Super User

Super User

Noyabrın 15-də “Fairmont Baku” otelində Latviya Respublikasının Azərbaycandakı səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı ilə “Kiçik bir millət-böyük Animasiya” adlı festivalın açılışı olub.
AzərTAC xəbər verir ki, açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiov jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, “Elektrikçinin Günü” filmi pandemiyadan əvvəl çəkilsə də bu günlə səsləşir. Hər kəs filmin ideyasını fərqli formada qəbul edir. Ancaq film daha çox özünütəcriddən bəhs edir. Filmin əsasən böyüklər üçün nəzərdə tutulduğunu deyən rejissor bildirib ki, uşaqlar üçün mövzu tapmaq olduqca çətindir. İndi onları Şaxta baba, qurd və ya dovşanla aldatmaq olmur. Ancaq böyüklər bizim üçün daha əlçatan bir auditoriyadır.
“Baltikyanı ölkələr arasında Estoniya hər zaman animasiya filmləri üzrə lider olub. Son zamanlar Latviya bu sahədə bir qədər uğur qazanaraq Litvanı üstələyib. Ancaq Estoniya bizim üçün bir məktəb sayılır. Çünki onların çəkdiyi animasiyalar dünyanın bütün ölkələrində qəbul olunur”,- deyə Vladimirs Leşçiov əlavə edib.
Sonra Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək festival haqqında məlumat verib: “Noyabr ayında Latvianın müstəqilliyinin 103-cü ildönümü tamam olur. Bu münasibətlə səfirlik Bakıda bir neçə tədbirlər keçirir. “Kiçik bir millət -böyük Animasiya” adı altında təqdim olunan festival belə tədbirlərdən biridir. Latviyanın təqdim etdiyi animasiyalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Festival çərçivəsində ölkənin digər tanınmış rejissorların filmləri nümayiş olunacaq. Festival çərçivəsində Vladimir Leşçiov ustad dərsi də keçirəcək, eyni zamanda müsabiqə elan olunacaq. Müsabiqəyə qatılmaq üçün festivalda nümayiş olunan filmlərə baxmaq mütləqdir. Bundan əlavə müsabiqə iştirakçıları Latviya ilə bağlı və sevimli animasiya personajı haqqında düşüncələrini yazmalıdır. Qalib gələn şəxs Riqaya iki bilet əldə edəcək”.
Açılış günü Vladimir Leşçiovun “Elektrikçinin Günü” filmi nümayiş olunub. Növbəti günlərdə rejissorun “Yeni ili gözləyirik”, “Yağışlı günlər” və “Qanadlar və Avarlar” filmləri göstəriləcək.
Qeyd edək ki, festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb.
Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitab Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas kimi tanınmış söz, sənət və mədəniyyət xadimlərinin Əli Vəliyevin saf təbiəti, mərdliyi, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat və məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest və hekayələri ilə bağlı söylədikləri fikir və mülahizələri əks etdirir.
Kitabın tərtibçisi Yaşar Əliyev, redaktoru Bəhlul Abbasovdur.

İndoneziyada keçirilən Beynəlxalq Semaranq Karikatura Festivalının finalçıları məlum olub.
Dünya üzrə 75 rəssam final mərhələsinə adlayıb ki, onların arasında həmyerlimiz Soltan Soltanlı da var, onun fərqlənən karikaturası “At kimindir?" adlanır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Şuranın üzvləri  Sumqayıt Dövlət Dram Teatrında yaradıcı heyətlə görüş keçiriliblər. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
Mədəniyyət Nazirliyindən alınan məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli ictimai şuranın məqsədi və məramı barədə bunları bildirib:
“Biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi nazirliyin rəhbərliyinə təqdim edirik. Yaxın günlərdə Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək”.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdikləri barədə məlumat verib. Eyni zamanda direktor bir təklif də irəli sürüb,  aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsinin olduqca effektiv olacağına diqqət çəkib.
Digər görüş iştirakçıları da öz arzu və istəklərini dilə gətiriblər.
Sonda ictimai şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğulayıb və bildirib:
“Biz İctimai Şura olaraq burada səslənən bütün təklif və təşəbbüslərin təhlilini aparacaq və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edəcəyik.”
Tezliklə portalımızda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli ilə müsahibəni oxucularımızın ixtiyarına verəcəyik.

Mədəniyyət Nazirliyi və "İctimai TV"nin media dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Bizim kino” adlı 24 hissəli kinojurnal tamaşaçıların ixtiyarına verilib.
Kinostudiyadan bildirilib ki, “100 ildən çoxdur ki, bizi öz sehrində saxlayan 7-ci sənətə, kinomuza milli baxış” mövzusuna həsr olunan layihənin rəhbəri Cəmil Quliyev, prodüseri Fariz Əhmədovdur. Yaradıcı heyətə Rza Əsgərov, Kamran Qasımov, Seyran Bədəlov, Əli Sultanov daxildir.

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:00

Nizami Gəncəvi Beynəlxalq Festivalı öz işinə başlayıb

Azərbaycan olduqca möhtəşəm bir mədəniyyət forumuna evsahibliyi edir. Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən 15 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.
Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər, ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayıb.
Eyni gündə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramı təşkil edilib.
Bu gün - Noyabrın 16-da Gəncə şəhərində Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Festival çərçivəsində - 17 noyabr tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun konserti baş tutacaq.
Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası təqdim ediləcək.
Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.
Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun çıxışı və Bakı şəhərində Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi baş tutacaq.
Zəngin proqrama malik festivalın növbəti günündə - 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi. Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.
Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.
Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.
24 noyabr tarixində öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan çıxışı ilə festival öz işini yekunlaşdıracaq.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə London şəhərində Britaniya Şurasının direktor müavini Cortina Butler ilə görüşüb.
Mədəniyyət Nazirliyinin məlumatına görə, görüş çərçivəsində Britaniya Şurası ilə əməkdaşlıq, “Creative spark”, “Crafting future” proqramları, yaradıcı sənayelərin inkişafı barədə fikir mübadiləsi aparılıb. V.Eyvazzadə Britaniya Şurasının Bakı ofisi vasitəsilə xüsusilə ölkəmizdə yaradıcı sənayelərin inkişafına dəstəyini yüksək qiymətləndirildiyini, bu çərçivədə daha dərin əməkdaşlığa maraqlı olduğumuzu bildirərək, ötən ay Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edilməsinin də qarşılıqlı əməkdaşlığın töhfəsi olduğunu qeyd edib. Hazırda Federasiya ilə Birləşmiş Krallığın Yaradıcı Sənayelər Federasiyası və Kreativ İngiltərə təşkilatı ilə əməkdaşlığın qurulması üçün ilk addımlar atılıb. Cortina Butler Azərbaycan ilə hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Yaradıcı Sənayelər Federasiyasının yaradılmasının bu sahənin biznes olaraq inkişaf etdirilməsinə, təşkilatlanmaya böyük dəstək ola biləcəyinə inandığını qeyd edib. V.Eyvazzadə görüş əsnasında Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə post konflikt dövründə Mədəniyyət Naminə Sülh Qlobal kampaniyasını elan etdiyini  və dekabrın 2-də Kampaniyanın Tərəfdaşlar Forumunun keçiriləcəyi barədə məlumat verib. Britaniya Şurasının dünyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini nəzərə alınsa sülh və mədəniyyət ideyalarının yayılması üçün bu təşkilatla da əməkdaşlığa və tərəfdaşlığa hazır olduğumuzu qeyd edib. C. Butler bu təşəbbüsü yüksək qiymətləndirdiyini və bununla bağlı daha çox məlumat əldə etdikdən sonra təşkilatın mövqeyini bildirəcəyini ifadə edib.
Səfər çəçivəsində Vasif Eyvazzadə və Britaniya Kitabxanasında Əqli mülkiyyət və biznesin inkişafı sahələrinə rəhbərlik edən İsabel Osvel arasında görüş keçirilib.
Görüşdə İ. Osvel kitabxananın inklusiv, tədqiqat və biznes mərkəzə çevrildiyini bildirərək kitabxana nəzdində yaradılmış Biznes və İP Mərkəzin fəaliyyətini təqdim edib. O qeyd edib ki, burada həm startuplar, həm də xarici ölkələrdə bizneslə məşğul olmaq istəyənlər üçün xüsusi təqdimatlar və görüşlər təşkil edilir. Xüsusilə, ziyarətçilər xarici ölkələrin biznes mühiti və onu tənzimləyən qanunvericilik, vergi siyasəti barədə burada ətraflı məlumat əldə edə bilərlər.
Daha sonra Britaniyanın ən innovativ və rəqəmsal təşkilatlarından biri olan “Catapult” şirkəti ilə tanışlıq təşkil edilib. Şirkətin rəhbəri onların təşkilat olaraq innovativ və rəqəmsal həllər təklif etdiklərini və nəticə etibarilə iş və biznesin sürətlənməsinə təkan verdiklərini diqqətə çatdırıb.
Görüşlərdə İngiltərə Yaradıcı Sənayelər Federasiyasının qurucularından  olan Con Nyubig iştirak edib, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:58

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

16 noyabr. Beynəlxalq Tolerantlıq Günü

 

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib, məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olub. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub. Bu, özünü xalqımızın əsrlərdən gələn ədəbiyyat nümunələrində, bədii və fəlsəfi fikir tarixində də göstərir. Elə bir vaxtlar yurdsuz-yuvasız bədnam ermənilərə sığınacaq verməyimiz də bu səbəbdəndir. Azərbaycan indi bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Yəhudi xalqının tarixi vətənindən kənarda yeganə kompakt yaşayış yerinin Qubanın Qırmızı qəsəbəsi olması faktı dönə-dönə dünyada vurğulanmırmı? Yaxud, min illərdir ki, xınalıq, qırız, lahıc kimi etnosların assimilyasiyadan qorunub saxlanması məgər azmı işdir?

 

16 noyabr. Ümumdünya düymələr günü

 

“Yaxan düymələ, düymələ” deyə dad-aman eləyən xanəndələrimiz bu mahnını düymənin hikmətini bilibən oxuyublar, biləsiniz. Qapının qıfılı nədirsə paltarın da düyməsi odur. Hələ 20-ci əsrdə - 1938-ci ildə Amerikanın Button Society təşkilatı təqvimə belə bir günün salınmasına nail olub. Məişətimizə möhkəm daxil olan düymənin çox qədim tarixi var. Əvvəllər düymə yalnız bəzək elementi idi, düymələmə funksiyasını isə qayışlar, sancaqlar daşıyırdı. Düymə düymə olandan sonra onun kolleksiyasını yığanlar da tapıldı, məsələn, bir isveçli keşiş 40 min müxtəlif düymə toplayıbmış. Amma rekord isə Nyu-Cersi şəhərindən olan bir mühəndisə məxsus  imiş, düz 100 min ədəd.

 

16 noyabr. “Yumşaq oyuncaqla ziyafət təşkil elə” günü.

 

Tək uşaqlar üçün yox, eyni zamanda böyüklər üçün də nəzərdə tutulan, tək xanımları deyil, həm də kişiləri əhatə edən bu günü, təsəvvür edin ki, azərbaycanlı kişisi də dəbə düşüb qeyd edir. Oturub masanın başında, ətrafında da yumşaq ayı, it. İçəri girən bir adam deməzmi ki, sənin kişi boyunu yerə soxum? (Burda bir smaylik yetərlidir).

 

16 noyabr. Rudolf Kreyseri yaxşı tanıyın!

 

Portəgizlər milli dəniz günündə hava soyuqdur deyə yalnız dəniz havası udacaqlar. Şimali Koreyada rəhbərlik icazə versə, insanlar Ana günündə analarını təbrik edəcəklər. Estonlar suverenlik deklarasiyası günündə bəsdir deyincəyə qədər şənlənəcəklər. Kubalılar Müqəddəs Kristobal günündə kilsələrə axışıb şam yandıracaqlar. ABŞ-da isə bu gün Milli Fəst-Fud günüdür, dünyada ən çox fəst-fud yeyən amerikalılar bu gün fəst-fuda qarşı əsl genosid həyata keçirməyəcəkmi, keçirəcək!

 

1945-ci ilin 16 noyabrında Londonda YUNESKO yaradılıb; 1848-ci ildə yenə də Londonda əsas hadisələr cərəyan edib – bu dəfə dünyaşöhrətli bəstəkar Şopen özünün son konsertini verib; 1766-cı ildə tarixin ən virtuoz skripkaçısı, eyni zamanda bəstəkar, dirijor və pedaqoq, fransalı Rudolf Kreyser dünyaya gəlib. Bu adam haqda maraqlı bir şey oxumuşam. Sən demə onun ifasına vurğun olan böyük Bethoven məşhur 9-cu sonatasını ona həsr edib, onun ifası üçün yazıb. Hətta bu sonataya bəzi mənbələrdə Kreyser sonatası da deyilir. Amma siz bu adamda dikbaşlığa baxın ki, o boyda kişinin arzusunu ürəyində qoyub, bu sonatanı ifa etməyib; 1582-ci ildə qəddarlıqda ad çıxarmış rus çarı İvan Qroznı öz oğlunu qətlə yetirib.

 

Çərşənbə axşamı, 16 Noyabr 2021 05:58

Anar Kərimov: “Biz erməniləri rahat qoymayacağıq”

Xəbər verdiyimiz kimi, ötən gün Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. O deyib:
“İlk növbədə, azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutmalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik.
İşğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyinin məlum deyil. Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb bundan sonra beynəlxalq konvensiyalar çərçivəsində iddialarımızı qaldıracağıq. Məqsədimiz də budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan həyasızcasına Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu cinayət və beynəlxalq hüquqa hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.

Noyabrın 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qazaxıstanın və Hindistanın ölkəmizdəki səfirləri Serjan Abdıkarimov və Bavitlunq Vanlalvavna və digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival gənc aktyorlar tərəfindən “Yurd” adlı musiqili kompozisiyanın nümayişi ilə başlanıb. Giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayıb. Bildirib ki, hər bir ölkənin gələcəyi üç əsas amildən asılıdır: "Birincisi gücdür ki, 44 günlük Vətən müharibəsində gücümüz sayəsində torpaqlarımızı işğaldan azad etdik. Biz bir daha göstərdik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. İkinci amil fəlsəfədir, elmdir. Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan öz mütəfəkkir və şairlərinə böyük önəm verir. Üçüncü amil mədəniyyətimizdir. Bugünkü tədbir məhz onun göstəricisidir. Bu tədbirlərin mütləq davamı gələcək. Biz belə tədbirləri tək Qobustanda yox, Qarabağda da keçirəcəyik. Bu cür tədbirlərin təşkili ölkəyə turistlərin cəlb olunmasına da kömək edir. Çox şadam ki, tədbirdə Vətən müharibəsi qazilərimiz də iştirak edir. Allah onlara şəfa versin, şəhidlərimizə rəhmət eləsin".
Daha sonra söz festivalın musiqili qonaqlarına verilib. Əməkdar artistlər İlkin Əhmədov, Nigar Şabanova, həmçinin Aşıq Əli, müğənnilər Amil Həsənoğlu, Vüsal Hacıyev və digərləri vətənpərvər ruhlu ifaları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar. “Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstəriblər.
“Yurdda bayram”da həmçinin xalçaçılıq, zərgərlik məhsulları, tərəkəmələrin məişətini, təsərrüfatını əks etdirən nümunələr və milli geyimlərdən ibarət sərgi də təşkil olunub. Eyni zamanda xeyriyyə məqsədilə Daun sindromlu uşaqların əl işlərindən ibarət satış-sərgi də keçirilib.
Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş "Oxatma meydançası" festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda qonaqlar festival meydanında qurulmuş çadırlarda tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.
Qeyd edək ki, əsas məşğuliyyətləri heyvandarlıq olan tərəkəmə tayfaları yazın axırları, yayın əvvəllərində yaylaqlara, payızda isə arana – qışlaqlara köçürlər. Qoruq ərazisində və ondan kənarda yerləşən qədim qışlaqlar təxminən 5000 illik yaylaq-qışlaq maldarlarının həyat tərzini əks etdirir. Qobustanda aparılan tədqiqatlar da onu göstərir ki, Tunc dövründən etibarən Qobustanda qayaüstü təsvirlər məhz belə qışlaqlarda yaşayan elatlar tərəfindən yaradılıb.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.