olsaq da,

Duyuram ki, çox uzağıq.

Üz-üzə dayansaq belə,

Ikimiz də yalquzağıq…

 

Bəbəklərinə baxanda

Vəlvələ düşür canıma.

Mən güzgüyə necə girim? –

Sən ordan çıx, gəl yanıma!

 

Güzgüdə gördüyüm adam,

Bu dünyaya heyrətimsən!

Mənmi sənin surətinəm,

Sənmi mənim surətimsən?

 

Güzgüdə gördüyüm adam,

Biz tuta bilsək əl-ələ,

Yer qopar öz mehvərindən,

Dünyada qopar vəlvələ.

 

Dərk eləmirəm özümü,

Mən nə qədər əzab çəkim?!

Keçib güzgü arxasına

Səninlə haqq-hesab çəkim?!

 

Güzgüdə gördüyüm adam,

Bir gün cana doyacağam,

Güzgüyə baxmayıb, səni

Yana-yana qoyacağam…

 

Sinəmə ayna çıxanda

Biz kamala dolduq bəlkə?!

O güzgünün arxasında

Eyni adam olduq bəlkə?!

 

-75 yaşlı gənc şəhərə arzularınız?

 

-1978-ci ildə uşaqlar üçün yazılan “Sumqayıtın nağılı” adlı bir şeirim var. 1981-ci ildə “Gənclik” nəşriyyatının çap elədiyi “Ulduz” adlı almanax həmin şeirlə açılırdı:

 

Ata, mənə nağıl danış,

Kitabda olan olmasın.

Ata, mənə nağıl danış,

İçində yalan olmasın.

 

Belə dedi oğlum mənə,

Onun sözünü xoşladım.

Dirsəklənib pəncərəyə

Belə bir nağıl başladım:

 

Biri var idi,

Biri yox idi,

Bu gördüyün binaların,

Küçələrin biri yox idi…

 

Bu misralarla başlayan uzun şeirdə ata Sumqayıtın keçmişindən, onun necə şəhərə dönməsindən nağılvari bir dillə danışandan sonra üzünü oğluna tutub deyirdi:

 

Gözəlləşir şəhərimiz,

Ürəyimiz dönür dağa.

Bu nağılın ardını da

Böyüyüb siz yazarsınız

Əlinizlə bu torpağa…

 

“Kitabda olmayan”, zəhmətkeş insanların əlləri ilə yazılan nağıl isə bu gün də davam eləyir. Nəsillər bir-birini əvəz etdikcə bu nağıllar şəhəri də gündən-günə gözəlləşir… Arzum budur ki, 75 yaşı tamam olan Sumqayıt ağıllı, intellektual səviyyəli, mədəni, Azərbaycanımızı bütün dünyada tanıtmağa qadir ləyaqətli insanların dogma şəhərinə çevrilsin. Sumqayıtı və sumqayıtlıları şərəfli yubiley münasibətilə təbrik etməkdən məmnunluq duyuram…

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.