Super User

Super User


Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub.
AzərTAC xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, qurumda akkreditə olunmuş səfir və daimi nümayəndələr iştirak ediblər.
Açılış mərasimindən əvvəl Türkiyə Respublikasının xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edərək, üzv ölkələrə Türkiyəyə etimad göstərərək, UNESCO İcraiyyə Şurasına yenidən seçdikləri üçün təşəkkür edib. UNESCO-nun 75 illiyini təbrik edərək, ölkəsinin qurumun fəal üzvü olduğuna görə qürur duyduqlarını bildirib. Rasizm, islamofobiyanın yayıldığı bugünkü dünyada, UNESCO-nun sülh və birgə yaşam mesajının yayılmasında ölkəsinin əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Türkiyənin İcraiyyə Şurası, eləcə də Baş Konfransa sədrliyi çərçivəsində quruma verdiyi töhfələrdən söz açıb.
Sonra Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılışını bildirən rəmzi lent kəsilib.
Xatırladaq ki, noyabrın 17-də keçirilən seçkilərdə Azərbaycan və Türkiyə UNESCO İcraiyyə Şurasına üzv seçiliblər.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışır. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, festival 13-20 noyabr tarixlərində Polşanın Torun şəhərində keçirilir.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına, Polşada keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına layiq görülüb.
Qeyd edək ki, “EnergaCAMERIMAGE” qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “Academy award” (Oskar) kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”da müvafiq bölmədə “Qızıl Qurbağa” mükafatçıları Akademiya qaydalarına uyğun olması şərti ilə Akademiya Mükafatlarında (Oskar) nəzərdən keçiriləcək.
Filmin yaradıcı heyətinin bir hissəsi – rejissor, “Azərbaycanfilm” kinostduiyasının direktoru Fariz Əhmədov, təsvir rejissoru Mateuş Çuxnovski və focus puller, “Azərbaycanfilm” kinostudiyasının texniki direktoru Rəşad Səməd hazırda festivalda iştirak edirlər. Festival çərçivəsində kino avadanlıqları sərgisi də keçirilib. “ARRI”, “Leica - Leitz”, “ZEISS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk - Anamorphic Lenses” və digər nəhəng film texnikası istehsalçılarının ən son yenilikləri olan kamera, işıq, lens məhsulları sərgidə təqdim olunub. Bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq məqsədilə məhsuldar danışıqlar aparılıb.



Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.
Festival çərçivəsində şairin yurdunda daha bir maraqlı layihə gerçəkləşib. Noyabrın 18-də Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl ərazi bütövlüyümüzü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.
Xoreoqrafı Mobil Qarayev olan fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.


Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb, hər iki kitab haqqında iştirakçılara qısa məlumat verib. Sonra çıxış edən Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə yönlənən kitabların nəşr olunmasını önəmli hesab etdiyini bildirib. Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarənin rəisi,  fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxışında kitabların əsas məqsədini bildirib, kitabların ərsəyə gəlməsi prosesindən bəhs edib.  
Daha sonra yazıçı Seyran Səxavət, Yazıçılar Birliyi sədrinin müşaviri yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, “kulis.az” mədəniyyət portalının baş redaktoru Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.  
Sonda çıxış edən AYB rəsmisi Fərid Hüseyn “Nizami Gəncəvinin əsərlərinin el variantları”nın və Ramil Əhməd isə “Nizami Gəncəvinin poetik portreti” kitabının tərtibi, redaktəsi prosesindən danışıblar.
Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” kitabının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunmuşdur. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.
“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabında isə Nizami Gəncəvinin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitab bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdırmaq məqsədi daşıyır. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya toplanmışdır.
Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, redaktoru və tərtibçisi Fərid Hüseyn, məsləhətçisi isə  Ramil Əhməddir.

Cümə axşamı, 18 Noyabr 2021 11:51

Rafail Aliyev

“Armudlar” natürmortu

Cümə axşamı, 18 Noyabr 2021 11:50

Leysan yağışı əqrəbləri

Misirin cənubunda - Asuanda leysan yağışı əqrəblərin şəhərə doluşması ilə sonuclanıb. Nəticədə 4 nəfər əqrəb dişləməsindən ölüb, 500 nəfərsə xəsarət alıb.
Şəhər rəhbərliyi insanları evdən çıxmamağa səsləyib.

EXXEN-də yayınlanan "Danışanlar" proqrami ilə izlənmə rekordunu qıran  Hasan Can Kaya Tik Tokda çətinliklə təkrarlana bilinəcək uğur əldə edib. Haberler.com məlumat verir ki, Hasan Can Kaya dünya şöhrətli komediya ustası Ellen DeGeneresə məxsus 988 milyon izlənmə rekordunu qıraraq 1 milyarddan çox baxışla sosial şəbəkə platformasında baxış rekordçusu oldu.

“Port Baku Mall” ticarət mərkəzində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə həsr edilən “Karabakh – Winter Wonderland” adlı nəfis instalyasiya sərgisinin rəsmi açılışı olub.
AzərTAC xəbər verir ki, açılışda nazirliklərin və müxtəlif şirkətlərin nümayəndələri, blogerlər, “NARGIS”in tərəfdaşları və dostları, böyüklər və uşaqlar iştirak ediblər. Qonaqlara instalyasiyanın özü kimi şirin kiçik adam formasında şirniyyatların paylanılması bayram ovqatını bir az da artırıb.
Azərbaycanın tanınmış memarları, mühəndisləri və istedadlı qənnadı ustaları Şuşa qala divarlarından tutmuş Ağdam məscidi və Xudafərin körpüsünədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli Beynəlxalq Hava Limanı kimi yeni tikililərin və Bakı şəhərinin diqqətəlayiq yerlərinin "şirin miniatürlərini" ərsəyə gətiriblər.
QR kodlar, həmçinin sərgi barədə informasiya böyük ekranda yerləşdirilib. Bu kodlar vasitəsilə həmin abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə “NARGIS” jurnalının veb-saytında təqdim olunur.
Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhvali-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır.
İnstalyasiyanın hazırlanmasında müxtəlif şirniyyatlardan istifadə olunub. 40-dan çox marsipan fiquru əllə hazırlanıb, 30 zəncəfil evi quraşdırılıb, 100-dən çox zəncəfil ağacı və 5 yeni il ağacı bəzədilib. Evciklərdə işıq yanır, şeytan çarxı fırlanır, şəkərli qar ilə örtülmüş küçələrdə yüzdən çox zəncəfil miniatür adamlar gəzir. Eksponatların rahatlıqla şəklini çəkmək və onları sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.
Sərgi 2022-ci il yanvarın 13-dək davam edəcək.
Giriş sərbəstdir.

“Qanun” nəşriyyatı böyük Nizami Gəncəvinin 880 illik yubileyinə qiymətli töhfə vermişdir. Nəşriyyatda  Nizaminin “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”) həm Azərbaycan dilində, həm də sətri tərcümə edilərək rus dilində çap olunmuşdur.
Nəfis tərtibatlı on kitab göz oxşayır. Bu poemalar təkrar-təkrar çap edilsələr belə, yenə də azdır.

Ötən gün meksikalı qadın rəssam Frida Kalonun “Dieqo və mən” adlı avtoportreti “Sotheby's” hərrac evində 34,8 milyon dollara satılıb.
TASS agentliyi xəbər verir ki, bu məbləğ latın amerikalı rəssamlar üçün rekord sayılır.
1949-cu ildə çəkilən rəsmdə Kalo özü və onun alnında həyat yoldaşı təsvir olunub. Maraqlısı odur ki, ərinin də alnında üçüncü göz var.
Avtoportretlər rəssamın yaradıcılığının böyük hissəsini təşkil edib. Buna yalnız Kalonun vaxtilə fotoqraf işləmiş atası təsir edə bilərdi. O, tez-tez qızının fotoşəkillərini çəkir və ona kamera qarşısında durmağı öyrədirdi. “Dieqo və mən” əsəri rəssamın yaradıcılığının son dövrünə təsadüf edir və 20 il birgə yaşamış həyat yoldaşına olan sevgisini əks etdirir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.