Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  İntiqam Yaşarındır.

 

 

 

 

İntiqam YAŞAR

 

 

***

 

Hamıdan ömrünü gizlədən adam,

Açdı qollarını taybatay günəşə tərəf.

İçində bütün yoxlara varımsan, – dedi,

Ruhunu doğrayan iti səslərə yenildi.

Bilmədi gözündəki edam ipi kimin hörükləridir.

Küləklər yenə yem axtaran sərçələri aldadır,

Suya danışılan yuxular buludlara qovuşdu,

Arzuların mənzili uzaq, arzular hələ də yoldadır.

Hə, o adam, o adam!

Hardadır, görəsən?

Görən oldumu?

Dedilər yetişib keçmişinə.

Sərçələr ovuclarındakı dənə yığışıb...

 

 

***

 

Sən ömrün uzağından,

Nə vaxt gələrsən bizə?

Nə vaxtsa gələrikmi

Bu ünvanda üz-üzə?

 

Nəfəs-nəfəs saçında

Gəzişməyim olarmı?

Yorulmağım olarmı,

Ya düşməyim olarmı?

 

Bu dünyanı bir anlıq

Unuda bilərəmmi?

Unutsam, nə olar ki,

Unutsam, ölərəmmi?

 

Saxla yadında, saxla,

Adımı yaxşı saxla.

Səni heç unutmayan,

Adamı yaxşı saxla.

 

 

***

 

İçimdə bir dərin havasızlıq,

Gözlərim önündə yenə sən.

Əlbəttə, yuxudur...

Öyrəşmişəm aldanmağa.

Hərdən həqiqətə tərəf addım atmaq keçir ruhumdan...

Yox, qorxuram...

İtirmək qorxusu...

Payızdır, payızda doğulanlar  payızda böyüyür daha çox.

Səni də bu günlərdə tapdım, saçları küləklər sevdalısı,

Gözləri intizar...

Payızdır, darıxıram... Payızdır, darıxma!

 

 

***

 

Dünən özün boyda həqiqət idin,

Bu gün özün boyda yalansan mənə.

İndi nə dəyişər, nə fərqi var ki,

İnanmasan mənə, inansan mənə.

 

Gözüm günəşi yox, səni axtarıb,

Zamanın dumanlı, sual çağları.

Səndə itirdiyim, səndən əzizdir,

Daha çox uzaqdır xəyal çağları.

 

Əlimdə  buz kimi əriyir əlin,

Nəfəsim od tutur adından sənin.

Hər nəfəs aldıqca bir az közərir,

Göz-qulaq oluram odundan sənin.

 

Səndən nə gəlibsə, mənə xoş gəlib,

Yorğun yaddaşımda adın işıqdır.

Uzaq xəyalınla nəfəssənsə sən,

Qadın möcüzədir, qadın işıqdır.

 

 

***

 

Müqəddəs şəhərlərdə yaşayan insanların

Dərdini düşünürəm,

Onların da, görəsən, soyuq divarlardakı

Nəfəsləri ölürmü?!

Tanrı o şəhərlərə bizdən daha yaxındı,

Görəsən, çağıranda köməyə tez gəlirmi?

 

Susurmu qaranlıqlar ağ kabuslar içində,

Yuxular qarışırmı, bulanıq sular kimi?

Düyünlənmiş qaşları, alınlarda kim açır,

Tanrı çoxmu yorulur bunca iş-güc içində,

Görəsən, bircə dəfə barı üzü gülürmü?

 

Küləklərə baş qoşub getmək havası varmı,

Oralar tərk edilib getməyə yarayırmı?

Yoxsa o şəhərlər də qəbir ağuşu kimi

Udur bir ayağını qaçaq qoyan kəsləri.

O şəhərlər necədi, Tanrı çox gözəl bilir,

Bu şəhərlər necədi, ora qədər bilirmi?

 

 

***

 

Heçmi xatirələr oyatmır səni,

Heçmi daşa dönmür balınc gecələr?

Heçmi nəfəsində düyünlənməyir

Bu tanış axşamlar, tanış gecələr?

 

Üzülən əlinə təsəllin nədir,

Şirin yalanların zəhərmi dadır?

Səni özün qədər inandıran yox,

Səni özün qədər bəs kim aldadır?

 

Başın çiynin üstə  şişirmi səsdən,

Beynində ucalan fəryad səsimi?

Kimə yas saxlayır göz qapaqların,

Kim səni itirib, yaxud sən kimi?

 

Ömrüm qucağında kətil gəzdirir,

Hər addım başında nəfəs dərəcək.

Dərdiyi sonuncu gül nəfəsini

Sənin saçlarına çələng hörəcək.

 

 

***

 

Sənə bir sevgi var köksümün altda,

Gözləri düz sənin gözünə bənzər.

Hələ mən bir ayaq izi görmədim

Ruhumdan saldığın izinə bənzər.

 

Bu dəli baxışlar, bu dəli gözlər

Alır aldığını can yiyəsindən.

Bir nida yüksəlir, bir ah ucalır

Ömrün ən sonuncu saniyəsindən.

 

Qona saçlarıma bir yaz səhəri

O ağ kəpənəklə əkiz əllərin,

Oxşaya ruhumu, hey oxşadıqca

O doğma əllərin, əziz əllərin.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:

Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.

Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.

Öncə ARZULAMAQ barədə danışdıq:

1.     Arzulamaq

«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.

Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.

Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.

Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.

Sonra qarşıya məqsəd qoymaq barədə danışdıq.

2.Qarşıya məqsəd qoymaq

İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar  bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.

Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.

Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.

Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.

Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.

Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.

Sonra da Planlaşdırma barədə danışdıq.

3.Planlaşdırma

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.

İndi isə Hazırlaşmaq barədə danışacağıq.

4.Hazırlaşmaq

Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.

Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!

Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.

Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.

Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.

Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.

Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.

Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».

Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?

İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.

Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.

Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.

Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.

İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.

İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?

 - Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;

 - İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;

 - İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;

 - Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.

Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.

Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin   şeirlərini təqdim edir. 

 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

SƏNDƏN SONRA

 

Alma budaqlarına dırmaşdım

Və iki quşun tənhalığını gördüm

Və sənin kimi olan buludların hamısı sənin kimi gəzirdilər

Sənin kimi göz yaşlarımı yuyurdular

Hörümcəyə dedim

Mənim üçün sıx iplər toxusunlar

Mən buludlarla getmək istəyirəm

Uşaq olmaq istəyirəm

O ağ anaların mehriban əllərindən asılı

Dallar doludur almaların nostaleji çiçəklərindən

Bəlkə onların arasında doğulmuşam

Ağac səndən sonra məni qucaqlayır

Qarışqalar kraliçasi məni nazlayır

Mən anası qaranquşlarla gedən tənhalığın uşağıyam.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu  Beynəlxalq Kitab Sərgisi keçirilir. 

Noyabrın 11-də açılışı olmuş və bu gün - noyabrın 15-dək davam edən sərgidə Azərbaycan Yazıçılar Birliyini qurumun Ədəbiyyat Fondu təmsil edir. 

 

321 nömrəli stenddə Azərbaycan yazıçılarının - AYB üzvlərinin (o cümlədən Xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Xalq şairi Vahid Əzizin, eləcə də Səlim Babullaoğlunun, İlqar Fəhminin, Varisin, Ramiz Qusarçaylının, Yunus Oğuzun, Adəm İsmayıl Bakuvinin, Hümbət Həsənoğlunun, Faiq Balabəylinin və digərlərinin) kitabları sərgilənir. 

Burada eyni zamanda AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədəbiyyatı” kimi nəşrləri də nümayiş olunur. 

Yazıçılar gün ərzində burada öz oxucuları ilə görüşüb onlar üçün kitab imzalayırlar. (Adilə Nəzərin, Nigar Arifin imza saatlarını xüsusən qeyd etmək istərdik).

Eyni zamanda sərginin təqdimat zonalarında müxtəlif maraqlı tədbirlər həyata keçirilir. 

Azərbaycan Ədəbiyyat Fondu adına növbəti belə tədbir bu gün saat 15.00-də “Xudafərin” təqdimat zonasında baş tutacaq. “Azərbaycan ədəbiyyatı dünya müstəvisində” adlanan panelə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis moderatorluq edəcək. Çıxışçılar - AYB katibi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Sayman Aruz, yazıçı Yunus Oğuz və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar olacaq. 

9-cu Beynəlxalq Kitab Sərisi, qeyd etdiyimiz kimi bu gün öz işini başa vuracaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələr hansılardır?

15 noyabr. Buddanın enmə günü

Hesab olunur ki, Budda təqvimi ilə 9-cu ayın 22-ci günündə Budda üç pilləli daş-qaşlı qızıl pilləkənlə taxtdan yerə enir. Buddanın taxta qalxmasını bütpərəstlər bir ayrı, taxtdan enməsini bir ayrı qeyd edirlər. Mənə isə Buddayla bağlı lap yeniyetməliyimdə eşitdiyim bir rəvayət o qədər xoş gəlib ki, hər dəfə Budda kəlməsini eşidəndə həmin rəvayət yadıma düşür. Demək, mərhəmətli Budda iş üçün müraciət edən bir kəndlini işə götürür, deyir, sənə qalmağa yer, gündə üç dəfə isti qida veriləcək, ilin 365 gününü yeyib-yatıb istirahət edəcəksən, yalnız bir gün – Ay tam tutulan günü yetmiş yeddi pilləkənlə qalxıb məbədin qübbəsində şam yandıracaqsan. Kəndli həvəslə bu işi qəbul edir. Təqribən 250 gün keçəndən sonra ilk Ay tutulması baş verir, Budda görür ki, qübbədə şam yandırılmayıb. Əsəbiləşən Budda cəld kəndlinin hüzuruna gətirilməsini tələb edir. Kəndli gətiriləndə ondan qəzəblə hansı səbəbə şam yandırmamasını soruşur, kəndli deyir ki, sən öz canın, bağışla, yatıb qalmışam.

Şərh vermirəm.

 

15 noyabr. Beynəlxalq pendir və çörək günü

İlk dəfə bu günü İngiltərədə, məşhur Straffordşir qraflığında qeyd ediblər, sonra bütün qərb dünyası bu bayramı qəbul edib. Xüsusən pendirin vətəni sayılan İcveçrədə bu bayram aktualdır. Pendir-çörək bizdə də trenddədir, baxmayaraq ki, biz bu bayramı qeyd etmirik, amma pendir - ən çox işlənən çörək yavanlığı hesab olunur. Ziyan etməz, naharda-filanda ənənəvi ət yeməyini kənara qoyub pendir-çörək yesək, qərblilərdən geri qalmasaq xəncərimizin qaşı düşməz ki? Yeri gəlmişkən, son vaxtlar qiymətlər ceyran belinə qalxmaqdadır, holland pendirinin kilosunun qiyməti şokedici 20 manat, ağ pendirinki isə şokedici 10 manat həddinə çatıbdır.

 

15 noyabr. Krallığı, imperatorluğu, şahlığı qorumaq ənənəsi

Belçika gözəl ölkədir, çox firavan və xoşbəxt əhalisi var. Bu gün onlar Kral sülaləsi gününü qeyd edirlər. Bu təcrübə bir çox ölkələrdə var. Britaniyada xüsusən kraliça  böyük hörmət və nüfuza malikdir. Rusiyada da hələ də imperatorluq qorunub saxlanılır, bu qurumların de fakto və de yure hakimiyyətləri olmasa belə, rəmzi hakimiyyətləri var. Yeri gəlmişkən, ruslar Azərbaycanı işğal edəndə ayrı-ayrı xanlıqlarımızın süqutunu şərtləndiriblər. Bəlkə biz də əksər dünya ölkələri kimi xanlıqları tariximizin ululuğuna sübut kimi rəmzi mənada bərpa edək?

Avstriyada isə Müqəddəs Leopold günü qeyd edilir. Avstriya da gözəl ölkədir, oranın əhalisi də firavan və bəxtəvərdir. Babenberqlər sülaləsindən olan 3-cü Leopold (12-ci əsr) Avstriyanın və Vyananın himayəçisi hesab edilir.

Amerikada milli ədvalı peçenye günüdür, yeri gəlmişkən.

O ki qaldı bu gün baş verən tarixi hadisələrə, 1940-cı ilin bu günündə tarixdə ilk dəfə aviasiya bombardmanı baş tutmuşdur, 500 alman təyyarəsi İngiltərənin Koventri şəhərini bombalamışdır. 1940-cı ilin bu günündə dünyaşöhrətli italyan kuturye Roberto Kavallı də doğulmuşdur. 1934-cü ildə SSRİ-də ilk dəfə səs müşayiəti ilə teleproqram efirə getmişdir. 1904-cü ildə lezvası dəyişilən britva kəşf olunmuşdur. 1887-ci ildə isə russayağı “batareyka”, türksayağı “şarj” dediyimiz, öz dilimizdə deyimi mövcud olmayan həmin o nəsnə kəşf olunmuşdur. 1630-cu ildə İohann Kepler – ilk dəfə planetlərin Günəş ətrafında dövrə vurduğunu söyləyən alman astronomu dünyadan köçmüşdür. 1492-ci ildə Xristofor Kolumb ilk dəfə hinduların istifadə etdikləri tütün barədə avropalıları və asiyalıları məlumatlandırmışdır, onlar da qurudulmuş yarpağı kağıza büküb yandırararaq tüstüsünü udmaq prosesini mənimsəmək həvəsinə düşmüşdülər, o gündən də siqaret məişətimizə soxulmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mövzu çox maraqlı olduğundan onun üzərində bir qədər geniş dayanacağam, üzürlü sayın. Tarix boyu çox nəhəng yazıçılar olub ki, hakim rejim onları dəmir barmaqlıqlar arasına salıb. Məsələn, məşhur ispan Migel de Servantesə 1594-cü ildə Papanın İspaniya xidmətində vergi yığmaq tapşırılıb, o, vergini toplayıb bir tacirə saxlamağa verib, tacir də özünü bankrot elan edib pulu qaytarmayıb, nəticədə taciri də, yazıçını da həbs ediblər. Sevilya türməsinə salınan Servantes Don Kixot barədə romanını da elə orada yazıb.

Məşhur rus yazıçısı Fyodr Dostoyevski 1849-cu ildə çarı devirmək uğrunda mübarizə aparan Petraşevski dərnəyinə üzv olduğu üçün həbs edilib, 8 ay çəkən istintaqdan sonra ona güllələnmə hökmü kəsilib. Yazıçının başına torba keçirilib, tüfəngin tətiyi çəkilən anda çar Nikolayın əmri gəlib ki, güllələnmə həbslə əvəz edilsin. Beləcə, Dostoyevski Omsk həbsxanasına etap olunub, sərasər 5 il orada yatıb. Həbsxana dövründə “Ölü evdən qeydlər” povestini yazıb.
Məşhur irlandiyalı yazıçı Oskar Uayld 1895-ci ildə “mənəviyyatsızlıq” hökmü ilə həbs olunub. Bu hökmü ona “uşaqbazlığın və homoseksual əlaqələrin təbliğinə görə” veriblər, dustaqlıqda ağır işgəncələr altında yaşayan yazıçı bir neçə həbsxana dəyişəsi olub, “Redinq həbsxanası barədə ballada” onun həbs həyatının bədii şəkildə əksidir.

O’Henri  (əsl adı-soyadı Uilyam Porter) - həbs həyatı yaşamış növbəti məşhur yazıçı da Oskar Uayldla eyni ildə həbs edilib. Bankda kassir işləyən O’Henri o dövr üçün həddən artıq böyük məbləğ hesab edilən 1150 dolları mənimsəməkdə ittiham edilib, həbs sanksiyası çıxarılanda özünü günahkar bilmədiyindən ölkədən qaçıb, Meksikada sığınacaq tapıb. Amma 3 ildən sonra sevimli həyat yoldaşının dəfni üçün vətənə gələndə həbs edilib, Kolumbus həbsxanasında 3 il 4 ay cəza çəkib. Orada 14 hekayə yazıb və onları öz adı ilə dərc etməyə utanıb, O’Henri təxəllüsündən ustifadə edib.

Və ən nəhayət, rus yazıçısı Aleksandr Soljenitsin. 2-ci dünya müharibəsi zamanı ön cəbhədə vuruşan yazıçı dostu ilə məktublaşanda açıqfikirlilik nümayiş etdirmiş, baş verən haqsızlıq və ədalətsizliklərdən söz açıbmış, məktubların oxunmasından xəbərsiz olan yazıçı 1945-ci ilin fevralında həbs olunmuşdu, 8 il həbs, ardınca ömürlük sürgün cəzası almışdı. Onu Marfinoda, “Yeni Qüds” düşərgəsində saxlamışdılar. Sonra Butırka həbsxanası, nəhayət, 1953-cü ilin fevralında azadlıq. Marfinodakı sürgün həyatından bəhs edən “Birinci çevrədə” romanı yazarın ən məşhur romanıdır.

Stalin repressiyası onlarca yazıçımızı həbsə atmışdı, həmin qanlı-qadalı tarix əsla unudulmaz. Yaxın tarixdə bizə peşəkar fəaliyyəti ilə bağlı yazıçı Çingiz Ələkbərzadənin həbs edilməsi məlumdur, eləcə də milli azadlıq hərəkatı dönəmində Kremlin şair Xəlil Rzanı həbs edib Lefortovo həbsxanasına salması.

Arada bir-iki digər yazıçı da həbsdə olub, buraxılıb. Amma onların “statyaları” ağır olduğundan (məsələn, dələduzluq) adlarını çəkməyə ehtiyac duymuram. Bu son dönəmdə isə yazıçı Əjdər Ol həbsdədir. O, həbs edilən sosial müdafiə naziri Səlim Müslümovun icra apparatının müdiri kimi korrupsiya ittihamı ilə üzləşib. Bizim xalqın gözəl bir deyimi var, həbsə düşən barədə deyirik ki, Allah qapısını açsın. O, qələm əhlidirsə, uzun illər mənəviyyat təbliğatçısı olubsa, bu niyyət ikiqat gücüylə səslənməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

 

Tuesday, 14 November 2023 17:21

Bizi niyə zəhərləyirlər?

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər vaxtı bizim doğma Sumqayıt şəhərinə ölü şəhər adı qoyulmuşdu. Niyə? Çünki insan sağlamlığı üçün ən zərərli müəssisələr məhz bu şəhərdə inşa edilmişdi, Kimya poliqonu burda idi. Bakı da ekoloji cəhətdən ən əlverişsiz şəhərlər sırasında idi. Neft emalı zavodları Qara şəhər adlı bir kabus yaratmışdı. 

Müstəqillik bizim ekologiyanı xilas etdi - belə deyirlər. Amma tamamiləmi? 

 

Əlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatı var. Deyilir ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, kükürd qazı 1.1, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Onsuz da məişət problemlərindən dolayı stresslər insanlarımızı çox əzir, sağlamlıqda fəsadlar yaranır. Qeyri-sağlam ekolojiyanı da üstünə gələk, görün bir nə əmələ gəlir.

Mən əlaqədar qurumlara səslənirəm, ölçü götürün! Eyni zamanda nasaz maşınlarla havanı zibilləyən məsuliyyətsiz sürücülərə səslənirəm, haqqa qayıdın. 

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

 

 

Kənan Məmnədli, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizə şahin ovuna gələn ərəb şeyxləri  bunu o qədər mütəmadi etdilər, faunamıza o qədər zərər vurdular, Qırmızı kitaba düşən şahinlərin sayını o qədər azaltdılar ki, ictimai qınaq yaratdılar. Hətta bozbaş komediyaçılarımız bu mövzunu məzxərə obyektinə də çevirdilər. 

Amma heç demə, ornitoloji turizm deyilən bir nəsnə özündə quşlarla bağlı çox mətləbləri ehtiva edirmiş, binəva ərəblər də heç də beynəlxalq brokonyer deyil, ornitoloji turistlər imiş. 

 

Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən noyabrın 8-dən 13-dək Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilmişdi, mıs-mıslardan sonra sözümün Mustafasına keçirəm. 

Dövlət Turizm Agentliyinin bu missiyasında səfər zamanı xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 kilometr uzunluğunda keçid yolunu əhatə edən "darboğaz"ı ziyarət edərək, payız miqrasiyasını müşahidə etdilər.

Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, Azərbaycanda mövcud olan nadir quş növləri müşahidə edildi.

Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimatlar, həmçinin B2B formatlı görüşlər təşkil olundu.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Amma diqqət edin, gələn qonaqlar arasında əsla ərəblər yox idi.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

 

Hər il noyabrın 14-də qeyd edilən Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü dünyaya xatırladır ki, mədəni irs nümunələrinin oğurlanması, talanması və qanunsuz dövriyyəsi halları tez-tez baş verir. Bu barbarlıq aktlarını törədənlər xalqların mədəniyyətini, kimliyini və tarixini qarət edir. UNESCO beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı birgə mübarizə aparmağa çağırır.

 

Bu kontekstdə Ermənistanın Azərbaycana məxsus mədəni sərvətlərin qarət edilməsi cinayətlərini xatırlatmaq yerinə düşər. Hamıya məlumdur ki, müharibə və silahlı münaqişə zonalarında mədəni irs abidələrinin qarət olunması və onların qanunsuz dövriyyəsi daha tez-tez baş verir. Bu baxımdan, UNESCO Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın və Qarabağda olan separatçıların cinayətlərini daha dərindən araşdırmalıdır. Həmin illərdə ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz eksponatları oğurlanıb. Erməni təcavüzkarları həmin muzeylərdə olan Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları qarət edərək Ermənistana və digər ölkələrə daşıyıblar.

UNESCO-nun müraciətində qeyd olunub ki, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinin bir çox səbəbləri var və bunun kökündə əxlaqsızlıq dayanır. Qeyri-qanuni ticarət edilən mədəni sərvətlər çox vaxt ya dünya üzrə qeyri-qanuni bazarlar, ya da hərraclar kimi qanuni bazarlar, o cümlədən internet vasitəsilə ötürülür. İnsanlar, hökumətlər, incəsənət bazarı və qurumlar maarifləndirmək, incəsənət və mədəniyyət obyektlərinin alqı-satqısı zamanı məlumatlı və etik olmaq, qanunlar qəbul etmək və onlara hörmət etmək, mədəni irsi və mülkiyyəti qorumaqla bununla mübarizə aparmaq üçün öz üzərinə düşəni edə bilərlər. Təəssüf ki, Qarabağda mədəni sərvətlərimizi talan edənlər üçün əxlaq anlayışı və bu prinsiplər tamamilə yaddır.

UNESCO ilk dəfə 2019-cu ildə 40-cı Baş Konfransı zamanı bu cinayətə və onunla mübarizə yollarına diqqəti artırmaq, habelə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq məqsədi ilə 14 noyabr tarixini Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul edib və mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiya (1970) vasitəsilə proaktiv tədbirlər görür. 2020-ci ildə 50 illik yubileyi qeyd edilən bu Konvensiya qeyri-qanuni dövriyyəyə qarşı mübarizədə digər irəliləyişlərə paralel olaraq oğurluq və talançılığın qarşısının alınması və oğurlanmış mədəni sərvətlərin qaytarılması və bərpası üçün beynəlxalq çərçivə təmin edir. Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə son qoymaq üçün əldə edilmiş mədəni sərvətlərin mənşəyini yoxlayarkən hər bir alıcının tələb olunan lazımi yoxlamaya əməl etməsi vacibdir.

Erməni qarətçiləri məhz bu Konvensiya əsasında məsuliyyətə cəlb edilməli, onların dünyanın qeyri-leqal bazarları və ya hərraclar yolu ilə dövriyyəyə buraxdığı Azərbaycan xalçaları və digər qiymətli mədəni irs nümunələri müsadirə olunaraq geri qaytarılmalıdır. Bu il oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinin bariz nümunəsidir. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Azərbaycanının Avstriyadakı səfirliyi buna etiraz əlaməti olaraq BMT-nin Vyana bölməsinin rəhbərinə məktub ünvanlayıb.

(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

 

Şeirlər var ki, yazılmasına aylar sərf edilir, bir an ömrü olur, oxunulur və unudulur. Şeirlər də var ki, yazılması bir an çəkir, amma əbədi ürəklərə yazılır. 

“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında daimi müəllifimiz Əlizadə Nuridir. Şeir isə “Bu ömür islanmış kağızmış, demə…” adlanır. 

 

Hər gün ürəyimdən durnalar uçur-

Mənim də canımda payızmış, demə.

Hərdən bu dünyanı yadıma salan,

Şəkildə gizlənmiş o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Baxdım ki, bir söyüd içini çəkir-

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım, bir az isin, üşüyən qadın.

....Çərpələng düzəltdim, o da uçmadı-

Bu ömür islanmış kağızmış, demə...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.