Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan növbəti müstəqillik gününü qeyd etdi. Özü də ilk dəfə ərazi bütövlüyü tam təmin edilmiş şəkildə.

Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondunun 3 töhfəsi oldu. Söhbətimiz bu töhfələr barədədir.

 

“Qarabağın cizgiləri” adlı sərgi

 

Mayın 27-də Fond tərəfindən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət “Qarabağın cizgiləri” adlı sərgi açıldı.

 

 

 

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova (qapaq fotosunda) Fondun bu layihəsinin 28 May - Müstəqillik Gününə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, həmçinin bu layihələr Azərbaycanın tarixinin, mədəni irsinin, milli dəyərlərinin yaşadılmasına töhfə verəcək.

Gülnarə Xəlilova isə çıxışında “Qarabağ cizgiləri”nin yaranma ideyasından, onu bu işə kökləyən səbəblərdən danışdı. 

 

“Şuşanın tək incisi” sənədli filminin nümayişi

 

Sonra Türk Fondu tərəfindən hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş edildi. 

 

 

Sənədli film Fond tərəfindən Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

 

“Turan” etno-folklor ansamblının konserti 

 

Mayın 28-də isə Beynəlxalq Muğam Mərkəzində türk mədəniyyətinin brendi sayılan Qazaxıstanın “Turan” etno-folklor ansamblının konserti təşkil edildi. 

 

Könsertdən öncə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan dilində çıxış edərək iki gün ərzində təqdim edilən hər üç layihə barədə söz açdı, Azərbaycan xalqını bu böyük bayram münasibətilə təbrik etdi. 

Yeri gəlmişkən, xanım Raimkulova tanınmış bəstəkardır, “Turan” ansamblının bir ifası da məhz onun bəstəsi oldu.

“Turan” qazax, türk, Azərbaycan, yakut, qırğız və türkmən musiqilərindən ibarət gözəl bir çələng təqdim etdi və bol tamaşaçı alqışı qazandı. 

Hər üç tədbirə ölkəmizin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, ölkəmizdəki türkdilli dövlətlərin səfirliklərinin, təşkilatlarının nümayəndələri dəvət almışdılar. Təbii ki, tədbirlərin yüksək təşkilatçılığı hamı tərəfindən bəyənildi. 

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Bu barədə Filarmoniya məlumat yayıb. 

 

Konsert Dövlət Uşaq Filarmoniyası Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının bütün kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Mayın 27-də Budapeşt şəhərindəki Yunus Əmrə İnstitutunda UNESCO üzrə Milli Komissiyanın dəstəyi, Azərbaycanın Macarıstandakı səfirliyi və Azərbaycan-Macarısan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə açaraq Azərbaycan ilə Macarıstan arasında mədəniyyət sahəsində uğurla inkişaf etdirilən əməkdaşlıq barədə tədbir iştirakçılarına məlumat verib.

 

Rəssam Arif Hüseynov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışlarında Azərbaycanın zəngin mədəniyyətindən və iki ölkə arasındakı mədəni əlaqələrin tarixindən söhbət açıblar.

 

Tədbirdə, həmçinin Arif Hüseynovun əsərləri əsasında lentə alınmış “Qarabağnamə” adlı sənədli film nümayiş etdirilib.

 

Sərgidə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Qazaxıstan və Özbəkistan diplomatik nümayəndəliklərinin rəhbərləri, mətbuat və mədəni dairələrin, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

 

Sərgi 31 may tarixinə qədər davam edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Mədəniyyət naziri Adil Kərimli iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 165) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar iyunun 10-dək Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq da mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, siyasi ekspert Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir.

 

 

İlk dəfədir 28 Mayı əsl mahiyyət və məzmun dərinliyində, üfüqgenişliyində bayram edirik. 

Bu, həmin o 28 Maydır: 

Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda və Qazaxın işğaldan qurtulmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində üçrəngli qutsal bayrağımız dalğalanır! Özü də, rəmzi olaraq, keçici olaraq deyil, bir daha enməmək üzərə - əbədi olaraq! 

 

Bu, həmin o Müstəqillik Günüdür: 

öz müstəqilliyimizi özümüz qorumağı, doğrultmağı bacarmışıq!

1918-ci ildə Dövlət Müstəqilliyinin elanından ta bu günədək - 106 il içində ilk dəfədir Azərbaycan belə - bugünkü kimi güclüdür.

Bu, əlbəttə, dədə-babalarımızın, bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad edən, indiki və gələcək nəsillərə Yol göstərən əvəzsiz hadisədir! 

(İndi nəinki ATƏT-in Minsk Qrupunun həmsədrləri başımızı qatır, nəinki o həmsədrlərin ən urvatsızının parlamenti bizim ərazimizdə “ikinci erməni dövləti”ni tanımaqda israr edir, tam tərsinə, başı öz iç qovğalarına (dənizaşırı işğal ərazilərinə) qarışıb, düyün düşüb)…

 

Əlbəttə, indi də görülməli işlərimiz, müxtəlif əməli çalışma sahələri üzrə qayğılarımız var - bunu danmaq vətəndaşlıqdan, aydınlıqdan deyil; rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma ancaq və lakin: 

ərazi bütövlüyünü, suverenliyi bərpa etmədən, düşməndən intiqam almadan görüləcək digər işlərin məzmun-mahiyyəti bugünkü qədər təsirli ola bilərdimi? Əsla! Biz ən əsas milli görəvi yerinə yetirmişik!

Elə bil ki, heyvərələrə arxalanan cırtdan qonşu gəlib evimizin bir otağını tutub, suyumuzu qısıb, Günəş düşən pəncərəmizi qapadıb, biz isə o yaramazı iti qovan kimi qovmaqdansa, divarın bu üzünü bəzəyir, süsləyir, nə bilim, ələ düşən hər imkanda əyin-başımızı dəyişirik… - Belə olardımı? Əlbəttə, yox!

Ona görə də, olanlar oldu, 

30 illik işğal 44 günə sonlandırıldı, düşmən “əvəzçıxma mərəzi”ndən qurtula bilməyincə də, 24 saatdan az çəkən antiterror tədbirləri ilə Altun Zəfərə Brilyant qaş qoyuldu! 

Budur, bu May bir başqa maydır! 8 may - Şuşanın, 18 may - Laçının işğal günü olmaqdan çıxıb; 

Qazaxın 4 kəndi öz bayrağımız altına keçib!

Belə olunca, bu 28 May bir başqa (əsl!) 28 May olmazmı?!.

Biz daha heç vaxt 28 May yerinə 28 Apreli bayram etməyəcəyik!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: 28 aprel, 1920. Azərbaycan bolşevik-rus ordusu tərəfindən işğal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən növbəti 28 May gününü qeyd etdik. 

Azadlıq deyiləndə ilk olaraq ağlıma, onun dilindən desəm, "igirmi sekkiz mayıs" cümhuriyyətin elan olunma günü gəlir.

Hələ bolşevik əsarətinin kəskin şərtləri altında cümhuriyyət qurmaq, azadlıq və müstəqillik şüarları ilə çıxış etmək özü böyük bir təhlükə olduğu zamanda başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun təşəbbüsü ilə bundan tam 106 il öncə hazırlanan İstiqlal Bəyənnaməsi əsasında xalqımızın müstəqilliyi elan edilmişdir. 

Aydınır ki, o dövrün kəskin etnik-coğrafi və siyasi-ictimai şəraiti müstəqilliyimizin qarşısında böyük əngəl olacaqdı. Lakin bütün bunlara rəğmən 1918ci il 28mayda Şərqin ilk demokratik respublikası qurulmuşdur. Hətta, qurulmaqla qalmayıb ilk dəfə ölkə rəmzləri olan bayraq, himn və gerb təsis edilmiş, ilk dəfə universtitet açılmış, türk dili ana dilimiz elan olunmuş, latın əlifbasına keçid edilmiş, pul sistemi yaradılmış, vahid ordu və parlament yaradılmışdır. Bundan əlavə konstitusiya aktının bərqərar olunması, kəndililərə pay torpağının verilməsi məhz AXC-nin fəaliyyətləridir.

23ay ərzində danışsam bitməyəcək minlərlə uğurlu addım olmasına rəğmən həyatdan nakam köçən Rəsulzadə müstəqilliyi doyunca yaşamamış, minlərlə arzu, kam ürəklərdə qalmışdır. Lakin bu gün bizlərin adına Vətən dediyi torpaqların hər qarışı məhz Məhəmməd Əmin bəy Rəsulzənin və sağdışlarının alın təri, yuxusuz gecələri, məhbəs həyatları, nakam qalan eşqləri, ailə həsrətləri bəhrəsinə ərsəyə gəlmişdir. Minlərlə canın qurban olduğu, hər qarışında bir şəhid yatan vətən bizlərə uğrunda canını fəda edəcək əfəndilərin əmanətidir. Və biz vətən aliləri bu vətənin hər daşını, hər torpağını canımızdan parça bilməli, uğrunda nə həyatlar sönmüş, arxasında neçə nakam eşq, öksüz övlad, ürəyi qubarlı valideynlər buraxan şəhidlərin qanı ilə yazılmış, müstəqillik, türküçülük, azadlıq ideologiyalarımıza sahib çıxmalıyıq. Sahib çıxmalıyıq ki, az da olsa mənəvi borcumuzu ödəyə bilək.

 

"Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

 

 Ruhunuz şad olsun, böyük Məhəmməd Əmin, ümid edirəm o diyarlardan bu diyarlara baxarkən köksünüzdə dərin hüzün əvəzinə gözlərinizdə məğrur baxış və qürur olar.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Bazar ertəsi Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə şair Brilyant Atəşin 'Nənəmin kəlağayısı'' kitabının təqdimatı keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açdı, vətənimizin ərazi bütövlüyü,suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlırimiz bir dəqiqəlik sükuta edildi. Azərbaycan himni səsləndirilidi. 

Daha sonra “Sazın Sözün Butası'' təşkilatının sədri, Gürcüstanın ''Şərəf'' ordenli şairi Səadət Buta, yazıçı, ədəbi təhlilçi Vaqif Osmanlı, Azərbaycan Televizyası və Radiosunun əməkdaşı  Ötərxan Eltac, Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Gürcüstanın sabiq millət  vəkili Ramiz Bəkirov, ''Nur Ocağı'' ədəbi məclisinin sədri Sehran Süleymanova, şairlərdən- Rəqibə Qəvvas, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Ramilə  Əliyeva, Xəzər Məsimov və başqaları çıxış.etdilər. 

Aşıqlardan Rafiz Məmmədov və Museyib İlhamoğlu Brilyant Atəşin şeirlərini saz üstə gözəl ifa etdilər. Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 saylı məktəbin şagirdi Fərman Əzizovun ifası alqışlarla qarşılandı. Kitab şairin sayca 4-cü kitabıdı. Tədbirdə KİV nümayəndələri, saz-söz aşiqləri çıxış etdilər.

Sonda xatirə şəkili çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Wednesday, 29 May 2024 14:11

Açın, polisdir!

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Təqaüd - kəşbekin bir formasıdır, 65 il toplayıb sonrakı (kimdə nə qədər) illərdə  xərcləyirsən. 

 

2.

Arıq və gözəl görsənmək üçün müğənni R. pirojna pəhrizindən istifadə edir. O, ən bahalı pirojnalarla hər gün rəfiqələrinə qonaqlıq verir, onlar şişib dama dönürlər, özü isə onlara baxmış arıq və gözəl görsənir.

 

3.

Dayandurun duası:

-İlahi, nə olar, elə et ki, mən hər səhər kartıma pul oturması barədə sms siqnalı ilə yuxudan oyanım. 

 

4.

100 il əvvəlki azərbaycanlılarla indikilərin fərqi.

100 il əvvəlkilər.

Qapı döyülür. 

-Kimdir?

-Açın. Milisdir. 

İçəridəki kişilər cəld kitabları masanın altında gizlədib masanın üstünə içki qoyurlar. Guya yeyib-içirlər.

İndikilər.

Qapı döyülür. 

-Kimdir?

-Açın. Polisdir.

İçəridəki kişilər cəld içkini masanın altında gizlədib masanın üstünə kitab qoyurlar. Guya oxuyurlar.

 

5.

Kitabxanada.

-Bağışlayın, sizdə suisid barədə kitablar var?

-Var. Amma sizə verə bilmərik.

-Niyə?

-Çünki aparacaqsınız, qaytarmayacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Dərdi dərd olmuşdur elin də mənə, 

Ağladım, bir naşı güləndə mənə, 

Heç kəs ağlamasın öləndə mənə, 

Mən heç vaxt, heç zaman ölmərəm daha! 

 

Azad qardaşım var, onunla xoşam, 

Mən gərək sahili sahilə qoşam, 

İki bölünməkdən elə qorxmuşam 

Çöpü də ikiyə bölmərəm daha! 

 

Dənizlər, dəryalar mənə dayazdır, 

Ən dərin bir çay var, o da Arazdır. 

Mənə görüş verin, azadlıq azdır, 

Görüşsəm ayrılmaq bilmərəm daha. 

 

Ömrümdən qürbətlər, yadlar qovulsun, 

Keçmişim yiyəsiz qaldı, qoy olsun!.. 

Ancaq gələcəyim mənimki olsun, 

Mən onu ömrümdən silmərəm daha! 

 

Mənim səadətim hardasa itdi,

O asan gəlmişdi, asan da getdi, 

Mənə nə etdisə səadət etdi, 

Bədbəxt səadətə gülmərəm daha! 

 

Qorxaqlar önümdə çöküb əyilsin, 

Vətənsiz vüqarım göyə dikəlsin, 

Deyin azadlığa ardımca gəlsin, 

Mən onun ardınca gəlmərəm daha.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir. 

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

Direktor:

 

Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.

1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 

2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum-  Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim  5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində  2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. 

ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq.  Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da  ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.

 

 Şagird:

 

Mən,  Müjgan   Güvəndikli   2007-ci ildə Bakı şəhərində anadan olmuşam. 2013 -cü ildə Nərimanov rayonu 202 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2015-ci ildən isə  Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə təhsil alıram. Hazırda məktəbin 11-ci sinif şagirdiyəm.

 

Esse

 

“Mənim uğur yolum”

 

Hər kəsin həyatda bir yolu var. Etdiyimiz seçimlər, aldığımız  qərarlar bu keşməkeşli həyat yolumuzun bünövrəsi olur. Doğrudur, bəzən bizlər çiyinlərimizdəki ağırlığa tab gətirə bilməyib yıxıla da bilirik, səhvlər də edə bilirik, lakin qətiyyətli insanlar öz yolundan dönmürlər.  Yıxılsalar da, yenidən ayağa qalxıb yoluna davam edirlər. Beləliklə, bizi biz edən düşüncələrimiz və seçimlərimiz nəticəsində öz uğur yolumuzu davam edirik. 

Mənim də uğur yolum hələ lap uşaq ikən etdiyim seçimim nəticəsində başlayıb.  Məşhur bir beyin cərrahı olmaq arzum hər keçən gün mənə motivasiya vermiş, həyat amalıma çevrilmişdir. Təbii ki, mən bu yolun heç də asan olmadığını, məşhur bir həkim olmağın necə də böyük bir məsuliyyət olduğunu böyüdükcə daha da dərindən dərk etməyə başlamışam.  

Bugünkü gün keçirdiyim yuxusuz gecələr, həddən artıq çox çalışdığım günlər məni yorsa da, əvvəldə də söylədiyim kimi, beyin cərrahı olmaq xəyalım bütün bunlara hər zaman qalib gəlir.  Çünki mən bilirəm ki, oxuduğum, öz üzərimdə çalışdığım hər bir an məni gələcəkdəki arzuma daha da yaxınlaşdırır. 

Amma məni hədəfimə daha da yaxınlaşdıran iştirak etdiyim bir müsabiqə oldu.  Doğrudur, həmin bu müsabiqəyədək mən bir çox yarışlarda, tədbirlərdə iştirak etmişdim. Lakin bu müsabiqənin mənə gətirdiyi uğur əvəzolunmazdır. Belə ki, 2023 -cü ildə ulu öndərimiz  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində istirak etdim. Çəkdiyim əziyyət və ətrafımdakı insanların dəstəyi ilə bu müsabiqədə respublika üzrə II yerə layiq görüldüm. Mənim nəzərimdə həmin gün həyatımın ən önəmli günü idi. 

Ulu öndərimizin 100 illiyinə həsr olunmuş  tədbirdə II yerə layiq görülmək mənim üçün həm böyük şərəf, həm də xoşbəxtlik idi.  Əldə etdiyim bu böyük uğur, mənim gələcəkdəki digər nailiyyətlərimə də bir növ zəmin yaratdı, onlar üçün uğur yolu açdı.  Məhz “Ən yaxşı Təqdimat Musabiqəsi“   mənə məktəbi qızıl medalla qurtarmaq şansını verdi.  Bu, həyatımda ən böyük uğurum oldu.  İndi arxaya dönüb baxdıqda, nələrə nail olduğumu gördükdə , gələcəkdəki o möhtəşəm hədəfimə necə addım- addım yaxınlaşdığımı da sezirəm. Lakin onu da bilirəm ki, bu hələ mənim uğur yolumun yarısıdır, hətta deyərdim ki, başlanğıcıdır. Qalan yarısı isə gələcəkdə məni gözləyir. 

Unutmayın ki, uğur yalnız qətiyyətli və çalışqanları sevir. Qətiyyətliliyin və çalışqanlığın əsas şərti isə qarşıya müəyyən bir hədəf qoymaq və xəyalında canlandırdığın o arzunu bir gün gerçəkləşdirmək ümidi ilə yaşamaqdır. Uğur yolunda irəliləyən bir insan kimi  ətrafımdakılara yalnız bir şeyi tövsiyə edə bilərəm.

Xəyallarınızı və hədəflərinizi sərbəst buraxın, siz onları yox, qoyun onlar sizi aparsın!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.