Super User

Super User

 

Britaniyada yaşayan Azərbaycan əsilli kinorejissor və kurator Suad Qaranın quruluş verdiyi “Qarağ” (“Qaragh”) qısametrajlı triller filminin dünya premyerası Bakıda keçirilib.

 

AzərTAC xəbər verir ki, ekran işi XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunub.

Nümayişdən sonra rejissorun iştirakı ilə filmlə bağlı müzakirə aparılıb. Rejissor Suad Qara filmin yaranma tarixçəsi barədə söz açıb. “İsmayıllının kəndlərindən birinə istirahət üçün getmişdim. Kənd ərazisində gəzdiyim zaman on üçüncü əsrə aid qəbiristanlıq gördüm. Orada müharibədə həyatını itirən insanlar uyuyurdu. Bu mənzərəni görəndə fərqli hislər keçirdim. Filmin ideyası da belə yarandı. Filmə baxanlarda sözügedən kənd və adətlər maraq doğurur.

Müharibənin travmaları ilə yaşayan nə qədər adam var. Həmin şəxslər müharibədən qayıdanda biz onları qəhrəman adlandırırıq. Ancaq onlar qəhrəmanlıqla bərabər bu travmaları da içlərində daşıyır. Adam ruhi sakitlik axtaranda ailəyə sarı gedir və düşünür ki, orda dinclik tapa biləcək. Filmin çəkilişlərinə başlamadan öncə bu mövzuda xeyli müsahibələr oxumuşuq, müharibə iştirakçıları ilə söhbətlər aparmışıq. Filmin əsas mesajı ondan ibarətdir ki, müharibə travmaları heç vaxt yaddan çıxmır və onlarla yaşamağa məcburuq", - deyə rejissor bildirib.

Qeyd edək ki, “Qarağ” filmi ruhi rahatlıq tapmaq üçün ucqar doğma kəndində yaşayan anasına baş çəkməyə qərar verən “posttravmatik stress pozğunluğu” xəstəliyindən əziyyət çəkən keçmiş əsgərin hekayəsindən bəhs edir. O, kənddə meşənin ortasındakı XIII əsr qəbiristanlığının içərisində məbədin ətrafında qurulan mistik bahar təmizləmə ritualında iştirak edir və burada sirli kiçik bir qızla qarşılaşır. Bu məsum alter-eqo onu daxili cinləri ilə üz-üzə qoyur. Keçmiş əsgər xilas olmaq üçün çətin bir yola çıxır...

“Astar Productions”ın istehsalı olan filmin aktyor heyətində Orxan İskəndərli, eləcə də həvəskarlar yer alıblar.

Kinorejissor Suad Qara hazırda “WEMW Trieste Co-Production Forum” üçün seçilən “Hotel Diana” adlı debüt filmi üzərində işləyir

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Wednesday, 15 November 2023 10:15

Qazax mahalının qəhrəmanları

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin 7 noyabr 2023-cü ildə imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.

 

44 günlük Vətən müharibəsində, 2022-ci ilin Sentyabr döyüşlərində (İkigünlük müharibə), 2023-cü il 19 sentyabrda Azərbaycanın Qarabağ iqtisadi rayonunda səhər saatlarında başlayan və 24 saat davam edən lokal xarakterli antiterror əməliyyatlarında Qazax mahalından yüzlərlə qeyrətli, cəsur qorxmaz, igid əsgər və zabitlər də iştirak etmişdir. 

Yüzlərlə əsgər və zabitimiz Vətən yolunda canından, qanından keçərək Şəhid oldular. Yüzlərlə əsgər və zabitimiz döyüşlərdə yaralanaraq Qazi oldular.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə uca Tanrıdan rəhmətlər diləyir və Qazilərimizə şəfalar diləyirik!

Qəhrəmanlıqla döyüşmüş Azərbaycan əsgər və zabitlərinin şücaətləri Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallarla, fəxri adlarla təltif edilir. Həmin qəhrəman oğullarımızı tanımaq, onlarla qürur duymaq hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.

Təltif edilən şəxslər arasında döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Qazax mahalının da qəhrəman oğulları vardır və bu şəxslərin hamı tərəfindən tanınması üçün onların adlarını xüsusi olaraq aşağıdakı ardıcıllıqlarla verməyi zəruri bildik. Qeyd edək ki, bəzi məlumatlar dəqiqləşdikcə bu siyahıya əlavələr də olunacaq.

 

"Qarabağ" ordeni ilə

Vəliyev Kərim Tofiq oğlu - general-polkovnik

 

3-cü dərəcəli "Rəşadət" ordeni ilə

Eminov Məmməd Şəmil oğlu - general-mayor

 

"Azərbaycan Bayrağı" ordeni ilə

Omarov Barat Bayram oğlu - polkovnik

 

Şıxlinski Vüqar Zakir oğlu - polkovnik-leytenant 

 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Hacıyev Allahverdi Hacı oğlu - polkovnik

——

Mustafayev İsgəndər Osman oğlu - polkovnik-leytenant

 

Şəmşiyev İlham Şakir oğlu - gizir (ölümündən sonra)

 

Əhmədov Elvin Qələndər oğlu - gizir (ölümündən sonra)

 

Hüseynov Ramin Rövşən oğlu - baş çavuş (ölümündən sonra)

 

Nəsibov Aqşin Vasif oğlu - əsgər (ölümündən sonra)

 

Nəbiyev Fərid Kamran oğlu - əsgər (ölümündən sonra)

 

Mustafazadə Vəli Ceyhun oğlu - əsgər (ölümündən sonra)

 

Tanırverdiyev Amil Elşən oğlu - əsgər (ölümündən sonra)

 

Sadıqov Samir Cəbrayıl oğlu - əsgər (ölümündən sonra)

 

"İgidliyə görə" medalı ilə

Abdullayev Azad Eyyub oğlu - general-mayor

 

"Vətən uğrunda" medalı ilə

Məşədiyev Taleh Vəliyət oğlu - polkovnik 

 

Şəmşiyev İlham Şakir oğlu - gizir (ölümündən sonra)

—-

Əhmədov Elvin Qələndər oğlu - gizir (ölümündən sonra)

—-

Hüseynov Ramin Rövşən oğlu - baş çavuş (ölümündən sonra)

—-

Nəsibov Aqşin Vasif oğlu - əsgər (ölümündən sonra)

—-

Nəbiyev Fərid Kamran oğlu - əsgər (ölümündən sonra)

—-

Mustafazadə Vəli Ceyhun oğlu - əsgər (ölümündən sonra)

—-

Tanırverdiyev Amil Elşən oğlu - əsgər (ölümündən sonra)

—-

Sadıqov Samir Cəbrayıl oğlu - əsgər (ölümündən sonra)

——

 

"Hərbi xidmətlərə görə" medalı ilə

Əhmədov Etibar İsabalı oğlu

Vətən uğrunda canlarından keçmiş qəhrəman, ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən uğrunda sinələrini gərərək düşmənə qarşı mübarizə aparmış bütün əsgər və zabitlərimizlə fəxr edirik!

Zəfərimiz Mübarək olsun!

QARABAĞ AZƏRBAYCANDIR!

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Noyabrın 14-də Türkiyənin Prezident Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyi, “İrs” nəşriyyat evi və “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi kimi çap olunan “Şuşa – zirvədən uca” kitabının təqdimatı və fotosərgi keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.  Verilən məlumata görə, tədbirdə Türkiyənin tanınmış dövlət və ictimai xadimləri, o cümlədən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Bildirilib ki, “Şuşa – zirvədən uca” kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi ilə bağlı faktlar və fotolar əksini tapıb.

Sonra tədbir iştirakçıları Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə tanış olublar.

Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.

Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Wednesday, 15 November 2023 17:00

4 bacının əhvalatı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Mən orijinal lətifələri və real məzəli əhvalatları xoşlayıram. Bu dəfə sizə Qazax rayonunun Yuxarı Salahlı kəndində nənələrdən eşitdiyim bir məzəli əhvalatı danışacam. 

 

Bir kişinin 4 qızı olur. 4-ü də pəltək olur. Bir gün onlara elçi gəlir, anası qızlara bərk-bərk tapşırır ki, kirmiş dursunlar.

Qızlar da dillərini dinməz edib sakitcə işin gedişini gözləyirlər. 

Ana yenicə sağdığı inək südünü artırmaya qoyubmuş. Bu vaxt pişik gəlib südü yalayır. 

Evin kiçik qızı özünü saxlaya bilməyib deyir:

-Pisik südü laladı. 

Bu dəm pişik süd ləyənini aşırır.

2-ci qız deyir:

-Laladısa da yelə caladı.

3-cü qız onlara təpinir:

-Dinməsəz noluldu çi? 

4-cü qız da söhbətə yekun vurur:

-Dilləli pəltəhdi heyləsinlər.

Elçilər başlarını bulaya-bulaya çıxıb gedirlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda  qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Derektor Elmira Bayramova və öncül şagird Esmira Korumova.

 

DİREKTOR

 

Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 

Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

 

ŞAGİRD

 

Mən Korumova Esmira Rəssam qızı 9 sentyabr 2009-cu ildə Qusar rayonunun Zindanmuruq kəndində anadan olmuşam. Hal-hazırda Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinfində oxuyuram. Arzum gələcəkdə ali təhsilli kimya müəllimi  olmaqdır. Bu fənnə qarşı məndə xüsusi bir sevgi hissi var. 

Bundan əlavə məqalə, inşa,esse yazmağa da həvəsim çoxdur. Əsasən, uğur, nailiyyət mövzusunda yazmağı sevirəm.

 

 ESSE

 

Uğura gedən yol zəhmətdən keçir

 

  "Yaxşı başlanğıc uğurun yarısıdır."(Andre Jid)

Bu yaxınlarda bu aforizmə rast gəldim və  məni çox düşündürdü. Sizcə, uğur nədir? Uğura gedən yolda bizi nə gözləyir? İnsana uğurmu çox şey öyrədir, yoxsa uğursuzluqmu?!

Uğur -hədəfə getmək yoludur. Hədəfə gedən yol çox çətinliklərdən keçir. O çətinlikləri dəf etmək üçün zəhmət çəkmək lazımdır. Zəhmət həyatın bəzəyidir. Zəhmət çəkmədən insan heç bir şeyə nail ola bilməz.

Uğursuzluqdan daha betər şey varmı? Bəli, var! Əsl olmayan, saxta uğur. Bu zaman insan sadəcə özünü aldatmış olur. O, uğur qazanmış deyil, məğlub olmuş olur.

 İnsan hər zaman uğur qazanmır. Bəzən uğursuzluqlar da olur. İnsan uğursuzluğa görə pərt olmamalı, kədərlənməməli, əksinə, hər şeydən nəticə çıxarmağı bacarmalıdır. Bəlkə də, uğursuzluqdan alınan dərs uğura atılmış ilk addımdır...

Bəs əsl uğur nədir? Əsl uğur zəhmət çəkərək qazanılan uğurdur. Uğur rahatlıqla qazanılmır. Uğur qazanmaq üçün insan əzmkar və qətiyyətli olmalıdır. 

İnsanın qarşısına qoyduğu hədəfə çatmağı üçün ilk öncə özünə güvəni olmalıdır. Belə xüsusiyyətlərə malik olan insan hər zaman öndə olar. İnamsızlıq qaranlıq bir meşədir. Oraya düşən itir, qeyb olur. Uğur gedilən yoldur, çatdığın məkan deyil. Uğura gedən yol isə əziyyətdən, zəhmətdən keçir.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”.

 

“Köhnə söhbətlər yeni məcrada” rubrikasında Xasiyyət Rüstəmlə müsahibəyə bir il sonra aktuallıq baxımından nəzər yetirdikdən sonra indi də növbə AYB katibi Elçin Hüseynbəylinindir. Onunla söhbətin tarixi də təqribən il yarım əvvələ çəkir.

 

AYB KATİBLİYİ BARƏDƏ

- Mən deyim ki, AYB yox, hər hansısa bir nazirlik olsaydı, orada mənə hər hansısa başqa bir iş həvalə olunsaydı mənim üçün çətin olardı. Amma AYB bir başa ədəbiyyatla məşğul olduğuna görə, yazıçılarla, şairlərlə, qələm adamları ilə təmasda olduğuna görə, burda funksionerlik şərti məsələdir. Sadəcə olaraq bu bir görəvdir sənə həvalə olunub, sənin yaradıcılığına ciddi mane olmur. Əsas odur ki, sən insanları tanıyırsan, kimin nəyə qadir olduğunu bilirsən və bu sənə heç bir əziyyət və çətinlik vermir. Sadəcə olaraq müəyyən zamanını ala bilər. Bu da bizim borcumuzdur. Tutaq ki, bu mən olum və ya başqası olsun, bizdən əvvəl də katiblər olub, bizdən sonra da katiblər olacaq. Mən düşünürəm ki, bu bir çətinlik yaratmır. Əksinə həm yaradıcılıqları, adamları yenidən tanımaq baxımından, daha da stimullaşdırıcı bir vəzifədir. Yəni məmur vəzifəsi deyil. Sən istəsən də məmur ola bilməzsən burada.

 

LAYİHƏLƏR BARƏDƏ

-Söhbət ondan gedir ki, AYB böyük büdcəsi olmayan bir təşkilatdır. Ona görə də bəzi layihələr var ki, onlara AYB-nin gücü çatmır. Biz onsuzda öz üzərimizə düşən işləri görürük. Tədbirlərin keçirilməsidir, qurultaya hazırlıqdır və s. Dəfələrlə olub  beynəlxalq tədbirlər keçirmişik, elə qurultay da beynəlxalq tədbir kimi bir şeydir. Eyni zamanda yubileylərimiz keçirilib, təbii ki, dövlətin dəstəyi ilə. Mən elə düşünürəm ki, daha çox kənardan gələn təşəbbüslərə dəstək vermək lazımdır. Cavan, gənc yazıçılar, cavan ona görə deyirəm ki,  onlar gənc dövrü keçiblər, daha kreativdirlər, daha təşəbbüskardırlar. Onlar məsəlçün deyirlər ki, bir tanıtım layihəsi edək. Azərbaycan ədəbiyyatını tanıtım layihəsi. Mən də deyirəm ki, lap yaxşı siz bu təşəbbüsü layihələndirin bizə təqdim edin. Mən düşünürəm bax bu cür, ədəbiyyatın təbliği layihəsidir, kitabın tanıtımı və  oxucuya çatdırılması layihəsidir və s. bu kimi təşəbbüsü bizə təqdim etsinlər. Elə sizin mətbuat vasitəsi ilə səslənirəm gənclərə, bu fikirləri layihələndirin və təqdim edin. Mən də indiyə kimi müxtəlif sahələrdə, müxtəlif istiqəmətlər üzrə bir çox layihələr işləmişəm. Bizə təqdim olunan layihələrə bir yerdə baxaq və müzakirə edək, çıxaraq katibliyə, bizim rəhbər, Anar müəllim də belə təşəbbüslərə dəstək verən adamdır. Sonra lazımi orqanlar qarşısında məsələni qaldıraq və çalışaq ki, həyata keçsin. Sadəcə olaraq, real layihələrə ehtiyac var. Qeyri-real layihələrə yox. Konkret bilirsən ki, bu layihələri ortaya çıxartmaq olar. Ona görəki, onun yollarını, istiqamətini, ünvanını, hədəfini və yerlərini bilirsən. Mən düşünürəm ki, bax daha çox bu cür layihələrə üstünlük verməliyik.

 

 ZƏFƏR GÜNÜNDƏN ƏVVƏL VƏ SONRA

- Bilirsən, artıq  otuz ilə yaxın müddətdə o hisslər artıq bir az korşalmışdı, haradasa bir az barışmışdıq itki ilə. Ancaq elə gün olmurdu ki, mən kəndimiz haqqında düşünmüyəm, kəndimiz haqqında nəsə xatırlamayam. Çox nadir gecələr olurdu ki, mən kəndimizi yuxuda görməyəm, görməyəm ki, Arazın kənarında dayanıb balıq tuturam, ya futbol oynayıram. Daima məndə bu hisslər yaşayıb və mənim əsərlərimi də oxuyanlar bu hissi duya bilir. 8 noyabrdan sonra qələbəni hələ tam həzm edə bilməmişəm. Ona da bir az zaman lazımdır ki, biz nəyə nail olmuşuq. Bu çox möhtəşəm bir qələbədir. Möhtəşəm olduğuna görə də bunu hələ tam həzm eləmək, qəbul eləmək çətin məsələdir. Zaman keçdikcə yavaş- yavaş bu zəfərin möhtəşəmliyi, qələbənin mahiyəəti, bizim gələcəyimiz üçün nələr edəcəyini  dərk edəndən sonra biz oturuşmuş şəkildə əsərlər ortaya qoyacağıq. Bir neçə hekayə yazmışam 8 noyabrdan sonra, amma ona qədər Qarabağla bağlı otuza yaxın hekayə, bir neçə roman, publisistik yazılar yazmışam çox sayda. İndi bir böyük publisistik yazı, “Cəbrayılı düşünərkən nifrət, lənət və sevgi”Anar müəllimin təşəbbüsü ilə çap olunan “Qarabağın Dastanı” kitabında çap olundu. Böyük bir publisistik yazıdır, etnoqrafik çalarlarla doludur və bir neçə hekayə dediyim kimi. Hələ ki, bir romanı bitirmişəm“Vida romanı” adlı. Bu romanda otuz ilin həsrətindən doğan bir romandır. Gələcəkdə nəzərə alsaq ki, beynəlxalq arenada ermənilər öz həyasızlıqlarını  davam etdirəcəklər, kino və ədəbiyyat  sahəsində. Özlərinin necə, güyaki təcavüzə uğradıqlarını, zülm gördüklərini, həyasızcasına,yalandan bütün dünyaya yalandan yayacaqlar. Buna görə də mən düşünürəm ki, biz otuz illik acını, həsrəti unutmayaq və əsərlər yazaq, kinolar çəkməliyik, tamaşalar qoymalıyıq səhnələrə, bütün dünyaya göstərək ki, bizim belə bir keçmişimiz var. Ermənilər bizim ağrılı-acılı keçmişi xatırlatmaq istəmirlər. Özlərini əzabkeş kimi göstərmək istəyirlər. Halbuki onlar başa düşməlidilər ki, azərbaycanlılara otuz ildə hansı əzabları veriblər, hansı zülmləri veriblər. Bunu dünya bilməlidir və bu dünyanın yadında qalmalıdır. Qələbə ilə bağlı təbii ki, bizim çoxlu əsərlərimiz olacaq müxtəlif sahələrdə. İstər nəsr, istər kino, amma mənim dediyim kimi bax o, çadırlarda qalan ilan-çayana yem olan uşaqların taleyini unutmaq olmaz, dəmir vaqonlarda qalan, çoxlu əzablar çəkmiş insanların, uşaqların acısını unutmaq olmaz. Bu məsələ daima bizim ədəbiyyatımızın,sənətimizin gündəmində olmalıdır və daim dünyanın, bütün avropanın diqqəti, gözü bizim faciəmizdə olmalıdır. Qələbə ilə də bağlı təbii əsərlər yazılmalıdır, filmlərimiz çəkilməlidir. Bizim qəhrəman şəhərlərimiz, qəhrəman oğullarımız var. Yeri gəlmişkən deyim, bayaq adını çəkdiyim məqalədə təklif etmişəm ki, işğaldan azad olunmuş şəhərlərimizə, həmçinin  Tərtər, Bərdə, Gəncə şəhərlərimizə “Qəhrəman şəhər” adı verilsin, çünki müharibə dövründə çox ağrılara, acılara, əzablara məruz qaldılar bizim həmin şəhərlərimiz. Eyni zamanda mən təklif etmişəm ki, Holokost tipli bir abidə yaradılsın, muzey kompleksi yaradılsın Azərbaycanda. Bizim 1990-cı illərdən bəri, yəni, 20 yanvardan bəri çəkdiyimiz o əzablar əks olunsun orada. Eyni zamanda böyük bir guşə yaradılsın bizim zəfərimizlə bağlı sənət əsərləri, canlı eksponatlar nümayiş olunsun orada. Bizdə“Müzəffər müzeyi” var, “Qənimətlər parkı” var. Amma mən dediyim haradasa bunların hamısının bir məcmusunu kompleks kimi ehtiva edir. 1-ci sinfə gedən uşaqlar və ya bir az böyüklər ola bilər,olsun  ki uşaqlara hardasa pis təsir edər və ya anlamaya bilərlər. Amma müəyyən bir zaman keçdikdən sonra cavanlar, uşaqlar bizim tariximizin əzablı keçmişini görməlidirlər, eyni zamanda turistlər də təbii ki, gəlib oranı ziyarət etməlidirlər. Mənim düşüncəmə görə bu Şuşada bəlkə də Xocalıda olmalıdır.  

 

XARİCDƏ ÇAPOLUNMA

- Açığı mən deyim ki, sistematik şəkildə olan bir şey yoxdur. Müəyyən bir maliyyə tələb edən  şeydir. Ən azından öz reklamın üçün, müəyyən işlər görməlisən , getməlisən, gəlməlisən. Deyək ki, mən burada oturdum və mənim kitabımı, hekayəmi, romanımı kimsə xaricdə götürdü çevirdi, yayımladı, çap etdi, amma sənin də müəyyən bir qatqın olmalıdır. Və ya hansısa konkret qurum olmalıdır. Mən bayaq dedim ki, belə layihələr gözləyirik. Ancaq mən xaricdə kifayət qədər çap olunmuşam. Kitab formasında, Litvada kitabım tərcümə edilib çap olunub. Bunların altısı  Qarabağ hekayələridir. Ona görə deyirəm ki, Qarabağ hekayələri, Qarabağ hekayələrinə xaçpərəst ölkələrdə xüsusi yanaşma var və sən elə yazmalısan ki, onlar bunu qəbul etsinlər. Yəni göstərməlisən ki, bu sadəcə əsərdir. Yazıçının qərəzinin yox, obyektiv yanaşmasının, düşüncəsinin məhsuludur. Tiflisdə kitabım hazırdır, amma hələki çap olunmayıb. Açığı naşirlərlə razılığa gəlmədik qaldı. Çünki mən xoşlayıram ki, naşirlər özləri çap edib, özləri də yayımı ilə məşğul olsunlar. Türkiyədə üç kitabım çap olunub. Bilmirəm bəlkə bir neçəsi  də çap olunub bilmirəm, amma onlarda yayım bir az fərqlidir. Gah bələdiyyələrdə, gah universitetlərdə olur. İranda iki kitabım çap olunub, amma heç biri hələki mənə gəlib çatmayıb. Birinin üz qabığını görmüşəm. Rusiyada qəzetlərdə, jurnallarda xüsusən “Literaturnaya qazeta”da hekayələrim çap olunub. Hətta orada jurnalda “Balıq adam” romanım da çap olunub. Bundan başqa Amerikadan belə bir çox ölkələrdə çap olunub. Demək olar ki, dünyanın aparıcı ölkələrində dəfələrlə, təkrar-təkrar mənim hekayələrim çap olunub. Hansı reaksialar doğurur bu çap olunmaq? Onu deyə bilərəm ki, bu yaxınlarda Sankt Peterburq oxucuları ilə, Mayakovski kitabxanası oxucuları ilə biz onlayn görüş keçirdik. "Oxuyan Peterburq" layihəsi çərçivəsində bir görüş baş tutdu.Oxucular hazırlıqlı idilər, hətta Türkiyədən qoşulanlar var idi, rusca danışırdılar. Azərbaycandan, Rusiyanın  müxtəlif şəhərlərindən qoşulanlar var idi. Belə məlum oldu ki, mənim əsərlərimdən məlumatlıdırlar.  Adicə girib Googledən axtarış verəndəgörürsən ki, Rusiyanın bir neçə nöqtələrinin kitabxanalarında mənim əsərlərimdən var. “Oxuyan Peterburq” layihəsi çərçivəsində mənim, “Don Juan” romanım müsabiqədə iştirak edib, görünür ki, bunun da təsiri var, oxucular əlavə məlumatlar da toplayıblar. Ümumiyyətlə o çox maraqlı layihədir. Aktyorlar əsərlərdən parçalar səsləndirirlər,  müzakirələr edirlər. Düşünürəm ki, bunları bəlkə də sistemli formada eləmək lazımdır. Yazıçı bu məsələlərə soyuq yanaşır. Mən özümü deyirəm, başqalarını deyə bilmərəm. Daha çox yazmaq haqqında düşünürəm, nəinki reklam haqqında. Bunu da təşkil edənlər, məsələn, türkoloq Şahnaz Kamal sağ olsun, Azərbaycan ədəbiyyatını təbliğ edir. Və yaxud Türkiyədə hansısa bizi bəyənən, Azərbaycan ədəbiyyatını sevən insanların xidmətidir, o cümlədən başqa ölkələrdə. Əlbəttə, mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının tanınması vacibdir, amma ədəbiyyatın, kino, teatr və rəsmə nisbətən tanınması çətindir. Çünki vizuallıq ayrıdır. Rəsmi tərcümə etməyə ehtiyac yoxdur. Amma ədəbiyyat dil faktorudur, gərək xarici dilə tərcümə olunanda da peşəkarları tapasan, o peşəkarları tapmaq üçün də bir qədər çalışmaq lazımdır.

 

SİNİFDƏNXARİC QİRAƏT

-Mənə vaxtı ilə dedilər ki, 5-ci sinif ədəbiyyat dərsliyi üçün hekayə yaz. Məndə bu alınmadı. Çünki, uşaqların psixologiyasını bilmək lazımdır, belə yazıları yazmaq üçünpedaqoq olmaq lazımdır hardasa. Amma dedilər sənin elə uşaqdan yazdığın hekayələr var, onların üzərində bir az işləsən kifayətdir. Amma yenə məndə alınmadı. Sonra bir publisistik məqalə  verdilər mənə, dedilər  bunun əsasında hekayə yaz. Yazdım,  “Firuzə qaşlı xəncər” indi 5-ci sinif dərsliyində tədris olunur. Sonra məlum oldu ki, o yazıdakı qəhrəman Tofiq,  Milli Qəhrəmanımız Tofiq Hüseynov imiş. Sonra 7-ci sinif üçün hekayə istədilər. Mən soruşdum ki, nə edə bilərəm? Dedilər, sən hekayə göndər biz işləyək. Onlarahekayələr  göndərdim. “Nar” hekayəsi üzərində işləyib  “Nəvə” hekayəsini hazırladılar göndərdilər mənə, oxudum. Uyğunlaşdırmışdılar, pedaqoqlar hazırlamışdılar. Bəzi düzəlişlər etdim. Bir şeyi orda düzəliş etməmişəm, onu da düşünürəm gələcəkdə etmək olar. Hal-hazırda da tədris olunur 7-ci sinif dərsliyində o hekayə də.Uşaqlar üçün yazmaq çətindir. Amma onu deyim ki, bu yaxınlarda uşaqlarıma danışdığım nağılları hekayələrə çevirdim. Səkkiz hekayə yazdım, “Qələm” nəşriyyatına təqdim elədim, onların səkkizi də həmdə animasiya filmləri üçün materiallardır. Bu yaxınlarda rejissorlarla danışdım, dedilər, sən niyə bunları müsabiqəyə vermədin? Dedim, ehtiyac yoxdur, elə bu hekayələrin üzərində işləyib cizgi filmi hazırlamaq olar. Uşaqlar üçün yazmaq çox vacibdir, mütləq yazılmalıdır. Oxu vərdişini uşaqlarda cocuq vaxtından yaratmaq lazımdır ki, gələcəkdə daha böyük əsərlər oxuya bilsinlər. Zaman dəyişib, ola bilər bəlkə kitab başqa forma alır. Məsəlçün, maraqlı nədir? Mən arada “Google”da girib axtarış verirəm, görürəm ki, mənim əsərlərim əsasında cizgi filmləri çəkilib. Tam film deyil, ancaq şəkillərdir, amma onun üzərində bir az işləsən cizgi filmi kimi alınar. Elə “Nəvə” hekayəmə müxtəlif cür yanaşmalar, səsləndirmələr var. Nə qədər adamlar uşaqlar üçünsəsləndiriblər fərqli-fərqli formada o hekayəni. Mən elə hesab edirəm  indi uşaq poeziyası mənim kurasiyamdadır,  uşaq ədəbiyyatı seksiyası nı daha da  fəallaşdırmaq çox vacibdir.

 

KİTAB SATIŞI VƏ TƏBLİĞİ
- Biz kitabı, oxu mədəniyyətini formalaşdıra bilmədik. Kitab kultu olmalıdır. Amerikadakı kimi, Yaponiyadaki kimi, Çindəki kimi, Almaniyada olan kimi. Təəssüf  ki, biz bunu edə bilməmişik hələ ki, kitab satışı çox zəifdir, oxucularımız çox azdır.  Mən o zamanlar deyirdim ki, hansısa bir normativ olmalıdır, qanun olmalıdır ki, yazıçının əməyindən sui istifadə etməsinlər. Çoxlu ədəbiyyat portalları yaranır, bu çox yaxşıdır əbəbiyyatımızın təbliği üçün, amma hardasa mənim əsərimi ora daxil edəndə elə etmək lazımdır ki, yazıçı da nəsə qazansın, təkcə oxucu yox. Bu yaranmadığına görə oxucu və yazıçı arasındakı körpülər itir. Həm portal qazanır, həm oxucu, amma yazıçı heç nə qazanmır. Düzdü indi oxucu qıtlığı şəraitində eşidəndə ki, sənin əsərlərini oxuyanlar var, bu çox xoş olur. Hələdə biləndə ki, hansısa oxucu sənin əsərlərinin vurğunudur fanat səviyyəsində, bu lap xoş olur. Amma təəssüf ki, yazıçı çox az qazanır. Yazıçı bu baxımdan hüququ pozulan zümrələrdən biridir.

 

ƏDƏBİ GƏNCLİKDƏN GÖZLƏNTİLƏR

- Dediyim kimi, biz bu kitab kultunu, oxu mədəniyyətini yarada bilməsək, gənclər məyus olacaq. Mən indi də oxuyuram,gənclər deyirlər ki, bizim yazdıqlarımız cəmiyyətə lazım deyilsə biz niyə yazaq?. Bu çox təhlükəli bir tendensiyadır, bu doğru deyil. Nəsə etmək lazımdır. Hər şey ədəbiyyatdan başlayır, hər şey sözdən başlayır. Kinolar da, dram əsərləri də, rəsm əsərləri də. Niyə rəsm əsəri dedim? Bayaq adını çəkdiyim, “Nifrət, lənət və sevgi” məqaləmi feysbukda paylaşdım və bir rəssam mənə yazdı ki, orada bir epizod məni çox möhkəm tutdu və mən onu tabloya köçürmək istəyirəm, gələcəkdə istəsəniz bu şəkili əsərlərinizdə də istifadə edərsiniz. Mən ona təşəkkür elədim, dedim ki, orada təbii bir neçə epizod var. Dedi, ümumiyyətlə sizin romanlarınız rəssamlara bolluca material verir, mən çalışacam ki, silsilə formasında işləyim onları. Mən çoxdan istərdim rəssamla şairin və ya rəssamla yazıçının tandemini əks elətdirən bir sərgi olsun. Əgər silsilə tablolar olarsa bir sərgi təşkil etmək olar. Aktyorlar dəvət etmək olar ki, o rəsmdəki epizodu canlandırsın. Eyni epizod çap formasında da tablonun atından vurula bilər. Biz də ədəbi gənclik üçün nəsə etməliyik. Ədəbi gəncliyin palitrası, tərkibi də müxtəlifdir. Çox qarışıq yazırlar bəzən. Türkiyə türkcəsi ilə, Azərbaycan türkcəsini qarışdırıb yazırlar. Başa düşürəm bu pis şey deyil. Türkiyəyə satılır, türk oxucusuna hesablanır. Bir tərəfdən də bir az yaxşı deyil, gələcək nəsil çaşır. Azərbaycan türkcəsini yaxşı, doğru düzgün mənimsiyə bilmir. Sabah imtahan verəndə və ya nəsə edəndə ona çətinlik yaradır. Bu düşüncə məni narahat edir, bilmirəm nə dərəcədə geniş düşüncədir, nə dərəcədə dardır. Hər halda ədəbi gəncliyin arasında istedadlı cavanlarımız var. Xüsusən də poeziyada maraqlı gənclər var. Mən oxuyuram. Nəsrdə nəsə etmək istəyənlər var. Amma deyim ki, mən desəm, “bu gözəl nəsrdir, mən bunu qəbul elədim”, onu desəm mən özümü də yanıltmış olaram, oxucuları da.Gənclər çox işləməlidirlər.Bir şeyi mən hiss etdim ki, Azərbaycan ədəbiyyatını gənclər çox az oxuyurlar. Ola bilər ki, klassikanı oxuyublar orta məktəbdə, amma mənim nəslimin oxucuları deyillər. Bu çox pisdir, niyə pisdir? Mən sizə deyim, daha yaxşı yazmaq üçün özündən əvvəlki nəsli oxumalısan. Bəlkə onlar sən yazdıqlarını  yazıblar, səndən daha yaxşı yazıblar? Niyə? Yoxdur demək olmaz. Bəzən söhbətləşəndə soruşuram ki, kimi oxumusuz? Onlar ən yaxşı halda Anar müəllimin, bizdən əvvəlki nəslin və klassiklərinadını çəkirlər. Soruşuram, bəs mənim hansısa hekayəmi oxumusanmı? Deyir, əfsuski yox. Deyirəm, bəs sən mənim yanıma gəlirsən mənim bir hekayəmi oxu, gör necə yazıram. Bəs mənimlə məsləhətləşməyə gəlirsən, oxu gör hələ bir məndən məsləhət almağa dəyər ya yox? Bu tənbəllik və ya etinasızlıq gənclərə heç nə vəd etmir. Amma hər halda bu ədəbiyyatdır, bu bir prosesdir. Kim ələnəcək, kim qalacaq. Mən arada bir “Ulduz “ jurnalının redaktorluğunda olanda, jurnalın tikməsini vərəqləyirdim, orda bir neçə yaxşı əsərlər, hekayələr, povestlər var idi. Düşündüm ki, bunlar niyə yazmayıblar? Belə qərara gəldim ki, onlar hərəsi başqa-başqa sahələrdə inkişaf etdiriblər özlərini. Ədəbiyyatın başını buraxıblar və ya bu qədər yaza bilirmişlər, bu qədər yazmaq istəyirmişlər, bu qədər bacarırmışlar. İndiki nəslin də, gəncliyin də içində belə yazıçılar var və olacaq. Birinin başı pul qazanmağa qarışacaq, birinin başı başqa sahəyə qarışacaq. Amma əsl yazıçıdırsa itən deyil, hansısa formada yenə yazacaq, yaradacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Bu dəfə “Ədəbiyyat və incəsənət”in poçtundan yenə də şeir seçdik. Dərc edilməyini istəyən Yusif Mürsəldir. 

 

 

Qapılar

 

Niyə belə gec açılır

Bizə açılan qapılar.

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

  Gözləyirik yana-yana

  Səbrimiz yetdikcə sona

  Qırxa,əlliyə,doxsana

  Yüzə açılan qapılar.

Heç bilmirsən nədir dərdi

Qovub namərd edir mərdi

Barmağın sayı qədərdi

Düzə açılan qapılar.

  Kim öyrədib bu sənəti

  Guya açılmağı çətin

  Hər gün açılır xəlvəti

  Naza açılan qapılar.

Əriyirik ilmə-ilmə

Oğulsansa gəl bükülmə

"Yuxarıdan"bircə kəlmə

Sözə açılan qapılar.

  Səbr eyləyək deyə-deyə

  Ah-naləmiz çıxdı göyə

  Qalmayıb halal çörəyə

  Duza açılan qapılar.

Niyə belə gec açılır

Bizə açılan qapılar.

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

 

  “Ədəbiyyat və incəsənət”

(15.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür. Bir vaxtlar sevgi şeirləri dillər əzbəri olan, indi nədənsə kölgəyə çəkilən böyük şairdir Musa Ələkbərli. 

 

 

VAR İMİŞ

 

İlk baxışdan üzü gülən

Nə qədər ağlar var imiş.

Ürəknən dil arasında

Keçilməz dağlar var imiş.

 

Yaş ötdükcə qəribsəmə,

Könlünü yurd etmə qəmə.

Keçmişini anıb demə

“Nə gözəl çağlar var imiş.”

 

Göz yaşından dünya gölmüş,

Ölmüş bilmə, Nuhu ölmüş.

Bədənində ruhu ölmüş

Kəfənsiz sağlar var imiş.

 

Musa, sən də ildə, ayda.

Bir şeir yaz... nədir fayda?!

Bu Vətənin özü boyda

Köksündə dağlar var imiş.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

59-CU DƏRC

 

Abel Aqanbekyan yerindən qışqırdı:

-Mən etiraz edirəm. Söhbət hansı millətçilikdən gedir?

Yerindən durub mikrofon tələb elədi, Divanın qaydalarına görə prosesin bu mərhələsində müttəhimə söz verilməməlidir, bununla belə Baş Hakim şəxsən bu şəxsi tanıdığı, onun necə (bu sözü başqa cür izhar edə bilməyib vulqarlığa yol verdiyimçün oxuculardan üzr istəyirəm) həyasız olduğunu bildiyi üçün onun mikrofonunun açılmasına icazə verdi. Akademik dərhal pafoslu nitqə başladı:

- Mən hardan millətçi oldum? Mən kosmopolitəm, Gürcüstanda anadan olub bütün şüurlu həyatımı da Rusiyada yaşamışam. Qızım Ekaterina Amerikada, oğlum Rubensə Moskvada yaşayır. Bizlərin Ermənistanla nə əlaqəsi ola bilər axı? Siz fərqinə varırsınız, 2012-ci ildə Rusiyanın nəhəng prezidenti cənab Vladimir Putin mənə “Dostluq” ordeni verib? Dostluq hara, millətçilik hara? Mən erməni millətçiliyinə yox, Sovet və Rusiya elmlərinə töhfələr vermişəm. Sizə maraqlı bir fakt danışım. “Link”də işi qurarkən... Onu da deyim ki, məni bu proektin başında görən Rusiya hökumətinə minnətdarlıq bildirirəm, yeri gəlmişkən, Rusiyada mənim bura gətirilməyimdən xəbər tutan hər bir kəs çox narahatdır, məni dəstəkləyirlər, yanımdadırlar... Hə, “Link”də işi qurarkən britaniyalı cənablar ilk günlər mənim təkliflərimə şübhə ilə yanaşdılar, deməzsənmiş, bunlar avropalılardır, britaniyalılardır, mənsə adi bir rusiyalıyam, bunlar bizdən ağıllı olmalıymışlar. Belə olanda mən onlara dedim ki, cənab britaniyalılar, yaxın əyləşin, sizin qarşınızdakı SSRİ akademiki, SSRİ prezidentinin məsləhətçisi, dünyaşöhrətli Abel Aqanbekyandır, o Aqanbekyan ki, Qərb dünyasının kapitalistləri SSRİ ilə soyuq müharibə aparanda o, Baykal-Amur magistralı adlı əsrin ən nəhəng layihəsinin Elmi Şurasına sədrlik edib, Sibirin, Tayqanın keçilməz yerləri ilə biz dəmir yolu xətti salıb Sovet iqtisadiyyatını yüksəltmişik. Dedim, siz heç bilirsiniz, mənə Lodz universitetinin, Barselona alli idarəetmə məktəbinin, Alikante, Seul, Sankt-Peterburq, Kinqston və Kaliforniya Universitetlərinin fəxri doktoru adını nə səbəbə veriblər? Soruşdum, xəbəriniz varmı, mən niyə Beynəlxalq İqtisadiyyat Assosiasiyasının fəxri prezidentiyəm? İnsanlar mənim qara gözümə aşiq olmayıblar ki, elmimə aşiq olublar, dünya iqtisadiyyatının ən krizizsli anlarda belə duruş gətirməsi təlimimə aşiq olublar. Dedim, cənab britaniyalılar, ağıllı olun. Onlara hətta çox ibrətamiz bir əhvalat da danışmalı oldum. 2009-cu ildə Rusiyanın baş naziri Dmitri Medvedyev Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisində, deyim ki, ora Sovetlər dönəmində VDNX adlanırdı, o qədər gözəl xatirələrim var ki, orayla bağlı, bir dəfə... Üzr istəyirəm, sözdən sözə keçirəm, hə Medvedyev məndən soruşdu ki, Abel Qezeviç, bu qədər nailiyyəti çiyninizdə necə daşıyırsınız, qayıdıb dedim, görmürsüz necə iriyəm, yüz əlli kiloyam, maşallah, niyə də daşımayım.

Abel Aqanbekyan uğunub getdi, tamaşaçıların da bəziləri gülümsədi, auditoriyanı ələ almaq qabiliyyətini davam etdirib Aqanbekyan daha bir neçə epizod danışıb özünü təmizə çıxarmaq istəyəndən sonra SSRİ Nazirlər Sovetinin Əmək və əməkhaqqı məsələləri komitəsində işlədiyi dönəmdə ucqar Sibir kəndindən gəlmiş bir vətəndaşı Kremldə necə qəbul etməsini izhar edərkən Baş Hakim onun sözünü kəsdi:

-Müttəhim Abel Aqanbekyan, əla danışırsınız, hər şey işıqlıdır, tərtəmizdir, amma mən sizə elə bir epizod xatırlada bilərəm ki, Qarabağ müharibəsinin ideoloqu olmağınızın altından sürüşüb çıxa bilsəniz belə, bunun altından çıxa bilməzsiniz. İndi fasilə zamanı yetişib, hamını çay, yaxud kofe işib azacıq dincəlməyə çağırıram, sonra isə proses davam edəcək.

Fasilə insanları isti və soyuq içkilər içməyə səfərbər etdi, gənc hakim bu arada fransız kruassanı ilə espresso ləzzətini dadan Baş Hakimdən  qılıqla Aqanbekyanı faş edən epizodun nə olduğunu soruşdu, Baş Hakim də gülümsəyib ona səbirli olmağı tövsiyyə etdi.

Fasilə bitən kimi Baş Hakim nitqinə başladı:

-Cənab Aqanbekyana bir xırda epizodu xatırladım, cənab Aqanbekyan, siz Moskvanın “Zenit” işgüzar mərkəzinin tikintisinin təşəbbüskarısınız, deyilmi?

Onsuz da bayaqdan narahat görünən Aqanbekyanın üzü tutuldu:

-Təşəbbüskarıyam deyəndə ki... Lap təşəbbüskarıyam, ancaq bunun mətləbə nə dəxli var. Mən orda sadəcə...

Baş Hakim davam etdi:

-Sizin bu layihə Moskva şəhərinin tarixinə ən birinci “dolqostroy” kimi düşüb, yəni 20 il tikintisi davam edib bu zavallı obyektin. Niyə? Baş alan korrupsiyaya görə. Hüquq-mühafizə orqanları sizi istintaqa cəlb etmişdi, tikintini həvalə etdiyiniz tikinti kompaniyalarından külli miqdarda rüşvət alınmışdı, kompetent olmayan bu şirkətlər də sadəcə, tikinti işini bacarmırdılar deyə tikinti heç cür başa çatdırılmırdı, sizin adınız qəzetlərin manşetində hallanırdı, teleulduz olub getmişdiniz, niyə bunlardan danışmırsınız? Yeyintinin miqdarı yüz min, milyon dollarlarla ölçülürdü. Şərəfli akademik adı hara, dələduzluq, rüşvətxorluq hara? O gözəl türk məsəli var e, min dəfə imam üçün ağlayanda bir dəfə də yezit üçün ağla, onun sözü olmasın, özünüzü min dəfə tərifləyəndə niyə bir dəfə də pisləməyi bacarmırsınız?

Aqanbekyan sadəcə “Mən etiraz edirəm” söylədi, Baş Hakim yanında əlyəşmiş hakimlərlə pışıldaşıb ittiham aktının oxunmasını xahiş etdi.

Yaşlı hakim əlində kağız tribunaya çıxdı, eynəyini taxıb sanki akademik tərəfindən ola biləcək müdaxilələri dəf etməkçün lap uca səslə və sürətlə oxumağa başladı:

-Akademik Abel Aqanbekyanın qatı millətçi olması, vaxtaşırı erməni millətçi təşkilatları ilə sıx əlaqəsi təkzibolunmaz faktlarla və şahid ifadələri ilə cinayət işinə tikilib. 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri olub Abel Aqanbekyan. O, erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başladıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Buyurun, tanış olun, bu barədə düz 32 erməni mənbəyində təkzibolunmaz təsdiq var. Qarabağ hadisələrinə isə konkret olaraq bu şəxsin söylədiyi bircə bəyənatla start verilmişdir. Aqanbekyan 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri söyləmişdir: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də bəyan etmişdir.

Hakim bu yerdə dayanıb akademikə baxaraq belə bir sual ünvünladı:

-Hörmətli akademik, sizcə Qarabağ niyə Azərbaycandan alınıb Ermənistana verilməliydi? Qədim erməni torpağı olmasını lütfən söyləməyin, hətta içinizin ən qatı millətçisi Zori Balayan belə məcbur olub ermənilərin sonradan ora köçürülməsini etiraf edib. Bəs onda niyə?

Aqanbekyan xeyli düşündü, gözlərində işıq parlayanda ona yaxın əyləşib gözünü görənlər zənn etdilər ki, suala təkzibedilməz bir cavab tapılıb.

O dedi:

-Qarabağda yaşayan ermənilərin hüquqları pozulurdu, onlar işsiz-gücsüz idilər, azərbaycanlılar bizim ermənilərə ikinci sort adamlar kimi yanaşırdılar.

Bu yerdə yaşlı hakim bir siyahı oxumağa başladı:

-Qarabağ münaqişəsi başlayan ərəfədə Dağlıq Qarabağda bütün rəhbər vəzifələr ermənilərdə olub, ştat cədvəlindəki yüzlərlə vəzifəni burda sadalamaq yersiz olar. Amma vəzifədə bircə azərbaycanlı belə tapmaq üçün gərək gərgin axtarışlar edəsən. Mən Aqanbekyana bildirmək istəyirəm ki, Dağlıq Qarabağ o yana, hətta Azərbaycanın mərkəzi hakimiyyətində də ermənilər çox yüksək vəzifələrdə təmsil olumuşdular. Bəzilərini xatırladıram:

A. Ayriyan – Azərbaycan SSR Meşə və ağac emalı sənayesi naziri.

V. Nersesyan – Bakı şəhər Kirov rayon Partiya komitəsinin 1-ci katibi.

N. Qabrielyan – Azərittifaqın sədr müavini.

A. Becenyan – Azərbaycan SSR Prokurorluğu İstintaq İdarəsinin baş  prokuroru.

S. Ohanesyan –Azərkəndkimya Birliyinin sədr müavini.

B. Ayrapetov – Bakı şəhər Plan İdarəsinin sədri, Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini.

A. Gevorkyan – Azərbaycan SSR Prokurorluğunun təsərrüfat müdiri.

N. Melkumyan – Azərbaycan SSR Prokurorluğunun baş mühasibi.

E. Petrosyan – Azərbaycan SSR Prokurorluğunun baş inspektoru.

A. Arzumanyan – Bakı Təmir-tikinti trestinin müdiri.

M. Bunyatyan –SSRİ Sənaye-Tikinti Bankı Azərbaycan Əməliyyat İdarəsinin rəisi.

S. Haykazyan –Bakı Qaz İstehsalat İdarəsinin baş mühəndisi.

A. Ohanyan – Bakı Kanalizasiya İdarəsinin baş mühəndisi.

N. Şahnazaryan –Nizami Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin sədri.

Buna nə deyərsiniz, cənab Aqanbekyan?

Akademik süni təəccüb ifadəsi nümayiş etdirib “Mən bunları bilmirdim” söylədi və söylədiyi auditoriyanın gülüşünə səbəb oldu.

Baş Hakim akademikin auditoriyanı ələ almaq, bu cür ağır prosesə yumor donu geyindirmək cəhdindən əsəbiləşdi, söylədi ki, biz Qarabağ müharibəsi faciələrinin apogey nöqtəsi olan Xocalı qətliamından geniş danışdıq, sabah da mövzu davam edəcək. Terrorçu Monte Melkonyan məhz bu qətli icra etməkdə suçlu bilinib cəzalanacaq, sizsə bu qırğınların ideoloqu kimi cəzalanacaqsınız. Mən bu məqamda istəyərdim Xocalı faciəsindən bilavasitə zərər çəkmiş azərbaycanlıları dinlədikdən sonra əcnəbi şahidlərə də söz verək.  Onlar israrla danışmaq istəyirlər. Vaxt məhdud olduğundan onları bir-bir kürsüyə dəvət etməyəcəyik, mümkünsə auditoriya mikrofonuna hər biri öz fikrini qısa izhar etsin.

Mikrofon önünə bir neçə nəfər gəldi. Birinci əcnəbi şahid sözə başladı:

-Mən Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunetəm. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.

İkinci əcnəbiyə növbə çatdı:

- Fyodr Şellov-Koverdyayevəm, keçmiş Rusiya Xarici İşlər Nazirinin 1-ci müaviniyəm, hazırda ixtisasca vəkil işləyirəm. Həmin vəhşilik barədə bircə kəlmə demək istərdim: Xocalı soyqırımına aparmış Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış, həyata keçirilməsi Ermənistanın birvaxtlarkı kommunist rəhbərlərinin təşəbbüsü ilə başlanan, buna görə də məsuliyyəti onların üzərlərinə düşən aksiyadır. "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlamışdır.

Nəhayət, üçüncü çıxışçı söz aldı...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Wednesday, 15 November 2023 14:00

“Tanrı doğmayan və doğulmayandır”

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Kainatda hər şey nəyinsə vasitəsilə, nəyinsə yardımıyla, yaradıcı tərəfindən yaranır. Güllər toxumdan yaranır. Təbiət yaradır. Bəs təbiəti?

 

İllərdir çox aktual olan bir sual var, xüsusilə ateistlər tərəfindən müsəlmanlara və digər din sahiblərinə verilən. "Kainatı Allah yaratdısa, bəs Allahı kim yaratdı?" Düzdür, ateist biri, Allaha inanmayan biri Allahın kitabına da inanmaz, amma ən gözəl cavabdır Qurani-Kərim. Allah doğmayan və doğulmayandır...

 

Hər birimiz müxtəlif inanclara sahibik. Hər birimizin öz zövqləri, öz qorxuları, öz imanı vardır. Bəs tarixdə bu necədir?

Çox maraqlı miflər, əfsanələr var ki, son zamanlar olduqca çox diqqətimi çəkir və bunlardan biri də yenə yaradılışla bağlıdır. Lakin bu səfər dünyanın yaranması, Allah və insan arasındakı bağlardan bəhs etməyəcəyəm. Keçən dəfə Simurq quşundan danışdım. Bu dəfə Bennu quşundan bəhs edəcəyəm.

 

Bennu — Misir mifologiyasında Günəş Tanrısı Ra'nın ruhuna sahib olduğu deyilən qarğayabənzər bir quşdur. Həmçinin, bu mifologiyaya görə, Bennu Ra məbədi ətrafında müqəddəs bir ağacın alovundan formalaşmışdır. Başqa bir inanca görə, Bennu Osirisin ürəyindəki çatdan çıxmışdı. Ən maraqlı versiya isə Misir mifologiyasına görə, Bennunun dünyanın yaradılmasında rol oynadığı deyilən, özünü yaradan bir varlıq olması haqda olan idi. Deyirdilər ki, tanrı yaradılışdan əvvəl mövcud olan Nun suları üzərində uçaraq qayaya enərək yaradılışın mahiyyətini təyin edən biri üçün çağırış verir. 

 

Bennu quşunun nəsli kəsildiyi bilinir. Nisbətən son dövrlərdə Ərəbistan yarımadasında nəsli kəsilmiş böyük bir quş növü yaşayırdı. Bennu ilə bir çox xüsusiyyətləri paylaşır. Ola bilsin ki, Yeni Krallıq dövründə Bennu qədim misirlilər tərəfindən yazılmış, yaradılmışdır. 

 

Mövzuya başlayarkən keçən dəfə Simurqdan danışdığımı dedim. Maraqlısı odur ki, Bennu quşunun elə Simurqla əlaqəsi olduğu deyilir. Keçən səfər də dediyim kimi, Simurq Misir mifində, ədəbiyyatında Feniks adlandırılır və yenidən doğulmanı, günəşi təmsil edir. Bennu quşunun özü-özünü yaratması sonrakı dövrlərdə Fenikslə əvəzlənir və bu da tarixi, yəni Bennunu bir çox araşdırmacının yadına salır. Olduqca maraqlıdır, elə deyilmi?

 

Nəticəyə gəlsək, heyvanlar aləminin necə möcüzəvi, necə qeyri-adi olması hər keçən gün insanı daha da dəhşətə salır. Haqqında əfsanələr yazılan bu möhtəşəm yaratıqlar həqiqətən varmı, ya da var olmuşmu, dəqiq bilə bilmərik. Amma bildiyim bir şey var ki, insan təfəkkürü nə qədər mükəmməl olur olsun, ən xırda bir ip ucuyla rastlaşmasa, uydurmaz. Atalar sözüylə desək, alov olmayan yerdən tüstü çıxmaz.

Texnologiya getdikcə daha çox inkişaf edir. İnsanlar, təfəkkür, zəka səviyyəsi, araşdırma potensialı getdikcə artır. Bizə boş durmaq düşməz. Oxumağa, öyrənməyə davam etmək lazım. Yaşadığımız dünya, bizi yaradan, onunla bağlı köhnə fikirlər, tarix. Hər bir insan övladının vəzifəsidir bunları öyrənmək. Koru-koruna sizə deyilənlərə inanmaq yerinə özünüz özünüzə dəlillər gətirəcək qədər inkişafa meyilli olun. Lenin  demiş, oxumaq, oxumaq yenə də oxumaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.