Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir. Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

O günlərə - ötən əsrin əvvəllərinə qısaca olaraq rakurs etsək nə görərik?

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. O vaxt Bakı erməni daşnak və bolşevik quldurlarının əlində idi. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu. Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.

Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Allah bizi yatmış ayının oyanaraq yenidən Azərbaycanı öz caynaqları arasına salmasından hifz eləsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2024)

 

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib.

 

O, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib.

 

Tədbir iştirakçıları öz çıxışlarında Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Nümayiş olunan virtual kitab sərgisində ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.

 

Sərgidə Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi fikirlər videogörüntülərlə nümayiş olunub, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi, müdrik diplomatik siyasəti, qəhrəman Azərbaycan oğullarının şücaəti ilə qazanılan Qarabağ Zəfərinin türk tarixinə daha bir şanlı səhifə kimi yazıldığı qeyd edilib.

 

Virtual kitab sərgisində “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan ordusunun tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti işığında”, “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Yüz ilin işığında”, “Cümhuriyyət xilaskarları” kimi kitabların qısa annotasiyası təqdim olunub.

 

Məlumat bülleteni və biblioqrafik vəsaitdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat verilir, son illərdə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dilində kitabların biblioqrafik təsviri yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

 “YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailəsi üzvləri Azərbaycana səfər ediblər.

 

​Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir.  “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.

 

​Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı,  “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

 

​28 May -  Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.

 

​Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.

 

​Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya  edilib.

 

​Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

Layihənin media dəstəkçisi : ASAN TV, ASAN radio

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portakına kitabxanadan verilən məlumata görə, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin, Xalq şairləri Səməd Vurğun, Mirvarid Dilbazi kimi görkəmli şəxslərin dramaturq haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda yazıçının çoxşaxəli yaradıcılığı, müəllifi olduğu “Söyüdlü arx”, “Dağlar arxasında üç dost”, “Körpüsalanlar”, “Üç silah”, “Xurşidbanu Natəvan” kimi ona milyonlarla oxucunun rəğbətini qazandıran əsərləri haqqında məlumat verilir. Virtual sərgidə pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan İlyas Əfəndiyevin “Dövlət mükafatı” na layiq görülmüş “Mahnı dağlarda qaldı” pyesindən fraqmentlər, yazıçının şəxsi foto və video arxivindən görüntülər təqdim edilir.

“İlyas Əfəndiyev - 110” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.

 

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ilyas-efendiyev-110 yerləşdirilib.

 

 “Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kitab evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adilə  Nəzərə təbrik məktubu ünvanlayıb. Adilə xanımın 55 illik yubileyi ilə bağlı təbrik məktubunda onun elmi və bədii yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib. 

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Adilə xanım,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı maraqlı mədəniyyət-sənət layihələrinin rəhbəri olaraq geniş ictimai, yaradıcı fəaliyyətinizlə seçilirsiniz.

Siz “Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili” kimi önəmli bir mövzunu tədqiq etmisiniz. Monoqrafiyalarınızın adı və nəşr illəri belə elmi, yaradıcı fəaliyyətinizin məhsuldarlığını göstərməkdədir. “Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” (2014), “Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri” (2017), “İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi” (2021), “Aşıq Ələsgər yaradıcılığında sufizm” (2023).

Sizin elmi və bədii yaradıcılığınız qoşa qanad kimi bir-birini tamamlayır. 9 şeirlər kitabınız gün üzü görüb. Şeirləriniz qardaş türkcələrə, habelə fars, fransız ingilis, rus dillərinə çevrilib.

Azərbaycanda və bir sıra xarici ölkələrdə poeziya festivalları, ədəbi toplantılar və elmi konfranslarda uğurla iştirak etmisiniz.

Ötən il Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olmuş, “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif edilmisiniz.

Sizi ictimai və yaradıcılıq uğurlarınız, eləcə də əlamətdar yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Kərkük Kültür Dərnəyi” İctimai Birliyinin başqanı, tanınmış jurnalist, araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi ilə görüşüb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət komitəsindən  məlumat verilib. 

 

Komitədə keçirilən görüşdə qarşılıqlı maraq doğuran mədəniyyət-sənət layihələri, nəşrlər, ortaq mədəni muraslar ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri və araşdırmaçı yazar qarşılıqlı olaraq öz kitablarını bir-biri üçün imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli sənətkarımız Kamran M. Yunisdir.

 

-Xoş gördük, dəyətli sənətkarımız. Baxmayaraq ki, gününüz çox məşğul keçir, rubrikamıza sevə-sevə qatıldığınız üçün Sizə minnətdarıq.

Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. (Holley)

Dəyərli Kamran bəy, Siz həm oynadığınız rollarda, həm etdiyiniz qiraətlərdə həmin hissləri əvvəl özünüz yaşayıb sonra izləyicilərə yaşadırsınız. Bu da Kamran M. Yunisin peşəkarlığının göstəricisidir.

Etiraf edim ki, ruhsal böhran yaşayan kimi etdiyiniz qiraətlər "dadıma çatır".

Şeir seçimləriniz mükəmməldir və oxucu zövqlərinin formalaşmasında böyük rol oynayır.

Əziz sənətkarımız, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə", Kamran bəy bizə hansı şeiri söyləyər?

 

-Salam Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün minnətdaram.

Siz sualı söyləyən zaman nədənsə ağlıma bu şeir gəldi.

Dünyanın bəlkə də, ən böyük faciəsi budur. Bir gün üfüq olursan, nə olur bilmirsən, amma bir gün gəlir, görünmürsən. Bir gün cığır olursan. Cığırın sevinci onun üstündə gedib- gələn insanların var olmasıdır. Əgər insanlar yoxdursa, o cığır artıq cığırlıqdan çıxır. Vay o günə ki, nə olduğunu bilmirsən və təbbəssümünü itirirsən.

Allah millətimizin üzündən təbbəssümü əskik etməsin, sevdiklərimizin üzündən gülüşü əskik etməsin. Bəlkə də, dünyanın ən böyük neməti təbbəssümdür, sevgidir, sevincdir. Dünyanın sevgisiz, sevincsiz, bəlkə də, təbbəssümsüz qaldığı bu günlərdə Allah simalarımıza təbbəssüm bəxş etsin.

Mən, Vaqif Səmədoğludan bu şeiri söyləyirəm.

 

MƏN BİR GÜN ÜFÜQ OLMUŞDUM

 

Mən bir gün üfüq olmuşdum, duman çökdü dənizə...

Görünmədim.

 

Mən bir gün cığır olmuşdum, gedib-gələn olmadı, ot basdı üstümü... 

Görünmədim.

 

Mən bir gün təbəssüm olmuşdum, nə oldu bilmədim... 

Görünmədim. 

1969

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Habil Yaşar, “Ədəbiyyat və İncəsənət”

 

Budəfəki müsahibim qardaş Türkiyə dəyərli yazarlarından biri olan Meral Ərbağa xanımdır...

 

-Salam Meral xanlm Erbağa! Necəsiniz?

 

-Salam. yaxşı olasınız. 

 

-Zəhmət olmasa əvvəl haqqında məlumat verərdiniz.

 

-Mən Vanın Erciş rayonunda anadan olmuşam. Dördüncü sinifdə ibtidai məktəbi tərk etməyə məcbur oldum. 17 yaşında evləndim. Bursada yaşayıram. Üç uşaq anasıyam.

 

-Ədəbiyyata marağınız nə zaman və necə başladı?

 

-İbtidai məktəb illərində ədəbiyyata marağım olub. Məktəb natamam qaldığı zaman marağım daha da artdı. Sonrakı maliyyə bu marağı yazıb istehsal məhsulu təmin etməyə çalışdım.

 

-Əsərləriniz mövzusu məlumat verə bilərsinizmi?

 

-Kitablarım öz həyatlarından bəhs edir, uşaq kitabları, roman, şeir, skeç və ssenari əsərlərim var və bu iş işlərim davam edir. Bu günlərdə daha çox şeir yazıram.

 

-Təhsil haqqında məlumatınız?

 

-Hər bir ölkənin öz təhsil kurikulumu var. Ölkənin 4+4+4 təhsil prosesi var. Sonra universitet təhsili gəlir. Fikrimcə, tələbə öz ixtisası üzrə istiqamətləndirmə və standart təhsil alsa, daha faydalı olar.

 

-Ən çox sevdiyiniz yazar kimdir?

 

-Yaşar Kamal.

 

-Gələcək planlarınız haqqında araşdırma apardıq.

 

-Yazmağa davam edirəm. Mən övladı olan və məsuliyyət daşıyan anayam. Böyük planlarım yoxdur. Xoşbəxtlikdən, faydalı planların qarşısına istifadə etmək bizim adətimizdir. Ona görə də hər şeyin təbii olmasını istəyirəm.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Çox deyil. Amma buna yad da deyiləm. Nə vaxt deyə tapsam, dünyanın başqa yerdən olan yazıçıları oxumağa, tanımağa çalışıram.

 

-Yeni başlayan yazarlara hansı sənədləri vardır?

 

-Yazmaq yaxşılıq tələb edən işdir. Hər səni şeir şair etmədiyi kimi, hər yazı da səni yazıçı etmir. Amma yeni başlayanlara məsləhət görürəm ki, təbii davransınlar, idarəni işkləri kimi ifadə etsinlər, alınmayanda uzaqlaşmasınlar, inadla davam etsinlər, təbii ki, çox oxusunlar, oxumadan yazmasınlar.

 

“Ədəbiyyat və İncəsənət”

(27.05.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qardaş, həsrətimi sən yenə dindir, 

Gör yaramın yeri necə dərindir, 

Dünyada gör kimin bəxti yeyindi, 

Gör, kimin astarı kimə üz oldu?! 

 

Yandı arzuların bağçası-bağı, 

Qırıldı çay üstə bir ümid tağı, 

Arazdan su içdim görüş qabağı,

Ağzımda damlası onun köz oldu. 

 

Qardaş həsrətilə boynumu burdum, 

İki yol üstündə bir yuva qurdum, 

Yurduma azadlıq bayrağı vurdum, 

Heyf, o günlərin ömrü az oldu. 

 

Bulaqlar göz yaşım,

Dərələr ahım,

Görəsən, nə idi mənim günahım?! 

Ölürəm qardaşdan ayrı, ilahi,

Bu ayrı ölməyim yaman pis oldu. 

 

Tahir, nəvələrim qoy məni ansın,

Ölürəm, qoy dünya məndən utansın, 

Sərhəd ayrılığı od tutub yansın, 

Gözümdə o iki damla söz oldu. 

 

İntizar ədəbiyyatı rubrikasında bu dəfə bu gün doğum günü olan, xalq şairi "İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha" söyləyən Söhrab Tahir haqqında danışacağıq. 

 

Söhrab Tahir 1926-ci il mayın 27-də Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. Orta təhsilini "Səadət" və "Şahpur" məktəblərində alıb. Çətin ailə vəziyyəti ilə əlaqədar 9-cu sinifdə təhsilini yarımçıq qoyub atası ilə neft şirkətində işləməyə məcbur olub.

Sovet Ordusu İrana daxil olndan sonra Söhrab Tahir də xalq hərəkatına qoşulur. Hərəkatın fəal üzvlərindən birinə çevrilir və Seyid Cəfər Pişəvərinin möhürdarı olur. Hərəkat qələbə ilə nəticələnəndə  21Azər medalı ilə təltif olunur.  Milli hökumətin zamanında hərbi təhsil almaq üçün Azərbaycana göndərilir. Lakin, Pişəvəri hökuməti süqut etdiyi üçün bir də Güney Azərbaycana qayıda bilmir və Bakıda qalmağa məcbur olur 

Şair 20 yaşından doğma yurd və ailə həsrəti ilə yaşayır. Hərdən gedib sərhəd tellərindən tutub həsrətlə o taya baxırmış. 

 

Yuxuda bir küçə salmışam dünən 

Bir ucu Bakıda 

Biri Təbrizdə.

Yuxuda bir şəhər salmışam dünən, 

Bir-bir təmizlənib hər natəmizdən. 

 

Yuxuda babamın sümüklərindən 

Arazın üstünə körpü çəkmişəm, 

Tikanlı simləri qırpıb, 

Yerində

Özüm bir Arazlıq lalə əkmişəm. 

 

Şair 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik fakultəsində,  1952-1957-ci illərdə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində və 1959-1961–ci illərdə Moskovada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında təhsil alır.

Təbrizdəykən yazdığı ilk şeirlərini Bakıda çap etdirməyə başlayır, "Vətənlə sevgi arasında", "Sevgi əfsanəsi", "Burdan bir atlı keçdi", "Döyüşən lövhələr",  "Əmanət" və başqa kitabları işıq üzü görür. Daha çox şair kimi tanınsa da   "Qonşu qızın məktubları", "İki dəfə yox olan adam", "Əmanət", "Dənizə nişanlı qız", "Sevgi qurbanı" kimi  roman və povestləri də oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. 

 

Bir gəmi ağarır qara baxtımda, 

Həsrət limanına yan alır gəmi. 

Necə yazıqlaşıb, necə qocalıb 

Anamın üzündə ana görkəmi. 

 

Bir səs bürüdükcə kiçik buxtanı, 

Həsrətim gəmirir ipi, taxtanı, 

Anam oturubdur şüşə dalında, 

Qırışlar, əzablar dastan oxuyur 

Anamın qırışmış yastı alnında! 

 

Mənim pələng anam, mənim nər anam.... 

Anam şüşələri cırmaqlayırdı, 

Anamın gözləri qanla dolmuşdu, 

Dəmirlər kövrəlib, Pas ağlayırdı. 

 

Ana, ana, dedim, səsim qırıldı. 

Oğul, oğul, dedi bir ovuc sümük. 

Bir torba sümüyü qucaqladım mən, 

Buludlar gözünü ağartdı mənə 

Bütün buludları ayaqladım mən. 

Bir zəif vücudu ana adına 

Öpüb nəvazişə qucaqladım mən. 

 

Uzun həsrətdən sonra 1973-cü ildə Söhrab Tahirin anası Azərbayacana gəlir. Və qarşılaşanda sonuncu dəfə 20 yaşında gördüyü oğlunu tanımır. Elə bilir qardaşı İsrafildir. Oğlu olduğunu biləndə isə ürəyi gedir. İrana qayıdandan sonra cəmi bir ay yaşayır.

İranla sərhəd qadağası götürüldükdən sonra şair 3 dəfə İrana gedib doğma yurdunu ziyarət edir. Həmçinin onun qardaşları da tez-tez Azərbaycana gəlirlər

Şair 1975-ci ildə Yazıçılar ittifaqında tanış olduğu və dağlar qızı çağırdığı Südabə xanımla ailə həyatı qurur. Bu evlilikdən onların Nəsibə adlı qızı və Tahir adlı oğlu dünyaya gəlir. 

O, 1998-ci ildə Xalq şairi adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülür. 

Söhrab Tahir avtomobil qəzası keçirir və qorxudan şəkər xəstəliyinə  tutulur. 

Ömrünün 21 ilini Heydər Əliyevin məsləhəti ilə Ata epos poeması üzərində işləməyə həsr edir. 2048 səhifədən ibarət olan poemanın sonlarını yazanda artıq xəstəliyi şiddətləndiyi üçün o, poemanı diktə edir və oğu Tahir onu yazıya köçürür. Xəstəlik səbəbindən hər iki ayağı amputasiya olunur. Əməliyyatdan sonra isə cəmi bir ay yaşayır.

Şair 2016-cı il mayın 4-də dünyasını dəyişir və 2-ci fəxri xiyabanda torpağa tapşırılır. 

 

Gözləyirəm, gözlərimin qarasında 

Çaxsın bir gün 

Ürəyimin 

Qızıl şimşək partlayışı. 

Sona çatsın bu hicranlı yaşayışım. 

 

İki qardaş, 

İki tale arasında

Bir təsəlli körpüsüyəm. 

Ölçülməyən ümidlərin 

Gözəyarı ölçüsüyəm.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Gülnar Ümidin şeirləri təqdim ediləcək.

 

 

***

 

Üzüb ümidlərimi utanacam yaşımdan,

yığacam gözlərimi yollarından birtəhər.

Sonra darıxmagı da əlimin əsasıyla

çarpayının yanında unudacam hər səhər.

 

"Başqa"ların içində başqa kimim var mənim?

Gələnim olmayacaq qapımı da döyməyə.

Yeməyə söz tapmayan ac qalmış qulaqlarım

fürsət axtaracaq ilk, gözlərini döyməyə.

 

Axtaracam hər axşam yaddaşımı gözümdə,

yadıma düşməyəcək heç nə səndən savayı.

Səhər oyanacam ki, saatın zəngi çalır,

dərmanların vaxtıdı, ömür ötüb havayı...

 

 

***

 

Mən səni özümdə tapandan bəri

Özümü tapmadım itirən qədər.

İncimə, nə yalan deyim ki, daha

xətrin əziz deyil xatirən qədər.

 

Boğazdan yuxarı yaxşıyam deyib,

Boğazdan aşağı uduram pisi.

Xaraba qalmışda seçmək də olmur

Cilddən-cildə girən yaxşını, pisi.

 

Zaman da eynidir, şəhər də eyni,

İndi ötənlərdən yad gəlir səsin.

"Darıxmaq"dan əllərimi üzmüşəm,

Dizin-dizin süründürür nəfəsi.

 

Qaçmağa yolum çox, dayanmağa az,

Günlər təngnəfəs dayanıb yolda.

Həyat da tamaşa deyil ki, hərdən

bir az xoşbəxt olaq obrazda, rolda.

 

 

***

 

Bax indi  darıxıram,

dünən də darıxırdım.

Bilmirəm, Allah bilir, sabah da darıxacam.

 

Sən olanda nə var ki,

gedəndə yıxılacam,

gələndə unudacam.

Məni xatırlayanda

çəkdiyin siqaretlərin sayından yıxılıcam.

 

Dodağımda adına,

gözlərimdə sıxdığım yuxu lampalarının

bir gün doğrularına,

bir gün yalanlarına...

 

Sonra, sonra...

– Nə bilim, göylərə göndərdiyim

göydən asılı qalan cavabsız duaların sonuna sığınacam.

 

Sən olsan da, olmasan da,

Yenə də darıxacam...

 

 

***

 

Nəsli kəsilməkdə olan yaxşılığın bir-iki nümunəsi qalıb

hardasa kiminsə ürəyində.

İt iti tutmadığı küçələrdə

insanlar bir-birini didir.

Zamanın darağından keçmək çətinləşib,

Güzgüsü sınmış insanlar özünə özgə güzgülərdə baxır.

"Öz"lər itir özgələrdə.

Qayıtmaq asan deyil, ayaqqabılarını itirir insan,

Dönüş ar istəyir, qalmaq xar edir.

 

 

***

 

Qırılmış badədən içdim şərabı,

Doymadı, doymadı çat-çat dodağım.

İndi də  yadlara  gülümsəyirsən,

utandın? – Utanma, soyun, yanağım!

 

Yalandan nə deyim, unutmaq olmur,

Gözümdən düşənlər gözümə dəymir.

Dilim də özümə qənim kəsilib,

Xətrinə dəyirəm, sözümə dəymir.

 

Sevgimiz bicliyi təzə öyrənib,

Aldadıb çəkirəm, oyuna gəlmir.

Neyləsin ürəyim, dərdi boydadı,

Ölçürəm, sevgimin boyuna gəlmir.

 

Bu gün dünənlərə cavab tapmır ki,

Baxıb suallara gözünü döyür.

Nə olsun gözümdən düşən adamlar

Özgə ürəyində özünü öyür.

 

 

***

 

Sən gedəndə dalınca elə yıxılmışdım ki,

kəsdilər ayağımı.

Elə o gündən sonra sənə qaça bilmədim.

Susdum özgə evində elə həmin gündəcə,

Nə yalan deyim, sonra,

bu barədə heç yerdə söhbət aça bilmədim.

 

Sonra, sonra nə oldu?

Beşikdə qığıldayan körpələrim dinlədi

Özümü vərəqləyib,

özümə danışdığım yalançı nağılları.

Kəsilən ayağımı gizlətdim böyüdükcə

onların iməkləməyində,

onların da heç zaman kəsmədi ağılları.

 

Sonra, sonra nə oldu?

Böyüdü arzularım,

hərəsi gülüşündən pay verdilər ömrümə,

Hərəsi bir qolumu saxladı, dayaqlarım.

İlahi, nə möcüzəymiş!

Bir də baxdım, baxdim ki,

kəsildiyi yerindən boy atdı ayaqlarım...

 

 

***

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər gözümü, qaşımı

– sevmədilər dünyaya baxışımı.

Sevdilər günlərimi, aylarımı

– sevmədilər sən olan yaddaşımı.

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər ləblərimi

– sevmədilər sözlərimi.

Sevdilər  əllərimi

– sevmədilər əməllərimi.

 

Bütün sevənlərim sənin kimi sevmədi!

Sevdilər gözlərim güləndə

– sevmədilər ürəyim göynəyəndə.

Sevdilər, sevirlər bu gün də,

sevməyəcəklər sənin kimi heç vədə...

 

 

***

 

Elə yorğun gəlirdin,

saçımın sığalını unudurdum hər axşam.

Qızlarımdan seçmirəm deməyə nə var ki, ehh...

gəl indi onu mənim yaşıma anlat, ata

Vallah dəyişməmişəm

yenə cığal, ərköyün...

Məndən gedənlərimin izinə düşə-düşə gözümdən düşdüm, ata.

Heç xəbərin olmadı,

xeyir duaların da saçlarımın ağına düşdü, ata.

 

 

GƏLMİŞƏM...

 

Hər gecə gözlərimin

qapısında dayanan

sənsiz darıxmağımı

səninlə ötürməyə gəlmişəm...

 

Dünəndə nə vardısa,

Yır-yığış etdim daha,

İndi bu günlərimi

götürməyə gəlmişəm.

 

Bütün etiraflar da doğulmamış ölürlər,

Etdiyin günahların

izlərini izimlə

itirməyə gəlmişəm...

 

Öz adımı da yazım,

bəlkə, yazılarına?

Sətir-sətir yazdığın

vergüllü cümlələri

bitirməyə gəlmişəm...

 

 

***

 

Bulud kimi guruldayıb

yağ arada.

Mən susacam:

damcı-damcı dilənəcəm sözlərini.

 

Qürur nədi – unut hərdən,

yığ arada,

qulağıma ağlayarsan silənəcən gözlərini.

 

Qaranlığın keşiyini çəkir mənlə

çəyirtkənin yalvarışı.

Qorxma daha:

ürəyini xilas eylə!

gündüzlərə bel bağlama, çıx aradan.

 

Qiblən üzü Tanrıyadı,

Tanrı unudub məni sən tərəfdən:

bəlkə, mənə elə gəlir.

İmanımı yandırmaram:

sənin yerin ürəyimdə,

          bircə mənəm yox arada!

 

 

***

 

Gözünün güzgüsündə

daranırdım bu gecə.

Üzümə kirşanımı

Dodağının fırçası

Çəkirdi incə-incə.

 

Karlaşmışdı qulağım

eşitdiyim səslərə.

Nəfəsin danışırdı,

Acıq verirdi bütün

"əbəs"lərə, "bəs"lərə.

 

İlk dəfə idi bu gün

sənə səndən danışdım.

Acığına gəlməsin,

Sənə demişdim axı,

Sevgilimlə tanışdın.

 

Şəlləmişdi saçımı

kürəyimə əllərin.

Danışdıqca dilindən

Sürüşüb ürəyimə

Düşürdü ümidlərim.

 

Yol eyni, mənzil ayrı.

Qapının astanası

Utanır ayağımdan

Gözümdə səni görüb

Sevinir intəhası.

 

 

***

 

Taleyin qayçısı doğrayır günlərimi

bıçir 365 yerə,

12 qatda birləşdirir yenidən,

min dəfə geyindirir.

Yaşamağı heç olmasa geyinirsən doyunca

Ölümdü ömrünü bir nəfəsdə soyunan...

 

 

***

 

Sabah mütləq yazacam,

bu dəfə söz verirəm!..

Sındırıb qürurumu parça-parça sözlərlə,

Ağ gəlinlik geyinən kağız vərəqlərinin sinəsinə sərəcəm.

 

Sabah mütləq yazacam!

Göz yaşımla isladıb

çəkdiyim darıxmağın bütün şəkillərini,

Saatın əqrəbində tez sənə göndərəcəm.

 

Sabah mütləq yazacam!

Zaman qatarı keçir evinizin yanından,

Qurban olum, nə olar,

heç olmasa bu dəfə ünvanını dəyişmə!

Məktubumu al oxu,

söz verirəm sən oxu, sonra özüm gələcəm.

 

 

***

 

Soyuq suyun ömrü isinənəcən,

Darıxmağın ömrü küsənəcəndi.

Barışmağa bir bəhanə gəzirik,

Elə ayrılıq da bitənəcəndi.

 

Dərdin ölçüsü yox, çəkib bitirək,

Gözümüz kor deyil, gözdən itirək,

Keçmişdən nə qaldı, nə də götürək,

"Gələcək" bu ömrü biçənəcəndi.

 

Nə olsun, qucaqlıq qolumuz da var,

Sağa söykənməyə solumuz da var,

Şeytana daş atmaq yolumuz da var,

Çətini körpüdən keçənəcəndi.

 

İlləri boş yerə xərcləyir insan,

Yaxşıyla yamanı seçməyir insan,

Unudur, vərdişə çevirir insan, 

Yaddaşı doyunca içənəcəndi.

 

Heç bilmir nə ilə yarışır ömrü,

Allah nə verdisə, barışır ömrü,

Axırda torpağa qarışır ömrü,

Çətini dünyadan köcənəcəndi.

 

 

EŞQİN KUZƏSİNİ DODAĞIMDA QIR

 

Günəş saçlarını dənizə sərib,

Hər səhər heç qalmaz  öyünməyindən.

Saçını xərçəngə pay verən ay da,

Utanar gündüzlər görünməyindən.

 

Nədir eqoistlik, nədir bu inad,

Həsrətin küləyi yad edir bizi.

Hansı yol üstündə dayanıb yenə,

Hansı şəhərlərə ötürür bizi?

 

Götür gözlərimi sinənə sıx ki,

Dəyişsin qəlbimin döyüntüsünü.

Gəlişin, bəlkə də, alışdıracaq

Eşqin közü qalmış göyüntüsünü.

 

Üzü buludlara yol çəkən duam

Tutub ətəyindən çəkəcək səni.

Gözünün yaşını silib qoluna,

Bulud gözlərindən çəkəcək çəni.

 

Eşqin kuzəsini dodağımda qır,

Çatlayıb doyursun susuzluğumu.

Ərşinə çəkilmiş gecələrim, de?

Nə qədər içəcək yoxsuzluğunu?

 

Bağladım dilimi əlimə bərk-bərk,

Qaldırıb ardınca "sağ ol" deməsin.

Keçmişin iziylə yola düşüb gəl,

Məndən başqa səni kimsə görməsin.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.