![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
“Tikansız güllər axtaran güllərin qızılını heç vaxt tapmaz” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Vaxtında, yerində, qədərində olan hər şey qiymətlidir.
2.Valideyn üçün ən böyük təhlükə və ən böyük ümid mənbəyi övladlarıdır.
3.Fikirlər havayı paylandığından qiymətləndirilə bilmir.
4.Şər gecə, xeyir gündüzdürsə, insan alatoranlıqda yaşamağa məhkum məxluqdur.
5.Hələ heç kəs başqalarının vaxtını almaqla öz vaxtını uzada bilməyib.
6.Mərhəmət göstərilib bağışlanan insan, ona mərhəmət göstərən insanı heç vaxt bağışlamır.
7.İnsanın ən gözəl libası onun xoş xasiyyətidir.
8.Tikansız güllər axtaran güllərin qızılını heç vaxt tapmaz.
9.Ehtiyaclarının qədərini azaldan insan xoşbəxt olmaq şansını çoxaldır.
10.Ətrafın axmaqlardırsa, özünü ağıllı saymağın axmaqlıqdır.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
İnsan bəzən gün gələr, utanar sevdiyi şeylərdən...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Əvvəllər dekabr küləyini, ümumiyyətlə qış aylarında əsən güclü ilıq küləkləri çox sevərdim. Adətən gecələr şiddətlənən və yetkin insanların narahatlığına, uşaqların isə qorxusuna səbəb olan bu güclü küləklər niyəsə mənim ruhuma həmişə rahatlıq bəxş edərdi.
Hər dəfə külək əsəndə mən o daha da güclü əssin istəyərdim...
Doğrusunu desəm, əslində bu küləkləri indi də sevirəm. Lakin arada bir fərq var ki, indi küləyi sevdiyim üçün utanıram.
Bəli həyat belədir, insan bəzən gün gələr, utanar sevdiyi şeylərdən...
Küləyi sevməkdən utanar məsələn, ağacların budaqlarında özlərinə yuva qurmuş kiçik quşların, balaca uçuq-sökük daxmalarda yaşayan insanların var olduğunu xatırlayanda...
Qarı sevməkdən utanar məsələn, sobası yanmayan evlərin, üşüyən, xəstələnən uşaqların var olduğunu xatırlayanda.
Həyat sevdiyi şeyləri ən böyüyündən ən kiçiyinə qədər yavaş-yavaş, bircə-bircə insanıın əlindən alar...
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Əllərin nə yaman soyuqdur…”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Əllərin nə yaman soyuqdur, gülüm” şeirinin növbəsidir. Bu şeir bu soyuq dekabr günündə tam yerinə düşmürmü, düşür.
Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq,
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi.
Yanağın elə bil alov dilmi,
İllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!
Ay üzübaharlı,
əli qış sonam,
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
KƏNAN İSRAFİLOV Elşad Baratın “Şəhidlər” silsiləsində
“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Kənan Faiq oğlu İsrafilov
Kənan İsrafilov 8 noyabr 1990-cı ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
2013-2018-ci illərdə Murovdağda komandir olub. 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirib. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsil alan Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə başlayan Qarabağ müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri kimi döyüşlərdə iştirak edib. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Salam, qəhrəman adam,
Salam, Murov qartalı.
Düşmənləri qorxuya
Salan Murov qartalı.
Denən, nə yazım sənə?
Zəfər tariximizdə
Səndən böyük iz qalıb,
İgidliyin önündə
Qələm də aciz qalıb.
Sən nənənin, babanın
Yanında böyümüşdün.
Bu vətənin, torpağın
Canında böyümüşdün.
İndi də böyüyürsən,
Vətən boyda bədənsən.
Bakıdan Zəngəzura,
Təbrizəcən vətənsən.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Uğur üçün 15 keyfiyyət - Nikbin olmaq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
11) Məqsədyönlü olmaq.
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
İlk qadın Xalq şairi Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə rəğbəti böyük olub - TƏQDİMAT MƏRASİMİNDƏN
Könül, “Ədəbiyyat və incəsənət”
Rəngarəng tədbirlər keçirməklə həmişə diqqət çəkən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi bu fəfə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
birgə təşkilatçılıqla “Vətən oğulsuz olmasın” kitabının təqdimatını keçirdi. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başlandı.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirildiyini qeyd etdi. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirdi.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verdi. Ulu Öndərin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi. Uzun illər Qarabağ həsrəti ilə yaşayan Mirvarid Dilbazinin qazanılan tarixi qələbə sayəsində bu gün ruhunun şad olduğunu diqqətə çəkdi.
Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi çıxışında Ümummilli Liderin hər zaman Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini bildirərək, şair və yazıçılar tərəfindən ədəbiyyatımızın böyük hamisinə minlərlə nəzm və nəsr nümunələrinin həsr olunduğunu bildirdi. Mirvarid Dilbazinin Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairələrdən biri olduğunu dilə gətirərək, anası ilə bağlı xatirələrini bölüşdü.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair Səadət Buta Ulu Öndər Heydər Əliyevin daim mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşmasından, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən poeziya, muğam, aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açdı.
Tədbirdə çıxış edən digər natiqlər kitabla bağlı fikirlərini söyləyərək, bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsinin əhəmiyyətindən danışdılar.
Tədbir boyunca bəstəkar, müğənni Yaqut Almazın ifasında Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səsləndirildi.
Sonunda Güllü Eldar Tomarlı “Vətən oğulsuz olmasın” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.
Qeyd edim ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Vətən oğulsuz olmasın” kitabının növbəti təqdimatları Sabirabad, Bərdə, Ağsu və digər bölgələrdə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Doğum günü bu günə təsadüf edən Oşodan müdrik kəlamlar
Könül, “Ədəbiyyat və incəsənət”
11 dekabrda dünyaya gələn ünlülər sırasında Oşonun da adı var. 1931-ci ildə Hindistanda doğulan, adı dillər əzbəri olan din xadimi və filosof Oşonun təlimləri Azərbaycanda çox məşhurdur, onu gənclər sevə-sevə oxuyurlar. Oşonun qızıla bərabər kəlamları var, onlardan bəzilərini seçərək diqqətinizə çatdırıram:
Həyat qorxunun bitdiyi yerdə başlanır;
Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Deməli, əgər gülü sevirsinizsə, qoyun, o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir;
Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa, onun kökü də dərin olur;
Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox;
Mən bu dünyanı sevirəm, çünki bu dünya mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı, çoxdan ölərdi, inkişaf etməzdi;
Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar;
Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirlərdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Bu gün Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində bu gün - dekabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edəcək.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşada İbrahim xan ictimai-siyasi, ailə-məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. Məmləkətin xanlıqlara parçalanması, düşmənə qarşı gizli ittifaqın olmaması məğlubiyyətin və faciənin əsas amilləridir.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.
Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Evimi başıma yıxdılar, sonra o, evim oldu…
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Xatırlayırsınız Gəncə terrorunu? Himnimizdə də dediyimiz kimi, minlərlə can qurban oldu. O vaxt bizim hamımızın qəlbini dərindən yaralayan bir bacı-qardaş da vardı. Sevil və Hüseyn... Sizə bugün həm Sevilin dilindən danışacağam, həm də bir az içimi boşaldacağam.
"Salam, necəsiz? Mənim adım Sevildir. İtirilmiş torpaqlarımız uğruna hər şeyini itirən o balaca Seviləm mən. Ailəmi, evimi, bütün keçmişimi, xatirələrimi. Sevimli, əyləncəli, çox sakittəbiətli bir qız idim. Bir gündə böyüdüm. Mən bir gündə həm qadın, həm bacı, həm ana, həm də ata olmağa məcbur oldum. Artıq mənim qardaşımın bu dünyadakı tək sığınacağı mən olmuşdum.
O gün orada, o dağıntılar altında qalarkən bir xeyli qorxmuşdum, amma içimdə o qədər qəribə bir hiss vardı ki. Sanki son nəfəsim gəlmişdi və bütün xoş anlarımın fraqmentlərini izləyirdim gözlərim önündə. Anama, atama səsləndim, çox çağırdım, çox qışqırdım, amma cavab vermədilər. Ağlamaq istəyirdim. Hönkürə-hönkürə ağlamaq istəyirdim, amma o qədər qorxurdum ki, ağlaya da bilmirdim... Orada, o daş-qalaq içərisində nə qədər qaldım bilmirəm. Düşündüyüm bundan sonra nə olacaqdı? Cavabım yox idi, bundan sonrası olacaqdımı, onu da bilmirdim. Amma içimdə bu qədər olanlara rəğmən lap balaca, cüzi bir ümid qırıntısı vardı.
Məni ordan sinif yoldaşım çıxardı. Öncə ata-anamın xəstəxanada olduğunu dedilər, sonra bildim ki, əslində onlar artıq... Onlar artıq mənimlə, bizimlə deyillər. Ruhları qanad açıb və mələklər ölkəsinə yola düşüb. Bəhs etdiyim o ümid qırıntısı sanki qocaman bir dəryaya düşdü əlimdən və yerlə yeksan oldu. Necə keçəcəkdi bu ağrı? Necə yaşayacaqdıq bundan sonra biz? Hər səs... Hər taqqıltı canımdan can alırdı sanki. Mən bir daha gülə biləcəkdim? Mən onları, olanları unuda biləcəkdim?
Keçdi... Unudulmadı, yaram dərindir. Amma qabıq bağladı. Sağalmadı, amma artıq əvvəlkitək qanamır deyəsən. Çünki mənim artıq yeni bir evim, yeni bir ailəm var. Mənim evimi başıma yıxdılar, sonra o, evim oldu... Məni dağıntılar altından çıxardı. Mənə yeni bir həyat verdi, yeni bir nəfəs verdi. Sonra yıxılan, məhv olan ailəmi də mənə verdi. Mənim anam da oldu, atam da oldu... "
Bilirsiniz? Həyat sarkazmdır sanki. Heç vaxt unutmaram dediklərimiz də unudulur. Ağlamaqdan nəfəsimizin kəsildiyi anlarda xırdaca bir hadisə üzümüzə təbəssüm də qondurur. Bu həyatda hər bir insan övladı çətinlik görür, hər kəs sınanır, hər kəs yara alır. Amma bəzilərimizin yaraları bir ömür onunla qalır. Sevil yeni bir həyata addım atdı. Sevil yepyeni bir ailə, yepyeni bir dünya qurdu özünə. O mərd, cəsur Azərbaycan kişisinin onun əllərini heç buraxmayacağına, onun üzünü daim güldürəcəyinə dair içimdə o qədər böyük inam və ümid var ki. Bəlkə də o Sevilin həyatında fırtınadan sonrakı göyqurşağı olacaq. Sevil yaşayır, Sevil yaşayacaq... Bu dünyada hər kəsə inad, onunla qürur duyan, onun üçün dua edən hər kəs üçün çox xoşbəxt olacaq. Əlindən dəryaya saldığı ümid qırıntısının yerini minlərlə dua doldurdu bugün. Onun artıq ümiddən bir evi var.
Əzizim Sevil. Çox xoşbəxt ol. Bu dünyada xoşbəxtliyə bəlkə də ən çox sən layiqsən. Səninlə qürur duyuram...
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)
Artım” layihə məkanında “MONO” sərgisi davam edir
YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında multimedia rəssamı Maksim Tatarintsevin “MONO” adlı fərdi sərgisi davam edir. Və gerçəkdən sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanın sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, YARAT-ın sərgiyə verdiyi təsvir bu cürdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kuratoru Zəhra Məmmədova olan sərgi dekabrın 30-dək ziyarətçilər üçün açıq qalacaq.
Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hazırkı subyektiv reallığını vurğulayır.
Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"
Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.
“Ədəbiyyat və incəsənət”
(11.12.2023)