Super User

Super User

Thursday, 23 November 2023 11:00

Gəlin tanış olaq!

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əziz oxucum. Elə bu yerdə bir qədər haşiyəyə çıxaraq sizinlə başqa mövzuda danışmaq istəyirəm. Mən kiməm, nəçiyəm? Həyat məramım nədir? Əlbəttə, kitab boyu bu sualların cavabına rast gələcəksiniz. Bunları bilməlisiniz, müəlliminizi tanımalısınız ki, sizə verilən ev tapşırığını da mənimsəyə biləsiniz

Hələlik isə, əziz oxucum, istəyirəm sizə ilk tanışlığımızda vətənim barədə məlumat verim. Mən Azərbaycanlıyam, paytaxtı Bakı şəhəri olan Azərbaycan Respublikasında yaşayıram. Uzun illər, 1920-ci ildən ta ki 1991-ci ilə qədər Sovet İttifaqı adlı bir federasiyanın tərkibinə daxil olan Azərbaycan Respublikası 1991-ci ildən müstəqilliyini bərpa edə bilib. Bu müstəqilliyi itirənədək, 1920-ci ilədək isə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası dövlətçiliyinə malik olmuşuq. Onu da deyim ki, dünya tarixindəki ən böyük imperiyalardan biri – Səfəvilər imperiyası (XVI-XVIII əsrlər) da biz azərbaycanlıların olub. Bu tarixi Azərbaycan dövləti bugünkü Azərbaycan, İran, Ermənistan, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini, eləcə də ərəb ölkələri ərazilərini (İraq, Suriya, BƏƏ, Küveyt, Bəhreyn, Oman) əhatə edib, 3500000 kvadrat kilometrlik nəhəng əraziyə malik olub.

Hər bir xalqın taleyi qalibiyyətli və məğlubiyyətli müharibələrdən, eniş və yüksəlişlərdən keçir. 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay adlı iki müqavilə ilə Azərbaycan ərazisi Rusiya imperiyası və İran şahlığı arasında bölünüb, Rusiya imperiyasının tərkibindəki Şimali Azərbaycan hazırda, bax, mən yaşadığım müstəqil Azərbaycan Respublikasıdır, hal-hazırda burada 10 milyona yaxın azərbaycanlı yaşayır. İranda qalan Cənubi Azərbaycan (paytaxtı Təbriz) isə dövlət quruluşuna malik deyil, orada hazırda təqribən 25 milyon azərbaycanlı yaşayır.

Bu gün dünyada çoxlarına Azərbaycan məhz elə Şimaldakı müstəqil dövlətinə görə tanışdır. Azərbaycanı bir neft ölkəsi kimi tanıyırlar çoxları, neft bumundan sonra sürətlə böyüyüb gözəlləşən Bakıya «İkinci Dubay» adını da qoyublar. İndi buranı Şərq ölkələrində gözəl turizm məkanı kimi də tanıyırlar, qərbdə isə bura, həm də, Formula 1 yarışmasına evsahibliyi eləyən idman ölkəsi kimi tanınır.

Hər bir ölkənin öz «ən»ləri  və «ilk»ləri var. Bizim Azərbaycanımızın da belə «ən»ləri və «ilk»ləri az deyil: Azərbaycanın Şərqin ilk Demokratik Respublikasına və dünyanın ən böyük imperiyalarından birinə müəllif olması barədə az öncə demişdim. Digər «ən»lərə baxaq: Bizim ölkənin sahillərini dünyanın ən böyük gölü (Xəzər dənizi) yuyur, Yer kürəsində ən çox palçıq vulkanı (300-dən çox) bizim ərazidədir. Qədim Şərqin ilk və ən mükəmməl Rəsədxanası 1259-cu ildə dünyaşöhrətli azərbaycanlı alim Nəsirəddin Tusi tərəfindən Azərbaycanın Marağa şəhərində yaradılıb. Dünya ədəbiyyatında ilk «Xəmsə» adlanan beş poemadan ibarət beşlik nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi (XII əsr) yaradıb. Dünyada dəniz dibindən ilk neft hasilatı (1846) Azərbaycanın hesabına düşür. Şərqdə ilk diplomat qadın XV əsrdə Ağqoyunlu adlı Azərbaycan dövlətində yaşamış Sara xatun olub. Şərqdə ilk opera 1908-ci ildə tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən yazılıb. 1920-ci ildə Şərqdə ilk Musiqi Akademiyası Azərbaycanda yaradılıb. Müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ 1918-ci ildə Azərbaycanda verilib. Şərqdə ilk elektrik qatarı da 1926-cı ildə məhz Azərbaycanda hərəkət eləyib.

Mən bu siyahını çox uzatmayaraq son nöqtəni qoyuram: Dünyaşöhrətli alim, bəşər tarixində köklü dəyişikliklərə, böyük sıçrayışlara səbəb olmuş süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də azərbaycanlıdır!

***

Məncə, bir ölkənin  özü də dünya xəritəsində çox kiçik görünən, üstəlik də yenicə müstəqillik qazanmış bir ölkənin vətəndaşı üçün dünyanın ən böyük kürsülərində onun ölkəsi barəsində danışılması, dünyanın ən nüfuzlu mediasının onun ölkəsi barəsində yazması çox qürurvericidir. Biz azərbaycanlılar tez-tez bu cür qürurlanırıq.

«Bakı heç bir başqa şəhərə bənzəmir. Burada cəlbedici sərgiləri və attraksionları olan, nəhəng bulvarı, rahat kafeləri və xalça dükanları olan labirintəbənzər İçərişəhər vardır. Füsunkar qızılı çimərliklər, Abşeronun sayrışan işıqları, dəbdəbəli restoran və klublar, bərq vuran «Kristall Hall» sarayı...

Ölkənin qalan hissəsi də az təəccübləndirmir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-nun burada olmasına adamın inanmağı gəlmir. Qədim qayaüstü rəsmlər, dağ-xizək kurortu, dünyada mövcud olan palçıq vulkanların yarısı, duz gölləri, yanardağlar böyük maraq doğurur».

                                                     The Telegraph (Böyük Britaniya)

«Hava limanından şəhərə gedən geniş və füsunkar yolda özünü çox rahat hiss eləyirsən. Diqqətəlayiq memarlıq elementləri ilə bol tikililər yol boyu diqqətini cəlb edir, xüsusən Heydər Əliyev Mərkəzinə heyran qalırsan. Axşam Bakısının gözəlliyi bir başqa aləmdir. Dənizkənarı Milli Park, mərkəz və ona yaxın yerləşən binalar, körpülər, yollar yüksək səviyyədə işıqlandırılır. Şəhərin ən müxtəlif yerlərində toplaşan şən və qayğısız gəncləri görürsən.

Bakıda yaddaşa yazılacaq bir şey də var: istəsən dənizkənarı parkda İkinci Dünya müharibəsi veteranı ilə şahmat da oynaya bilərsən».

                                                   Frankfurter Allgemeine (Almaniya)

***

Ən nəhayət, vətən insanın doğulduğu yerdən başladığı üçün, əziz oxucularım, qısaca sizə doğulduğum Quba bölgəsi barədə də söz açmaq istəyirəm. Bu barlı-bağatlı, ecazkar təbiətə malik qədim diyarın o qədər özəllikləri var ki.

Bakıdan 168 km şimalda, Böyük Qafqazın Şahdağının yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən Quba dünyada öz alması ilə məşhurdur. Xüsusən, burada yetişən ağ alma çox unikaldır.

Dünyada, həm də Quba xalçaları məşhurdur. Dünyanın bir çox məşhur muzeylərində, bir çox şəxsi kolleksiyalarda orijinal naxışları ilə seçilən Quba xalçaçılıq məktəbinə məxsus Çiçi, Yerfi, Qımıl kimi xalçalara rast gəlmək olar.

Qubanın başqa bir unikallığı rayon ərazisindəki bənzərsiz kənd və qəsəbələrə malik olmasıdır. Burada dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Xınalıq kəndi mövcuddur ki, kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. 5000 illik tarixə malik Xınalıq fenomeni, təsadüfi deyil ki, bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən hesab olunur.

Eyni zamanda Qubada dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qafqazın Yerusəlimi adını almış bu qəsəbəyə qafqaz yəhudiləri 1797-ci ildə Quba xanı Fətəli xanın sayəsində gəlmişlər. O vaxt onlar daim yaşadıqları Dağıstan ərazisində yerli Surxay xanın əmri ilə soyqırıma məruz qaldıqlarından, sərhədi keçərək Azərbaycana adlamışdılar, Fətəli xan da onlara Qubanın ən səfalı yerində məskunlaşmağa izn vermiş, onları himayəsinə götürmüşdü.

Bir vaxtlar Qafqaz Albaniyasının tərkibində olan, bu qədim şəhərin yaranma tarixi, mənbələrə görə XIII əsrə gedib çıxır. Rayon ərazisində XI-XII əsrə aid müdafiə qüllələri, XVI-XIX əsrlərə aid Subaba və Ağbil türbələri, Tağlı körpü, Hacı Cəfər və Cümə məscidləri, Ələmu qalası, Atəşpərəstlər məbədi qiymətli memarlıq abidələrindən sayılır. XVII-XIX əsrlərə aid edilən Çuxur hamam isə xüsusilə məşhurdur. Şərq memarlığının incilərindən sayılan bu abidəni məşhur fransız yazıçı Aleksandr Düma da vəsf edib. Qafqaz səyahəti zamanı burada çimən Düma, göründüyü kimi hədsiz məmnunluq hissi keçiribmiş.

Mən bir neçə kəlmə Qubanın ecazkar təbiətindən də söz açmasam, günah işlətmiş olaram. Quba rayonu ölkəmizə təşrif buyuran turistlərin ən sevimli yerlərindən biridir.

Təbii bulaqları ilə, itburnu, alma, armud, əzgil, qoz, fındıq, zoğal, yemişan kimi yabanı bitkilərlə, müalicəvi əhəmiyyətli otlarla zəngin olan, dərinliklərində ceyran, tülkü, çöl donuzu, canavar, ayı kimi heyvanlar yaşayan Qəçrəş meşəsi, dadlı çapaq balığı ilə bol olan əzəmətli Qudiyalçay, kanyonvari dərənin yamacında Yura dövrü əhəngdaşı suxurlarının səthə çıxması ilə əlaqədar yaranmış 60 metr hündürlüyə malik Afurca şəlaləsi, dağ havası ilə yaşıllığın yaratdığı misilsiz oksigen mənbəyi sayılan Təngəaltı dərəsi turistlərin sevgi ilə üz tutduqları populyar turist marşrutlarıdır.

Təsadüfi deyil ki, belə bir el deyimi yaranıb: «Qubaya bir gələn, hökmən yenə də gələr». Böyük Azərbaycan şairi Məmməd Araz isə yazıb: «Qubanı görməmisənsə, demə ki, Azərbaycanı görmüşəm»!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

 

Wednesday, 22 November 2023 16:15

Bu pişik xoşbəxtdirmi?

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü lətifə payımız bir evdar qadınla onin pişiyi barədədir. Əslində, qara yumordur. Başa düşənlər üçün.

Pişik qapının kəndarında uzanıb. Qarşısında bir qab yeməyi, suyu. Özünü günə verir. 

Bu vaxt yaşlı ev sahibəsi evdən çıxır, gözü pişiyə sataşanda deyir:

-Yeməyin havayı, içməyin havayı, bütün günü uzanıb özünü günə verirsən. Bəxtəvər başına. Kaş mənim də günüm belə olaydı. 

Pişik bunu eşidib daxili səslə deyir:

-Oğlumu azdırdın, arvadımı sterilizə  elətdirdin, özümü axtalatdın. Olsun da, olsun günün belə.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Wednesday, 22 November 2023 17:00

Bir-birinin əksi olan bürclər

 

Səbinə Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün

 

Astroloqlar hesab edirlər ki, onların hər birinin xarakter xüsusiyyətləri uğurlu tərəfdaşlıq qurmağa mane olacaq.
Hansı bürclər münasibətə belə başlamamalıdır?
Beləliklə, psixoloqlara istinadən həmin bürcləri təqdim edirəm. 
 
Şir və dolça
Bu cütlükdə Dolçanın Şirlərin hər zaman diqqət mərkəzində olmaq istəməsi bezdirici olacaq. Tərəfdaşlar arasında rəqabət və qısqanclıq münasibətləri dağıdıcı ola bilər.
 
Əkizlər və oxatan
Əkizlər və Oxatan vərdişlərini dəyişsələr, mükəmməl uyğunlaşa bilərlər. Məsələn, Oxatanlar özlərini ən ağıllı hesab edirlər, Əkizlər isə dedi-qodu etməyi sevirlər. Bundan imtina edə bilsələr, ayrılıq onları təhdid etməz. 
 
Xərçəng və oğlaq
Oğlaq öz daxili gücünü göstərsə, bu insanların birliyi çox uzun müddət davam edə bilər, çünki Xərçənglər təbiətcə daha həssas və yumşaqdırlar. Əks halda, Xərçənglərin mülayimliyi Oğlaqları bezdirməyə başlayacaq, Xərçənglər isə Oğlaqların soyuqluğundan inciyəcəklər.
 
Qoç və tərəzi
Qoç həmişə güclü enerji axını yayır. Vaxtında olmaq üçün onun tempdə olması vacibdir. Amma Tərəzi uzun müddət tərəddüd edir, çox vaxt qərarsız olurlar. Belə olan halda istər-istəməz maraqların toqquşması yaranır.
 
Buğa və əqrəb
Buğa ev rahatlığını və romantikanı yüksək qiymətləndirir, Əqrəblər isə yollarında olan hər şeyi yandırmağa hazırdırlar. Onlardan biri çox aktivdir, digəri isə evdə qalmağa üstünlük verir. Ehtiraslı Əqrəb çox vaxt Buğanın passivliyini sevmir

“Ədəbiyyat və incəsənət”
(22.11.2023)

Wednesday, 22 November 2023 11:44

Bu gün Sumqayıt Şəhər Günüdür

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Canlanır hər qarış çöl Sumqayltda

Xarüqələr yaradır el Sumqayıtda!

 

Bu mahnı sovetlər dönəmində Sumqayıtın himniydi, xüsusən paraddan keçəndə onu hamılıqla oxumaq məcburi idi. 

Mənim doğma şəhərimə o dövrlər müxtəlif adlar qoyulurdu. Onu gənclər tikib ərsəyə gətirmişdi deyə Gənclər şəhəri adlandı. Sovet kimya sənayesini bura cəmlədi deyə sonra Kimyaçılar şəhəri oldu. Qorbaçov perestroykası zamanı şəhərimiz məhz kimya poliqonu olduğu, əhalisi kütləvi zəhərləndiyi üçün Ölü şəhər adını aldı. Qarabağ müharibəsi dönəmində burada KQB ermənilərin əli ilə erməni qətliamı törədib də Sumqayıtı dünyaya Genosid şəhəri kimi tanıtdı.

İndi - müstəqillik dövründə o eləcə Sumqayıtdır. Amma ölkədə əhali sayının tələbə sayına nisbətinə görə liderdir, yəni Tələbə şəhəri adını daşımağa layiqdir.

Sumqayıt həm də mərd insanlar, elmli insanlar, tanınmış mədəniyyət xadimlərinin, idmançıların vətənidir. Buradan hansı məşhurlar çıxıblar? 

Eləcə çağdaşlarımızı xatırlayaq: Sərhəd qoşunlarının komandanı Elçin Quliyev, Prezidentin köməkçisi Natiq Əmirov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov, əfsanəvi futbolçu Nazim Süleymanov, karate üzrə dünya çempionu Rafael Ağayev, şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, ədəbiyyat üzrə Avropa materikinin qızıl mükafatçısı, yazıçı Varis, məşhur müğənnilər Ədalət Şükürov, Damla, aktyorlar Afaq Bəşirqızı, Coşqun Rəhimov və daha kimlər…

Və gəlin onu da unutmayaq, Sumqayıt əfsanəvi general Polad Həşimovun yaşadığı şəhərdir. 

 

Sumqayıt — Azərbaycanda respublika tabeli şəhərdir. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Corat, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir.

Şəhərdə yarım milyona yaxın əhali yaşayır.

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Briyaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki: “Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."

Hazırkı müasir şəhərin tarixi isə Sovet dönəmi ilə bağlıdır. 

Sovet rəhbərliyi Abşeronu ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin müharibənin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına da rast gəlinir. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 

1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi. 

Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.

1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.

1939–1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyuldu.

1941-ci il – İES işə düşdü və Bakının neft  sənayesi üçün ilk elektrik cərəyanı verdi. 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanıldı. 

1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.

1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə  olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.

1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.

1953-cü il – Marten sobalarında ilk polad əridildi.

1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.

1957–1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikildi, şəhər infrastrukturu inkişaf etdirildi.

1960-cı il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.

1961–1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başladı.

1970–1980-ci illər – Yüngül və maşınqayırma sənayesi inkişaf etdi. 

Müasir dövrdə isə Sumqayıtda dünyaca şöhrət tapan, Avropadan ödüllər qazanan Sumqayıt Bulvarı inşa edildi. 

Gözəl Sumqayıt, günün mübarək!

Sumqayıtlılar, hamınızı təbrik edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Wednesday, 22 November 2023 09:58

Musiqisi kimi böyük insan

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər şey gözəldir həyatda. Sən bu gözəlliyi yaşaya, duya bilsən…

Bir vaxtlar Brilyant Dadaşova və Akif İslamzadə bu mahnını oxuyanda o qədər ruhumu oxşayırdılar ki, sadəcə riqqətə gəlirdim. Elə o vaxtdan bu mahnının bəstəkarı Cavanşir Quliyevi sevdim. Və o vaxtdan bilirəm ki, noyabrın 22-si onun doğum günüdür. 

Bu gün böyük bəstəkar 73 yaşını qeyd edəcək. 

 

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.

Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. 

Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C. Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. 

Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Milli Konservatoriyanın dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.

O, 19 il Şimali Kiprdə yaşadıqdan sonra Azərbaycana qayıdıb.

Bıstəkarın ”Tufan” ,Kitabi Dədə Qorqud” baletləri, Zurna və orkestr üçün Üvertürası (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000) əsəri; Simli orkestr üçün "Dastan" (2001) əsəri, 4 simfoniyası; “Məhəbbət oyunu" Operettası çox məşhurdur. 

Bir mahnısını qeyd elədim yuxarıda. Amma ən sevdiyim mahnılar listəsində onun bir mahnısı da var, “Sevəcəyəm” Brilyant xanım ifa edir. Bu gün siz də bu mahnını dinləyin. Sevəcəksiz.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

 

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;

 

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

 

Bu münasibətlə noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində toplantı keçirilib.

Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq yeni Ekspert şurasının yaradılması zərurətindən danışıb. Qeyd edib ki, kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac var idi: “Düşünürük ki, bu fəaliyyət sahənin peşəkarları üçün də vacibdir”.

Daha sonra Mədəniyyət Nazirliyinin təqdimatında  bildirib ki, nazirliyin kollegiyasının müvafiq qərarı ilə Ekspert şurasının tərkibi və əsasnaməsi müəyyən edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək şuranın məqsədi dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərin, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir.
Şura tərəfindən qiymətləndirmə əsərin uşaqlar üçün zərərli informasiya olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılır.

Bildirildi ki, səlahiyyət müddəti iki il olan şura müvafiq sahə üzrə mütəxəssislərdən və ekspertlərdən ibarət tərkibdə formalaşdırılır. İclasları ildə dörd dəfədən az olmayaraq  keçirilir. İclaslar onlayn keçirilə bilər. İclas vaxtı sadə səs çoxluğu ilə iclas üzvləri tərəfindən müəyyən olunur. 

Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik yaradılır. Katiblik şuranın iclaslarını təşkil edir. Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və bu əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. İclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verir. İclasın gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün üzvlərə təqdim edir. Müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir.

Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib layihələr də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq.

Toplantıda daha sonra Ekspert şurası üzvlərinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.

 

Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə, 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

 

Beynəlxalq sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması" mövzusunda keçirilən panel diskussiyada iştirak edib.

 

Bundan əlavə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev milli stendi ziyarət edərək, sərginin gedişatı ilə tanış olub.

 

Noyabrın 22-dək davam edəcək sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə 9 mindən çox ziyarətçinin qatılacağı planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-30-da Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq.

 

Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərlərinin və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar təşkil ediləcək.

 

Heydər Əliyev Mərkəzində forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.

 

Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.

 

Qeydiyyat forması week.creative.az saytında yerləşdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 2-də Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.

 

Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2013)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.