
Super User
Müharibə şairi Elvin İntiqamoğlunun şeirləri Serbiya ədəbi saytında
Şairə Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ədəbi layihəsində yer alan "İgidlərin sözü" antologiyasında təmsil olunan müharibə iştirakçıları-şairlərdən Elvin İntiqamoğlu “Zəfər günü” münasibətilə Bakı Muğam Mərkəzində düzənlənən qiraət gecəsində şəhid tağım komandiri, baş leytenant Emil Əsədova ithaf etdiyi "Qaya 11" şeirini səsləndirmiş, diqqət cəlb etmişdi. Şairin vətənpərvərlik şeirlərində lirik və
sərt tonların çulğalaşması xüsusi effekt verirdi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, artıq gənc şairin şeirləri respublikamızın hüdudlarından kənara da çıxmağa başlayıb. Belə ki, bu günlərdə Serbiyanın poetryzinemag.com ədəbi saytında onun qısa tərcümeyi-halı və üç şeiri - "Tanımadığım tanış", "Ölümümdən bir gün qabaq" və "Qadınsız şərab" saytın baş redaktoru Ana Stjelja xanımın təqdimatı ilə ingilis dilində dərc edilmişdir.
Elvin bəyə bol uğurlar arzulayırıq!
Gürcülərin Batumisi UNESCO-nun Musiqi paytaxtı statusunu alıb
BMT-nin UNESCO qurumu Gürcüstanın kurort şəhəri Batumini yaradıcı şəhərlər şəbəkəsinə daxil edərək ona musiqi paytaxtı statusunu verib.
TASS agentliyi xəbər verir ki, bu barədə Acarıstan muxtariyyatının hökumətinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir: “Batumi UNESCO tərəfindən Musiqi şəhəri adına layiq görülüb. Batumi Gürcüstanda bu statusu qazanan və yaradıcı şəhərlər şəbəkəsinə daxil olan ilk şəhərdir. Bu ad Batumi meriyasının UNESCO-ya müraciəti əsasında verilib ki, bu da şəhərin yaradıcılıq və mədəni sənayenin güclənməsinə töhfə verəcək ən yaxşı təcrübəni bölüşməyə və əməkdaşlığı gücləndirməyə hazır olmasını nəzərdə tutur”.
Bildirilir ki, Batumi musiqi sənayesinin nümayəndələri UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbir və layihələrdə iştirak etmək hüququ qazanacaq. Batumi ilə bərabər Musiqi paytaxtı statusunu Qlazqo, Kinqston, Liverpul, Oklənd və digər şəhərlər də qazanıb.
Qeyd edək ki, UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi 2004-cü ildən mövcuddur və hazırda 90 ölkənin 295 şəhərini media-art, musiqi, kinematoqrafiya, qastronomiya, dizayn, folklor, əl işləri və xalq mədəniyyəti istiqamətində bir araya gətirir.
İsraildə Abdulla Şaiqin əsəri cuuri dilində təqdim olunub
İsrailin Qiryat Yearim şəhərində Azərbaycanın görkəmli yazıçısı Abdulla Şaiqin cuuri (Dağ yəhudilərinin dili) dilində nəşr edilmiş “Tıq-tıq xanım” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şəhər ictimaiyyətinin, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə çıxış edənlər Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş bu layihənin həyata keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, layihə Azərbaycan ədəbiyyatının, onun görkəmli ədiblərinin İsraildə tanıdılması və təbliğ olunması məqsədinə xidmət edir.
Qeyd edək ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəstəyi ilə nəşr olunmuş kitabın İsraildəki kitabxanalara, tanınmış mədəniyyət və ictimai-siyasi xadimlərə bəxş edilməsi, yaxın zamanda, Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanlı rejissorun animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə Kino və Televiziya Peşəkar Assosiasiyası
tərəfindən təşkil edilən IX “İpək Yolu" Beynəlxalq Film Festivalının finalçıları müəyyənləşib.
AzərTAC xəbər verir ki, Türkiyə, Çin, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistan kinematoqrafiyasından 3089 filmin iştirak etdiyi festivalda münsiflər heyətinin ilkin baxışının yekunlarına əsasən milli və beynəlxalq dərəcəli finalçılar seçilib.
Festivala azərbaycanlı rejissor Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi beynəlxalq festivalın finalçıları arasında yer alıb.
Xatırladaq ki, “Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filmi cari ildə Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova, rəssam-animator Zema Əhədovadır.
Bakı Bələdiyyə Teatrı “Nargin faciəsi” tamaşasını təqdim edib
Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı Bakı Bələdiyyə Teatrının təqdimatında geniş tamaşaçı auditoriyasına təqdim olunub.
AzərTAC xəbər verir ki, Bakı Bələdiyyə Teatrının 29 yaşı münasibətilə hazırlanan təqdimat, eyni zamanda, Azərbaycanın Zəfər bayramına həsr olunub.
Bayram tədbirində Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, eləcə də qonaqlar iştirak ediblər.
Tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxış edərək tamaşa haqqında ümumi məlumat verib, daha sonra sözü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verib.
A.Qurbani çıxışında qonaqları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Azərbaycan Dövlət Himninin sədaları altında şəhidlərimiz ruhu dərin ehtiramla yad olunub.
Abdulla Qurbani Azərbaycan-Türkiyə dostluğundan bəhs edərək, bu dostluğun qədim tarixi keçmişə dayandığını xüsusilə vurğulayıb.
Sonra tamaşa təqdim edilib.
Xatırladaq ki, Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Tamaşanın ideya rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.
Soyuq müharibəni uduzuruq, bunu Qarabağ mövzusunun Fransa Milli Kitabxanasında araşdırılması sübut edir
UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində Fransa Milli Kitabxanasında araşdırma aparıb.1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir.
Kitabxana İnformasiya Mərkəzindən bildirilib ki, kitabxananın elektron kataloqu araşdırılarkən orada Qarabağa aid 202 biblioqrafik yazı tapıldı. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifləşdirmək olar. Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində 69, ingilis dilində 58, Azərbaycan dilində 9, erməni dilində - 52, rus dilində 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.
Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilib.
Araşdırmadan məlum oldu ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş “Rusiya Türküstanı ilə Qafqaz” başlıqlı şəkillər toplusudur. Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.
Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman, 3-ü fransız, 1-i erməni dilindədir.
Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.
“NİZAMİ GƏNCƏVİNİN POETİK PORTRETİ”
Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub. Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Regional İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.
Kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunmuşdur. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.
Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” Regional İdarənin “Nizami Gəncəvi İli”nə töhfə olaraq nəşr etdiyi ikinci kitabdır. Daha öncə “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdu.
Kitabların böyük dostu, professor Kərim Tahirovun 70 illik yubileyi
Kərim Məhəmməd oğlu Tahirov 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktorudur. 2013-cü ildə professor elmi rütbəsini alıb. O, dünyanın 40-dan artıq ölkəsində elmi konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edib, məqalələri bir sıra ölkələrin jurnallarında dərc olunub. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, dərs vəsaitilərinin, 200-dən artıq elmi məqalənin müəllifidir. Avrasiya Kitabxanalar Assambleyasının (BAE), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurasının, Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür.
Professor Kərim Tahirovun Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2008-ci ildə kitabxana işinin inkişaf etdirilməsində xidmətlərinə görə o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. TÜRKSOY-un yaradılmasının 20 illiyi, “Qızıl Fortuna” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyası medalları ilə təltif edilib.
Rəssam Güllü Mustafayevanın 100 illiyi
Xalq rəssamımızı niyə tanımayaq ki? Güllü Hacağa qızı Mustafayeva 1921-ci il noyabr ayının 12-də Türkmənistanın Türkmənabad şəhərində anadan olub. Rəssamın ailəsi 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbindən Türkmənabad şəhərinə köçübmüş. O, 1927-ci ildə ailəsi ilə birgə Bakıya gəlib, burada 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Güllü Mustafayeva yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib, bir-birindən maraqlı epizodlara malik olan tablolar ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da xüsusi yer verib. “Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Təsvirdə şairənin üz cizgilərindəki sərt ifadə yaşadığı dövrün çətinliklərindən xəbər verir. Bununla belə, humanist baxışları onun şairanə ruhunu ön plana çıxarıb. Bu da böyük peşəkarlıq tələb edir.
Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretlərini yaradıb. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, Xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal göstəmək olar. Rəssam XX əsr Azərbaycan milli rəssamlıq sənətinin görkəmli nümayəndələri sırasında layiqli yer tutur. Onun zəngin yaradıcılığı dövlət tərəfindən qiymətləndirilib, 1973-cü ildə Azərbaycanın “Əməkdar rəssamı”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. O, 1994-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun.
Gənc oxucular günü, habelə dünya rəngkarlığında və memarlığında uğursuzluq günü
Bu günə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq:
Ümumdünya pnevmaniya ilə mübarizə günü
Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.
Təhlükəsizlik üzrə mütəxəssis günü
Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.
Gənc oxucular günü
Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.
Ançous niyə qəzəbə gəlib?
Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur; Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər; Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək; Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür; Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası gününü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?
1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.
Varisin “Həftənin təqvimi” yazısından