![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
17
Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə fərdi sərgi
Daim bizləri beynəlxalq uğurları ilə sevindirən istedadlı karikaturaçı-rəssam Soltan Soltanlıda təzə nə xəbər var, indi gündəmdə hansı hadisədir?
Sualımıza cavab almaq üçün rəssamla əlaqə saxladıq və dərhal da xəbər tutduq ki:
Müasir İncəsənət Muzeyində noyabr 17-də saat 19:00-da Soltan Soltanlının “Anlam” adlı fərdi sərgisinin açılış mərasimi olacaq.
(Ünvan: Yusif Səfərov küçəsi, 5).
Bu fürsəti kim qaçırar ki?
Əsiz sənətsevərlər, sizi öz adımdan və rəssamın adından sərgiyə dəvət edirəm. Soltanın ən yaxşı əsərlərini görmək, karikatura adlı dərin bir sahədə “ANLAM” vərdişləri əldə etmək istəyirsinizsə həmən bu sərgidə iştirak edin!
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Cenevrədə Azərbaycan milli rəqsləri təqdim olunub
Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində “Les Automnales” payız yarmarkası təşkil olunub.
AzərTAC xəbər verir ki, on gün davam edən yarmarkanı hər il yüz mindən çox insan ziyarət edir və 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər keçirilir.
Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement).
Soydaşımız Mariya Xan-Xoyskaya Martiqnolinin rəhbərlik etdiyi və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan “İRS” uşaq rəqs qrupu tədbirdə Azərbaycan xalq rəqslərini geniş ictimaiyyətə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Biz məhz onu gözləyirdik - İSKƏNDƏR PALA BAKIDADIR
Könül, “Ədəbiyyat və incəsənət”
Nə gizlədək, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin proqramı ilə tanış olanda mənim də bir çoxları kimi İskəndər Palanın adını görərkən sevincimin həddi-hüdudu olmadı. Bəli, biz bu yazarı sevirik, özü də çox sevirik.
Və dərhal da qeydə aldım, 13 noyabr, saat 11.00, “Zəfər” Təqdimat Zonası.
Və yazıçının hər hansı nəşriyyat tərəfindən deyil, məhz təşkilatçı qurum - Mədəniyyət Nazirliyi tərəfindən dəvət olunması da xüsusi diqqət çəkirdi.
Saat 11-in yarısında mən artıq “Zəfər”də yerlərin dolduğunun şahidi oldum. Həqiqətən də məşhur türkiyəli yazıçısı İskəndər Pala bir ədəbiyyat trendi olmağı bacarıb, üstəlik, mən onu tək ədəbiyyat deyil, həm də tarix trendi adlandırardım.
Sərgidə bütün tədbirlərə 45 dəqiqə vaxt ayrılır, çünki hər saatın tamamında yeni tədbir başlayır. Hiss edirdim ki, görüşdən doymayacağıq.
İskəndər Pala biz tamaşaçıları salamlayıb dərhal Azərbaycana və azərbaycanlılara bəslədiyi sevgisindən söz açdı.
Qonaqla yanaşı oturan, bir növ tədbirə moderatorluq edən nazirliyinin məsul işçisi Akif Maarifli də ara-sıra ona yön verir, suallar ünvanlayırdı.
Bu olduqca qısa vaxt ərzində sevimli yazıçımız “Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanlarının yazılması barədə bilgilər verdi, qeyd etdi ki, hər kəs həyatı boyu müdrikləşməyə doğru getməlidir, bilik və təcrübəsini artırmalıdır, aforizm də işlətdi, dedi, “öyrənmək üçün heç zaman gec deyil”.
İskəndər Pala yaradıcılıq sirlərini də açdı, dedi, ciddi nəsr yazana əsla deməzlər, sən nədən ilhamlanıb yazırsan, bu poeziya deyil, ciddi nəsr bir yaşam tərzinin, peşəkar fəaliyyətin bəhrəsidir.
Təbii ki, bu barədə mən də bilgi almaq istəyirdim, yazıçı bildirdi ki, hər bir romanı üzərində incəliklə çalışır, gününün çox hissəsini əsərlərinin yazılmasına sərf edir.
Suallara keçid alanda artıq vaxt bitmək üzrə idi, sual verənlərin çoxunun sualı ürəyində qaldı, bununla belə, hər kəs bu reqlamentdən bir qədər də uzun alınan görüşdən zövq aldı.
Sonda yazıçı təqdimatda iştirak edən qonaqlara öz minnətdarlığını bildirdi və gələcək hədəflərindən də söz açdı.
Təbii ki, hər birimiz İskəndər Palanın yeni gələn romanını - adını söyləmədi - səbirsizliklə gözləyəcəyik.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”i bu cür gözəl qələmə alınıb
Könül, “Ədəbiyyat və incəsənət”
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ən maraqlı təqdimatlardan biri də Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” və "Dövlət keşiyində" kitablarının təqdimat mərasimi oldu. Və dərhal deyim ki, Ulu öndərin ümumbəşəri sevgisindən bəhs edən bu möhtəşəm kitabı tədbir zamanı əldə edib gecə saatlarında bol təəssüratlarla oxuyub bitirdim.
“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.
"Dövlət keşiyində" əsəri isə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs edir.
İndi isə tədbir barədə. Tədbirdə çıxış edən "Şərq Qərb" nəşriyyat evinin baş redaktoru, gözəl tənqidçimiz Nərgiz Cabbarlı Elmira Axundovanın Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində çox böyük işlər gördüyünü bildirdi.
O, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının oxucuya yaxın bir dildə yazıldığını diqqətə çatdırdı.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yalnız Elmira xanımın yazdığı əsərlər fərqlidir: "O kitablar zərif və gözəl üslubda yazılıb". "Kitabların təqdimatının Heydər Əliyevin 100 illiyində keçirilməsi çox əlamətdar hadisədir. Həmçinin qeyd etmək istərdim ki, Elmira xanımı Heydər Əliyevin salnaməsi hesab etmək olar", - deyə Səlim Babullaoğlu əlavə etdi.
Xalq yazıçısı Elmira Axundova kitabların yaranması haqqında danışdı. O, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini bildirdi.
Sonra tədbir sual-cavab formatında davam etdi. Və təqdimat zonasına toplaşmış hər bir kəs oradan bol təəssüratla ayrıldı.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
AzTV gələn ildən milli animasiya filmlərinin istehsalına başlayacaq
AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzTV-yə istinadən xəbər verir ki, bu barədə Ankarada səfərdə olan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovla Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub.
Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.
Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.
Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Türkiyənin mədəniyyət və turizm naziri: Hotelçilik sahəsində Şuşa şəhərinə daim dəstək verməyə hazırıq
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Şuşa mədəniyyət günləri” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov noyabrın 13-də Türkiyənin mədəniyyət və turizm naziri Memet Nuri Ersoyla görüşüb.
Bu barədə AzərTAC-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı Şuşada aparılan yenidənqurma işləri, tarixi abidələrin bərpası, şəhərin turizm potensialının genişləndirilməsi və bu istiqamətdə görülən işlər haqqında məlumat verilib.
Memet Nuri Ersoy Türkiyə Cümhuriyyətinin 100 illiyində Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının mühüm önəm daşıdığını, Şuşa şəhərinin hər kəsin ürəyində böyük yeri olduğunu söyləyib. Nazir turizm, hotelçilik sahəsində Şuşa şəhərinə daim dəstək verməyə hazır olduğunu, qarşılıqlı layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib.
Hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələri rəhbərlərinin iştirak etdikləri iclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Uşaq İncəsənət Festivalının qalibləri mükafatlandırılıb
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.
Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov, "BP" şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məkanda nümayiş etdirilən rəsm, bədii sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik və keramika məmulatları və s. ibarət sərgi ilə tanış olublar.
Tədbir çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının əməkdaşları tərəfindən ustad dərsləri keçirilib.
Açılış nitqi söyləyən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qonaqları salamlayıb. Qeyd edib ki, mərkəz tərəfindən "Heydər Əliyev İli" çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Bu layihələr arasında ən əhəmiyyətlilərindən biri də Uşaq İncəsənət Festivalıdır. O, festivalın qaliblərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Layihənin əhəmiyyətindən danışan elm və təhsil nazirinin müavini Həsən Həsənli festivalın ölkəmizin həm mədəni, həm də təhsil həyatında böyük rol oynayacağını söyləyib.
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov vurğulayıb ki, müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan bu festivalın keçirilməsində başlıca məqsəd Ulu öndərin mədəniyyətə, uşaqlara olan qayğısını rəhbər tutaraq uşaqlarımızda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq oyatmaq, yaradıcı fəaliyyətlərinə dəstək verməkdən ibarətdir. Festival uşaqlarla yanaşı, bölgələrdə çalışan mütəxəssislərin də fəallığının artırılmasına xidmət edib.
"BP" şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun festivala dəstək olmasından məmnunluğunu bildirib.
Çıxışlardan sonra festivalın qalibləri mükafatlandırılıb.
Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib olub.
Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.
Kollektiv nominasiya üzrə ümumilikdə 15 kollektiv qalib olub. Onlardan 7-si I, 5-i II, 3-ü isə III yeri qazanıb.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra festivalın ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhərinin adı açıqlanıb. Bakı şəhəri adıçəkilən nominasiyalara görə növbəti il festivala ev sahibliyi etmək hüququ qazanıb.
Sonda ölkəmizin tanınmış incəsənət ustaları və UİF-nin qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Bununla da müstəqillik dövrünün ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalına yekun vurulub.
Xatırladaq ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində gerçəkləşib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Azərbaycan ilə Türkiyənin mədəni əlaqələrini daha da dərinləşdirəcək daha bir addım atılıb. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.
Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.
İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.
Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)
Bu gün YUĞ Teatrı Masallıda çıxış edəcək
Azərbaycan Dövlət YUĞ Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 14-də Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşasını nümayiş etdirəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teayra istinadən məlumat verir.
Məlumata görə, səhnə əsəri M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb.
Tamaşada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edir.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)