Super User

Super User

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Həmişə qonaqlı-qaralı olan Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubu dünən də qapılarını tədbir üçün taybatay açmışdı. Bu dəfə burada bədii yox, türkoloji tədqiqatlara aid elmi kitabın təqdimatı idi. 

 

Tanınmış türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” kitabının təqdimatı keçirilirdi. Qrafikinin sıx olmasına baxmayaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da təüdimatda iştirak edirdi. Anar Tofiq Məliklinin demək olar ki, bütün kitablarını oxuduğunu bildirdi. Xalq yazıçısı bu kitabın türkologiya elmi üçün bir töhfə olduğunu vurğuladı, müəllifə  yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

Tofiq Məlikli çıxışında kitabının necə ərsəyə gəlməsindən danışdı. O, kitabın türkologiya üçün çox dəyərli nəşr olduğunu vurğuladı, qeyd etdi ki, kitabda ümumtürk mədəni irsinin öyrənilməsi, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparıldığını dilə gətirdi. 

Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açdı. O, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində T.Məliklinin müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına da çox böyük töhfə verdiyini diqqətə çatdırdı. Firuz Mustafa qeyd etdi ki, T.Məliklinin yeni kitabına son vaxtlar yazdığı türkbilimi (türkologiya) ilə bağlı məqalələrinin bir hissəsi toplanıb. Türklərin ədəbiyyatı, tarixi, dili, mədəniyyətini araşdıran müəllif türkbiliminin həll edilməsi vacib olan önəmli problemlərinə diqqəti çəkib.

Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva T.Məliklinin kitablarının unikallığı ilə seçildiyini bildirdi. O, belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq T.Məliklinin türkologiya ilə bağlı işlərinin təkcə Azərbaycana deyil, ümumilikdə, Türk dünyasına töhfə verdiyini qeyd etdi. 

 

Tədbirdə digər çıxış edənlər Tofiq Məliklinin yaradıcılığı və müəllifi olduğu kitab haqqında fikirlərini bölüşdülər. Bildirdilər ki, Tofiq Məlikli tanınmış dilçi-türkoloqdur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Asiya Xalqları İnstitutunun (sonralar Rusiya EA Şərqşünaslıq İnstitutu adlandırılıb) aspiranturasına daxil olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra ona həmin institutda işləmək təklif olunub. 1985-ci ildə T.Məlikli Sovet Türkoloqları Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildə İstanbul Universitetində rus dili kafedrasının rəhbəri olub, eyni zamanda, Türkiyədə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. T.Məlikli, türkologiya elmində ilk dəfə olaraq, Türkiyənin yeni poeziyasının dolğun sistemini işləyib hazırlayıb. O, həmçinin bədii əsərlərin tərcüməçisi kimi tanınıb. Onun sayəsində rus və Azərbaycan oxucuları Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və başqa məşhur türk yazıçılarının əsərləri ilə tanış olublar.

Mənsə xüsusən qeyd edim ki, Tofiq Məlikli həm də novatordur, yenilikçidir, elə dilimizə hopmuş Qərb kökənli türkoloq sözünü türkbilimi kimi işlətməsi hər şeyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçək ayın qatilləri” dramı ilin ən yaxşı filmi seçilib. 

 

“Ədəbiyyat və incəsənət” Kino.ru-ya istinadən xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub. Neft, macəra, qanqsterlər, kriminal - filmdə nə desən var. 

Müsabiqədə Paul Giamatti “Ən yaxşı aktyor”, Lili Qladstoun “Ən yaxşı aktrisa”, “Anatomy of a Fall” filmi “Ən yaxşı beynəlxalq film” nominasiyaları üzrə mükafata layiq görülüb.

Onu da qeyd edək ki, bu seçim çox da nüfuzlu seçim hesab edilmir.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

İstəkli oxucular, sizin üçün seçdiyim ən maraqlı xəbər yəqin ki, bu olacaq: 

Müğənni-bəstəkar, 33 yaşlı ABŞ vətəndaşı Taylor Svift Amerikanın Time jurnalının versiyasına görə İlin adamı oldu.

Reytinqdə o, Rusiya və Çin liderləri Vladimir Putin və Si Tszinpini, Britaniya kralı III Çarlz və Barbini geridə qoydu.

Əlbəttə, Rusiya və Çin diktatorlarının siyahıya düşməsi və öncül mövqelərdə qərarlaşmaları daha çox onların antiqəhrəmanlığı ilə səciyyələnə bilər. 

 

“Bu mükafat tez-tez iri sənayesi olan dövlət başçılarına və ya titanlara verilir” - deyə Time-ın baş redaktoru Sam Jacobs “Euronews” kanalına açıqlamasında qeyd etdi. Və əlavə etdi ki,  amma Svift, sərhədləri aşmaq və işıq mənbəyi olmaq üçün bir yol tapdı və ənənəni pozdu. 

"O, həm yazıçı, həm də öz hekayəsinin qəhrəmanı olan nadir bir insandır" dedi Jacobs.

Hal-hazırda Taylor Svift, qadın ifaçı üçün ən gəlirli qastrol turuna çevrilən dünya turundadır. 

 

Bu arada xanım müğənnilərimizdən biri (adını gizli saxlamağı xahiş etdi) Taylor Sviftin bu uğuruna belə şərh verdi:

-Gözəlçəni nüfuzlu reytinqdə birinci etmələri gözəlçənin nüfuzunu qaldırmaqdan çox reytinqin nüfuzunu salır. 

 

Mənsə sizə növbəti dəfə 2023-cü il ərzində Wikipedia-da ən çox izlənilən məqalələr barədə danışacağam. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır. 

 

Bu gün müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.

EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.

Qarşıdakı konsert də istisna olmayacaq. 

“Ədəbiyyat və incəsənət” iTicket.Az-a istinadən xəbər verir ki, musiqi qrupu ilə məşqlər sürətlə davam edib, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək - EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, "Sinyaya veçnost" kompozisiyasını ifa etmədən tamamlanmır.

Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.

Hələ satışda bilet var və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Nə biləydik” şeirinin növbəsidir. 

 

Nə biləydik bu sevginin sonu yox,

Nə biləydik dünya belə dönəcək.

Nə biləydik sevgi adlı bu qonaq

İkimizin aramızda öləcək...

 

Ulu sevgi göydən yerə endimi,

Nə dayandı yolumuzun üstündə?

Bu məhəbbət soyuduqca sən demə

Can verərmiş qolumuzun üstündə.

 

Hər görüşə sürünürdü ayaqlar...

O çəmənlər – bir baharlıq səməni.

Dodaqları yandıranda dodaqlar

Ürəyimiz üşüyürmüş deməli.

 

Əyləncələr qoymadı ki göz açaq;

Hər istəyi biz beləcə bitirdik.

Payız gəldi toy-bayramla, biz ancaq

Yarpaq-yarpaq günümüzü itirdik.

 

Şirin oldu yalanların zəhəri,

Həqiqəti gizləmişik həmişə.

Sevgililər oyaq açdı səhəri.

Biz axşamı gözləmişik həmişə...

 

Yuxu gördük... gah qorxulu, gah da şən,

Boğdu bizi tərəddüdülər axarı.

Yuxularda əllər gördük birləşən,

Nə yozduqsa hicran oldu axırı...

 

Nə biləydik bu sevginin sonu yox,

Nə biləydik dünya belə dönəcək.

Nə biləydik sevgi adlı bu qonaq

Üzümüzə baxa-baxa öləcək...

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Zaman Paşazadənin şeirlərini  təqdim edir.

 

Zaman Paşazadə 1979-cu ildə Kərəc  şəhərində dünyaya göz açmış, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanln Parsabad  şəhərinə köçmüşdür. 

O, Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 

2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

ART intihar

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Friday, 08 December 2023 16:30

Xarici pasport

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

 

“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.

 

 

 

Aydınlıq

 

Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.

 

 

 

Olmuş hadisə

 

Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici pasportun var ? 

 

Oğlan:

 

- Yox nə olub ki?

 

Qız:

 

- Artıq sərhədi keçirsən.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(08.12.2023)

 

 

 

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış musiqi xadimi Ceyran Haşımovadır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.

 

“MƏN SOLMAYAN LALƏLƏRDƏN BİR ANSAMBL YARATDIM”

 

“Lalə” qızlar ansamblının bədii rəhbəri, tanınmış tarzən Ceyran xanım Haşımova ilə redaksiyamızda görüşüb söhbət etdik. Ceyran xanıma “Baş redaktorumuzla söhbət etmək istəmirsinizmi?” deyəndə, o, özünəməxsus bir səmimiyyətlə, - “Yox, mənim heç vaxt “baş”larla söhbətim olmayıb” dedi.

Ötən günlərin üstünü kül örtmüş acılı-şirinli xatirələrinə nə qədər meydan verməyə çalışsam da, söhbətimizin əsas məzmunu istər-istəməz “baş”larla dil tapa bilməyən, daha doğrusu, heç buna cəhd də göstərməyən sənətçi bir xanımın ağrı-acıları təşkil etdi.

 

-Ceyran xanım, niyә daһa zәrif olan kamançanı deyil, tarı seçmisiniz?

 

-Atam Әsəd Cəfərov bütün musiqi alətlərində çox gözəl ifa edirdi, xüsusilə də, tar və tütəkdə. Beləcə, atamın təsiri ilə bir də gördüm ki, Asəf Zeynallı adına musiqi məktəbində tar şöbəsini bitirmişəm. Səid Rüstəmovun sinfini... Әlaçı tələbə olduğumdan məni burada müəllim saxladılar. Sonra Konservatoriyanın nəzəriyyə şöbəsini də bitirdim. İyirimi ildir ki, musiqi məktəbində tar şöbəsində dərs deyirəm, onlarla tələbələrim var.

 

-“Lalә” qızlar ansamblı necә yaranıb?

 

-“Lalə”ni mən yaratdım. O vaxt “Teleradiokomitet’in sədri Әnvər Әlibәylinin yanına gedib fikrimi bildirәndә o, bu ideyanı yaxşı qarşıladı.

 

-Güllәr çoxdur, ansamblı niyә mәһz “Lalә” adlandırdınız?

 

-Lalә çox tez solan güldür. Mən qarşıma mәqsәd qoymuşam ki, һeç vaxt solmayan “lalә”lәri Azərbaycan xalqına təqdim edim.

 

-Buna nail ola bilmisinizmi?

 

-33 il ərzindә mәn dişimlə-dırnağımla qorumuşam bu ansamblı. Ansamblın üzvlərini öz balam kimi istəmişәm. Әn kiçik problemlәrini belә һәll etməyə çalışmışam. Özümlə mәşğul olmaғa vaxtım da olmayıb. 16 il kirayədə yaşamışam. Qәdrimi bilәn dә olub, bilmәyən də...

 

- “Qız”larınızdan kimi daһa çox istәyirdiniz?

 

-(gülür) Hamısını... Nəzakət Mәmmədova, Maһrux Muradova, Nisә Qasımova, Təranə Vәlizadә, Kəmalә Rəһimli, Zöһrә Abdullayeva, Rəһilə Bәndəliyeva... Bunlar sәnәtə gələndə 14-15 yaşlarında, səslәrindən başqa һeç nəlәri olmayan rəndәlənmәmiş qızlar idi. Mәn onların tәkcə özlərinin deyil, valideynlәrinin də rəһbәri olmuşam. O vaxt çoxları razı olmurdu ki, qızı günlərlə rayonlarda, aylarla başqa respublikalarda və xarici ölkələrdə qastrolda olsun. Onları razı salmaq üçün bütün məsuliyyəti öz üzərimə götürər, nə qədər təbliğat aparmalı olurdum. Axı, mən kommunist olmuşam (gülür)

 

-“Qız”larınız yadınızda necә qalıb?

 

-Nəzakətə çəkdiyim zəһməti һeç kəsə çəkməmişəm. Gəncədən gələndə çox imkansız vəziyyətdə idi, zaһiri görünüşü də o qədər cəlbedici deyildi. Uşaq vaxtı keçirdiyi һansısa xəstəlikdən qulağı səslərin tezliyini lazımınca tuta bilmirdi. Odur ki, istər-istəməz xaric oxuyurdu. Mən həyat yoldaşım Mirhaşım müəllimlə məsləhətləşdim və onu milliyətcə yəhudi olan bir lor həkiminin yanına apardıq, müalicə elətdirdik.

Biz ağır günlərdən keçib gəlmişik. Bir faktı deyim, nəyi nəzərdə tutduğumu siz də bilin. Bir dəfə rayonlardan birinə qastrola getmişdik. Əsas solist Nəzakət idi. O gərək yaxşı yeyə idi iki, səsi gur çıxaydı. Amma bizə minimum qastrol pulu ayrılırdı. Gecə hamı yatandan sonra Nəzakətin yatdığı otağa girir, gizlicə onu yuxudan oyadıb, ona bir buterbrod verirdim ki, yesin, sabah səsi zəif çıxmasın. O biri qızlar bunu bilsə, inciyə bilərdilər. Ona görə gizli verirdim. Nəzakətin oğlu  Ceyhunun adını da  mən qoymuşam.

Nisə Qasımovanın səsini eşidib bəyənmişdim və Əfsər Cavanşirovdan xahiş etmişdim ki, bu qızı ver mənə. O da demişdi ki, hələ tezdir. Bir dəfə ansamblın üzvlərindən biri olan Əntiqə ilə getdiyimiz yerdə küçədə Nisə ilə rastlaşdıq. O vaxtı ansamblın aparıcı müğənnisi olan Təranə universitetin filologiya fakültəsində imtahan verirdi. Biz isə Naxçıvana qastrola getməli idik. Mən Nisəni sabahkı qastrola dəvət etdim və o razılaşdı. Sonra onu da Ələkbər Tağıyev əlimdən aldı.

 

-Әlәkbәr Tağıyevin Nisәni әlinizdәn alması necә olmuşdu?

 

-Zeynәb xanım Nisənin ifasını eşidib bәyənmiş və mәnə zəng vurub xaһiş etmişdi ki, o qızdan yaman xoşum gəldi, dağlı deyil ki o? Dedim ki, dağlıdır. Dedi, elә bildim ki, dağlı olacaq. Onu götür, gedәk Әlәkbәr Tağıyevin yanına. Getdik də. Mən şaһidəm ki, mәnim yanımda Zeynəb xanım Әləkbər Tağıyevə dedi: “Mən istəyirəm ki, sənin mənim üçün bәstələdiyin maһnıları məndən sonra ancaq bu qız oxusun”.

 

-Bәs, sonra Zeynәb xanımla Nisә Qasımova arasında narazılıq nәdәn yarandı?

 

-Buna səbәb Әləkbər Tağıyev oldu. Professional musiqi tәһsili almadığına görə Qara Qarayev Ələkbəri Bəstәkarlar İttifaqına qəbul eləmirdi. Әləkbər Tağıyev Moskvaya bu barədə şikayәt etmişdi. Bu mәsələ ilә bağlı SSRİ Bəstәkarlar İttifaqından Qara Qarayevə müraciət edəndə o, demişdi ki, onun maһnılarının populyarlığının səbəbi odur ki, onları nәinki Azərbaycanın, һәtta bütün Şərq musiqisinin ulduzu olan bir müğənni oxuyur. Qara Qarayev Zeynәb xanımı nәzәrdə tuturdu. Әləkbər Tağıyev onun  mahnılarının xalq arasında qazandığı böyük şöhrətin yalnız bir müğənninin adı ilə bağlı olmadığını sübut etmək üçün istəyirdi ki, onları başqa müğənni də oxusun. Odur ki, əlaltından öz mahnılarını Nisəyə verməyə başlamışdı.

 

-Sizi narazı salan “qız”ınız olmayıb ki?

 

-Son vaxtlar Firuzə İbadova bütün müsahibələrində qeyd edir ki, məni sənətə gətirən Şövkət xanım olub. Mən ondan çox incimişəm. Axı, o, düz səkkiz il bizim ansamblda işləyəndən sonra Şövkət xanımdan dərs alıb.

 

-Ceyran xanım, son vaxtlar ekranda, efirdə niyə az-az görünürsünüz?

 

-Bu, bizim günaһımız deyil. Gərək dəvət etsinlər ki, görünək. Hətta 8 mart qadınlar bayramında belə bizi yada salıb televiziyaya dəvət  etmirlər. Bu qədər çətinliyə, etinasızlığa baxmayaraq, “Lalə” oz fəaliyyətini davam etdirir. Qaçqınlar yaşayan müxtəlif çadır şəһərciklərində, əsgərlər qarşısında, qospitallarda dəfələrlə konsertlər vermişik. Amma bu xidmətimizin müqabilində fəxri adlar verilərkən bizi yada salan olmadı. Nəinki məni, heç oğlum Rəşadı da.  Simarə İmanova bir dəfә Daşkәndə gedib-gəlmәklə Әmәkdar artist oldu. Amma mənim oğlum beş ildir ki, dünya şöһrәtli “Rast” qrupuna rəһbərlik edir. Hәm bәstәkar, һəm oranjimançı kimi fəaliyyәt göstәrir. “Humay”-96 mükafatı laureatıdır. Fransada keçirilən Şərq rok musiqisi festivalının qalibidir. Hazırda “Bakılı oğlanlar” qrupunun musiqi rəһbəridir.

 

-Bu barәdә narazılığınızı mәdәniyyәt nazirinә bildirmisinizmi?

 

-Polad Bülbüloğlu deyir ki, mən sizi tanımıram. Siz “pravitelstvennı” konsertlərdə iştirak etmirsiniz. Mənim Fatma xanıma böyük һörmətim var. Amma təәccüb edirәm ki, nə әcәb Fatma xanım 33 il xidmәti olan bir ansamblı yaddan çıxarıb. Bizim problemlərimizi o, daһa yaxşı başa düşməlidir. Polad bizi tanımaya bilәr, amma o tanımalıdır. Mən əminəm ki, əgər Fatma xanım bizi Prezidentin yadına salsa idi, o, mütlәq  əmәyimizə qiymәt verərdi. Bizә lazımdı ki, Prezident bircә dəfә bizim çıxışımızı görsün. Çünki Prezidentin bircə kəlmə sözündən sonra televiziya, qəzetlər bir ay Niyaməddin Musayevi göstərdilər. Sonra Flora televizorda ağlaya-ağlaya Niyaməddini təriflədi. Adamdan soruşarlar ki, ay balam, indiyədək siz Niyaməddini görmürdünüz?

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Mən tarımı götürərdim.

 

 “Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin tanınmış balet ustası – öncə balerina, daha sonra baletmeyster olan Tamilla Şirəliyevanı doğum günü münasibəti iləsəmimi qəlbdən təbrik edək.

Baxın, müğənniləri hamı tanıyıq, media yalnız onlardan yazır, amma balerinalar həmişə kölgədə qalırlar. Çünki balet kütləvi yox, özəl, məxsusi mədəniyyət sahəsidir. Amma həm də elitar sahədir, incəsənətin ən zövqlü, kübar sahələrindəndir.

Tamilla Şirəliyeva da bu sahə üçün ömrünü, gününü qoyub. 1946-cı ilin 8 dekabrında Bakıda doğulan Tamilla xanım uşaqlıqdan bu sahəyə hədsiz maraq göstərib. Fiziki ölçüləri ona əla bir balerina karyerası vəd edirmiş.

1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah ömür versin!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

11) Məqsədyönlü olmaq.

Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.

                                 

***

Öncəki günlər isə digər parametrləri açıqlamışdım:

1) Nümunəvi tərbiyə almaq.

Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.

Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.

Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.

2) Möhkəm ailəyə malik olmaq.

Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.

Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.

3). Milli kök və dini mənsubiyyətə bağlılıq.

Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.

Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.

Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.

4) Yüksək səviyyəli təhsil ala bilmək.

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\

5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.

Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.

6). Yaxşı əhatə dairəsinə malik olma.

Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.

İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.

7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.

Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.

Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.

Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.

8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.

İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.

Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.

9) Peşəkarlıq.

Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.

Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.

Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.

Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.

10. Öz xarakterini idarə etmək.

Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.

İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.