Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gündən etibarən sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim edirik.

 

 

Şəhid Nadirli Kənan İlqar oglu

 

İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər bir hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs vəzifədir. Bu vəzifəyə sadiq olaraq doğma yurdunu azad görmək üçün qəhrəmanlıq göstərən igidlərimizdən biri də Cəlilabad rayonundan olan şəhidimiz Nadirli Kənandır.

Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub.

Kənan könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Yenə bir şəhidin ruhu önündə

Günəş gülümsəyir, Ay parıldayır.

Mənimsə qələmim səcdəyə gedir,

Buludlar diksinir, göy guruldayır.

 

Yazmaq istəyirəm şeirlərimlə

Hər şəhid adını bağrına, vətən.

Səndən gözəl yaza bilmərəm, amma

Şərikəm hər şəhid ağrına, vətən.

 

Bir şəhid balan da Nadirli Kənan,

Bir məzar çoxalıb ürəyin üstə.

Şəhidlər körpətək müqəddəs qalır,

Kəfənlər bürünür bələyin üstə.

 

Nökər məzarı da, xan məzarı da,

Eynidir, qazılır bədən boyunca.

Bircə şəhidlərin məzar daşları

Sanki işıq saçır vətən boyunca.

 

Görürəm dünyanın hər şəhərindən

Şuşada ucalan bayrağı, vətən!

Şəhidlər nur saçan məzarlarıyla

Vətənə çevirir torpağı, vətən!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Friday, 08 December 2023 14:30

QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

7-ci hissə

 

Toy

 

Heç ağlına gəlməzdi ki, valideynləri hər şeyi belə sürətlə həll etmiş olacaqlar. Bir gün anası gəldi, sözlü adama oxşadığı dərhal sezilirdi. Xoş-beşdən sonra əslində Ülkəri ilgiləndirməyən son xəbərlərdən danışdı:

-- Bizim qlavvraçı dəyişiblər...

-- Yeni icra başçısı gəlib rayona…

-- Əkin sahələrini suvarmaq üçün iki yeni artezian quyusu qazılıb…

-- Qonşu Ayla traktorçu Erkinə nişanlanıb…

-- Rayonun o biri başında yeni univermaq açılıb…

Ümumi xəbərlərdən sonra ailə xəbərlərinə keçdi Zöhrə.

-- Dursun kişinin oğulları Qələndərova hücum çəkiblər, onu vurublar, o da poqonluya əl qaldıran qardaşları dama basdırıb.

Zöhrə qüssəylə onu da vurğuladı ki, Qələndərov çox haqsızlıqlar eləyir, insanlarda nifrət yaradıb. Deməzsənmiş, Zöhrə küçədə-bayırda insanların baxışlarında hətta özünə qarşı da bu nifrəti duyurmuş. Zöhrə qan-qarğışa ürcah ola-ola yaşamalarından qorxduğunu da dilə gətirdi.

Amma Ülkər aşkar duyurdu ki, anasını rayondan bura qaranəfəs gətirən heç də “Aylayla traktorist Erkinin nişanlanması, təzə univermağın açılması” deyil, heç Qələndərovun döyülməsi də deyildi. Çox güman, anası Ülkərlə bağlı nəsə bir xəbər verməyə gəlmişdi.

Zənni Ülkəri aldatmadı, həqiqətən də belə idi, anası dedi ki, qızım, atan sənin nişan və toyunu tələsik eləmək qərarına gəlib.

Ülkər ürək sancısı ilə “Bu tələskənliyə axı səbəb nədir?” deyə soruşanda anasının cavabı belə oldu:

-- Qızım, Qələndərovun pensiya yaşı yaxınlaşır, deyir, nə qədər ki qılıncımın dalı da, qabağı da kəsir, qızın toyunu eləyim ki, hörmətli qonaqlarım gəlsin, yaxşı da nəmər yazdırsınlar.Deyir, pensiyaya çıxandan sonra adamların sayıb toya gəlməməsi bir yana, bir də gördün, Biznesmen Əflatun da bir bəhanə tapıb qohumluqdan qaçdı.

Ülkər ağladı, sısqadı, hətta özünə qıyacağı ilə hədələdi anasını. Anası yenə də taftalogiyaya əl atıb dilində əzbər olan kəlmələri təkrarladı:

-- Qızım, biz də səninçün eləyirik, sənin xoşbəxtliyinçün eləyirik. Sofya müəllimənin oğlu səni xoşbəxt edə bilməz.Sevgi də keçib gedəcək, Sofya müəllimənin oğlunu da unudacaqsan. Ərinə isinişəcəksən. Ərlə arvad arasında sevgi lazım deyil. Bircə qarşılıqlı hörmət oldu, kifayət edər.

Ülkərsə dil boğaza qoymadı:

-- Sən sevgisiz, valideyn təhriki ilə ailə qurub guya xoşbəxtsən indi, ay ana? Bəlkəm vaxtında sənin də sevdiyin olub, ona getsəydin, sən də bir gün görərdin, bu zilləti yaşamazdın. Sənin Qələndərov qarşısında əsla hörmətin yoxdur, tam hüquqsuzsan. O “a” deyəndə sənin cəsarətin belə çatmaz ki, “b” deyəsən.

Anası bu anda çox məyus, yazıq bir görkəm aldı. Əlbəttə ki, qızı düz deyirdi. Amma nə fayda.

Cəmi bir həftə sonra nişan oldu, Ülkər barı birinci kursu qurtarıncaya qədər möhlət alacağını düşünürdü, amma Yeni ildən dərhal sonra – yanvarın 12-də də toyları baş tutdu.

Yeniyetməliyində və ilk gəncliyində hər bir qızın ən böyük arzusudur toyu. Ülkərin də arzusu idi. Amma beləmi?

Ülkəri bəzəyib-düzəmişdilər, ağ gəlinlikdə hədsiz gözəl görünürdü, sanki ağappaq bir kəpənək idi. Di gəl, hər şeyə o qədər etinasız idi ki, heç toyun hansı şadlıq evində keçirilməsini, hansı qonaqların gəlməsini belə duymamışdı.

Leyli “Ay ana, bu “Hollivud” nə gözəl şadlıq sarayıdır, lap elə bil muzeydir” deyə heyranlığını bildirməsəydi, Ülkər toyunun harada keçiriləcəyini belə bilməyəcəkdi.

“DədəQorqud” filmindəki epizodu xatırladı, öz-özünə təkrarladı: “Elə bil ərə getmirəm, gora gedirəm”.

Eləcə ürəyində Rüfəti ilə danışır, ona “Niyə axı itib-batdın, ay vəfasız, gələrdin, məni qaçırdardın, hər şeyi gözümə alıb səninlə bir ömür yaşayardım” deyib için-için ağlayırdı. Rüfətin bağışladığı ürək fiqurlu açarqabını daözüylə götürmüşdü, barmaqlarını ona toxundurmaqla təsəlli tapırdı. Madar ona nələrsə deyir, badə toqquşdurmağa, onu yedirtməyə çalışırdı, kimlərsə gəlib şəkil çəkdirirdi, hətta bacısı belə qucaqlayaraq ona təsəlli vermək istəsə də, bunu bacarmamışdı.

İndi də Xəyal gəldi, qabağında oynaya-oynaya onu rəqsə dəvət elədi. Xəyal yerində ləngər vururdu. Bu anda Ülkərin necə ki atasına olan nifrəti içini çuğlamışdı, qardaşına da bir o qədər nifrət duydu, ona dedi ki, oynamayacam, tuflim ayaqlarımı sıxır.

Toy bütün təmtərağı ilə davam edirdi.

Bir ara özünə gəldi, gördü, oxuyan üç gənc müğənni xanımdır, onları dərhal tanıdı, “W-trio” adlı bu qrup yenicə səhnələrdə görünsə də, çox sevilirdi,Natəvan, Röya və Elnarə. Ani olaraq onlara diqqət kəsdi. Sevgidən, vəfadan oxuyurdular, amma musiqi də, sözlər də qarışıq gəlirdi ona, dərinlərə gedə bilmir, qavramaqda çətinlik çəkirdi.

Həmin dönəmdə Rüfətin bağışladığı kitab gəlib durdu gözünün qabağında, Bəxtiyar Vahabzadənin həmin o kitabı, səhifələr bir-bir açıldı, ürək dağlayan bir şeir gəlib bərqərar oldu:

 

Yaman darıxmısam sənincün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan-asan,
Sevgini gizlətmək mahalmıs,demə!

 

Yaman darıxmısam…Bu nədir, yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli, sən gələn yola...

 

Bir də “Vağzalı”nın çalındığını duydu, qısa zamanda doğulduğu evdən Gənclikdəki mənzilə yığışmışdı, indi də Madargilin Neftçilər prospektindəki mənzillərinə köçürdü. Ailə həyatı nə verəcəkdi ona? Sevmədiyi biri ilə bir ömür necə yaşayacaqdı? Ata və qardaş istibdadının ardınca ər istibdadı gəlirdi, gələcək həyat yoldaşından – bu, öz toyunda içib ayaq üstündə zorla dayanan şəxsdən xoşbəxtlik gözləməyə dəyərdimi?

Ülkər bütün çılpaqlığı ilə başa düşmüşdü ki, imkanlı valideynlər tək oğullarını düzgün tərbiyə etmirlər, onları əzizləyib korlayırlar, bütün arzularına anidən yetişən, bütün şıltaqlıqlarına, dəcəlliklərinə göz yumulan bu övladlar sonda müstəqil yaşaya bilmir, zamanın ani gerçəkliyi ilə üz-üzə gələndə büdrəyir, sınırlar.

Madar yerində ləngər vururdu, Ülkərsə ağlayır, göz yaşları ilə gəlinlik libasının sinəsini isladırdı.

Bəlkə çox bədgümanlıq edirdi?

Bəlkə hər halda hər şey yaxşı olacaqdı?

Axı ümidlər ölmür.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət tariximizdə elə adlar var ki, onları unutmamağa, daim xatırlamağa borcluyuq.

Bu gün Azərbaycanın görkəmli aktrisası Mərziyyə Davudovanın doğum günüdür.

1901-ci ildə azərbaycanlıların sıx yaşadığı Həştərxanda anadan olan, rus-tatar məktəbində təhsil alan Mərziyyə Davudova teatr fəaliyyətinə də təhsil illərində başlayıb, həvəskarların hazırladıqları tamaşalarda oynayıb. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən aktrisanın rolunu bəyənərək onu Bakıya dəvət edib.

Azərbaycan teatrının ilk peşəkar aktrisalarından sayılan Mərziyə Davudova 1920-ci ildə Bakıya gəlib və o gündən ta ki ömrünün sonunadək Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. O, 1956-1961-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin (indi Teatr Xadimləri İttifaqının) sədri olub. Xüsusən Cəfər Cabbarlının səhnə əsərlərində yaratdığı obrazlarla (“Aydın” (Gültəkin), “Oqtay Eloğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Sevil), “Almaz” (Almaz), “Solğun çiçəklər” (Gülnisə), “1905-ci ildə” (Sona)) adını teatr tarixinə yazıb. 1928-ci ildən filmlərə də çəkilib, kino aktrisası kimi də məşhurlaşıb. Unutmayaq ki, o illərdə qadının səhnəyə çıxması, filmə çəkilməsi böyük risk idi, adamı küçədə daş-qalaq edə bilərdilər.

Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış edən Mərziyyə xanımı xüsusən 1955-ci ildə lentə alınmış “Bəxtiyar” filmindən yaxşı tanıyırıq. O, 1933-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti”, 1936-cı ildə “Xalq artisti”, 1949-cu ildə “SSRİ Xalq artisti” fəxri adlarına, 1948-ci ildə “Stalin” mükafatına, 1959-cu ildə “Şərəf nişanı” ordeninə layiq görülüb.

 Mərziyyə Davudova 1962-ci il yanvar ayının 6-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

8 dekabra təsadüf edən tarixi hadisələri və əlamətdar günləri diqqətinizə çatdırırıq:

Ümumdünya iqlim günü

Təqvimdə mayın 15-də də belə bir gün qeyd olunur, daha təntənə ilə qeyd olunan həmin gündə iqlimin qorunması, onun yad təsirlərdən xilası işləri təşviq edilir, ilin sonuna yaxın - bu gün isə yenidən bu qlobal məsələ xatırlanmaqla ona ikiqat diqqət ayrılmasına nail olunur. İqlim günü bir ekoloji tədbirdir, metereoloqların hazırkı və sonrakı nəsillərin xilası naminə iqlim dəyişikliklərinə yol verməməyə çağırışı hesabına ərsəyə gəlib. Uzun danışmayacağam, tək elə sos siqnalı ilə gündəmdə dayanan qlobal istiləşmənin, Arktika buzlaqlarının əriməyə başlamasının (buzlaqlar son 40 ildə 33 faiz nazilib), yağıntı normasının sürətli sıçrayışının, dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyətin mövcudiyyatına təhlükəsi aşkar deyilmi? Climate crisis (iqlim tənəzzülü) Demokl qılıncı kimi başımızın üstündədir. İqlim dəyişkənliyinin başlıca səbəbi əlbəttə ki insandır, onun təsərrüfat fəaliyyətidir. Və biləsiniz, nəhəng zavodların atmosferə buraxdıqları zəhərli qazlar deyil əsas baiskar, burada ön sırada parnik (istixana) qazları dayanır, deməzsənmiş, biz xiyar-pomidor tamahı ilə gələcəyimizi məhv edirik.

 

 “Məlumun olsun ki...” günü

Bu gün hər kəs kiməsə bu frazayla başlayan qiymətli bir xəbər, informasiya çatdırmağa borcludur. “Məlumun olsun ki, koronavirusla mübarizədə yeni effektiv üsul tapılıb” kimi qlobal, eləcə də “Məlumun olsun ki, dostun filankəs dünən filan işi törətdi” kimi lokal məlumatlanmadan asılı olmayaraq məlumatvermə zəruridir. Gəlin biz də bu ənənəyə qoşulaq. Kimisə nədəsə xəbərdar etmək çox vacibdir, inanın. Bəzən səndə gizlənən bir informasiya kiminsə xilasına da çevrilə bilir.

 

Xor günü

Çox sayda solistin birlikdə mahnı ifa etməsidir xor. Tarixi çox qədimdir, antik Yunanıstanda, Bizansda xor ənənələri zəngin olub. Bir çox xalqlarda masa arxasında xorla oxuma mədəniyyəti də var. Bir dəfə Gürcüstanda qonaq olarkən masa arxasındakı gürcülər (azı otuz nəfər olardılar) bir nəfər kimi “Suliko” mahnısını oxudular. Onda bir gürcüstanlı soydaşımız söylədi ki,” Bu hal ruslarda, almanlarda, şotlandlarda və qeyrilərində də var. Düşmən millət də masa arxasında xorla oxuyur. Təkcə biz xorla oxumuruq, çünki xor – birlik, ümumi mənafe deməkdir, bizdəsə birlik yoxdur, bizdə hər kəs ayrıca oxumaq, öz sözünü eşitdirmək istəyir.”

 

 Lennon, Bakıxanov, Horatsiy

Bu gün finlər fin musiqisi gününü qeyd edəcəklər. Qırğızlar radio və televiziya işçiləri gününü. Yaponlar Budda bayramı olan Bodxi gününü. Özbək dostlarımız Konstitusiya, fransızlar maariflənmə və savadlanma, bolqar və makedonlar tələbə gününü qeyd edəcəklər. O ki qaldı amerikalılara, “haydı mətbəxə” şüarı ilə onlar milli bulka gününü qutlayacaqlar. Bu azmış kimi, onlar bu gün milli barmen gününü də bayram eləyəcəklər.

2013-cü ilin bu günündə Kiyevdə, Yevromaydanda xalq kütləsinin gücü ilə bolşevik diktatoru Leninin abidəsi uçurdulub. 1980-ci ildə Londonda 25 yaşlı Mark Çepmen həyat yoldaşı Yoko Ono ilə evinə qayıdan Con Lennonu bir neçə güllə ilə qətlə yetirərək bəşər tarixində ən səbəbsiz bir cinayətə imza atıb. 1941-ci ildə Polşada faşistlər ilk dəfə yəhudiləri öldürmək üçün qazdan istifadə ediblər. 1934-cü ildə sovet kişilərinin ucdantutma simpatiya bəslədikləri aktrisa, “İşdə məhəbbət macərası”, “12 stul” filmlərində şəkilmiş Alisa Freyndlix doğulub. 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində Tofiq adlı bir oğlan uşağı dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsi idi. Bu oğlan böyüyüb, adını Azərbaycan musiqisinin qızıl salnaməsinə yazdırıb. Gəlin Azərbaycanımızın görkəmli bəstəkarını, professorunu bu gün yada salaq, ruhu şad olsun deyək; 1865-ci ildə böyük fin bəstəkarı Yan Sibelius, 1861-ci ildə dünya kinematoqrafiyasının banilərindən biri, fransız Corc Melyes, eradan əvvəl 65-ci ildə isə Roma ədəbiyyatının qızıl dövrünün nümayəndəsi Horatsiy dünyaya gəliblər.

 

Böyük faciələr günü

8 dekabr həm də bəşər tarixində böyük faciələr günü kimi tanınır, nədənsə məhz həmin gün onlarca irili-xırdalı qəzalar, yanğınlar, təbii fəlakətlər baş verib. Bir neçəsini xatırlayaq: 1966-cı ildə Egey dənizində yunanlara aid “Heraklikon” gəmisi qəzaya uğrayıb, 264 insan həlak olub. 1963-cü ildə Ginnesin rekordlar kitabına düşən ən ölümcül ildırımvurma hadisəsi baş verib, Elkton səmasında ildırıma tuş gələn Boinq 707 təyyarəsindəki 81 nəfər həlak olub. 1881-ci ilin 8 dekabrında dünya tarixinin daha bir qara səhifəsi yazılıb. Vyana şəhərindəki Rinqteatrda – komik opera teatrında dəhşətli yanğın baş verib, 850 insan yanıb kül olub. Bununla da 8 dekabrın faciələri tükənmir. 1863-cü ildə Çilinin La-Kampana kilsəsində yanğın baş verib, 2000 insan həyatını itirib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yola saldığımız 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam oldu. Bu münasibətlə ən müxtəlif səpkili tədbirlər keçirildi, Milli Kitabxananın da təşkilatın yibileyinə maraqlı töhfələri oldu. 

 

Belə ki, kitabxananın əməkdaşları tərəfindən “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası hazırlandı. Elektron məlumat bazası “Haqqında”, “Görkəmli şəxslər TÜRKSOY haqqında”, “Üzvlər”, “Nəşrlərindən”, “Məqalələr”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarət idi. 

Həmçinin Azərbaycan Milli Kitabxanasında “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunur) adlı ənənəvi kitab sərgisi açıldı. 

Sərgidə Milli Kitabxananın fondundan TÜRKSOY-a üzv olan 6 ölkənin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın kitabları, TÜRKSOY-un nəşrləri nümayiş olundu. Bir həftə davam edən sərgi də, qeyd edilən məlumat bazası da izləyicilər tərəfindən maraqla qarşılandı. 

 

Bəli, bu gün Türk birliyi sarsılmazdır və yenilməzdir. Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə parlaq səhifələr yazmışdır. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY təqdirəlayiq xidmətlər görmüşdür.

Gəlin bu tarixi bir daha xatırlayaq. 

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalandı. 

Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan TÜRKSOY-a dəstəyini hər zaman ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır.  

Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin göstəriciləridir.

Türk dünyası 2023-cü ili möhtəşəm mədəniyyət tədbirləri ilə yadda saxlayır. Üzümüzə gələn 2024-cü ildən isə daha böyük gözləntilərimiz var.

Gələcək Türk Birliyinindir!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinə istinadən xəbər verir. 

 

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış filoloq-alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.

Xalq yazıçısı Yusif Səmədoğlu “Əməkdar incəsənət xadimi”, “Şöhrət” ordeni kimi fəxri adlara layiq görülüb.

Geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Dekabrın 7-də Antalyada 13-cü Beynəlxalq Kurort Turizm Konqresi öz işinə başlayıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

 

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy ölkədə turizm sahəsində görülən işlərdən danışıb. Nazir cari ilin yanvar-oktyabr aylarında Türkiyəni ziyarət edənlərin sayının 50,2 milyon nəfərdən artıq olduğunu bildirib. O deyib: “Türkiyəyə tətil üçün gələnlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eyni dövrünə nisbətən 11,58 faiz artıqdır. Turizm gəlirləri baxımından isə, cari ilin yanvar-sentyabr aylarında 42 milyard dollar gəlir əldə edilib. Keçən ilin eyni müddətində əldə edilmiş 35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik artım müşahidə olunur”.

 

Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqət çəkən nazir M.Ersoy, 2028-ci ildə hədəflərinin çox yüksək olduğunu deyib.

 

Nazir Türkiyənin geosiyasi mövqeyinə görə keçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərlə üzləşdiyini bildirib. Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, turistləri Türkiyəyə cəlb etmək və turizm gəliri hədəflərini yüksəltmək məqsədilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyinin (TGA) yarandığını xatırladan M.Ersoy qurumun bir çox uğurlu layihəyə imza atdığıni bildirib.

 

Onun sözlərinə görə, ilin əvvəlindən etibarən 85 müxtəlif ölkədən mətbuat nümayəndəsi, influencer və turoperatoru - ümumilikdə 6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 müxtəlif tədbirlərdə iştirak edib. Bu müddət ərzində yalnız Antalyada 75 fərqli ölkədən təxminən 1680 nəfər qonaq olub.

 

2021-ci ildə İstanbulun Beyoğlunda başladılan Mədəniyyət Yolu Festivalı layihəsinə çoxlu sayda insanın qoşulduğunu bildirən nazir M.Ersoy, bildirib ki, bu il “Cümhuriyyətin 100-cü ilində 100 gündə 11 festival” şüarı ilə yeni layihəyə start verilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamları Hüseyn Əliyevin, Kamil Əliyevin, Arif Qazıyevin, İsmət Axundovun, Əməkdar rəssamlar Rza Avşarovun, İsa Məmmədovun, Nağdəli Xəlilovun, Sabir Hüseynovun, Saleh Məmmədovun, Akif Quliyevin, Xuday İbrahimovun, Pərvin Quliyevanın, Sevil Əhmədovanın, Əli İsmayılın, ümumilikdə 25 müəllifin 40-dək rəngkarlıq və rəsm əsəri nümayiş olunur.

Qonaqları salamlayan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycandan son 200 ildə deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması böyük önəm daşıyır.

"Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı özlüyündə tarixi və siyasi hadisədir. Eyni zamanda, yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradıcılıq mövzusudur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəngin irsimizin qorunmasına, inkişafına, təbliğinə böyük diqqət və qayğı göstərir. Qərbi Azərbaycan əsilli incəsənət xadimlərinin, eləcə də rəssamların müxtəlif dövlət təltiflərinə layiq görülmələri bu qayğının bariz nümunəsidir”, - deyə İcmanın sədri bildirib.

O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapıb. Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir.

Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərginin açılışında dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycandan olan ziyalılar, elm və incəsənət xadimləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkəmizin Kişineudakı səfirliyinin önündəki bağçada dünyaşöhrətli müğənni Müslüm Maqomayev barelyefinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliyi ilə Moldovada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri, Moldovada Azərbaycan diasporunun təmsilçiləri, ictimai-siyasi xadimlər, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Barelyef Azərbaycan ilə Moldova arasında iqtisadi inkişaf üzrə hökumətlərarası komissiyanın həmsədrləri - Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınunun və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, eləcə də Moldovanın mədəniyyət naziri Sergiu Prodanın iştirakı ilə açılıb.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Səfir Qüdsi Osmanov çıxışında bildirib ki, görkəmli müğənni Müslüm Maqomayevin barelyefi Azərbaycan xalqının tarixində parlaq iz qoymuş digər tanınmış şəxsiyyətlərin barelyefləri ilə yanaşı, səfirliyin önündəki bağçada öz layiqli yerini tutub. “Bu barelyef Moldovada Müslüm Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq”, - deyə diplomat qeyd edib. O, həmçinin 2023-cü il noyabrın 8-də açılışı olan və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini simvolizə edən bağçanı Kişineunun ən çox ziyarət edilən yerlərindən birinə çevrildiyini vurğulayıb.

Moldovanın mədəniyyət naziri Serjiu Prodan Kişineuda tanınmış müğənni və bəstəkar Müslüm Maqomayevin barelyefinin açılışını mühüm mədəniyyət hadisəsi adlandırıb. O, ölkələrimizin dostluğunun rəmzi olan səfirliyin önündəki bağçanı paytaxtın ən gözəl guşələrindən biri kimi qiymətləndirib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirə toplaşanları barelyefin açılışı münasibətilə təbrik edib. Bildirilib ki, Müslüm Maqomayevin mahnıları hələ də çoxlarının qəlbinə toxunur. O, həmçinin vurğulayıb ki, səfirliyin önündəki bağça hər kəsin Azərbaycanın tarixinə və mədəniyyətinə toxuna biləcəyi təkrarolunmaz məkandır.

Bundan əlavə, Kişineunun Orqan zalında Azərbaycan muğam triosu ansamblının konserti baş tutub.

Tədbirin rəsmi hissəsində Moldovanın mədəniyyət naziri Serjiu Prodan və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış ediblər.

Sonra gecənin qonaqları üçün ölkəmizin muğam ifaçılarının təqdimatında Azərbaycan xalq kompozisiyaları səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Poetik lövhələri gözəl yaradan şair xatirələrə qonaq gedir, qüssələnir, kədərlənir, amma həm də ümidlənir, öz lirik mənini bədbinlikdən çıxarmağı bacarır. 

 

 

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

 

Hamı şəkillərdə köhnə vaxtdadı, 

Hamı gözlərində gülüş dayanıb.

Hamı  məhəbbətlə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

Nimdaş paltarında,  təzə  donunda

Necə bəxtəvərdi şəkil uşaqlar.

Elə bil tərtəmiz göz ekranıyla

Sevincin rəsmini çəkir uşaqlar.

 

Heç kimin dünyadan xəbəri yoxdu,

Xoşbəxtdi çərçivə içində hamı.

Keçmiş zamandadı burda hər nə var,

Burda salamlayır illər adamı.

 

Hələ sabahından xəbərsiz baxır

Şəkildən üzümə gülən uşaqlar.

Hamısı  bir boyda ,bir biçimdədi--

Qaraşın uşaqlar, kürən uşaqlar.

 

Hələ  günahsızdı, hələ  qınaqsız, 

Hələ  ürəyimiz girov düşməyib.

Hələ bant bağlayıb saçına qızlar,

Hələ ki, oğlanlar kişiləşməyib.

 

Hələ yol gedirik sabaha sarı,

Hələ ki, aldadır nağıllar bizi.

Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,

Hələ ki, axtarır  paxıllar bizi.

 

Başımız qarışıb   qovub tutmağa,

Yoruruq yolları, qayalıqları.

Hələ keçməmişik  həsrət  içindən,

Hələ dadmamışıq ayrılıqları.

 

Hamı şəkillərdə köhnə vaxtdadı,

Hamı gözlərində gülüş dayanıb.

Hamı sevgi ilə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

 

BU KƏND QOCALIB

 

Biz kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz mələk çağıydı.

 

Qayıdıb gələndə gördüm yaz hanı?

Bu kəndin çəməni, otu qocalıb.

Qocalıb böyürtkən kollarınacan,

Pişiyi qocalıb, iti qocalıb.

 

Mənim gəlişimə sevinmədi heç,

Yollar tanımadı məni deyəsən.

Yadından çıxmışam torpağın, daşın,

Dumanın, çiskinin, çənin deyəsən.

 

Suvağı tökülən köhnə evlərin 

Qapısı qocalıb, damı qocalıb.

Məni tanımadı təzə qonşular,

Məni tanıyanlar hamı qocalıb.

 

Üşüdüm buz kimi baxışın altda,

Yer tapa bilmədim özümə burda.

Düşdü baxışlarım fikir toruna,

Durdu xatirələr üzümə burda.

 

Bu kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz, mələk çağıydı.

 

 

BİZİMDİ

 

Bu günü təqvimdən oğurlamışıq,

Bu günəş bizimdi, bu səhər bizim.

Bu yol, bu ağaclar, bu daş, bu divar,

Bu küçə bizimdi, bu şəhər bizim.

 

Səni ovuduram baxışlarımla,

Həsrətin ağrısı canından çıxır.

Bu gün Yer də bizim, Göy də bizimdi,

Bu gün başımıza səadət yağır.

 

Bizi unutmayıb sahil deyəsən,

Bizi xatırlayır görüş yerimiz.

Bu gün od vurmuşuq xatirələrə,

Bu gün yandırmışıq ayrılığı biz.

 

Dalğalar sahilə çırpır özünü,

Bizi salamlayır dəniz beləcə.

...Hələ ki, sabaha bir ömür qalıb,

Gəl tut əllərimdən bu gündən keçək.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.